Almaniya əhalisinin 80%-i ölkədə kapitalizmdən fərqli iqtisadi sistemin bərqərar olmasını istəyir.
"Bertelsmann" fondunun sifarişi ilə "Emnid" İctimai Fikrin Tədqiqatı İnstitutunun keçirdiyi sosioloji sorğunun nəticələri belədir.
"Spiegel" bildirir ki, respondentlərin fikrincə, sosial ədalətin bərqərar olması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlara qənaətli münasibəti kapitalizm təmin etmir. Lakin kapitalizmə rəğbət bəsləməsələr də, almanlar ölkədəki iqtisadi sistemi inqilabi yolla dəyişmək niyyətində deyillər.
Sorğunun nəticələri onu da göstərir ki, ölkədə baş verənlərə görə almanlar yalnız siyasətçilər və iri biznes təmsilçilərini yox, özlərinin də məsuliyyət daşıdıqlarını anlayırlar.
Hər 5 respondentdən 4-ü bildirib ki, Almaniyadaya yaşayan hər kəs həyat tərzi barədə düşünməli, iqtisadi inkişafınn onun üçün gerçəkdən də ən ümdə məsələ olub-olmadığını yəqinləşdirməlidir.
Sorğuya qatılanların əksəriyyətinin fikrincə, kapitalın artırılması ilə müqayisədə ictimai əlaqələr, sağlamlıq və ətraf mühitin qorunması daha önəmli dəyərlərdir.
Belə mövqe müxtəlif sosial qrupların nümayəndələri arasında bərabər yayılıb.
Almiya vətəndaşları əmindir ki, mövcud iqtisadi sistemi doğru istiqamətdə dləyişmək və siyasi iradə olarsa, iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi sahələrində daha ciddi irəliləyişlərə nail olmaq mümkündür.
Respondentlərin 82%-i hesab edir ki, Almaniyada siyasi-ictimai sabitliyi qorumaq üçün bundan sonrakı iqtisadi inkişaf mütləqdir. Sorğuya qatılanların 2/3 hissəsi isə iqtisadiyyatın artımı nəticəsində onların həyat səviyyəsinin avtomatik yüksələcəyini düşünmürlər.
Sorğu iştirakçılarının yalnız 1/3 hissəsi bazar mexanizmlərinin müstəqil şəkildə bərpasına inanırlar. Şübhəlilər gənclər arasında xüsusilə çoxdur.