Əsas səhifə

































Əsas səhifə

28 aprel 2005 17:08
Azərbaycan Prezidenti İlham Əliyevə "Heydər Əliyev" ordeninin təqdim olunmasina həsr olunmuş mərasim

Aprelin 28-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkəmizin ən ali mükafatı, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə təsis edilmiş "Heydər Əliyev" ordeni və onun bir nömrəli vəsiqəsi təqdim olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri FƏRHAD ABDULLAYEV Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:

- Zati-aliləri cənab Prezident!

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin layiqli davamçısı, öz fəaliyyəti ilə tanınmış siyasi və dövlət xadimi kimi dünya ictimaiyyətinin rəğbətini qazanmış möhtərəm Prezidentimiz İlham Əliyevə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordeninin təqdim edilməsinin Konstitusiya Məhkəməsinin sədri kimi mənə nəsib olmasından hədsiz şərəf və iftixar hissi keçirir, bu hadisəni həyatımın ən unudulmaz və əlamətdar məqamı hesab edirəm.

"Heydər Əliyev" ordeninin statutunda müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Bu, qanunun tələbidir. Möhtərəm Prezidentimiz, eyni zamanda, Sizin həyat yolunuza, siyasi fəaliyyətinizə nəzər salınsa, aydın görünər ki, ordenin statutunda müəyyən edilmiş digər müddəalar da Sizin çoxşaxəli fəaliyyətinizi məhz bu ordenlə qiymətləndirmək üçün tam əsas verir.

Azərbaycan xalqına qarşı törədilmiş Qanlı yanvar faciəsinə öz qəti etirazını bildirmək üçün 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyevi müşayiət etməklə Siz xalqımızın bu ağır günündə siyasi mövqeyinizi, ümummilli liderimizlə siyasi həmfikir olduğunuzu nümayiş etdirərkən artıq öz siyasi platformanızı müəyyən etdiyinizi göstərdiniz. Bu, Azərbaycan xalqının haqq işinin müdafiəsinə, onun hüquqlarının qorunmasına xidmət edən prinsipləri əhatə edən bir platforma idi. Siz həmin prinsiplərə sonralar da sadiq qalaraq, bir siyasi xadim kimi öz məfkurənizi konkret fəaliyyətinizdə parlaq surətdə nümayiş etdirməyə başladınız.

Möhtərəm Prezident, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıdışı ilə ölkəmizdə başlanan böyük quruculuq işləri Sizin öz bilik və bacarığınızı Azərbaycanın mənafeyinə daha səmərəli sərf etməyiniz üçün imkan yaratdı.

1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti kimi Sizin fəaliyyətinizin ölkəmizin iqtisadi dirçəlişində mühüm rol oynadığını desək, yanılmarıq. Heydər Əliyevin böyük müdrikliklə hazırladığı neft strategiyasının gerçəkləşməsində fəal iştirak edərək, "Əsrin müqaviləsi"nin ərsəyə gətirilib həyata keçirilməsində müstəsna xidmətləriniz danılmazdır.

Bu il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsini biz hamımız böyük bayram kimi qeyd edəcəyik. Azərbaycan üçün taleyüklü əhəmiyyəti olan bu layihənin həyata keçirilməsi Sizin daxili və xarici siyasətinizin böyük uğurudur. Budur siyasətdə varislik, budur ölkənin iqtisadi inkişafına xidmət, budur dünya iqtisadiyyatına inteqrasiya!

Möhtərəm cənab Prezident!

1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməyiniz Sizin siyasi fəaliyyət dairənizi daha da genişləndirdi. Xüsusilə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı kimi Azərbaycanın mənafelərinin müdafiəsinə yönəlmiş fəaliyyətiniz nəinki xalqımız tərəfindən, eləcə də bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməyiniz bunun parlaq təzahürüdür. Avropa ideallarına nümayiş etdirdiyiniz sadiqliyə görə 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının medalı ilə təltif olunmağınız bu uğurlarınızın beynəlxalq miqyasda tanınması demək idi.

1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə Olimpiya hərəkatının görünməmiş miqyasda vüsət almasına təkan vermiş fəaliyyətinizi xüsusilə qeyd etmək lazımdır. Ölkəmizdə idmanın və Olimpiya hərəkatının qısa müddət ərzində belə sürətlə inkişafı məhz Sizin yüksək təşkilatçılıq və məqsədyönlü iş aparmaq bacarığınıza dəlalət edir. İdmanın və Olimpiya hərəkatının inkişafındakı xidmətlərinizə görə beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilməyiniz Sizin bu sahədəki fəaliyyətinizin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini nümayiş etdirir.

2003-cü il avqustun 4-də Siz Azərbaycan Respublikasının Baş naziri təyin olundunuz. Bu vəzifədə az müddət işləsəniz də, qəbul etdiyiniz qərarlarla, həyata keçirməyə başladığınız işlərlə ölkəyə rəhbərlik etmək bacarığına və səriştəsinə malik olduğunuzu bir daha sübut etdiniz.

Cənab Prezident, xalqımız Sizi 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçdi. Elə ilk bəyanatlarınızda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttinə sadiq qalacağınızı bildirərək, bu xəttin uğurlu davamçısı olduğunuzu öz əməli fəaliyyətinizdə nümayiş etdirdiniz.

Sizin Prezidentliyə başladığınız vaxtdan bəri həyata keçirdiyiniz işlər göz qabağındadır. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş geniş islahatlar xəttinin uğurla davam etdirilməsi, demokratikləşmə prosesinin geniş vüsət alması, ölkədə vətəndaş cəmiyyətinin bərqərar edilməsi yolunda atılan addımlar dövlət quruculuğu sahəsində qazandığınız nailiyyətlərin bir qismidir. Ölkə regionlarının inkişafını xüsusilə qeyd etmək lazımdır. Rəsmi statistikanın rəqəmləri dediklərimizi təsdiq edərək, bunların obyektiv qiymət olduğunu sübut edir.

Siz andiçmə zamanı bəyan etdiyiniz prinsiplərə sadiq qaldığınızı bütün fəaliyyətinizlə sübuta yetirirsiniz. Bu, həm də bölgələrə səfərlər zamanı əhali ilə son dərəcə səmimi ünsiyyətinizdə, bütün problemləri yerindəcə həll etməyinizdə öz parlaq əksini tapır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin mənafeyinin müdafiəsinə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli işinə xidmət edən xarici siyasət xəttinizi xüsusi vurğulamaq istəyirəm. Xarici ölkələrə işgüzar və rəsmi səfərləriniz, müxtəlif ölkələrin rəhbərləri, siyasi xadimləri, beynəlxalq qurumların tanınmış nümayəndələri ilə Azərbaycandakı görüşləriniz zamanı xalqımızın milli mənafeyinin müdafiəsi işinə yönəldilmiş tarazlaşdırılmış xarici siyasət xəttiniz yüksək qiymətə layiqdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın hərtərəfli inkişafı yolunda göstərdiyiniz xidmətlərin sayını daha da artırmaq olar. Lakin mən buna ehtiyac duymuram. Belə ki, bu fəaliyyət hamımızın gözü qarşısında həyata keçir və biz hamımız onun uğurlu nəticələrinin canlı şahidləriyik. Görülmüş işləri obyektiv qiymətləndirə bilən hər bir sağlam düşüncəli insan bu uğurları lazımınca dəyərləndirməlidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev öz sağlığında Azərbaycanın hər hansı dövlət ordeni və medalı ilə təltif edilməsinə razılıq verməmişdir. Hesab edirəm ki, dahi rəhbərin adını daşıyan bu ordenin onun layiqli davamçısı olduğunu artıq sübut etmiş İlham Əliyevə verilməsi təkcə Sizin Azərbaycan Respublikasının Prezidenti olduğunuz, eləcə də ordenin statutunda deyildiyi kimi, Azərbaycanın tərəqqisinə, əzəməti və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə verilən ali mükafat deyil, həm də Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda uğurla həyata keçirilən siyasi xəttə verilən yüksək qiymətdir.

Zati-aliləri, bu yüksək mükafat münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycanın tərəqqisi naminə göstərdiyiniz fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

İndi isə icazə verin, "Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Sizə təqdim edim.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

BAKI. 29.04.2005