Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Hal-hazırda «Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi» adlandırılan məktəb 1971-ci ildə təsis edilmişdir. O, Azərbaycanda milli  hərbi kadrlar yetişdirmək və keçmiş Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək məqsədi ilə  orta ixtisaslaşdırılmış məktəb kimi yaradılmışdı. Təsis edilən zaman ona «Respublika ixtisaslaşdırılmış internat məktəbi» adı verilmiş və  həmin ildən etibarən məktəb general Cəmşid Naxçıvanski adını daşımışdır.

 1976, 1978, 1981-ci illərdə respublikada məktəbin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının genişləndirilməsi və  möhkəmləndirilməsi üzrə tədbirlər haqqında mühüm qərarlar qəbul edilmiş və həyata keçirilmişdir. 1991-ci ildə məktəbin əvvəlki adı onun  fəaliyyət mahiyyətini düzgün əks etdirməyən qərarla dəyişdirilərək kobud səhvə yol verilmişdir.

 Buraxılmış səhvi aradan qaldırmaq, peşəkar hərbi kadrların hazırlanması işini təkmilləşdirmək və məktəbin adını müasir standartlara  uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi Cəmşid Naxçıvanski adına hərbi litsey adlandırılsın.

 

Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV

 Bakı şəhəri, 24 noyabr 1997-ci il

                    № 696