Neftçi Peşəkar Futbol Klubunun Rəsmi İnternet Səhifəsi

Futbol Korifeyləri

“Neftçi”nin korifeyləri

“Neftçi” klubunda həmişə öz oyunu ilə azarkeşləri valeh edən futbolçular forma geyiniblər. Belə korifeylər möhtəşəm çıxışları sayəsində flaqmanı tarixi uğurlara daşıyıb, ayrı-ayrı yarışlarda komandaya medallar qazandırıblar. Bakılıların ən unudulmaz futbolçusu, Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski sayılır.

Bu görkəmli futbolçunun adı “Neftçi”nin salnaməsinə həmişəlik və qızıl hərflərlə yazılıb. Sadiqliyi ilə seçilən Banişevski bütün karyerasıboyu özünü yalnız “Neftçi”yə həsr edib, başqa klublardan gələn təklifləri rədd edib. O, həlledici məqamlarda vurduğu qollarla flaqmanın yüksək pillələrə qalxmasına şərait yaradıb. Məhz Banişevskinin fitri-istedadı hesabına “Neftçi” 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazandı. XX əsrin 60-cı illərində flaqmanda Banişevski, Kazbek Tuayev və Eduard Markarovdan ibarət BMT “üçlüy”ü mövcud idi. Bununla yanaşı, Ələkbər Məmmədov da “Neftçi”nin şərəfini qorumuş korifeylər sırasındadır. Peşəkar futbolçu karyerasına Bakı klubunda başlayan (1948-53-cü illər) Məmmədov Moskvanın “Spartak” və “Dinamo” komandalarında oynadıqdan sonra 1960-cı ildə doğma “Neftçi”yə qayıdıb və karyerasının son iki ilini burada keçirib.

Ümumiyyətlə, ulduz futbolçular yetişdirmək, Azərbaycan futboluna istedadlar bəxş etmək flaqman üçün adət-ənənə halını alıb. Bir vaxtlar məşhur Əhməd Ələsgərov, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev, Adil Babayev, Valeri Hacıyev, Mübariz Zeynalov, Sergey Kramarenko, Nikolay Boqdanov, Yuri Kuznetsov, Çingiz İsmayılov, Ruslan Abdullayev, Əli Rəhmanov, Rafiq Quliyev, Asif Əliyev, Elbrus Abbasov, Bəxtiyar Qulamov, Rəşid Özbəyov, Səmədağa Şıxlarov “Neftçi”nin şərəfini qoruyub. 

XX əsrin 80-ci illərində “Neftçi”də yeni “üçlük” yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki respublikamızda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm “üçlük” istənilən oyunun taleyini həll etməyə qadir idi. Həmin vaxt hücumun sivri ucunda yer alan Cavadov SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzlənmədən keçirərək, bu göstərici üzrə “Neftçi”nin rekordçusu olub. İqor Ponomaryov isə bir qədər də irəli getməyi bacarıb. Penaltilərin mahir ifaçısı kimi tanınan Ponomaryov 1988-ci ildə Seul Yay Olimpiya Oyunlarında SSRİ yığmasının heyətində qızıl medala layiq görüldü. Çox sevindirici haldır ki, o, olimpiadaya məhz “Neftçi”nin oyunçusu qismində dəvət almışdı.

Flaqmanda oynamış ulduz futbolçuların siyahısı uzandıqca-uzanır: Səməd Qurbanov,  Asim Xudiyev, Yunis Hüseynov, Şakir Qəribov, Arif Əsədov, Novruz Əzimov, Əsgər Abdullayev, Vaqif Sadıqov, Nazim Süleymanov, Vəli Qasımov, Yaşar Vahabzadə, Elxan Həsənov, İqor Getman, Vidadi Rzayev,  Samir Ələkbərov, Vladislav Qədirov, Bəxtiyar Musayev, Vyaçeslav Lıçkin, Qurban Qurbanov, Tərlan Əhmədov... Son illər də “Neftçi” məktəbini keçərək, böyük nailiyyətlərə imza atmış futbolçular az olmayıb. Bunlara misal olaraq, Samir Əliyev, Kamal Quliyev, Mahmud Qurbanov, Rəşad Sadıqov, Zaur Tağızadə və başqalarının adını çəkə bilərik.