Son xəbərlər
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti Gürcüstanda rəsmi status alıb

[ 30 İyun 2014 14:36 ]



Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti qeydiyyatdan keçib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu ali təhsil ocağı Gürcüstanın Elm və Təhsil Nazirliyində, habelə Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçib və rəsmi olaraq tədris universiteti statusu alıb.

 

Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir.

 

Xatırladaq ki, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır.