ALBALI PLUS - Arzunuzu reallaşdırmağa məhdudiyyət yoxdur!
Sizin link burada

Xan evinin xatirəsi, ovulan tarix, yorğun ruh... - REPORTAJ

Taleyi dönmüş Qafqaz gözəlinin ən sevimli hədiyyəsi

Lənkəran dedikdə ağıla ancaq dənizlə dağların arasında yerləşən subtropik zona gəlmir, yalnız limon-feyxoa, ləvəngi, dəmirağacları yada düşmür, həm də bu gözəl diyarın simvollarından olan böyük samovar, mayak, dairəvi qədim zindan, bir də Xan evi canlanır təsəvvürdə.

Bu yazını Xan evinə həsr etməyi qərara aldım.

 

Vikipediyadan oxuyuruq:

“Lənkəran xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran Tarix Diyarşünaslıq Muzeyi  yerləşir.”

***

Bu həmin Xan evidir ki, ötən əsrin sonlarında ilk dəfə Lənkəran Tarix-Diyarşünaslıq muzeyi kimi yeni ekspozisiyada açılmış, xalqa təqdim edilmişdir. Xalq isə hər zaman, elə bu gün də həmin binanı elə Xan evi kimi tanıyıb qəbul edir.

Hal-hazırda əsaslı təmirə görə bağlanmış muzeyin əməkdaşlarını çox axtarmalı olmadım, onların Lənkəran Mərkəzi Kitabxanasında müvəqqəti olaraq köçürüldüklərini öyrənib, həmən oraya yollandım.

Kitabxananın foyesində divara söykənmiş dəmirağacı gövdələrini, dəhlizdə bir kənara yığılmış qəbirüstü daşları, üzərində “Qədim dövr” qeydi olan nəhəng sandığı keçən ilə qədər muzeyin özündə görmüşdüm deyə həmən tanıdım.

Elə birinci mərtəbədəki böyük otaqlardan birində yığışıb oturmuş əməkdaşlar ilə salamlaşıb, muzeyin direktoru Ülviyyə Əliyevanı soruşdum, hamıdan ayrılıb, yanıma gələn bu xanımla bir kənara çəkilib oturduq və mən ondan Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin taleyi barədə Lent.az-a danışmasını xahiş etdim.

- Darıxırıq muzey üçün, - dedi, - burada yad evinə sığınmış kimiyik, muzeyin təmirinin bitməsini səbrsizliklə gözləyirik…

 

Səyyar xidmət

 

2013-cü ilin noyabr ayının 4-dən etibarən muzey ekspozisiya Lənkəran Mərkəzi Kitabxanasının zalında, bağlı halda saxlanılır. Lakin muzey təmirə bağlanıb deyə muzeyin fəaliyyəti də dayanıb demək olmaz, elə kitabxananın foyesində də əlamətdar günlərdə eksponatlar düzülür, bundan başqa, mütəmadi olaraq, rayonun orta məktəblərinə səyyar formada eksponatlar aparılır və sərgilənir. Məktəblərin akt zallarında eksponatları düzüb, siniflərdən şagirdlər çağırılaraq, onlara bələdçilik edilir, çox vaxt müəllimlər də həvəslə bu işə yardımçı olurlar. Bütün eksponatları aparmaq təbii ki, mümkün deyil, çünki elə sənədlər və kövrək eksponatlar var ki, toxunmaq, açıb hər zaman ora-bura daşımaq olmaz, onları xüsusi olaraq qorumaq lazımdır. Bir çox rayon tədbirlərinə də muzey eksponatlarından aparılır, elə qarşıda gələn Novruz bayramına da hazırlıqlar gedir, qədim məişət əşyaları folklor təqdimatları ilə yanaşı sərgilənəcək. Muzeyin hal-hazırkı fəaliyyəti bu formada davam edir.

 

Qeyri-müəyyənlik

 

Təmir nə zaman bitəcək, dəqiq bilinmir. Bu, böyük bir restavrasiya işidir, həm dam örtüyü, həm divarlar, otaqlar yenidən tam təmir olunmalıdır. Hər hansı bir alternativ yeni bina inşa etmək daha asan və tez başa gələrdi, nəinki bu təmir-restavrasiya işi. Həm çöldən, həm içəridən iş gedir və bu iş mümkün olduğu dərəcədə ehtiyatla olmalıdır, bina həm əvvəlki formasında qalmalı, həm də eyni zamanda tam yenilənməlidir. Qazanxana, yanğın ehtimalı üçün ehtiyat hovuz hazırlanmalıdır. Bundan başqa, muzeyin həyətində başqa dəyişikliklər də gözlənilir, nəzərə almaq lazımdır ki, həmin ərazi elə Xan evinin öz həyəti olmuşdur, indiki Sosial Təminat Şöbəsinin yerində vaxtilə Xan evinin qulluqçularının-nökərlərinin yaşaması üçün əlavə tikililər varmış ki, sonradan Sovet hakimiyyəti dövründə təyinatı dəyişdirilmişdir. Xan evinin öz otaqları çox hündürdür, xüsusi düzəldilmiş çilçıraqlar, lampalar var, onları zədələmək olmaz. Bir də qədim daş abidələr üçün muzeyin həyətində xüsusi yer ayırmaq vacibdir, bu cür qəbirüstü abidələr əslində açıq havada sərgilənməlidir, bu vaxta qədər onlar da binanın içində düzülürdü, təmirdən sonra isə, xüsusi mühafizə xidməti də təmin edilmək şərtilə, həmin abidələr açıq havada saxlanılacaq.

 

Ən qədim eksponat

 

Muzeyin ən qədim eksponatları Neolit dövründən qalma sümükdən bıçaqlar, daş çapacaqlardır. O çapacaqlar xüsusi dağ daşından hazırlanmışdır, adi halda həmin dağ daşından hansısa bir hissəni zərbə ilə ayırıb kəsmək və nəsə hazırlamaq mümkün deyil, bu halda ovalana, dağıla bilər, ancaq xüsusi istilikdə, uyğun temperatur göstəricisində həmin daş aralanır və ondan rahatca çapacaq hazırlamaq olur. Məhz bu üsulu da daş dövrünün insanları bilirmişlər və özləri üçün həmin çapacaqları hazırlayırmışlar. Bundan başqa, qədim məişət əşyası kimi daş həvəngdəstəni misal çəkmək olar, bu həvəngdəstənin ortasında çuxur var, bir də axacağı var, çuxurda meyvələri əzib, şirəsini həmin axacaqda yığırmışlar. Bu əşyalar hal-hazırda xüsusi olaraq bağlanıb qorunduğu üçün, onları nümayiş etdirmək, çəkmək mümkün deyil, məktəblərə də onlar aparılmır. Məsələn, bir bişmiş tava var ki, ona ehtiyatla əl vurmağa belə hamı çəkinir, ovulsa, zədələnsə, tarixin bir hissəsini itirmiş olarıq.

 

Seyrçi kastası və muzey

 

Muzeyə əhalinin hər təbəqəsindən insanlar gələ bilir, onlara ayrı-ayrılıqda “əl vurmaq olmaz” və s. kimi xəbərdarlıqları hər dəfə etməyə məcbur olmamaq üçün, bu tip xəbərdarlıqlar yazılı formada, eksponatların yanında qoyulur. Bələdçilər öz işlərini layiqincə yerinə yetirməyə çalışırlar, hətta tək bircə seyrçi gəlibsə belə, onu hərtərəfli məlumatlandırmağa cəhd edirlər. Qrup halında gələnlərin adətən öz bələdçiləri də olur, məsələn, müəllimlər. Hər kəs son dərəcə sayğı və diqqətlə qarşılanır, gedəndə isə muzeyin rəy kitabçasında fikirlərini yazmaq təklif olunur.

Yerli əhali bir qədər ətalət göstərir muzeyə, desək, yanılmarıq. Muzeyin qapıları fəaliyyət dövrü boyunca hər kəsin üzünə açıqdır. Hərbi hissə ilə üzbəüz yerləşdiyi üçün, istər-istəməz respublikanın hər yerindən bura gəlib xidmət edən əsgərlərin və ara-sıra onları görməyə gələn ailə üzvlərinin, yaxınlarının diqqətini cəlb edir. Uşaqlarının ziyarətinə gələn valideynlər mütləq muzeyə də gəlirlər, maraqlanırlar, şəkil çəkdirirlər, elə əsgərlər özləri də şənbə-bazar günlərində muzeyə gəlirlər. Bina özü cəlb edir. Məsələn, Şəkidə düşəndə taksi sürücüləri adamlara ayrıca da “muzey, muzey” deyə marşrut təklif edirlər, bizdə bu yoxdur, amma yenə də bina elə uzaqdan öz möhtəşəmliyi, gözəlliyi ilə adamları çəkir.

 

Lənkəranın ilk çoxmərtəbəli evi

 

Bura Lənkəranın ilk çoxmərtəbəli binası olub. Üçüncü mərtəbədən baxanda dəniz tam görünürmüş. O vaxtlar mühafizəçilər üst mərtəbədəki şüşəli eyvandan ətrafı daim nəzarətdə saxlayırmışlar. Lənkərandakı yeni doqquzmərtəbələri nəzərə almasaq, hələ də bu sarayı ötüb keçən bir ev yoxdur, demək olar.

 

Bir az da tarix

 

Xan evi kimi tanınan bu saray Mirəhməd xanın öz sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə inşa etdirdiyi hədiyyədir. Mirmustafa xandan sonra hakimiyyətə gələn Mirhəsən xanın tək bir övladı vardı, o da Mirəhməd xan idi. Mirəhməd xanın hakimiyyətə gəldiyi dövr isə Azərbaycanda xanlıqların ləğv olunduğu zamana düşdü. İndi bizim Cənub zonası kimi tanıdığımız, vaxtilə isə altı nahiyədən ibarət bu ərazi Çar Rusiyasının əyalətinə çevrildi. Astara və Lənkəran ərazisi Mirəhməd xanın özünə məxsus olan şəxsi məkanı idi. Həmin ərəfədə baş verən iğtişaşlar Çar Rusiyasının bütün ərazilərində olduğu kimi, bu zonadan da yan ötmədi. Mirəhməd xan özü bu hadisələrdən çox uzaqda, 1916-cı ildə Fransadakı evində, xəstəlikdən dünyasını dəyişmişdir, məzarı hal-hazırda Lənkəran qəbiristanlığındadır.

 

Qafqazın Lənkəran gözəli

 

Tarixi sənədlərdəki qeydlərə görə, 1912-ci ildə Tiflis şəhərində, kübar cəmiyyətə məxsus toplum içərisində Qafqaz gözəli müsabiqəsi keçirilmiş, bu müsabiqədə Mirəhməd xanın həyat yoldaşı gözəl Tuğra xanım birinci yeri qazanaraq qalib olmuşdur. Elə müsabiqədəki qalibiyyətindən sonra da həyat yoldaşından Lənkəranın ən gözəl yerində özü üçün dünyanın heç bir yerində bənzəri olmayan bir saray hədiyyə istəmişdir.

Yadıma bir dəfə bu muzeyi ziyarətdən sonra bloquma etdiyim qısa qeyd düşür:

“...Oğlan əsl bələdçi həvəsiylə eksponatları göstərib məlumat verir, sonda qapının solunda yuxarıdan asılmış yağlı boya ilə çəkilmiş rəsmi göstərir:
- Bu da bu evin sahibi.
Baxıram...olduqca yaraşıqlı bir kişi. Bu evi sevimli xanımı üçün tikdirib ona hədiyyə edən, onu bütün varlığıyla sevən, ondan övladı belə yadigar qalmayan bir adam...
- Onun xanımı hardasa 60-cı illərə qədər yaşadı...hamamda kisəçilik edirdi axırda, təsəvvür edirsiniz? Bu da rusların, sovet hakimiyyətinin bizim başımıza gətirdiklərindən biri...- oğlan köksünü ötürür, mən udquna bilmirəm, amma deyəsən qübar deyilən bir şey...nəsə...”

 

İki od arasında olan xanlıq

 

Tarixə nəzər salsaq, görərik ki, kral, şah saraylarının doğrudan da başqa bənzəri olmur. Və bütün bu tip sarayların da daxildən şəhər ətrafına çıxan gizli yeraltı yolları olur. Bu yollar mümkün ola biləcək xalq üsyanları zamanı saray sahibinin və onun ailə üzvlərinin qaçıb salamat qala bilməsi üçün nəzərdə tutulurdu. Mirəhməd xanın evindən də indi mayak kimi tanıdığımız yerə qədər yeraltı yol hazırlanıbmış, muzey fəaliyyətə başlayanda həmin yol aşkarlanaraq, muzey tərəfdən qapadıldı, mayakda isə hələ də görmək olur.  Mayakın üstü on doqquzuncu əsrin ortalarında Çar Rusiyası tərəfindən artırılıb, əslində isə həmin tikili də, Lənkəranın qədim zindanı kimi tanıdığımız digər dairəvi tikili də Lənkəran qalasının salamat qalmış iki bürcüdür. Bu iki bürc arasında eni dörd metr olan topdağıtmaz hasar olub vaxtilə. Bu hasar xanlığın mərkəzi olan şəhəri qorumaq üçün qurulubmuş. Azərbaycanın digər xanlıqlarından daha çətin durumda olan bu xanlıq iki tərəfdən təhlükədəymiş – İran və Rusiya kimi iki nəhəng imperiyanın arasında yerləşmək və özünü qorumaq asan deyildi. Düzdür, Mirəhməd xanın sarayına onun əleyhinə heç bir xalq üsyanı olmayıb, amma hər bir halda, bu yeraltı gizli yol lazım bilinərək hazırlanıbmış.

 

Xan evindən qalanlar

 

Sovet hakimiyyəti qurulan illərdə, ilk iğtişaşlar olanda əhalini varlı təbəqəni talan etməyə qızışdırırdılar. Xüsusi adamlar öyrədilirdi ki, əhalini ayağa qaldırsınlar və talana sövq eləsinlər  və “gedin, yandırın, dağıdın, hər şey sizindi, sizin olmalıdı” desinlər. 1916-cı ildə ki, Mirəhməd xan Fransada vəfat etdi, həmin il də ən çətinlərdən idi. O vaxt hər şeyi aparmışdılar saraydan. Amma məsələn, Ermitajda saxladılar hər şeyi. Xüsusi xəzinələrədək hər şey qorundu və sonradan xalqa Rusiya çarlarının varidatı kimi nümayiş etdirilmək üçün saxlandı. Xan evindən isə hər şey aparıldı. Ən çətin aparıla bilən əşyalardan, hansını ki on beş adamın birgə götürməyə gücü çatmazdı, daş Venesiya güzgüləri idi ki, onlar Tuğra xanımın cehizi olub, onları da aparmışdılar. Altı güzgüdən üçü gəlib çıxdı ortalığa sonradan. Onu da 1991-ci ildə muzey gələndən sonra gətirdilər, sarayın özündə cəmi bircə ədəd qalmışdı, digər ikisini sağlamlıq mərkəzinin və köhnə uşaq poliklinikasının girişlərindən götürüb Xan evinə qaytardı hökumət. Qalan üç güzgüdən isə indiyə qədər də xəbər-ətər yoxdur.

 

Bir az da gələcək üçün planlar

 

Muzey təmirdən sonra açılanda, elmi əsaslar üzərində yeni ekspozisiya olacaq. Müasir tələblərə uyğun vitrinlər, etiketajlar təqdim etmək nəzərdə tutulmuşdur. Annotasiyalar vinillə yazılacaq, hər otaqda isə ən azı iki annotasiya olacaq. Qədim dövrlərdən bəri bütün tarixi dövrləri ayrı-ayrılıqda əks etdirəcək məlumatları həmin annotasiyalardan öyrənmək olar. Elə xanlığın tarixi, xanlıqlardan sonrakı dövrün hadisələri, Lənkəranın ilk məktəbləri və s. barədə hər bir məlumat əhaliyə çatdırılacaq. Muzeyin on ixtisaslaşmış kadrı, beş texniki işçisi var, onlar da öz üzərlərinə düşən hər bir işi layiqincə yerinə yetirməyə hər zaman hazırdırlar.

 

Sözün bitdiyi yer üçün

 

Ülviyyə xanımla söhbətdən sonra Xan evinin yaxınlığına gedib imkanım çata bildiyi qədər şəkillər çəkdim. Hər gün iki dəfə yanından keçdiyim, hər gün hər bir lənkəranlının dəfələrlə dəfə gördüyü bu bina indi daha canlı göründü mənə. Sanki bütün bu söhbəti mən onun özü ilə eləmişdim və hər şeyi mənə o özü danışmışdı – daşlaşmış, susmuş, yorulmuş ruhu, özünün yüzüncü baharını qarşılamaq, yaşamaq istəyilə…

Yazar

Cavidan

Oxunub

1603 dəfə

Tarix

24.03.2014 / 12:00


Xəbər lenti



19 Aprel 2015

18 Aprel 2015

Online: 1073