ALBALI PLUS - ARZULAR REALLAŞIR
Sizin link burada

“Azərbaycanın ən yaxşıları” - ATLETLƏR KƏNDİNDƏN REPORTAJ

Bura Atletlər kəndidir. Atletlərin, komanda rəsmilərinin rahat  və təhlükəsiz qalmaları üçün onların istifadəsinə 13 bina verilib. 7738 nəfərlik binada artıq 6031 idmançının qeydiyyatı aparılıb və otaqları müəyyənləşib.

 

Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasının yaxınlığında yerləşən Atletlər Kəndi “Evdən kənar ev” təsiri bağışlayır. Ümumi sahəsi 383 min kvadratmetr olan yaşayış məntəqəsində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni tikilmiş 10-15 mərtəbəli 13 bina 6-8 çarpayılıq mənzillərdən ibarətdir. Burada 3-4 yataq otaqlı 16 növ mənzil var.

 

Qarşılama Mərkəzinin meneceri Alim Poladovun sözlərinə görə, hər mənzildə 6-10 atlet məskunlaşacaq: "Hər mərtəbədə 3 və 5 mənzil var. Hər mənzildə 3-5 yataq otağı var. Atletlər kəndində hər mənzildə minimum 6, maksimum 10 atlet məskunlaşacaq. Bundan başqa, binada əməliyyat ofisi yerləşir. Şəhərciyin idarə olunması üçün yerləşən işçi heyəti 24 saat fəaliyyət göstərir. Bundan başqa, idmançıların asudə vaxtlarının səmərəli istifadəsi üçün 7 istirahət mərkəzi var. Bunlardan 4-ü 24 saat fəaliyyət göstərir".

 

Hər binanın birinci mərtəbəsində ümumi İstirahət Mərkəzi yerləri var. Burada yumşaq mebellərdə dincəlmə imkanı, İlk Avropa Oyunlarının yayımlandığı televiziya kanallarını izləmək və pulsuz internetə çıxış imkanı olacaq. Ərazidə camaşırxana, restoran, 3 yeməkxana var. Yeməkxanaların ən böyüyü eyni vaxtda  2 min atletə xidmət göstərmək qabiliyyətinə malik olacaq.

 

Alim Poladovun sözlərinə görə, ikinci yeməkxana "Best of Azerbaycan", yəni "Azərbaycanın ən yaxşıları" adlanır: “Burada eyni vaxtda 400 idmançıya yalnız Azərbaycan yeməkləri veriləcək. Üçüncü yeməkxana işçi heyəti üçün nəzərdə tutulub. Hazırda yeməkxanaların hər üçündə tikinti işləri gedir".

 

Qonaqların təhlükəsizliyi isə təkcə yaşayış məntəqəsinin mühafizəçiləri deyil, həm də dövlət tərəfindən qorunacaq: “Burada asayişi Azərbaycan Müdafiə Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təmin edirlər. İdmançıların təhlükəsizliyinə heç bir şübhəniz olmasın. Bununla bağlı xüsusi təlimlər keçirilir".

 

Burada məskunlaşacaq idmançılar xüsusi nəqliyyat vasitəsilə onlar üçün ayrılmış yollarda hərəkət edəcəklər. Artıq atletlərin 90 faizi burada qalmaq üçün qeydiyyatdan keçiblər. Digər 10 faiz üçün də boş mənzillər kifayət qədərdir.

 

Beləliklə, mübaliğəsiz demək olar ki, Atletlər Kəndi mötəbər yarışda iştirak etmək üçün Bakıya gələn qonaqları qarşılamağa və Azərbaycanın qonaqpərvər ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirməyə tam hazırdır.

 

Yazar

Lent.az

Oxunub

879 dəfə

Tarix

18.04.2015 / 14:26


Xəbər lenti



06 May 2015

05 May 2015

Online: 1570