İran azərbaycanlıları nəyə etiraz edir?

  • 10 Noyabr 2015
Image copyright ugs
Image caption Bazar ertəsi Urmiyə şəhərində başlayan etirazlar daha sonra digər şəhərlərə də yayılıb

İranın İRİB TV-2 kanalının uşaqlar üçün nəzərdə tutulmuş verilişində bəhs olunan hekayəni özlərinə təhqir bilən azərbaycanlıların etirazları, bəzi məlumatlara görə, çərşənbə axşamı günü Təbrizdə davam edib.

Bazar ertəsi Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində universitet tələbələrinin başlatdığı nümayişlər daha sonra azərbaycanlıların yaşadığı digər şəhərlərə - Təbriz, Xoy, Marağa, Zəncan və digər şəhərlərə də yayılıb.

Azərbaycanlıların narazılığına səbəb olan əsas məsələ, əslində, onların öz dilində təhsil almaq hüququnun olmamasıdır, BBC Farsca-dan Faraj Balafkan izah edir.

“Videolardan da göründüyü kimi, etirazçıların şuarları əsasən Azərbaycala bağlıdır. Azərbaycanlılar əsasən öz dillərində təhsil və siyasi-ictimai azadlıqlar tələb edirlər,misal üçün, Britaniyadakı şotlandlar və ya uelslilər kimi,” cənab Balafkan deyir.

Bazar ertəsi keçirilmiş etiraz nümayişlərində polislə etirazçılar arasında qarşıdurma baş verib.

Image copyright BBC Farsi

Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Etirazlar zamanı bir neçə nəfərin həbs edildiyi bildirilsə də, polis bu xəbərləri nə təsdiq, nə də təkzib edib.

Veriliş

Etiraza səbəb olmuş "Fitilieh" adlı televizya verilişində bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.

Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.

Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir.

BBC Farsca-nın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək "Fitilieh" verilişində səslənən sözlərə görə İran azərbaycanlılarından üzr istəyib.

Azərbaycanlıların keçirdiyi etiraz aksiyaları zamanı "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun!" və "Haray haray, mən türkəm!" kimi şüarlar səsləndiriblər.

Həmçinin izləyin: Urmiyə şəhərində azərbaycanlıların etirazı

Buna bənzər hadisə 2006-cı ildə də baş vermişdi.

Həmin vaxt İran jurnallarından birində dərc olunmuş tarakan karikaturası ölkədə etnik azərbaycanlılar arasında narazılıq yaratmış və hadisələr böyüyərək bir çox şəhərlərdə üsyanlar şəklini almışdı.

Bu barədə daha geniş