SİYASƏT


Finlandiyada fəaliyyət göstərən Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bakı, 6 iyul, AZƏRTAC

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi ilə bağlı beynəlxalq qurumlara müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və Azər-Türk Gənclər Təşkilatı 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı birgə bəyanat yayıb. Bəyanat Finlandiyanın parlamentinə, Xarici İşlər Nazirliyinə, İnsan Hüquqları Komitəsinə, həmçinin BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ həmsədrlərinə göndərilib.

Sənəddə bildirilir ki, beynəlxalq təşkilatlar bu hadisəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə əməl edilməli, təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görülməlidir. Diaspor təşkilatları Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəklədiklərini qeyd ediblər. “Biz dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq”, - deyə sənəddə vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.