Sosial və mədəniyyət məsələləri

Təhsil
 
      XXI əsrdə təhsil insan fəaliyyətinin ən mühüm sahələrindən birinə çevrilir. Bu sahədə əldə olunmuş nailiyyətlər mühüm sosial və texnoloji dəyişikliklərin bünövrəsində durur. Bütün ölkələrdə, o cümlədən müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına xüsusi diqqət yetirilməsi, onun strateji əhəmiyyət daşıyan bir sahə kimi götürülməsi də təhsilin cəmiyyətin həyatında oynadığı rol ilə, ölkə əhalisinin böyük bir hissəsinin mənafeyi ilə bilavasitə sıx bağlılığı ilə əlaqədardır.
 
      Məhz buna görə də müstəqillik qazandığı gündən ölkəmizdə təhsil sahəsində islahatlar qlobal xarakter daşıyır və onun bütün aspektlərini əhatə edir. Təhsil sahəsində gedən islahatların strateji istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təhsil sahəsində islahat proqramı” təsdiq olunmuşdur.
 
      Təhsil sahəsində nailiyyətlərin əldə edilməsi və Azərbaycan Respublikasının təhsil sisteminin beynəlxalq təhsil məkanına daxil olması üçün beynəlxalq əlaqələri və qarşılıqlı əməkdaşlığı gücləndirmək lazımdır. Azərbaycan Respublikasının beynəlxalq sahədə aktiv fəaliyyətinin nəticəsi olaraq Azərbaycan BMT-nin Avropa (21 dekabr 1979-cu il Paris Konvensiyası) və Asiya Sakit okean (16 dekabr 1983-cü il Bankok Konvensiyası) regionları üzrə Ali təhsil sahəsində elmlərin, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalarına, eləcə də YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarşılıqlı tanınması haqqında 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasına qoşulmuşdur.
 
          2006-cı il oktyabrın 2-də isə Azərbaycan Respublikası “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 1960-cı il 14 dekabr tarixli Konvensiyaya, eləcə də “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” 1962-ci il 10 dekabr tarixli Protokola qoşulmuşdur.
 
      Artıq Azərbaycan təhsil sisteminin nümayəndələri BMT-nin Təhsil, elm, mədəniyyət təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNİCEF),  İslam ölkələri Təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO), Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir, onların təcrübə və köməyindən maksimum dərəcədə istifadə edirlər.
 
      Ümumiyyətlə, Azərbaycan Respublikası müxtəlif vaxtlarda təhsil sahəsində aşağıdakı beynəlxalq və regional layihə və proqramların iştirakçısı olmuşdur:
 
      - “MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəbləri” layihəsi. Bu layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbindən 25 şagird və müəllim bir ay müddətində ABŞ ümumtəhsil məktəblərinin, bir o qədər sayda Amerika məktəblisi və müəllimi isə azərbaycanlı həmkarların qonağı olublar.
 
      - Avropa Təhsil Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” sahəsində birgə layihəsi. Layihənin əsas məqsədi Azərbaycanda texniki-peşə təhsilinin yenidən qurulmasıdır.
 
      - “Azərbaycanda təhsil müəssisələrində ingilis dilinin tədris metodikasının təkmilləşdirilməsi” üzrə Böyük Britaniya ilə birgə proqram. Proqram çərçivəsində Bakıda və regionlarda ingilis dilinin tədrisi və metodikasına həsr olunmuş seminarlar keçirilir, Azərbaycan müəllimləri mütəmadi olaraq Böyük Britaniyaya təkmilləşdirmə və ixtisasartırma kurslarına göndərilir, ingilis dili proqramlarının və dərsliklərinin hazırlanmasında ekspert yardımı göstərilir.
 
      - “Azərbaycanda, Ermənistanda və Gürcüstanda ali təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik” sahəsində Avropa Şurası Təhsil Departamenti ilə birgə layihə. Layihənin əsas məqsədi Azərbaycanda təhsilin keyfiyyətinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğun olan mexanizmlərin yaradılmasına yardım göstərməkdir.
 
      - Avropa Şurasının “Tbilisi təşəbbüsü” birgə regional layihəsi. Bu layihə Avropa ümumtəhsil məktəblərinin 15-16 yaşlı şagirdləri üçün “Qafqaz xalqlarının tarixi” adlı dərs vəsaitinin hazırlanmasını nəzərdə tutur.
 
      - Avropa Şurası ilə “Demokratik vətəndaşlıq üzrə təhsil” mövzusunda birgə regional layihə. Layihənin əsas məqsədi Azərbaycana Avropa Şurası tərəfindən vətəndaşlıq sahəsində “İnsan və cəmiyyət” fənni üzrə müasir beynəlxalq standartlara cavab verən yeni tədris proqramlarının, dərsliklərinin, dərs vəsaitlərinin və digər materialların hazırlanmasında yardım göstərməkdir.
 
      - Avropa Şurası ilə “Milli azlıqların təhsili sahəsində siyasət” birgə layihəsi. Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqların təhsili siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir.
 
      - Avropa İttifaqının TEMPUS/TASİS beynəlxalq layihəsi Azərbaycanın ali təhsil müəssisələrində maliyyə-texniki yardımının göstərilməsini nəzərdə tutur. Bu günə qədər Avropa İttifaqı tərəfindən TEMPUS/TASİS proqramı çərçivəsində ali məktəblərimizə göstərilən maliyyə-texniki yardım 3,37 mln. Avro təşkil edir.
 
      - ABŞ-ın Montana Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan təhsil sistemində demokratiyanın əsasları və vətəndaşlığın tədrisi sahəsində yüksək hazırlıqlı kadrların, tədris proqramlarının və dərs vəsaitlərinin hazırlanması üzrə birgə layihə.
 
      - Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar haqqında” sərəncamına əsasən Ümumdünya Bankının ekspertləri ilə birlikdə “İslahat proqramı” hazırlanmışdır. Həmin proqramın həyata keçirilməsi üçün Ümumdünya Bankı 5 mln. ABŞ dolları məbləğində kredit ayırmışdır. Təhsil islahatı layihəsi təhsil planı və proqramları, tədrisin metodik təminatı üzrə islahatları, layihənin monitorinqi və qiymətləndirilməsini nəzərdə tutur.
 
      - ABŞ-ın AKSELLS (ACCELS) qeyri-hökümət təhsil təşkilatı ilə əməkdaşlığın nəticəsi kimi təkcə 1999-2002-ci illər ərzində FSA/FLEX, FSA-Baklavr proqramı, Edmund Maski (2 illik magistr pilləsi), Gənclərin inkişafı və Məktəblilərin tədqiqat mübadiləsi proqramları çərçivəsində 276 nəfər azərbaycanlı gənc ABŞ-ın aparıcı universitetləri və ümumtəhsil məktəblərində təhsil almağa göndərilmişdir. Proqramın həyata keçirilməsi üçün ABŞ tərəfindən 27 mln. dollar məbləğində vəsait ayrılmışdır.
 
      - ABŞ-ın İREX şirkəti ilə əməkdaşlıq proqramı çərçivəsində 1996-2001-ci illərdə 50 nəfərdən artıq Azərbaycan vətəndaşı bu təşkilatın təqaüdçüsü kimi təhsil almış və ya ixtisasını artırmışdır.
 
      - ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Harmoniya Layihəsi” Azərbaycanda 10 orta təhsil məktəbini əhatə edir və həmin məktəblərdə resurs mərkəzinin açılması, avadanlıqla təmin edilməsi və müəllimlərin ixtisasartırmasını nəzərdə tutur.
 
      - Almaniyanın QTZ şirkəti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində, 1999-cu ildən bu təşkilat tərəfindən Azərbaycanın Xızı, Dəvəçi və Siyəzən rayonlarında olan 44 məktəb təmir edilmiş və dörd yeni məktəb tikilmişdir.
 
      - Almaniya ilə Azərbaycan arasında təhsil əlaqələri Almaniya Akademik Mübadilə Xidməti-DAAD vasitəsilə həyata keçirilir. Ölkələrimiz arasında təhsil sahəsində əlaqələr yaradılandın bəri Almaniya ilə 430-dan artıq birgə proqram həyata keçirilmişdir. Bu proqramlar Almaniyada staj keçmə, təcrübə mübadiləsi, germanistika və dil kursları, elmi-tədqiqat işlərinin aparılması, magistr pilləsində təhsil və digər məsələləri əhatə edir
 
      - Yaponiya hökuməti ilə əməkdaşlıq proqramı çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsilə Azərbaycanda ikinci təhsil islahatı layihəsinin hazırlanması məqsədilə xüsusi qrant ayrılmışdır. Həmin qrant 2002-2003-cü illəri əhatə edən yeni islahat proqramının hazırlanması, yaxın 10 il üçün Azərbaycanın təhsil strategiyasının müəyyənləşdirilməsi, təhsil prioritetlərinin seçilməsi, onların həyata keçirilməsini nəzərdə tutan tədbirlərin planlaşdırılmasına kömək edəcəkdir.
 
Məlum olduğu kimi, İslam ölkələri arasında, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirən təşkilat İslam ölkələri Təhsil, elm və mədəniyyət təşkilatıdır (İSESCO) və Azərbaycanın adıçəkilən qurum ilə çox sıx əlaqələri vardır.
 
      Bu sahədə ən mühüm tədbirlərdən biri 2004-cü il dekabr aynının 3-4-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İSESKO ilə birgə Bakıda “Qloballaşma və onun müsəlman cəmiyyətinə təsiri” mövzusunda beynəlxalq simpoziumunun keçirilməsi olmuşdur. Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki, 2005-ci il mayın 26-da Təhsil Nazirliyində İSESCO Təhsil həftəsinin açılışı baş tutmuşdur. İSESCO-nın üzvü olan 50 ölkədən məhz üçündə İSESCO Təhsil həftəsinin keçirilməsinin və Baş Direktor Əbdüləziz Bin Osman Əl Tuveycrinin ölkəmizdə Təhsil həftəsinin rəsmi açılışında iştirak etməsi Azərbaycan Respublikası və İSESCO arasında səmərəli əməkdaşlığın əyani göstəricisidir. İSESCO Təhsil həftəsi çərçivəsində İSESCO və Təhsil Nazirliyi arasında Ərəb dilli müəllimlər üçün treninqlərin və Vətəndaşlıq üçün təhsil üzrə Milli seminarın təşkil edilməsi haqqında Sazişlər imzalanmışdır.
 
Ölkəmiz Avropa İttifaqının üzvü olmasa da, təşkilatın təhsil sahəsi ilə məşğul olan bölmələri və təsisatları ilə yaxından əməkdaşlıq edir. Belə ki, 2004-cü il oktyabrın 26-da «Azərbaycan Respublikası Hökuməti ilə Avropa Birliyinin Keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərindən olan alimlərlə əməkdaşlığa yardım üzrə Beynəlxalq Assosiasiyası (İNTAS) arasında elmi əməkdaşlıq haqqında» Saziş imzalanmışdır. Azərbaycandan olan alimlər İNTAS tərəfindən elan edilən maliyyə çağırışlarında fəal iştirak edir və bir sıra layihələrin Aİ tərəfindən maliyyələşməsinə nail olurlar.  
  
2005-ci il iyunun 1-də İNTAS tərəfindən 2005-ci il üçün Gənc alimlər təqaüdü (GAT)  proqramı üzrə növbəti çağırış elan edilmişdir. İNTAS-dan qrant almaq üçün müraciət edən yeni müstəqil dövlətlərdən olan tədqiqatçıların sayının çox və İNTAS-da maliyyə imkanlarının məhdud olması baxımından yaranmış yüksək rəqabəti nəzərə alaraq, İNTAS xüsusi olaraq, Azərbaycan, Moldova və Gürcüstan ilə birgə maliyyələşdirilən proqramın tərtib edilməsini qərara almışdır. Hal-hazırda isə İNTAS-ın Cənubi Qafqaz üzrə birgə maliyyələşdirilən regional layihəsinin həyata keçirilməsi gözlənilir. Bu birgə maliyyələşdirilən layihə 2006-cı il martın 6-da elan edilmişdir. Lakin regiondakı vəziyyəti nəzərə alaraq, qeyd olunan layihə hər bir ölkə tərəfindən müəyyənləşdirilən prioritetlər əsasında ayrı-ayrı layihələrin reallaşdırılmasını nəzərdə tutur.
 
       Avropa Şurası çərçivəsində isə təhsil sahəsində son dövrlərdə keçirilən mühüm tədbirlərdən biri də 2004-cü ilin may ayının 17-18-də Strasburqda Azərbaycan, Ermənistan və Gürcüstan Təhsil Nazirlərinin Avropa Şurasının “Azərbaycan, Ermənistan və Gürcüstanda təhsilin keyfiyyətinin təmin edilməsi” layihəsi çərçivəsində keçirilən konfrans olmuşdur. Konfransda 2005-2006-cı illər üçün üç Cənubi Qafqaz ölkəsinin Təhsil Nazirlikləri ilə Avropa Şurasının Katibliyi arasında əməkdaşlıq proqramı qəbul edilmişdir.
 
2005-ci ilin Avropa Şurası tərəfindən “Təhsil vasitəsi ilə Avropa Vətəndaşlıq ili” elan edilməsi təhsilin insan hüquqlarının təşviqi və müdafiəsində mühüm rol oynadığını, eləcə də demokratik cəmiyyətdə fəal iştirakı önə çəkmək məqsədi daşıyırdı. Bir çox dövlətlərdə “İlin” əlaqələndirmə funksiyası milli komitələr və ya digər orqanlara tapşırılmış, Fəaliyyət Planları həyata keçirilmişdir.
 
2005-ci il ölkəmiz üçün digər bir hadisə ilə də yadda qalmışdır. Həmən ilin mayın 19-20-də Norveçin Bergen şəhərində ali təhsil sahəsində Avropa əməkdaşlıq prosesi kimi tanınan Bolonya prosesinin 4-cü nazirlər konfransı keçirilmişdir. Azərbaycan Respublikasının nümayəndə heyətinin də iştirak etdiyi konfrans zamanı Azərbaycan Respublikası da daxil olmaqla 5 ölkə (Ermənistan, Moldova, Gürcüstan və Ukrayna) Bolonya prosesinə rəsmi olaraq qoşulmuşlar.
 
Bildirmək lazımdır ki, Bolonya Prosesi 1968-ci ildən etibarən davam edən Avropada ali təhsilin mühüm və geniş miqyaslı islahatıdır. Prosesin əsas məqsədi 2010-cu ilədək elmi heyətlərin və tələbələrin sərbəst hərəkət etməsi və onların ixtisaslarının tanınmasının mümkün olacağı Avropa Ali Təhsil Məkanının yaradılmasına nail olmaqdan ibarətdir.
 
          Azərbaycan Respublikasının təhsil sisteminin müxtəlif pillələrində təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlər görülməsini təmin etmək məqsədi ilə 2005-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın yaradılması haqqında” Sərəncam imzalanmışdır.
 
          Son illər Azərbaycanın dinamik inkişafı və beynəlxalq strukturlara intensiv inteqrasiyası Azərbaycanın təhsil sisteminə təsir göstərməyə bilməzdi. Sevindirici haldır ki, təhsil sistemimiz beynəlxalq standartlara doğru inadla irəliləyir və dünya ölkələrinin qabaqcıl təcrübəsindən get-gedə daha da çox bəhrələnir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və regionumuzda həyata keçirilən digər mühüm layihələr ilə bağlı yaxın gələcəkdə ölkəmizə daha da çox dünya standartları səviyyəsində təhsil alan milli kadrlar lazım olacaqdır. Belə kadrların tezliklə yetişdirilməsi və dövlətimizin müxtəlif idarəçilik, sənaye və təsərrüfat sahələrində yerləşdirilməsi milli maraqlarımıza cavab verir. Məhz bu səbəbdən 2006-cı il oktyabrın 19-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət proqramı haqqında” 1746 saylı Sərəncam imzalanmışdır.
 
Mədəniyyət
 
      Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizin mədəni dəyərlərinin qorunması və mədəni həyatın inkişafı üçün ölkə daxilində mühüm tədbirlər görmüş və bu sahədə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başlamışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən mədəniyyət sahəsində bu günə qədər bir sıra mühüm qanunvericilik aktları qəbul edilmişdir. Bunlar aşağıdakılardır:
 
      - “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 25 dekabr 1991-ci il tarixli qanun;
      - “Kütləvi İnformasiya vasitələri haqqında” 21 iyul 1992-ci il tarixli qanun;
      - “Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Agentliyi haqqında” 10 sentyabr 1993-cü il tarixli qanun;
      - ““AZƏRKİNOVİDEO” istehsalat birliyi haqqında” 13 dekabr 1993-cü il tarixli qanun;
      - “Müəllif hüquqları və qarışıq hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli qanun;
      - “Reklam haqqında” 3 oktyabr 1997-ci il tarixli qanun;
      - “Mədəniyyət haqqında” 6 fevral 1998-ci il tarixli qanun;
      - “Tarixi və mədəni abidələrin qorunması haqqında” 10 aprel 1998-ci il tarixli qanun;
      - “Qrantlar haqqında” 17 aprel 1998-ci il tarixli qanun;
      - “İnformasiya azadlığı haqqında” 19 iyun 1998-ci il tarixli qanun;
      - “Kinematoqrafiya haqqında” 3 iyul 1998-ci il tarixli qanun;
      - “Heykəltəraşlıq fəaliyyəti” haqqında 3 iyul 1998-ci il tarixli qanun;
      - “Kitabxana işi haqqında” 29 dekabr 1998-ci il tarixli qanun;
      - “Turizm haqqında” 4 iyul 1999-cu il tarixli qanun;
      - “Şəhərsalmanın əsasları haqqında” 11 iyun 1999-cu il tarixli qanun;
      - “Milli arxiv fondu haqqında” 22 iyun 1999-cu il tarixli qanun;
      - “Kütləvi İnformasiya Vasitələri haqqında” 8 fevral 2000-ci il tarixli qanun;
      - “Muzeylər haqqında” 24 mart 2000-ci il tarixli qanun;
      - “Nəşriyyat işi haqqında” qanun və s.
 
      Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə də, tarixi və mədəni abidələrin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar.
 
      Mədəniyyət sahəsində Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İSESCO (İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir.
 
      Mədəniyyət sahəsində Azərbaycan bir sıra beynəlxalq layihələrin fəal iştirakçısıdır. Onların sırasına Avropa Şurası və Avropa İttifaqının birgə təşəbbüsü olan Avropa İrs Günləri (EHDs) Kampaniyası daxildir. Avropa İrs Günləri (EHDs) layihəsi 1991-ci ildən etibarən Avropa Şurası tərəfindən həyata keçirilir. Sözügedən təşəbbüs Avropa Şurası üzv dövlətlərində sentyabr ayının həftə sonlarında adətən ictimaiyyət üçün açıq olmayan abidələrin sərbəst ziyarət edilməsini nəzərdə tutur. Avropa İrs Günləri həmçinin ölkələrin mədəni irsinə Avropa və beynəlxalq ölçülərin tətbiq olunmasına köməklik etməli, eləcə də mədəni müxtəlifliyin artırılmasına yardımçı olmalıdır.
 
Ölkəmiz bu layihəyə 2000-ci ildə qoşulmuşdur.
Belə ki, 2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının Avropa Mədəni İrs Günləri – 2003 Kompaniyası keçirilmişdir. Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) “Photoexperiense -2003” Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kampaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.
 
      2005-ci ildə Azərbaycanda keçirilən “Avropa İrs Günləri”nin mövzusu isə “Mədəniyyətlər və sülhməramlı proseslər” olmuşdur. Kampaniya iki tədbirdən ibarət olmuşdur.
    1. Adətən müstəqil formada təşkil edilən, lakin 2005-ci ildə isə Kampaniyanın ideologiyası məkanına daxil edilmiş “Şərq-Qərb” Bakı Beynəlxalq Festivalının keçirilməsi
     2. “Foto-experience-2005” tədbiri çərçivəsində uşaq və gənclərin foto işləri müsabiqəsinin keçirilməsi və nəticələrin Respublika Gənclər Forumunda nümayiş etdirilməsi ilə yanaşı Barselonadan alınmış “Foto-experience-2005” kataloqunun paylanılması.
 
          Avropa Şurası çərçivəsində mədəniyyət sahəsində son bir neçə il ərzində baş verən ən mühüm hadisələrdən biri 2004-cü il dekabrın 9-10-da Polşanın Vrotslav şəhərində Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr edilmiş konfransın keçirilməsi olmuşdur. Ölkəmizin də nümayəndələrinin iştirak etdiyi konfrans Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinin qeyd olunmasına start vermiş və bir il ərzində bu istiqamətdə müxtəlif tədbirlər təşkil edilmişdir. 2005-ci il oktyabrın 27-28-də Portuqaliyanın Faro şəhərində keçirilmiş konfransla bu Konvensiyanın 50 illiyinin qeyd olunması başa çatmışdır. Adıçəkilən konfrans zamanı “Cəmiyyət üçün mədəni irsin dəyəri üzrə Avropa Şurasının Çərçivə konvensiyası” imzalanmaq üçün açıq elan edilmişdir. Konvensiyanın ölkə daxili prosedurdan keçmədiyi üçün Azərbaycan nümayəndə heyəti onu imzalamamışdır.
 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ