“İsanın iki yazıçısı – Hüseynov və Muğanna” – Şəmil Sadiq

32 Baxış

Без названия (1)

Senet.az oxucularına “Ustad” jurnalından İsa Muğanna irsinin günümüzdəki ən böyük tədqiqatçılarından olan Şəmil Sadiqin “İsanın iki yazıçısı – Hüseynov və Muğanna” yazısını təqdim edir. 

İyunun 12-si ustad sənətkar, filosof-yazar İsa Muğannanın 89 yaşı tamam olur.  Bizimlə yaşasaydı 90 illiyinə birgə hazırlaşacaqdıq. Amma indi o, nəfəs almasa da, verdiyi nəfəslə dünyamızda yaşayır…

Bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikası ədəbiyyatşünaslıq tərəfindən bir o qədər az diqqət çəkdi.

Bunun müxtəlif səbəbləri ola bilər, yəqin ki, gələcək yazılarımızda buna toxunacağıq. Bu yazıda isə Muğanna yaradıcılığının “İdeal”dan sonra əsərlərinin yazılma tarixi və Muğannanın onlara dəfələrlə qayıtmasının səbəblərindən danışacağıq.

İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı çap olunanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətindən xəbər tutmalıdır”.  Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a və “İdeal”ın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.

İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini bu cür izah edir: “Ulularımızdan irs qalmış tərki-dünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum”.

“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979-cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxa­sında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işlə­yirdim. Birdən başımda səs eşitdim: “Nə yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çardaqda tək-tənha oturmağımla bağ­­ladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub. Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istəməz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai-siyasi fəsadlar yalnız siyasi quruluş­da, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer plane­tində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sa­nanan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçün­cüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu ta­rix­lərdə Yer planetində baş vermiş hadisələri danışacam, bu mə­lu­mat əsasında “İdeal” adında roman yazacaqsan”.

Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır. Bu isə XX əsrin 60-cı illərinin sonuna təsadüf edir. Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi” filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir: “1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vuruldu, de­dilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul ota­ğına girəndə sevincim da­ha da artdı: Ulu öndər məni gülərüz­lə qarşıladı və dərhal mətləbə keçib:

– Nəsimi haqqında ssenarini sənə tapşırıram, – dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifarişidir. Filmin çəkilişinə nə qə­dər lazımdı, o qədər pul buraxılacaq.

Mən bir qədər fikrə getdim, dedim:

– Mən Nəsimi haqqında heç nə bilmirəm.

Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada möv­cud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hə­ləbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öy­rən­məyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını fil­min rejissoru Həsən Seyidbəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, – dedi. Bun­dan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Həsəndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.

“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi. Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun müddət çap olunmasında problem yaşanan “Türfə” romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir). Hotelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” – Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir”.

Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci ildə “Məhşər” romanını bitirdikdə bundan sonra yazacağı əsərləri “Karvan”silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatında baş verən iki infarkt onu bu idealdan ayırmır.

1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər iç­in­də verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asan­laş­dır­maq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə iş­lə­dim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş ro­man­larda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin ro­man­lar – “Məhşər” (Ənşər -mən şər”) “Qəbiristan” “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xrono­lo­­giya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş Saf­Ağ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fay­da versin. Muğanna, 27.01. 2013”.

Gördüyümüz kimi, müəllif xronoloji baxımdan “Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında “Hədəf” nəşrlərində çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.

İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini araşdırarkən xeyli problemlərlə qarşılaşırıq. Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bunu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə “İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta əsərdə hansısa bir redaktor və ya tərtib edən də yoxdur. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009-cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redaktorluğumla hazırlanan nəşrlərdə. Özünün də qeyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir. Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi. “İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan” romanı gəlir. Bu əsərin əmələ gəl­məsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “La­martin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlə­nil­mə­dən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itirmişdim. Çox uzun – doqquz dəqiqə sü­rən klinik ölümün nə olduğunu bildim. Mərhum atam ölü­mün­dən qırx üç il sonra ətrafında beş nəfər adamla ağ ge­yim­də pa­lataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dik­di. Mən, demək olar ki, heç nə hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd­-qa­mə­tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə də, do­daq­ları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmi­lərindi. Biz OdAğÜz BağOdƏrdən heç yana çıxmamışıq. Ha­mımız canlı insan qədər canlı işıqdan ibarətik. Sənin beynini sa­ğaltmağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan son­ra təzə roman yazmaq üçün kömək eləməyə göndərilmişik. Sən Ey­Ər planetində bizim BağÜn EvƏrimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal” romanında SafAğ elminin əsasını yazmı­san, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna gö­rə də romanın davamını “Qəbiristan” adında romanda yaz­malısan”. Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan” romanının yazılma tarixini son nəşrində 2004-2005 yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı biblioqrafiyasında isə biz görürük ki, “GurÜn” və “Cəhənnəm” romanları “Qəbiristan romanından öncə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.

“Qəbiristan” romanından sonra mən 1993-cü ildə “Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləmə­yə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vər­dişimi davam etdirərək “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan­dırdım. Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanlarını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qarabağ müharibəsinə həsr etdiyi “Qəbiristan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarma-qarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.

“Qəbiristan” romanın ilk mətbu variantına 2006-cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.

Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə” 1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki 6 cildliyində, nə də sağlığında “Hədəf” nəşrlərinin çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.

1958-1960-cı illərdə yazılan “Doğma və Yad adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: – “Mən “İsahəq, Mu­sa­həq” romanına da, “Qəbiristan”dakı, “GurÜn”dəki, “Cəhən­nəm”dəki kimi təzə əsər həvəsi ilə girişdim və nəticəsini gör­düm”.Halbuki ilk dəfə birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərin də yazılma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində çapı 2009-cu ildə 6 cildliyində görünür.

Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya” jurnalında çap edildiyini qeyd etmişdik. Ondan sonra isə deyəsən, sadəcə “Azərbaycan” jurnalında nəşr edilmişdir. Əlbəttə ki, müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən qaçmışdır.

Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsiləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” povestlərini həmin zaman yazıb yekunlaşdırmışdır. Həmin bu adlarını çəkdiyimiz əsərlər də SafAğ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı öz əksini tapmışdır. “Türfə” romanının yazılması tarixini müəllif öz əlyazması ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inandığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfindən mənim redaktorluğumla çap edilmişdir.

Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildikdən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur. Müəllifin “İdeal”dan sonra bədii əsər adına 5 romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş etmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən söyləyirdi ki, “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az”. 27.03.2014.”

Yuxarıda qeyd etdiyim fikirləri o, 27 mart tarixində onunla son görüşümüzdə demişdi. Və 2014-cü ilin 31 mart – 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir ­­­­– “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona EySar… O, doğrudan da, yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…

Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.

Məhz bu səbəbdən araşdırmamızı İsa Muğannanı İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məqsəd qoyub, romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoqrafiyada bu məsələləri geniş şəkildə araşdırmağı düşünürəm.

KÖŞƏ YAZARLARI
TOP 10