Azərb.SSR əməkdar incəsənət
xadimi (1970). “Hindistana gəl, səni milyoner edərəm”.
Bu sözləri Hüseyn Seyidzadənin filmlərinə baxandan sonra hind
kinosunun məşhur aktyor və rejissoru Rac Kapur demişdi.
Hüseyn Seyidzadə 1920-ci il oktyabr ayının 19-da İrəvanda doğulub.
Atası tanınmış tacir idi. Tale minlərlə azərbaycanlı kimi bu ailənin
də başına min bir müsibət gətirib. Ermənilərin tənələrindən cana
doymuş Seyidzadələr ailəsi əvvəl Tiflisə, sonra isə Bakıya köçməli
olub. Rejissorun bacısı Zəhra Seyidova söhbətlərimizdə deyirdi ki,
“biz Bakıya köçəndə Hüseyn üçüncü sinifdə oxuyurdu. Dərsi buraxırdı,
kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında
gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya
bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni
də kinofabrikə aparıb, ”Əlsizlər" filminə çəkdirmişdi". Zəhra xanım
deyirdi ki, Hüseynlə bağlı bütün ağrıları mən də yaşamışam. Hüseyn
başqaları kimi xoşbəxt yaşamaq istəyirdi. Ancaq haqsızlığı
bağışlamazdı. Bütün qəlbi, mənəviyyatı ilə, bir də öz sənəti ilə bu
xalqa bağlı idi".
Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunu bitirmişdi. Görkəmli sənət korifeylərindən, Sergey
Eyzenşteyndən, Mixail Rommdan, Lev Kulicanovdan sənətin sirlərini
öyrənmişdi. Sonra yenidən Bakı həyatı, yaradıcılıq ziqzaqları başlandı.
Müharibənin qızğın dövrü olsa da, Bakı kinostudiyasında filmlərin
çəkilişi davam etdirilirdi. Hüseyn Seyidzadə müharibədən əvvəl
rejissor Niyazi Bədəlovla “Ayna” adlı filmin çəkilişlərinə başlamışdı.
Müsahibələrindən birində Hüseyn müəllim bu filmlə bağlı suala belə
cavab vermişdi: “Yaman yaralı yerimə toxundunuz. Bu filmin başına elə
oyun açmadılar ki, bu film olsun. Allah mərdiməzara lənət eləsin.
Yaxşı deyiblər ki, qonşu qonşu olsa, bağ çəpəri neyləyər. Bundan sonra
Niyazi ilə belə qərara gəldik ki, ”Ayna"nın materiallarından istifadə
edib müharibə mövzusunda yeni bir film çəkək. Ssenarini İmran Qasımov
yazdı. Baş rola Leyla Bədirbəylini dəvət etdik. “Ayna”da əsas rola onu
çəkməli idik. Hətta çəkirdik də. Sonradan filmi “Sovqat” adlandırdıq
və 1943-cü ildə çəkib qurtardıq".
Bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik
duyğularından söhbət açılır. Nə qədər çətin olsa da, rejissorlar bütün
səylərini birləşdirib film yaratmışdılar və bu lent dəfələrlə cəbhə
bölgələrində nümayiş etdirilmişdi.
1956-cı ildə Bakının kinoteatrlarında ekrana “O olmasın, bu olsun”
filmi çıxarıldı. Kinoteatrlara ayaq basmaq olmurdu. Növbələr
düzülmüşdü. Bu film böyük Üzeyirin geniş tamaşaçı auditoriyasına
təqdim olunan ikinci böyük əsəri idi. “O olmasın, bu olsun” Hüseyn
Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Bu filmin yaranma
tarixi haqqında çox yazmışıq. Onu əlavə edə bilərik ki, film ekranlara
çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun
müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası,
Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi
göstərilirdi.
Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi.
Azərbaycanda elə bir kino əsəri yoxdur ki, “O olmasın, bu olsun” qədər
məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının
“kino qalereyası” idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq
dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun
şöhrətini dünyaya yaydı. İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya,
ABŞ, İsveçrə, Macarıstan və sair ölkələrin tamaşaçıları filmə böyük
maraqla baxırdılar. Və elə bu gün də “O olmasın, bu olsun” dünyanı
dolaşmaqdadır.
60-cı illərdə studiyada çox qəribə bir qalmaqal yarandı. Mahiyyət
bundan ibarət idi ki, şair Novruz Gəncəli Alla Axundova və Hüseyn
Seyidzadənin birgə yazdığı “Yaşayın, qızlar” ssenarisinin ona məxsus
olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin
onun 1961-ci ildə “Azərbaycan” jurnalında dərc edilmiş “Bizim sahildə”
adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin
saxlanılmasını tələb edirdi.
Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova ssenarinin müəllifi
kimi təsdiq olundu, elə Hüseyn Seyidzadənin iştirakı ilə. Filmi isə
rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli
sarsıtdı. Buna baxmayaraq, o yenə də öz sənəti uğrunda mübarizəsini
davam etdirdi. Sonrakı mübarizə isə “Dəli Kür” filmi ilə bağlı oldu.
Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub.
1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari
ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxarıldı.Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan
epizodları diqqətə çatdırırıq.Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək
istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki,
torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir:
“Baxarıq!” Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib
Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də
döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba
torpağınızdır? Onlar isə: “Deyəsən, könlündən Sibir keçir” — deyirlər.
Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma
başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa
özünü suya atır, bununla da film qurtarırdı. Və “Ana Kür” mahnısı
oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy
göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki
imperiya öz qan - içən xislətini göstərməyə imkan verə bilməzdi.
Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin xalq
yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin
ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda
canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq
deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. “Qatır Məmməd”
filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini
ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün
filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki,
filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks
etdirilsin.
“Yenilməz batalyon”da da, “Koroğlu”da da, “Qayınana”da da bunlar çox
aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi.
Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyunun 2-də bu böyük
sənətkar dünyasını dəyişdi.
Əsas filmləri:
1. Doğma xalqımıza (1954)
2. O olmasın bu olsun (1956)
3. Yenilməz batalyon (1965)
4. Dəli Kür (1969)
5. Qayınana (1979)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...