NAMAZ VAXTLARI:
  • FƏCR 05:57
  • GÜN 07:17
  • ZÖHR 12:53
  • ŞAM 18:47
  • GECƏ 00:21
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

“Payitaht Abdulhamid” filmindəki saxta Hacı Zeynalabidin Tağıyev səhnəsi belə ifşa edildi - Tarixi fakt

Oxundu: 6207
“Payitaht Abdulhamid” filmindəki saxta Hacı Zeynalabidin Tağıyev səhnəsi belə ifşa edildi - Tarixi fakt

Bir neçə gün öncə Türkiyənin məşhur tarixi seriallarından biri olan “Payitaht Abdulhamid”də Azərbaycana da yer verilib. Serialda Ekran işinin 51-ci seriyasında Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.

İslaminSesi bildirir ki, Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış “Qurani Kərim” hədiyyə edir. Lakin tarixi serial olaraq tamaşaçılara təqdim olunan bu serialın qətiyyən tarixlə əlaqəsi yoxdur. Gəlin bu tarixi mənbələrdə araşdıraq. Birincisi bunu qeyd edək ki, Bakı milyonçusu, mərhum Hacı Zeynalabidin Tağıyev Sultan II Əbdülhəmidin hüzuruna gedib onunla görüşməyib.
““Payitaht Abdulhamid”” (Osmanlı sultanı II Əbdülhəmid nəzərdə tutulur-red.) serialındakı Hacının sultanla görüşdüyü məsələsi təxəyyül məhsuludur.

 

Həqiqət budur ki, Osmanlı Türkiyəsi çətin vəziyyətdə olduğu zaman Hacıdan yardım istəyir. Hacı da ona açılan əli geri çevirmir və Osmanlı Türkiyəsinə maddi yardım göstərir.

 

Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: “1918-ci ilin fevral ayında Azərbaycan türkləri tərəfindən Gəncə Milli Komitəsinin qərarı ilə «İttihat və Tərəqqi» Partiyasının rəhbərliyi ilə görüşüb, rus hakimiyyətindən və ordusundan təmizlənə bilmiş, Azərbaycanın istiqlalını qura bilməsi üçün türk ordusunun yardımını təmin etmək məqsədilə İstanbula gəlişimin birinci həftəsində Məclisi-Məbusana getdim. Orada məclisin sədri Hacı Adil bəy ilə tanış oldum. Həmin günün axşamı hər ikimiz Pera Palas mehmanxanasında keçiriləcək mətbuat konfransına dəvət edilmişdik. Biz birlikdə mehmanxanaya gəldik və konfransın başlamasına hələ vaxt qaldığından burada mənim üçün ayrılmış otağın salonunda oturub söhbət etməyə başladıq:

 

Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində suallara cavab verdim. Sonra məndən «Siz Hacı Zeynalabdini tanıyırsınızmı?»

Mən: «Çox yaxşı tanıyıram» dedim.

Hacı Adil bəy: «O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi. Bolqarlar türklərə qarşı çox amansız davranırdılar. Onlar türk kəndlərini dağıdır və əhalisinə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə türk millətinə ağlasığmayan vəhşiliklərı rəva gördülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə bir yardım cəmiyyəti qurduq və toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayırdıq. Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istədik və aldıq. Bu zaman səfir bizə «Siz xaricə nə üçün müraciət etmirsiniz?» dedi. Sonra o, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək «Siz vəziyyəti izah edərək yardım istəyin» deyə tövsiyə etdi. Biz onun bu tövsiyələrini yerinə yetirdik. Təqribən bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz türklərə yardım məqsədilə min qızıl lirə göndərmişdi. Nağı bəy, mənə Zeynalabdin haqqındakı məlumatınızı söyləməyi çox xahiş edirəm». (“Nağı bəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri, “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (Xatirə dəftərindən bir yarpaq)”, Nağı Keykurin. Səh. 105. Bakı-2007)

 

İkinci nüans isə Sultan Əbdülhəmidə Quranın hədiyyə olunmasıdır. Bu məsələnin tarixi reallığı isə tamamilə başqadır.

XX əsrin əvvəllərində 1907-ci ildə müqəddəs Qurani-Kərimin təfsirini Azərbaycan dilinə tərcümə etdirən Bakı milyonçusu, xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdin Tağıyev olmuşdur. Quranın təfsirini tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu təfsir üç cilddə - "Kəşfül- Həqayiq" ("Həqiqətlərin Kəşfi") adı ilə "Kaspi" mətbəəsində çap edilmişdir.
H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-ci ildə bir nüsxəsini türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndərmişdir. Azərbaycan mühacir ziyalılarından olan Nağı Keykurun Ankarada nəşr olunan aylıq “Azerbaycan” kültür dərgisində “Böyük bir hayırsever Hacı Zeynalabdın Tağızadə (Hatire defterinden bir yarpaq)” adlı məqaləsində yazır ki, Hacının İstanbula türk Sultanına göndərdiyi bu müqəddəs kitab 4000 altun lirə dəyərində ziynətli daşlar və almazlarla bəzədilmişdir

 

Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq qızıl suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdül Həmidə çatdırılmışdır.

Tarixi reallığı əks etdirən filmlər çəkilməyincə və kinomotoqrafiyamızın bu halda təqdim olunması hələ də xalqın "həqiqətləri" başqa sistemlərin siyasəti ilə çəkilın  filmlərdən "öyrənməsi" davam edəcək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system