Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası regional əməkdaşlıq münasibətlərini genişləndirməkdədir

23 mart 2018    1269

Bu gün Türkiyənin Ankara şəhərində Türkiyə Vəkillər Kollegiyaları Birliyinin təşkilatçılığı ilə Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinə (TÜRK-AV) üzv ölkələrin ümumi yığıncağı keçirilmişdir. Türkiyə, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, və Albaniyanın vəkilllər kollegiyaları tərəfindən 2016-cı ildə təsis olunmuş bu təşkilatın əsas məqsədi region ölkələrinin vəkillik qurumları və vəkillləri arasında peşəkar əməkdaşlıq platformasının təşkil edilməsi ilə qarşılıqlı tərcübə mübadiləsinin təmin edilməsindən ibarətdir.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədr Anar Bağırovun rəhbərliyi ilə Rəyasət Heyətinin üzvləri Pərviz Ələkbərov, Muxtar Mustafayev və Aparatın rəhbəri Fərhad Nəcəfovdan ibarət tərkibdə təmsil olunmuşdur.

Türkiyə Vəkillər Kollegiyaları Birliyinin rəhbəri Metin Feyzioğlunun sipkerliyi ilə aparılan yığıncağın gedişində bir sıra təşkilati məsələlərə baxılmış, xüsusilə “TÜRK-AV”ın nizamnaməsinə bəzi dəyişikliklər edilmiş, təşkilata istənilən ölkdən olan vəkillərin fərdi üzvlüyünün mümkünlüyü və gələcəkdə bütün üzv ölkələrin yurisdiksiyasını əhatə edəcək vahid arbitraj məhkəməsinin yaradılması istiqamətində işlərin başlanılması barədə qərar qəbul olunmuş, Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası və Tacikistanın Vəkillər Kollegiyasının təşkilati üzvlüyə qəbul olunmasına müsbət münasibət bildirilmişdir.

Tədbirdə Kollegiyanın sədri Anar Bağırov çıxış edərək, Azərbaycan vəkilliyi üçün “TÜRK-AV”a üzvlüyün əhəmiyyəti, regional iqtisadi layihələrin, xüsusilə “Bakı-Tiflis-Qars dəmiryolu” layihəsinin həyata keçirilməsi çərçivəsində “TÜRK-AV”ın rolu barədə tədbir iştirakçıları ilə öz fikirlərini bölüşmüş və təşkilatın gələcək fəaliyyətinə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının daim dəstək verməyə hazır olduğunu bildirmişdir. Bunun ardınca Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov təşkilatın İdarə Heyətinə üzv seçilmişdir.

Tədbirdə təşkilata üzv ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmiş, gələcək əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadilə aparılmışdır.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoyulmuş, dahi dövlət xadiminin əziz xatir ehtiramla yad edilmişdir. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin də məzarı ziyarət edilmiş və onun əziz xatirəsi yad edilmişdir.

Bundan başqa, “TÜRK-AV”ın ümumi yığıncağına qatılmış bütün üzv ölkələrinin vəkilləri ilə birgə Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsinin yad edilməsi məqsədilə Anıt Kabir memorial-kompleksinə səfər edilmiş, böyük öndərin məzarı önünə “TÜRK-AV” adından əklil qoyulmuşdur.