SİYASƏT


Ukraynanın nüfuzlu “Qubernator” jurnalı həmvətənimiz Fəxrəddin Muxtarovun barəsində geniş məqalə dərc etmişdir

Kiyev, 29 yanvar (AZƏRTAC). Ukraynanın nüfuzlu “Qubernator” beynəlxalq ictimai-siyasi jurnalının 40-cı nömrəsində Dnepropetrovskda yaşayan həmvətənimiz barəsində “Syayvo” fermer təsərrüfatının direktoru Fəxrəddin Muxtarov: “Ukrayna torpağı bərəkətli və ruzilidir” sərlövhəli geniş məqalə dərc edilmişdir.

Materialda Fəxrəddin Ələddin oğlu Muxtarovun bioqrafiyası haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1965-ci il təvəllüdlü F.Muxtarov Dnepropetrovskda lider olan fermer təsərrüfatının direktoru, Dnepropetrovsk vilayət şurasının deputatı (Regionlar Partiyası fraksiyası), Ukraynadakı azərbaycanlılar diasporunun sayılıb-seçilən nümayəndələrindəndir.

Məqalədə deyilir ki, torpaqda çalışan, aqrar müəssisəsinə rəhbərlik edən Fəxrəddin Muxtarov həmyerlilərinin hörmətini və dəstəyini qazanmışdır, dəfələrlə bir çox vacib layihələrin və tədbirlərin mesenatı kimi çıxış etmişdir. Onun səyləri sayəsində vilayətin bir sıra kəndlərində küçələr abadlaşdırılmışdır, uşaq bağçalarına və məktəblərə hamilik köməyi göstərilir. Həmvətənimiz müharibə veteranlarına, əlillərə, qocalar evinə də yardım edir.

Məqalədə qeyd olunur ki, ləyaqətli həmvətənimiz görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın Kiyev vilayətinin İrpen şəhərindəki abidəsinin hazırlanmasına sponsorluq edənlərdən biri olmuşdur.

F.Muxtarov şəxsi vəsaiti hesabına vilayətin Tsariçan rayonunun Rudka kəndində Böyük Vətən müharibəsi döyüşçülərinin qardaşlıq məzarını bərpa etdirmiş, xatirə kompleksində Dnepropetrovsk vilayətinin azad edilməsi zamanı həlak olmuş 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun heykəlini ucaltmışdır. Heykəlin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişdir.

Bundan başqa, Fəxrəddin Muxtarov Azərbaycanın Ukraynadakı səfirliyinin, diasporumuzun keçirdiyi çoxsaylı tədbirlərin təşkilində, milli mədəniyyətimizin, adət və ənənələrimizin təbliğində və inkişafında fəal iştirak edir, Dnepropetrovskda Azərbaycan Mətbəxi Həftəsinin keçirilməsinə sponsorluq edir və s.

Fəxrəddin Muxtarovun uğurlarının düsturu belədir - əsil insan olmaq üçün cəsarətə, qətiyyətə və iradəyə sahib olmaq lazımdır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.