Atatürkün böyük oyunu

Dilqəm Əhməd


 

“Zati-dövlətinizi özüm üçün xilaskar sayıram. Məni Malta əsarətindən qurtardınız. Buraya gəldim. Sayənizdə məmləkətin sayılan adamlarından biri oldum. Çoluq-çocuğum yenidən vətən tapdılar, öz gələcəklərini təmin etdilər. İndi mən türk millətinə xəyanət etdiyim azmış kimi, həm də öz xilaskarıma qarşı çıxırmışam...bu vəziyyət məni çox ağrıdır. İcazə verin, özüm-özümü xilas edim”.

Əhməd bəy Ağaoğlu bu sözləri Mustafa Kamala deyəndə 62 yaşında idi, ömrünün qırx ilini türk millətinin gələcəyi uğrunda fəda etmişdi. Atatürk onu nədə suçlayırdı? Və ya həqiqətən, suçlayırdımı? Atatürklə Əhməd bəy Ağaoğlu arasındakı münasibətlərə keçmədən öncə həmin dövr türk siyasətinin mühüm fiqurlarından biri haqqında danışılmalıdır.

Əli Fəthi Okyar

1880-ci ildə Makedoniyada doğulub, Sofiya, Paris, Londonda səfir, TBMM başqanı, ədliyyə naziri və baş nazir olub. 1904-cü ildən “İttihad və tərəqqi”yə qoşulub, 1912-ci ildə millət vəkili seçilib. 1913-cü ildə Sofiyada səfir olarkən, orada hərbi attaşe olan Mustafa Kamalla dostlaşır. 1917-ci ildə İstanbuldan millət vəkili seçilir. “İttihad və Tərəqqi”dən sonra Əhməd İzzət Paşanın hökumətində daxili işlər naziri olur, bu vəzifəsi müddətində Ənvər, Tələt və digər paşaların ölkədən qaçmasına şərait yaratması ilə suçlanır. Bu hadisələrdən sonra Fəthi Okyar Atatürklə birlikdə “Minbər” adlı qəzet çıxarır. 1919-cu ilin 10 martına Fəthi Okyar gizli təşkilat üzvü olması iddiası ilə həbs olunur, iyunun 2-də Maltaya sürgün edilir. Malta sürgünündə ikən Əhməd bəy Ağaoğlu ilə tanış olur.

Əhməd Ağaoğlunun Türkiyəyə gəlməsi

Şəxsi həyatına qarşı təhlükələrin artdığını görən Əhməd bəy 1909-cu ilin ortalarında İstanbula gedir, həmin vaxt redaktoru olduğu “Tərəqqi” qəzetini Üzeyir Hacıbəyliyə əmanət edir. Əhməd bəyin mühacirət etməsinin səbəbini Üzeyir bəy bu cümlə ilə izah edib: “Bu yolda onun tək bir nəfər də olsun köməkçisi yox idi”.

Qoca Osmanlı Əhməd bəy üçün yeni üfiqlər açır. Maarif müfəttişi olur, Süleymaniyyə kitabxanasının müdiri olur, İstanbul Darülfünununda dərs deyir, qəzetçilik fəaliyyətini genişləndirir, “Tərcümani-həqiqət” adlı qəzet nəşr edir, “Türk ocağı”nın qurucularından olur, 1912-ci ildə Afyon-Qarahisardan parlamentə deputat seçilir.

Vətənə dönüş

On illik mühacirət həyatından sonra Əhməd bəy Azərbaycana Nuru paşanın siyasi müşaviri kimliyində qayıdır, parlamentə üzv seçilir, Paris sülh konfransına göndərilən heyətin tərkibinə daxil edilir. Lakin İstanbulda gənc türklərlə əlaqəsi olduğu iddiası ilə Malta adasına sürgün edilir. Sürgün dönəmlərində Sovet Azərbaycanının rəhbəri Nərimanov tərəfindən ingilis əsirlərlə dəyişdirilməsi cəhdi alınmır, sürgün həyatı 1921-ci ilə qədər davam edir. Sürgündən xilas olduqdan sonra Əhməd bəy mayın 11-də Romadan Nərimanova məktub ünvanlayır, məktub “Kommunist” qəzetində çap olunur. Məktubda Əhməd bəy sürgünə qədərki düşüncələrinin əksinə olaraq bolşevizmin üstünlüklərindən bəhs edir, bunun xilas yolu olduğunu göstərir və qoca yaşlarında vətənində xidmət etmək istədiyini bildirir. Məktuba cavab olaraq Nərimanov onu yüksək vəzifəyə dəvət edir.

Yenidən Ankara

Nərimanovdan cavab məktubu aldıqda Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığından əvvəlki məktubunun əksinə olaraq Nərimanova fərqli bir cavab yazaraq fəaliyyətini Türkiyədə davam etdirmək istədiyini bildirir. Səbəb kimi Nərimanova bunları göstərir:

1.Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam
2.Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam
3.Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olmaq fikri.

Bəlkə də Nərimanovun cəhdi uğurlu alınsaydı, Əhməd bəyi Malta sürgünündən Atatürk deyil, o xilas etsəydi, Əhməd bəy Sovet Azərbaycanı üçün xidmət göstərəcəkdi. Amma onu Atatürk xilas etdi və o, namus borcu olaraq Türkiyədə fəaliyyətini davam etdirdi. Nərimanova yazdığı kimi: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir”.

1930-cu il.

Türkiyə artıq yeddi ildir ki, yeni idarəçilikdədir, hakimiyyət Cumhuriyyət Xalq Firqəsindədir. Demokratik respublikadır, lakin birpartiyalıdır. Buna görə də, həm respublikanın Avropadakı tutumuna, həmçinin Atatürkün şəxsi imicinə dəyəcək ziyanın qarşısının alınması üçün tədbirlər planı hazırlanır. Bu plan Atatürkün nəzarətində ikici bir partiyanın yaradılması idi. Sərbəst Firqə adlanacaq bu partiya CXF-yə müxalif olacaqdı, amma Atatürkün nəzarətində qalacaqdı. Rəhbərliyə isə Fəthi Okyar seçiləcəkdi.

1930-cu ilin avqust ayında Əhməd bəy Yalovaya sürgündə dostlaşdığı Fəthi bəyi görməyə gedərkən Dəniz Yolları İdarəsinin yeni tikdirdiyi mehmanxanın açılışında olurlar. Açılış törənində Mustafa Kamal Əhməd bəyi yanına çağıraraq onun Sərbəst Firqənin rəhbəri Fəthi bəylə çalışacağını bildirir.

Həmin günün səhərisi Fəthi bəylə Əhməd bəy Sərbəst Firqə haqqında müzakirə edirlər, Atatürkü səmimilik testindən keçirirlər, Fəthi Okyar qazinin səmimi olduğuna qərar verir. Atatürkün planına görə, Fəthi bəy ona ikinci bir partiya qurmaq fikri barədə məktub yazacaq, sonuncu da cavabında buna razılıq verəcəkdi. Qızı Tezerlə birlikdə saraya gedən Əhməd bəy xatirəsində yazır ki, məktublar oxunarkən hər iki məktubun İsmət Paşanın xətti ilə yazldığını görüb, lakin çox süni alındığını bildirdikdən sonra Atatürk ona əsəbiləşib:

-Mənə sənin araqarışdıran olduğunu söyləyirdilər, inanmırdım, həqiqətən araqarışdıranmışsan.

Daha sonra Atatürk Əhmədin qızı Tezerə deyir: “Tezer xanım, siz yaxşı yetişmiş uşaqlarsınız. Fəqət atanıza uymayın. Onun başı İran fəlsəfəsi ilə dolub. Qorxuram sizi də zəhərləyər”. Tezer isə qaziyə belə cavab verir: “Atamız bizim üçün həmişə yaxşı yol göstərən bir mürşid olub”.

Həmin gün baş verən maraqlı bir hadisə Sərbəst Firqəyə qoşulacaq ilk şəxslərdən birinin Atatürkün bacısı Məqbula xanımın olmasıdır.  Məqbulə xanım firqənin son günlərinə qədər orada qalır.

Növbəti gün artıq qarşılıqlı razılıq şəkildə mətbuata ötürülmüş Atatürklə Fəthi Okyarın məktublaşması xalq içində rezonansa səbəb olur, yeni firqəyə qoşulmaq üçün kütləvi axın baş verir.

Yeni Firqənin nizamnaməsini Əhməd Ağaoğlu hazırlayır. Atatürkün təlimatı ilə millətçi şair, dövlət himninin müəllifi Mehmet Əmin Yurdakul da firqəyə qoşulur. Sərbəst Firqə tədricən güclənməyə başlayır, narazı kütlələr CXF-dən qopur.  Əhməd bəy bu hadisəni belə izah edir:

“Xalqla Xalq Firqəsi arasındakı hər cür əlaqə qırılmışdı və xalqı bu Firqənin mövcudluğuna dözməyə vadar edən ikicə amil vardı: birincisi və ən başlıcası qorxu, ikincisi isə Qaziyə bəslənilən minnətdarlıq hissi”.

3-13 sentyabr 1930-cu ildə Fəthi Okyar, Əhməd Ağaoğlu, Əli Heydər Uluğ, Təhsin Uzer, Nuri Conker Qərbi Anadolu səfərinə çıxırlar.

Sərbəst Firqəçilərin İzmir səfəri böyük coşğu ilə qarşılanır. Xalqın məhəbbətinin də, qəzəbinin də bəla olduğunu yazan Əhməd bəy İzmirdə baş verən təxribatı Şekspirvari faciə adlandırır. Belə ki, izdihamın qarşısını almaq üçün polisin açdığı atəş nəticəsində 14 yaşlı uşaq öldürülür. Bir qoca izdihamı yararaq uşağın meyitini Fəthi Okyarın ayağına ataraq deyir:

-Bu da sizə bir qurban. Başqalarını da verərik. Yalnız sən bizi qurtar.

İzmirdə Fəthi Okyar nitq söylədikdən sonra Manisa şəhərinə yola düşürlər. Əhməd bəy Manisanı Şuşaya bənzədir: “Manisa şəhəri özünün yeniliyi, parkı, qayaları, dağları ilə xoşuma gəldi. Müəyyən qədər Qarabağı, doğulduğum Şuşa şəhərini xatırladırdı”.

Manisadan sonra Əhməd bəy firqə dostlarından ayrılaraq Ankaraya gəlir, sonra İstanbula gedir. Burada mətbuatda onun haqqında yazılan böhtanlara “Son posta” qəzetində cavab verir. Artıq İstanbulda mətbuat Sərbəst Firqənin əleyhinə yazılar yazır, Atatürkə CXF-ni qorumaq üçün açıq məktublar ünvanlanır. Əhməd bəy isə, Atatürkə qarşı yazılan bu cür məktubların ancaq qazinin özünün icazə verdiyi təqdirdə mümkün olacağını qeyd edir. Və bu qeydində haqlı idi. Əhməd bəyə görə, Atatürk Sərbəst Firqənin nüfuzundan xoşlanır, Fəthi bəyə bir əmrlə hər şeyi bitirəcəyini bildiyi halda, xalqı qurtaran adam olduğu halda xalqın ondan kənarlaşmasını görə-görə prosesi izləyir. Ən son ana qədər verdiyi sözü namus kimi dəyərləndirdiyini yazır.
Bələdiyyə seçkilərində Sərbəst Firqə 502 seçim bölgəsindən 31-ni qazanır. Bu isə, qısa müddət üçün böyük nəticə idi.

Əhməd bəy yazır ki, firqənin güclənməsindən ehtiyat etməsini İsmət İnönü daima qaziyə bildirir, onu qorxudurdu. Lakin qazinin xarakteri firqəni əmrlə bağlamağa imkan vermirdi. Sərbəst Firqədə əsas güc 13 millət vəkili və Məqbulə xanım idi. Mətbuatın təsiri ilə, həmçinin xalqdan gələn dəstəklə elə bir durum alınır ki, Fəthi Okyar artıq özünün Atatürklə qarşı-qarşıya gəldiyinin fərqinə varır. Ona görə də təcili qazi ilə görüşür. Atatürk Fəthi Okyara mübarizə aparmalarını bildirir, lakin Fəthi bəy bundan heyrət edərək qaziyə qarşı çıxmayacaqlarını deyir və dostları ilə birgə aldığı qərara əsasən firqəni buraxırlar. 1930-cu ilin avqustun 8-də yaranan firqə noyabrın 17-də buraxılır.

Sərbəst Firqə Xatirələri

Sərbəst Firqənin dağılmasından çox keçmir ki, Əhməd bəy öz xatirələrini yazır. “Sərbəst Firqə Xatirələri” 1931-32-ci illərdə hazırlanıb. Lakin çap oluna bilinmir, xüsusilə İsmət İnönünün prezidentliyi (1938-1950) dönəmində mümkün olmur. İlk dəfə oğlu Səməd Ağaoğlu atasının ölümündən 11 il sonra Türkiyədə Demokrat Partiya hakimiyyətə gələndən sonra xatirələri çap edir. “Sərbəst Firqə Xatirələri”ni oxuyanda Əhməd bəyin Atatürkə olan həm dərin hörmət hissi, həmçinin də küskünlüyü hiss olunur. O, Atatürkə həmişə minnətdarlıq hissi ilə yanaşıb, çünki Malta sürgünündən sonra ona yeni həyat bəxş edib. Ona görə də, Atatürkün bu təklifini qəbul etməklə Əhməd bəy politikada özünün ikinciliyini qəbul etmiş duruma düşür. Çünki o, cumhuriyyətin diktatura obrazında olmasını istəmədiyindən buna razılıq vermişdi. Hələ Firqənin qurulmasından bir neçə il əvvəl Atatürkə ikinci bir partiyanın vacibliyi barədə təklif vermişdi. Amma belə bir işə qol qoyması Atatürkə olan hörmətindən doğurdu. Lakin o yenə də xatirələrində cumhuriyyətin necə idarə edildiyini yazırdı: “Bizdə cumhuriyyətdən nişanə belə yoxdur. Məmləkətimizdə tam mənası ilə diktatorluq hökm sürür. Bunu bildikləri halda hər kəs hürriyyətdən, cumhuriyyətdən bəhs edir, sərbəst cumhuriyyətin mövcud olduğunu iddia edir”.

Burada haqlı bir sual ortaya çıxır. Atatürk bu oyunu niyə qurdu. Yalnız öz imicini qorumaq üçünmü? Əsla. Tarixə nəzər edək. 1925-ci il fevralın 13-də hökumətə qarşı Şeyx Səid üsyanı baş verir, aprelin 15-i üsyan yatırılır, Səid edam olunur. Həmin il cumhuriyyətin ilk müxalif partiyası olan Tərəqqipərvər Cumhuriyyət Firqəsi də bağlanır və 1929-cu ilə qədər ölkədə dərin sükunət baş verir. 1929-cu il iqtisadi böhranı da buna əlavə olununca xalq içərisində dərin bir ümidsizlik, hökumətə qarşı etimadsızlıq yaranır. Bütün bunları hesablayan Atatürk həm xalqın nəbzini ölçmək, həm də canlanma yaratmaq üçün öz iradəsində olan bir firqə yaratmağı düşünür. Bu firqəni isə iki ən yaxın dostuna tapşırır: Fəthi və Əhməd bəyə. Atatürk bu insanları qullanmaq üçün deyil, onlara inandığı üçün seçir, zatən sonucda Fəthi bəyin Atatürklə qarşı-qarşıya gəlmək istəməməsi onların qaziyə olan etimadından doğurdu.

Əhməd bəy və Atatürk arasında zamanla qarşılıqlı küskünlüklər baş verib, lakin hər ikisi daima qarşılıqlı sayğılarını qoruyublar. Hətta Əhməd bəyin ömrünün son çağlarında çap elədiyi “Axın” qəzeti də qazi tərəfindən bağladılır.

Əhməd bəy Atatürkün ölümündən dərin sarsıntı keçirir. Bu barədə qızı Tezerə məktub yazır: “Həyatımda ikinci dəfədir sarsılıram. Birinci dəfə ananın ölümü zamanı özümü dərin və qaranlıq bir uçurumun kənarında gördüm və başım fırlandı. Onsuz həyat mənə mənasız və acı gəldi. Onun məndə bu qədər yaşadığını bu qədər təsəvvür edə bilməzdim. Bu gün də onun ölümünə heç cür inanmıram. Daha doğusu, alışa bilmirəm. O, özü şəxsən bir həyat deyildimi? O, nə tükənməz, yorulmaq bilməyən bir daşqınlıqdı! Bəzən coşğun dəniz dalğaları kimi hiddətli, bəzən də müdhiş fırtınalara qədəm qoyan qatı və boğucu sükunətlər...Onun hər dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah altında, gah da üstündə deyildimi?”. Xatirələrində Əhməd bəy yazır ki, sükunət və durğunluq Qaziyə yad idi, onun sonsuz qurub-yaratmaq eşqi, tükənməz enerjisi və coşğun ruhu durmadan hərəkət istəyirdi. O dayanmadan yeyər, dayanmadan içər, dayanmadan danışar, dayanmadan qovğa arayardı.

Sonuc olaraq deyə bilərik ki, Əhməd bəy Atatürkə ömrü boyu minnətdarlıq və sayğı duyub. Atatürk də onun professorluğuna hirsli vaxtlarında tənqidi söz desə də, ona böyük hörmət bəsləyirdi, Sərbəst Firqə oyununa onu qoşmaqda məqsədi, sadəcə inandığı şəxsiyyət olmasından doğurdu.

Atatürkün çoxpartiyalı sistem arzusu bu hadisədən 20 il sonra həyata keçir. 1946-cı ildə yaradılan Demokrat Parti 1950-ci il seçkilərində hakimiyyətə gəlir, ən maraqlısı isə çoxpartiyalı sistemdə ilk baş nazir Sərbəst Firqənin Aydın başqanı Adnan Menderes olur.

Dilqəm Əhməd

Qaynaq:

Ə.Ağaoğlu: “Seçilmiş əsərləri”- “Şərq-Qərb”, Bakı 2007
Gülsərən Akalın: “Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu”- “AzAtaM”, Bakı, 2004
Şahnəzər Hüseynov: “Əhməd bəy Ağaoğlunun dünyagörüşü”, “Azərnəşr”, Bakı, 1998
Barış Ertem: “Siyasal bir muhalefet denemesi olarak Serbest Cumhuriyet Fırkası”, 2010
 

Kultura.az | Developed by Samir Yahyazade