"Azərbaycan Turu" velosiped yarışı olmayacaq - maliyyə səbəbindən

  • 31 Mar - 2018
May ayına planlaşdırılmış ənənəvi velosiped yarışı "Azərbaycan Turu" bu il olmayacaq. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti tərəfindən yayılmış rəsmi informasiyaya görə, yarış BMX (velosiped- motokrossu) üzrə iyunda keçiriləcək dünya çempionatına hazırlıq səbəbindən ləğv edilib. Ancaq virtualaz.org dəqiqləşdirə bilib ki, nüfuzlu yarışın ləğvinin əsas səbəbi bu deyil, maliyyə problemidir. Belə ki, "Azərbaycan Turu”nun baş sponsoru Synergy Group bu il velosiped yarışının keçirilməsi üçün vəsait ayırmayıb. Qeyd edək ki, "Azərbaycan Turu" 2013-cü ildən keçirilir. Yarış velosiped idmanı dünyasında nüfuz qazanıb və Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prestijli 2.1 kateqoriyasına malik idi. Azərbaycana müxtəlif qitələrdən güclü idmançılar yığışırdılar. Belə velosiped yarışını heç itirmək istəməzdik və inanmaq istəyirik ki, növbəti ildə "Azərbaycan Turu" yenidən keçiriləcək. Yeri gəlmişkən, mayın 9-13-nə planlaşdırılan yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına hələ keçən ildən daxil edilmişdi. Həm də bu, qəbul edəcəyimiz yeganə yarış olmamalıydı – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də bir günlük “Bakı-Xızı Eko” turunda da yarışacaqdılar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer almışdı. Amma... Hazırda "Azərbaycan Turu"nun son qalibi Synergy Baku komandasının və Azərbaycan yığmasının velosipedçisi, 2017-ci ildə ümumi hesabda qalib olmuş Kiril Pozdnyakovdur.

Oxunma sayı: 143

Oxşar yazılar