"Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır

Həyətimizdəki işıq da, sanki ağlayırdı...

 

- Elmira xanım, Şahmar müəllimlə necə tanış olmuşdunuz?

- Elə teatrda tanış olduq. O məndən on üç yaş böyük idi. Aramızda da heç bir sevgi yox idi. Teatra işə gələndə mənim on altı yaşım vardı. O mənə həmişə göz qoyurmuş. Uzun saçlarım vardı. Bir gün saçlarımı çiynimə qədər kəsdirdim. Gördüm ki, Şahmar mənə çox hirsli, küskün baxır, mənimlə danışmır. Qızlara dedim ki, görəsən o mənə niyə elə baxır, ona neyləmişəm. Sonradan bildim ki, saçımı kəsdirdiyimə görə məndən inciyib. Çox həssas adam idi. Adamın fikir və istəklərini gözlərindən oxuyurdu. Sonra biz ailə qurduq.

- Toyunuz oldu?

- Yox. Toyumuz olmadı. Bizə nişan gətirdilər. Sonra da yüngülvarı yığıncaq elədik.  

- Elmira xanım, Şahmar müəllim dram aktyorluğu fakültəsini bitirib və Adil İskəndərovun tələbəsi olub. Amma aktyor kimi taleyini Kukla Teatrı ilə bağlayb...

- Bilirsiniz, o vaxt o, bir neçə dəfə kinostudiyaya film sınağına getdi. Amma onu çəkmədilər. "Əhməd haradadır" filmindəki Saqqal Ramiz roluna onu çəkəcəkdilər. Amma sonra necə oldusa onu yox, Siyavuş Aslanı çəkdilər. O da sonradan elə taleyini Kukla teatrı ilə bağladı. Aktyorluqla yanaşı, həmişə yazmaq və oxumaq üçün vaxt tapırdı. İşdən evə gələndən sonra ancaq yazı yazırdı. Hərdən görürdüm ki, çox gərgindir, siqaret çəkir, otaqboyu gəzişir. Onda bilirdim ki, yazı prosesində nəsə narahatlıq var. Oğlumu götürüb ya qonşuya, ya da anamgilə gedirdim. Başqa vaxt harasa tək getməyimə icazə verməzdi. Xasiyyəti çox tünd idi. Teatrda həm aktyor, həm də rejissor köməkçisi işləyirdi. İçi mən qarışıq kimin hünəri nə idi ki, mizanları, sözləri bilməsin, ya unutsun. Onda çox əsəbiləşərdi. Yadıma gəlir ki, bir dəfə "Tülkü və Hacıleylək" tamaşasında improvizə etmək istədim. İnanın mənə, o qədər hisrləndi ki, pərtliyimdən bilməmişdim nə edim. Sonra dedi ki, mən sənə qarşı sərt davranmasam, sonra başqaları elə fikirləşər ki, həyat yoldaşım olduğun üçün sənə güzəştə gedirəm. Ondan sonra çalışırdım, onunla bir tamaşaya düşməyim.

- O dövrün ədəbiyyat adamları, yazıçılarından kimlərlə yaxınlıq edərdi?

- Əkrəm Əylisli, Vaqif Cəbrayılzadə, Azər Abdulla, Saday Budaqlı, Vidadi Məmmədov, Baba Vəziroğlu ilə çox yaxın dost idilər. Şahmar rəhmətə gedəndən səkkiz ay sonra Vidadi Məmmədov rəhmətə getmişdi. Təxminən belə demişdi ki, - Şahmardan sonra yaşamaq çox çətindir. Cibindən də onun şəkli çıxmışdı. 

Vaqif Cəbrayılzadə bizim evin adamı olub. Biz 1979-cu ildə Daşkəndə qastrola gedəndə Vaqif müəllim təxminən on gün bizim oğlumuza baxmışdı. Yəni adlarını sadaladığım insanların hamısı bizə gəlirdilər. Və gələndə də sırf ədəbiyyatdan danışırdılar. Mətnləri oxuyub bir-birlərinə ötürürdülər, fikir mübadiləsi aparırdılar.  Siz inanırsınız ki, bizim evdə uşağı əyləşdirib yedirtmək üçün yer yox idi. Hər yer kitab, qəzet və yazılı vərəqlərlə dolu olurdu.

Onun çap olunmayan hekayələri, gündəliyi var. Gündəliyinin birinci dəftərini bitirib, ikincisinə keçmişdi. Amma ordan da cəmi beş vərəq yaza bilmişdi. Əlyazmalarını bu günə qədər saxlayıram. Sadəcə olaraq, maraqlanan olmayıb deyə, mən də üzə çıxarmamışam. Kimdənsə xahiş, minnət etmək də mənim xasiyyətimdə yoxdur.

- O vaxtlar artıq çap olunurdu?

- Xeyr. Heç bir hekayəsi hələ çap olunmamışdı. İlini unutmuşam, amma ilk dəfə "Köynək" hekayəsi keçmiş "Ədəbiyyat və incəsənət" qəzetində çıxdı. 1986-cı ildə ilk kitabı, "Elçilik" çap olundu. Rəhmətə gedəndən sonra 1989-cu ildə isə "İtki" kitabını dostları Saday Budaqlı ilə Marif Soltan çap etdirdilər. Biz onlarla köçəcəyimiz təzə evimizdə qonşu idik. Amma ora hələ köçməmişdik, kirayədə qalırdıq. Şahmar fikirləşirdi ki, evi təmir etdirəndən, böyük oğlumuz da orta məktəbi bitirəndən sonra ora köçərik. Amma elə oldu ki, təzə mənzilə köçmək ona qismət olmadı. O, orda bircə gün də yaşamadı (ağlayır).

- Şahmar müəllimin ölümündən otuz il vaxt keçib. Nələrsə unudulub, ya hər şey dünənki kimi xatirinizdədir?

- İllər, əlbəttə ki, hər şeyə təsir edir. Amma mənim ondan sonra ağlamadığım günüm olmayıb. O illər hədsiz dərəcədə ağır illər idi. Çətinliklərim yadıma düşür, itkisi məni çox yandırır. Fikirləşirəm ki, o olsaydı belə edərdi, hər şey başqa cür olardı. Oğullarım indi yanımda olardı. Lap xaricə köçüb getsələr də mən tək yaşamazdım, Şahmar mənimlə olardı. Düzdür, hər iki oğlum ailə qurublar, işləyirlər, güzəranları yaxşıdır. Amma mən burda təkəm.

- Elmira xanım, mən bildiyimə görə, Şahmar müəllimin ölümü qəfil olub. O vaxta qədər səhhətindən hansısa şikayət etmişdi?

- Qəti şəkildə heç bir vaxt şikayəti olmayıb. Hər səhər idmanla məşğul olan, sağlam həyat tərzi keçirən adam idi. Son dövrlər içki və siqareti də birdən tərgitdi. Rəhmətə getməzdən bir gün əvvəl kirayə yaşadığımız evdə süfrə açıb təzə evimizin bir illiyini qeyd etdik. Yaxşı qonşularımız vardı. Onlardan biri də ölən ana qədər Şahmarın yanında olan Məcid dayı idi. Allah ona da rəhmət eləsin. Qonaqlıq vaxtı o, Şahmarın səhhətindən nəsə şübhələnmişdi. Birdən o, Şahmardan soruşdu ki, sən niyə tez-tez sol çiynini oynadırsan? Şahmar da dedi ki, bilmirəm, qolum nəsə yaman ağrıyır.

Həmin gecəni səhərə qədər məni yuxudan oyadıb qolunu ovxalatdırdı. Mən də heç nə başa düşmürdüm. Elə bilirdim ya soyuq olub, ya da turnikdən sallananda qolunu gücə salıb. Ertəsi gün "təcili yardım" çağırmaq istədik. Qoymadı. Həmin vaxt da yeni il bayramı ərəfəsi idi. Biz işdə bayram tamaşası ilə çıxış eləməliydik. Balaca oğlumu da özümlə götürüb işə getdim. İşdən də elə nigaran qayıtdım. Yolda həmin Məcid kişinin kiçik oğlu mənim qarşıma çıxdı. Dedi ki, Elmira xala, Şahmar əmi yoxdur. Mən elə bildim ki, kimsə onu axtarır. Dedim yoxdur, gələcək də. Dedi yox e, Şahmar əmi yoxdur, ölüb. Ondan sonra bilmədim nə baş verdi. Çantam bir yana düşdü, oğlum bir tərəfdə qaldı. Həyətimizə necə çatdığımı xatırlamıram. Bircə həyətimizdəki gur işığın parıltısını bu günə qədər də unuda bilmirəm. Həyətimizdəki işıq da, sanki ağlayırdı. Mən evə çatandan on beş dəqiqə əvvəl keçinmişdi. Divanda uzanılı qalmışdı. Ona yaxınlaşıb əllərini tutanda gördüm əlləri istidir, hələ soyumayıb. Allah heç düşmənimə də göstərməsin. 

- Sonralar ölüm anının təfərrüatlarına vardınız?

- Hə... Mən işə getməzdən əvvəl Məcid dayı bizə gəldi. Mən ona dedim ki, məni qoymur həkim çağırmağa, bəlkə, sizi eşidib həkimə gedər. Sonra onlar ikisi əvvəlcə Şahmarın işlədiyi yerə gediblər. İş yoldaşları görüblər ki, onun rəngi yaxşı deyil. Onu rolunu ifa etməyə qoymayıblar. O da onlarla sağollaşanda zarafatla deyib ki, sizə nə eləmişəmsə, halal edin. Sonra yenə Məcid dayı ilə həkimə gediblər. Həkim ona baxan kimi deyib ki, ürəyin xoşuma gəlmir, xəstəxanada yatmalısan. Şahmar da bizim narahat olacağımızdan ehtiyat edib, xəstəxanada qalmayıb evə gəlib.  Nahar edib, çay içib. Üç, dörd sətirlik nəsə yazıb. Amma bütün bunları elə ağrıya-ağrıya edib. Məcid kişi görüb ki, bunun ağrısı azalmır, gedib yaxınlıqdakı hərbi xəstəxanadan həkim gətirib ki, onu yoxlasın. Şahmar həkimə deyəndə ki, əlimin içərisi göynəyir, ağrı düz çiynimə, ürəyimə vurur. Elə həmin sözlərdən sonra başı yastığa düşüb, keçinib. Ondan sonra nə qədər həkim tökülüşüb gəlib, süni nəfəs verib. Amma  heç bir faydası olmayıb (ağlayır).

- Dəfnində də böyük izdiham olub...

- Elədir. Mən istəyirdim Şahmar burda dəfn olunsun. Amma valideynləri qoymadılar. Gecəylə qardaşı gəldi. Cənazəni Gəncəyə aparıb orda dəfn etdilər. İnanırsınız ki, onu dəfn etməyə aparanda məhləmiz, ətrafdakı küçələr hamısı adamla dolu idi. İzdihamdan tabutu aparanlar irəliləyə bilmirdilər. Tabutu getmirdi. O, balalarından da, məndən də nigaran getdi (kövrəlir).

- Ölümündən sonra ilk ağlınıza gələn nə oldu?

- Məclis dağılandan, hamı öz evinə çəkiləndən sonra bircə onu fikirləşdim ki, mən uşaqları necə böyüdəcəm. Böyük oğlum onuncu sinfi təzə bitirimişdi, balaca oğlumun altı yaşı vardı. Özümün də otuz beş yaşım vardı. Nə bilim... Qaşsız üzük necə olursa, mən də onu itirən gündən elə oldum.

Amma onun ölümündən bu günə qədər bir kimsənin, hətta öz doğma anamın belə, qapısını döyüb nəsə istəmədim. Mənim qapımı döyüb kimsə məndən nəsə istədi, amma mən yox. Uşaqlarımı birtəhər özüm təkbaşına böyütdüm. Teatrımızın o vaxtkı rəhbəri Rəhman Quliyev mənə çox köməklik etdi. Elə indiki rəhbərimiz Rəşad Əhmədzadənin də köməyi, qayğısı çox olub. Yaxşı insanların xeyirxahlığını unuda bilmərəm.

- Sizə verilən evi də ölümündən sonra satdınız...

- Dərhal yox. Amma böyük oğlum ailə qurandan sonra o evi satıb onu ayırdım. Özümə də birotaqlı ev aldım. Həm də o evdən bizə xeyir gəlməmişdi. Şahmarı öldürən elə o ev oldu. O evi alana qədər çox əziyyət çəkdi. Onu gah ev növbəsinə salırdılar, gah da çıxarırdılar. Əvvəlcə də üçotaqlı ev bizim ola-ola götürüb başqasına vermişdilər. Altı ay hər gün evə əsəbi, üzünün rəngi qapqara vəziyyətdə gəlirdi. Evə görə için-için çox çəkdi.

- Şahmar müəllim həm də sizi özünün şagirdi adlandırıb. Siz necə, onu özünüzə müəllim hesab etmisiniz?

- Əlbəttə. O mənim müəllimim olmuşdu. Teatrda da, evdə də hər şey öyrədirdi, başa salırdı. Bir kitabdan iyirmi, otuz səhifə ayırıb verirdi ki, iki üç saata oxu, təhlil et. Nə qədər iş-güc olsa da, mən oxumağa və onun dediyi vaxtda qarşısında əyləşib əsəri ona təhlil etməyə məcbur idim. Çünki bu, həm də bizim işimiz idi. Böyük kitabxanası vardı. Yadıma gəlir, onun paltarlarını yuyanda görürdüm ki, bütün köynəklərinin qolunun alt hissəsi qəzet daşımaqdan qapqara olub. Hər gün beş-altı qəzet alırdı və hamısını səhərə qədər oxuyub bitirirdi. Puşkini, Dostoyevskini, Qorkini çox sevirdi. Rus dilində təmiz danışa bilməsə də, çox yaxşı mütaliə edirdi. Bizim öz yazıçılarımızdan isə Əkrəm Əylislini, Anarı çox sevirdi. Dostlarının, tanışlarının qəzetdə çıxan yazılarını, təzə çıxan kitablarının hamısını oxuyurdu.

- Həmkarlarının yazılarını, kitablardakı əsərlərini oxuyanda özünə görə təəssüfləndiyini, ağrıdığını hiss etmişdiniz?

- Əlbəttə, çox olurdu. O, gec çap olunduğundan, özündən istedadsız adamın çap olunduğunu görəndə qüssələnərdi. Bir dəfə adını unutduğum bir müəllifin kitabını vərəqləyə-vərəqləyə dedi: "Mənim yazdıqlarımı da oxu, onun yazdılarını da. Axı bu nə yazıb ki, kitabı çap olunub?"

Bilirsiniz, o vaxtlar adamın adamı söhbətləri var idi. Bunun isə kiməsə ağız açmaq, kimdənsə minnət götürmək xasiyyəti olmayıb. Hətta bir dəfə teatrda pul mükafatı olub, onu Şahmara vermək istəyəndə imtina edib, öz yerinə yaşlı və ailəsi böyük olan aktyorlarımızdan birini təklif edib. Ümumiyyətlə, gözütox adam idi. Cibində beş manatı olanda elə bilirdi ki, beş yüz manatı var.

- Elmira xanım, sizcə, özünü daha çox aktyor hesab edirdi, ya yazıçı?

- O, teatra gələndə özünü aktyor hesab edirdi. Amma evə gedəndə artıq yazıçıya çevrilirdi. Sizə deyim ki aktyorluq sənətini və xüsusən Kukla Teatrını çox sevib, ora çox bağlı olub. Həm də onun məktəbi də güclü idi. Adil İskəndərovun tələbəsi olmaq o dövrdə asan məsələ deyildi. Elxan Qasımovla, Xamis Muradovla, Əbdül Mahmudovla bir kursda oxumuşdular. Sonralar da görüşürdülər.

- Şahmar müəllimin hekayələrində bioqrafik məqamlar hiss olunur. Sizcə, ən çox hansı hekayəsində özünü yazmışdı?

- Uşaqlığı çox ağır keçmişdi, müharibə illərinə düşmüşdü. Ailədə dörd uşaq olmuşdular. Atası müharibəyə gedəndən sonra onun qayıtmasına o vaxtkı hökumət icazə verməmişdi. Ancaq qayınanamı öz yanına apara bilmişdi. Şahmargili nənəsi soğan, kartof əkə-əkə saxlamışdı. Onun uşaqlığı ilə bağlı çoxlu xatirələr eşitmişəm. Həm özündən, həm də kənddəki qohumlarından. Şahmarın ən ağrılı və özünü ifadə edən hekayəsi "Köynək" olmuşdu. Çünki necə yazmışdısa, eləcə də yaşamışdı. Amma siz o əhvalatı onun öz dilindən eşitsəydiniz, daha da təsirlənərdiniz. Hekayədə hər şeyi olduğu kimi yazmamışdı. Görünür, özü istəməmişdi...

O, çox həssas adam idi. Mən də ona oxşamışam xasiyyətdə. Amma o, həssaslığını gizlədə bilirdi, mən yox. Ondan sonra daha da həssas olmuşam, get-gedə daha da kövrəkləşirəm. Bilmirəm nədəndir... Bəlkə də, təklikdəndir. İnsan nə qədər evinin qapısını tək açıb içəri girər, çaynikini sobaya qoyub onun səsini dinləyər, təkcənə çay içər. Nə qədər öz-özü ilə danışar. Hərdən gözüm onun şəklinə sataşır. Onunla söhbət edirəm. Deyirəm, özün getdin, məni tək qoydun.

- Taleyinizə rəğmən Şahmar Hüseynovun həyat yoldaşı olduğunuz üçün özünüzü xoşbəxt qadın hesab edirsiniz?

- Əlbəttə. Bizim toyumuz olmamışdı. Mən də istəmişdim ki, gəlinlik paltarı geyinim, fata taxım. Bu mənim ürəyimdə nisgil kimi qaldı. Amma bunlara baxmayaraq, Şahmarı sevmişəm. O mənim ilk sevgim, on altı yaşımdan başlanan məhəbbətim olub. On yeddi il ömür sürmüşük. Bütün kobudluqlarına rəğmən onu sevmişəm. Bilirəm ki, o da məni sevib.

Söhbətləşdi: Samirə Əşrəf

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!