• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

 Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır. Eyni zamanda, Şuşa şəhərinin zəngin musiqi mühiti Cabbarın inkişafında müstəsna rol oynamışdı. Cabbar fitri istedada, məftunedici tembrli uca və gur səsə, qeyri-adi musiqi yaddaşına və yüksək ustalığa malik idi. Onu məşhur italyan müğənnisi Karuzo ilə müqayisə etmişlər. Rus şairi S.Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Qarabağ, Gəncə, Şirvan, Bakı məclislərində çox məşhur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdı. Cabbar Qaryağdıoğlu musiqi tarixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. Belə ki, 1897-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada tamaşaya qoyulan “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyində Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olmuşdur. O, “Şərq konsertləri”nin də fəal iştirakçısı idi. Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905-ci illərdə Bakıda tarzən Mirzə Cəfər və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio yaratmışdır. Bu trio 20 ildən artıq fəaliyyət göstərmişdir. 1906-1912-ci illər ərzində “Spord-rekord”, “Eksrtafon” və “Qrammofon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava ş.-də Cabbar Qaryağdıoğlunun səsi qrammofon valına yazılmışdır. Şərqin musiqi sənəti tarixində bunlar ən birinci yazılardır. 1912-ci ildə Varşavadan qayıdarkən, Moskvada "Şərq konsertləri" vermişdir. C.Qaryağdıoğlu klassik muğamların hamısını və bir çox təsnifləri böyük məharətlə oxumuşdur. Xüsusilə, onun oxuduğu “Heyratı”, “Mənsuriyyə” zərbi muğamları, “Mahur”, “Şahnaz” muğamı musiqi tariximizdə misilsiz nümunələrdir. Cabbar klassik poeziyanı mükəmməl bilirdi. Cabbar özündən əvvəlki ustadlardan fərqli olaraq, xanəndəlik sənətində ilk dəfə olaraq, muğam və təsniflərdə Azərbaycan dilində qəzəllər oxumuşdur. O, konsert və məclislərdə Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və b. Azərbaycan şairlərinin qəzəllərini ifa edirdi. Məhz ana dilində qəzəllər və şeirlər oxumaqla muğamların xalq arasında geniş yayılmasına səbəb olmuşdur. Cabbar həm də bəstəkar və şair kimi tanınırdı. Onun yaratdığı təsniflərdən “İstəkanın deşilsin”, “Tiflisin yolları”, “İrəvanda xal qalmadı”, “Naxçıvan gədiyindən aşeydim” və b. göstərmək olar. Onun ifasında 300-ə yaxın mahnı və təsnif Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən Elmi-Tədqiqat kabinetində fonovaliklərə yazılmışdır, bir çox mahnı və təsniflər Ü.Hacıbəyli, M.Maqomayev, S.Rüstəmov tərəfindən nota köçürülmüş və nəşr olunmuşdur. Bunlar  “Azərbaycan türk el nəğmələri” (1927), “Azərbaycan xalq mahnıları”dır (1938,1956-1958, 1967). C. Qaryağdıoğlu bəstəkarlara yaradıcılıq köməyi də göstərmişdir. Ü.Hacıbəyli, Niyazi, F.Əmirov kimi bəstəkarlar onun sənətindən bəhrələnmişlər. Niyazi onun ifasında “Rast” muğamını nota yazmış (çap olunmayıb) və bu materiallardan “Rast” simfonik muğamında istifadə etmişdir. Rus bəstəkarı R.Qliyerin “Şahsənəm” operası üzərində iş prosesində (tarzən Qurban Pirimovla birgə) Azərbaycan musiqisini öyrənməsində bəstəkara yaxından köməklik etmişdir. C.Qaryağdıoğlu musiqi tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edən “Azərbaycan musiqisinin keçmişi haqqında xatirələr” adlı əlyazmasında XIX əsrin xanəndə və musiqiçilərindən, təsnif və mahnılardan bəhs edilir. C.Qaryağdıoğlu 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya incəsənəti olimpiadasının qalibi olmuşdur. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olmuş, respublikanın mədəni həyatında fəal iştirak etmişdir. C.Qaryağdıoğlu Ü.Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. O, xalq arasında məşhur olan bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Onlardan Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov və bir çox başqaları Cabbar Qaryağdıoğlunun ənənələrini davam etdirmişlər.