Şəmistan Nəzərli / 1920-ci ildə Qarabağ döyüşləri

MÜNDƏRİCAT

GENERAL SƏMƏD BƏY MEHMANDAROV PORT-ARTUR

QACAR NƏSLİNİN GENERAL OĞULLARI

37-NİN GENERAL QURBANLARI

Ulu və zəngin Hərb tariximizin elə öyündürücü, dəyərli səhifələri var ki, indiyədək  xucu nəfəsi duymayıb. Belə unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda daha çox olmuşdur. Bütün bu tarixi həqiqətlər sovet totalitar rejimi illərində “Tamamilə məxfi”dir qrifi ilə arxivlərdə gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların məqsədi bəlli idi. Xalqımızı manqurtlaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər.
Yazıçı-publisist Şəmistan Nəzirlinin yeni kitabında Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri qəhrəmanlıq tariximizi yaşatmaq, milli mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baxımından çox dəyərlidir.
Biz türklər çox qəribə adamlarıq; bizə görə bilmək başqalarını öyrənmək və bizdən uzaq olan şeyləri anlamağa çalışmaqdır. Özümüzü öyrənmək heç ağlımıza gəlməz; özümüzü bir varlıq saymırıq.
Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə kimsəyə “Sən atanı tanıma, sən babalarının dünyadan necə gəlib keçdiklərini öyrənmə, sən əski atalarının adlarına, sanlarına maraq göstərmə!”- deyə bilməz. Deyərsə, ən təbii bir haqqa toxunmuş və ən höyük bir haqsızlıq etmiş olar. Özünü və öz böyüklərini tanımağa çalışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət nümayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab olunur.

Bəsim Atalayı,
Görkəmli türk alimi
(1882-1966)

Ötən əsrin təlatümlü iyirmi, otuzuncu illərində yaşamış sərkərdələrimiz zamanın sərt abı-havasını udublar. Müdhiş sürgünlər, dözülməz güllələnmələr və qərəzkar enkevede dindirmələri arzu olunmadan onların bəxt kitabına yazılıb. Yetmiş ildən çox bir zaman kəsiyində suçlu ömür sürmüş totalitar sovet rejimi zər paqonlu oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara sağlığında qiymət
verib qədrini bilməmişik.
1920-1937-ci illər ərzində güllələnən 19 nəfər generalımızın heç ziyarət eləməyə məzarı da yoxdur. Bu acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı Səməd bəy Mehmandarovdan da yan keçməyib. 1931-ci il fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər xiyabanında dəfn olunmuşdur. 1939-cu ildə bolşevik S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda generalın qəbri traktorla yerlə yeksan edilmişdir.
Hər kəsin öz adı, öz qisməti və acılı-şirinli taleyi var. Tarix yaxşıları şərəflə yaşadır. Bədxahlar nə qədər əngəl törətsələr də, tarixdə adsız qəhrəman, izi itən ziyalı olmamalıdır.
1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın hərb tariximizdə işıqlandırılmaması bizi çoxdan düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi.
Müxtəlif arxiv materialları əsasında qəhrəmanlarımızın həyatına, igid əməllərinə çıraq tuturuq.
Vaxtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan cümhuriyyət sərkərdələrimizi heç vaxt unutmayın. Üzünüzə açılan yeni kitabı oxuyun, onları yaxından tanıyın. Qoy onlar sizə özünüz kimi əziz və doğma olsunlar.

Müəllif

HƏQİQƏT UĞRUNDA DÖYÜŞƏN QƏLƏM

Ömür yolumuz təsadüflərlə doludur… Təsadüfi görüşlər, təsadüfi tanışlıqlar… Bəzən təsadüfi görüşlər yaddaşımızda silinməz izlər qoyur, hətta gələcək həyatımızı da müəyyənləşdirir. Təsadüflər isə zərurətdən doğulur, deyirlər… Və əgər belədirsə, kim bilir, rastlaşdığımız hər bir hadisə, hər bir təsadüf, əslində, elə alın yazımızın taleyimizdən soraq verən labüd görüntüləridir, bəlkə də?!… Hələ lap uşaqkən balaca Şəmistanın böyük şairlə – Səməd Vurğunla görüşü də məhz beləcə təsadüflərdəndir, məncə… Şeirlərini sevə-sevə əzbərlədiyi şairə doğma Körpülü kəndinin yolunda bələdçi olmuş, yol göstərmiş, “o nurani çöhrəli, gur, dalğın saçlı” əminin kim olduğunu isə yalnız ondan ayrıldıqdan sonra öyrənmiş bu balaca oğlan uzun illər həmin görüşü unutmayıb… İllər ötüb, bu xoş təsadüfsə özü də bilmədən gələcək ömür yoluna işıq salıb. Bu dəfə, əksinə, şairin ruhu onun yol göstərəni, bələdçisi olub… Şairin keçib-getdiyi yolları onun iziylə qarış-qarış gəzən, onunla bağlı xatirələri toplayan Şəmistan Nəzirli beləliklə Səməd Vurğunun ən gözəl tədqiqatçılarından birinə çevrilib… Onun Vurğun haqqında yazdığı əsərlərin hər birində sazlı-sözlü, nəğmə dolu bir ürək döyünür -Vurğuna vurğun ürək!… Amma təkcə Vurğunamı? Bəs, Firudin bəy Köçərli, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və ömür yolları ilə bağlı həqiqətləri üzə çıxartdığı yüzə yaxın Azərbaycan generalı? İstərdim ki, bu barədə, o özü söhbət açsın…
Müsahibim istedadlı yazıçı-jurnalist, “Yaddaşlarda yaşayan Vurğun”, “Ellər Vurğunu, Vurğun ömrü məktublarda”, “Qəribə talelər”, “Qoridən gələn qatar”, “Cümhuriyyət generalları”, “Tam artilleriya generalı Səməd bəy Mehmandarov”, “Arxivlərin sirri açılır”, “Güllələnmiş Azərbaycan generalları”, “Nəzirli ocağının üç şairi” kimi bir-birindən dəyərli otuza yaxın kitabın müəllifi, respublika Müdafiə Nazirliyi hərbi-elmi tədqiqat mərkəzinin baş zabiti, polkovnik-leytenant Şəmistan Nəzirlidir.
– Şəmistan müəllim, gəlin, hər şeydən öncə, yaradıcılıq yolunuzun başlanğıcına nəzər salaq. Bu yolda sizə xeyir-dua verən insanlardan söz açmanızı istərdim.
– Məni bu yola həvəsləndirən anam olub. Rəhmətlik anam həmişə deyərdi:
“Bala, bir işi başlama. Əgər başladınsa, onu axıracan apar. Və əgər gördün ki, sən bu işin öhdəsindən gələ bilmirsən, alınmır, ondan əl çək…” Yaxşı yadımdadır, tələbəykən bir gün evdə anamla birgə radioya qulaq asırdıq. Əli Fəhmi danışırdı… Arabir də şeir oxuyurdu… Anam diqqətlə qulaq asdı və veriliş qurtaranda dedi: “Bala, bu kimdirsə, “Quran”ı əzbər bilən adamdır”. Anam onun çox savadlı adam olduğunu dərk eləmişdi… Və mən onda iftixarla dedim ki, ana, bu bizim müəllimimizdir. Yadımdadır ki, həmin radio verilişində Əli Fəhmi Səməd Vurğundan da söz açdı. Mənsə həmin anlarda Səməd Vurğunu gördüyümü xatırladım… Və o verilişin, həmin anların mənə böyük təsiri oldu… Düşündüm ki, elə mənim istəyim də budur – axtarıb-aramaq, araşdırıb öyrənmək və yazıbyaratmaq!
Amma qeyd edim ki, mən elə əvvəldən də arxivlərlə maraqlanar, keçmiş sənədləri araşdırardım. Qazaxda isə məni həmişə maraqlandıran ağsaqqal söhbətləri olardı… Xüsusən də Şıxlinskilərlə, Vəkilovlarla maraqlanardım… Universiteti bitirdikdən sonra televiziyada işləməyə başladım. Eyni zamanda rayonları gəzir, Səməd Vurğunla bağlı xatirələri toplayardım… Axtarıb-arayıb topladıqlarım yavaş-yavaş sənədli hekayələrə, silsilə məqalələrə çevrildi…
1975-ci ildə “Ulduz” jurnalında Səməd Vurğunla bağlı silsilə məqalələrim çap olundu – “Vurğun keçib bu yerlərdən”. İlk oxucu məhəbbətini, ilk uğuru da elə bu məqalələrlə qazandım. Bu və həmin yazıların çap olunması üçün çox gözəl rəy yazan İsmayıl Şıxlıya həmişə minnətdaram… O zaman “Ulduz”da çap olunan həmin yazılarıma görə jurnalın ünvanına, mənim adıma oxucu məktublarının axını başladı… Maraqlı burasıdır ki, bəziləri bu yazıları cavan bir adamın yazdığına inanmırdılar. Yeri gəlmişkən, elə rəhmətlik Əli Vəliyevin də mənə ilk sualı bu oldu ki, Qazaxdamı yaşayırsan? Dedim: “Yox”. Dedi: “Sən cavan adamsan, bəs, Səmədi hardan belə tanıyırsan? ” Dedim ki, mənim müəllimim Mirqasım Əfəndiyevdir.
Rəhmətlik Mirqasım Əfəndiyev S.Vurğunla bir seminariyada, bir sinifdə oxuyub. Pedaqoji sahədə görkəmli adamdı. Əməkdar müəllim idi. S.Vurğunla bağlı yazılarımı əvvəlcə ona göstərib, sonra çapa verərdim…
– Necə oldu ki, hərb tarixindən yazmağa başladınız?
– Onun da maraqlı tarixçəsi var… “Ulduz”da Səməd Vurğunla bağlı çap olunan və mənə şöhrət gətirən silsilə yazılardan sonra bir gün İ.Şıxlı, Yusif Səməd oğluyla üçlükdə söhbət edirdik. İsmayıl müəllimə dedim ki, Gürcüstan arxivinə getmək üçün istəyirəm mənə rəsmi məktub verəsiniz. Qamsaxurdiyanın romanında oxumuşam ki, XVIII əsrdə Səməd Vurğunun ulu babası Vəkil Ali ağa İraklinin sarayında yeddi vəkildən biri olub. İstəyirəm, o sənədlə tanış olam. “Vəkilov” familiyası da onun tituluyla bağlıdır. O vaxta qədər o nəslə rəsmi olaraq “Kosazadələr” deyirmişlər. Amma o kişinin – Ali ağanın şöhrəti o qədər artıb ki, həmin nəsil “Vəkilov” familiyasını özünə rəsmi familiya qəbul edib… İsmayıl müəllim çox maraqlandı, dedi ki, Bu çox maraqlı işdir. Yusif müəllim də məktub verdi. Və beləliklə, gedib çıxdım Gürcüstan arxivinə. Sənədləri kartotekada axtardım, tapdım, gördüm ki, ilahi, bu sənədlərdə nə qədər azərbaycanlı hərbçinin adı var!… Mustafa Arif Şıxlinski, Kəlbəli xan Naxçıvanski, Talışinskilər… Bu sənədləri mənə vermədilər… Dedilər ki, bunlar qədim gürcü dilindədir, siz oxuya bilməzsiniz. Dedim, mən oxuyaram! Gürcü dostlarıma güvənirdim… Səməd Vurğunla bağlı müsahibə götürdüyüm “Merani” nəşriyyatının direktoru, Səməd Vurğunun yaxın dostu Karlo Kaladzeyə, bir də Vurğunu gürcü dilinə tərcümə edən Leyla Eradzeyə… Leyla xanımın köməyilə hərbçilər haqqındakı həmin sənədlərlə tanış oldum, xeyli qeydlər götürdüm…
Bu qeydləri gətirdikdən sonra necə yazmaya bilərdim, axı?! Əvvəlcə Mustafa Arif (Əliağa Şıxlinskinin ulu babası) və Kəlbəli xan haqqında yazdım.
Kəlbəli xan haqqında yazdığımı çap etdirmək üçün hansı ünvana apardımsa, götürmədilər. Dedilər, bizim belə generalımız yoxdur! Xoş getdin! Dedim, axı, mən bu kişinin şəklini də gətirmişəm… O vaxt “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olan Yusif Kərimov isə məqaləni böyük maraqla qarşıladı. Dedi, nəyin var, gətir, hamısını çap edərik… “Hərb tariximizdən” rubrikasında silsilə yazılarım belə yarandı… Tiflisə bir də getdim. Bu dəfə Qori seminariyasıyla bağlı sənədləri araşdırarkən bir daha dərk elədim ki, bu arxiv sanki bir xəzinədir! Sadəcə olaraq, bu xəzinənin tozunu udan olmayıb… Paralel olaraq S.Vurğun, hərb tarixi, bir də ki Əliağa Şıxlinskidən yazmaqda davam etdim. 1920-ci il çevrilişinə qədərki bütün generallar haqqında materiallar topladım. Bu vaxtacan o generalların cəmi ikisini tanıyırdıq – Şıxlinski, Mehmandarov. Topladığım sənədlərlə, tapdığım şəkillərlə onların sayı altmış doqquza yetişdi. Mən bu generallar arasında Əliağa Şıxlinskinin adını daha iftixarla çəkirəm; həm yüksək nizam-intizamlı hərbçi, həm də hərb elminin incəliklərinə dərindən bələd olan böyük şəxsiyyət kimi! 1983-cü ildə onun “Xatirələrim” kitabını çapa hazırladım. Bu kitabın çapında mənə rəhmətlik İsmayıl Şıxlının çox böyük köməyi oldu. Və kitab altmış min tirajla yarı rusca, yarı azərbaycanca çap olundu. Hazırda Əliağa Şıxlinskinin iki cildliyini çapa hazırlayıram. Birinci cildə bu görkəmli şəxsiyyətin əsərlərini toplamışam. Onun 1912-ci ildən 1916-cı ilədək Çarskoe selo şəhərində çap olunan “Ofiserı artilleriyskoy şkolı” jurnalında (“Artilleriya məktəbinin zabitləri”) silsilə məqalələrinin surətini çıxarıb gətirmişəm. Bertelsin 1911-ci ildə Varşavada çapdan çıxan və Luqa şəhərində 1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar çap olunan, dərs vəsaiti kimi istifadə olunan “Trexyqolnik polkovnika Şıxlinskoqo” (“Polkovnik Şıxlinskinin üçbucağı”) kitabının da kserosunu çıxarıb gətirmişəm.
Atəşin üç xətt üzrə açılması – bu artilleriyada çox nadir hadisədir və Əliağa Şıxlinskinin adı ilə bağlıdır… Əldə etdiyim bu əsərlərin hamısını tərcümə etmişəm və Allah qoysa, birinci cilddə gedəcək onlar…
– Şəmistan müəllim, “Arxivlərin sirri açılır” kitabınızda ilk admiralımız İbrahim bəy Aslanbəyov haqqında olduqca maraqlı bir yazınız da var. Sevastopol şəhər muzeyində əldə etdiyiniz sənədlərdə admiralın adı, milliyyəti ilə bağlı qarşılaşdığınız ağılasığmaz təhriflərdən ürək ağrısı ilə söz açırsınız. Hərb tariximizi araşdırarkən çoxmu belə təhriflərlə qarşılaşmısınız?
– Mən hələ ondan əvvəl Gürcüstan arxivində araşdırma apararkən də belə təhriflərlə rastlaşmışdım. Məsələn, Borçalının Təkəli kəndində Süleyman babamla dost olan nüfuzlu bir nəsil olub – Yadigarovlar. Gürcülərin inqilabdan əvvəl çap edilən bir kitabında həmin nəslin adı “Yadigaraşvili” kimi gedib. Ermənilər isə “Ermənistan tarixi” adlı iki cildlik kitablarında həmin nəslin oğullarını öz adlarına çıxararaq “Yadigaryan” yazıblar… – Bu iki fakt. Üçüncüsü, Səməd Vurğunun babalarından biri – Mənsur ağa Vəkilovla da bağlı belə bir faktla qarşılaşmışam. 1854-56-ci il müharibələrində iştirak edən Mənsur ağanın həmin müharibələrdə çox görkəmli fəaliyyəti olub. Vaxtilə general Nikolay Muravyov (Karsski) da Mənsur ağa Vəkilovun qəhrəmanlığı haqqında yazıb… Sənədlərin əksəriyyətində adı “M.Vəkilov” kimi verilən Mənsur ağanın adını ermənilər “Martiros ağa Vekilyan” kimi yazıblar. Bu hərb tarixində rastlaşdığım üçüncü təhrifdir. İlk admiralımızın, bakılı admiral Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlunun adını isə “Aslambeqov Avramiy Boqdanoviç” eləyiblər. Qeyd edim ki, Bakıxanovların nəslindən olan bu admiralın hərb sahəsində, donanma elmi sahəsində səviyyəsini ancaq Ə.Şıxlinskiylə müqayisə etmək olar. Fəxredici haldır ki, İbrahim bəyin əlli yaşı olanda Peterburqda yubileyi münasibətilə haqqında kitab çapdan çıxıb – “Polusotnıy yubiley kontr-admiral Aslanbekova”. Onun adıyla bağlı bu gün Oxot dənizində bərxəz, Sakit okeanda isə ada var. Həmin adada azərbaycanlı neftçilər də var. Yeri gəlmişkən, deyim ki, bu həmvətənlərimizlə məktublaşıram. Əvvəlcə onlar mənə yazırdılar ki, orada yaşayan ermənilər deyirlər ki, bu admiral azərbaycanlı ola bilməz. Mən də ensiklopediyadan götürdüyüm məlumatları və admiralın şəklini göndərdim onlara… Mən çox istərdim ki, bizim Hərbi Dənizçilik Məktəbi onun adını daşısın…
– Yaxın günlərdə oxucularımızı hansı yeni kitablarla sevindirəcəksiniz?
– Hal-hazırda məni çoxdan maraqlandıran bir mövzu üzərində işləyirəm.
Apardığım tədqiqatlar zamanı arxivlərdə Şeyx Şamil haqqında çoxlu materiallar toplamışam. Və bu gün iftixarla deyə bilərəm ki, rəhmətlik İmam Mustafayevdən sonra bu mövzuda ən zəngin ədəbiyyat məndədir. Şeyx Şamil böyük şəxsiyyət olub. Qərb və rus hərb tarixçiləri yazırlar ki, Şamil hərbi taktikanı dərindən bilən bir sərkərdə kimi əvəzedilməzdir. Bu, doğrudan da, belədir. Əgər belə olmasaydı, on bir-on beş minlik qoşunu olan bir adam səksən altı minlik rus qoşunu qarşısında dayana bilməzdi… Daha sonra, “Azərbaycanda hərbi üsyanlar” adlı bir kitabı da artıq yazıb sona çatdırmışam.

***

Həmsöhbət olduğum Şəmistan Nəzirli nədənsə bir az da nağıl qəhrəmanını xatırlatdı mənə… Yaxın və uzaq arxivlərdə unudulmaqda olan, qatı açılmadan saralan, bir az nəm, daha çox isə sirr qoxulu, əsrarəngiz sənədləri araşdıran, keçmişin bağlı qapılarından asılmış paslanmış qıfıllara açar arayan nağıl qəhrəmanı… Onun hərb tariximizlə bağlı silsilə məqalələri, sətir-sətir, vərəq-vərəq topladığı tarixi faktlar əsasında yazdığı dəyərli kitabları ömür payına – qismətinə müharibə yazılmış bugünkü gəncliyimiz üçün etibarlı istinadgah olan əsl hünər məktəbidir. Ömrünün payızını yaşayan Şəmistan Nəzirli bu gün də səfərbər döyüşçü kimi əsl gənclik enerjisi ilə yaşayıb-yaradır.
Müxtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda bircə məqsədi, amalı var Şəmistan Nəzirlinin; öz sözləri ilə desək, “vaxtilə silaha sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyyəti uğrunda ölümə gedənlərin xatirəsini yaşatmaq və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn gətirməmək, əksinə, vətənpərvərlik ehtirasını qızışdırıb ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoşbəxt yaşamaq”. Bəlkə, elə buna görə onun əsərlərini oxuyarkən, nə qədər ağrılı acılı faktlarla qarşılaşsam da, qulaqlarıma fleytanın hüznlü səsi yox, doğma sazın ruhumuzu havalandıran “Ruhani” avazı, döyüşə səsləyən qohrəmanlıq havasının sədası gəlir…
Şəmistan müəllimin söhbətlərinə, kitablarına səpələnmiş xatirələrindən, duyğu və düşüncələrindən xəbərdar olduqca “hər sözü bir pəhləvan” olan bu qələm sahibinin qələmindəki qüvvənin, sözündəki gücün əsl qaynağını, ilk növbədə,  onun doğulub boya-başa çatdığı ailədə, yaşadığı mühitdə görürəm. Müharibəyə dörd oğul göndərən, dörd igid itirən nənə… Ömür-gün yoldaşını od-alov içinə yola salan, gözü yaşlı, qara yaylıqlı, qara donlu, güllü paltarı qırmızı sandıqda qat kəsən Güllü ana… “Müharibə” adlı bədheybət əjdahanın ta uzaqlardan doğma kəndlərinəcən, kasıb komalarınacan uzanan qanlı pəncəsi… Üzünü görmədiyi, səsini eşitmədiyi atanın həsrətilə keçən uşaqlıq illəri… Nəhayət, illərdən sonra nənəsinin boxçasından tapılan qara kağız… Başqa bir anlamda söylənilsə də, nədənsə bu məqamda böyük Mirzə Cəlilin sözləri düşür yadıma… – “Gözümü dünyaya açanda dünyanı qaranlıq görmüşəm…” Düşünürəm ki, qara rəng hələ uşaqlıqdan Şəmistan Nəzirlinin ən çox gördüyü və nifrət etdiyi rəng olub, bəlkə də… Amma o, ətrafı bürüyən bu qara rəngli qaranlığın kölgəsində itib-batmayıb…
Bir ovuc işıq, bir parça nur kimi sıyrılıb bu qaranlığın içindən!- Qılınc qınından sıyrılan kimi! Üzü yuxarı, göylərə, daha işıqlı, aydın səmalara pərvazlanmaq arzusuyla! Bir gün də nənə boxçasından tapılan qara kağızın izi ilə uzaq ellərə,Krıma, Kiçik Muskamya kəndinə yola düşüb. Atası Əmiraslan kişiylə “görüşə”…
Yol boyu nənəsinin ağı deyən səsi qulaqlarından getməyib bu oğulun… Krımda, qalın meşə yolunda, onu ata qəbrilə görüşə aparan cığırda ürəyi həsrətlə qovrulan oğul üzü dağlara boylanıb, özü də bir səssiz haray çəkib içində.
Nəhayət, ata məzarı ilə görüşür, atası ilə “söhbətləşir”, 34 ildən bəri dolmuş ürəyini boşaltmağa çalışır…
Şəmistan müəllim haqqında düşünərkən, hərdən mənə elə gəlir ki, o elə uşaqlıq illərindən hərbçi geyimindədir… Bu geyim, elə bil, onun əyninə biçilib, ruhuna sarılıb… Ciddi danışanda da, deyib-güləndə də, arxiv sənədləri üzərində gərgin araşdırma aparanda, əlinə qələm alanda da – harda, hansı məkanda olursaolsun, mənimçün o, bir döyüşçüdür! Bu nağıl qəhrəmanları tək qorxmaz, inadkar döyüşçü hələ lap uşaqlıqdan həyatına, ömrünə, eləcə də xalqının, vətəninin, elobasının taleyinə dərd gətirən o qara rəngli əjdahayla döyüşür, sanki… Həqiqət, ədalət, səadət naminə döyüşür!… Tariximizin, xüsusilə, hərb tariximizin üzərinə çökmüş qara dumanlarla, ağ yalanlarla döyüşür, qılınca çevrilmiş qələmilə bu yalan-palanları qırıb-tökür, parçalayır, qaranlıq örtüyün altındakı əsl həqiqətləri, qəhrəmanlıqlarla zəngin, şanlı bir salnaməni işığa çıxardır. Onun döyüşü Xeyirin Şərlə, Hörmüzün Əhrimənlə, həqiqətin yalanla döyüşüdür! Və ən başlıcası odur ki, bu döyüşlərdən əsl bahadır kimi üzüağ, vüqarla, şəstlə çıxır Şəmistan Nəzirli! Əlinə keçən döyüş qənimətləri isə yazdığı kitablardır. Yazdığı əsərlər, söylədiyi sözlər hərəsi bir pəhləvan misalıdır, məncə…
Düşünürəm, nə qədər ki, torpaqlarımız yad tapdağı altında inildəyir, nə qədər ki, bu günün gəncliyi hərb tariximizdən, igid babalarımızın – döyüşçü, sərkərdə, general, admiral babalarımızın ömür yolundan yetərincə xəbərdar deyil, Şəmistan Nəzirli axtarıb-aramağından qalmayacaq, qalaq-qalaq, saralmış qovluqlarda gizlənən arxiv sənədlərinin sirlərini açacaq, gecə-gündüz  xumaqdan,
öyrənməkdən və öyrətməkdən usanmayacaq.
“Unuda bilmərəm o günü ki, üstü naxışlı çanta tikib məktəbə anam məni özü apardı. İki, ya üç dərs keçəndən sonra müəllim bizə evə getməyə icazə verdi.
Hamımız haray-həşirlə bayıra atıldıq. Məktəb qapısının ağzında dayanıb məni gözləyən nənəmi görəndə təəccüb etdim. “Gözümün nuru, nə uzun çəkdi sənin oxumağın”, -deyib səhər anamın gətirdiyi çantanı əlimdən aldı”.
Bu sətirləri Şəmistan Nəzirlinin “Qorxu” hekayəsinin epiqrafındandır.
Qəribə də olsa, sanki, sinəsi dağlı, dörd oğul itirsə də, dağ vüqarlı o ağbirçək nənənin səsini mən də eşidirəm… Uzaqdan, çox-çox uzaqdan, artıq özü də ağsaqqal yaşına yetmiş nəvəsinə iftixarla baxır, onun illər uzunu bitib-tükənməyən oxuyuböyrənmək əzmindən yorulacağından doğma bir nigarançılıqla qayğılanır:
“Gözümün nuru, nə uzun çəkdi sənin oxumağın…” Amma nədənsə bu dəfə çantasını əlindən almır… Sanki bu çantadakıların daha önəmli, daha sanballı, dəyərli olduğunu duyur… Bu gün “çantası”, doğrudan da, sanballı, daha qiymətli qənimətlərlə doludur Şəmistan müəllimin. Halal zəhmətinin bəhrəsi olan diplomlar, mükafatlar var bu çantada – “Səməd Vurğun fəxri diplomu”, “Qacarlar” əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatı, “General Həzi Aslanov”, “General Əliağa Şıxlinski”, “Elm” fondunun “İlin ən yaxşı kitabı”, “Səməd Vurğun mükafatı”, H.Zərdabi adına Respublika mükafatı və s. Bir də gərgin axtarışların, uzun zəhmətin nəticəsi olan yazdığı onlarla dəyərli kitab!
Oxuculara təqdim olunan “İyirminci ildə Qarabağ döyüşləri” kitabı isə hələlik bu “çantadakı” kitabların ən yenisidir. 1920-ci ilin dəhşətli mart günlərində torpaqlarımızı erməni daşnaklarının murdar tapdağından qorumaq və Müstəqil Azərbaycanın yaşaması üçün Milli Ordumuzun göstərdiyi şücaətlərdən söz açılan bu kitabda tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənədləri əsasında təqdim olunur.
Ş.Nəzirlinin kitablarından birinə yazdığı “Son söz”də oxucusuna, xüsusilə, Azərbaycan əsgərinə üz tutaraq söylədiyi müraciət, zənnimcə, bu məqamda da yerinə düşər: “Oxu, babaların döyüş və qeyrət yolunu öyrən! Tarixi keçmişimizi yaddaşına yaz! Uzaq və yaxın tariximiz şahidlik verir ki, yenilməz, qüdrətli qoşunu olmayan millət azadlıqdan məhrum olar, torpağı özgələrin ayaqları altında tapdanar”.
Bəli, əziz oxucu! Oxu! Bu sənin öz tarixindir. Öyrən! Və ən başlıcası, dərs al, nümunə götür! Özü də, təkcə haqqında oxuduğun sərkərdələrdən, generallardan deyil, elə onları bizlərə layiqincə tanıdan müəllifdən, qələmi ilə döyüşən Şəmistan Nəzirlidən də dərs al! Əynində hərbçi geyimi, ruhunda döyüşçü libası, ürəyində Vətən, millət eşqi gəzdirən, böyük Füzuli demişkən, “hər sözü bir pəhləvan” kimi döyüşən bu vətən oğlunun “məktəb çantasından”, kim bilir, hələ oxunası neçə-neçə kitab çıxacaq… Çünki Şəmistan Nəzirlinin qələmi yenə də həqiqət uğrunda döyüşməkdir. Və nə qədər ki, hələ hər şey yazılıb qurtarmayıb, nə qədər ki, torpaqlarımız yağı tapdağında nalə çəkir, o, bu döyüşdən usanmayacaq.
Döyüşəcək! Həqiqət, ədalət naminə! Xalqının, Vətəninin səadəti naminə! Onun bir insan, bir yazıçı kimi xoşbəxtliyi də elə bundadır, yəqin… Bunu elə o özü də etiraf edir: “Hələ neçə-neçə yazılası kitabın səhifələrində tapacağam yazıçı xoşbəxtliyimi…”

Şəlalə Ana
Şair-publisist,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Qısa bir müddətdə (martın 22-dən aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı. İlyarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun üçüncü yürüşü də zəfərlə başa çatdı.
“İyirminci ildə Qarabağ döyüşləri” sənədli oçerkində tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun, Qarabağın General-qubernatoru Xosrov bəy Sultanovun və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənədləri əsasında möhtərəm oxuculara təqdim olunur.

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ

1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əskəran keçidi”ni tutdular. Bu səbəbdən də Əskəran cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilatçılığa malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən hir çoxu duyduğu həyəcandan ağlayırdı.
O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi.

Polkovnik Ġsrafil bəy Ġsrafilbəyov (25.01.1893 -iyul 1945),
“Milli Azərbaycan hərəkatı” kitabından

Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əskəran cəbhəsinə gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan gündən üç böyük qələbəsi olmuşdu.
1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı ilə əsgəri qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.
İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və Lənkəranda Azərbaycan Milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmadağın edilmişdi.
Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikinə gəldiyi üçüncü qələbə idi. 1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib Əskəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq edirdi.
Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi-iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri anatorpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil oldular.
Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı. Əslində altmış dörd yaşlı hərbiyyə nazirini həyəcana gətirən və Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu dönədönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində “afərin” sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də nazir olanda özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o yaxşı bilirdi ki, komandanın əsgərlərini döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona görə də müavini Əliağa Şıxlinskiyə:
– Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, – dedi, – mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq Əliağa, bu raportda Həbib bəyin “günümüzün qəhrəmanı” – deyə təriflədiyi Nəbibəyovu, nədənsə, xatırlaya bilmirəm.
Azacıq eyhamla gülümsünən Əliağa Şıxlinski:
– Yadınızdadırmı, – dedi, – keçən ilin iyun ayında Siz bir neçə gün Yevlaxda olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi xidmətdən azad olunmasını xahiş etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: “səhhətim və şərait mənə respublika hökumətinə xidmət etməyə imkan vermir”. Mən də məhz bu cümlədən qəzəblənib Azərbaycan zabitinin ləyaqətini, şərəf və şanını yüksək tutmadığına görə yanıma çağırıb onu danladım, xidmətdən azad etməklə həbs edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qanının arasına girdiniz.
Səməd bəy Mehmandarov pensinesini silə-silə gülümsündü.
– Hə, yadıma düşdü. Əzizim, indi bildim: ağır təbiətli, ucaboy…
– Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl və bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. Həbib bəyin “günümüzün qəhrəmanı” dediyi isə onun kiçik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy Birinci dünya müharibəsində də yaxşı döyüş yolu keçib. Buyurun. Xidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.
– Verin. Baxım. Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük olmayan, cəmi səkkiz səhifəlik şəxsi xidmət dəftərçəsini ilk səhifəsini açıb dayandı.
– Əliağa, – dedi, unutmuşam. Onu da deyim ki, kapitan Vahid bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, uzun müddət milis dəstəsində xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də dərindən bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi olmayıb. Ona
inandım. Mən də şəxsən sənin. – General Şıxlinskinin nüfuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə kapitan Nəbibəyovun raportunun üstünə “mən ona verdiyim cəzanı bağışlayıram” – cümləsinin dərkənar qoydum. Məsuliyyəti öz üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən podpolkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaxşı.
– Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od parçasıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyin bəy.. yox, beş nəfərdir, bir də Məmməd bəy.
Nazir:
– Əliağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum.
– Bilirsən, 1918-ci ilin noyabr – dekabr aylarında Tiflisdə Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim.
Onda qərargahım Veriyski korpusunun yanındakı “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə Qasım bəy özü də gəlmişdi.
Türkmənistanda general Kurpatinin qərargahında Şərq dilləri üzrə tərcüməçi olub.
İndi istefadadır. Mirzə Fətəli Axundovla dostluğundan danışırdı.
– Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və 1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. – Nazir dayanıb pensnesinin üstündən müavininə baxdı, fəxrlə: – Oho, nə yaxşı.. bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq… Görürsən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..
– Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalıdır. Zərb-məsələ dönmüş bu müdrik kəlamlar sizə məxsusdur. Amma xalqımızda belə bir məsəl də var: alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli davamçınızdır.
– Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşamayıb?- deyən nazirin sevincdən gözləri parıldadı.
– Əliağa Şıxlinski ciddi general zəhmilə:
– Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan və Nobel çənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı döyüşlərin şahidi olmuşam. Bəhram bəy çox qoçaq və bilikli zabitdir. Onunla fəxr etməyə dəyər. Dəli Qazar kimi generalı mühasirəyə salıb məhv etməsinə şəxsən mən şəkk-şübhə etmirəm. Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademiyadır.
– Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusiyaya yollar bağlı, özümüzdə isə yox, ölkəmiz də müharibə vəziyyətində – deyən nazir yenidən Bəhram bəyin sənədlərinə göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc görünürdü:
– Qafqaz Əlahiddə ordusundakı iyirminci Artilleriya briqadasında podporuçik, 1909-cu il, sentyabrın yeddisində poruçik, 1912-ci ildə üçüncü batareyanın komandiri, sonra Əlahiddə Qafqaz ordusunda artilleriya rəisinin müavini vəzifəsində çalışıb. Müharibəni axıra qədər Qafqaz cəbhəsində keçirib.
– Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır – deyə Əliağa Şıxlinski şəhadət barmağını irəli uzadıb göstərdi.
– Aha. Budur. – deyə Mehmandarovun iti nəzərləri kağızın üzərində gəzindi.
– “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsi və “Müqəddəs Anna” ordeni.
Amma sonuncunun dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər şey aydındır. Siz doğru buyrursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birəbeş artardı. Nə fayda, hələlik buna imkan yoxdur.

POLKOVNİK BƏHRAM BƏYİN İGİDLİYİ

Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular.
Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun dördüncü dağ batareyası.
Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baxışdan qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir Həbib bəy Səlimovun uğurları ona, elə bil, qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəxş eləmişdi.
İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbaycan ordusunun hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı əmrində qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy Nəbibəyovun əsgərləri məndə xoş təəssürat yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Komandir Nəbibəyovun qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə və komandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkür edirəm.
“Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib. – Yaxşıdır, çox yaxşıdır, – deyə, öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş dostluğundan qürrələnirdi. – Qələbə, ancaq və ancaq, döyüş vaxtı əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır. Nə yaxşı, Nəbibəyov haqqında inişilki raportu yazanda zənnim məni aldatmayıb… Elə biri Baş qərargah rəisi. Onda, dolayısı da olsa, mənə işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir.
Amma çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir..
– Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu saymaz. İkincisi də, döyüş vaxtı özü zorla yeriyən komandirin əsgərləri yerindən qalxana kimi düşmən onları haqlayıb məhv, – cavabını vermişdi nazir Mehmandarov.
Mehmandarov Milli Orduda hərbiyyə Naziri vəzifəsində xidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtaraqlı gcyimin o qədər də aludəçisi olmayan nazir bu dəfə akselbant və venzilli1 də taxmışdı. Yaxasında isə bircə orden vardı: birinci cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” ordeni.. O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş əməliyyatı planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif olunmuşdu.

QƏHRƏMAN ALAY

Avtomobilin şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı gəlirdi. Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri tanıyıb “urra” – deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komandası verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər.
Bəhram bəy sıra qabağında vüqarla dayanıb ahəngdar səslə komanda verdi:
– Alay, sağa – dön! Düzlən, – düzlən deyirəm, arxada səs var…
Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı.
Maşından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general -mayor Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov.
Nazirin iti qartal baxışları nizami qaydada düzülən əsgərlərə zillənmişdi.
– Cənab hərbiyyə naziri, tam artilleriya generalı, sizin gəlişiniz münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov.
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:
– Azad, mənim vətənimin qəhrəman əsgərləri, – deyib bir neçə addım irəli
yeridi, Bəhram bəyin əlini sıxdı: – Mərhaba, alayına da, özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftixarla söylənilir. Komandanınız general Həbib bəy Səlimov da burdadır. Əmr edirəm!
Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə göstərdiyi igidliyə görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir…
Batareya üç dəfə: “urra, urra, urra,” deyə komandirini alqışladı. Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalxdı.
– Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qarabağ dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan xalqına xidmət edirik!” – cavabını verdilər.
Hərbiyyə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.
– Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıxanda öz-özlüyümdə belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi üçünə keçən gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan, Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, öz silahdaşdarımızın qanını yerdə qoymadınız.
Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə oldum. Fəqət sizin qədər qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun sizə və sizə döşlərindən süd verən analara!
Əsgərlər sevimli komandalarını “yaşasm Azərbaycan!” sözlərilə alqışladılar.
Ürəyini boşaldan nazir xeyli sakitləşdi. O, özünü rahat və gümrah hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaşır, həmsöhbət olur və hal-əhval tuturdu. Mehmandarov cavan, sirsifətdən göyçək zabiti göstərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qabağa çıxıb dedi:
– Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü olaraq sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir, tariximiz də birdir.
Azərbaycan həm sizin, həm də bizim vətəndir.
– İsminiz nədir? – nazir maraqla soruşdu.
– Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha doğrusu, şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.
General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi:
– Cənab nazir, yarbay əfəndi yaxşı şərqilər qoşur. Döyüşlərarası fasilədə əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları əzbərlədir.
Nazir səmimiyyətlə:
– Afərin, – dedi. – Bu da gərəkdir. Çox gərəkdir. Yüz illik rus hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq lazımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya öz tələblərimizi diktə etmişik… xalq özünün ümumdünya tarixinin səhifələrində yazılmış şanlı, mübariz keçmişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam Milli hissləri oyatmalısan.. Cənab yarbay, evlisinizmi?
– Xeyr, hələ subayam.
– Nə oldu, briqada komandanı Həbib bəy subay. Diviziya komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də subay… Canım, atın bu subaylığın daşını..
İsmayıl Həqqi əfəndi:
– Möhtərəm paşam. – dedi – məstəvsiz gavurların axırına çıxaq sonrasına….
Nazir general Həbib bəydən soruşdu:
– Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
– Xeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, kimə gərəkdir? O, Bəhram bəyin çox yaxın dostudur.
– Çox əla, çox pakizə, – deyib nazir dübarə sorğu-suala başladı:
– Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıxmırsınız ki?
– Xeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum.
Dərbənddə, Teymurxan-Şurada, Axtıda, hətta, İmam Şamilin köyünə də getdim.
Amma oralarda bənd almadım. Çünki oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq bolşeviklər yabancı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
Nazir soruşdu:
– Şarkılarından birini oxuyarmısan?
– Baş üstə, icazə verin… Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq.

DÜŞMƏN TƏSLİM OLMAYANDA

Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azadan ev qiyafəsinə qayıdıb:
– Qafqazda, hər yer gözəldir! – dedi – Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da ruhən həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada da olanda həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyinə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – Üzünü qubenator Xosrov bəyə tutub:
– Sənə qibtə eləyirəm, – dedi,- qardaşım. Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşaq…
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy dizə çökdürmüş və onları silah gücünə Azərbaycan hökümətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyə naziri Xosrov bəyi geri çağıracaq. Bu şayələri kəsmək üçün Üzeyir bəy Hacıbəyov “Azərbaycan” qəzetində (24 iyun 1919 ildə) yazırdı:
“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisidir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək
istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın höküməti başında olmasa idi burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
– Altmış dörd yaşım var, – deyirdi, general, xoşbəxtəm ki, ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Sonra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu.
Nazir:
– Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi.
– Daşbaşı yüksəkliyi uğurunda döyüşlərdə artilleriyanı susduran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxartmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki düşmən qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. Nəhayət, dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəşfiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə keçdi. Bax, indi vaxtdır, – deyib, Bəhram bəy səs ilə komanda verdi: “İrəli, mənim tərlanlarım. İrəli, anamız Azərbaycan uğurunda!”
Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-altı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir maraqlandı:
– Necə danışırdılar. Yəqin ki, rusca?..
– Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi, erməni generalı.
Nazir cəld bir hərəkətlə başını qaldırıb:
– Axı, nə deyirdin, Bəhram bəy, son ona?…
– Kutaisi realnı məktəbində oxuyanda onların dilini öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm. Gördüm, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni özününkülər satıb.
Təslim olmalısan…
General Həbib bəy Səlimov:
– Cənab nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
– Dayan, dayan, dedi, Həbib bəy, qoy, özü danışsın. Bəhram bəy davam elədi:
– Dedim, təslim olmursansa, onda belə çıxır ki, müsəlman əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
– Gözəl demisən, əhsən sənə. Bax, görürsünüzmü, peşəkar hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı general olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu?
Bəhram bəy:
– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir də
Qarabağda görünsəm, atama nələt. Uşaq aldadır.. Gəldim Həbib bəyin yanına.
Soruşdum ki, nə etməliyəm, əsgərlərim də qanına susayıblar, öldürmək istəyirlər.
O da yek kəlmə ilə cavab verdi: Susdurun!
Biz də tapşırığa əməl elədik. Səməd bəy Mehmandarov:
– Düz eləmisiniz, – dedi, – düşmən təslim olmadıqda onu məhv edərlər.

GENERAL SƏMƏD BƏY NARAHATDIR…

Qapı astadan döyüldü, Səməd bəy “buyurun” – deyənə kimi qapıya yaxın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda mehriban üzlü, qıvraq geyimli bir gənc zabit “çay hazırdır, icazə verin gətirim”, deyib əli padnoslu içəri keçdi.
Divara söykədilmiş çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı.
Səməd bəy mütəkkəni kənara qoyub, çarpayıda oturdu. Çay gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını cütləyib onun ayaqlarının yanına qoydu. Səməd bəy mehribanlıqla zirək zabitə baxıb üzərində “afərin” – dedi. Üzü pörtmüş gənc zabit stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstündə qalın dəsmal sərdi.
Ayaqlarını cütləyib, yaraşıqlı vücudunu şax tutdu. “İcazə verin mürəxxəs olum”.
Nazir hələ də xoş təbəssümlə onun, hərəkətlərini izləyirdi.
General Həbib bəy:
– Azadsan, – dedi, – amma uzaq getmə…
Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli geyimini və əsl zabit yaraşığını təriflədi.
– Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan hərbiçi olmaz.
Buyursun, baxsın. Belə yaraşıqlı zabiti rus ordusunda çıraqla da axtarsan, tapmazsan. İlyarımlıq fəaliyyəti dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi üç yüz il yaşı olsaydı, gör, nələrə qadir olardıq. – O, dərindən köks ötürdü. Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun yeritmək həsrətilə min bir oyundan çıxırlar. Dağıstanda, Şimali Qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdular. Bu, bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.
– Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola bilərmi? – qubernator Xosrov bəy Sultanov çəp gözlərlə2 Səməd bəyə baxıb soruşdu.
– Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular. Denikinin işi bitdi. – Üzündə təbəssüm yox olan nazir Səməd bəy sonra nifrət hissilə əlavə elədi: bolşeviklər elə toxumdur ki, onlar hara yerisələr yüz il orda ot bitməz. Bu saat Volqa boyunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını da belə
bir tale gözləyir.
– Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağ qvardiyaçı Denikinlə birləşmək istədik, baş tutmadı – deyən, polkovnik Bəhram bəy Nəbibəyov söhbətə qoşuldu. – Gec-tez bolşeviklərlə əlbir olub Azərbaycan adlı müstəqil respublikaya divan tutacağıq. Keşikənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin çoxusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Levestamın əsir götürdüyü ermənilər də bu barədə çox sayaqladılar.
Səməd bəy Mehmandarov:
– Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman bolşevikləri arasında güclü təbliğat aparıb Azərbaycan milli hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi yaratmağa çalışırlar bu gün də içimizdən təmizləyə bilmədiyimiz agent və şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda Baş Qərargahda çalışan, adını çəkmək istəmirəm – bir nəfərin zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları – hamısı bizim əleyhimizə işləyib. Görünür, bizim əkskəşfiyyat və daxili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər…
Mənim aldığım məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat aparır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, Siz nə Azərbaycansınız, nə də Gürcüstan. Siz İran, Türkiyə və Azərbaycan kimi müsəlmən ölkələri arasında boğulursunuz. Biz Sizə Türkiyə və Azərbaycandan torpaq qopartmaqla ərazinizi böyüdüb tam dövlət müstəqilliyinizə zəmanət veririk. Görürsünüzmü, bolşeviklər özlərinin ikiüzlü, xəbis siyasətlərilə Şimali Qafqazı və Dağıstan dağlılarını fəth edib, indi də murdar əllərini bizə – cənuba tərəf uzadırlar.
General Həbib bəy Səlimov ikrah hissi ilə:
– Rusların bu iki üzlü siyasəti bizi təngə gətirib – dedi. – Siz ötən həftə Gəncədə olanda müavininiz general Şıxlinskiyə erməniləri Qarabağdan qovub çıxartmaqla arxayınlaşmamaq barəsində bir məlumat göndərmişdi. Yəqin ki, Sizə çatdırıb. Şuşa və Xankəndi Cavanşir alayının, Quba alayının, bir də Tatar süvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da sayını çoxaltmalıyıq. Çünki, əsir alınan ermənilər desə də, deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zənnimcə, onlar mütləq bolşeviklərlə birləşib məhz Qarabağa hücum edəcəklər.
Yorğun və əsəbi Səməd bəy Mehmandarov: – Məncə, – dedi, -hələlik Şəki və Ərəş alaylarını da burda saxlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazağa göndərin. Ordan da həyəcanlı xəbərlər gəlir. Əmirxan Xoyskinin məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər hücuma hazırlaşırlar.
Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu ərşə çəkilmiş nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkovnik Bəhram bəyin batareyasında olan şən əhvalruhiyyəsindən, elə bil, onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qapaqlarını yumdu ki, bəlkə, yuxuya gedə, mümkün olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eşidildi. İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə baxmaq istədi. Heç nə görə bilmədi.
Birdən xatırladı ki, o tamam başqa səmtdədir. – Sabah mütləq ora gedəcəm, – deyə, fikiləşdi. Mütləq, yoxsa atam Sadıq bəyin, babam qatırcı Muradın ruhu məndən inciyər. Ya qismət, bir də nə vaxt gələcəm Şuşaya, Allah bilir… Fikir-xəyal ona aman vermirdi. İllah ki, bolşeviklərin Azərbaycana soxulmaq iddiası. – Dünyanın işinə bax ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onların hamısına malçişka Əlheydər dil verir. Cəfər Babayev kimisini Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə sərbəst, müstəqil yaşamağı günah hesab edir?
Qayıdan kimi belələrini həbs elətdirib ciddi rejim altında saxlamaq barədə sərəncam verməliyəm. Yoxa… Əlheydər kimi bolşeviklər rus fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir, gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik, vəssəlam!
Orta boylu, ağ saçlı, ağ saqqalı, səsində və sifətində hərbiçi zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov gecənin dan qaranlığında xalqının taleyinin fikirləşməkdən yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.
İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə verdi. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı. Gözlərinə inanmadı, pensinesini taxıb təəccüblə dodaqlarını bir-birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat Səməd bəy çarpayısına tərəf getdi…

MÜƏLLİFDƏN

Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda güllələnməkdən, sürgün və həbs olunmaqdan qorxub ehtiyat edərək ad və soyadını (xüsusilə soyadını) dəyişənlər çox olub. Elələri də olub ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə Türkiyəyə, İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis keçəndə avropa ölkələrinə – Fransaya, Almaniyaya və ya Amerika Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər. Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənelər yad millətdən evlənib nəsli assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsilnəcabətlərini itirib avropalaşıblar. Ona görə də, indiyədək onların əksəriyyətindən bir xəbər çıxmır.
Aradan uzun illər keçməsinə baxmayaraq, mən bu gün də ümid edirəm ki, nə vaxtsa nüfuzlu Borçalı nəsli – Yadigaroğullarından hansı birisi gec-tez tapılacaq. Dilini, dinini itirmiş də olsa, ana vətəni Azərbaycana qayıdacaq. Bəlkə də, dədə-babasının vaxtilə apardığı sənədlə, fotoşəkillərlə bizi sevindirəcək.
Dünyadan köçmüş ulularının sağ ikən onlara danışdığı acılı-şirinli xatirələri ilə hərb tariximizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.
Əziz oxucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə də Yadigaroğulları haqqında axtarışlarımı hələ də davam etdirirəm.
Sizə təqdim etdiyim bir nəsilin hərbiçi oğulları haqqında oçerkdə illərlə Sankt -Peterburq, Tiflis, Moskva, Bakıda və Borçalıda apardığım araşdırmaları qələmə almışam.

GENERAL YADİGAROV QARDAŞLARI

XlX əsrin səksən-doxsanıncı illərində Tiflisdə yaşayanda biz tez-tez bir mənzildən başqasına köçürdük. Bu mənzillərin hamısından çox xoşuma gələni sonuncu dəfə köçdüyümüz Voronsov küçəsində olan Allahverdi bəy Yadigarovun mülkü idi. Bu, Mirzəyevin fabrikinə bitişik üç mərtəbəli mülk idi.

Abdulla Şaiq
“Xatirələrim” əsərindən

General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar.
Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigar oğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt “Ağalıq” da deyirlər.
Təkəli bizim qonşu kənddi. Kəndlərimizi bir-birindən ayıran ulu Babəkar dağıdır. Hələ uşaqkən bu əsilzadə nəslin general və mülkədar oğulları haqqında qohumlarımdan, xüsusilə əmim Nəziroğlu Məmişdən çox eşitmişdim. O, Alı, Nəzir və Süleyman babamın Yadigaroğlu general Həsən bəylə, mülkədar Sadıq bəylə dostluqlarından çoxlu epizodlar danışardı.
Zeynəb xanım Nəzir qızının (1857-1958) xatirələrindən:
– Yadigaroğulları öz torpaqlarından bizim kəndə payı məhz atam Nəzir Abdulla oğlunun (1820-1904) xətrinə vermişdilər. Atam, Mustafa bəy və onun general oğlu İsrail bəy Yadigarovla çox yaxın dost idi. Sonralar bu dostluğu Nəzirin qardaşı oğlu Süleyman Katda Alı oğlu (1849-1918) davam etdirirdi. Debet çayından Qızıl qayaya kimi olan torpaqları 1900-cü ildə Süleyman katda Sadıq bəydən satın almışdı. 1916-cı ildə Sadıq bəy Muşulun meşəsini də Süleyman katdaya qızıl pula satdı.
Kəndimiz Körpülünün çinar dərəsi deyilən səfalı bir yerində mülkədar Sadıq bəy Yadigar özünə yaylaq mülkü tikdirirmiş. 1920-ci ildə Şura hökuməti gələndə Sadıq bəy xaricə mühacirətə getdi, mülk yarımçıq qaldı. 1928-29-cu illərə kimi keçmiş bəy və ağalardan qalma mülklərə, bağlara nə camaat, nə də hökumət toxunmadı. Bəylər, ağalar və hətta kəndlilər də “bəlkə, keçmişi qaytardılar” arzusu ilə yaşayırdılar. 1930-cu il fevralın iyirmisində Sovet hoküməti “kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” xüsusi qərar verdi. Elə həmin vaxtdan keçmiş bəylər, ağalar həbs cdilib güllələndi, sürgünə göndərildi. “Xalq düşmənləri”nin bağları doğrandı, mülkləri isə uçuruldu. Onda Əsəd İncəli oğlu da Sadıq bəyin yarımçıq qalmış yaylaq mülkünü söküb kənddə özünə yeddiotaqlı ev tikdirdi. 1936-cı ildə İncəlioğlu Əsədi də qolçomaq adı ilə həbs edib gedər-gəlməzə göndərdilər. Onun tikdirdiyi yeddi otağı isə müsadirə edib kolxoz idarəsi, dəmirçixana və dükan elədilər.

GENERAL-LEYTENANT İSRAFİL BƏY YADİGAROV

Moskvada yaşayan həmyerlimiz Eldar İsmayılov Bakıya gəlmişdi.
Dostlarımdan biri zəng elədi ki, Eldar səninlə görüşüb, tanış olmaq istəyir. Eldarın “Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri”ndə yazılarını oxumuşdum. Bu yazıları ilə o, elə bir xeyirxah, tarixi iş görür ki, onun xidmətlərini qiymətləndirmək üçün söz tapamağa çətinlik çəkirəm… Bu yazıları tədqiq eləmək, ərsəyə gətirmək çox ağır zəhmət tələb edir.
Məmnuniyyətlə Eldarla görüşməyə razılıq verdim. Elə səhərisi günü vədələşib görüşdük. Yazılarına və axtarışlarına görə orta yaşlı zənn etdiyim Eldar çox cavan imiş; cəmisi otuz yaşı. İxtisasca geoloqdur. Milli təəssübkeşliyinin nəticəsidər ki, Sankt-Peterburq və Moskva arxivlərində saxlanan 150-200 illik tarixi olan sənədləri araşdırır. Adı və xidməti unudulmuş görkəmli ziyalılarımızın, sərkərdələrimizin fəaliyyətini, şəxsiyyətini üzə çıxardır.
Maraqlı söhbətləri məni valeh eləmişdi. Şəhərin qədim yerlərini gəzdik.
Tarix muzeyinə də baş çəkdik. Eldar mənə yenicə çapdan çıxmış “Xəbərləri”nin dördüncü sayını bağışladı. Mən də borclu qalmayıb “General Yadigarov qardaşları” kitabçamı ona hədiyyə elədim.
Ayrılanda:
– Vətəndən uzaqda yaşasam da, – dedi, – sizin axtarışlarmızı izləyirəm.
Bakıda olan dostlarım sizin dərc olunan yazılarınızı, kitablarınızı mənə  göndərirlər.
Bəlkə, sizə Moskvadan bir şey lazımdı?
– Eldar, – dedim – indi sizə bağışladığım “General Yadigarov qardaşları”nın ilk generalı İsrafil bəyin foto-şəklini tapa bilmirəm. Sizin orada imkanınız var.
Arxivlərə tez-tez gedirsiniz. Vaxt tapanda İsrafil bəyin şəklinin qalıb-qalmaması ilə maraqlanmağını xahiş edirəm.
– Moskvadakı Mərkəzi Hərbi – Tarix arxivində tanışlarım çoxdu, mütləq axtararam, – inamla söz verdi.
Aradan heç cəmi iyirmi gün keçməmişdir, zəng elədi. Cavan və xeyirxah dostum Moskvadan mənə elə bir şad xəbər dedi ki, bu sevincin cazibəsindən hələ də çıxa bilmirəm.
– General-leytenant İsrafil bəyin 1877-ci ildə çəkilmiş foto-şəklini tapmışam. Bu günlərdə göndərəcəm. Arxiv işçiləri generalın “Hərbi xidmət kitabçası”nı da tapmağa söz veriblər.
Otuz il Azərbaycan hərb tarixi və onun sərkərdələri haqqında araşdırmalar aparan adam üçün, görəsən, bundan qiymətli hədiyyənin olması mümkündürmü?
Zənnimcə, yox!
Eldarın göndərdiyi şəklin altında oxuyuruq: “General İsrafil bəy Yadigarovun fotosu. Çəkiliş yeri Tiflis şəhəri, fotoqraf Y. Vestli”.
Şəkil çəkiləndə general Yadigarovun altmış iki yaşı vardı. Sağ sinəsində məşhur “Müqəddəs Anna” ordeninin birinci dərəcəsi, sol çiynindən isə aşırımlı gümüşü rəngli fəxri bafta-lent asılıb. Bu hər generala qismət olmayan paradnümayiş geyim formasıdır.
Əziz ata! Mənim dərin ehtiram hissi və daim minnətdarlıq bəslədiyimi, sadiq bəndəsi olmaq şərəfinə nail olduğumu, Sizdən arabir mənim haqqımda soruşaraq vəziyyətimlə maraqlanmağı özünə rəvagördüyü üçün bundan necə mütəəssir olduğumu Əlahəzrət general İsrafil bəyə çatdırmağı unutmayın. Mən Əlahəzrət İsrafil bəyi heç vaxt unutmayacam və həmişə onu atamın ən yaxşı dostu kimi pərəstişlə xatırlayacağam.
M. F. Axundovun oğlu Rəşid bəyin
1877-ci il noyabrın 7-də
Brüsseldən yazdığı məktubdan

1883-cü il yanvarın 10-da tərtib olunmuş “Hərbi xidmət kitabçası”nda general İsrafil bəyin 1815-ci il dekabrın 15-də Tiflis quberniyasının Təkəli kəndində zadəgan ailəsində anadan olduğu göstərilir.
İlk təhsilini Tiflisdə şəxsi gimnaziyada alan İsrafil bəy Yadigarov 1834-cü il scntyabrın birində Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman-Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.
1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabsrotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir.
1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir.
1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub. Bir il sonra Borçalılardan ibarət könüllü yığma “ovçu” döyüşçülər təşkil edən İsrafıl bəy ordunun tərkibində ikinci süvari Azərbaycan alayı yaradıb.
1854-cü il avqustun 19-da döyüşən ordu komandanı Əlahiddə Qafqaz korpusunun komandirinə göndərdiyi bir məlumatda yazırdı: “Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd göstərirdi. Lakin onlar polkovnik İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər”.
Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Şəki və Şamaxı könüllülərindən təşkil etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə dəfə fəal döyüşlər aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox Azərbaycanlı arasında polkovnik İsrafıl bəy Yadigarov da var.
Moskvada yaşayan həmyerlimiz, polkovnik, tarix elmləri doktoru Hacımurad İbrahimbəyli Krım müharibəsində rus hərb xadimlərinin xidmətindən danışarkən haqlı olaraq yazır: “Krım müharibəsi dövründə Qafqaz milli hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri Rusiyanın şöhrətli hərbi xadimləri ilə yanaşı qoysaq, səhv etmərik. Onların sırasında azərbaycanlı general İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilovu, polkovnik İsrafil bəy Yadigarovu, general-leytenant Fərəc bəy Ağayevi, general Həsən bəy Ağalarovu, kabardin polkovniki Sultan Qazi Gərayı, osetin polkovniki Kondukovu, Dudarovu və başqalarını aid etmək olar”.
İsrafil bəy Yadigarova 1855-ci il yanvarın 17-də polkovnik rütbəsi verilir.
1855-ci il dekabrın 10-da Qars hərbi dairəsinin rəisi təyin olunur. Lakin Tiflis şəhərinə müalicəyə getdiyinə görə həmin vəzifəni qəbul edə bilmir.
Nizami orduda əla xidmətlərinə görə 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir.
1877-cü il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.
Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general – leytenant rütbəsi alır. Həmin ili istefaya çıxır, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilir.
Rusiya Mərkəzi Hərbi Tarix Arxivindən aldığımız rəsmi sənəddə generalleytenant İsrafil bəy Mustafa bəy oğlu Yadigarova məxsus “Xidmət dəftərçəsi”ndə onun döyüş yolu, ailə vəziyyəti, təltif olunduğu orden və medallar təfsilatı ilə göstərilib.
Sənəddə qeyd olunur ki, şərəfli bəylər nəslindən olan İsrafil bəy
Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini müsəlmandır.
İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli “Müqəddəs Anna”, 1854-cü ildə ikinci dərəcəli “Müqəddəs Anna”, 1856-cı ildə ikinci dərəcəli “Müqəddəs Stanislav” (imperator tacının təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli “Müqəddəs Anna” (imperator tacının təsviri və qılıncla birgə), 1860-cı ildə “İyirmi illik qüsursuz xidmətinə görə” medalı ilə, 1863-cü ildə müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli “Müqəddəs Vladimir”, 1869-cu ildə üçüncü dərəcəli “Müqəddəs Vladimir”, 1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli “Müqəddəs Anna” ordenləri ilə və üstü “İgidliyə görə” yazılı gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli xatirə medalları ilə təltif olunmuşdur.
Sənədlərdə o da qeyd olunur ki, general – leytenant İsrafil bəy Yadigarov Borçalı qəzasının Təkəli kəndində iki mərtəbəli dədə-baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan tikilmiş, hər bir şəraiti olan mənzilə malikdir. Bir neçə mağaza, bağ və Qırmızı Körpü yanındakı Xorpuxis-Saneli, Kaziux-Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris – Aqek kəndləri və iki min desyatin torpaq sahəsi generala məxsusdur.
Ailə tərkibi: generalın həyat yoldaşı rotmistr İsmayıl bəy Vəzirovun qızı Səidə xanımdır. General – leytenant İsrafil bəy yeddi övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı il oktyabrın 8-də (ekiz olublar), qızları: Səkinə xanım 1843-cü il martın 27-də, Xeyranisə xanım 1850-ci il dekabrın 23-də anadan olub. Həyat yoldaşı və uşaqları
İslam dininə etiqad ediblər.
İstefaya çıxan general-leytenant İsrafil bəy ömrünün sonuna kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salan şöbənin rəisi vəzifəsində çalışmışdır.
General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir. Həmin il “Kafkaz” qəzeti (№ 99-da) belə bir elan vermişdir: “Fevralın 6-da istefada olan general-leytenant İsrafil bəy Yadigarov vəfat etmişdir. Oğlanları yaxın qohum və tanışlardan xahiş edir ki, fevralın 8-də saat 12-də dəfndə iştirak etsinlər. Cənazə generalın Voronsov küçəsindəki şəxsi mülkündən götürüləcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq”.

***

General-leytenant İsrafil ağa Yadigarov böyük dramaturqumuz Mirzə Fətəli Axundovla yaxın dost və qonşu olub. Axundovun nəvəsi Mahmənzər xanım Qacarın xatirələrindən məlum olur ki, 1878-ci il martın 10-na keçən gecədən həyatının son dəqiqələrini yaşayan Mirzənin yanına qohum-əqrəbası, əziz dostları yığışıb. Can verən Mirzə Fətəlinin yatağı yanında dərin və ağır sükuta gedən qonşusu general İsrafil bəy Yadigarov kədərlə soruşub: – Mirzə, Siz nə sayaq dəfn olunmağınızı istərdiniz? Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa verilən bu sualdan ölüm ayağında belə sarsılmayıb. Görünür, o, ağlını, huşunu hələ itirməyibmiş. Son qüvvəsini toplayan Mirzənin kədərli çöhrəsində zəif, titrək bir gülüş duyulub. Sonra onun sərt və möhkəm cavabı eşidilib:
– Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətindən dirilərin necə xilas olduqlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edərsiniz.

NƏSLİN KEÇMİŞİNDƏN…

Çoxlu qoşunkeşlik və mütəmmadi müharibələrin yaratdığı xarabalıqlara baxmayaraq, onlardan (azərbaycanlılardan – Ş.N.) bir çoxu özünün elm və döyüşlərdə göstərdiyi hünəri ilə bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar.
Abbasqulu ağa Bakıxanovun
“Gülüstani-İrəm” əsərindən

İllər nə qədər amansız və sərt olsa da, bu əsilzadə nəslin oğullarının əvəzsiz xidmətini nə hafizəmizdən silə biliblər, nə də tarixin yaddaşından.
1879-cu ilin noyabr ayında general İsrafil bəy Yadigarov “Ziya” qəzetinin nəşrinə maddi yardım göstərir və yeni il üçün qəzetin ilk abunəçilərindən biri olur.
O, Mirzə Hüseyn Əfəndi Qayıbovu, Şərabçı oğlunu, Hafiz Əfəndizadəni, Xəlil Ağazadə və Hacı Molla Əfəndizadəni də bu xeyirxah işə qoşulmağa dəvət edir.
Məşhur şərqşünas-alim V.Dmitriyev 1864-cü ildə nəşr etdirdiyi “Koran Maqometa” kitabını xalqımızın görkəmli ziyalısı general-mayor İsrafil bəy Yadigarova həsr etmişdir.
“On üçüncü Leyb-Qvardiya İrəvan alayının tarixi” kitabında (1895-ci il nəşri) unter-zabit Ağabəy Yadigarovun döyüş şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağabəy döyüş başlananda həmişə əsgərlərin önündə gedirdi. Bu qoxmaz zabit düşmənə qarşı ruh yüksəkliyi ilə vuruşurdu. Təəssüf ki, Ağabəy Yadigarov 1830-cu il iyunun 17-də poruçik rütbəsində ailə vəziyyətinə görə istefaya çıxmalı olub.
1827-ci il 6 oktyabr tarixli Əlahiddə Qafqaz korpusuna məxsus sənəddə göstərilir ki, əla döyüş qabiliyyətinə malik zabitlər sırasında gürcü knyaz və zadəganlar süvarisində xidmət edən Borçalı dairəsindən ağalıq nəslinin nümayəndəsi poruçik Paşa ağa Vəli bəy oğlu Yadigarov general Paskeviç tərəfindən təltif olunub.

***

Tariximizin müxtəlif qatlarında Yadigarov nəslinin oğlanlarının layiqli izi var.
Əvəzsiz tarixçimiz Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” əsərində Yadigarovlar nəslinin ulu babasından söhbət açır: “… Fətəli xan, Azərbaycan və, bəlkə də, bütün İran işlərini nizama qoymaq xəyalı ilə Gürcüstan valisi İraklı xanla gorüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da Sadıq bəy Yadigaroğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar qalıb… Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadır.
Səfir Sadıq bəy Nuxada (Şəkidə – Ş.N.) xanın hüzuruna gəlib hədsiz lütf və mərhəmətə nail oldu”.
Maraqlı tədqiqat əsərlərinin müəllifi, filologiya elmləri doktoru Şurəddin Məmmədlinin “Yadigaroğulları” məqaləsi (“Gürcüstan” qəzetinin 6 dekabr 1996- cı il) bu nəslin XVIII əsr dövrünün tədqiqi baxımından qiymətlidir. Müəllif yazır:
“Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildo II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına vErilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (xəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu.
… Məhəmməd Sadıq bıy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini yerləşdirmişdi.
Əsrin axırlarında Sadıq bəyin böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamə: “…Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb virana qoyanda sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və bizə sədaqətlə xidmət göstərdilər.
Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Cani-dillə, sədaqətlə xidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq”.
1978-ci ilin oktyabrında Tiflisdə ezamiyyətdə olanda akademik Paata Vissarionoviç Ququşvili ilə görüşdüm. Gürcüstanda onu böyük şairimiz Səməd Vurğunun yaxın dostu kimi tanıyırdılar. Söhbətimiz istər-istəməz iki qardaş xalqın qədim dostluğundan, yadellilərə qarşı birgə mübarizəsindən düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar Tiflisə hücum edəndə Gürcüstanda yaşayan azərbaycanlılar da şah ordusuna qarşı şücaətlə vuruşub. Onlardan biri Sadıq bəy Yadigar oğlu, biri də Xudu bəy Borçalinski idi. Xudu bəy Borçalinski II İraklinin ən yaxın dostu olub. Ən çətin anlarında belə çar Xudu bəyə inanıb. Hətta bir gürcü sərkərdəsini qoşun başçılığından azad edib, onun yerinə Xudu bəyi təyin edib. Bizim gürcü tədqiqatçıları bu hadisəni indi də qeyri-adi bir fakt kimi xatırlayırlar. Xudu bəy də Yadigarovlardandır.
Mən 1929-cu ildə “Gürcü kitabı” (1629-1929-cu illəri əhatə edir) adlı əsərimi yazanda bu fakta arxivdə rast gəldim.
Fərəhləndirici haldır ki, Xudu bəyin qəhrəmanlığı haqqında Gürcüstana məxsus sənədlərdə və tarixi əsərlərdə iftixarla yazılır. Gürcü ədəbi nəsrinin yaxşı əsərləri sırasına daxil olmuş Akaki Beliaşvilinin (1903-1961) “Besiki” tarixi romanında xalqımızın iki oğlunun fəaliyyətinə geniş yer verilmişdir. II İrakli dövründə Tiflisə səfər edən dahi şairimiz M.P.Vaqifin diplomatik görüşlərinə və sərkərdə Xudu bəy Borçalının qəhrəmanlığına səmimiyyətlə yanaşmışdır. Əsərin 168 və 178-ci səhifələrində Xudu bəyin qəhrəmanlığını təsvir edən müəllif yazır:
“Döyüşdən zəfərlə qayıdan Xudu bəy Borçalı atdan düşüb düşmən sərkərdəsinin kəsilmiş başını çar İkinci İraklinin ayaqları altına atdı”.
Xudu bəy Axalsixe yaxınlığında Gürcüstana soxulmuş ləzgilərlə döyüşdə də böyük rəşadət göstərir. İkinci İrakli Borçalı süvari dəstəsini Qoriyə göndərib ön cəbhə sərdarı rus generalına yazırdı: “Xudu bəy dörd yüz qoçaq müsalmanla Sizin yanınıza göndərilir. Borçalılar igid, yaxşı və mərd adamlardır”.
Hazırda Marneuli şəhərindəki küçələrdən biri Xudu bəy Borçalının adını daşıyır.
Xalqımıza təmənnasız bir sevgi bəsləyən ağsaqqal akademik Paata Vissarionoviç sevinclə: – Hə, yadıma bir fakt da düşdü, – deyib söhbətinə davam etdi: – Ağa Məhəmməd şah Qacar Tiflisə yeriməmiş II İrakliyə 1795-ci il sentyabrın 12-də məktub-ultimatum göndərir. Qacar məktubunda tələb edir ki, II İrakli 1783-cü ildə ruslarla bağladığı müqaviləni pozsun. Şah yazır: “Yəqin, Əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın itaətində olmusunuz.
İndi isə təəccüblə demək istəyirik ki, Siz ruslarla yaxınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda ancaq alver etmək məqsədilə gəzib dolanırlar və elə bütün işpeşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.
Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol verirsən. Kafirləri torpağına buraxırsan, onlarla birləşmisən və onlara istədikləri kimi şərait yaradırsan.
Sizin və bizim dinlərimiz müxtəlif olsa da, ancaq Siz həmişə İranla yaxın əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır. Ona görə də Siz utanıb xəcalət çəkməlisiniz ki, bu cür işlərə və əməllərə yol verirsiniz. Bu əməllərinizdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin. Lakin biz öz təbəəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik.
İndi Allahın köməyilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən əl çəkməlisiniz, ruslarla əlaqənizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda çox qısa bir müddətdə gürcüstan üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri qılıncdan keçirəcək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq.
Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən”.
II İrakli hiss edirdi ki, onun ölkəsinə çox güclü və dəhşətli fəlakət gəlir. Ona görə də ailəsini salamat qalmaq üçün Tuşetə göndərməli olur. Bu vaxt çətin dağ yolları ilə II İraklinin arvadı Darecan xanımı və uşaqlarını müşayiət edən Xeyransa xanım Yadigarova və bir neçə digər azərbaycanlı hünərvər qadın olub. Bu fakta mən “Kavkaz” qəzetinin 1854-cü ildə nəşr olunmuş nömrələrində rast gəlmişəm.
Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindən əldə etdiyimiz bir sənəd 1846-cı ilə məxsusdur. Həmin ilin may ayında Qafqaz canişini knyaz-general M.S.Voronsov raportla çar birinci Nikolaya bildirir ki, Lori dərəsindəki kəndlərin Sadıq bəy Yadigarovun ixtiyarında qalmasına icazə versin.
“Əvvəllər Körpülü kəndinin gürcü çarları İrakli və Georgi tərəfindən Sadıq bəy Yadigarova bağışlanması haqqında ona fərman təqdim olunmuşdur. Bununla bərabər çarlar ətrafdakı xristian və Azərbaycan kəndlərini də onlara bağışlamışdı və indiyədək də həmin kəndlər tamamilə Yadigarovların ixtiyarındadır” (M.S.Voronsovun raportundan).
Dekabrın altısında imperator M.S.Voronsova cavab məktubunda yazır ki, Lori dərəsindəki torpaqların Gürcüstanda yaşayan əsilzadə azərbaycanlıların ixtiyarında qalmasına etiraz etmir.

DOĞMA YERLƏRİN ƏTRİ

Təkəli kəndindən Bakıda yaşayan bir neçə ağsaqqal-ağbirçəklə görüşdüm.
Şəkili kimə göstərdimsə, tanıyan olamadı. Borçalıya getdim. Təkəlinin qocaman sakinləri Hüseyn Eyyubovla, Əli Qurbanovla görüşdüm. On doqquzuncu əsrin səksəninci illərində şəkildə əbədiləşən Yadigarovu heç kim tanımadı.
Sonralar Gürcüstan Mərkəzi Dövlət Arxivindən polkovnik Vəli bəyin və Poruçik Nadir bəy Yadigarovun fotoşəklini tapmaq mənə qismət oldu.
Vaxtilə Borçalı mahalının adlı-sanlı nəsillərindən biri olan Yadigarovlardan indi bu obada bir nəfər belə qalmayıb. İyirminci ilin sərt bolşevik ab-havası, 37-nin qara günləri bu nəslin oğullarını pərən-pərən salıb. Amma qeyrətli Yadigarov qardaşları haqqında qocaların sinəsi dastana sığışmayan əhvalatlarla doludur.
Gümrüdən (indiki Leninakan şəhəri – Ş.N) Sınıq Körpüyə, Borçalıdan Cəlaloğluya (indiki Stepnavan şəhəri – Ş.N) qədər sahələri Yadigarovların ixtiyarında olub. İki mərtəbəli, on iki otaqlı Yadigarovların şəxsi evi indi kəndin orta məktəbidir.
Kənddəki dəyirmanı, məscid binasını da bu qardaşlar tikdiriblər. İndi dəyirmandan çörəkxana kimi, məsciddən də mədəniyyət evi kimi istifadə olunur.
– İsrafil bəy uca boylu, enli kürəkli, qarayanız adam idi – Ağsaqqal Hüseyn dayı ilə birgə Yadigarovların həyətini, bərbad hala düşmüş bağlarını gəzirik. O, mənə nəvə rotmistr İsrafil bəydən söhbət açır. – Bəy İngiltərədən bir at gətirtmişdi.
Od parçası idi. Mən onda gənc idim, 14-15 yaşım ancaq olardı. Atam, əmilərim danışırdılar ki, Rus-Yapon müharibəsində İsrafil bəy döyüşlərin birində yaponların topunu qılınc gücünə ələ keçirmişdi.
Qafqaz süvari alayının tərkibində vuruşan rotmistr İsrafil bəy Yadigarov 1905-ci ildə zabitlərə məxsus “Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsi ilə təltif olunmuşdur.

***

1916-cı ildə çar əsgərləri kasıb kəndliləri çox incidirmişlər. Ağır vergi, müharibəyə əsgər toplanışı camaatı cana doydurubmuş. Yanı əsgərli pristav, uryadnikli qubernator kəndi çapıb-talayırmış. Qaçağanlı Mustafa Tağıoğlu, Məmmədtağı Axundoğlu və Qasımlı Kərəm qubernatorun iki əsgərini öldürürlər.
Az keçmir ki, iki polk əsgər Qaçağan kəndini mühasirəyə alıb kəndliləri döyür, işgəncə verib, cinayətkarları tələb edir. Kəndin bir neçə bəyi, hətta ortancıl qardaş
Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan incitməsin. Həsən bəy kənddə yox imiş. Tiflisdə imiş. Ona xəbər göndərirlər. O, dərhal kəndə gəlir. Camaatı döydürən qubernator faytondan generalın düşdüyünü görüb özünü yığışdırır.
Həsən bəy hirslə soruşur:
– Bu nə özbaşınalıqdır mənim kəndimdə? Qubernator:
– Əlahəzrət, mən onlardan əsgərləri öldürən cinayətkarları tələb edirəm.
– Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin öldrülmüş əsgərlərin qanpulunu artıqlaması ilə verərəm. O ki qaldı cinayətkar kəndlilərin Sizə divan üçün verilməsinə… Nə qədər ki, mən sağam, siz onları heç vaxt ala bilməyəcəksiniz…
Dodaqaltı donquldanan qubernator:
– Əlahəzrət, məndə o qədər pul hardadır?
– Onda gedin işi divan-məhkəməyə verin… Suyu süzülən qubernator əsgərləri də yığıb kəndi tərk edir. Bir daha geri qayıtmır.
Ağsaqqal Hüseyn Eyyuboğlunun söhbəti:
– İnsani keyfiyyətlərə məxsus olan general Həsən bəy çox rəhmli və səxavətli adam idi. Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı.
Borc alıb verə bilməyənlərə, külfəti çox olanlara güzəştə gedərdi. Həyat yoldaşı Rüxsarə xanım əmisi qızı idi. Atalar məsəlidir, ərlə arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi Rüxsarə xanım da kəndin, Borçalı mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli faytonunda gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən heç nəyi əsirgəməzdilər. Xoşxasiyyət və rəhmli Rüxsarə nənə kənd qızlarının toylarına gedər, qız-gəlinlərə hədiyyə alardı. Kasıblar üçün ayrıca qazan asdırardılar, onları yedizdirib-içirdərdilər.
Sadıq bəy Yadigarovun arvadı yarı gürcü, yarı Polşa tatarı idi. Üç oğlu vardı: Ərçil bəy, Vəli bəy və David bəy. İyirminci il onları kəndimizdən yox, ölkədən didərgin saldı. Heç kəsə pislikləri dəyməmişdi. Onlar çox sadə, əliaçıq adamlar idi: Rəiyyətlə rəiyyət, bəylə-bəy idilər.
Deyirlər, Sadıq bəyin nəvəsi David bəy bir neçə il əvvəl gəlib nənəsinin qəbrini ziyarət edib. Deyib ki, Zestafoni şəhərində yaşayır. Azərbaycanlı familyası ilə yaşadığından ona dinclik vermirmişlər. Ona görə də David Yadigaraşvili olub.
Tiflisdən Gəncəyə qədər elə bir məclis olmayıb ki, Yadigar oğullarının adı anılıb, sözləri danışılmasın. Tiflisdə imarəti, Borçalıda yurdu, qədim Gəncədə səxavəti, xalqın qəlbində isə məhəbbəti qalıb bu nüfuzlu nəslin oğullarının. Əgər yolunuz Gəncəyə düşsə, XVII əsrdə inşa edilmiş “İmamzadə” kompleksinə baş çəkin. Bu qədim memarlıq abidəsinin giriş qapısındakı qızılı rəngli yazıları oxuyun.
Türbənin iç divarına həkk edilmiş mərmər lövhədə ərəb əlifbası ilə belə yazılıb: “O (Allah) əbədidir. Bu, imam Məhəmməd Bağırın – ona salam olsun – oğluna Mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır.
Öz babasının köçməsindən yüz iyirmi il sonra vəfat etmişdir. Allahın ona salavatı olsun. Və ona görə də, bu yüksək məqamlı yerin bərpa olunmasını Tiflisli generalmayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə əmr etmişdir”.
1878-ci ildə ikinci Süvari Müsəlman alayının komandiri general İsrafil bəy ulu babalarının dini əqidəsinə sadiq olaraq türbəni öz hesabına təmir etdirmişdir.
İmamzadə pirində general İsrafıl bəy Yadigarovun hərbçi qohumları, əsli Tiflisdən olan Cəlal bəy və onun oğlu İsmayıl bəy Vəzirzadələr də dəfn olunmuşlar.
XIX əsrin əvvəllərində yaşayıb-yaratmış qazaxlı şair Mustafa ağa Arif Şıxlinskinin (1774-1845) Borçalı bəyləri haqqında olan bir şeiri ilə oxucuları tanış etməyi məqsədə uyğun bilirəm.
“Yeni dövrün möcüzəli məxluqu” titulunu qazanmış zalım general Aleksey Petroviç Yermolov Qafqaza hakim təyin olunan gündən – 1816-cı ildən yerli bəylərin, ziyalıların çar hökumətinə dönüklüyündən şübhələndiyinə görə onları dəstə-dəstə Sibirə sürgün edirdi. Mustafa ağanın sürgündə yazdığı “Düşmüşəm” qoşmasından məlum olur ki, bəylərdən biri namərdlik edib onun üzünə durub, şər atıb. Buna görə hökumət onu zaval təriqi ilə Rusiyaya sürgün etdirib. “Ağlaram” qoşmasında isə Mustafa ağa Arif Qazax, Şəmsəddin və Borçalı bəylərinin mərdliyini, on dörd il həsrətini çəkdiyi bulaqlarımızı, süsənli-sünbüllü dağlarımızı tərənnüm edib. Tuthatut günlərində məhz Borçalı bəylərinin elinə-obasına sadiq qaldığını, ağır günlərdə, namərd zəmanədə möhkəm və dönməz olduqlannı iftixarla yazır.
Təkəli kəndinin üst tərəfində kiçicik bir təpə var. Əsrləri yola salmış Babakər dağının ətəyindəki bu boz təpədə salxım söyüdlər altında məzarda bir igid, bir bəy uyuyur. Vaxtilə onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə bəd xəyallara düşən ermənilər diskinərdi, qorxardı. Kəhərin kişnərtisindən Çubuxlunun göy yaylaqları, Calaloğlu meşələri lərzəyə gələrdi. Lori dərəsinin yalçın qayaları bu kəsilməyən kişnərtidən əks-səda verərdi. İndi bu adi məzar daşında çox qısa bir yazı var: “General-mayor Həsən bəy İsrafil bəy oğlu Yadigarov, 1856-1934”.
Çoxdan unudulmuş general babamızın məzarını, gec də olsa yad etdik. Ruhuna rəhmət oxuduq. Dağılıb talan olmuş həyət-bacasına baş çəkdik. Ovlağından ötüb keçdik. Vaxtilə tərlan ilə şikar etdiyi süsənli-sünbüllü dağları gəzdik.

GENERAL-MAYOR ƏSƏDULLA BƏY YADİGAROV

İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən həmin səhvi eləmə.
Cəlil Məmmədquluzadə
yazıçı dramaturq

Çoxsaylı Yadigarov oğulları arasında ömür yolunu müfəssəl öyrəndiyimiz Əsədulla bəy Yadigarovdur. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın on ikisində ona general-mayor rütbəsi verilib.
XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər.
Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi, 1844-cü il dekabrın iyirmisində Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır.
On altı yaşlı Əsədulla bəyi Peterburq yaxınlığındakı Pavlov kadet korpusuna oxumağa qoyur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun on ikisindən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra 1865-ci il fevralın doqquzunda iyirmi bir yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir.
Gürcüstan Mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus “Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı” kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın on ikisində ştabs-rotmistr rütbəsinə və iki il sonra “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.
1873-cü il yanvarın on altısında şəxsi raportu ilə mülki xidmətə keçən ştabsrotmistr Əsədulla bəy Yadigarov dörd il ordudan uzaqlaşmışdır.
1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və, üstəlik də, Balkanlarda öz nüfuzunu güeləndimıək üçün fəal mübarizə aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin iyirmi dördündə Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi.
Mayın iyirmi üçündə yenidən orduya çağırılan podpolkovnik Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və Qazax bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) və dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə təltif olundu.
Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışıb. O, 1881-ci il mayın otuzunda Qafqaz Hərbi Teleqraf parkının komandiri, 1883-cü ildə aprelin 13-də Qafqaz sanitar batalyonunun komandiri təyin olunub. Həmin ilin mayın on səkkizində qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın on altısında polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb – Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahin alayının komandiri. 1895-ci il oktyabrın on ikisində isə polkovnik Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilib.
Ömrünün otuz iki ilini nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona kavaler ordenləri ilə təltif göstərilir: “Müqəddəs Stanislav” ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), “Müqəddəs Vladimir” ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-cü illərdə), “Müqəddəs Anna” ordeninin ikinci, üçüncü dərəcəsi (qılınc və bantla birgə 1877,1889-cu illərdə). O həm də 1884-cü ildə isə Əlahəzrət imperatorun şəxsi təşəkkürünə layiq görülüb.
Üç hərbi yürüşün -1869, 1871 və 1877-78-ci illərdə fəal iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci ildə Daniya ölkəsinin “Danevorq fəxri süvari xaç ordeni” ilə, 1898-ci ildə birinci dərəcəli “Buxara qızıl ulduzu” və 1889-cu ildə İranın ikinci dərəcəli “Şire-Xorşid” ordeni ilə təltif olunub.
İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri zamanı Azərbaycandan keçmiş və onun bir neçə bölgələrini gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə yada salıb:
“Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çox yerdə İran dağlarında olan vəhşi qırmızı güllər vardır. Təzə yarpaq açmışdır. Lakin çox əcaib və qəribə gül məskəni gördüm ki, beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir, çox gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir.
Polkovnik Əsədulla bəy Yadigarovun xoş təsir bağışlayan gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır”… (Nəsrəddin şah Qacar “Ruznameyi-Səfəri- Sevvomi-Firəngistan” əsəri, səh. 42. Bombey nəşri, 1891-ci il).
Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə vəfat etdiyi göstərilir. Şeyxülislam (Axund Əbdüssəlam Axundzadə 1843-1907) Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-1917 – Ş.N) həzrətləri, quberniyamızın hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb fərqi kimsənin xatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və ruhanilik vəzifəsini əmələ gətirirdi.
Şahzadə polkovnik Şahrux Mirzə Qacar (1844-1915) dəxi hüzur ilə alayı zinətləndirməkdə idi.
Rus, gürcü və … mötəbərlərindən bir çox şəxs hazır idilər. Finans vəzavətinin (maaliyyə nazirliyinin) nümayəndəsi, məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan və müsəlmanlara daima xüsusi məhəbbət və ehtiram obrazından çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var idi. Əhalinin sayı islam olsun (müsəlman), xristian olsun, saya gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda xüsusi bir ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan əşxasın dəfni belə olur.
Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin) bilaistisna həpisinin və xüsusilə həzrəti-şeyxülislamın, qazi Hacı Axundun və şahzadə Şahrux Mirzənin qəbirstanda təbliğ buyurulan müvəkkid (təkidli) xahişlərinə görə “Şərqirus” miyidlərimizin ehtiramı və İslam millətimizin xəvaric içində bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqe edirik ki, qəbirstanda halva dağıtmaq adətini tərk etsinlər. Çün Əsədulla bəyin dəfnində dəxi olduğu kimi halva paylamaq, iqtaşaşsız-davasız, təziyə sahiblərini və camaatı qəlbən mükəddər
etməmiş heç vaxt əmələ gəlməyir. Halva xərcini ehsan üçün füqəraya paylayın!
(“Şərqi-rus” qəzeti 2 iyul 1903, № 39, səh.2)

GENERAL-MAYOR DAVUD BƏY YADİGAROV
(1881-1920)

General – mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirib. 1909-1914 cü illərdə İranda ezamiyyətdə olan Əlahəzrət imperator adına 17-ci Hijeqorodsk draqun alayında ratmistr rütbəsində xidmət edib. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 23 oktyabr 1919-cu ildə Hərbi Nazir Səməd bəy Mehmandarovun 492 saylı əmrilə ona general-mayor rütbəsi verilib. 1919-cu il avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə general Cavad bəy Şıxlinskinin Birinci piyada diviziyasında Birinci dəstənin komandiri olub. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb.
1920-ci il 28 aprel çevrilişindən sonra Türkiyəyə mühacirətə gedib.

POLKOVNİK VƏLİ BƏY YADİGAROV
(1898-1971)

Bir arzum var: Qazax-Borçalı mahalının tarixi ilə gələcəkdə kimsə ciddi məşğul olmalıdır. Çünki belə bir böyük və cəsur camaatın uzun əsrlər boyu halı və vəziyyəti haqqında hələ ki, ciddi bir söz nə deyilib, nə də ki, yazılıb.
Akademik Ziya Bünyadov

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olub. XI Ordu Bakıya yürüş edəndə Üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə birgə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir.
1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Vəli bəy Polşaya mühacirətə gedib. Polşada “Armiya Krayova” – London mühacirlərinin alman faşistlərinə qarşı gizli hərbi təşkilatında çalışıb. Xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu əlahiddə atıcılıq diviziyasının
komandiri olub.
Polşada çıxan “Jiçe Varşavi” “Varşava həyatı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: “Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır.
Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir.
Polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır…
Bu qərib Polşa ordusu heyətində vuruşub, K.Soskovski adına Yeddinci Ulan alayının zabiti olub. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı
tərk etmək məcburiyyətində qalıb, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olub.
Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızıyla cvlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi
xatırlayırlar.
Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müdafiə kompaniyasında iştirak edib, Mazovetsk süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir.
Müharibədən sonra Vəli bəy Yadigarov Argentinaya mühacirət edib, on doqquz il əvvəl – 1971-ci il yanvarın 13-də Buenos-Ayresdə vəfat edib.
Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilib. Dəfn mərasimində mərhumun qızı – Züleyxa xanım Yadigarov-Kalinovskaya da olub. O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır”.
Hələ sovetlər dövründə Yadigarovlar nəslinin nüfuzlu oğulları haqqında axtarışlar aparırdım. Onlar barədə qəzet və jurnallarda dönə-dönə çıxış etmişdim.
2004-cü ildə nəşr olunan “General Yadigarov qardaşları” kitabının “Müəllifdən” fəslində yazmışdım:
“Aradan uzun illər keçməsinə baxmayaraq mən bu gün də ümid edirəm ki, nə vaxtsa nüfuzlu Borçalı nəsli -Yadigaroğullarından hansı birisə gec-tez tapılacaq.
Dilini, dinini itirmiş də olsa ana Vətəni Azərbaycana qayıdacaq. Bəlkə də, dədəbabasının vaxtı ilə apardığı sonədlə, fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köçmüş ulularının sağ ikən onlara danışdığı acılı-şirinli xatirələri ilə hərb tariximizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər”.
Budur, aradan cəmi beş il keçdikdən sonra zənnim doğru çıxdı. Varşavada yaşayan bu nəslin ziyalı qızı Züleyxa xanım Yadigar Kalinovska atası, polkovnik Vəli bəy barədə məlumat verdi. Azərbaycanda və Borçalıda heç vaxt olmayan, 1942-ci ildə Varşavada doğulan Züleyxa xanımın kövrək xatirələrini həyəcansız oxumaq mümkün deyil. Xatirələrindən açıq-aydın hiss olunur ki, 1920-ci ildən sonra ömrünün sonuna kimi Avropada cəlayi-vətən bir ömür yaşayan Vəli bəy yeganə qızı Züleyxa xanımı Azərbaycana sevgi ruhunda böyüdüb tərbiyə etmişdir.
“Mən həmişə əsil-nəcabətimlə fəxr etmişəm”. – Züleyxa xanım Yadigar qürbətdən
göndərdiyi xatirələrinə bu sərlövhəni təsadüfi seçməmişdir…
Vaxtilə Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş, ordu generalı Kazimej Sosnkovski (1885-1969) həmyerlimiz Vəli bəy haqqında yazırdı:
“Doğma xalqının taleyini heç vaxt unutmayan polkovnik Vəli bəy Yadigar, eyni zamanda Polşanın da alovlu və sadiq oğlu idi”.

“MƏN HƏMİŞƏ ƏSİL-NƏCABƏTİMLƏ FƏXR ELƏMİŞƏM…”

“Armiy Krayevoy” bülleteninin redaksiya heyətindən atam Ata (orijinalda bu cür yazılıb) haqqında xatirələrimi yazmaq üçün təklif almaq mənim üçün böyük şərəf idi. Çox mütəəssir oldum. Birincisi, ona görə ki, bu təklifi atamın “Armiy Krayevoy”da qulluq edən döyüş dostlarından almışdım. İkincisi isə, çox fəxr edirdim ki, bu xatirəni AK bülleteni üçün yazacağam. Bu jurnal mənim üçün hələ
uşaqlıq illərindən tanış idi. Atam bu jurnala vaxtaşırı məqalələr yazırdı.
Polkovnik, peşəkar hərbçi olan Vəli bəy Yadigar müharibədən sonrakı Polşada (I Dünya müharibəsi nəzərdə tutulur) ziddiyyətli şəxsiyyət olub. Bir tərəfdən o, “ağqvardiyaçı” olduğuna və özünün ilk Vətəni Qafqazın azadlığı uğrunda vuruşduğu üçün “arzuolunmaz” şəxs elan olunmuşdu. Başqa bir cəhətdən isə, göstərdiyi xidmətlərə görə Polşa ordusunda nüfuzlu şəxs sayılırdı. Ötən əsrin yetmişinci illərində onun döyüş dostları deyirdilər ki , “Vəli bəy heç vaxt Polşaya qarşı laqeyd ola bilməzdi, çünki o, azərbaycanlı idi”. Mənim atamın dediyi sözlər də həmin fikirlərlə üst-üstə düşür: “Müharibə dövründə Polşada qalmaq mənim müqəddəs borcum idi”.
Vəli bəy Yadigar 1898-ci ilin oktyabrında Azərbaycan sərhədlərinə yaxın olan Borçalı mahalının Təkəli kəndində anadan olub. Borçalı varlı, təbiətən gözəl, olduqca qonaqpərvər bir mahaldır. Burada uzun müddət müstəqillik uğrunda mübarizə aparıblar. Atam hələ gənc ikən hərbi təhsil alıb və sonra müharibəyə yollanıb. Qafqaz uğrunda aparılan müstəqillik mübarizəsi tezliklə qələbə ilə nəticələnib.
1918-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz öz müstəqilliyini elan edib və Millətlər Cəmiyyəti tərəfindən de-fakto və de-yure tanınıb.
Bolşevik ordusu yenidən Qafqazı işğal edərkən Vəli bəy, böyük qardaşı Abbasəli bəy və Ərçil bəy Yadigarovlar nəslin ağsaqqalı olan atalarından doğma yurdu tərk etmək haqqında əmr alıblar. Qardaşlar Gürcüstana keçiblər, oradan isə gəmi ilə Avropaya gediblər. Həmin dövrdə bir sıra xarici ölkələr (Türkiyə, Yunanıstan, Fransa, Polşa) sərhədlərini açaraq Qafqazdan olan zabitlərə siyasi sığınacaq verirdilər. Hətta onlara öz hərbi karyeralarını davam etdirməyə də söz vermişlər.
Gənc Yadigarovlar uzaq Lexistanı seçdilər. Bu təsadüfı deyildi. 1863-cü il Polşa üsyanında iştirak etmiş Martin Yanitski adlı bir polyak uzun illər onların evində aşpaz kimi qulluq etmişdi.
Qoca polyak axşamlar gənc qafqazlılara həmvətənlərinin müstəqillik uğrunda necə mübarizə etdikləri barədə “nağıllar” danışırdı. Bu nağıllar gənc qafqazlıların qəlbində öz müstəqilliyi və azadlığı uğrunda gərgin mübarizə aparan xalqa qarşı dərin məhəbbət və hörmət hissi oyatmışdı. Bu səbəbdən də onlar yaşamaq üçün Polşanı seçdilər.
1921-ci ildə Vəli bəy və böyük qardaşı Ərçil bəy Polşaya gəldilər. Onları qonaqpərvərliklə qəbul etdilər. Zabit kursunda təhsilini başa vuran atam Lansusda yerləşən atlı atıcı polkuna təyinat aldı. Növbəti hərbi manevr zamanı o, general Sosnkovski adına Lyublin ulan alayının komandiri general Yanuş Qluxovskinin diqqətini özünə cəlb etdi. General və onun həyat yoldaşı pan Mariya Qluxovska gənc qafqazlı zabitin gələcək taleyində böyük xidmət göstərdilər. Generalın məsləhəti ilə atam Ali Hərbi Akademiyanı bitirir (1930-1932-ci illər) və yeddinci ulan alayına təyinat alır və ömrünün axırına qədər buradan ayrılmır.
Atamın qulluq etdiyi yerdə, oturub-durduğu adamlar əsl legionerlər idi.
Onun ən yaxın ürək dostu general Stanislav Qjmot-Skotniski olmuşdur. Bu o səbəbdən ola bilər ki, atam ömrü boyu legiondan başqa heç yerdə qulluq etməyib və əqidəsinə görə legioner olub. Həyatı boyu üç dəfə marşal Yuzef Pilsudski (1867-1935) ilə görüşüb. İlk görüşləri atam Hərbi Akademiyanın dinləyicisi olanda baş verib. Necə olubsa atam Belvedersk kitabxanasında gecəyədək məşğul olub və birdən yadına düşüb ki, sevdiyi qızla görüş barədə vədələşib. Hövləng kitabxanadan çıxıb və uzun hərbi şinelinin düymələrini bağlamaq yadından çıxıb.
Belvedersk meydanı ilə qaça-qaça gedərkən tənha gəzən bir kişi ilə az qalıb ki toqquşsun. Sən demə, həmin adam marşal Pilsudskiymiş. Ona rəsmi təzim edən gənc zabitin həyəcanını duyan marşal ondan soruşur:
– Mənə de görüm, o gözəldimi?
– Bəli, pan marşal, – deyə atam cavab verir.
– Onda tələs, ancaq düymələrini bağlamağı da unutma – deyə marşal dillənir.
İkinci görüşləri isə Türkiyədən yüksək çinli qonaqlar gələndə olub.
– Mənə elə bir türk tapın ki, söhbətimizi tərcümə etsin – deyə marşal əmr edir. Həmin “türk” isə mənim atam olub.
Üçüncü, sonuncu görüşü isə 1935-ci ildə Marşal Pilsudskinin cənazəsi önündə üç dəqiqəlik fəxri növbə çəkən zaman baş verib.
Müharibə atamı Qrudziadzedə kavalerist hazırlığı Mərkəzində rəhbər işlədiyi zaman yaxaladı. Atam təcili olaraq öz polkuna döndü və döyüşlərdə iştirak etdi. Döyüş zamanı almanlara əsir düşdü. Bir ncçə aydan sonra auslender, yəni xarici dövlətin vətəndaşı kimi azadlığa buraxıldı.
O Varşavaya gəlir, ulanların yeddinci alayı ilə əlaqə yaradır və gizli fəaliyyət göstərməyə başlayır. 1944-cü iləqədər Yelena hərbi dəstəsinin komandiri və təşkilatçısı olur. “Onun uşaqlarının” (atam onları belə adlandırıb) dediyinə görə o çox ciddi və intizamlı komandir idi. Çox ciddi olsa da hamı onu çox sevirdi. O əsgərlərin yanında olanda əsgərlər hərbi tapşırıqları sərbəst yerinə yetirir və bilirdilər ki, çətinliyə düşsələr cəsur zabit onlardan köməyini əsirgəməyəcək.
General Tadeuş Bor Komorovski ilə möhkəm dostluğu ona gətirib çıxardı ki, atam AK-də iki yüksək vəzifə tutmuşdu. Öz sevimli alayında komandir olmaqla yanaşı, o, həm də Baş qərargahda kavaler şöbəsinin rəisi vəzifəsində işləyirdi.
Mən 1942-ci ildə Polşanın paytaxtı Varşavada doğulmuşam. Mənim anam Vanda Eminoviç-Yadigar Yelena hərbi dəstəsində rabitəçi idi və mən ona məxfi məktubu kiçik uşaq arabasında aparmaqda “kömək” etmişəm. Sovet İttifaqı öz gələcək muzdlularını Polşada yerləşdirdikdən sonra onların emissarları xalqı üsyana çağırırdılar. Onda Sovet ordusu ölkənin şərq hissəsinə nəzarət edirdi.
Vəziyyəti belə görən general Bor-Komarovski atama Qərbə getmək əmrini verdi və onu inandırdı ki, heç bir üsyan olmayacaq. 1944-cü il aprelin 17-də biz Polşanı tərk edərək Venaya yola düşdük.
Atam faciəli avqust üsyanı barədə məlumat alan kimi, “yaşıl dəhliz”dən istifadə edərək təcili olaraq Polşaya qayıtdı. Çox təəssüf, artıq gec idi: Gestaponun Şuxadakı qərargahına uğursuz hücum zamanı alay demək olar ki, məhv edilmişdi.
Atam alayın bayrağına görə çox narahat oldu. Xoşbəxtlikdən o tapıldı. Əsgərlər bayrağı Novom Dvorda pan Belkoviçə məxus malikanənin həyətində basdırmışdılar. Nə qədər ağır olsa da atam alayın buraxılması barədə sonuncu əmrini verdi.
Həmin faciəli anlarda, Polşaya gəlişinin son günlərində atam mənim babam Stanislav Elinoviçi axtarıb. O, nənəm Yadviqin ölümündən sonra Varşavanın xarabalıqlarında gecələyib. Atam lazımi adamları ələ alaraq qayınatası ilə birlikdə
axırıncı alman evakuasiya qatarı ilə şəhərdən çıxa bilib. Artıq həmin anlarda Sovet tanklarının ilk dəstələri Varşavaya daxil olmağa başlayıb. Nəhayət, bizim ailəmiz Venada bir-birinə qovuşdu. Üç aylıq sərgərdan həyatdan sonra İtaliyaya gəlib çıxdıq. Tərkibində olduğumuz ikinci ordu korpusunda heç kəs inanmaq istəmirdi ki, Sovetlər polyakları dəhşətli dərəcədə aldadıb. Bu ancaq “Sovet zonalarından” ilk qaçqın dəstələri gələndə aşkar məlum oldu. Mühacirətdə olan Polşa hökuməti bu faciəvi xəbərlə barışmalı oldu. Biz Polşa zabitləri və əsgərləri ilə birlikdə İngiltərəyə yollandıq. Əvvəlcə atamın komendant olduğu Tilsok hərbi düşərgəsində yaşadıq. Sonra Londona köçdük. Valideynlərim həmişə yeni gələn dəstələrin içində özlərinin AK-dən olan dostlarını və həmkarlarını axtarırdılar.
Həmin gün, Polyak hərbi birləşmələrinin döyüş bayraqlarının London muzeyinə təhvil verildiyi gün, mən də atamla birlikdə idim. Hamı ciddi görkəmli idi, heç kəs danışmırdı, mən generalların göz yaşını ilk dəfə görürdüm. Mənim üçün, böyüklərin əhatəsində olan və bütün bu hadisələrin şahidi olan bir uşaq üçün, bu günlər yaddaşımda əbədi qaldı. Mənim cəmi dörd yaşım vardı və atamın bütün dostlarının, o cümlədən general Bor-Komorovskinin, onun gözəl qadını İrenanın, general Yanuş Qluxovskinin və onun arvadının (mənim gələcək xaç anam), general Vladislav Anders və digər hərbçilərin sevimlisiydim. Dostların arzusu ilə mənim xaç suyuna salınma mərasimim müharibədən sonrakı illərə qədər təxirə salındı.
Axır ki, həmin vaxt gəlib çatdı. Məni 1947-ci il yanvarın 28-də Londonda xaç suyuna saldılar. Xaç anam, yuxarıda qeyd etdiyim kimi, general Qluxovskinin arvadı oldu, Xaç atam isə həmin dövrdə Ali Baş Komandan olan Kazimej Sosnkovski oldu. Mərasimdə onu general Tadeuş Bor-Komorovski əvəz edirdi.
Xaç suyuna salınmağım mənim xatirələrimin ən yaddaqalan işıqlı anları idi.
Müharibədən sonra, ordudan tərxis olunan atamın miqrasiya etməkdən başqa bir çıxış yolu yox idi. Biz Argentinaya getməyə qərar verdik. 1949-cu il fevralın 28-də hərbi gəmi ilə çətin, ağır səyahətə çıxdıq. Gəmidə bizimlə birlikdə gedən adamlar hər şeylərini itirmişdilər. Hətta bir çoxlarının heç bir sənədi də yox idi. Buenos-Ayresə gəlib çatan kimi atam AK-nın Buenos-Ayres özəyini və ulanların yeddinci alayının yerli şöbəsini yaratdı. Atam uzun müddət özəyin sədri oldu. İlk növbədə sayca az olan Qafqazlıların İttifaqı yarandı. Nəhayət ki, atam qula çevrilmiş Avropa xalqlarının – Liberasion Europa İttifaqının vitse-prezidenti oldu. Bu təşkilatın prezidenti isə polyakların böyük dostu litvalı general Teodor Daikantas seçildi.
Argentinaya gələndən dörd il sonra ağır xəstəlikdən sonra anam vəfat etdi.
Həyatının son günlərinədək o bizim ailə təsərrüfatını bacarıqla idarə etdi və ictimai işlərdə də iştirak etdi. Anamın ölümündən sonra ailənin və mənim bütün qayğılarım atamın üzərinə düşdü. İş tapmaq olduqca çətin idi. Peşəkar Polşa zabitinə harasa işə düzəlmək isə daha müşkül idi.
İlk bir neçə ili atam dəniz limanında yükvuran fəhlə işlədi, sonralar isə əyrici fabrikə fəhlə düzəldi. Belə vəziyyətdə olan təkcə o deyildi. Artıq o qədər də gənc olmayan Polşa zabitlərinin çoxu gecə gözətçisi, (məsələn, polkovnik Zemoviy Qrabovski, müxtəlif fabriklərdə qara fəhlə (məsələn, general Yeji Zavişa süni məmulatlar fabrikində) kimi işləyirdilər, bir neçə il keçdikdən sonra isə qocalar evində tənhalıq içində ölürdülər.
Mən bir az böyüyəndən sonra vaxtımı təhsil, ictimai iş və sadə təsərrüfatımız arasında bərabər bölüşdürməyə çalışırdım. 1971-ci il yanvarın 13-də polkovnik Vəli bəy Yadigar üçüncü ürək tutmasından sonra vəfat etdi. Sonralar mən əvvəlcə Polşada, sonra isə İngiltərədə oldum. İstəyirdim ki, atamın vəsiyyətini və lazımi kağızları atamın həmkarlarına daha tez çatdırım. Həm Varşavada, həm də Londonda məni çox səmimi və ürəkaçıqlığı ilə qarşıladılar. Ən yaddaqalan anlardan biri general Tadeuş Pelçinski ilə Polşa vətənpərvərlərinin həyat və gizli fəaliyyətini geniş əks etdirən sənədlərin saxlandığı London muzeyinə getməyimiz oldu. Ali Hərbi Akademiyanın məzunlarından ibarət dərnək, general Stefan Soboniyevskinin rəhbərlik etdiyi Polşa veteranlarının Ali Radası və digər təşkilatlar atamın xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər və gecələr keçirdilər.
Cəmi iki ildən sonra mən özüm də Argentinadan İspaniyaya mühacirət etdim. 1980-ci ildə Yeşi Kalinovski ilə ailə qurdum. Biz Argcntinada tanış olmuşduq. Yeşi keşiş Rafala Kalinovskinin nəvəsi idi. 1990-cı il avqustun 4-də mənim valideynlərimin cənazəsi Varşavadakı Müsəlman qəbiristanlığında hərbi şərəflə ikinci dəfə torpağa tapşırıldı. Çoxdankı arzum həyata keçdi. Polkovnik Vəli bəy Yadigar ikinci sevimli vətəni olan Polşaya qayıtdı. Bu ancaq mənim yaxın dostlarımın, atamın etibarlı və sədaqətli həmkarlarının böyük köməyi və yardımı ilə baş tutdu. Argentina və Polşa dövlətləri təşkilati çətinlikləri birgə aradan qaldırdılar.
Bilmirəm, öz xatirələrimi hansı sözlərlə yekunlaşdırım. Fikirləşirəm və ürəyim bunu deyir: atam məni polyak qızı kimi tərbiyələndirib, ancaq mən isə həmişə qafqazlı əsil-nəcabətimlə fəxr eləmişəm.

***

Qarabağ Zəngəzur döyüşlərindən general-mayor Davud bəyə və kornet Vəli bəy Yadigarova məxsus raport və sənədlər saxlanılır. 1920-ci ilin mart ayında erməni-daşnak birləşmələri Əsgərana hücum edəndə kornet Vəli bəy Üçüncü Şəki süvari alayında döyüşürdü. Alay komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı general-mayor Həbib bəy Səlimova göndərdiyi 26 mart tarixli məlumalında yazırdı: “Bu gün – martın iyirmi altısında artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə
– dağların şərq ətəklərinə çəkilmişlər. Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə partizan yaralanmışdır. Məlumat
verirəm ki, sonrakı uğurlarımız və ermənilər üzərində qəti və son qələbəmiz mənim dəstəmin nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona görə ki, cəbhə xətti getdikcə böyüyür, mənim alayımda döyüşçülər azdır və üç günlük ağır döyüşlərdən sonra yorulub əldən düşmüş partizanlar evlərinə gedirlər.
Düşmənin çoxsaylı süvari dəstəsini başıalovlu qaçmağa məcbur etmiş birinci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm. Artilleriya vzvodunun komandiri praporşik Seyidzadənin dəqiq atəşi ilə düşmən mövqeyi susdurulmuşdur”- Podpolkovnik Tongiyev. (“Azərbaycan Dövlət Arxivi, f. 2894, siy.2, iş 5, vərəq 6”)
Vəli bəy Sadıq bəy oğlu 1898-ci il sentyabrın 31-də anadan olub. Borçalının Təkəli kəndindəki nüfuzlu Yadigarovlar nəslindəndir. 1916-cı ildə Tiflisdə gimnaziyanı bitirdikdən sonra könüllü surətdə Rus ordusunun Birinci Dağıstan süvari alayında döyüşüb. General Brusilovun ordusunda “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Kiyevdəki Artilleriya Zabitləri Məktəbində təhsilini davam etdirmək üçün xidmətə göndərilib. Bolşevik çevrilişindən sonra imperiya dağıldığına görə məktəbi bitirə bilməyib. Vətəni Azərbaycana qayıdıb, tağım komandiri dərəcəsinədək yüksəlib və Azərbaycanın azadlığı uğrunda eskadron komandiri kimi Qarabağ döyüşlərində iştirak edib. Sonralar isə Şəki süvari alayında xidmətini davam etdirib. Bolşeviklərin Azərbaycanı və Gürcüstanı istilasından sonra 1922-ci il noyabrın 19-da Qafqazdan köçüb, Türkiyə və Rumıniyadan Polşaya gəlib. 1923-cü ildə tağım komandiri, daha sonra isə Polşa ordusunun mayoru, Lantsutada 10-cu süvari atıcılar alayının eskadron komandiri olub. 1928-30-cu illərdə Ali Hərbi Məktəbdə oxuyub və oranı müvəffəqiyyətlə bitirib. Süvari briqadasına “Baranoviç” (Novoqrodska VK) qərargahına təyinat almış, 1936-cı ildə isə Lüblin ulanlarının yeddinci alay komandirinin birinci müavini olub. Bu tərkibdə 1939-cu ilin sentyabr proqramında alay komandanlığının qərargah zabiti kimi, sonra isə Mazovitsk süvari briqadasının qərargah rəisi kimi iştirak edib. Əcnəbi vətəndaş olduğuna görə almanlar onu azadlığa buraxıb. O, Polşa Milli Ordusunda xidmətə başlamışdır. Məxfi alayın komandiri təyin olunmuş və eləcə də Milli Ordunun süvari komandanlığı bölməsinin rəisi olub. 1944-cü ilin iyulunda Milli Ordu komandanlığı tərəfindən Varşavadan Polşanın Qərbdə olan hərbi qüvvələrinə ezam olunub. 1945-ci il yanvarın birində “Yelen” Lüblin-Ulan alayının yeddinci məxfi alayının və 1945-ci ilin yazında ikinci Polyak Korpusunun baş komandanı general Vladislav Andersonun yanında qeydiyyatdan keçib. Orada yeddinci Lüblin-Ulan alayında xidmətə başlamışdır. Azad olunduqdan sonra 1949-cu ildə Argentinaya köçüb.
Buenos-Ayresdə məskunlaşmış və burada azadlıq uğrunda Polyak və Qafqaz mühacirət təşkilatlarında fəal iştirak edib. Azərbaycanın hərbi ordeni “İgid nişanı” ilə, eləcə də polyak ordenləri “İgidlik”, “Qızıl xaç” (qılıncla), və Polşa Milli
Ordusunun “Xaç” ordeni ilə mükafatlandırılıb.
Yadigarovlar nəslindən 1918-20-ci illərdə Milli Azərbaycan Ordusunda səkkiz zabit şərəflə xidmət edib: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştab-rotmistr Məmməd bəy, İkinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Zadəgan nəslinə məxsus olan Vəli bəy ilk hərbi təhsilini 1909-1915- ci illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən kornet Vəli bəy Əlahiddə Qafqaz ordusunun korpusunda xidmət edib.
Uzun illər Polşada müharicətdə yaşayan rotmistr Vəli bəy Yadigarov 1933- cü ildə polyak dilində “Mustafa Axmatoviç adına Tatar-Ulan alayının hərbi tarixi oçerki” kitabını Varşavada nəşr etdirib. Kitabda 1920-ci ildən sonra Polşa, Krım, Litva və mühacirətdə olan Rusiya müsəlmanlarının Tatar-Ulan alayındakı fəaliyyəti geniş işıqlandırılır. Əsər 1990-cı ildə təkrar nəşr olunub. Onu da xatırladaq ki, podpolkovnik Vəli bəy Yadigarovun 1920-ci ildə bolşevik çevrilişindən sonra məhz Polşaya mühacirətə getməsi təsadüfi deyildi. Atası Sadıq bəy Yadigarov XIX əsrin ortalarında Polşada yaşayan tatar qızı, şahzadə Olqa Russiya-Korçibaşeva ilə evlənmişdi.
On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy Yadigarov isə ön cəbhədə uğurlu döyüşlərə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunub.
Arxiv sənədlərindən o da məlum olur ki, süvari alayında xidmət edən Məmməd bəy Yadigarov üstü “İgidliyə görə” yazılı “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsilə təltif olunub.
Bunlar Yadigarov qardaşlarının 1914-16-cı illərdə təltif olunduğu ordenlərdir. Təəssüf ki, 1920-ci il aprel çevrilişindən sonra onların da taleyi məlum deyil.

POLKOVNİK İSRAFİL BƏY YADİGAROV
(1888-1944)

1916-cı ilin yanvar ayında İsrafil bəy “Dikaya diviziya”nın Tatar- Azərbaycan Süvari alayında xidmətə göndərilir, Rumın cəbhəsindəki döyüşlərdə iştirak edir. Həmin il aprel ayının 29-da Əlahəzrət imperatorun əmri ilə İsrafil bəy Yadigarova rotmistr rütbəsi verilir. Rus imperiyası dağılana qədər orduda xidmət edən rotmistr İsrafil bəy 1917-ci ilin noyabr ayında doğma vətəni Borçalıya qayıdır. 1918-ci ilin payızında Gürcüstanın Ermənistanla Lori nahiyyəsinin torpaqlarına görə gedən döyüşlərdə Gürcü ordusunun sıralarında daşnaklara qarşı iştirak edir.
1918-20-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edən İsrafil bəy Gəncə üsyanının fəal iştirakçısı olur. Gürcü dilini yaxşı bildiyinə görə 1920-ci ilin mayın 24-də onu gürcülərdən silahlı qüvvə gətirmək üçün Tiflisə göndərilir. Hələ 1919-cu il iyun ayının 16-da Azərbaycan və Gürcüstan hökümətləri arasında üç il müddətinə on maddəli hərbi ittifaq bağlanmışdı. Hərbi müdafiə paktına əsasən hər hansı düşmən qüvvəsi Azərbaycanın və ya Gürcüstanın ərazi bütövlüyünə, ya da istiqlaliyyətinə təcavüz edərdisə tərəflər bir-birinə hərbi yardım göstərməyə borcludur.
1920-ci ilin may ayında Gəncədə bolşevik əsarətinə dözməyən Azərbaycan əsgər və zabitləri silaha sarıldılar. Məqsəd əsarəti devirmək, istilaçı daşnakbolşevik ordusunu silah gücünə ölkədən vurub çıxarmaq idi.
“…Mən bolşeviklərin əleyhinə çıxış etmək planını gerçəkləşdirdim. Bunun üçün üsyanı mayın 24-nə təyin etdim. Gürcü ordusu ilə əlaqə saxlamaq və onunla ümumi döyüş hərəkətlərini istiqamətləndirmək üçün Gəncədəki üç zabiti – gürcü podpolkovnikləri Eristovu, Sumbatovu və podpolkovnik İsrafil bəy Yadigarovu Tiflisə göndərdim və öz planımı onlara ətraflı şərh etdim. Qarabağ dəstəsi ilə əlaqə yaratmaq üçün iki zabiti müvafiq təlimatlarla Qarabağa göndərdim. Ağdamda və Tərtərdə yerləşən üçüncü Şəki süvari alayı Gəncə süvari alayına birləşəcək və bütün Qarabağ dəstəsinin avanqardı kimi Gəncəyə kömək etməyə tələsəcəkdi.
Hamı axıra qədər mübarizəyə hazır idi. Şəhərdə artıq qanlı döyüşlər başlamışdı. Qoy mayın 28-i tariximizə təkcə istiqlaliyyətimizin elan olunduğu gün kimi deyil, həm də vətən uğrunda fəda edilmiş böyük qurbanlar günü kimi yazılsın.
Qoy bu gün düşmən ağır, amansız mübarizə ilə qarşılaşsın – həyat uğrunda deyil, ölüm uğrunda mübarizə ilə! Mayın 28-dək layiqli mübarizə mənəviyyatımızın böyüklüyünün, mənəvi qələbəmizin rəmzi olsun.
Mayın 28-dən 29-na keçən gecə Gürcüstanın bolşeviklərlə artıq bir neçə gündür ki, sülh bağlaması haqqında ilk məlumat alındı. Bu xəbər üsyançılar üçün fəlakətə bərabər idi. Axı, bütün ümidlər Azərbaycan və Gürcüstan arasında bağlanmış hərbi-müdafiə haqqında müqavilə bu dövlətləri qarşılıqlı yardıma məcbur edirdi (polkovnik Cahangir bəy Kazımbəyli. “Gəncə üsyanı haqqında xatirələr” ABŞ-dakı Azərbaycan Milli Birliyinin Orqanı olan “Azərbaycan” jurnalı, 1953-cü il, №12).
Üsyan məğlub olduqdan sonra rotmistr İsrafil bəy çoxlu sayda Azərbaycan əsgər və zabiti ilə birgə Türkiyənin İstanbul şəhərinə mühacirətə getməyə məcbur olur. Burada gün-güzəranı ağır keçən İsrafil bəy Yadigarov 1922-ci ilin noyabr ayında Polşaya köçür. O, mühacirətdə olan qohumu Züleyxa xanımla ailə qurur (İsrafil bəy Yadigarov birinci dəfə milliyətcə Litva tatarı olan Ədilə xanım Atabəyova-Koblanskaya ilə 1911-ci ildə evlənmişdi. 1912-ci ildə onun Ənvər adlı oğlu da vardı – Ş.N.). Polşa ordusunda xidmət edir. Böyük Vətən müharibəsi illərində Azərbaycan legionerləri sırasında rus işğalına qarşı döyüşlərdə fəal iştirak edir.
Polkovnik İsrafil bəy Məhəmməd bəy oğlu Yadigarov 1888-ci il avqustun 7-də Tiflis şəhərində anadan olub. Nəsil-nəcabəti ilə nüfuzlu Borçalı bəylərindəndir. Atası Məhəmməd bəy oğlunu Tiflisdəki zadəgan balalarına məxsus birinci dərəcəli Kadet korpusuna oxumağa qoyur. 1910-cu ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirən İsrafil bəy Qafqazda yerləşən 17-ci Nijeqorod süvari alayında podporuçik rütbəsində xidmət edir. Nümunəvi xidmətinə görə 1913-cü ildə ikinci eskadrona komandir təyin olunan İsrafil bəy poruçik rütbəsi alır.
Birinci Dünya müharibəsi başlananda İsrafil bəy bir müddət süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi 17-ci Nijeqorod süvari alayının sıralarında döyüşür. Qafqaz cəbhəsində və Qara dəniz sahillərində uğurlu döyüşlərin iştirakçısı olan İsrafil bəy Yadigarov dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “igidliyə görə” yazısı ilə) və üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə) ordenləri ilə təltif olunmuşdur.
Mühacirətdə Azərbaycan legionerləri dəstəsində və Polşa ordusunda ləyaqətlə xidmət edən həmyerlimiz İsrafil bəy Yadigarov polkovnik rütbəsini orada alıb. İyirminci ilin aprelindən sonra çoxsaylı Yadigarov hərbçiləri kimi cəlayivətən olan mərd zabit İsrafıl bəyin həyatı faciə ilə qurtarıb.
Vətəndən uzaqlarda qəlbində əbədi Azərbaycan məhəbbəti yaşadan polkovnik İsrafil bəy və onun silahdaşları tezliklə Sovet totalitar rejiminə son qoyulacağı ümidilə yaşayıblar. İsrafil bəy 1943-cü ildə Berlində çağırılmış Milli Azərbaycan Qurultayında vətənpərvər bir çıxış edib.
Sovetlərin ordusu Avropa torpağında döyüşlər aparanda ingilislər namərdlik edib Qafqaz legionerlərini Sovet ordusuna satqın kimi təslim etdilər. Onda əsgər və zabit heyətinin təəssübünü çəkən polkovnik İsrafil bəy Yadigarov var səsi ilə bildirmişdi: “Nə qədər ki, mən sağam heç bir qüvvə mənim başçılıq etdiyim dəstəni barbar Sovet rejiminə təslim edə bilməz. Ya hamımız bərabər hürriyyətə qovuşacağıq, ya da bir nəfər kimi həlak olacağıq! Mənim əsgər və zabit heyətim əsirlikdə olan Vətənimizin hürriyyəti uğrunda çalışmış və gözlərimiz önündə on minlərlə qurban vermiş Azərbaycan oğullarından təşkil olunub. Mən bir komandan kimi onları yalqız qoyub kommunizmin qanlı xəncərinə təslim edə bilmərəm.
Onlar mənim doğma övladlarımdır. Mən heç bir zaman övladlarımı darda qoymaram. Onlarla birgə həlak olmaq mənim üçün ən böyük şərəfdir”.
Sovet ordusunun çekistləri mərd polkovnik İsrafil bəy Məhəmməd bəy oğlu Yadigarovu 1944-cü ilin iyul ayında “Vətən xaini” kimi güllələdilər.

***

Borçalı çökəyindən qayıda bilmirdim. Bu yerlər mənə uşaqlıqdan doğmadır.
Ləlvar və Babakər dağlarından kəndimin, torpağımın ətrini alırdım. Buludların altı lə kəndimizə tərəf uçan quşları görəndə gözüm yaşardı. Ürəyim şiddətli ağrı ilə döyündü. 1988-ci ildə Körpülünün yurd dəyişməsi könlümə, gözümə qubar olmuşdu. Dərdimin üstünə bir ağır dərd də gəldi Təkəlidə. Burda Yadigarovlar nəslindən bir nəfər də qalmayıb… Təsəlli tapmaq, dərdləşmək üçün Debet çayının sahilinə endim. Bizim Çuvuxlu yaylağından axıb gələn çayın dumduru suları daşları yalayıb sakitcə axırdı. Varlığımda uşaqlıq xatirələrim, qarmaqarışıq fikirlər qaynaşırdı. Düşmən əlində olan kəndim, yurdum, onun buz bulaqları, sarf qayaları, göy meşələri… gözüm önündə saf dağ çayında canlanırdı. Axar-baxarlı kəndim yaddaşımda əbədi yaşayacaq…

NƏRMİN XANIMLA MÜSAHİBƏ

Cənab sərkar, xalq məsləhətçisi Ağa bəy Yadigarov ərəb, fars və türk əlifbasının dəyişilməsi haqqında fikirlərini yazıb, onları oxumağı məndən xahiş etmişdir ki, onların haqq və ya yanlış olmasına dair fikrimi yazılı surətdə ona təqdim edəm. Ağa bəy Yadigarovun yazısının məzmunu bundan ibarətdir ki, İslam xalqlarının Avropa xalqlarından geri qalmasının səbəbi əlifbadakı nöqsanlardır.
Çünki bizim uşaqlarımız hir neçə il vaxtlarını ancaq yazını oxumağa sərf edib, elm öyrənə bilmirlər. O yazırki, Abbasilərin xilafəti və ərəblərin səltənəti də elmləri öyrənməyin mümkün olmaması və oxumaq işinin çətinliyi nəticəsində aradan getmişdir.
Mirzə Fətəli Axundovun Şahzadə
Fərhad Mirzə Qacara məktubundan

General babasının sənədləri ilə tanış olmaq üçün Rəna xanımla yenidən gorüşdüm. O dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım Tahirzadəyə göstərim, bəlkə, o tanıdı. Məncə, o, mərhum Sara xanım Talışinskaya-Xürrəmoviçlə görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdi…
Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq intizardan qurtardı. Şəklə baxan kimi:
– Bu, Ağa bəy Yadigarovdur, – dedi,- Rusiyada təhsil almış ilk azərbaycanlı ziyalılardan biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində Ağa bəy Yadigarovun adının çəkilməsinə baxmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə qədər öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan, Moskva və Leninqrad arxivlərində işləyəndə Ağa bəyin fəaliyyəti haqqında material toplaya bildim. Həmin ili Akademiyanın “Elmi əsərlər”ində “Peterburq universitetinin ilk azərbaycanlı məzunu” adlı elmi məqalə ilə çıxış etdim.
– Nərmin xanım, XIX əsrin əvvəllərində bizim Rusiya ilə əlaqələrimiz o qədər də yaxşı deyildi. Mən şəxsən bunun ilkin səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm. Bizə çox az ziyalımızın o vaxtlar Rusiyada yaşayıb yaratması məlumdur. Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, İbrahim Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs necə olub ki, Ağa bəy Yadigarov o illərdə Peterburqa gedib çıxıb? Yəqin ki, bunun bir səbəkarı, vasitəçisi olub?
– Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər Topçubaşovdur. Bu görkəmli alim Ağa bəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki, 1844-cü ilin yazında Peterburq Universitetinin Şərq şöbəsinə Cənubi Qafqaz gənelərinin nümayəndələrini göndərmək üçün heç bir perspektiv olmayanda universitetin fars dilçiliyi kafedrasının professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu Ağa bəy Yadigarovun dövlət xərci ilə qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağa bəy Yadigarov həmin ilin yayında üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi.
Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və natamamdır. Əldə olan sənədlərə əsasən, Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub.
Peterburq gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor M.C.Topçubaşovun xahişi nəzərə alınıb, Ağa bəy Yadigarovun dövlət xərci ilə oxuması üçün Peterburq Universitetinin rektoruna sərəncam verilib.
Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən universitetinin Şərq şöbəsinə daxil olub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki pansiona götürülüb.
1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən sonra Ağa bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy komandiri, rotmistr qardaşı İsrafil bəy Yadigarovun yanında qalır.
– Bəs Qafqazdakı fəaliyyətinə nə vaxtdan başlayıb, bu barədə məlumat əldə edə bilmisinizmi?
1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişinin sərəncamına göndərilir. Onu canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edirlər. O, burada 35 ildən çox xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və bacarığından istifadə üçün imkan tapa bilməmişdir. Şərq və Rus mədəniyyətinə yaxından bələd olan Ağa bəy öz milli mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını da yaxşı başa düşürdü. O, əlifba islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Axundovla birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağa bəy Yadigarov ərəb əlifbasının yeni, daha mükəmməl əlifba il əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır.
– Nərmin xanım, otuz beş ildən çox Qafqaz canişinliyində saray müşaviri kimi faliyyət göstərən Yadigarovun xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilibmi?
– İnamla demək olar ki, yox! Sənədlər göstərir ki, Ağa bəy Yadigarov çox sadə bir insan olub,vəzifəyə və təltifata can atmayıb. O, əvvəllər dəftərxanada, sonra isə canişinliyin baş idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli “Müqqədəs Vladimir” ordeni ilə qiymətləndrilib.
1853-56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev lenti üzərindəki bürünc medal, onun 35 ildən çox xidməti müqabilində yeganə təltifatı olub.
Uzun axtarışlardan sonra mən Ağa bəy Yadigarovun nəvələrini və onun böyük bacısı Məsumə xanımın uşaqlarını tapa bildim. Onlardan böyüyü – Sara xanım Talışinskaya-Xürrəmoviç dedi ki, babam XIX əsrin 90-cı illərində Tiflisdə vəba epidemiyasından vəfat etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini belə dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə, demək olar ki, heç nə məlum deyil.
Yadigarovlar nəsli əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub:
Talışxanovlar, Vəkilovlar və Vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb tarixinə görkəmli oğullar bəxş edib.
General-mayor Mirkazım xan Talışxanovun nəvəsi Rəna xanım Axundzadədə babasının 1905-ci il martın 1-də tərtib olunmuş “Xid-mət kitabçası” saxlanılır. Onun “Ailə vəziyyəti” bölməsində oxuyuruq:
“Tiflisli saray müşaviri Ağa bəy Yadigarovun qızı Məsumə xanımla Mirkazım xan 1888-ci ildə ailə qurmuşdur. Dörd uşaq atasıdır. Oğlu Mirəli xan 1895-ci il sentyabrın 9-da, Sarabəyim 1890-cı il fevralın 7-də, Liyabəyim 1891-ci il fevralın 8-də, Züleyxa xanım 1892-ci il avqustun 3-də anadan olmuşdur”.
Məsumə xanım Yadigarova (vəfatı – 1923-cü il) Zaqafqaziya Qadın xeyriyyə Cəmiyyətinin üzvü olub. Onların ortancıl qızı Liyabəyim topoqrafgeneral İbrahim ağa Vəkilovun böyük oğlu Faris bəyin həyat yoldaşı idi.
Sözardı: General Yadigarov qardaşları haqqında ilk dəfə 1985- ci ildə yazmışdım. Həmin yazı “Sovet Gürcüstanı” (4 noyabr 1989-cu il) və “Bərəkət” qəzetində (8 may 1991-ci il), 1991-ci ildə “Azərbaycan generalları” kitabında və “Borçalı” jurnalında (1993-cü il, № l) nəşr olunub.
Müstəqillik qazanıldıqdan sonra açılan arxivlər və 1999-cu ildə Gürcüstan Mərkəzi Dövlət Arxivindən topladığım faktlara görə bu mövzuya yenidən qayıtmalı oldum. Zənnimcə, bu yazını da belə bir nüfuzlu nəsil haqqında tam hesab etmək olmaz. Ona görə ki, çoxsaylı Yadigaroğullarının əksəriyyətinin son talуyi hələ də məlum deyil.
1912-ci ildə Tiflisdə nəşr olunmuş “Kavkazskiy kalendar” kitabından sətirlər:
– Nadir bəy Yadigarov – Qafqaz Canişinliyində hərbi müşavir. Poruçik rütbəsində.
– Abuzər bəy Yadigarov – Poruçik rütbəsində Qafqaz Canişinliyində xidmət edir.
– Əli bəy Yadigarov – Aşağı Acariyanın Batumi şəhərində milis rəisi.
– Davud bəy Yadigarov – Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun polkunun ştabs-rotmistri.
-İsrafil bəy Həsən bəy oğlu Yadigarov – 17-ci Nijeqorod draqun alayının rotmistri.

GENERAL ƏLİAĞA ŞIXLİNSKİNİN HƏRBÇİ
QARDAŞOĞULLARI

Sovet dönəmində “qırmızı inqilab”dan əvvəl yaşamış bir çox hərbçilərimiz haqqında danışmaq bizə yasaq olmuşdu. Xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general və zabit heyəti barədə. Bəzilərinin adını bir yerdə çəksək də, yalan-gerçək yazırdıq ki, filankəs yeni gələn şura hökumətini ürəkdən alqışlayıb.
Beləcə yetmiş ildən çox bir müddətdə yüzlərlə, minlərlə oğullarımıza, qızlarımıza özümüz öz əlimizlə qara yaxmışıq. Bunların arasında elələri də olub ki, indiyə kimi adını heç yerdə çəkməmişik. Hətta yaxın qohumları belə onların adını çəkməyə ehtiyat ediblər. Bunu dövr, zaman belə tələb edib. Totalitar rejimin ağır təzyiqinə məruz qalmış o qohumları bu gün biz günahlandırmaq iddiasında deyilik.
Bir quruluşda ki, ölüyə Quran oxuyan mollanı Sibirə sürgün edirdilər, onda əmini
necə günahlandırmaq olar ki, istilaçı XI Qızıl Orduya qarşı vuruşan qardaşın oğlunun adını xatirələrində niyə yazmamısan? Təsəvvür edin ki, “şanlı Qızıl Ordu” – deyə, şəninə nəğmələr qoşduğumuz bir vaxtda o əminin aqibəti necə olardı?
Tam artilleriya generalı Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı “Xatirələrim” kitabının iyirmi ikinci səhifəsində yazır: “1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten mənim komandamı gözdən keçirərkən briqada komandiri knyaz Ximşiyevə göstərib dedi: “Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm”. Knyaz Ximşiyev cavab verərək dedi:
“Siz onu yunkerlikdə görmüsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk”. Bu təftişin nəticələri haqqında təlim komandasının rəisi əmrnaməsində yazırdı: “Otuz doqquzuncu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…”. Sonra o, öz əmrində komandanın başqa komandanlarla olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan etdi.
… 1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar. – Çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır”.
1983-cü ildə generalın “Xatirələrim” kitabını yenidən nəşrə hazırlayanda ona “Qeydlər və izahlar” fəsli yazmalı oldum. İstər-istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi ilə maraqlandım. Bu barədə Bakıda heç nə tapmadım.
Bir dəfə Qazağa gedəndə ağbirçəklərdən, ağsaqqallardan soruşdum ki, Əliağa Şıxlinskinin hərbçi qardaşı oğlunun adı nə olub? Onlar da sorğuma sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu deyirsən, generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və Rüstəm bəy Şıxlinskilər.
Bəli, ortaya bir çətinlik də çıxdı.
Eşitdim ki, polkovnik Rüstəm bəyin qızı Qazaxda yaşayır. Zəng eləyib görüşmək istədim. Ədilə xanımla telefon söhbətimiz görüşməyə körpü salmadı.
Mətbuat işçilərindən giley-güzar elədi. Dedi ki, “Dəli Kür” filmi çəkiləndə bir rejissor bizdən xeyli şəkil apardı, hələ də geri ala bilmirik, hətta, Əliağa babamın ağ at üstündə çəkilmiş yeganə şəkli belə it-bata düşdü.
Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə xanımla görüşməyə inad eləmədim. O, telefonda elə qəmli danışırdı ki, əzizlərinin nadir fotoşəkillərinin onun üçün nə qədər ağır itki olduğunu çox gözəl başa düşdüm. Bir də hiss elədim
ki, Cavad bəy Şıxlinski haqqında danışmağa ehtiyat edir…
Az sonra Şıxlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış oldum. Sözarası həmin cavan zabitin adını soruşdum. O, inamla bildirdi ki, Əliağa babamın ehtiyat edib adını çəkmədiyi cavan zabit Cavad bəy Şıxlinski idi. Onun dediyinə inanıb “Xatirələrim” kitabının 211-ci səhifəsinə belə bir izahat yazdım: “Həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavad bəy Məmməd ağa oğlu Şıxlinski olub”.
General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd ağanın hansı illərdə yaşadığını dəqiqləşdirmək üçün Əliağa Şıxlinskinin yaddaşı köməyimə gəldi: “Buma (Qəbələ rayonunda kənddir Ş.N) və Qutqaşına gəldikdə eşitdim ki, İsmayıl bəy Qutqaşini şair, həm də məşhur, şanlı bir adammış, özü də qutqaşınlı imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalnikinin müavini olan doğma, həm də məndən iyirmi beş yaş böyük olan qardaşım Məhəmməd ağa Şıxlinski söylədi” (Ə.Şıxlinski Qutqaşınlı haqqında, Əlyazmalar İnstitutu, arx. 38. Ql1( 250)).
Məhəmməd ağa Şıxlinski haqqında yenə generalın “Xatirələr” kitabından: (səh. 14-də 1984-cü il nəşri) “Atam rus dilini bilməzdi. Məndən iyirmi beş yaş böyük olan qardaşım çar konvoyuna göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti adını aldı. Halbu ki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki ola bilmişdilər. Məndən iyirmi iki yaş böyük olan ikinci qardaşım az savadlı olub rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər”.
Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci ildə, kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-ci ildə isə vəfat etmişdir.
Poruçik Məhəmməd ağa isə 1889-cu ildə dünyadan köçüb.
Generalın yaxın qohumuna inansam da, özümdə bir inamsızlıq, narahatçılıq vardı. Arxivlərdə işləyəndə Cavad bəyin adına rast gəlmirdim. Heç olmasa fotoşəklini belə tapa bilmirdim. Axtarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əliağa
Şıxlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya bilmirdim. Generalın iki yüz səhifəlik “Xatirələrim” kitabında onlarla hərbçinin və müxtəlif peşə adamlarının vəzifəsini, ad-familini dönə-dönə hərbi ensiklopediyalarla tutuşdurmuşdum. Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa bilməmişdim.
General xatirələrini yazanda 1942-ci il idi. Otuz yeddinci il hələ davam edirdi. 1920-ci ildə istilaçı XI Qızıl Orduya qarşı Gəncədə üsyanın fəal başçısı olan general Cavad bəy Şıxlinski İrana qaçmışdı. Ona görə də general onun adını yazmağa cəsarət etməmişdi.
Bəs nə etməli? Haradan, necə öyrənməli, general Cavad bəy Şıxlinskinin fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun haqqında yazacağım məqalənin
dərcinə heç kəs yaxın durmayacaq.
Qazax ağsaqqalları isə məni şirnikləndirirmiş kimi xeyir-şər məclislərində onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrənmək istəyəndə “qalsın gələn dəfəyə” – deyib, söhbətin mövzusunu dəyişirdilər. Sözün tam mənasında oxunu atıb, yayını gizlədirdilər. Hiss edirdim ki, qorxurlar, ehtiyat edirlər. Onlar hardan biləydilər ki, dövr dəyişəcək, tarixin qaranlıqlarına işıq düşən gün gələcək. İndi həmin vaxt gəlib, amma çox təəssüf ki, o yaxşı məlumatlı kişilər yoxdur. Onlar general Cavad bəy və onun polkovnik qardaşı Rüstəm bəy haqqında söz-söhbəti də özləri ilə o dünyaya apardılar. Onlardan yalnız Abdulla Babanlı müəyyən mətləblərdə mənə kömək etdi.
Yadımdadır, elə oradaca söhbət polkovnik Cahangir bəy Şıxlinskidən düşdü. Cahangir bəy Şıxlinski də bu nəslin oğludur. O, 1884-cü ildə Qazaxlı kəndində anadan olub. Qoridə Müəllimlər seminariyasını bitirib. Az müddət pedoqoji fəaliyyətlə məşğul olub. Qazaxda pristav və qəza rəisi işləyib. 1920-ci ildə bolşeviklərin təziqindən İrana gedib. 1950-ci ildə orada vəfat edib. Bir neçə ağsaqqal onun 1918-20-ci illərdəki fəaliyyətindən fəxrlə söhbət açdı. Dedilər ki, bu
illərdə Daşsalahlı Məmməd Koxa Mahmudov, Söyün bəy Sübhanverdixanov, Mədəd bəy Vəkilov, Əskiparalı Mikayıl ağa, Cahangir bəylə çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü menşeviklərinə qarşı vuruşaraq torpağımızı qorudular.
Mən də “Azərbaycan tarixi” kitabından oxuduğum bir epizodu onlara danışdım.
Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil hansı fabrikin – Ş.N.) gündəlik əmək haqqının artırılması üçün tətil eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də artırır. Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə
imtina edirlər. Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Cahangir bəy Şıxlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına çağırıb onları həbslə hədələyir.
Əmr edir ki, işə başlasınlar. Polislər də fabriki mühasirəyə alırlar. Lakin tətilçilər inadla öz tələblərinin ödənilməsinə nail olurlar, onların əmək haqqı beş qəpikdən on beş qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım saat azaldılır…
Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı dedi: – Yalandı, – oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim Qazaxda elə bir fabrik olmayıb.
Bizdə indi də, o vaxt da xırda xalça, kəlağayı, dondurma və konfet sexləri var.
Bizdə inqilabdan əvvəl belə sexlərin və dükanların sahibkarları Hacı Rəsul uşağı adı ilə tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa qardaşlar vardı. Onlar da xeyirxah, kasıba, yetim-yesirə əl tutan oğullar idi. Dükanlardan biri kəlağay  alanda, birini də bağışlayırdılar. Onlar xırda-para şeylərin alverçisi deyildilər, əsl tacir idilər. Mən əsrdən (XX əsr) böyüyəm, nə təhər olub ki, bu boyda tətili nə görmüşəm, nə də eşitmişəm. Yalan yazır o oxuduğun “Azərbaycan tarixi” kitabı…
Yaxşı tanıdığım bir tarixçi professorun kitabından aşağıdakı cümlələri oxuyanda o vaxt mən də general Cavad bəy Şıxlinskinin xalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik bu cümlələri də Abdulla müəllimə oxudum: “Müsavat generalı Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, general Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Xan Xoyski qardaşları və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar.
Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki minlik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər.
Mayın 26-da qiyamçılar hərbi cəbbəxananı ələ keçirdilər, dəmiryol vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində bolşeviklər, qızıl əsgərlər əleyhinə hər cür böhtanlar yayır, guya bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, – deyə fitnə-şayiələr yayırdılar”.
Cümlələri oxuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:
– Bu cümlələrdəki “böhtan, fitnəkar, şayiə”, “əksinqilabçı” sözlərini pozsaq, “qiyam və qiyamçıları” isə igid, üsyankar sözləri ilə əvəz etsək professorun fikirləri düz olar.
Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya vardı, nə də aşkarlıq.
1991-ci ildə arxivdə rast gəldiyim bir kitab məni çox sevindirdi. Sevindim ki, nə general Əliağa Şıxlinskinin yazdığı, nə də onun qohumunun dediyi səhv olmadı. 1912-ci ildə Qafqaz canişinliyinin mətbəəsində nəşr olunmuş “Kavkazski kalendar” sorğu kitabı bunu bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində belə bir qeyd var: “Otuz doqquzuncu artilleriya briqadasının komandiri general-mayor Kalin, birinci rotanın komandiri isə kapitan Cavad bəy Şıxlinskidir”.
Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca olaraq oxuculara təqdim edirəm. Ona görə ki, orada xalqımızın görkəmli hərbçi oğulları haqqında məlumat verilir. Dörd yüz yetmiş səkkizinci səhifədən:
– Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi general-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışxanov, Qafqaz canişinliyinin hərbi qərargahında ştalmeyster (orduda süvari zabiti – Ş.N.) Bəhram xan Naxçıvanski xidmət edirlər.
Yüz otuz altıncı səhifədən:
– Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy Vəkilovun, Qarasaqqalda İsfəndiyar bəy Muradovun (general Ə.Şıxlinskinin bacısı oğludur.
Az müddət Qazax qəzasının rəisi olub. 1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə məhşur ədəbiyyatşünas Firudin bəy Köçərli, doktor Məcid bəy Vəkilov, müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər tərəfindən Gəncədə güllələnib – Ş.N.) Qazax qəzasında starşina köməkçisi Cahangir bəy Şıxlinski və Məcidbəy Şıxlinskinin fəaliyyətindən danışılır.
Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əliağa Şıxlinskinin iyirmi ikinci artilleriya briqadasında birinci polkun komandiri olduğu göstərilir.
“Kavkazski kalendar”dakı bu tapıntılarımdan sonra cəsarət edib 1990-cı ilin sentyabrında “Bizim generallar” verilişində general Cavad bəy Şıxlinski haqqında
sorğu ilə çıxış elədim. İki gün keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıxışınıza qulaq asdım. Çox sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm bəy Şıxlinskilər haqqında az-çox məlumat verdiniz. Amma heç birinin şəklini göstərmədiniz.
-Yoxdur, – dedim, – qardaş, heç bir arxivdən şəkillərini tapmaq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər sənin babandırsa kömək elə, şəkillərini tapaq.
-Var, – deyə xəttin o başındakı adam inamla bildirdi. Mən sevinclə:
– Harda, kimdə? – deyə soruşdum.
– Qazaxda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə inanmır. Sizin verlişə baxıb, indi özü Qazaxdan zəng eləmişdi ki, qəzetdə dərc olunan yazılarını oxuyuram, verilişinə də baxdım, şəkilləri ona etibar eləyə bilərəm…
Danışan Ədilə xanım Şıxlinskayanın oğlu Rüstəm idi. On ildən sonra bu görüşün baş tutması üçün polkovnik Rüstəm bəyin nəvəsi Rüstəmə təşəkkür edib, Qazaxa getdim. Gedəndə özümlə Respublika Kino-Foto-Sənədlər Arxivindən tapdığım iki nadir şəkli də götürmüşdüm. 1919-cu ildə çəkilən bu şəkillərdə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general və zabitləri təsvir olunmuşdu. Hər iki şəkildə cavan bir zabitin ad-famili yazılmışdı: Bahadır bəy Vəkilov.

***

Elə ilk görüşdən bir-birimizdən üzrxahlıq elədik. Ədilə xanım yanıqlıyanıqlı dedi ki, gözüm qorxub, ay oğul, iyirminci, bir də otuz yeddinci illər bizim ailəyə heç nədən çox ağır zərbələr vurub. Sənin on il bundan qabaqkı telefon zəngində isə yara hələ isti idi. Şəkillərin yarasını deyirəm, ən çox məni yandıran da, Əliağa babamın ağ at üstündə çəkilmiş yeganə fotoşəkili idi. Günah məndə oldu, heç olmasa üzünü çıxartdırıb özümdə saxlamadım. Rüstəm dönə-dönə gedib o rejissoru axtarıb. Deyiblər, rəhmətə gedib. Şəkillər də itdi-batdı. Nə isə, olanoldu, keçən-keçdi… Məndə qalan şəkillər bunlardı, – deyib, Ədilə xanım “Nikolaydan qalma” bir albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində çərkəzi geyimli cavan bir zabit şəkli… İri ala gözləri necə də tanış və doğmadır.
Mənim şəklə diqqətlə baxdığımı görən Ədilə xanım: -Dayımdı, – dedi, – müsavat zabiti olduğuna görə iyirminci ildə bolşeviklər onu da güllələyiblər.
Onun səsindəki təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı titrətdi. Adam belə anlarda qarşısındakına təsəlli verməkdən də məhrum olur.
Daxili təlatüm, vicdanın səsi olub keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir.
Dərindən köks ötürüb, “heyif” – deməkdən başqa əlindən bir şcy gəlmir. Çünki nahaq qan tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək geedir. O vəhşiləri indi tarix mühakimə edir. Tarix öz səhifələrində onlara amansız cəza verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır. Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruşdum:
-Dayınızın adı necədir, Ədilə xanım?
-Bahadır bəy Vəkilov, Milli Orduda rütbəsi kapitan…
-Ola bilməz, – dedim. – Özümdən asılı olmayaraq səsim bərkdən çıxdı.
-Onda bu şəkillərə baxın, zəhmət olmasa…
Mən özümlə gətirdiyim bir qrup milli ordu əsgərinin iki fotoşəklini ona göstərdim.
-Bu, tən ortada oturan Bahadır dayımdı, – dedi. İkinci şəklə baxır: – bu da odu, dayımdı… Bu şəkillər bizdə yoxdu. Sizdə hardandı? – deyə soruşdu.
-Arxivdən tapmışam, – dedim.
– Oy, nə yaxşı iş görmüsünüz, çox sağ olun… Mənim anam Böyükxanım Vəkilovlardandır. İbrahim ağa Vəkilovun qızıdır. General-topoqraf İbrahim ağanın yox, o, Paşa ağanın oğludur. Mənim babam isə Pənah ağa Vəkilovun oğludur. İkicə dayım vardı: böyüyü İsfəndiyar bəy, kiçiyi isə Bahadır bəy idi. İsfəndiyar dayım 1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət Bakıda rus-tatar məktəbində müəllim işləyib. 1910-cu ilin yayında görkəmli maarifçi Əhmədağa Mustafayevin Dilicanda ədəbi fəaliyyətinin iyirmi beş illiyi keçirilib. Dayım yubileyin təşkilatçısı olub. Böyük şairimiz M. Ə. Sabirin “Hophopnamə”sinin nəşri üçün ianə toplayıb. 1918-ci ildə Qazax Seminariyası açılanda Firudin bəy Köçərli onu Qazağa dəvət edib. Səməd Vurğunun, Seyfulla Şamilovun, Mirqasım Əfəndiyevin, Osman Sarıvəllinin, Mehdi Hüseynin, Mehdixan Vəkilovun və yüzlərlə seminaristin müəllimi olub. Bolşevik hökuməti qurulanda əksinqilabçı müsavatçı fəaliyyətinə görə Solovki konslagerinə sürgün etdilər. Ana tərəfimdən Solovki adalarında əzab çəkənlər çox olub. Müsavat parlamentinin üzvü Rəhim bəy Vəkilov, maarifçi Zəkəriyyə Vəkilov, Məmmədhəsən Vəkilov – Baharlı, Bakı Darülmüəllimatının direktoru Mədinə xanım Vəkilova-Qiyasbəyli isə otuz yeddinci ildə güllələndi. Azərbaycan parlamentinin üzvü, partiyanın ikinci lideri Mustafa ağa Nadir bəy oğlu Vəkilov 1920-ci ildə Türkiyəyə mühacirətə getdi…
Solovki konslagerində on il həbs cəzası çəkən dayım İsfəndiyar bəy Vəkilov 1936- cı ilin noyabrında qayıtdı. Ömrünün axırına kimi müəllimlik etdi. 1960-cı ildə vəfat edən dayımın indi bir qızı, bir oğlu qalır. Oğlu İbrahim Vəkilov istefada olan polkovnikdir. Kiçik dayım Bahadır bəy Vəkilov idi. Bayaq dediyim kimi, iyirminci ildə cavankən bolşeviklər güllələdilər, heç evlənməmişdi də. Sizin tapdığımz şəklin arxasında yazılıbmı, neçənci ildə çəkilib?
– 1919 -cu ildə çəkilib, – deyə cavab verdim.
– Mənimlə yaşıddı, dayımın şəkli, – deyib Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli gözlərini sildi.
– Ədilə xanım, bolşeviklər ana tərəfinizdən ona görə çox adamı güllələyib, sürgün ediblər ki, Rəhim bəy Vəkilov müsavat parlamentinin üzvü olub və nəslinizdə bəylik varmış. Əslində maarifçilər daha çox olub. Tiflisidəki Qori seminariyasının arxivində işləyəndə bir dəfə maraqlandım ki, görüm, neçə Vəkilov oxuyub. Saydım on bir nəfər idi. Hələ Qazax Seminariyasını qurtaranlar da olub…
Bəs, ata tərəfinizi niyə incidiblər?
– Ata tərəfimdən də ağalıq var idi. “Ağalıq” yeri adlanan Şıxlinskilərə məxsus torpaqlar indi də qalır. Birinci Şıxlıya çatmamış, Kür qırağı yerlər Şıxlinskilərin olub. İndi orda üzüm bağı salınıb… Polkovnik atam Rüstəm bəy Şıxlinskini də 1920-ci ildə bolşeviklər güllələdilər. Bizim ailə Bakıdan Qazaxa köçdü. Sonra Gəncə üsyanı oldu. Cavad əmim İrana getdi. Evimizdə başıpapaqlı qalmadı. Anam Qazaxda arteldə dərzi işləyirdi, bir təhər dolanırdıq. 1932-ci ildə olan bir hadisə heç vaxt yadımdan çıxmır. “Çistka” vaxtı idi. Bir gün anamı komsomolçular kluba çağırdılar. Belə yerlərdə heç vaxt olmayan anam getmək istəmirdi, utanırdı. Dedilər ki, Bakıdan “çistka” aparmağa nümayəndə gəlib, getməsən vəziyyətin daha da pis olar. “Kulak” kimi sürgün edərlər, körpələrinə yazığın gəlsin. Onda anam məni də özü ilə apardı. Yığıncaq başlandı. Səsə qoydular ki, Böyükxanım İbrahimağa qızı Şıxlinskayanın səsi alınsın, yoxsa yox.
Yerdən: qadındı, köməksizdi, əri, qaynı və bir qardaşı güllələnib, bir qardaşı isə sürgündədir, bağışlansın – deyənlər çox oldu. Bu vaxt bizim keçmiş nökərimizin komsomolçu oğlu söz alıb kürsüyə çıxdı. Anam ürəkləndi. Utancaq anam ilk dəfə başını qaldırıb ümidlə kürsüyə tərəf baxdı. Nökərimizin komsomolçu oğlu Lenindən, Stalindən, proletariatdan və yeni qurulan kolxozdan odlu-odlu danışırdı.
Bəyləri, ağaları təhqir edə-edə birdən üzünü anam tərəfə tutub, əlini irəli uzatdı: – Bu, o Vəkilovlardan, o Şıxlinskilərdəndir ki, proletariatın qanını su yerinə axıdıb.
Səsi alınmalıdır. Vəssalam! – deyib kürsüdən fəxrlə düşdü. Anamı işdən çıxardıb, “səsini” aldılar. Ailəmiz hökumət yanında gözükölgəli oldu. Dinə bilmədi, yazıq anam.
Dünya yaxşı adamlardan xali deyilmiş, ay oğul. Bir xeyli sonra anam o vaxtın nüfuzlu adamları Həmid Əfəndiyevə və Sayad Bəhərzalova müraciət etdi.
Onlar kommunist olsalar da, vicdanlı adamlar idilər. Anamın səsini qaytarıb, özünü də işə bərpa etdilər. O vaxt əmim Cavad bəy İranda sağ idi. Onda sərhəd çox da möhkəm deyildi, gedib-gələnlər vardı. Xəbər gətirmişdilər ki, general Cavad bəy Şıxlinski Ərdəbil qarnizonunun komandanıdır. Əmimə Azərbaycan Demokratik ordusunda general-mayor rütbəsi verilmişdi. Səhv eləmirəmsə, on doqquzuncu ildə verildiyini anam danışardı. Əmim də, atam da Birinci Dünya Müharibəsində Tatar polkunun tərkibində vuruşublar, hər ikisi “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunublar. Otuz-qırxıncı illərdə o taydan, Cavad bəydən, onun qoçaqlığından yaxşı sədalar gələndə bizim qocalar pıçıltı ilə, ehtiyatla damşırdılar ki, Cavad bəy hərbi işdə atamdan da mahir olub. O, əmisi Əliağa Şıxlinski qədər qoçaq imiş. 1946-cı ilə qədər eşidirdik ki, əmim sağdır, evlənib iki oğlu – Çingiz, Məhəmməd və Surə adında qızı var .
– Cavad bəy böyük idi, yoxsa atanız Rüstəm bəy?
– Cavad əmim 1874-ci ildə anadan olmuşdu. Yaşı qırxı keçsə də evlənməmişdi. Bizim Şıxlinskilərin arasında gec evlənənlər var.
– Ədilə xanım, elə general Əliağa Şıxlinski buna canlı sübutdur. O da gec, qırx dörd yaşında evlənib.
– Anam danışardı ki, boy-buxunda, bacarıqda, xasiyyətdə də Cavad bəy əmisi Əliağa Şıxlinskiyə oxşayırdı. Atamı da, əmimi də Əliağa babam Tiflisdəki zadəgan balalarına məxsus kadet korpusuna qoymuşdu. Oranı bitirəndən sonra hər ikisini Peterburqa aparır, vaxtilə özünün oxuduğu Mixaylov topçuluq məktəbinə oxumağa qoyur (Cavad bəy bundan əvvəl Konstantin hərbi məktəbini birinci dərəcə ilə bitirmişdi Ş.N.). Atam əmim Cavad bəydən iki yaş kiçik idi. Atam Rüstəm bəy 1877-ci ildə anadan olub. Hər ikisi də Qazaxda anadan olub. Sizə danışdıqlarımın hamısını anam yazmışdı, ordan oxumuşam, hara qoymuşam, harda gizlətmişəm tapa bilmirəm… Anam bu yazıları müharibədən qabaq yazmışdı.
Deyirdim ki, ay ana, at getsin, bu yazılar nəyinə lazımdır.
Birdən nə olar… Bunlara görə başımız bəlalar çəkər. Anam da arxaçıyınlıqla: “Yox qızım, – deyərdi, – vaxt gələcək lazım olacaq, belə kişilərin adı batmamalıdır”.
– Ədilə xanım, nə general əminiz Cavad bəyin, nə də polkovnik atanız Rüstəm bəyin Azərbaycan milli ordusundakı əvəzsiz xidmətləri itib-batmayıb.
Xalqımızın görkəmli oğlu Mirzəbala Məmmədzadənin “Azərbaycan milli ordusunun keçdiyi yollar” məqaləsində onlar barədə məlumat var: “Ağdamda (1918-ci ildə) pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açıldı. Sonralar bolşeviklər tərəfindən edam edilən mərhum miralay (polkovnik) Şıxlı Rüstəm bəyin idarəsi altında topçu hissəsi təşkil edildi”. Müəllif yazırdı ki, yenicə yaradılan Müsavat ordusunun birinci diviziyasına mirliva (general-mayor) Cavad bəy Şıxlinski komandan təyin edildi…

***

Rusiya Mərkəzi Hərbi Tarix arxivindən aldığımız rəsmi sənəddə Cavad bəy və Rüstəm bəy Şıxliniski qardaşları haqqında məlumat verilir. Bu sənədlərdən hər iki sərkərdənin 1917-ci ilə qədərki fəaliyyəti göstərilir.
1914-cü il yanvarın 12-də tərtib olunmuş “Xidmət kitabça”sında podpolkovnik Cavab bəy Şıxliniskinin 1874-cü ildə yanvarın 3-də Gəncə Quberniyasının Qazax qəzasında ağalıq nəslində anadan olduğu göstərilir. İbtidai hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra yunker Cavad bəy Peterburqdakı Konstantin hərbi məktəbini 1892-ci il avqustun 28-də birinci dərəcə ilə bitirdikdən sonra podporuçik rütbəsi alır. Təhsilini davam etdirmək üçün Artilleriya Zabitləri məktəbinə daxil olur.
Az müddət Kremençuk şəhərindəki artilleriya batareyasında xidmət edir. 1895-ci il mayın 9-da 39-cu artilleriya briqadasına ezam olunur. O, briqadada tədris işləri üzrə müəllim vəzifəsinə təyin olunur. 1896-cı il avqustun 18-də Qazax qəzasına ezam olunan Cavad bəy süvari ordusuna at toplamaq üçün göndərilir.
Sonrakı illərdə Qars və Aleksandropol şəhərlərində xidmətdə olan Cavad bəy Şıxlinski 1901-ci il avqustun 19-da ştabs-kapitan rütbəsi alır. 1904-cü ildə Qars şəhərində beşinci batareyanın komandiri olan Cavad bəy həmin il martın 28-də xidmətdə fərqləndiyinə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif
olunub.
Xidmət yeri tez-tez dəyişdirilən Cavad bəy İranda, İrəvanda, Tiflis quberniyasının Qombarı, Muxrovan ərazilərində, Çarskoe – Seloda müxtəlif hərbi vəzifələrdə ləyaqətlə qulluq etmişdir. 1913- cü il fevralın 21-də ona Romanovlar sülaləsi çarlığının 300 illiyi münasibəti ilə xatirə medalı və podpolkovnik rütbəsi verilir.
Sənədlərdə göstərilir ki, xidmətə başlayan gündən həmişə nümunəvi zabit kimi qulluq etmiş, heç vaxt töhmət almamışdır. Öhdəsinə düşən tapşırığı vaxtında və layəqətlə yerinə yetirmişdir.
1913-1914-ci illərdə podpolkovnik Cavad bəy Şıxlinski 23-cü iri Çaplı artilleriya diviziyonuna komandir təyin olunur. 1916-cı il fevralın 10-da Cavad bəy 45-ci artilleriya briqasında dördüncü batareyanın komandiri olur. 1917-ci il aprelin 22-də isə Cavad bəy Şıxlinskiyə polkovnik rütbəsi verilir.
İyirmi üç illik imperiya ordusundakı nümunəvi xidmətinə görə polkovnik Cavad bəy Məmməd ağa oğlu Şıxlinskinin döyüş xidmətləri layiqincə qiymətləndirilmişdir. O, üçüncü dərəcəli “Müqəddəs Anna” (16.03.1908), ikinci dərəcəli “Müqəddəs Stanislav” (02.03.1911), ikinci dərəcəli “Müqəddəs Anna” (15.02.1914), dördüncü dərəcəli “Müqəddəs Vladimir” (31.01.1915), dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə, 29.09.1915), iki dəfə Ali Baş komandanlığın mükafatı ilə (05.03.1916; 14.10.1916), ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə, 21.10.1916), ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə, 02.12.1916), üçüncü dərəcəli “Müqəddəs Vladimir” (03.10.1917) ordenləri ilə təltif olunmuşdur.

***

Zəngəzurda məskun olan ermənilər İrəvan daşnaklarının təhriki ilə bu vilayəti özlərinə ilhaq etmək niyyətilə Azərbaycan hakimiyyətini tanımırdılar. 1919-cu ilin oktyabr ayında general Cavad bəy Şıxlinskinin komandanlığı altında Zəngəzur ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq davam etdi.
Zəngəzurdakı erməni milli hissələrinə qarşı hərbi əməliyyatlar aparan Cavad bəy Dığ kəndi ərazisində düşmənin möhkəmləndirilmiş istehkamlarını dağıdır və kəndi onlardan təmizləyir. Az sonra ingilislərin işə qarışması ilə hücum dayandırılır. Noyabrın iyirmi üçündə olan barışığa əsasən erməni hərbi hissələri Zəngəzur ərazisini tərk edir.
General Cavad bəy Şıxlinskinin 1919-cu il noyabrın səkkizində həmin döyüşlər barədə Hərbi Nazirliyə göndərdiyi bir teleqram Mərkəzi Dövlət Arxivində saxlanılır.
“Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini əldə saxlamağın mümkün olmayacağını müəyyənləşdirdikdən sonra, mən qrupu Zabıx çayının şimal sahilinə çəkməyi və əlverişli mövqe tutmağı qərara aldım.
Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş mövqeyi tutdular. Enişi enərkən toplardan biri yoldan çıxdı və dərəyə düşdü, onu çıxartmaq mümkün olmadı. Həmin topun açarını, təkərlərini və mühüm hissələrini söküb götürdük.
Top bizim mövqeyimizin yaxınlığındadır, çalışıram ki, ayın doqquzuna kimi çıxardıb aparaq. Mənim bütün göstərişlərimi yerinə yetirmək üçün Yadigarovun dəstəsi Abdallara gəlib.
Qəhrəmanlıqla həlak olan Cavanşir alayının podpraporşiki Muradovun və Zaqatala alayının praporşiki Qazıyevin böyük cəsurluğunu xüsusi qeyd etməliyəm.
Bizim artilleriyada əla döyüş xidmətləri olan podpolkovnik Novruzovun məharətini də unuda bilmirəm. Bizim itki belədir: Zaqatala alayından həlak olan və itkin düşən qırx nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavanşir alayından beş nəfər həlak olub, iyirmi nəfər yaralanıb. Şəki alayından iki nəfər yaralanıb, Qarabağalayından isə ikisi və artilleristlərdən bir nəfər yaralanıb. Zabitlərdən üçün  həlak olub, dördü isə yaralanıb. İtkilərimizin sayını əlavə olaraq yenə Sizə bildirəcəm.
General Cavad bəy Şıxlinski,
Abdallar kəndi”

1920-ci ilin martında erməni daşnakları güclü silahlı qüvvə ilə Qarabağa hücum edəndə general-mayor Cavad bəy Şıxlinski də həmin döyüşlərdə inamla vuruşmuşdur. O günlərdə onun Nazirlər Sovetinin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Usubbəyliyə vurduğu üç təcili teleqram saxlanılır.
“23 martl920-ci il”

Bu gün dan ağarmamış ermənilər Əsgərana hücum edib, qalanın bir hissəsini alıblar. Teleqraf xəttində mənim verdiyim məlumat poçtda kəsilir. Mən təsadüfən buraya gəlmişəm. Fövqəladə hadisə barədə Sizə məlumat verməyi özümə borc bildim. Yerli qəza rəisi ilə birgə köməkçi qoşun dəstələri yığırıq. Bu məlumatı Bərdə və Tərtərə də çatdırmışam.
General Cavad bəy Şıxlinski,
Ağdam”

“Nəsib bəy Usubbəyliyə

Əsgəranı ermənilər artıq zəbt ediblər. Aldığım məlumata görə ermənilər bütün yüksəklikləri ələ keçiriblər. Əsgərandan qaçıb gələn uryadnik və strajnikin dediklərinə ğörə, Xankəndi istiqamətində döyüşlər səhər tezdən başlayıb. Hələlik atəş kəsilib. Hava bərk dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağdam mövqelərini ələ keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər davam edir. Parlamentin üzvü Qarabəy Əliverdiyevin təşkilatçılığı sayəsində Müdafiə Komitəsi və yaralıları müalicə şöbəsi təşkil edilib.
General Cavad bəy Şıxlinski,
Ağdam”

“Nəsib bəy Usubbəyova

Əsgəran qalasının bir hissəsini döyüşlə geri almışıq. Burada hökumət nümayəndələrindən heç kəs yoxdur. Qəza rəisini tapa bilmədik. Özüm köməkçi dəstələr təşkil edirəm. Yerli partizanlara gözətçilər göndərdim. Başımızdan keçəcəyik, amma Əsgəranı düşmənə verməyəcəyik.
General Cavad bəy Şıxlinski”

Cavad bəy Şıxlinskinin komandanlıq etdiyi birinci piyada diviziyası 1919- cu ilin sonlarında Gəncədə yerləşirdi. Diviziya üç alaydan və üç taburdan (batalyon) ibarət idi: Cavanşir alayının komandiri podpolkovnik Səmədbəy Rüstəmbəyov Zaqatala alayının komandiri, polkovnik Əhməd və Dibirov və Gəncə alayının komandiri Cahangir bəy Kazımbəyov idi.
Təcili teleqram
1920-ci il 27aprel

Gəncə. Birinci piyada diviziyasının rəisi, general Şıxlinskiyə. “Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bugün Qızıl Buruna Qazaxdan bir batalyon və Gəncədən bir batalyon göndərmənizi əmr edirəm. Hər bir batalyonda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqrafla bildirin. Biz batalyonları sabaha gözləyirik.
Hərb naziri artilleriya generalı
Səməd bəy Mehmandarov”.

Respublika Mərkəzi Dövlət Arxivində saxlanılan daha bir sənəd. Hərbi Dəniz komissarı Çingiz İldırımın və Respublika bolşevik Ordusunun müvəqqəti Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşının 30 aprel 1920-ci ildə verdiyi əmrdə oxuyuruq:
“Birinci piyada diviziyasının rəisi, general-mayor Cavad bəy Şıxlinskinin tabeliyində olan, Gəncə və Zaqatala quberniyalarında yerləşən bütün hərbi hissələrə, habelə Qarabağ bölməsinin döyüşçülərinə təcili olaraq XI Qızıl Ordunun komandanlığına hərbi əməliyyatlar zamanı tabe olmasını əmr edirəm.
Bütün başqa hallarda bu hərbi hissələr əvvəlki kimi mənim tabeçiliyimdə qalır”. Nə igid Cavad bəy, nə də onun mərd əsgər və zabitləri bolşeviklərin bu ədalətsiz əmrinə boyun əymədilər. Onlar son güllələri qurtarana kimi Gəncə üsyanını davam etdirdilər…
İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər Azərbaycanı zəbt edəndə Gəncə qaynar qazana dönmüşdü. Hamı silaha sarılmışdı. O günlərin hadisələrini alay komandiri, polkovnik Cahangir bəy Kazımbəylinin mühacirətdə yazdığı “Gəncə üsyanı haqqında xatirələr”ində daha real görürük. O yazır: “… Mayın iyirmi üçündə səhər saat altıda növbəti fəaliyyət planını və birgə işləri müəyyənləşdirmək üçün şəhərdə olan birinci Azərbaycan diviziyasının rəisi general Cavad bəy Şıxlinskinini, Azərbaycan Ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və süvari diviziyasının rəisi general Teymur bəy Novruzovu müşavirəyə dəvət etdim. İlk iki general onların arxasınca göndərilmiş polk adyutantının müşayiəti ilə gəldilər. Küçələrə çıxan əhalinin sevincini xüsusi qeyd etmək lazımdır. Əhali polkun qərargahına gələn hər iki generalı “Yaşasın” sədaları ilə qarşıladı. Onları qərargaha əllərinin üstündə apardılar. Uzun müddət küçələrdə sevinc qışqırtısı eşidilirdi. Yalnız mənim təkidli xahişlərimdən sonra kütləni sakitləşdirmək mümkün oldu. Xalq evlərinə dağılmışdı.
Bu müşavirədə general Məmməd Mirzə Qacar yerli hökumətin ümumi rəhbəri və təşkilatçısı seçilir. Artilleriya generalı Cavad bəy Şıxlinski həm bolşeviklərdən alınmış artilleriyanı, həm də bolşeviklərin pozub-dağıtdıqları Azərbaycan artilleriyasını yenidən təşkil edir.
Mən öz polkuma və partizan dəstələrinin fəaliyyətinə rəhbərlik edirəm”.
Ədilə xanımla köhnə albomu yenidən vərəqləyirik. İllərlə arxivlərdə axtardığım general Cavad bəyin və polkovnik Rüstəm bəy Şıxlinskilərin foto şəkillərinə ilk dəfə burda rast gəlirəm. Sevincimin həddi-hüdudu yoxdur. Yetmiş ildən çox adı, fəaliyyəti hərb tariximizdən yoxa çıxan iki görkəmli sərkərdəmizin qaytarılması üçün Ədilə xanıma təşəkkür edib ayrılıram.
İnqilabın ilk günlərində Müsavat generalı “damğası” ilə təqib olunan məhşur hərbi xadimlərimiz Əliağa Şıxlinskinin, İbrahimağa Vəkilovun, Səməd bəy Mehmandarovun, Həbib bəy Səlimovun, Mirkazım xan Talışxanovun, Firidun bəy Vəzirovun, İbrahim ağa Usubovun, Qalib bəy Vəkilovun, Daniyal bəy Həlləcovun, Əhməd bəy Dibirovun başına nələr gətirilməyib? Vaxtlı-vaxtsız qapıları döyülüb, onlara ağıla gəlməyən suallar verilib: bəy baban nə vaxt ölüb, niyə köhnə orduda qulluq eləmisən?. Türkiyədə, İranda neçə qohumun var?
Azərbaycan Demokratik hökumətinin polkovniki Əhməd bəy Dibirovun qızı Nəcibə xanım Abdullayeva hazırda (1995-ci ildə) Bakının Qaqarin küçəsindəki səkkiz nömrəli evdə yaşayır. O, ağrılı-acılı illəri Nəcibə xanım kədərlə xatırlayır:
Atam general Əliağa Şıxliniski ilə yaxın dost idi. Onların ən böyük arzusu bu dostluğu qohumluğa çevirmək idi. General məni qardaşı oğlu Cavad bəyə istədi.
Bu izdivaca atam məmnuniyyətlə razılıq verdi. 1920-ci ilin mart ayında bizə nişan gəldi. Həmin ilin payızında toyumuz olmalı idi. Gəncə üsyanından sonra hər şey tarmar oldu. Cavad bəy xaricə mühacirətə getdi. Evlənmək bizə qismət olmadı…
Atam Əhməd bəy general Əliağa Şıxlinski ilə fəxr edirdi. Onu böyük qardaş, görkəmli sərkərdə kimi çox sevirdi. Hətta generalın 1906-cı ildə Tiflisdə çəkilmiş foto-şəklini böyük ölçüdə çərçivəyə saldırıb evimizdən asmışdı. Atam tutulandan sonra nənəm həmin foto-şəkili zirzəmidə gizlətdi. Şəkil indi də Mahmalardakı evimizdə qalır (1993-cü ildə polkovnik Əhməd bəy Dibirovun nəvəsi, polkovnik Əhməd Dibirov xeyirxahlıq edib general Əliağa Şıxlinskinin iri ölçülü həmin foto-şəklini Bakıya gətirdi – Ş.N.).
– İstefaya çıxan atam Balakən rayonunun Mahamalar kəndində yaşayırdı.
Otuzuncu illərdən başlayaraq çox get-gələ saldılar. Amma onu həbs etmək üçün bir əsas tapa bilmirdilər. Nəhayət, həyat yoldaşım – 1917-ci ildən partiyanın üzvü olan Əmir Abdullayevi həbs etdilər. Səbəbi də bu oldu ki, müsavat polkovnikinin qızına evlənmisən.
… Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu vaxt bir xoruz onların yanındakı kötüyün üstünə çıxıb dalbadal banlayır. Səbri tükənən atam zəhlə tökən xoruza zarafatla: “ay xoruz, – deyir, – sən də komsomol kimi nə qışqır- bağır salmısan”. Xırdaca bir daş atıb xoruzu qovur. Bir azdan evə qayıdan atamı
yarıyoldan qaytarıb orqana apardılar. Sorğu-suala tutdular və günahlandırdılar ki, sən nə haqla komsomolu təhqir etmisən. Onu Sibirə sürgün etdilər. Atam o gedən oldu. O gündən mən “xalq düşməni”nin qızı və “xalq düşməni”nin həyat yoldaşı oldum. İki ay sonra bizə xəbər verdilər ki, atanız türmədə ürək partalamasından vəfat etdi.

***

İyirminci ildə rusca dərc olunan “Kommunist” qəzeti generallarımızın və ziyalılarımızın təqib olunması barədə kifayət qədər yazılar verib. Azərbaycan bolşeviklər partiyasının orqanı olan bu qəzetin səhifələrini vərəqləyəndə Azərbaycan və onun övladları haqqında ürəkaçan heç nəyə rast gəlmirsən. Əgər iyirminci ilə qədər Azərbaycan tarixindən bixəbər olan adam bu qəzeti vərəqləsə, istər-istəməz düşünər ki, bu xalqda ziyalı yox imiş, bu xalq quldur, sərgərdan, əksinqilabçı, rüşvətxor və oğru imiş.
Yeni bolşevik hökuməti Azərbaycanda özünü möhkəmlətmək üçün XI ordunun gücü ilə hər cür alçaqlığa əl atıb. Evləri müsadirə, ziyalılan həbs edib, güllələyib, qəddar və vəhşi hərəkətlərini həyata keçirib.
Qəzetin 29 iyun 1920-ci il tarixli nömrəsində oxuyuruq: Gəncə Quberniyasının Fövqəladi Komissiyası elan edir: Gəncə Quberniyasının Fövqəladə Komissiyası aşağıda adı çəkilən ailələri girov saxlayır: Qacarlar, Kazımbəyovlar, Şıxlinskilər, Xanxoyskilər ailəsini və Gəncədə iki yüzə yaxın görkəmli burjuaziya sinfindən olan şəxsləri.
Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə yaxalanarsa, həmin şəxs dərhal sorğu-sualsız güllələnəcəkdir”.
“Kommunist” qəzetinin 30 iyun 1920-ci il tarixli nömrəsində yazılır: “Gəncə. İyunun 28-də Tiflisdən gələn yoldaşlar xəbər verirlər ki, Azərbaycan əksinqilabçılarının hamısı Tiflisin küçələrində veyillənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı, general Cavad bəy Şıxlinski, Teymurbəy Novruzov və bütün Şamxor bəyləri də oradadırlar.
Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə bir şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına görə Xan Xoyski müsavatçıların tərəfindən qətlə yetirilib . Həm də xəbər verilir ki, Gürcüstanda sovet qoşunları ilə toqquşmada Zaqatala dairəsindəki gürcü əsgərləri onlara güllə atmaqdan imtina ediblər. Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü olub”.
“Kommunist” qəzeti, 6 iyun 1920-ci il tarixli nömrəsində:
“General Şıxlinski həbs olundu. Gəncə, 3 iyul. Məşhur əksinqilabçı və Gəncə üsyanının təşkilatçısı general Cavad bəy Şıxlinski cinayət axtarış idarəsinin milis rəisi tərəfindən həbs olunaraq Tiflisdəki xüsusi dəstənin sərəncamına verilmişdir.
Gürcülər həbs olunan general Cavad bəy Şıxlinskini ona görə günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən (1918-20-ci illər nəzərdə tutulur. – Ş. N.) gürcü zabitlərini zorla hərbi işə cəlb etmişdir.
Axırıncı cümlə tamamilə yalan və iftiradır. Əvvəla, tam məsuliyyətlə demək olar ki, “gürcü zabitləri zorla hərbi işə cəlb edilmişdir” sözləri Gürcü və Azərbaycan xalqı arasında təfriqə, ixtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç vaxt 1918-20-ci illərdə gürcülər zorla Azərbaycan ordusuna çağırılmamışlar.
Əksinə, onlar könüllü olaraq Azərbaycan Milli Ordusunda xidmət etmişlər. Hazırda Respublika Mərkəzi Dövlət arxivində saxlanan sənədlər arasında onlarca gürcü əsgər və zabitlərinin bizim orduda könüllü qulluq etmək haqqında ərizə və raportları saxlanılır. Onların arasında yüksək rütbəlilər də var: Azərbaycan hərbiyyə məktəbinin rəisi, general-mayor Konstantin Davudoviç Çxeidze, 1919-cu ildə birinci süvari diviziyasının Qərargah rəisi Amaşukelli, general-kvartirmeyster V.D.Karqaleteli, general knyaz Makayev, general-mayor Aleksandr Purselidze və başqaları.
Hətta V.D.Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı nümunəvi hərbi xidmətinə görə 167 nömrəli əmrlə general-mayor rütbəsi ilə təltif olunmuşdur.
O dövrün tarixçisi Cahangir Zeynaloğlu “Müxtəsər Azərbaycan tarixi” kitabında mart hadisəsindən danışanda gürcü piyada bölüyünün təmənnasız köməyini unutmur. O yazır: “O, Tiflisdəki Mavərayi-Qafqaz hökumətinin lütf və mərhəmətilə müsəlman ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, düşmən qarşısına, Kürdəmirə göndərildi. Dəstə birinci Tatar (Azərbaycan – Ş.N.) süvari alayı ilə yenidən təşkil edilmiş ikinci süvari alayı, bir gürcü piyada bölüyü və bir Gəncə topçu batareyasından ibarət idi. Gürcü bölüyü Bakı məsələsində gürcülərinmüsəlmanlar ilə birlikdə hərəkət etmələrinə bir əlamət və müsəlmanlara  kömək olaraq göndərilmiş idi”.
O vaxtkı Azərbaycan-Gürcüstan münasibətlərindən onlarca belə fakt söyləmək mümkündür. Lakin yeni gələn bolşevik hökumətinin general Cavad Bəy Şıxlinski və gürcü zabitləri barədə yazdığı fakt isə iki millət arasında suyu bulandırmaqdan başqa bir şey deyil.
Rusca “Kommunist” qəzetinin bundan sonrakı nömrələrində nə general Cavad bəy Şıxlinski, nə də Teymur bəy Novruzovun haqqında heç bir məlumat verilmir. Bundan sonra Cavad və Teymur bəylərə əli çatmayan bolşeviklər Azərbaycanı tərk etməyən hərbçi oğullarımızın tuthatutuna başlayıblar.
Qəzet 19 iyul 1920-ci il tarixli nömrəsində yazır: “Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Səhra Məhkəməsi iyulun 17-də general-qubernator Teymur bəy Məlik Aslanovun məhkəmə işinə baxmışdır. On dörd nəfər kommunistin şahidliyi ilə Teymur bəyin evindən 280340 rubl pul məbləğində əşya müsadirə olunmuşdur. Teymur bəyin günahı ondan ibarət idi ki, o, müsavata qulluq göstərib və bolşeviklərə qarşı döyüşdə fəal iştirak edib.
Ona görə də inqilabi məhkəmə Azərbaycan Dəmir yolu idarəsinin rəisi keçmiş müsavatçı olan Teymur bəy Məlik-Aslanova ən ağır cəza verərək, ona ölüm hökmü kəsir. Məhkəmənin qərarı qətidir, şikayət qəbul olunmur”.
Qəzetin dörd gün sonra verdiyi bir xəbər isə general Cavad bəy Şıxlinskinin əmisi oğlu haqqındadır: “23 iyun 1920-ci il. Hərbi Səhra Məhkəməsi Şərif Abdulla oğlu Şıxlinskinin komandiri olduğu fəhlə-kəndli batalyonunda yoxlama aparmışdır. Məlum olub ki, Şərif Şıxlinski 22.600 rub. məbləğində pul və yeməyi mənimsəyib. O, bu pulları hara xərclədiyini söyləsə də, inandırıcı olmadı. Müsavatçı olduğunu boynuna aldı. Nəslən bəy və burjuy qalığı olan bu zərərli elementə ona görə də üç il həbs cəzası verilir”.
Qarşımda arxivdən çıxarılmış, üz qabığı solmuş, qırx ildən də əvvəl Şıxlinskilərin bir qoluna qarşı tərtib edilmiş kiçik bir qovluq var. Bu işin içində 1949-cu il mayın on yeddisində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin birinci şöbəsinin əməkdaşı mayor Siplis tərəfindən yazılmış və o vaxt üçün tamamilə məxfi sayılan bir arayış var. Həmin arayış Şıxlinskilərin əzab və əziyyətləri üçün əsas olmuşdur. Heç bir şeyə əsaslanmayan və sübuta yetməyən bu saxta sənədin tam mətni belədir. Türkiyədə siyasi mühacir Şıxlinski Qiyas bəy Cahandar bəy oğlu 1895-ci ildə doğulmuşdur. Azərbaycan SSR Qazax rayonu Şıxlı kəndinin sakini, Qazax rayonunun keçmiş nüfuzlu bəyi, Müsavat hökuməti zamanı Gəncədə pristav olmuşdur. 1930-cu ildə siyasi anda yaratmış və Azərbaycanın bir sıra rayonlarında əməliyyatlar keçirmişdir. Sonra qardaşları və quldur dəstələri ilə Türkiyəyə mühacirət etmişdir. Müsavat liderlərinin göstərişi ilə Türkiyənin SSRİ ilə həmsərhəd rayonlarında bizim əraziyə göndərilmək üçün quldur dəstələri təşkil etmişdir. Azərbaycan SSR-də gizli antisovet təşkilat yaratmaq məqsədilə həmin quldur dəstələrinin köməyi ilə emisarların göndərilməsi həyata keçirilmişdir. İstər özü, istərsə də Türkiyədə yaşayan yaxın qohumları müsavatçı dairələrlə sıx bağlıdır və SSRİ-yə qarşı təxribat işi aparırlar.
Bu, ağ yalan idi, çünki Şıxlinskilər Türkiyədə olarkən ancaq sovet rejiminə müxalifətdə idilər və öz xalqına qarşı təxribat aparmırdırlar. Fransada və digər ölkələrdəki rus mühacirləri kimi bolşevizm diktaturası metodlarını ifşa etməkdə idilər.
Buna görə də Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşeviklərin təqibindən mühacirət etmək məcburiyyətində qalan müsavat partiyası liderinin xaricdə olması totalitar rejimə rahatlıq vermirdi. Qiyas bəy Şıxlinski qardaşları və yaxın qohumları ilə onların arasında idilər. Onları Azərbaycan xalqının gözündən salmaq məqsədilə rejim ifşaedici materiallar uydurur, onları “xalq düşməni” kimi göstərməyə çalışır, Azərbaycanda qalan qohumlarını isə ailəlikcə Qazaxıstanın soyuq çöllərinə, Sibirin və Uzaq Şərqin ucqar tayqasına sürgün edirdi.
Bu faciələri oxuyanda istər-istəməz general Cavad bəy Şıxlinskinin vətəni tərk edib İrana mühacirət etməsinə haqq qazandırırsan. İstilaçı XI Orduya qarşı son gülləsinə qədər vuruşan, torpağını yadlardan qoruyan yüzlərlə mərd, igid oğlumuz qürbətdə Vətən, el-oba həsrətilə dünyasını dəyişdi. Onlardan biri də milli ordu generalımız, Gəncə üsyanının başçısı Cavad bəy Məmmədağa oğlu Şıxlinski idi. O, 1959-cu ildə Türkiyədə vəfat etmişdir.

ŞTABS-KAPİTAN QİYAS BƏY ŞIXLİNSKİ VƏ…

Vətənə vurulmuş yaranı bizim hər birimiz öz ürəyimizin dərinliklərində hiss
etməliyik.
ViktorHüqo (1802-1885)
fransız yazıçısı

Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində meydan sulayan bolşevikdaşnak düşmənlərinə nifrətini də unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə Sovet sərhədlərinə gah Qars və Sarıqamış tərəfdən, gah da Başkeçid, Maymaq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi Sovet totalitar rejimində kolxoz və sovxozlarda qul kimi işlədilən həmyerlilərini xilas etmək idi.
1918-20-ci illərdə Ərəş qəzasının pristavlığında ikinci sahənin rəisi, ştabskapitan Qiyas bəy Cahandar ağa oğlu Şıxlinski 1895-ci ildə Qazaxda anadan olub.
Aprel çevrilişindən sonra 1930-cu ilə qədər Qazax qəzasında milis rəisi işləyən Qiyas bəy həmin ili bolşeviklərin ədalətsizliyi ilə barışmayıb Türkiyəyə mühacirətə getmişdir. M.C.Bağırovun məhkəməsi sənədlərindən: “Bağırovun antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxartdı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.
O illərdə Azərbaycan Baş Siyasi İdarənin işçiləri arasında Şıxlinski daima Bağırovla yaxınlığını qeyd edirdi.
1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı. Orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi.
İstintaq zamanı M.C.Bağırov təsdiq etdi ki, Qiyas bəy Şıxlinskini o üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 avqustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi: “Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.
Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.
Bu ifadələri istintaq zamanı müttəhim T.M.Borşev də təsdiq etdi: “Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar Qiyas bəy Şıxlinski bununla fəxr edirdi.
İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı”. Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur.
Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olunmamışdır. Bundan əlavə, Qiyas bəy Şxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur: “Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin”.
Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlinskiyə o vaxtlar Azərbaycan Baş Siyasi İdarəsi Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış verildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu. Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı”.
Qiyas bəy Şıxlinski 1909-1914-cü illərdə Qori şəhərindəki Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi.

***

Sovet çekistləri tərəfindən daima təqib olunan Qiyas bəy dəstəsilə Gəncəbasar və Dilican dağlarında gəzib dolanır. Nəhayət, 1931-ci ilin yanvar ayında Qazax, Dilican və Allahverdi rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir. Dəstədə onun yaxın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi Sovet hökumətinə nifrət edən oğullar vardı.
Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayonunun xüsusi idarəsinin rəisi Xoren Qriqoryan Şıxlinskilər nəslinə qənim kəsilir. O, bu nəsilin yaxın və uzaq qohumlarının əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin
anası Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin iki qardaşını
isə güllələdilər. Qalanları Qazaxıstana sürgün olundular.
1935-ci ildə Qiyas bəyin arvadı Badisəba xanım Səadəddin Əfəndi qızı, onun yeddi yaşlı qızı Əzizə və 1915-ci il təvəllüdlü oğlu Qiyasla birgə sosial təhlükəli ünsür kimi noyabrın 17-də üç il müddətinə Qazaxıstana sürgün edildilər.
Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy Şıxlinskinin ailəsindən də yan keçmədi. Qazax enkevedesi Xoren Qriqoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin əmisi qızı Şəkər xanım Adil bəy qızını (xalq yazıçısı Mehdi Hüseynin analığını) sürgünə göndərdi.
İkinci Şıxlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıxlinski ibtidai təhsilini kənd məktəbində almışdı.
1897-ci il sentyabrın 1-də Qori Müəllimlər Seminariyasına daxil olan Alay bəy 1902-ci ildə oranı əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala quberniya idarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə Qazax Seminariyasında riyaziyyat müəllimi olmuşdur. 1926-cı ildə Sovet hökuməti Alay bəyi, Məhəd bəy Vəkilovu və Məcid ağa Şıxlinskini “keçmişin qalığı” kimi səsvermədən məhrum etdi.
“Yuxarılara” şikayətlər yazan Alay bəy və dostlarına Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi (1892-1937) zəmanət vermişdir ki, hər üç nəfər uzun illərdir ki, xalq müəllimi kimi xidmət edirlər. Keçmişdə onları polis orqanlarında işləməyə Qəza Seçki Komissiyası təyin etmişdir. Sovetləşmədən sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yoxdur. 1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin katibliyinə “məxfidir” dərkənarı ilə yazılan bu məktubdan sonra onların səsvermə hüququ özlərinə qaytarılmışdır.
Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay bəyi yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən bezib cana doyan Alay bəy Şıxlinski başına dəstə toplayıb Altuntaxt yaylağına çəkilib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas bəylə birgə Türkiyəyə getdi. Ömrünün axırına kimi İğdırda yaşadı.
Qazax Seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy xalq şairi Səməd Vurğunun, Osman Sarıvəllinin, xalq yazıçısı Mehdi Hüseynin, Mehdixan Vəkilovun, Mirqasım Əfəndiyevin və onlarla seminaristin müəllimi olmuşdur.
1924-cü il buraxılışında müəllim və tələbələrlə birgə çəkilmiş foto şəkildə Alay bəy də var. Müəllim Alay bəy Şıxlinskinin dərslərini dərhal mənimsəyən, çətin məsələ və misalları alıcı quş kimi göydə tutan seminarist Səməd Vəkilovun haqqında Alay bəy demişdir:
– Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan gorünməmiş bir şey çıxacaqdır.
1924-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirən Səməd Vəkilova ən yaxşı
xasiyyətnaməni də Alay bəy Şıxlinski vermişdir.
Alay bəy məşhur Qazax qazisi Səadəddin Əfəndi Müftizadənin (1837-1916) qızı Güləndam xanımla ailə qurmuşdu. Əmisi oğlu Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba xanım qazi Səadəddin Əfəndinin qızı idi.
Qiyas bəy Türkiyədəki fəaliyyəti haqqında məlumatı hazırda İqdırda yaşayan qardaşı oğlu Turan Həsənbəy oğlu Alqazaxdan almışam. Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə Qarsa gəldi.
Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət müfəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi.
Rus – Sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və dostları Vana sürgün edildi. Van yolunda yerləşən Kara Köşedən Qiyas bəy Atatürkə zəng etdi.
Aralarında belə bir dialoq oldu:
– Sayın Paşam, İqdırdarı sürgün edilməyimizin səbəbini bilmək istəyirəm.
Atatürk:
– Başınızın salamat olması üçün bunu etməlisiniz.
– Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin. Ya da icazə verin Kara Köşədə qalaq.
Atatürk:
– Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm.
Qiyas bəy:
– Sağ olun, Paşam.
Atatürkün əmri ilə yerləşdirmə və əmlak məmurları Qiyas bəyə köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz gücünə yaşamağa üstünlük verdi.
İkinci Dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Almaniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə əsasən Qiyas bəy Şıxlinskinin başçılığı ilə Türkiyədə yaşayan Qafqaz xalqları geri qayıdıb Sovet İttifaqını daxildən dağıtmaq üçün yeni bir cəbhə açmalı idilər. Lakin Qiyas bəyin “dostlarından” İman Bolluq adlı birisi bu məlumatları ruslara 20.000 (min) lirəyə satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahları ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə, Qiyas bəy mühakimə olundu. Ona edam cəzası kəsildi. Bu hadisədən xəbər tutan Alman hökuməti Türk hökumətinə belə bir ultimatum verdi: – Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik. Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olunur. O, Gümüxanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə yenidən Qarsa, 1955-ci ildə Ağrıya gəlir. 1965-ci ildə isə Bandırmada yeləşmişdir. 1970-ci ildə el-oba, qohumqardaş həsrətli Qiyas bəy vəfat etdi. Qiyas bəy Şıxlinski Ağrıda yaşayanda evləndi, üç oğlu və iki qızı oldu. Şıxlinskilər Türkiyədə ulu babaları Alqazaxın adını soyad kimi daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazax (1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qazanmışdır.
1990-cı ilin qışında sevimli xalq yazıçısı İsmayıl Şıxlı ilə mənzilində söhbət edirdim. Söhbətimizin əsas mövzusu general Əliağa və onun general qardaşı oğlu Cavad bəy Şıxlinskilər idi. Həmin illərdə general Əliağa Şıxlinskinin iki cildini çapa hazırlayırdım. Ona görə də İsmayıl müəllimlə tez-tez görüşürdük, onun köməyinə ehtiyacım var idi. Söhbətarası bığaltı xoş təbəssümlə gülümsünən İsmayıl Şıxlı:
– Sənə mənim bir hədiyyəm var, – dedi. Dur, o kitab rəfinin üstündəki qovluğu bura gətir.
Qovluqdan çıxan nəsli haqqında nadir bir sənədi və iki foto-şəkili İsmayıl müəllim mənə bağışladı.
Foto-şəkilin birində Qiyas bəy 1952-ci ildə Türkiyədə ailəsi ilə birgə çəkilmişdir. Digər şəkildə isə polkovnik Çingiz Alqazax təsvir olunmuşdur.
– Çingiz bəy – dedi, Türkiyədə Hərbi Aviasiya məktəbini bitirib, paraşütdesant idmanı üzrə Avropa çempionu olub. Türkiyə Silahlı Qüvvələrində şərəflə xidmət edən Çingiz bəy Alqazax yüksək vəzifələr tutmuşdur. Əlli dörd yaşında vəfat edib. Sonuncu vəzifəsi Hərbi Aviasiya Eskadriyasının komandiri olmuşdur.
Dayısı Qiyas bəylə bağlı kövrək bir epizodu İsmayıl Şıxlı 1989-cu ildə qələmə alıb. Bu təsirli hadisə 1952-ci ildə tənqidçi Məsud Əlioğlugildəki qonaqlıqda olub.
“… Mir Cəlal müəllim hiss edilmədən qabağıma pivə qoymuşdu. Mən hərdən bir qurtum alırdım. Bunu Səməd Vurğun gördü.
– Ə, o nədir, içirsən? Kişi araq içər, araq iç. Neyləyim, yorğun vaxtıma düşübsən, yoxsa sənə necə içməyi göstərərdim.
Mənə araq süzdü.
Hiss etdim ki, gözü üzümdədir. Amma xəyalı hardasa uzaqlardadır. Onu da başa düşdüm ki, mənim üzümə baxa-baxa uşaqlıq dünyasına qayıtımışdır. Bəlkə də, bu saat Kür sahilində, Qarayazı meşəsində gənclik dostları ilə gəzir, bəlkə…
Birdən elə bil dirçəldi. Qamətini düzəldib qarmon çalan Feyruza baxdı:
– Ə, a bala, bir “Motanı” çal.
Ayağa durdu. Məni də qaldırdı. Qabaq-qənşər oynamağa başladıq. Burada da gözünü üzümdən çəkmirdi. Ortada bir xeyli fırlanandan sonra gördüm ki, oynaya-oynaya məni küncə doğru aparır. Ev böyük idi. Köhnə binaların hamısında olduğu kimi tavan hündür, qapı-pəncərə genişdi. Küncə çatanda dayanıb boynumu qucaqladı, üzümdən öpdü. Pıçıltı ilə: “Ə, Qiyas qağama yaman oxşayırsan” – dedi.
Gözləri yaşardı. Bildim, 30-cu illərdə Türkiyəyə getmiş dayımı deyirdi. Eşitmişdim ki, dost olublar. Amma dayımın adını çəkmək olmazdı. Ona görə xəlvətdə, pıçıltı ilə sözünü deyirdi. Görünür, mənim dayıma oxşamağım onu kövrəltmişdi. Mənim də gözlərim doldu. Başımı vaxtsız qocalmış şairin köksünə sıxıb xeyli dayandım. Bu ani haldan sonra qollarını yenə qaldırdı, heç nə olmamış kimi, oynaya-oynaya geri qayıtdıq. (İsmayıl Şıxlı “Namərd gülləsi” kitabı, 1991-ci il, səh. l41-142-də) Pristav Hüseyn bəy Şərifbəy oğlu Şıxlinski (1886-1920) Goranboy və Əhmədli nahiyəsinin pristavı olub. 1920-ci il mayın 13-də Müsavat rejiminin məmuru və Gəncə üsyanının iştirakçısı kimi həbs edilib, güllələnmişdir. Əslində isə 1919-cu ilin fevral-mart aylarında bolşevik Qatır Məmmədin quldur dəstəsinin darmadağın edilməsində fəal iştirakına görə Fövqəladi Komissiyasının sədri Semyon Pankratovun göstərişi ilə komissar Qriqoryevin qrupu həbs etmişdir.
Kar Hüseyn bəy adı ilə bolşeviklərə qarşı əzazil bir şəxsiyyət kimi tanınan pristav Şıxlinski istiqlal hərəkatının fəal mücahidi kimi ad-san qazanmışdı. O, 1886-cı ildə Qazax qəzasının Şıxlı kəndində anadan olmuşdur.
1941-ci ilin ağır günlərində institutunda təhsil alan İsmayıl Şıxlını Kulak oğlu kimi dövlət imtahanına buraxmaq istəmirlər. Onda imtahan komissiyasının sədri Mikayıl Rəfili köməyinə gəlir. Sonralar – 1988-ci ildə İsmayıl Şıxlı “Ayrılan yollar…” xatirə məqaləsində belə bir epizodu qələmə alıb: “Bilirsənmi, sənə bu hörməti niyə etdim?” Çiynimi çəkdim. O isə sözünə davam etdi: “Əlbəttə, müəllimlərin də sənə kömək etdi. Özündən də xoşum gəldi. Amma əsas səbəbi odur ki, Müsavat vaxtı məni Gəncədə tutmuşdular. Yəqin, sənin qohumlarından olan Şıxlinski familli bir pristav (Hüseyn bəy – Ş.N.) məni azad etdi. İstədim, yaxşılığın əvəzini verəm”. Pristavın kim olduğunu bilmirdim. Həmişə bu familin əziyyətini çəkirdik. İlk dəfəydi ki, yaxşılığını gördüm. O, sözülərini astaca dediyi kimi mən də təşəkkürümü astaca söyləyib çıxdım.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ordusunda Şıxlinskilər nəslinin nüfuzlu oğulları ləyaqətlə xidmət etmişlər.
Polkovnik Rüstəm bəy Məmmədağa oğlu Şıxlinski 1912-13-cü illərdə Birinci Qafqaz atıcısı artilleriya divizionunda ştabs-kapitan rütbəsində xidmət edib.
1918-ci ildə Topçu hissəsinin və Ağdamdakı pulemyot məktəbinin rəisi idi. 1919-cu il fevralın beşindən Əlahiddə Ağır top divizionunun və 1920-ci ilin əvvəlində İkinci Artilleriya briqadasının komandanı 1920-ci il iyunun 11-də şübhəli şəxs kimi Az. ÇK-nın əməkdaşları Troyan və Polyakov tərəfindən Bakıda həbs edilib, güllələnmişdir. Məşhur generalımız Əliağa Şıxlinskinin qardaşı Məmmədağanın kiçik oğludur. 1877-ci ildə Qazaxda anadan olub. Tiflisdəki kadet korpusunun və Peterburqda Mixaylovski Ali topçuluq məktəbini bitirib. Birinci Dünya müharibəsində birinci Qafqaz atıcı artilleriya divizionunda kapitan rütbəsində döyüşüb. Cəbhədəki döyüş xidmətləri IV-cü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) və IV dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenləri ilə qiymətləndirilib.
Poruçik İsrafil bəy Ağa oğlu Şıxlinski 1918-ci ildə Gəncədə Hərbi məktəbi bitirib. Məktəbdə ikinci rotanın praporşiki vəzifəsində işləyib. 1897-ci il sentyabrın 10-da Qazaxda zadəgan ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbaycan şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə Az ÇEKin
yanında qısa müddət xüsusi təyinatlı dəstənin komandiri olub. Müsavatın tərəfdarı və Sovet hökumətinin qatı düşməni olduğuna görə ittiham edilib. 1926-cı
ildə Solovetsk həbs düşərgəsinə sürgün olunub.
Əli Ağa oğlu Şıxlinski – İkinci Zaqatala piyada alayında Hərbi təhsil komandasının praporşiki.
Abdulla ağa Omar ağa oğlu Şıxlinski 1899-cu il yanvarın 5-də Qazaxda anadan olub. 1918-ci il aprelin 6-da Bakı Realnı məktəbini bitirib. Həmin ili atası Omar ağa qəflətən vəfat etdiyinə görə əmisi general Əliağa Şıxlinskinin himayəsində yaşayıb. Azərbaycan Milli Ordusunda yunker rütbəsində xidmət edib. Sovet tibb elmində görkəmli mütəxəssis, tibb elmləri namizədi kimi məşhur idi. Abdulla ağa 1970-ci il mayın 23-də Bakıda vəfat edib.

İLK MİLLİ ORDU GENERALIMIZ

1917-ci il noyabrın on beşində mən Qafqaza gəldim. Öz xalqımı baş verə biləcək xarici təsirlərdən və daxili qarışıqlıqlardan qorunmasına xidmət etmək arzusu ilə Azərbaycan korpusu təşkil etməyi lazım bilib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım.

Əliağa Şixlinski
Tam artilleriya generalı

Hər ağacın öz kölgəsi var, hər millətin də ordusu olmalıdır. Süleyman bəy, indiki vəziyyət bunu daha çox tələb edir. Biz ordu yaratmasaq, milləti qırğına verə bilərik. Hadisələrin belə sürətli inkişafı göstərir ki, ordusu, top-tüfəngi olan bir xalq digərini məhv edə bilər. Bu saat bizim vəziyyət elədir ki, düşmən həm içimizdədir, həm də qonşuluğumuzda. Yüz il arxalandığımız rus imperiyası axırımızı gətirib bura çıxartdı.
– Əliağa, Səməd bəy hardadır, niyə üzə çıxmır? Ordu təşkil etməyə, xalqın müdafiə qüdrətini möhkəmləndirməyə yaxşı imkan yaranıb.
– Vladiqafqazdadır. Bu günlərdə gəlmişdi, Tiflisdəki Milli Müsəlman Şurasında lazım olan adamlarla görüşdük yenə qayıtdı Vladiqafqaza. Ailəsini köçürüb Bakıya gətirməyə getdi.
– Biz bir məsələni də çox tez həll etməliyik. Vaxtilə “Dikiy diviziya”da və hazırda imperiya ərazisində xidmətdə olan zabitlərin hamısını çağırmalıyıq: Xarkovdan polkovnik İbrahim ağa Yusubovu, Murmanskdan general Mirkazımbəy Talışxanovu, Nijeqorod alaylarından şahzadə Əmir Kazım Qacarı, polkovnik Əmənulla xan Qacarı, Seyfulla Qacarı, general Firidun bəy Vəzirovu. Xüsusilə beşinci və yeddinci Qafqaz nişançı diviziyalarında bizim həmyerlilər daha çoxdur. Onların hamısını çağırmaq lazımdır. Silah tutan oğul Vətənin dar günündə gərək olmayacaqsa, əmin-amanlıq dövründə heç lazım deyil. Sən bilirsən general Əlyarbəy Haşımbəyov indi harada qulluq edir?
– Qafqaz araba-karvan birqadasında. Ünvanı məndə var, tel vuraram.
– Bu işi tez eləmək lazımdır. Zabitlərdən birinə tapşırsan daha səlah olar.
Sənin işin çox olur, çatdıra bilməzsən. Polkovnik Şirinbəy Kəsəmənliyə, bir də qardaşım uşaqları Cavad bəyə və Rüstəm bəyə özüm xəbər eləmişəm. Onlar çoxdan milli orduda qulluq eləmək arzusundadırlar. Gələcəklər. Dayan, qardaş, bir nəfəri də xatırladım. Polkovnik Davud bəy Yadigarov indi harda xidmətdədir, bilmirsən?
– Yox, çoxdandı onunla əlaqəm yoxdu.
– Onu mən öyrənərəm, əmisi Həsən bəy Tiflisdə mənim qaynım Bahadır bəylə qonşudur.
– Əliağa, mənim Zaqafqaziya seymi deyilən dövlət hakimiyyətinə heç bir ümidim yoxdur. Gürcüləri deyə bilmərəm, məncə, ermənilər bu təşkilata daxil olmaqla vaxt qazanırlar və güc toplayırlar.
– Aydın məsələdir, ermənilərin bu bicliyini hamı başa düşüb. Lori dərəsindəki gürcülərlə davadan əllərinə bir parça torpaq keçirə bilmədilər, rüsvay oldular. İndi bizimlə torpaq iddiasına başlayacaqlar.
Sənin xəbərin var ki, daşnak generalı Foma Nazarbəyov Tiflisdə erməni korpusu təşkil edir. Bu yandan da Andranik, Nijde, Dro əməlli-başlı könüllü milli erməni dəstələri yaradıblar. Mənə belə gəlir ki, mənim Tiflisdə təşkil etdiyim korpusla sənin burda, Gəncədə yaratdığın alayı birləşdirməliyik. Çünki ayrılıqda biz heç nəyik. Gəncənin yarısı erməni əhalisidir. Sabah ayağa qalxsalar, tək sənin alayınla onların qarşısını ala bilmərik. Bizim korpusu da Gəncəyə köçürmək lazımdır.
– Bilirsən, Əliağa, xeyli vaxtdır Gəncədəyəm, öyrənmişəm. Gəncə və Çaykənd ermənilərinin İrəvan daşnakları ilə çox yaxın əlaqələri var. Deyilənə görə, onlar Gəncənin müsəlman əhalisini qırmaq üçün əməlli-başlı silahlanıblar. İrəvan daşnaklarının işarəsini gözləyirlər.
Əliağa dayandı. Fikir və düşüncə ilə dostu Süleyman bəyin üzünə baxabaxa qaldı. Sağ əlini qaldırıb yoğun gövdəli çinara söykəndi.
– Qardaş, – dedi, – bizim əsas çətinliyimiz odur ki, əsgər və zabitlərimiz üçün nə silah var, nə cəbbəxana, nə də əməlli-başlı paltar və ayaqqabı. İmperiya ordusu bizim ərazilərdən çəkilib gedəndə hamısını özü ilə aparıb. Bir müsəlman bəndəsi qabağa durub bunları ruslardan almayıb. Amma erməni daşnakları, gürcü zadəganları, menşevikləri onların ərazilərini tərk edən rus qoşunlarından hər bir silahı, hətta kazarmaları belə təhvil alıb, öz əsgərlərini yerləşdiriblər.
– Bu barədə bizim alayın vəziyyəti pis deyil, Əliağa. Burda mənim yaxın bir dostum var, imkanlı və karagələn adamdır. Məmmədbağır ağa Şeyxzamanov cənablarını deyirəm. Yer və ərzaq məsələsində bizim alaya yaxından, cani-dillə kömək edir. Hərbiyyə məktəbinin hələlik azsaylı müdavimlə açılmasına da maddi kömək edəcəyinə söz verib. Məmmədbağır ağa əsil-nəcabəti ilə tanınan bir zatdır, milli parlamanın da üzvüdür.
– Hər kimdirsə, ol zatdan möhkəm yapışmaq lazımdır, – dedi Əliağa. -Tiflisdə də belə bir dindaşımız var. Tanımamış olmazsan, Həmzət bəy Xəlilov bizim Milli korpusa həm ərzaqla, həm də geyimlə çox kömək edir. Bu günlərdə xeyli silah və balakənlilərdən ibarət bir kiçik alay da təşkil edib gətirdi. İki qoçaq oğlu da – Rüfət bəy və Ramazan bəy mənim korpusumda qulluq edir. Hər ikisi ali təhsilli zabitdir.
– Amma Məmmədbağır ağa səninlə çox maraqlanır, Gəncəyə təşrif gətirməyinizdən xəbərdar deyil. Qayıdaq evə, adam göndərərəm, məmnuniyyətlə sizin görüşünüzə gələr.
Əliağa etiraz etdi:
– Yox, – dedi, – bizim ona işimiz düşüb, bəlkə, biz ikilikdə onun görüşünə gedək, inciməz ki?..
Süleyman bəy sevinclə:
– Yox, canım, nə danışırsan, – dedi, – əksinə, xoşhal olar, inan nə qədər scvinəcək səni gördüyünə. Port-Artur və cahan müharibəsi zamanı sənin, Səməd bəyin, Hüseyin xan Naxçıvanskinin haqqında qəzet və jurnallarda nə yazılıbsa, hamısını yığıb səliqə-səhmanla saxlayır. Evinə gələn ali qonaqlara o yazıları oxumaqdan ləzzət alır. Evi də burda yaxındadır, Sərdar bağının qərb həndəvərində…

***

1917-ci il dekabrın ortalarında Azərbaycan Milli ordusu yaratmaq haqqında dərdləşən iki nəfərin kimliyi ilə, yəqin ki, oxucular da maraqlanırlar. Onlardan birini – məşhur generalımız Əliağa Şıxlinskini həssas oxucu, şübhəsiz ki, tanıdı. Digəri isə indiyədək haqqında müasirlərimizin məlumatı olmadığı general-mayor Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyevdir. İlk dəfə Gəncədə Azərbaycan hərbiyyə məktəbinin açılmasında və Gəncə süvari alayının yaradılmasında böyük xidməti olan görkəmli sərkərdələrimizdən biridir. Azərbaycan Demokratik ordusunun sıralarında cəmi-cümlətanı bir il general kimi xidmət edən Süleyman bəy Əfəndiyevin adı yetmiş üç il arxiv səhifələrində gizlədilmişdir. Beş il bundan əvvəl onun haqqında əlimizdə çox az məlumat olduğuna görə mətbuatda çıxış eləməyə cəsarət etmirdik. Tədqiqatçı dostumuz professor Alxan Məmmədov “Azərbaycan” qəzetinin 3 mart 1919-cu il və “İstiqlal” qəzetinin 10 mart 1919-cu il tarixli nömrələrində general barədə əldə etdiyi kiçik həcmli yazıları səxavətlə bizə bağışlıdı. Hər ikisində – “Möhtərəm bir generalın ölümü” və “General Süleyman bəy” yazılarında xalqımızın sərkərdə oğlunun ömür yolu haqqında dolğun məlumat əldə etdiyimizə görə alim dostumuza təşəkkürümüzü bildiririk. Yazılardan görünür ki, 1919-cu ildə qəflətən səpmə yatalaq xəstəliyinə tutulan general Süleyman bəy Əfəndiyevin vaxtsız ölümü bütün Azərbaycan ictimaiyyəti üçün ağır itki olmuşdur.
“İstiqlal” qəzetində imzasız verilmiş yazıdan bunu açıq-aydın görmək olur. “Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı idin. Sən öldün. Fəqət, sənin qəhrəmanlığın səndən sonraya yetişəcək, zabitlərimiz arasında ölməyəcəksən. Səni Azərbaycan hərb tarixində yad etmək Azərbaycan üçün böyük bir şərəfdir. Sənin ruhuna təzim və hörmətlərimizə ithaf edər ikən Vətən və millətimizə də bəyan-təziyyət eyləriz”.
Bəs general Süleyman bəy Əfəndiyevin on yeddinci ilə qədərki fəaliyyəti necə və harada keçmişdir? Bu suala tarixin dərin qatlarında, toz basmış arxiv sənədləri cavab verir.
…1864-cü il oktyabrın 5-də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada almışdır.
On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daxil olmuş və oranı 1885-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi xidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunmuşdur.
Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi xidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülmüş və ona kavaler kimi fəxri ad verilmişdir. 1900-cü ildə isə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.
Əsrimizin əvvəllərində xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunmuşdur.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də xalqımızın maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının təhsili və güzəranı ilə maraqlanan Süleyman bəy onlara maddi köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmişdir.
1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı xidmətləri sonralar üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüşdür.
Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoxlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür.
1919-cu ildə “Azərbaycan” və “İstiqlal” qəzetlərində verilmiş hər iki nekroloq-yazıda generalın bu misilsiz fəaliyyəti barədə məlumat var. Ona görə də hər iki yazını kiçik ixtisarla əziz oxuculara təqdim edirəm.

MÖHTƏRƏM BİR GENERALIN ÖLÜMÜ

Azərbaycan, ümumiyyətlə, Zaqafqaziyada namuspərvəranə və xalisanə bir surətdə islamlara xidmət edən möhtərəm zabit – Süleyman bəy Əfəndiyev cümləmizi mütəəssir və məyus buraxaraq vida etdi.
Süleyman bəy Əfəndiyev Rusiya inqilabından sonra Zaqafqaziya islamlarının hərbi təşkilatında qiymətli bir üzv olaraq çalışmış və çalışdığı işlərdə böyük bir əzm və səbat göstərmişdir. Süleyman bəy Əfəndiyev Namiq Kamalın “Cahan titrər səbat pay ərbab-əzmü məqanətdən” beytinə masdəl olmuş, səbatınıməhviyyəti -şəxsiyyəyə qədər götürmüşdür. Süleyman bəy bir vaxt Gəncədə ifayixidmət edirdi. Soyuq şiddətli bir surətdə idi. Kəndisini salamlamaq üzrə yanına gəlmişdim. Qısa bir cümlə ilə müqabilə etdi: “Camaatımız oyanır. Qoçaq əsgərlərimiz çoxalır”” – dedi: sonra ən zabitpərvər bir əsgər vəziyətini alaraq: “Vəzifə denilən şeyi əgər həqiqəta bilinə hər işimiz yaxşı olar idi”. Mərhum siyasət ilə əsla əlaqədar olmaz idi. Onun nəzərində yalnız əsgərlik və əsgərliyə məxsus bir iman var idi.
Gəncədən sonra Tərtərə getmiş və orada islam təşkilatını müvəffəqiyyətlə ikmal etmişdir. Sonra Qarabağa – Ağdama da gələrək ifayi-vəzifə xüsusunda böyük bir qabiliyyət və qeyrət göstərmişdir.
Süleyman bəy hiss və fikircə çox nəziə və təmiz adam idi. Heç kimsə bilməz ki, Süleyman bəydən bir pis iş sadiq olmuşdu. Bir dostumuz bizə təmina deyirdi ki, Azərbaycanda namus və iffəti ilə mücəssəm bir təmsil təşril edən bir sima varsa, o da Süleyman bəy Əfəndiyevdir.
Parlaman əzasından Məmmədbağır ağa Şeyxzamanov cənabları mərhumun ən yaxın tanıdığı və bir çox zamanlarda bərabər işlə-iyi bir zat olması etibarı ilə də bizə deyirdi ki, general Süleyman bəy Əfəndiyev eyni zamanda bütün Azərbaycan zabitləri arasında çalışması ilə, təşkilatçılığı ilə də birinci tanınıb bilinmiş bir zat idi. Əvət! Azərbaycan üçün bu ziya böyük bir ziyadır. Bu ziya qarşısında mütəəssir olmamaq qabil degildir.
General-mayor Süleyman bəy Əfəndiyev haqqında ikinci nekroloq-məqalə 1919-cu il martın 3-də “Azərbaycan” qəzetində dərc olunub. Məqalənin yazan Səid adlı müəllifdir.

GERERAL SÜLEYMAN BƏY

Bu günlərdə Azərbaycan Cümhuriyyəti ordusu komandanlarından – ordunun böylə mühüm bir vəziyyətində – mirliva (general) Süleyman bəy Əfəndiyevin tif xəstəliyindən vəfat etməsi xəbəri gəldi. Rəhmətulla əleyh rəhmətə vaseh.
Mirliva Əfəndiyevin vəfatı nəinki yalnız mirtəvanın əqraba və metəlağatını məhzun və dilgər edəcəkdir. Bəlkə onu tanıyan, onun həqiqinə arif, onun vətən və millət uğrundakı xidmət və fədakarlıqlarını bilmiş olan cümlə Azərbaycanlıları dilxun və dağdar edəcəkdir.
Süleyman bəy Əfəndiyev kim idi?
Bu suala hazırkı hərbiyyə nazirimiz general Səməd bəy Mehmandarov həzrətləri: “general Süleyman bəy Əfəndiyev təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə zabitan arasında ən birinci mövqe tutanlar idi!” – deyə cavab vermişdir. Bizlər isə mərhumun səhifeyi tarixiyyəsinə bir nəzər edəlim. Bən onun bütün səhalfe tarixəsindən bəhs etməyə məal-təəssüf qadir degiləm. Bu bana dəxi məchuldur. Fəqət, mərhumun Gəncə şəhərindəki imrar həyatından bəhs etmək mümkündür.
O vəqq miralay (polkovnik) rütbəsində olan Süleyman bəy 1917-ci sənənin iyul ayında Gəncə şəhərinə təşrif gətirdi. Müəyyən bir vəzifə ilə mavərayi – Qafqaz hökuməti tərəfindən ezam edilmiş idi, vəzifəsi isə təşkil ediləcək süvari milis alayı üçün kiçik zabitlər yetişdirmək idi. Mərhum Gəncə şəhərinə varid olan kimi Gəncə
Müsəlman Milli komitəsinə təşrif gətirərək bəyanat verdi. Və Azərbaycan türklərinin qəvay əsgəriyyəsi olması və buna əşd ehtiyac xüsusunda izahat verərək əlavə etdi ki, əgər bu məsarifi Gəncə milli komitəsi öz öhdəsinə götürərək qəvay əsgərliyə təşkili əsasına ibtidar etmək arzusunda bulunarsa, məalməmnuniyyə bu xüsusda heç bir fədakarlıqdan çəkinməyəcəkdir Milli komitə işə başladı. Yüz əlli nəfərlik gecə-gündüz olaraq bir məktəb hərbiyyə güşadına qərar verdi. Bu miqdarı Gəncə vilayəti qəzaları arasında nüfuz etibarı ilə təqsim edərək namizədlər və onların məsariflərini göndərmək xüsusunda cümlə qəzaların Milli komitələrinə müraciət etdi. Bəzi qəzalardan mütəllimlər göndərildi, lakin məsarif üçün para gəlmədi. Bəzi komitələr tərəfindən para göndərildisə, nəhayət, az miqdar.
Mərhum Süleyman bəy çalışmağa başladı. Pulsuzluq, aclıq, əlbəsəsizlik onu məyus etmədi, qorxutmadı. Hətta özü 1917-ci sənə avqustun əvvəlindən vəzifəyə başladığı halda 1918-ci sənənin şəbat ayında keçmiş maaşlarını almaq üçün özü utanıb bəndəni vasitə etdi.
Bu qədər müddət öz hesabına xidmət etdikdən sonra yenə maaş istəməyi özünə bir müşkül əmr hesab ediyordu. Gəncədə akarşi başlandı, cümlə mülki və hərbi məmurlar dəxi qarətkarlara, talançılara iltihaq etdilər. Kimsə kimsəni tanımaq istəmədi, kimsə kimsəyə itaət etmədi, şübhə etmək olurki, düz, doğru, qeyrət və namuslu şəxslər tapılmayacağı bir dərəcəyə gəldi. Mərhum Əfəndiyev gündüzlər ac, gecələr uyğusuz öz cavan müəllimləri ilə şəhərin hərastına, şəhərdə əmin-asayişi əmələ rəyə gedilsə, Süleyman bəy görünürdü. Özü namus və qeyrətli, mütəllimləri düz, doğru.
Şəmkir müharibəsi əsnasında isə mərhum Süleyman bəy heç bir fədakarlıqdan çəkinmədi. Əvvəldən axıradək ən təhlükəli, ən mühüm nöqtələrdə isbat vücud edənlərin birincisi oldu. Bundan sonra Süleyman bəyin məmuriyyəti qara yazıya təbdil edildi. Bir müddət Gəncədən getdi. Bu halda müsəlman ordusu təşkilinə hökumət tərəfindən müsaidə edildi. General Əliağa Şıxlinski baş komandan (Gəncədə ilk dəfə yaradılan Əlahiddə Müsəlman korpusuna Ə. Şıxlinski baş komandan təyin olunmuşdur.- Ş. N.) təyin edildi. Gəncədə qəvay əsgəriyyə təşkilinə başlandı.
Mərhum Süleyman bəy beşinci alay komandanlığına təyin edilərək yenidən Gəncəyə təşrif gətirdi. Yenə fəaliyyətə, fədakarlığa başladı. Bu vəqt şəhərdə öylə bir anarşi hökmfərma idi ki, heç bir qüvvə təmin asayişə müqtədir deyildi.
Nəhayət, mövcud türk əsgərlərini müsəlləh edərək onların namus və qeyrətlərinə istinadən onların vasitəsilə eadeyi-asayişə və Bakı tərəfdən Gəncə üzərinə tərtib edilməkdə olan hücuma qarşı müdafiə etməyə müqtədir ola bilmək lüzumu hiss edilərək buna təşəbbüs edildi.
Süleyman bəy: “Bən bu vəzifəyi qəbul edə bilərəm” – deyə bütün zəhmət və çətinliyi öz alayına qəbul və hər bir cəhətdən təmin etdi. Həqiqətən, bununla da Gəncədə eadeyi-asayiş əmələ gələrək nizam, intizam bərqərar etdilər. Böyləcə, mərhum general Süleyman bəy Əfəndiyev heç bir gün fədakarlıqdan çəkinməyərək fəaliyyətinə davam etməkdə idi. Bu günlərdə bir ziyai-əbədi qəbilindən mədud olaraq darulbəqaya ertihal edərək cümlə azərbaycanlıları hüzn və ələm dəryasına qərq etmiş.
Rəhmətullahe əleyh rəhmət vaseh.

YENİ AÇILAN ARXİVDƏN

İnamla demək olar ki, 1918-20-ci illərdə Milli ordumuzun keçdiyi ömür yolu tam tarixi salnamədir. Yetmiş iki il “tamamilə məxfidir” möhürü ilə xalqımızdan gizlin saxlanan hərb tariximizin qiymətli sənədlərini araşdırmaq bizə yalnız 1992-ci ilin noyabr ayında qismət oldu. Burda nələr yoxdu… hər sənəddə bir qəhrəman oğlumuzun taleyi, döyüş yolu, kimisi yarımçıq, kimisi də bütöv.
Respublika yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanan belə qiymətli sənədlərdən biri də general-mayor Süleyman bəy Əfəndiyevə məxsusdur. 1919-cu il fevralın 21-də hərbi nazir vəzifəsini müvəqqəti icra edən general-leytenant Əliağa Şıxlinskinin və Baş qərargah rəisi, polkovnik Həbib bəy Səlimovun imzaladığı 89 nömrəli əmrdə oxuyuruq: “Bu gün Ağdamdan birinci piyada Azərbaycan diviziyasının rəisi generalmayor Əfəndiyevin tif xəstəliyindən vəfat etməsi haqqında kədərli teleqram almışıq. 1917-ci il fevral çevrilişindən sonra general-mayor (o vaxt polkovnik) Əfəndiyev var qüvvəsi ilə ictimai-təşkilati işlərdə və Vətənin müdafiəsi sahəsində xalqına xidmət etməyə başladı.
Yeri gəlmişkən, qeyd edək ki, Gəncə şəhərində onun təşəbbüsü ilə yeni yaranan Azərbaycan ordusuna təlimatçılar hazırlamaq üçün tədris dəstəsi yaradılmışdı. Polkovnik Əfəndiyevin rəhbərlik etdiyi çox da böyük olmayan bu dəstə vətənimizin mərkəzi Gəncə şəhərində qayda-qanun yaradılmasında, anarxiyadan qorunmaqda, eşalonların tərksilah edilməsində və xalq əmlakının qorunmasında əsas rol oynayırdı.
Gəncə şəhərində Müsəlman korpusu yaradılanda polkovnik Əfəndiyev beşinci Müsəlman alayının komandiri təyin edilir. Tiflisdəki müxtəlif təşkilatların açıq müxalif mövqeyi, rəsmi dairələr tərəfindən müsəlman alayının yaradılmasına mənfi münasibəti və bir çox digər çətinliklərə baxmayaraq polkovnik Əfəndiyev Tiflis rəsmi dairələrindən öz bacarğı hesabına alayı üçün lazım olan əsas şeyləri alır və Gəncəyə çatdırır.
Könüllülərdən təşkil olunmuş beşinci atıcı alayı, yerlərdə hərbi sahədə onlara kömək edə biləcək hakimiyyətin olmadığı bir dövrdə əksəriyyəti yaxşı geyinmiş və orta səviyyədə təlim görmüş əsgərlərdən ibarət idi. Komandirin qayğısı təkcə əsgərlərlə qurtarmırdı. Polkovnik Əfəndiyev zabitlər üçün də əla təşkil olunmuş ucuz yeməkxana təşkil etmişdi.
Azərbaycan korpusunun süvari hissələrinin müvəqqəti buraxıldığı dövrdə polkovnik Əfəndiyev qərargaha çoxlu əşya və xeyli ərzaq məhsulları təhvil verdi.
Bundan sonra ikinci Qarabağ süvari alayının komandiri təyin olunan polkovnik Əfəndiyev bir çox çətinliklərə baxmayaraq, alayı tam hazırlıqlı hərbi hissə səviyyəsinə qaldıraraq, əla vəziyyətdə Hərbi Nazirliyə təqdim etdi. Başqa rəislər arasında hərbi nazir tərəfindən fərqləndirilən polkovnik Əfəndiyevə bu il yanvarın 6-da general-mayor rütbəsi verilir və birinci piyada diviziyasının komandiri təyin edilir.
General Əfəndiyev hazırkı şəraitdə diviziyanın təşkil olunması kimi ağır işə başlayır, Azərbaycanın vacib bölgəsində istirahət bilmədən fədakarcasına hərbi hissələrdə qanun-qayda yaratmağa çalışır.
Öz diviziyasındakı tibbi vəziyyətdən narahat olan general Əfəndiyev şəxsən özü lazaretin təşkilinə rəhbərlik edir, tez-tez xəstələr arasında olaraq, bəzən xoş sözlə, bəzən də rəhbər tələbkarlığı ilə onların taleyini yüngülləşdirir. Qayğıların çoxluğundan o, özü haqqında düşünmür və səpmə yatalaq xəstəliyinə tutularaq mərd bir əsgər kimi vəzifə başında ölür. Yorulmaz döyüşçü və Vətənin əsl oğlu, qəbrin nurla dolsun!
Vəfat etimiş general Süleyman bəy Əfəndiyev Batumda yaşayan ailəsini maddi çətinlik qarşısında qoymuşdur. Hətta böyük oğlunun vəfatı xəbərini eşidən general ona tapşırılan işlərin böyük əhəmiyyətini düzgün dərk edərək öz vəzifəsini
tərk etməmişdir.
Əmr edirəm ki, onun dəfninin xərcləri xəzinənin hesabına olsun və ailəsinə birdəfəlik beş min rubl məbləğində müavinət verilsin. Eyni zamanda ailəsinin normal yaşayışını təmin edə biləcək məbləğdə təqaüdlə təmin olunması barədə hazırda Bakıda yerləşən Hərbi Nazirlik qarşısında vəsadət qaldırıram”. Beş gün sonra – fevralın 26-da general Əliağa Şıxlinski həmin əmrinə belə bir əlavə də etmişdir: “Vəfat etmiş Birinci piyada diviziyasının rəisi, general-mayor Süleyman bəy Əfəndiyevin dul qalmış həyat yoldaşının xahişi ilə mərhum Gəncə şəhərində yox, Qazax qəzasında dəfn olunacaqdır”.
Təəssüf ki, Vətənimizin azadlığı uğrunda canını fəda edən general Süleyman bəy Əfəndiyevin bu günədək yaxın qohumunu tapmaq mümkün olmadı. İllərin uzaqlığı bizə imkan vermədi ki, öyrənək, görək, bu mərd generalımız harada – Qazağın özündəmi, yoxsa hər hansı bir kəndindəmi uyuyur.
Ümid gələcək tədqiqata, arxiv sənədlərinə, bir də Ağdamda və Qazaxda yaşayan Əfəndiyev soyadlı nəvə-nəticələrin yaddaşına qalır…

AZƏRBAYCANIN İLK ADMİRALI

İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim millət kimə deyirlər? Öz tarixini bilməyən millət yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilirlər.
Biz elə bir xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər ona sahib olmaq istəyiblər.
Əkrəm Cəfər,
Professor

BƏLƏDÇİ QIZIN DEDİKLƏRİ

İlk dəfə onun adını 1976-cı ildə Sevastopal şəhər muzeyində eşitdim. Bələdçi qız nəhəng bir kreyser şəkli önündə dayanıb 1853-1856-cı illər müharibəsinin qəhrəmanları haqqında məlumat verirdi: – 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyanın Balkanlarda güelənməsindən bərk narahat olmuşdu. Onların məqsədi Qara dəniz boğazlarını ələ keçirmək və Rusiyanın ticarət yollarını bağlamaq idi. Ona görə də hər iki ölkə müharibəyə qoşulub Krıma qoşun çıxartdı. Sevastopal mühasirəyə alındı. O vaxtdan da Sevastopalun qəhrəmancasına müdafiəsi başlandı. Admiral İstomin, Naximov, Aslanbəyovun (axırıncı famili Aslambekov kimi tələffüz edirdi) və rus əsgərlərinin qəhrəmancasına vuruşmasına baxmayaraq, ingilis və fransız qoşunları şəhəri aldılar. Təhkimçi Rusiyanın gücsüzlüyü və çürüklüyü ölkəyə baha başa gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-admiral Aslanbəyov 1871-ci ildə üçüncü donanma ekipajının rəisi olanda Sevastopala dəmir yolu çəkilməsinə rəhbərlik etmişdi.

SƏNƏDLƏRDƏN SORAQ ALDIM

Bələdçi qız sözünə ara verib bildirdi ki, indi də o biri salona keçək. Tamaşaçıların bəzisi irəli durub admiralın portretinə baxıb keçirdilər. Mən isə şəklin önündə xeyli dayandım… Onun üzündə, gözündə qafqazlıya, daha doğrusu, azərbaycanlıya oxşarlıq axtarırdım. Etiraf edim ki, sövq-təbii bir hiss onun bizim
xalqın oğlu olmasına məndə şübhə yaratmırdı. Əzəmətli duruşu, qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından nişan verirdi. Çərçivənin aşağısındakı qısa məlumatı oxudum: “Vitse-admiral A.B.Aslambekov. 1820-1900-cu illər” Bayaqkından daha geniş bir salona keçdiyimizdən hərə bir tərəfə çəkilib eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi qızı bezikdirmişdi. Mən isə sual vermək üçün fürsət gözləyirdim. Bələdçi qız ondan canını qurtarmaq üçün deyirdi:
– Ay yoldaşlar, bir az yaxın gəlin, eksponatlara əl vurmayın, belə olmaz. Suallarınızı axırda verməyinizi xahiş edirəm…
Üçüncü – axırıncı salona keçməyimizi bildirəndə mən dözə bilməyib ona yaxınlaşdım.
– Möhtərəm xanım, Sizinlə bir məsələni aydınlaşdırmaq olarmı? – deyə soruşdum.
Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda: Buyurun, – dedi, amma qısa olsun.
– Vitse-admiral Aslanbəyovun milliyyəti məni maraqlandırır, başqa heç nə…
– Bilmirəm, – deyib təəccüblə üzümə baxdı. – Necə məgər, rus deyil? Siz hardansınız?
– Bakıdanam, – dedim. – Zənnimcə, rus deyil.
– Deyilənə görə, bakılı da deyil. Onun erməni olduğunu deyənlər də var.
Əgər Sizi maraqlandırırsa, bir azdan otağa gələrsiniz. Otaqda aydınlaşdırarıq. Gərək ki, onun sənədləri saxlanılır…
Həmin gün əsas fond bağlı oldu. Yelena ilə səhər görüşmək uçün vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da narahat etmişdi. Ona görə də mənə belə bir məsləhət verdi:
– Vaxtınız varsa, bu gün “Sevastopal şəhər panoramı”na da baş çəkin. Admiral Aslanbəyov haqqında orada da məlumat olmalıdır.
…Panoram-muzeydə məni pis qarşılamadılar. Amma gəlişimin məqsədini biləndə dodaq büzdülər. Dedilər ki, admiral azərbaycanlı ola bilməz, o illərdə sizinkilərdən orduya, donanmaya götürmürdülər.
– Niyə götürməyiblər? – dedim, götürüblər. Bu müharibədə (1853-1856-cı illər) hər birində beş yüz nəfər döyüşçü olan Azərbaycanlı süvari alayları və ayrıca Qarabağ süvari alayı vuruşurdu. Məhz rus hərb tarixçiləri yazırlar ki, Rusiyanın Qafqaz cəbhəsində əldə etdiyi qələbələrdə Azərbaycan süvariləri xüsusilə fərqlənirdi. Onların bu qələbəsi Krım uğrunda gedən döyüşlərdə vəziyyəti bir qədər yüngülləşdirirdi. Bu müharibədə üç yüz əllidən çox azərbaycanlı zabit və əsgər təltif olunmuşdu. Vuruşanların da əksəriyyəti bəy, xan və ağa nəslindən olan
oğullar idi.
Onlar barədə “Kavkaz” qəzeti 1849, 1852, 1855 və 1858-ci il nömrələrində kifayət qədər məqalələr verib. Hətta Peterburqda nizami orduda qulluq edən bir qrup azərbaycanlı döyüşçünün və zabitin siyahısını da dərc edib. Zadəgan nəslindən olan süvari korneti Məmmədəli Eyvaz Əli oğlu, Əliskəndər ağa Süleyman ağa oğlu, kornet Fərzəli Fətəli ağa oğlu, Abdulla Əsgər ağa oğlu, Murtuzəli Məhəmmədəmin oğlu, Əhməd Ağa oğlu, Miryusif bəy, Mir Məşədi bəy oğlu, Nəsrulla bəy Hüseyn bəy oğlu, Adəm Məhəmməd Hacı Məhəmməd oğlu, Əli Hacı Abbas oğlu, Hacı Əlhəngü oğlu, Hacı Məhəmməd oğlu və praporşik İskəndər oğlunun döyüş yolu barədə qısa da olsa məlumat verilir.
1858-ci il (№ 83) saylarında göstərilir ki, azərbaycanlı poruçik Əli Şaban oğlu Varşavadan Peterburqa ezam olunub. Polkovnik Ziya xan Mirzə Nəbi xan oğlu Sankt-Peterburqda yaşayır. Kornet İdris bəy Ağalarov Varşavada Əlahiddə Müsəlman alayında xidmət edir. Bundan başqa “Kavkaz” qəzeti general İsmayıl bəy Qutqaşınlı, general-leytenant Cəfərqulu ağa Bakıxanov və onun hərbçi qardaşları barədə yazılar da verib. Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir sənəd tapılmadı. Amma muzey işçilərinin göstərdiyi ədəbiyyatdan öyrənə bildim ki, 1855-ci ildə Sevastopalda güclü döyüşlər zamanı admiral Naximov ağır yaralanıb.
Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitabların hamısını sifariş verdim. Yazıçı Yuri Davıdovun “Naximov” sənədli povestində admiral haqqında belə bir epizoda rast gəldim: “Konsilium müəyyən etdi ki, Naximovun vəziyyəti ümüdsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmırlar. Ölüm yatağında Naximovun əzabı qırx saat çəkdi. Qırx saat tamam olanda canvermə başladı. Həmin anlar şahid kapitan-leytenant Aslanbəyovun gündəliyində dəqiq yazılıb: “İyunun 30-da saat on birə yaxın onun nəfəs alması daha da güeləndi. Otaqda sakitçilik hökm sürürdü, həkimlər mübahisəni kəsdilər və otaqdakılar çarpayıya yaxınlaşdılar. Sokolov ucadan və çox aydın şəkildə dedi: “Budur, ölüm yaxınlaşır…”
Müəyyən an ötdükdən sonra Voyevodskinin sualına Sokolov bərkdən “keçindi” cavabını verdi. Hamı saata baxdı, saat on bir on dəqiqə idi”.
Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naximovun ən yaxın adamı kimi kapitan-leytenant Aslanbəyov qeydlərində heç bir fantaziya yoxdur. Məhz ona görə də admiral Naximovdan yazan bütün rus tədqiqatçıları – akademik Y.V.Tarlə, məşhur hərbi cərrah və həkim müharibənin iştirakçısı N.Piroqov və başqaları Aslanbəyovun qeydlərinə əsaslanırlar.
Sonralar “Naximovun bioqrafiyası” adlı əsərin müəllifi Aslanbəyov yazır ki, admiral Kornilovun həlak olmasını eşidən Naximov ona son borcunu verməyə getdi. Mən içəri girəndə Naximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu öpürdü.
Sabahkı günü həyəcanla gözləməyə başladım.
Uzun bir dəhlizdən keçib, həyəta çıxdıq. Dolama pilləkənlərlə aşağı düşüb qapısına “İnqilaba qədərki mühafizə otağı” sözləri yazılmış qapını açdıq. Yelena hər şeyi ağ saçlı qadına təfsilatı ilə danışdı. Onun üzünə donuq bir ifadə çökdü. Əlindəki qələmi oynada-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Dodaqaltı nəsə mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu duyan Yelena öz işi üçün xahiş edən adamlar sayağı: “Rica edirəm həm öz adımdan, həm də uzaq yol gəlmiş bu yoldaşın xətirinə etiraz etməyəsiniz. Görünür, çox lazımdır…”
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə:
– Bunun üçün Bakıdan buraya gəlmisiniz? – Xeyli duruxub: Axı Aslanbəyov
erməni admiralıdır. Sizin axtarışınız, məncə, mənasızdır.
– Ola bilməz, – dedim, əvvəla ona görə ki, admiralın familiyası Aslanbəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də, əgər erməni olsaydı, Aslanyan olardı.
– Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?
– O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bilməzdi. “Bəy”, “xan” və “ağa” titulları ancaq müsəlman xalqlarına məxsusdur. Ermənilərin isə bircə titulu olub, “məlik”, o da sonradan.
Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoxa çıxdı. Yelena əyilib arxasınca baxdı. Əlini dodaqlarının üstünə qoyub astadan yeniyetmə qızlara məxsus şıltaqlıqla:
– Dənizçilər demişkən, sükanı belə də tutun, hələlik biz onu məğlub eləmişik. Bircə, Allah eləsin, familiya məsələsi siz deyən kimi olsun.
Təxminən on-on beş dəqiqədən sonra əlində qədim boz bir qovluq geri qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş kimi qovluğu özü vərəqləməyə başladı. Dərin, sükutlu bu yarımzirzəmi otaqda arabir açılan vərəqin səsi mənim intizarımı daha da artırırdı.
Handan-hana:
– Baxaq görək, – dedi, – Sizin sözlərinizdə həqiqət varmı? Şəxsən mən şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman ola…
Mən daha dözə bilməzdim. Düzü, qorxurdum, özü baxıb, sonra da götürüb geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət yoxdur. Ayağa durdum.
Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi çıxardıb stolun üstünə qoydum.
– Buyurun, – dedim, – mən bu iki sənədimi Sizə etibar edirəm. Siz də əvəzində qovluğu verin, özüm baxım.
Hiss elədim ki, mənim bu səbirsizliyim Yelenanın da xoşuna gəlmədi. O, astadan, narahatlıqla:
– Axı, belə olmaz…
Müdir də dözə bilməyib bir az əsəbi:
– Nə deyirəm, buyurun, – deyib, – qovluğu mənə verdi. Admiralın şəxsi işinə baxır və gözlərimə inanmıram. İlahi, bu qədər saxtakarlıq etmək olarmı?
Nəfəsim təngiyir, həyacandan şəxsi iş əlimdə əsir. Dözə bilməyib sevincimi onlara da bildirmək istəyirəm.
– İcazə verin, Sizin üçün admiralın ad-familiyasını oxuyum. Müdir dinmir.
Amma Yelena, mənim qələbəmi, sevincimi duyan Yelena:
– Buyurun oxuyun, – deyə şən səslə cavab verir.
Oxuyuram:
– Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu. Əsli belədir. Lakin qara tuşla bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edilib: Aslambeqov Avramiy Boqdanoviç, 1822-ci ildə Bakıda anadan olub. Əsl-nəcabəti isə ağalıqdır (zadəgan). Dini müsəlmandır. Sonuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində “pravoslavnıy” yazılıb. Əgər mümkünsə, icazənizlə admiralın şəxsi işindən qeydlərimi götürüm…
Yelena sevinclə:
Əlbəttə, olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə verin mürəxxəs olum.
Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena gedən kimi müdir sərt səslə bildirir:
– Yoldaş qeydlər götürmək olar, amma nadir fonda saxlanan şəxsi işin foto-sürətini çıxartmağa icazə verilmir.
– Çox sağ olun, – dedim, – mənə bu qeydlər də bəs eləyər. Belə bir qadağanın olmamasını mən çoxdan bilirdim. Lakin bu dar macalda mübahisəyə girişməyi artıq hesab etdim. Bir də ki, bu mənə heç lazım deyildi. Başlıcası o idi ki, mən həmyerlim haqqında, ilk azərbaycanlı vitse-admiral barədə nadir tapıntı ilə üzləşmişdim. Bu sevinc mənə bəs idi.

MƏNBƏLƏRDƏN GƏLƏN SƏSLƏR

“Bakı limanı getdikcə yararlı hala salınırdı… Gəmi heyətinin əksəriyyəti bakılılardan olurdu. Gəmiçiliyin inkişafı bakılıların çoxunu dənizə həmişəlik bağlayırdı. O illərdə şəhərə nadir ailələrə rast gəlmək olardı ki, dənizçi olmasın. Gəmilərdə qara fəhlə işləyən də çox idi. 1820-ci illərdə Bakı sularında artıq altmışa qədər yelkənli gəmi üzurdü”.
Qılman İlkin, xalq yazıçısı

Azərbaycan Hərbi Dəniz Donanması tarixində ilk admiralımız Dərgahqulu bəyin oğlu Birinci Mirzə Məhəmmədxan olmuşdur. Təəssüf ki, hələlik onun fotoşoklini əldə etmək və ömür yolunu tam öyrənmək mümkün olmamışdır. Lakin Hərbi dənizçilik tariximizin səhifələrində Mirzə Məhəmmədin fəaliyyəti barədə az da olsa məlumat var. İyirmi yaşında Bakı xanlığına hakim olan Mirzə Məhəmmədxan atası Dərgahqulu bəydən sonra bərbad hala düşmüş iqtisadiyyatı qaydaya salmaqla yanaşı, xəzərdə gəmiçiliyin inkişafına xüsusi qayğı göstərdi. İlk dəfə Bakı limanında gəmiçiliyin inkişafına da o başlamışdır. Bu məqsədlə Avropada gəmiqayırma təcrübəsini öyrənmək üçün səfərə də çıxmışdır. Sevimli yazıçımız Qılman İlkinin “Bakı və bakılılar” sənədli əsərindəki bir epizod tarixi fakt kimi qiymətlidir.
“Bir gün Mirzə Məhəmmədxan oğlu Məlik Məhəmmədi yanına çağırıb dedi:
– Qulaq as, Məlik Məhəmməd, gör, nə deyirəm. Biz dəniz sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək.
Atasının sözlərindən heç bir şey başa düşməyən Məlik Məhəmməd gözlərini döyə-döyə ona baxırdı.
– Bunun üçün mən Avropaya getməliyəm, – deyib Mirzə Məhəmməd xan dərindən nəfəs aldı. – Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər.
– Bəs burada kim qalacaq? – Məlik Məhəmməd təəccüblə soruşdu.
– Necə yəni kim qalacaq? Sən!
Məlik Məhəmməd bəzi işlərə qarışaraq atasına kömək edirdisə də, özünə qarşı bu cür etibarı heç gözləmirdi.
Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı admiral Mirzə Məhəmməd xan tez-tez Langertə gedərək orada gəmi inşasına rəhbərlik edirdi.
On doqquzuncu əsrin əvvəllərinə məxsus başqa bir mənbə də mövcuddur. 1804-1806-cı illərdə Azərbaycana işğalçılıq məqsədilə gələn rus qoşunlarının burnunu Xəzərdəki hərbi dənizçilərimiz ustalıqla ovmuşdular. İran tarixçisi Nəsir Nəcimi yazır ki, Abbas Mirzənin cəsarətli sərkərdəsi, Bakının igid komandiri (əslində valisi) Hüseynqulu xan toplardan birini rus gəmilərindən azacıq aralı olan yerə çəkib, heyrətləndirici cəldlik və fədakarlıq göstərərək düşmənin bir neçə gəmisini top mərmisiylə dənizə qərq etmişdi.
Şübhəsiz ki, on yeddi yaşlı İbrahim bəy Aslanbəyovun Peterburqda Hərbi Dəniz Korpusunu bitirməsi də ilk admiralımız Mirzə Məhəmmədin arzu və istəyi ilə bağlı olmuşdur. Bakıxanovların ailə şəcərəsində Allahverdi adlı bir şəxs vardı.
Bəlkə, İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur? Təəssüf ki, yüz yetmiş üç illik zaman məsafəsində bunu dəqiqləşdirmək mümkün olmadı. Ancaq xatırlamaq istədik ki, o vaxtlar aşağı təbəqəyə məxsus ailənin on üç yaşlı oğlu Rusiyada oxumaq imkanına malik ola bilməzdi. Demək, ilk vitse-admiralımız İbrahim bəy Aslanbəyov Bakı xanlarının nəslinə mənsubdur. Şəxsi işindən zədagan nəslinə mənsub olması barədə qeyd də bunu sübut edir.
Adətən ensiklopediyaya düşən hər hansı görkəmli fərdin, şəxsiyyətin harada doğulduğu, hansı millətin oğlu oduğu yazılır. Nə məşhur naşir İ.D.Sıtinin 1911-ci ildə nəşr olunmuş çoxcildli “Hərbi ensiklopediya”sında, nə də sovet dövründə çıxan hərbi dəniz ensiklopediyalarının heç birində admiral Aslanbəyov haqda bu cür məlumatlar yoxdur. Görünür, Rusiyanın hərbi-dəniz donanması tədqiqatçılarına belə görkəmli bir sərkərdəni özününküləşdirmək sərfəli olub. Niyə
də olmayaydı? Axı, vitse-admiral Aslanbəyov həm də hərbi donanma tarixində görkəmli alim kimi tanınıb!

ADMİRALIN ÖMÜR YOLU

Bəzi mənbələrdə, xüsusilə sovet dövründə nəşr olunan əsərlərdə Aslanbəyovun təvəllüdü 1820-ci il göstərilir. Fikrimizcə, bu da səhvdir. Çünki 1917-ci il inqilabından əvvəl nəşr olunan mənbələrdə admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun 1822-ci il sentyabrın 10-da Bakıda anadan olduğu göstərilir. Üç il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy oranı 1837-ci ildə (adı “Qırmızı lövhə”yə yazılmaqla) bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozerqin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmperator I Petr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
1842-ci ildə dənizçilik məktəbi zabitləri sinfini bitirən İbrahimbəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin Şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir.
“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildə düşmənin ticarət gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust tarixlərində) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin doyüşən batareyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitanleytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopal qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərək kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etmişdir.
Aslanbəyov 1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy iki ildən sonra “Retvizan”
gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse-admiral Butakovun
zirehli eskadrilyasında qərargah rəisi olmuşdur.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir.
Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur. 1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbrahim bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi. Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər.
Ona görə ki, azərbaycanlı generallarından hərb elmi ilə məşğul olan ancaq Əliağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib
çatmamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə də təbliğat…
1872-ci ildə Birinci Pyotrun anadan olmasının 200 illiyi Rusiyada böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə ümum rus texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək həmyerlimiz Aslanbəyova etibar olunmuşdu.
1879-82-ci illərdə İbrahim bəy gəmi heyətilə dövrü-aləm səyahətinə çıxmışdır. O, Sakit okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə (“Minin”, “Knyaz”, “Pojarskiy”, “Hersoq Edinburskiy”, “Assiya” və “Afrika”) rəhbərlik etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və “uçan eskadrilya”nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır, O, məşhur admiral A.A.Popovun xahişi ilə sonuncu lahiyədə nəzərə almaq məqsədilə tələb və qüsurlarını, siyahısını tərtib etmişdir.
Admiral İbrahim bəy Aslanbəyov sakit okean adalarında üzmüş hətta Poleneziyanın xırda adalarını da dolaşmışdır. Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında yüksək hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familiyasını oxuya bilmədiyimiz bir kontr-admiral yazır ki, rus adını yüksək tutan Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun gəmilə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün danışdığı məzəli şərq əhvalatları hələ də məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik komandasının kiçik flaqmanı təyin olunur. Üç il sonra – 1887-ci il sentyabrn 22-də hərbi-dəniz donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov 1901-ci il dekabrn 7-də Peterburqda vəfat edir.
O, həmyerlimiz, böyük şərqşünas alim Mirzə Kazım bəylə dost olmuş, dahi rus yazıçısı Lev Tolstoy isə onu axtarıb tapmış, admiral Naximovun həlak olma səhnəsini ona danışmasını xahiş etmişdir. Lev Tolstoy məşhur “Sevastopal hekayələri”ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur. Həmyerlimizin xidmətləri Serbiyanın “Takova” (1879), Rusiyanın “Müqəddəs Vladimir” (1854), 1 dərəcəli “Müqəddəs Stanislav” (1881), 1 dərəcəli “Müqəddəs Anna” (1883), “Ağ qartal” (1888), Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin II dərəcəli “Kalakiya” (1982) ordenlərinə layiq görülmüşdür.
1881-ci ildə imperator III Aleksandrın tac qoyma mərasimində iştirak edən Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və bir illik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
Hələ sağlığında – 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandınlmışdır.
Boris Maslenikovun 1986-ci ildə nəşr olunmuş “Dəniz xəritəsi nəql edir” kitabının 28 və 253-cü səhifələrində həmyerlimiz haqqında verilmiş qısa bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oxucuya təqdim edir: “Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadriya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov soy adı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərf səhvi ilə yazılıb”.
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper “Plaston” kimi yazılıb. Elə həmin vaxtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (1822-1900). Dəniz korpusu məktəbini bitirib. 1837-42-ci illərdə Baltik dənizində üzüb. 1842-61-ci illərdə Qara dəniz donanmasında “Selafail”, “Varşava” gəmilərində, “Femistokol” briqində və başqalarında qulluq edib. 1865-68-ci illərdə “Retvizan” gəmisinin komandiri, 1879-1882-ci illərdə Sakit okean eskadrilyasının komandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb.

QƏRİBƏ VƏ XOŞ BİR TƏSADÜF

Min doqquz yüz doxsan üçüncü ilin sentyabr ayında Qax rayonuna ezamiyyətə getmişdim. Marsan kəndində Eldar Hacı oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə maraqlandım.
– Mühəndisəm, – dedi, 14 ildir ki, Saxalində neft çıxarıram, indi məzuniyyətə gəlmişəm.
– Təsadüfən orada “Admiral Aslanbəyov” adasına rast gəlməmisən?
– Elə mən o adada yaşayır və işləyirəm, – dedi.
– Nə yaxşı təsadüfdür, Azərbaycanlı admiralın adını daşıyan adada həmyerlisi yaşayır və işləyir.
– Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq bilirsiniz?
– Bəli, – dedim, – o, xalqımızın ilk vitse-admiralıdır.
– Bu barədə bizim ada sakinləri arasında, qeyri millətlərə tez-tez mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanaraq mən və həmyerlilərim “admiral bizim xalqın oğludur” – deyiriksə də, əlimizdə heç bir əsas yoxdur.
Bilmirik, nə vaxt yaşayıb, nə vaxt ölüb… Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanınmış ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim elə admiralımız yoxdur.
Mən sevinclə:
– Var, – dedim, – Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını yazıb verim. Aslanbəyovun bizim xalqın oğlu olması haqqında əlində əsas dəlil olsun.
Məndən də artıq sevinən Eldar:
– Çox sağ olun, – dedi, – mən də admiral Aslanbəyovun haqqında qəsəbə kinoteatrında bir güşə düzəldəcəyəm.

ADMİRAL HƏM DƏ ALİMDİR

…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı onun haqqında “Admiral Naximovun bioqrafı kimi daha çox məşhurdur” sözlərini iftixarla qeyd edir. Təsadüf deyil ki, İbrahim bəyin “Naximovun bioqrafiyası” adlı oçerki kitab kimi bir neçə dəfə nəşr olunmuşdur.
Admiral Aslanbəyovun elmi-publisistik əsərləri isə ayrıca tədqiqata layiqdir. Hərbi-dəniz donanmasının on doqquzuncu əsr tarixini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu gün istifadə edirlər. Heç təsadüf deyil ki, 1889-cu ildə Sankt-Peterburqda “Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi” adlı kitab da nəşr olunmuşdur. V.Fridriksin “Kontr-admiral Aslanbəyovun bayrağı altında üzən “Afrika kreyseri” adlı kitabı isə hələ 1880-ci ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür. Q.İ.Syominin “Sevastopal” tarixi oçerkləri kitabında (1955-ci il) isə admiral Aslanbəyovun gündəliyindən geniş istifadə olunmuşdur.
Knyaz-admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında yazdığı xatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o qədər maraqla danışardı ki, müsahibi qəşş edənə qədər gülərdi. Bu lətifələr indi də dənizçilərin dillərində gəzir.
On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admiral İbrahim bəy Aslanbəyovun “Morskoy sbornik” jurnalında silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur: “Sokol” üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri” (1861), “Admiral Naximov” (bioqrafik oçerk, 1868), “Admiral A.S.Qreyq” (1873), “Admiral A.İ.Panfilov” (1874), “Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi” (1877), “Kontr-admiral Aslanbəyovun səfərləri haqqında məlumatlar” (1881) və başqa məqalələrdən tədqiqatçılar bu gün də bəhrələnirlər.
Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb-işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən sonra onun bizim üçün qaranlıq qalan ömür yoluna, hərbi fəaliyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir. Yoxsa, qeyri millətlər, xüsusilə naxələf qonşularımız bizim unutduğumuz məşhur oğullarımızı özününküləşdirir, üstəlik də: “Sizin tarixiniz kasıb olub, görkəmli hərbçi oğullarınız yoxdur”, – deməklə xalqımızı təhqir edirlər.
…Hərbi-Donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə fəaliyyət göstərən oğullarımız az qala barmaqla sayılacaq qədərdir: Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-admiral Həmid Qasımbəyov (1923-2005), kontr-admiral Rafiq Əsgərov (1949), Eduard Hüseynov (1938-1993), vitse-admiral Şahin Sultanov. Vəssalam!
Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa dolduracaq İbrahim bəy Aslanbəyov kimi admiralımızı gec də olsa tapa bilmişik.
20 noyabr 1993-cü il

PORT-ARTURUN AZƏRBAYCANLI QƏHRƏMANLARI

Zaqafqaziya müsəlmanlarının başçısı Şeyxulislam Əbdülsəlam Axundzadə Rus-Yapon müharibəsinin başlanması ilə xalqa xüsusi bir müraciətnamə ünvanladı. Orada müsəlmanların xəyanətkar yaponlara qarşı müharibədə iştirak etməyə hazır olduqları göstərilirdi.
Azərbaycan burjuaziyası müharibə fonduna çoxlu vəsait verdi. Bakı bələdiyyə idarəsi müharibə fonduna 15 min manat, Gəncə şəhər duması 2 min manat, neft sənayeçilərinin qurultay şurası 150 min manat, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və başqa iri kapitalistlər 10 min manatdan çox pul vermişdilər. Müharibə fonduna vəsait toplanmasında varlılarla bərabər məmurlar, mürtəce zabitlər də can-başla iştirak edirdilər. Azərbaycan bəy-mülkədar dairələrindən çıxan bir sıra azərbaycanlı zabitlər də Port-Arturun müdafiəçiləri sırasında idi.
“Azərbaycan tarixi”
II cild, səh. 548, 1964-cü il nəşri

1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur qalası uğrunda döyüşlərin iştirakçısı iki sərkərdənin – Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu oxuculara məlumdur. Təəssüfki, onların da həmin illərdəki döyüş yolları indiyədək xalqımıza çatdırılmamışdır. Hərb tariximizin bu açılmamış səhifələrində arxiv sənədləri əsasında tədqiqat aparanda məlum oldu ki, indiyədək adı və xidməti unudulmuş tam süvari generalı Hüseyn xan Naxçıvanski, Şahzadə-general Əmirkazım Mirzə Qacar, Əsər bəy Talışxanov, Şahzadə-podyesaul (kazak qoşunlarında kapitan) Feyzulla Mirzə Qacar, Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar, polkovnik İlyas bəy Ağalarov, ştabs-kapitan Gəray bəy Vəkilov, xounjuy (kazak rotasında ilk zabit rütbəsi) Əbdürrəhman Qurbanov, Cəlaləddin Musayev, poruçik Ağababa Sadığov, podporuçik Zülfüqar bəy Bağırbəyov və başqaları Port- Artur müharibəsində mərdliklə vuruşmuşlar.

***

Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım. Birdən telefon zəng çaldı. “Belə bivaxt, kimdi, görəsən?” – deyə fikirləşib dəstəyi qaldırdım. Zərif səsli bir qadın üzrxahlıq edib:
– Mənə filankəs lazımdır, – dedi.
– Mənəm, eşidirəm sizi…
– Gec olduğu üçün bağışlayın, sizi narahat edən Qalina Semyonovna Səfərovadır. Telefonunuzun nömrəsini indicə çətinliklə öyrənə bildim. Tərtib etdiyiniz general Əliağa Şıxlinskinin “Xatirələrim” kitabını mən maraqla oxudum.
Bilirsiniz, sizi niyə narahat elədim? Bizdə 1905-ci ildə nəşr olunmuş “Niva” jurnalı saxlanılır. Orda Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov haqqında yazılar var, şəkilləri də dərc olunub. Amma nədənsə Şıxlinski kitabına yazdığınız “İzahlar və qeydlər” bölməsində bu barədə oxuculara heç bir məlumat verməmisiniz.
– Qalina Semyonovna, – dedim, – mənim o mənbədən xəbərim yoxdur. Çox sağ olun ki, bu barədə məlumat verdiniz. Günü sabah kitabxanaya gedib…
– Kitabxanaya niyə?, – deyə Qalina Semyonovna etiraz etdi,- məmnuniyyətlə jurnalı müvəqqəti istifadə üçün sizə verə bilərəm.
Ertəsi gün Q.Səfərovanın Şors küçəsindəki mənzilində görüşüb jurnalı birgə vərəqlədik.
“Niva” jurnalının 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhifəsində Əliağa Şıxlinskini altı nəfər döyüşçü – zabit və iki qadınla birgə çəkilmiş foto şəkilini dərc edib. Şəkilaltı yazıda oxuyuruq: “Port-Artur müdafiəsini igid artilleriya komandiri Əliağa Şıxlinski Syuşin kəndinin yaxınlığındakı Drakonovıy Xrebet dağına atəş açaraq yaponların hücumunu dəf etmişdir. Podpolkovnik Əliağa Şıxlinski göstərdiyi rəşadətə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə təqdim edilmişdir.
Şəkildə ortada artilleriya komandiri Əliağa Şıxlinski, zabit Mixaylov, Şişkin, Karamışev, Qyunter, Şuleykin və başqaları”.
– Üçüncü istehkamda olan bir hadisəni illər keçəndən sonra Əliağa Şıxlinski belə xatırlamışdır:
– “Tamamilə açıqda duran toplarımın atəşi, hücum edən yapon piyada qoşununu geriyə oturtdu. Atışma səsini eşidən polkovnik Mehmandarov general Nadeinin yeraltı qazmasından çıxaraq yanıma gəldi. Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanış olduqdan sonra dedi:
– Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə göndərirəm.
Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedanossev ordeninə təqdim edildim”.
Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da şəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb: “Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”.
“Niva”nın yetmiş birinci səhifəsində gözəl, zərif naxışlarla işlənmiş bir buynuz şəkili də verilib. Port-Artur döyüşlərin komandanı general Anatoli Mixayloviç Stesselə Zaqatala şəhər cəmiyyəti tərəfindən həddiyə alınan bu buynuz gümüşlə işlənib. Şəklin altında oxuyuruq: “Zaqatala şəhər sakinlərindən generaladyutant A.M. Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”.
“Niva” jurnalı təkcə bir illik nömrələrində Azərbaycan xalqının müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruşan oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq ki, Port-Arturda Ə.Şıxlinski və S. Mehmandarovdan başqa da yapon samuraylarına qarşı döyüşən həmyerlimiz Əsədbəy Talışxanov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarla Azərbaycan oğlu mərdliklə vuruşmuşlar.
Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin əsgərləridilər. Vətən nə vaxt təhlükə qarşısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar. İyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə eloğullarımız da bir səslə ayağa
qalxıb Vətənin müdafiəsinə gediblər.
XlX-cu əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının, Kəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının şahidi olan xalqımızın böyük mütəfəkkir oğlu M.F.Axundov fəxrlə deyirdi: “Doğmamış Qafqazda analar qorxaq”.
Hələ bir xeyli əvvəl (1828-cı ildə) məşhur rus tarixçisi, general Platon Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı: “Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları döyüşdə görmək lazımdır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş Allahın birdən-birə içərisinə düşərək ölüm və dəhşət saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ də heyrətlə yad edirəm… Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”.
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, Trofim Barisovun “Portarturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə
polkovnik S.Mehmandarov və onun zabit heyəti etiraz edərək necə əsəbləşmişdilər.
Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.
“ – Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz. – Mehmandarov onun üstünə qışqırdı. – Siz bizim adımızı korlayırsınız, – deyib yumruğunu havada oynatdı.
– Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, – kapitan Vamenoz hirsindən pörtmüş halda general Stesselə müraciət etdi.
– Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər” (A.Stepanov, “Port-Artur” səh. 777-778).

***

1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi başlananda polkovnik Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam Maruzovskinin yağlı boya ilə işlədiyi rəsmlərdə əbədiləşmişdir.
Əsərdə alay döyüşçülərin qızğın həmləsi və süvari polkovniki Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.
Məşhur rus jurnalisti A.Kvitka Port-Arturda müharibə başlananda könüllü cəbhəyə getmiş və döyüşlərdə jumalist-zabit kimi iştirak etmişdir. Müharibə gedəgedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908- ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var.
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari qvardiyası Hüseyn xan Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təşkil olunmuşdu.
…Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı aypara nişanları dalğalanan dəstə göründü.
Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətimə daxil olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qaldılar… Hüseyn xanın əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur olmalarında…”
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər…”
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.
Rus-Yapon müharibəsindəki sərkərdəlik fəaliyyətinə görə Hüseyn-xan Kərbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il martın 31-də general-mayor rütbəsi verilmişdir.

GENERAL SƏMƏD BƏY MEHMANDAROV
PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ

Port Arturun müdafiəsi zamanı göstərdiyi döyüş xidmətlərinə görə Səməd bəy Mehmandarov bir neçə döyüş ordeni və qızıl silahla təltif edildi, generalmayor rütbəsi aldı. General Səməd bəy Mehmandarovla bir yerdə xidmət edən və onu şəxsən tanıyan zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz rəşadəti haqqında böyük rəğbətlə danışırdılar.
1904-cü il dekabrın 16-da Port-Artur qalasının hərbi şurası danışıqsız təslim olmağa səs verdikdə general Səməd bəy Mehmandarov və onun igid zabit heyəti buna qarşı qəti olaraq etiraz etdilər.
“1904-1905-ci illərdə Rus-Yapon
müharibəsinin salnaməsi”ndən

1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın – gimnaziyasını bitirmişdi. Port-Artur hərbi nəslindən idi. İyirmi bir yaşlı Yelizaveta, elə bil anadan olandan səbr dərsi keçmişdir. O nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi.
Zədəganları müalicə edib, savadsız olanların ailəsinə məktub yazır, müharibə çətinliyinə səbrlə, dəyanətlə dözürdü.
Bir dəfə Səməd bəy ona deyir: – Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.
Ərinin üzünə şax baxan Yelizaveta:
– Səməd bəy, – demişdi, – ölkədə müharibə gedirsə, səncə, əsgərin yeri harada olmalıdır?
– Əlbəttə, cəbhədə!
– Bax, mən də cəbhədəyəm, yoxsa, məni qadın görüb əsgər olmağıma şübhə edirsən?
– Axı, sən ana olmağa…
– Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən… Bu.mövzudan vaz keç, əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.
Bu ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddinci Şərqi-Sibir atıcı topçu divizionunun komandiri təyin edirlər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu.
Yaponlar kəsilmədən bombalar yağdırırdılar. Polkovnik Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi.

***

Port-Artur müharibəsinin başlanmasından yüz bir il keçir. Bu müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəşr olunub. Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr yazılmışdır. 1906- cı ildə nəşr olunmuş P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu qəbildəndir. Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. İlk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.
Həmin kitabın “Noyabr hücumları”fəslində, səhifə 494-də: “Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki, hardansa, arxadakı fortlar xəttindən onları dəqiq atəşə tutublar. Polkovnik Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan yapon batareyalan ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu”.
Səhifə 597-də: “S. daxil oldu. O söhbət edirdi ki, ön həmlənin
topçularından polkovnik Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri) və podpolkovnik Stolnikov öz şəxsi təhlükələrinə qəribə nifrətlə yanaşırlar; bombardman vaxtı batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər kimi (Səməd bəy Mehmandarov – Ş.N.), ikincisi isə taleyinə sədatqətlə itaət edən dindar adamlar kimi davranırdılar.
Burda səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və şrapnellə, karteelə düşmən kolonlarını məhv etmək məsələsi düşür. Qala topları çox ziyan çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”.
Səhifə 606-da (11-24 dekabr): “Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində olanlara tam ciddiyyəti ilə yanaşan bir adam idi. Onları məcbur edirdi ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşğun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı, özünü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən böyük arzusu – həyatlarını qoruyub saxlamaq və heç bir xidmət göstərmədən ordenlər almaqdır”.
Səhifə 630-da (17-30 dekabr): “Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir göstərdimi? – sualına polkovnik Mehmandarov belə cavab verdi ki, o, vəziyyətdə bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir mənfi təsiri yoxdur.
Yalnız general A.V.Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi nəticəsi olmayan bir yığın söz dedi”.
Səhifə 643-də (18-31 dekabr): “Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla polkovnik Mehmandarov arasında ciddi mübahisə olub. Fok sübut etməyə çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək olar.
Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir. Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”.
Səhifə 690-da (23 dekabr-5 yanvar): “S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı ilə birgə qalaya gəlmişdi və qalanın sağ cinahının artilleriya rəisini, polkovnik Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu) axtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya rəhbərlik edirdi.
Görüş zamanı o, belə bir söz işlətdi: “Hörmətli qonaqlar yəqin səhv salıblar. Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirdilər. Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm rəqib saydıqları adamla – Mehmandarovla tanış olmaq onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoxlu tərifli sözlər, komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon artilleriyasının verdiyi itki olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmamazlığı onların məsələsini yüngülləşdirib.
General Mehmandarov əsirliyə yolu düşdü… o, vicdanına and içib “evə” gedənlərin ən qəddar düşməni olacağını bildirdi. Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət – qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”.
Səhifə 752-də (3-16 yanvar): “Hakimiyyətin ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi. Məsələn: həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd etdilər ki, guya mövqelərdə olarkən necə olubsa, onların yanında polkovnik (indi general) Mehmandarov da söhbət əsasında bu mövzu haqda öz fikrini bildirmişdi: – “Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən bunu başa düşmürəm. Əgər mən komendant olsaydım və vəzifəmin öhdəsindən az da olsa gələ bilsəydim, mənim qanuni hakimiyyətimi, görüm, əlimdən kim ala bilərdi?!… Əgər elə adam tapılsaydı, mən deyərdim: Əlahəzrət, nə qədər ki, kimin əsl komendant olduğunu ayırd etməmişik, bu yerdən heç yana tərpənən deyilik… Bu ilin sonu nə qədər axmaq nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə bilməzdi”.
Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan rus juraalistləri Səməd bəyin döyüş fəaliyyətini qələmə almışlar.
Jurnalist E.K.Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz üçün darıxmasının da şahidi olub.
“…Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit var. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad edirdi:
– Qafqaz çox yaxşıdır, çox gözəldir! – deyirdi. – Təbiət hər şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhürünü vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə dərya qədərdir. – Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: – Bəs İslam? Yaxşı nə varsa – onu sonrakı həyatın verəcəyini vəd edir. Hər şey çox yaxşıdır, amma bizə cənnətlə yeddi mələk boyun olublar, yeddincisinin də gözü girdə. Sizcə, bu nə olan işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm – nə cənnəti, nə də mələkləri. Mən yalnız azca istirahət istəyirəm.
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmazdı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”.
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan onun silahdaşı Əliağa Şıxlinski yazır ki, oktyabrın on dördündə qala topa tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrük xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdur. Həm də, bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralanmadı.
Mehandarov buna əsla əhəmiyyət verməyərək, böyük soyuqqanlıqla cibindən ağ dəsmalını çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.

***

Dekabrın ilk günlərində qalaya iki ağır zərbə vurdular. Rusların inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır zərbə isə dekabrın ikisində oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Scmyonov və bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir, nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik. Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona əmr etdi.
Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-
Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi.
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər.
Yaponların şərtlərinə görə əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. General Stesselin ətrafındakı mürtəce fikirli bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə
görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Amerika şəhərində Portsmut sülh
müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.
Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.

***

Aleksandr Stepanovun “Port-Artur”, P. Lorenkonun “Port-Arturun əzablı günləri” və Trofim Borisovun “Portarturçular” romanlarında bir azərbaycanlı soyadına da rast gəldik – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə) yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli sayında dərc edilən yazımdan sonra respublikanın ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin Sabirabadlı Böyükağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903- cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvələrində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.
Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarla əsər yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyəti haqqında Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə rus yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. Bunların hamısında eloğullarımızın qəhrəmanlığı haqqında az-çox məlumat verilir.
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci sayında 496-cı səhifəsində bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər yazılırdı: “Otuz üçüncü Şərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu”.
Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun azərbaycanlı olması şübhəsizdir. Düşünürdüm. Görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ qalanı varmı? Doxsan ildən çoxdu bu tərlan baxışlı igid həmyerlimizin fotoşəkli “Niva” jurnalının səhifəsində saralıb solur.
Taleyin qismətinə min şükür ki, axtarışlarım bəhrə verdi. Sevindim ki, uzun illərdən sonra igid həmyerlimizin unudulmuş adı, xidməti xalqımıza bəlli oldu.
1987-ci ildə İçəri şəhərdə yaşayan səksən iki yaşlı bir ağsaqqalla görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürdüyümüz poruçik Zülfuqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabskapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilə qədər Bakı şəhərində hərbi komendant işləyib, rütbəsi mayor idi, Birinci Dünya müharibəsi illərində Avstriya və Rumıniya cəbhəsində döyüşlərdə iştirak edib.
Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin liderlərindən biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr etdirdiyi “Xatirələrim” kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən vurulmuşdur.
Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmış və cinayət “məchul güllə ilə törədilmiş” – deyə ört-basdır edilmişdir.

***

Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcuman” qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir.
Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında yazırdı: “İstehkamçı-kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur”.
Gürcüstan Mərkəzi Dövlət arxivində İlyas bəy Allahyar oğlu Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərindən sağ salamat qayıtmışdır. Sonralar ikinci Qafqaz istehkamçı batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov 1860-ci il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.
Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1885-ci il avqustun 8-də poruçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbəsi ilə təltif olunub.
Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1905-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, yenə həmin ili dördüncü dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenlərinə layiq görülmüşdür.
1913-cü il martın on səkkizində polkovnik İlyas bəy qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun məzarı hazırda Gəncədə İmamzadə məscidinin həyətindədir. Məzarın mərmər başdaşından solmaqda olan “Qvardiya polkovniki İlyas bəy Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından onun sonuncu izini də silib aparır… Sərkərdəlik fəaliyyəti lazımınca öyrənilməmiş və hərb tariximizin heç bir səhifəsində indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: “Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı altında bütöv bir dünya tarixi yatır” – deyimini xatırlamaya bilmirsən.
“Tərcuman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşurlar. Redaksiyanın aldığı məktubundan aydın olur ki, yeddinci Şərqi-Sibir artilleriya divizionunun rəisi, general-mayor Səməd bəy Muxranskidir. Şimali Qafqazdan olan artilleriya poruçiki Y.İ.Dudarov isə avqust hücumlarının birindəmərd zabit kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin.
Amin!”.

GENERAL ƏLİAĞA ŞIXLİNSKİ PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ

Azərbaycanlılar birinci dəfə deyilki, vuruş meydanlarında yaponlarla qarşıqarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçu Əliağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərb elmi tarixində şöhrət qazanmışdır.
Səməd Vurğun,
Xalq şairi

Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən həmlələrinin dönədönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdır. Qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrin”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-də “Tərcuman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq: “Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün Ali ehtiramla “İgidliyə görə” medalı və üstü yazılı Qızıl qılıncla təltif olunub”.
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır.
Bütün qafqazlılar kimi cəsur olan komandir Kinjo döyüşlərində, “Zelyonnı” və “Bolçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, avqustun onundan isə daima Laperov dağında döyüşlərdə olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kalonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.
Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindon də tez sağaldığından o, yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar.
Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir.
O yazır: “Mayın ikinci yarısında mən Peterburqa gedib böyük knyaza təqdim olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən soruşdu:
– Siz oraya necə gedə bilərsiniz?
Onda mən hospitalımızdan aldığım şəhadətnaməni ona göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermişdir. Beləliklə, – dedim – hazırki müharibədə iştirak etməyə tam ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.
Bu sözləri deyərkən ağlına gəldi ki, mənim bu fikrim yaponlarla vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, əlavə edib dedim:
– Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa cür düşünürdü. Bu zabitlərin fikrincə, ordu ancaq qismən səfərbəyliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada bizim köməyimizə heç bir ehtiyac yoxdur. Buna görə də, əsgərlərin taleyinə şərik olmaq lazımdır. Belə ki, dilimdən yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.
Sergey Mixayloviç əlilə işarə edərək dedi:
– Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”. 1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:
“Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərb xidmətə yararlı olmadığı (Əliağa Şıxlinski sol qıçından yaralandığı üçün yapon həkimi arayışı belə yazmışdı – Ş.N.) müəyyənləşdirilib. O, Rusiyaya buraxılır”.
Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab etməsinə baxmayaraq, dilindən yazılı iltizam verməyən Əliağa Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda olduğunu bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” – deyir və onun yenidən
cəbhəyə qayıtmasına qıymır.
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə görə” sözlər yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni, üzərində “İgidliyə görə” sözləri yazılmış qızıl silah və məşhur “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Tarixi muzeyində generalın şəxsi əşyaları arasında 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş “Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. Onu Əliağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur şəhər sovetinin sədri podpolkovnik İ.A.Verşinin göndərib:
“Çox möhtərəm və əziz Port-Artur silahdaşım
Əliağa Şıxlinskiyə
Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə komissarı və keçmiş Port-Artur şəhər sovetinin sədri A.Verşinindən

ORDU VƏ DONANMAYA ƏMR

Qarnizonun mərdliyi və mətinliyi ilə bütün dünyanın təəccübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi, qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.
Ali məhkəmə qalanın verilməsinin müqəssirini yerindəcə cəzalandıraraq, igid qarnizonun unudulmaz hünərlərinin doğruluğunu tam əzəməti ilə bərpa etdi.
Port-Arturun cəsur müdafiəçiləri! Uzaq Şərqdə bizim istinadgahımızın müdafiəsi zumanı göstərdiyiniz fədakarcasına qəhrəmanlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və rus ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.
Qədirbilən Rusiya sizin ilə fəxr edir və Siz onun qarşısında borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan çıxarmayacaq.
Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:

II Nikolay, Çarskoe Selo şəhəri

***

Port-artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur” və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil olmuşdur. İndiyədək on doqquz dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir.
İngilis, fransız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan Əliağa Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.
“…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya rəisinin yanından çıxandan sonra xəstəlik haqqında raport və komandan Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə məktubu Əliağa Şıxlinskiyə verdi və dərhal generalın yanına getməsini əmr etdi. İrman kapitana xeyir-dua verib dedi:
– Sizdən çox şey asılıdır, Əliağa.
– Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib. Əgər general Fok yeddinci diviziyanın yaponların zərbəsi altına salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün bütün qüvvəni əsirgəməyəcəyəm.
Bunu deyib Əliağa Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı…”
Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir. Romanda təkcə kapitan Əliağa Şıxlinskinin yox, həm də general Səməd bəy Mehmandarovun, poruçik Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.
“…Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi. Yolda Əliağa Şıxlinski də ona qoşuldu. İrmanın tapşırığı ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar elməli idi. – Necə, artilleriya da bu sahəni tərk edir? – deyə Zvonaryov təəccübləndi. – Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər isə səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində istifadə etməlidir.
– Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən əvvəl yeni istehkam düzəltsin.
– Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq hücuma keçsinlər.
– Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, – Zvonaryov qərara gəldi və geri – Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa Şıxlinski təklif etdi ki, ora şəxsən özü getsin.
– Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun əmrinin əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub getməyəcək, – deyə Şıxlinski coşğun halda dilləndi. – Romanovskinin sağdakı batareyasından iyirmi altıncı polkun qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına gedin”.
Əliağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci rus yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı elmi və bədii əsərlər yazan T.Borisov sonu faciə ilə bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə Vladivostokda “Portarturçular” adlı sanballı bir roman nəşr etdimişdir. Müəllif sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus ustalıqla ön plana çəkir.
Böyük hərarətlə, məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov haqqında söhbət açır. İlk gündən Şıxlinskinin batareyasında döyüşən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xəsiyyətini daha dəqiq işıqlandırmışdır.
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıxlinski kazarmaya gəldi. Onun iri, uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının tükləri qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yuxarı dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ əllərinin ağ barmaqlarını arxasında tutmuşdu. Əliağa Şıxlinski hamı ilə görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını oxudu:
– Antonov Valentin Pavloviç.
– Mən, – deyə o, cavab verdi.
– Sən az savadlısan?
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.
– Sənin də savadın yoxdur, bu necə olur? Böyük şəhərdən gəlibsən, amma heç bir təhsilin yoxdur. – Sonra üzünü divizionun əsgərlərinə tutub: – Siz niyə oxumayıbsınız?
Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.
Kapitan Əliağa Şıxlinski sıranın önündən keçib, əlində yeni çağırılmışların siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını, atasının adını çəkdi.
– Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı doğruldacaqlar… Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. – Kapitan Şıxlinskinin sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq gözlərində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət edə-edə onlara göstəriş verirdi: – Başını düz tut, sağ çiynini əymə, – deyə kapitan Pudovnikə mürəciət etdi. Sən məhkəmə palatasında çoxmu işləyibsən? İki il? Bəs ona kimi harada işləyibsən?
– Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.
– Sənin xəttin yaxşıdırmı?
– Mirzəliyi istəmirəm, zati-ailələri…
– Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey İosifoviç! Sən usta-çilingərsən?…
– Yaddaşa bax, yaddaş belə olar, siyahını bircə dəfə oxuyan kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadında saxladı, – deyə Pudovkin fikrə getdi”.
Port-Arturdakı oktyabr döyüşlərində Əliağa Şıxlinskinin qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin salnaməsi” almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində bu barədə oxuyuruq:
“Müqəddəs Georgi” ordenli süvari dumasının təqdimatına əsasən Əlahəzrət imperator – 1905-ci il oktyabrın 3-də böyük hörmət göstərərək, Port-arturun müdafiəsindən şücaəti ilə fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və bu istehkamın digər qurğularını artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskini dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur…” Şahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vladiqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov alayında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan podpolkovnik Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordenilə təltif olunmuşdur. Bu barədə “Tərcuman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı:
“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir”.
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətəninə, Bərdənin İmamzadə qəbirstanlığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, Şahzadə nəslindən idi. Səksən ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram göstərirdi.
Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın Şuşa şəhərində anadan olmuşdur.
İllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olunmamış qalır. Açılmayan qovluqlar öz yazıçısını, tədqiqatçısını gözləyir.
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə “Artilleriyanın allahı” sayılan alim-general Əliağa Şıxlinski fəxrlə yazırdı ki, Port- Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm.

GENERAL MURAD GƏRAY BƏY TLEXAS
(və ya onun faciəli taleyi 1874-1920)

Tabutumun üzərinə qılınc qoyun, çünki mən bəşəriyyətin azadlığı uğrunda mübarizədə cəsur bir əsgər olmuşam.
Henrix Heyne,
məşhur Alman şairi
(1797-1856)

Milliyyətcə çərkəz olan general-mayor Murad Gəray bəy Tlexas Heynenin dediyi kimi, bəşəriyyətin azadlığı uğrunda yox, Azərbaycanın müstəqilliyi uğrunda 1918-1920-ci illərdə mübarizədə cəsur bir sərkərdə kimi vuruşub. Azərbaycanlı olmasa da, din qardaşımız kimi həmin illərdə milli ordumuzun formalaşmasında onun danılmaz fəaliyyəti olub. Uzun illərdən sonra da olsa, general Tlexası biz bu gün Azərbaycan xalqının qəhrəman övladı kimi xatırlamalıyıq. Xalqımıza təmənnasız və sədaqətlə xidmət edən belə bir sərkərdə unudulmağa layiq şəxsiyyət deyil. İnanıram ki, gələcək nəsil hərb tariximizdə onun şərəfli adı və fəaliyyəti ilə
fəxr edəcək.
1920-ci il mayın 29-da güllələnən general Murad Gəray bəy Tlexasın nəinki ideya silahdaşları, hətta onunla əks cəbhədə dayanan bolşevik müasirləri Həmid Sultanov, Ağababa Yusifzadə və başqaları otuzuncu illərdə belə onun sərkərdə vüqarını, zəhimli görkəmini yada salıb yazırdılar: “General Tlexasın xarici görkəmi çox təsiredicidir. Ucaboy, enli kürəkli, gözləri od saçır, çiyinlərində böyük epoletlər. Enli yazı stolu arxasında oturur. Stolun üstündə isə müxtəlif dəftərxana alətləri parıldayır. Bir sözlə yaşıl örtüyün üstü müxtəlif fiqurlarla doludur. Ən başlıcası isə sağ tərəfdə naqan, sol tərəfdə isə qamçı yerləşir. O, qorxu bilməz bir şəxsiyyət idi”.

***

Etiraf edirəm ki, istər mətbuatda, istərsə də televiziya radiodakı çıxışlarımdan sonra mən nəsə yeni bir şey “qazanıram”. Qazanıram o mənada ki,bu çıxışlarımın əks sədası həmişə mənim  xeyrimə olur. Xüsusilə, indi yaşı ötmüş adamlar vaxtilə ata-babalarından eşitdiyini, bəziləri də sərkərdələrimiz haqda bildiyi məlumatları mənə çatdırırlar.
Televiziyada “Hərb tariximizdən” verilişindəki çıxışımdan sonra da bir ağbirçək ana köməyimə çatdı.
– Sizin çıxışınıza baxdım, dedi, bir kövrək qadın səsi. – General Tlexas haqqında niyə ötəri danışdınız?
– Olan-qalan faktım bunlar idi. – Cavabmı verdim.
– Mən uzun illər arxivdə işləmişəm, – dedi, General Murad Gəray bəy Tlexasın məhkəmə qovluğunun yerini sizə demək istəyirəm. Qırxıncı illərdə tale elə gətirdi ki, mən xeyirxah bir adamın köməyi ilə Daxili İşlər Nazirliyinin Arxiv İdarəsində işə düzəldim. Bir neçə dəfə “etibarsız nəslin nümayəndəsi, türk qarışıqlı cəsus” kimi məni işdən çıxarmaq istədilər. Orada işləyənlərin əksəriyyəti rus, erməni və cuhud idi. Amma işgüzarlığım və altı dil bilməyim köməyimə çatdı. Nəsil-nəcabətimdə türklük olduğunu bildiklərinə görə bəzi sənədlərlə məşğul olmağa mənə icazə vermirdilər.
Bir gün Əli Bayramovun öldürülməsi və məhkəməsi barədə sənədləri sahmana salmağı mənə tapşırdılar. Dünənki verilişdə etiraf etdiniz ki, general Tlexas haqqında çox az məlumatınız var. Generalın ömür yolunu oradan təfsilatı ilə öyrənə bilərsiniz. Orada hər şey var: məhkəmə sorğu-sualları, şahid dindirilmələri, güllələnmə haqqında hökm…. Səhv etmirəmsə, səkkiz, ya da on qovluq olmalıdır. İndi həmin sənədlər Mərkəzi Dövlət arxivində saxlanılır.
Ncçə il axtardığım sənədlərin yerini nişan verən ağbirçək ana Fatma xanım Məcid ağa qızı Yusifzadə idi. 1922-ci ildə Batumi şəhərində dünyaya gəlib. Atası Məcid bəy Yusif oğlu Şəkinin Zunut kəndindəndir. Aprel çevrilişindən əvvəl onun Batumda mülkü, dəri-yun zavodu olub. Bu varlı və səxavətli kişini bolşeviklərin fitvası ilə 1927-ci ilin avqust ayında şəkili nökəri Əli bir Acarın köməyi ilə öldürüb. Bolşeviklər Məcid bəyi öldürənləri cinayətkar kimi həbs edib, Sibirə sürgün ediblər. Mülkə və var-dövlətə isə sahib olublar. Beş yaşlı balaca Fatmanı da Beşumi dağının ətəyində yerləşən yetimxanaya veriblər.
1930-cu ildə uşaq evinin müəllimi Makilyovski soyadlı rus ziyalısı xeyirxahlıq edib Fatmanı Batumdakı türk məktəbinə oxumağa qoyur. Fatma burda yeddi illik təhsil alır.
Fatma xanım deyir ki, anam Ayişə xanım Mustafa qızı türk idi, daha doğrusu, milliyətcə Laz idi. Lazlar gürcü dinindən müsəlmanlığa keçiblər. Anamın ulu babası islam dinini qəbul etmək üçün ilk dəfə bayraq qaldırıb lazları türkləşməyə çağırıb. Ona görə də ana tərəfim Bayraqdar, bəzi sənədlərdə isə Bayraqdarşi soyadını daşıyırlar. Babam Həccə getdiyinə görə ona Hacı Bayraqdar titulunu veriblər. İndi Türkiyədə bizim nəslin bir qolu Albayraq soyadını daşıyır…
Tarixdə özünü igid tayfa kimi tanıdan Lazlar haqqında altıncı əsrin Vizantiya tarixçisi Aqatiya yazırdı: “Lazlar qüdrətli və məğrur tayfadır. Onlar digər gürcü tayfalarına da hökm edirlər. Lazlar kolxların qədim adı ilə fəxr edirlər.
Başqa dövlətlər içində öz sərvətinin bolluğu, təbəələrinin çoxluğu, torpaqlarının böyüklüyü, məhsuldarlığı və xasiyyətlərinin gözəlliyi ilə fərqlənən lazlara bərabər elə bir tayfa tanımıram….”

***

Fatma xanım Yusifzadənin məsləhəti ilə Mərkəzi Dövlət Arxivinə gedib general Murad Gəray bəy Tlexas haqqında araşdırmalar apardım.
Arxivdə rast gəldiyim sənəd Bakıda ixtişaş törətmək istəyənlərə qarşı görüləcək tədbirlər haqqındadır. Bakı ərazisinin Hərbi general-qubernatorluğu üzrə verilmiş həmin elanı Bakı möhkəmləndirilmiş rayonun hərbi general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasdır. Elanda deyilir: “Mənə məlumatlar çatır ki, şəhərdə əhali arasında yaxın günlərdə tətillərin, talanların və ictimai asayişi poza biləcək buna bənzər hadisələrin baş verə biləcəyi haqqında şayiələr gəzir.
Bu məlumatların bəd niyyətli adamlar tərəfindən şəhərin rəvan ictimai həyatını açıq-aşkar pozmaq və əhalinin səbatsız ünsürlərini hökumət əleyhinə qaldırmaq məqsədilə yazıldığını nəzərə alaraq, bununla bəyan edirəm ki, mən heç bir vəchlə heç bir talana, yaxud hər hansı digər zorakılıq hərəkətlərinə yol verməyəcək, istənilən hökumət əleyhinə çıxış mənim tərəfimdən sərəncamımdakı ixtiyaratın bütün ciddiliyi ilə beşiyindəcə boğulacaq və təxribatçı şayiələr yayan
şəxslərə qarşı onların müharibə dövrünün qoşunları ilə mühakimə olunmaqdan ötrü hərbi məhkəmələrə verilmələrinədək tərəfimdən ən qətiyyətli tədbirlər gorüləcək.
Bunu nəzərə alaraq, Bakı şəhəri və onun rayonunun dinc vətəndaşlarından buna bənzər şayiələrə uymamağı və məndən asılı olan bütün tədbirlərə zəmanət verdiyim adi həyat tərzlərini, sakitliyi davam etdirmələrini rica edirəm.
Bununla birlikdə vətəndaşların nəzər-diqqətinə çatdırıram ki, hal-hazırda ağır ərzaq böhranı keçirməyimizi nəzərə alaraq az təminatlı və digər əhaliyə ucuz qiymətlərlə ilk tələbat mallarını almaq imkanı yaratmaqla, həmişə böhranı səngitməkdən ötrü hökumət tərəfindən bir sıra təcili tədbirlər görülmüş və beləliklə yaxın günlərdə böhran əhali üçün əlverişli tərzdə həll olunmalıdır.
Bakı möhkəmləndirilmiş rayonunun
Hərbi general-qubernatoru,
general-mayor Murad Gəray bəy Tlexas”

İkinci sənəd isə çox qısadır. O da general Murad Gəray bəy Tlexasa aiddir: “1920-ci ilin aprelində Bakıda silahlı çevrilişin həyata keçməsində və hazırlığında Türk kommunistləri Süleyman Nuru, Məmməd Tahir, Fuad Sabit fəal çalışmışlar. Ona görə də bunların gücü və fəaliyyəti ilə Bakının hərbi qubernatoru, general Murad Gəray bəy Tlexas həbs edildi (MK – yanında MLİ MPAF, fondu 456, siy.18, iş 38, vərəq 16)”.
Üçüncü sənəd: “1920-ci il aprelin 28-də Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas satqınları, qorxaqları ifşa edərək söz verirdi ki, bolşeviklərin hücumunu və daxildən olan üsyanları yatırdacaq. O, müdafiə istehkamlarını möhkəmlətdi və tələb etdi ki, ona vəzifəsində qeyri-məhdud səlahiyyət verilsin. General-qubernator Tlexas deyirdi:
– Mənim ordum da var, donanmam da. “Qars”, “Ərdahan”, “Astarabad” hərbi gəmilərimizlə sahil istehkamlarından Bakının dəniz istiqamətini müdafiə edə bilərik”.
Bəs Tlexas kim idi, onu bolşeviklər niyə güllələdilər ?
General-mayor Murad Gəray bəy Tlexas (1874, Kuban vil. 1920-ci il, 29 may, Bakı ş.).
Milliyətcə çərkəzdir. 1874-cü ildə Kuban vilayətinin Yekaterinodar şəhərində (indiki Krasnodar – Ş.N.) hərbçi ailəsində anadan olub. İlk təhsilini Maykop şəhərində alıb. Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirib. 1912-13-cü illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində xidmət edib. Port-Artur və Birinci Dünya müharibəsində iştirak edib. Hər iki müharibədə nümunəvi döyüşən zabit kimi şöhrət qazanıb. Tlexas zabitlərə məxsus iki dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunub. 1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adigeyanı tutdular. Tlexas ondan sonra din qardaşı kimi bizə pənah gətirib. General Əliağa Şıxlinski onu Əlahiddə Azərbaycan korpusunun tərkibində olan ikinci nişançı topçu briqadasının komandiri təyin edib. Bir az sonra Baş Qərargahda Baş Artilleriya idarəsinin rəisi təyin olunub. 1919-cu il dekabrın 4-dən Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru. Azərbaycan Milli hərəkatında və ordu quruculuğunda önəmli yeri var. Onun ilyarımlıq Azərbaycan ordusundakı əla fəaliyyəti hərb nazirinin və Baş Qərargah rəisinin iki əmrində öz əksini tapır. 1919-cu il sentyabr və dekabr aylarında verilən 421 və 559 saylı əmrlər Azərbaycan Yeni Tarix Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir” qrifi ilə saxlanılır.
“Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis şəhərinə Baş Artilleriya idarəsi rəisi, general-mayor Murad Gəray bəy Tlexasın rəhbərliyi altında komissiya göndərmişdim. Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində olduqca sərfəli qiymətlərlə Bakıda və Gəncədə qiymətli əmlak kütləsi quraşdırılmış və gətirilmişdir. Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları isə tam yararlı haldadır.
Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin rəhbərliyində görürəm və ona xidməti şəxslər tərəfindən səmimi minnətdarlığımı bildirirəm.
Eləcə də alınmış malların baxılmasında, qəbulunda və yola salınmasında iştirak etmiş komisiyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm.
Hərb naziri tam artilleriya generalı
Səməd bəy Mehmandarov,
Baş Qərargah rəisi, general-mayor
Həbib bəy Səlimov”

“Hərb nazirliyi təşkil edilərkən, ordunun özü kimi, mərkəzi idarələrinin və müəssisələrinin də, demək olar ki, heç nədən yarandığı zaman general-mayor Murad Gəray bəy Tlexas Baş Artilleriya İdarəsinin rəisi vəzifəsini icra etməyə başlamışdır. General-mayor Tlexas doğma ordumuzun təşkil edilməsi işlərində mənim ən yaxın əməkdaşlarımdan biri olmuşdur. Cəngavər insan və yorulmaz təcrübəli hərbi xadim olan Murad Gəray bəy Tlexas ordunun silahlanması, bütün Azərbaycan boyu səpələnmiş artilleriya əmlakının toplanması, artilleriya anbarlarının və emalatxanalarının qurulması işlərində böyük əmək sərf etmişdir.
İndi həmin general respublikanın müdafiə olunması üzrə yüksək dərəcədə mühüm hərbi vəzifələrin həvalə edilməsi ilə əlaqədar olaraq, ümumi işin xatirinə onun Baş Artilleriya idarəsi rəisi vəzifəsindən azad edilməsini daha faydalı bilirəm.
Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi nümunəvi iş, səy və görkəmli nailiyyətlər üçün hörmətli Murad Gəray bəy Tlexasa xidməti şəxslər tərəfindən səmimi təşəkkürümü bildirirəm.
Hərb naziri, tam artilleriya generalı
Səməd bəy Mehmandarov,
Baş Qərargah rəisi general-mayor
Həbib bəy Səlimov”

1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin əmri ilə Bakı Hərbiyyə General-qubernatoru vəzifəsini qəbul edən Murad Gəray bəy Tlexas demişdir: “Mənə göstərilən etimad və ümidi həqiqətə çıxarmaqdan ötrü mən bütün var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə şüru edirəm”.
Yerli bolşeviklər ermənilərlə birləşərək əhali arasında antiazərbaycan təbliğatı aparır, həyəcan və qiayiələr yayırdılar. Bunlardan narahat olan generalqubernator Murad Gəray bəy Tlexas 1920-ci il yanvarın 25-də “Azərbaycan” qəzetinə verdiyi müsahibədə demişdir: Son günlərdə şəhərdə şayiələr yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talan edəcəklər. Əhali həyəcana gəlmişdi. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkətlər olmayacaqdır. Əgər baş verərsə, rəhmsizcəsinə basılacaq, hökumətin lazımı miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə edilmir. Körpülərə vaporlar vürud edir. Sərnişinlərin yalnız bəzilərinə şəhərə girməyə icazə verilir. Üç gündə Ənzəli, Petrovski və Təzə şəhərdən (Krasnovodski) yeddi vaporda beş yüz nəfər gəlmişdir. Qismən şəhərə buraxılıblar. Lakin tezliklə də şəhərdən çıxarılıblar. Bəziləri Tiflisə gedir.
Ermənilər Ermənistana, iranlılar isə İrana qaytarılır. Əcnəbilər müməsillərinə verilir. Vaporlarda səpmə yatalaq və sair misri xəstəlikləri müşahidə olunur. Onlar tez təcrid olunub. Radio ilə vaporlarda bildirilir ki, Bakıya gəlsələr dərhal qaytarılacaq. Lakin əcnəbi heyətlərə, siyasi nümayəndələrə və dövləti işlər üçün gələnlərə icazə veriləcək. Köhnə rus pasportları etibardan saqiət edilir, bir aya bütün vətəndaşlar türk pasportu almalıdırlar.
General Murad Gəray bəy Tlexas 1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı Əli Bayramovun qatillərindən biri kimi həbs edilib. Mayın 21-dən 29-dək Ali İnqilab Tribunalının məhkəməsində şahid kimi dindirilmişdir:
Sədr Viktor Naneyşvili: – General Murad Gəray bəy Tlexas! Siz özünüzü Əli Bayramovun qətli haqqında işdə müqəssir bilirsinizmi? Siz Bakı Möhkəmləndirilmiş rayonunun general-qubernatoru olanda cinayətkar fəaliyyətsizlik göstərmisiniz, nəticədə belə dəhşətli cinayət baş verib.
General Tlexas: – Qətiyyən yox! Hərbi vəzifəmə gəldikdə isə, həmişə hər yerdə vicdanla xidmət etmişəm. Cinayətkarlığa yol verməmişəm.
Sədr: – Tribunala deyin, görək, Denikin könüllülərinin komandanlığı ilə siz Bakıda nə danışmısınız?
Tlexas: – Könüllülərin komandanlığı ilə heç bir danışığım olmayıb.
Naneyşvili: – Bizə çatan məlumata görə sizin ağqvardiyaçı könüllülərinin nümayəndələri ilə danışığınız olub.
Tlexas: – Könüllülərin ayrı-ayrı nümayəndələri ilə də mənim heç bir gizli danışığım olmayıb.
Könüllülər və başqaları haqqmda isə “soldat” kimi deməliyəm ki, yıxılana balta çalmazlar. Mən heç vaxt, müharibədə bir-birimizin üstünə qışqıranda da, silahı tullayanda da hərbi kompaniyada – rus-yapon və alman cəbhəsində də olmuşam. Onlar silahı təhvil verəndə mən sonuncu çörək tikəmi və qəndi vermişəm.
Sədr: – Tribunala son sözünüz ?
Tlexas: – Ali tribunal, burada deyəcəyim sözlər özümü müdafiə etmək xatirinə deyilməyəcək. Mən ucadan elan edirəm ki, bolşevik Əli Bayramovun qətlində mən qətiyyən iştirak etməmişəm. Məni müttəhimlər kürsüsünə gətirən qətiyyən tanış olmayan mühitə düşməyim və rəislərimin əmrlərini yerinə yetirməkdə “soldat” mənəviyyatı ilə tərbiyə olmağım oldu. Mən kasıb praporşik
oğluyam, demək olar ki, yoxsul təbəqədən çıxmışam. İndi mənə elə gəlir ki, burjaziya rütbəsi olan general-qubernatorluq mənim üçün rüsvayçılıq idi. Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi. Qırx altı yaşım var. Ömrümün yarıdan çoxunu hərbi xidmətdə keçirmişəm.
Atam evdəki yeganə samovarı satıb məni atın sağrısında Yekaterinardan oxumağa göndərib…
O ki qaldı ağqvardiyaçı general Denikinə qoşulmağım, onun könüllülərilə işləməyim, bu heç cür mümkün deyil. Çünki bütün il boyu mən denikinçilərə qarşı mübarizə aparmışam. Onun kəşfiyyatçıları mənim əməkdaşlarımdan və şəxsən məndən oddan qorxan kimi qorxurlar. Əgər siz bolşeviklər yox, Denikin Bakıya girməli olsaydı birinci məni güllələyərdi. Boynuma alıram ki, Azərbaycanda caynağımıza keçən Denikin kəşfiyyatçılarına qarşı çox amansız olmuşam.
Arxiv sənədlərindən məlum olur ki, bolşeviklər cəhd edirlər ki, general Murad Gəray bəy Tlexası Azərbaycan xalqının gözündən salmaq üçün ağqvardiyaçıların xəfiyyəsi kimi güllələsinlər. İndiki M.F.Axundov adına Akademik Opera və Balet teatrının binasında keçən açıq məhkəmədə, generalın alovlu yekun sözündən sonra bu qarayaxma alınmayıb.
Bolşevik Əli Bayramovun ölümündə də günahı sübut olunmadığına baxmayaraq, Murad Gəray bəy Tlexası əksinqilabçı və Müsavat generalı kimimayın 29-da gecə saat ikidə güllələdilər.
Həmin gecə inqilab etmiş “xalqın adından” general Tlexasla birgə bolşevik Əli Bayramovun qətli ilə bağlı Bakıda müsavatın polis rəisi olmuş Rüstəmbəy Mirzəyevi, dördüncü polis sahəsinin rəisi Nurəddin Seyidovu, onun müavini Süleyman bəy Sübhanverdixanovu, baş qorodovoy Məşədi İbrahim Babayevi, polis agenturasının rəhbəri Eyvaz Cəbrayılovu, polis xəfiyyəsi Levon Ter-Arutyunovu, məşhur Bakı qoçusu Nəcəfqulu Rzayevi, qorodovoy Həbib Nəzər oğlunu, Əbdürrəhman Qurban oğlunu və qoçu Mir Rəhim Mir Mövsüm oğlunu da güllələyiblər.
Xaricə qaçmış Daxili İşlər Naziririn müavini Şəfi bəy Rüstəmbəyova, qoçu Əjdər Eminova, Hüseyn Qədir oğluna, qorodovoy Vəli Məşədi Hüseyn oğluna və Aleksandr Koberidzeyə isə İnqilabi məhkəmə qiyabi ölüm hökmü kəsdi. 1921-ci ilin iyun ayında onlardan biri – qoçu Hüseyn Qədir oğlu satqınlıqla ələ keçdi. Ali İnqilabi məhkəmə dərhal ona ölüm hökmü kəsib güllələdi.
Arxiv sənədləri onu da göstərir ki, adını çəkdiyimiz şəxslərin əksəriyyətinin bolşevik Əli Bayramovun öldürülməsindən doğrudan da xəbərləri ohnamışdır. Onu 1920-ci il martın 22-dən 23-nə keçən gecə polis xəfiyyələrinin tapşırığı ilə Bakı qoçuları öldürmüşdülər. Müsavat parlamentində makinaçı-karküzar vəzifəsində işləyən Əli Bayramovun arvadı Ceyran Bayramova sonralar “Xatirələrim”də, yazırdı: “Məktəbli rəfiqəm Zeynab Rizvanova ilə böyük cəldlik, çeviklik və fərasətlik göstərərək müsavatçıların hərbi planlarını öyrənir, gizli sənədləri ələ keçirib partiya komitəmizə çatdırırdıq. Əli son vaxtlar evə gəlmir, başqa yerlərdə gecələməli olurdu. Mən onunla əlaqə saxlamaq, məlumat vermək üçün Georgiyevski küçəsindəki Zərbəli Nəzərovun evində görüşürdük”.
Şübhələnən polis işçiləri Əli Bayramovun evində axtarış aparırlar. Məlum olur ki, evdə iki telefon var: biri açıqda, digəri isə pərdə arxasında gizlədilmişdir.
Ceyran gizli telefonla hər gün parlamentdə olanlardan bolşeviklərə məlumat verir. Qadına qıyıb əl qaldırmayan qoçular əvəzində onun əri Əli Bayramovu qətlə yetirirlər.
Arxiv sənədləri arasında çox qısa və çox təsirli bir məktub da var. Onu general Murad Gəray bəy Tlexasın həyat yoldaşı Əminət xanım Tlexas 1920-ci il iyunun 6-da yazıb: “Azərbaycan Sovet Sosialist Respublikasının Ali İnqilab tribunalının sədrinə ərizə.
1920-ci il mayın 29-da Ali İnqilab məhkəməsinin qərarı ilə ərim Murad Gəray bəy Tlexas güllələnmişdir. Ərim həbs olunan günü evimizdən sizin əməkdaşlar ailəmizə məxsus olan qızıl və gümüş əşyalarını da aparmışlar. Acizanə surətdə xahiş edirəm, həmin qızıl və gümüş əşyalarının qaytarılması barədə sərəncam verəsiniz.
Həmin əşyalar yenicə həddi-bulağa çatmış iki qızıma və şəxsən mənə məxsusdur. İmza: Əminət xanım Tlexas.
Həmin il fevralın 6-da ərizənin üstünə dərkənar qoyan bolşevik rəhbəri katibliyə tapşırır ki, vətəndaş Əminət xanım Tlexasa məlumat verin ki, sizə heç nə qaytarılmayacaqdır.

***

Dünən təkəbbürlü, beli silahlı gəzən qoçular oturduqları müttəhim kürsüsündə büzülüb yumağa dönmüşdülər. Yazıq, qorxaq nəzərlərlə məhkəmənin gedişini izləyir, gözləri ilə aman diləyirdilər. Yalnız Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas məğrur oturub zəhimli gözləri ilə salona baxırdı. Bu comərd generalın varlığında qorxudan əsər-əlamət yox idi.
1920-ci il, 29 may tarixli
Ali İnqilab Tribunalının sənədindən

Həmin məhkəmənin iştirakçılarından bizim günlərimizə qədər yaşayan yalnız bircə nəfər qalmışdı. Ötən əsrin doxsanıncı illərində Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru mərhum Ramazan Xəlilovla çoxsaylı görüşlərimiz olardı. Güclü hafizəli, zəngin xatirəli bu ziyalı insanın söhbətindən doymaq olmazdı. 1918-1920-ci illərdə Ramazan müəllim general Əliağa Şıxlinskinin kiçik yavəri olmuşdu.
1998-ci ilin oktyabr günlərində telefonla danışırdıq. Söhbət arası dedim ki, Ramazan müəllim, arxivdən bir foto şəklin surətini çıxartdırmışam. Şəkildə on doqquz nəfər yüksək rütbəli müsavat ordusunun zabit heyəti təsvir olunub.
Onlardan yalnız altı nəfərinin adı və soyadı göstərilib. Foto şəkli gətirim, baxın, bəlkə, orada kimisə tanıdınız…
Dərhal durub muzeyə onun görüşünə getdim. Foto-şəkli göstərməmiş dedim ki, bunlar arasında general Tlexas olsa tanıyarsınızmı, onu yaxından görmüşdünüzmü?
– Əlbəttə, tanıyaram, əgər varsa. Onun elə zəhmli, əsl hərbçi vüqarı vardı ki, indi də gözümün qabağındadır.
İri ölçülü şəkli onun qarşısına qoydum. O, titrək əllərilə qalın şüşəli eynəyini gözünə taxıb diqqətlə baxdı. İkinci cərgədə sağdan üçüncü oturan vüqarlı şəxsi göstərib:
– Budur – dedi, general Murad Gəray bəy Tlexas. Sağ yanında oturan isə polkovnik Şirin bəy Kəsəmənlidir. Şirin bəy 1919-cu ildə səpmə yatalaq xəstəliyindən vəfat etdi.
İgid generalın indiyədək bizə məlum olmayan yeganə foto şəklini Azərbaycan hərb tarixinə bəxş edən doxsan səkkiz yaşlı qocanı qucaqlayıb öpdüm.
İstər-istəməz o məşum günlərə qayıdan Ramazan müəllim söhbətinə davam etdi:
– Məhkəmə zalına giriş azad olduğuna görə bir neçə dəfə mən də getdim. Bu bolşeviklərin Ali İnqilab tribunalının ilk yığıncağı idi. Məhkəmənin son iclası daha yaxşı yadımda qalıb. Çünki general Tlexasın mərdliyi hamını heyrətdə qoydu.
Güllələnmək haqqında qərar oxunanda Tlexasa qol çəkməyi təklif etdilər. O, vüqarla irəli gəlib, düz qamətini azca əyib qol çəkdi və hökmlə dedi:
– Yenə və yenə də təkrar edirəm, mən bolşevik Əli Bayramovun öldürülməsində, bu çirkin işdə iştirak etməmişəm.
Növbə Bakı qoçularına çatanda onlar özlərini çox ləyaqətsiz apardılar. Qoçu Nəcəfqulu ucaboy, iri bədənli, göyçək adam idi. Əynində bənövşəyi rəngli jilet, ayağında uzunboğaz çəkmə vardı. O da yadımdadır ki, general Tlexas və bütün dustaqlar Bayıl həbsxanasında saxlanırdı. Hər gün onları mühafizə ilə gətirib bulvarı süpürtdürərdilər. Bununla şura hökuməti fəhlə və kəndlilərə göstərirdi ki, görün, “cinayətkarlara” necə əzab veririk.
– Ramazan müəllim, general Murad Gəray bəy Tlexasın ailəsinin son taleyi necə oldu?
– Generalla atam Həmzət bəyin dostluğu vardı. Onun həyat yoldaşı Əminət xanım 1920-ci ildə atamdan İrana getmək üçün kömək istədi. Atam rəsmi icazə ilə onu yola saldı. Onun böyük qızı Cənnət xanım Müsavat dövründə Bakıdakı İran konsuluna ərə getmişdi. Kiçik qızının adını unutmuşam. General Tlexasın evi Parapet bağı ilə üzbəüz olan dörd mərtəbəli binada idi. İndiki “Araz” kino teatrı olan binada yaşayırdı.

GENERAL HƏBİB BƏY SƏLİMOV
(1881-1920)

İyirminci il martın iyirmi ikisində, Novruz bayramı axşamı daşnaklar Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq isteyirdilər. Top və pulemyotlarla silahlanan qiyamçılara İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi.
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi – iyirmi minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. O cümlədən, Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir, Dördüncü Quba, Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Aprelin üçündə başlayan bu ölüm-dirim savaşı on iki gün davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına, Xankəndinə daxil oldular. Yenilməz fədakarlıqla döyüşən əsgərlərimiz daşnak ordusunu darmadağın etdi. Dörd min nəfərlik erməni süvari dəstəsinin başçısı general Dəli Qazar öldürüldü. Əsgəranın böyür-başında gizlənən general Dro Kananyanın piyada alayları xəndəklərdən çıxıb qaçmağa başladılar. Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqətsizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz”.
Əsgəranda qanlı döyüşlər gedəndə Maqsud Şeyxzadə yeniyetmə bir gənc idi. On səkkiz yaşı yenicə tamam olmuşdu. Bu qələbədən ruhlanan şair iyirminci ilin martında “Qarabağ” və “Əsgəran marşı” kimi sanballı şeirlər yazmışdır.
Azərbaycan hərb tarixinin səhifələrinə yazılacaq belə parlaq qələbələrin ömrü, təəssüf ki, bundan sonra bircə ay davam etdi. Mikoyanın, Qazarovun, Avetisovun, Amazaspın quyruq bulayıb qabaqlarına düşdüyü bolşevik-daşnak ordusu bir ay sonra işğalçı kimi Bakıya soxuldu.
Həyatının son dəqiqələrinə kimi o məşum günü ürək ağrısı ilə xatırlayan Məmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycan Cümhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdən Bakı limanında lövbər salan dəniz qüvvələrinin Yanar dağı səmtdən Qızıl ordunun atəş saçaraq gəldiyini və geri qaçmaq istərkən yolunun türkiyəli bir zabitin komandasında olan “Yardım alayı” tərəfindən kəsildiyi gördü”.
Bununla da dəhşətli, qorxunc bir dövr gəldi. Xüsusi bir amansızlıqla Vətənimizə hücum edərək bolşevik-daşnak ordu birləşmələri vətənpərvər oğullarımızı qan içində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı. Min cür həngamələrlə, izahı olmayan həbslərin dalğası gücləndi. Azərbaycan Milli Ordusunun min iki yüzdən çox əsgər və zabiti Arazı keçərək o taylı qardaşlarımıza pənah apardı. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya mühacirətə getdi. Bolşevik-daşnak təqibinin əzabkeşlərindən biri – zabit Ələsgər Ələsgərov-Kəngərlinski şahidlik edir ki, “şəxsən özüm tərəfindən yoxlanılmış siyahıya görə, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə ancaq hərbi rütbəlilərdən məhv edilənlər: generallar on iki, polkovnik və podpolkovniklər iyirmi yeddi, kapitan və ştabs-kapitanlar, poruçik və podporuçiklər qırx altı, praporşik və podpraporşik yüz qırx səkkiz, qalan iki yüz altmış altı (hamısı müsəlmanlar) 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda qırmızı terrordan qırx səkkiz min adam öldürülmüşdü ki, bunun da çox hissəsi ziyalıların payına düşürdü”.
1920-ci il mayın 30-da “Kommunist” qəzeti bolşevik terrorunun alçaqlığına bəraət qazandıraraq, həyasızcasına “Layiqli cəza” adlı bir məqalədə yazırdı: “Ali inqilab tribunalı bu işə yalnız həqiqi proletar ədliyyə orqanları nümayəndələrinə xas olan ehtiyat və təmkinlə nəzər salmışdır. Azərbaycanın azad əmək mənafeyini əsas tutan tribunal heç bir “qanuni intiqam” duyğularına yol vermədən özünün soyuq və ölçüb-biçilmiş qərarını vermişdir”.
Bolşeviklər “təmkinlə”, “soyuq və ölçülüb-biçilmiş” haqsız qərarları ilə bizi Azərbaycan Milli Ordusunun say-seçmə, yüksək rütbəli zabitlərindən və general oğullarından məhrum etdilər.
Yetmiş ildən çox adı və şöhrəti bağlı qapı arxasından qalan generallarımızdan biri də Həbib bəy Səlimov olmuşdu. 1918-ci ildə Milli Ordu yarananda polkovnik Həbib bəy Baş Qərargah və Dəftərxana rəisi olmuşdur.
Azərbaycan Demokratik Respublikasının hərb naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun iyirmi altı fevral 1919-cu ildə otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub,1920-ci ilin martında “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmışdı. 1918-ci il avqustun 1-də təxribatçı polkovnik P.İbuşenko Lənkəranda qondarma “Muğan Respublikası”nı elan etmişdi. 1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın edildi. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan ordusunda istifadəyə vermişdi. Muğan və Lənkəran ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdi.
1918-ci ildə Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy “Böyük hərbdə Bakı yollarında” (“Əsgəri məcmuə”, 1934-cü il № 93) jurnalında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır. O yazır ki, cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zıbitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir.
Döyüşlədə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına. Cənub qupunun komandiri polkovnik Həbib bəy Səlimov idi.
Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman Süleymanov 1998-ci idə Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən general eloğlumız Həbib bəy haqqında dəyərli məlumatlar əldə etmişdir. Həmin faktlar əyani surətdə göstərir ki, general Həbib bəy Səlimov daim ön cəbhədə olmuş və Azərbaycanı bolşevikdaşnak hərbi qüvvələrndən xilas etmək üçün mərdliklə vuruşmuşdur. Həbib bəy Səlimovun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o, Nuru paşaya aşağıdakı məzmunda raport göndərib: “Birinci – bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın (l avqust l918-ci il) Ələti düşmən alsa da, dəxi Allahın inayəti ilə işğal etmek üzrə irəliləyəcəm.
İkinci – mütəanibən (sonra) Bakı istiqamətində hərəkət edəcəyəm. Fəqət qrupun suyu qətiyyən yoxdur. Susuzluqdan əfrad (bəzi adamlar) bayılmış bir haldadır. Sürətlə su gətirməsi üçün icad edənlərə əmr bulunmasını təkrar-təkrar rica edirəm.
Üçüncü – Ələtdən sonra qaradan (torpaq yol) hərəkət edəcəyimdən bir minik avtomobilinin təhriki üçün əmr bulunmasını edirəm.
Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov bildirirdi ki, bu axşam Ələti işğal etdim. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, biz hələ də geridən içməli su almamışıq. Döyüşçülər susuz qaldığı kimi, su olmadığı üçün lokomativlər işləmirlər. Polkovnik Həbib bəy Səlimov susuzluğun qrupda ağır vəziyyət yaratdığını və su gətirilməyincə Ələtdən o yana hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır”.
Həbib bəy Səlimovun milli Azərbaycan Ordusunun formalaşmasında böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə polkovnik Həbib bəy Səlimov bu korpusun qərargah rəisi təyin edilmişdi.
Gəncə – Bakı dəmiryolu ilə irəliləyən cənub qrupunun komandanı kimi H.Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.
1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinliklərə görə polkovnik Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı: “Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda əsgərlərə yemək tapılmır. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə həmişə “un şorbası” yedirmək olmaz ki, Onuncu alayın çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər, əlbəttə ki, evə qaçmaq istəyəcək.
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırım:
1.Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2.Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3.Belə korpusun yaradılması və təminatı üçün vəsaiti əsirgəməməli.
Böyük Napoleon Bonapart deyir ki, müharibə üçün üç şey lazımdır. Birinci pul, ikinci pul, üçüncü yenə də pul.
Ordunu yedirmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür xəstəliklərdən qorumaq lazımdır”.
Cəsur general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda yazılmış bir neçə məktub və teleqramını əldə edə bildik. Bu məktub və teleqramları Həbib bəy Qarabağ Ərazi Qoşunlarının Komandanı olarkən, odlu döyüşlər gedən Xankəndindən, Laçından, Şuşa və Ağdamdan göndərmişdir. Bunlar Həbib bəy Səlimovun döyüş yolunu qismən də olsa öyrənməyə imkan verir.
“Azərbaycan” qəzetinin 15 iyun 1919-cu il tarixdə dərc olunmuş “Şuşadan axırıncı xəbər” yazısında deyilirdi: “Ermənilər səkkiz gün ara vermədən şosse yolunu və ona yaxın olan kəndləri atəşə tutublar. General Həbib bəy Səlimovun avtomobili, ingilislərin avtomobili, sərnişinlə dolu altı fayton, atla və piyada keçib gedənlər atəşə tutulmuşlar, yalnız bu gün atəş kəsilmişdir.
Görüşmək üçün yerli əhalidən nümayəndələr də dəvət olunublar.
Qarabağın general-qubernatoru
Xosrov bəy Sultanov

“Hərb nazirinə!
Bakı alayında üç yüz doxsan süngü vardır. Noyabrın 23-də Qoçaz istiqamətində vəziyyət tədricən bərpa olunur. Düşmən hər tərəfdən Zabuq çayının sağ sahilinə atılmışdır. Ümid edirəm ki, bu günlərdə… rayonu tuta bilərik. Cəbrayıl dəstəsində vəziyyət tam başqadır. Ora iki batalyon – 1000 süngü qüvvə göndərilməsə, vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Yaranmış vəziyyətdə bu cür qüvvəni Xaçmaz dəstəsinin tərkibindən çıxarmaq, məncə, mümkün deyildir.
Mən indi sizin barışıq fıkrinizlə o şərtlə razıyam ki, barışandan sonra gələcək üçün sürətlə hazırlıq işləri görülsün.
General Həbib bəy Səlimov,
10aprel 1920-ci il, Şuşa”

QARABAĞ DÖYÜŞLƏRİ HAQQINDA MƏLUMAT
29 mart 1920-ci il

Ayın 29-dakı döyüşün təfərrüatını çatdırıram. Əsgəran möhkəmləndirilmiş həmlə mövqeyinə hücum etməkdən ötrü Xanabad daxil olmaqla şossedəki cəbhədən göndərilmişdir: partizanlar üç min üç yüz altmışıncı yüksəkliyə və Xaramurt kəndinə, Parlamentin mühafizəsi Daşbaşı kəndinə həmlə etməkdən ötrü, şimal-qərbdən ötüb keçməklə bakılılar hücum edəcəklər. Ehtiyatımda bir bölük olub. Bundan başqa, partizanların bir qismi ilə Naxçıvanikə qarşı əməliyyat aparılırdı. Bakı alayının sağ cinahını təmin etmək üçün isə partizanların süvari dəstələrini və rotmistr Haşımbəyovun komandası altında əlli nəfərlik Tatar alayını göndərdim. Ümumi istiqamətdə qışlamağa Meşəliyə, ordan da Fərruxa.
Döyüş saat yeddidə başlandı və saat on bir radələrində Xaraşurt kəndi alındı ki, bura birinci gizir Mövsüm İbrahimovun komandası altında dörd süvarisi girdi. Kənd yandırıldı.
Saat on üç radələrində Parlament mühafizəsi 3366-cı zirvəyə yaxınlaşdı. Kürd-Xanabad ucqarı partizanlar tərəfindən alındı. Bakı alayı bu vaxt sıldırım qayalarla Daşbaşı yüksəkliyinə yanaşdı: podpolkovnik Bəhram bəy Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyişməsəydi alayın həmləsi
uğurlu olardı. Artilleriya himayəsinə qalmış alayın üç həmləsi əl qumbaraları ilə dəf edildi. Saat on yeddi radələrində batareya yerinə yetişdi, lakin artıq gec idi: alay bir verst geriyə yüksəkliyə çəkilmişdi.
Haşımbəyovun süvari dəstəsi həmin vaxt erməniləri Meşəlidən, Qazanı kəndindən sıxışdırıb çıxararaq Fərrux kəndini tutdu, o, indiyədək oradadır. Sol cinahda ermənilər az qüvvə və bundan qabaq Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks həmləyə keçdilər, onları Xanabaddan vurub çıxartdıq və qaçmağa məcbur etdik. Qaçışın qarşısı yüz nəfərlik Parlament mühafizəsini şəxsən hərəkətə gətirməyimlə alındı. Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, ancaq, təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə atılır.
Hal-hazırda ermənilər Əsgəranı, Kürd-Xanabad kəndini, 3360-cı yüksəkliyi, Daşbaşı kəndini tuturlar.
Ümumilikdə, bizim tərəfdən ermənilər döyüşlə iki verstliyə sıxışdırılıblar.
İtkilərimiz: beşinci alayda gizir Nəcəfəliyev və on əsgər öldürülmüş, gizir Dauşvili, gizirlər Əsgərov, Ərəbov yaralanmışlar; Parlament mühafizəsindən yeddi əsgər öldürülmüş və on beşi yaralanmışdır.
Qoşunların əhval ruhiyyəsi əladır, düşmən çoxlu itki verib, təkcə Xaraşurtda düşmənin altmışadək meyidi var.
General Həbib bəy Səlimov

***

“Hərb nazirinə”
Xankəndindən Şuşaya şosse yolu Malıbəyli kəndindən yüksəliklər vasitəsilə Daşkəndə, cənubda Manaşarx kəndi də daxil olmaqla Şuşakəndədək uzanan erməni mövqelərindən atəşə tutulmuşdu. Həmin mövqelərdə sayı təxminən iki mindən az olmayan əsgərlər, dağ topları və iki pulemyotla silahlanmış Əskərandan çəkilmiş ermənilər, eləcə də bütün ətraf kəndlərdən silahlı adamlar cəmləşmişdilər.
Hücum saat onda üç kolonla başlandı: öndə qubalılar, sağ cinahı ötübkeçməklə Malıbəylidən, Şuşakənddən şərqə olan yüksəklikdə iki dağ topu olan Tatar alayı, düşmənin sol cinahını Şuşakənd qəbirstanlığı tərəfdən ötüb keçmək üçün kəsə yolla Bakı alayının taboru göndərilmişdi.
Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkidilmiş hissələrə məxsus şücaətlə vuruşurdular.
Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə basqına baxmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası.
Saat on iki radələrində mənim ehtiyatımın himayəsi ilə bakılılarla birlikdə qubalılar tərəfindən cinahlardan əhatə olunan və çevik həmləyə məruz qalan düşmən sarsıldı və Keşişkəndə tərəf qaçmağa üz tutdu.
Saat iyirmi radələrində qoşunların bir hissəsi ilə Şuşaya gəldim. Bütün dəstə bura toplaşır. Qoşunlar üç günlük döyüşlərdən bərk yorulublar və çox güman ki, sabah onlara istirahət verəcəyəm.
General Həbib bəy Səlimov
8 aprel 1920-ci il”

***

10 aprel 1920-ci il, Şuşa

Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları tamamilə yararsız hala düşdüyü üçün onların 1902-ci il nümunəli porşenli toplarla əvəz olunması və yaxşı olar ki, yeni batareya göndərilməsi haqqında təcili sərəncam vermənizi xahiş edirəm.
General Həbib bəy Səlimov

Qarabağda döyüşün vəziyyəti haqqında
General Əliağa Şıxlinskiyə məlumat
8 aprel 1920-ci il

Dığ kəndi istiqamətində irəliləyən düşmən Abdallar kəndindən vurulub çıxarıldı. Zabuq çayının o tayına qədər qovuldu. Bizimkilər Yarma kəndini alıb Keçəl dağına gedən yolu Abdallara qədər təmizlədilər.
Cavanşir alayını yenidən təşkil etmək üçün Qarabağ alayından bir bölüyü də ona birləşdirdim. Yeni təşkil etdiyimiz dağ batareyasının gücü ilə düşməni Zabux çayının o tayından da qovub çıxartdı.
General Həbib bəy Səlimov

***

“Hərb nazirinə
Bu günkü vəziyyət əhali arasında çaxnaşma yaratdı. Onlar bizim Ağbulaq yaxınlığında dayanan alayımızı xəbərdar etmədən çaxnaşma salaraq, qaçır. Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar.
Bütün bunlar aralarında iki minə yaxın silahlı şəxslər olan Ağdam əhalisinin gözləri qarşısında baş verirdi. Bir nəfər belə Gülablıların köməyinə getmədi, əksinə iki-üç yüz erməninin Gülablıda görünməsi bütün “mərd qarabağlıları” çaxnaşmaya saldı, əlbəttə, onlar səs-küyə salaraq mərkəzə teleqram vurdular və Bakı da tez onların köməyinə gəldi.
Mən Qarabağda baş verən hadisələrdən xəbərdaram və şəraitə görə mümkün olan bütün tədbirlərdən istifadə edirəm. Lakin abdallıların, gülablıların, Xaçınki kənd əhalisinin arzusu ilə qoşunu ata bilmərəm. Ayın on doqquzunda səhər saat onda mən özüm Ağdamda oldum, partizanlar üçün məhkəmə qurdum, lazım olan tədbirləri gördüm.
Nəticədə biz Güləbird kəndini, Qızıl hündürlüyünü tutmuşuq, Abdal kəndinə hücumu davam etdiririk.
Mənə inanın ki, mən özümü qorumuram, şəxsən olduğum və komandirlik etdiyim yerlərdə düşmənin bizi qəflətən yaxalamasına yol verməyəcəyəm. Tatar alayının dərhal qayıdıb Cəbrayıla gəlməsinin böyük əhəmiyyəti olar, çünki bu alayın əksəriyyətini ləzgilər təşkil edir, bu da Quba qəzasında az fayda verə bilər.
General Həbib bəy Səlimov
10 aprel 1920-ci il”

***

“Bakı, general-leytenant Əliağa Şıxlinskiyə
Dünənki döyüş göstərdi ki, ermənilər bütün vasitələrdən istifadə ediblər. Əsgəran cəbhəsində Dilicandan gəlmiş, əla təlim edilmiş və çox gözəl döyüş aparan Dəli Qazarın partizanları bir yerə cəmləşiblər. İndiki partizanlara ümid bəsləmək olmaz. Onlara kəsərli söz, xalqa çoxlu pul və bütün başqa vasitələrlə köməklik göstərmək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə xidmət etsinlər.
Təkrar edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda gizli müharibə gedir. Hər tərəfdən patronlar tələb edirlər. Onların neçəyə olursa-olsun, alınıb gətirilməsi vacibdir. Hazırda dövlətin ehtiyatları Gəncədən Araza qədər ərazidəki cəbhə üçün, düşmənlə müqayisədə həddindən artıq azdır. Ancaq etibarlı və yaxşı təşkil olunmuş partizanları müvəqqəti bizim tərəfə yönəldə bilərlər.
General Həbib bəy Səlimov
31 mart 1920-ci il”

***

“Bakı, general-leytenant Əliağa Şıxlinskiyə
Dronun (Qarabağ ərazisində döyüşən erməni-daşnak silahlı birləşmələrinin komandiri – Ş.N.) qüvvələrinin hücumu zamanı Şuşa şəhərinin vəziyyətinin nə dərəcə ağır ola biləcəyini nəzərə alaraq, ermənilərə Cavad qəzası tərəfindən güclü təzyiq göstərilməsini lazım bilirəm. Eyni zamanda İran şahsevənləri Zəngəzur qəzasına soxulsaydılar, daha yaxşı olardı. Geniş hücum əməliyyatı aparmaq üçün tək Cəbrayıl qəzasının vəsaiti kifayət deyildir.
ADR-in Qarabağ ərazi qoşunlarının komandanı,
General Həbib bəy Səlimov,
31 mart 1920-ci il”

***

1918-20-ci illərdə Milli Azərbaycan Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Həbib bəy Səlimov 1881-ci ildə fevralın 8-də İrəvanda anadan olub. Onun 1920-ci il aprel çevrilişinə qədər olan hərbi fəaliyyəti Rusiya Dövlət Hərbi Tarix arxivində (f. 409, s. 1, it 37290. v. 1-6, şəxsi iş №2976) saxlanılır. Sənəddə göstərilir ki, generalın atası Hacı Yusif İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində işləyib. Bir sinifli İrəvan Müəllimlər Seminariyasını bitirən Həbib bəy İrəvan gimnaziyasına qəbul olunur. və gimnaziyanı birinci dərəcəylə qurtarır. 1900-cü il avqustun 12-də orduya könüllü gələn Həbib bəy 156-cı Yelizavetpol süvari alayında bir il iki ay xidmət edir.
Unterzabit rütbəsi alır. O, Tiflisdəki süvari məktəbini 1902-ci il sentyabrın 1-də əla qiymətlərlə bitirir. Üçüncü Qafqaz atıcı batalyonunda xidmət edən Həbib bəyə podporuçik rütbəsi verilir. 1905-ci il oktyabrın 4-də isə batalyon yavəri olur. İki il bu vəzifədə çalışan Həbib bəy 1907-ci il avqustun 6-da üçüncü rotanın komandiri təyin olunur. Həmin il sentyabrın 22-də “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsi ilə təltif olunur. Sülh dövründə gənc zabitin belə bir yüksək ordenlə təltif olunması nadir hadisə idi. Sənədlərdə göstərilir ki, 1906-cı il iyulun 16-dan dekabrın 4-ə qədər Həbib bəy Şuşada ezamiyyətdə olarkən atıcı batalyonu ilə əhalini daşnaklardan qorumuşdur.
Sonrakı illərdə (1908-1910) beşinci Qafqaz atıcı batalyonun sıralarında Culfa sərhədlərində və İrandakı Qəzvin hərbi dəstəsində xidmət edən Həbib bəy Tehranda “Kəşfiyyatın məxfi tapşırığı” ilə fəaliyyət göstərmişdir. 1912-ci il avqustun 9-da Həbib bəy Səlimova ştabs-kapitan rütbəsi verilmişdir.
Cümhuriyyət dövrünün ən görkəmli sərkərdələrindən biri, general-mayor Həbib bəy Hacı Yusifoğlu Səlimov 1918-ci il martın 4-də Petroqradda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.
Baş Qərargah rəisi kimi mühüm vəzifəyə təyin olunan Həbib bəy nə kabinet, nə də məiyyət generalı olmamışdır. Milli ordumuzun il yarımlıq fəaliyyətində daim ön cəbhədə olmuş, fitri hərbi istedadı ilə Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni məhv etmişdir. Təəssüf ki, bu şöhrətin ömrü uzun çəkmədi. Həmin ilin aprelində ölkəmizə basqın edən bolşevikdaşnak qüvvələri mərd və yenilməz general Həbib bəy Səlimovu məhv etmək üçün min bir fəndkirliyə əl atdılar.
Respublika Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərindən öyrənirik ki, may ayında Həbib bəy Səlimov Naxçıvana hərbi komissar təyin olunur. 1920-ci il iyulun 19-da Naxçıvan şəhər general-qubernatorunun 3402 saylı möhürlü rəsmi sənədi ilə Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün on dörd günlüyə ezam olunur.
Avqustun 26-da Naxçıvan İnqilab komitəsinin sədri XI ordunun xüsusi şöbə rəisi, cəllad Semyon Pankrotova yazılı məlumat verir ki, Həbib bəy Səlimov iyunun 30-da qayıtdı. Qızıl ordunun ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər gətirə bilmişdir.
Sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimov üçün 2017 saylı həbs vərəqəsi yazılır. Yalançı ittihamların “bayramı” başlayır. Adamın varlığını sarsıdan odur ki, Qubin soyadlı rusdan başqa yalançı ittihamların əksər müəllifləri öz dindaşlarımızdır. Onlar çalışır ki, general Həbib bəyin yuxarıda xatırlatdığımız Əsgəran, Qarabağ, Muğan və Lənkəran döyüşlərində əvəzolunmaz xidmətlərini dansınlar. Alınmır, ağ yalan belə igid generalın hərbi fəaliyyətinə ləkə sala bilmir.
Onda naxələflər başqa fəndə əl atırlar. Deyirlər ki, 1918-ci ildə türk generalı Nuru Paşa Azərbaycana gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı döyüşlər aparmışdır.
Bu tarixi fakt həqiqətən olmuşdur. Gəncədən sonra cəbhəni iki yerə – şimal və cənub qruplarına ayıran Nuru Paşa Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimovu təyin etmişdi.
Hətta sonralar (1934-cu ildə) vətəni Türkiyədə “Böyük hərbdə Bakı yollarında” adlı kitab yazan türk podpolkovniki Rüştü bəy Həbib bəy Səlimovu əsərində igid bir sərkərdə kimi xatırlayır: “Cəsur, döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir”. Qəribə burasıdır ki, bolşeviklərə quyruq bulayıb Həbib bəy Səlimov haqqında iftira, yalançı ittihamlar verən dindaşımız rotmistrin özü də türklərlə birgə döyüşlərdə iştirak etmişdi. Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədələrindən öyrənə bildim ki, rotmistri (nüfuzlu nəslinə hörmətim olduğuna görə rotmistrin adını, soyadını çəkmək istəmirəm) 1926-cı ildə bolşevik ÇK-sı Solovetsk adalarına ömürlük sürgünə göndərib. Atalar demişkən, özgəyə quyu qazanın özü də düşər.
Yuxarıda xatırlatdım ki, general Həbib bəy Səlimovun milli orduda vəzifəsi Baş Qərargah rəisi idi. Peşəkar hərbçilər yaxşı bilirlər ki, qərargah ordunu idarə edən ağıl, beyin deməkdir. Məgər dünya şöhrətli sərkərdə, hərbiyyə naziri Səməd bəy Mehmandarov və onun müavini “artilleriyanın allahı” Əliağa Şıxlinski kimi peşəkar hərbçilər, bolşeviklərə quyruq bulayan rotmistrin zəif komandir zənn etdiyi Həbib bəy Səlimovu Baş Qərargah rəisi kimi məsul vəzifəyə təyin edərdilərmi?
1919-cu il fevralın 26-da otuz bir saylı əmrlə polkovnik Həbib bəy Səlimova general-mayor rütbəsi verərdilərmi? Əlbəttə yox!
General Həbib bəy Səlimov 1918-20-ci illərdə milli ordumuzda xidmət edən, milliyətcə Litva tatarı olan general-leytenant Məmməd bəy Sulkeviçdən sonra ikinci generaldır ki, ali hərbi təhsili vardı.
General Həbib bəy Səlimovun ittihamlarında yazılır ki, Tiflisdə və Bakıda təşkilat fəaliyyət göstərir. Onlar üsyana hazırlaşırlar. Tiflis və Batumda əksinqilabçılara general Vrangel, general Səlimov vasitəsilə silah göndərir. Bakı quberniyasının Cavad qəzası İranın Şahsevən quldurlarının köməyi ilə üsyana hazırlaşır, köməyi general Səlimovdan alırdı.
Sonrakı ittihamlardan məlum olur ki, niyə məhz general Səlimovu, Naxçıvan Hərbi Komissarını onun vəzifəsinə, sənətinə heç bir dəxli olmayan ticarət malı gətirməyə İrana göndərmişlər. Bunların hamısı mərd general Həbib bəy Səlimovu həbs etmək üçün hazırlıq idi.
Üç ay yarım həbsxanada üzərinə oxunan yalançı ittihamları və üzləşmələri yazılı şəkildə rədd edən milli ordu generalı Həbib bəy Səlimovu güllələmək üçün “İran məsələsi”, 1919-cu ildə Lənkaran yürüşündə yerli Muğan əhalisini guya soyub-talaması, ağqvardiyaçı praporşik Dubininlə, Nuru Paşa və Zeynalovla əlaqəsi, Cümhuriyyət vaxtı Sovet hökumətinə nifrəti, Sovet vaxtı Naxçıvanda xan və bəylərlə oturub-durması bolşeviklərin əlində daha “əsaslı” faktlar olub.
Həmin vaxtlarda Naxçıvandan “Azərbaycan Kommunist Partiyasına” Az. ÇK-nın mühüm şöbə katibinin tarixsiz və imzasız danos-məktubu general-mayor Həbib bəy Səlimovun cavan ömrünə son qoymaq üçün canfəşanlıqla təşkil olunurdu.
Danos-məktubda oxuyuruq: “Əksinqilabçı general Həbib bəy Səlimov Naxçıvan əhalisi arasında şayiələr yayır, xan və bəylərlə Sovet hökumətinin əleyhinə işləyir. O, ilk dəfə Naxçıvana gələndə İnqilabçı Türk hökumətinə məktub göndərib ki, yerli Azərbaycan əhalisi Qırmızı ordu tərəfindən əzilib qul halına salınır. Bu məktubu barədə general H.Səlimovun özü bizimlə birgə işləyən ermənilərlə söhbətində açıq deyib. O, İranda olanda da burdan qaçıb getmiş, xan və bəylərlə oturub dururmuş. Bu gün onun əhval-ruhiyyəsi yerli əhalinin və komandiri olduğu əsgərlərin daşnaklara qarşı döyüş ruhunu məhv edir. Onun belə yaramaz hərəkətlərinə dözmək mümkün deyil. Xahiş edirik, fövqəladi halda onu buradan Bakıya göndərəsiniz.
Az- ÇK-nın mühüm şöbə katibi
Katib”

1920-ci il oktyabrın 15-də isə agent məlumat verir ki, general Həbib bəy Səlimovun təşkilatı ilə bağlı aşağıdakıları öyrənə bildim: “General keçmiş rus ordusunda polkovnik rütbəsində xidmət edib. Baş Qərargah Akademiyasının məzunudur. Azərbaycan hökuməti onu general-mayor rütbəsi ilə təltif edib. Təşkil etdiyi əksinqilabi dəstəni indi ingilislər maliyyələşdirir. Dəstənin fəaliyyət dairəsi Araz çayının sahilləridir. Onun əksinqilabi dəstəsinin üzvləri quldur ağqvardiyaçıların və şahsevənlərin qalıqlarından təşkil olunub. Komandir heyəti ağqvardiyaçı zabitlərdən, gürcü və ermənilərdən (? – Ş.N.) ibarətdir. Təşkil olunmuş dəstənin məqsədi: əgər gürcülər və ermənilər hücuma keçərlərsə, Bakı- Tiflis yolunu onların köməyi ilə bağlamaq. Ənvər Paşa ilə hələ heç bir əlaqələri yoxdur. General Həbib bəy Səlimov Müsavat hökuməti vaxtı Xəlil Paşa ilə apardığı münaqişəyə və yaramaz hərəkətlərinə görə müsəlman əhalisi arasında hörmətə malik deyil”.
General Həbib bəy Səlimova məxsus 1920-ci il 19 dekabr tarixli “İstintaq işi”nin doxsan doqquzuncu səhifəsindən “Üçlüy”ün çıxarışı:
“Əksinqilabi fəaliyyətdə günahlandırılan sabiq general-mayor Həbib bəy Yusif oğlu Səlimovun 1241 saylı işinə baxıldı. Onun günahları aşağıdakılardan ibarətdir.
1. Sovet hökumətinə qarşı əksinqilabi mübarizəsi. Müsavat ordusunun döyüş hazırlığında saxlaması və rəhbərliyi.
2. Gəncə üsyanı zamanı Sovet Azərbaycanından qaçmaqda və İrandan gəlmiş qiyamçı dəstələrin Muğanda Qızıl orduya qarşı döyüşlərə rəhbərlikdə.
3. 1919-cu ildə Muğanda inqilabçı kəndliləri tərkisilah etməkdə və qarətdə günahlandırılır.
Səlimova qarşı yürüdülən ittihamlar və bir sıra başqa cinayətlər istintaq zamanı təsdiq olunmuşdur. Qərara alındı. Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin. Cinayət işi və aktlar arxivə təhvil verilsin.
Əslini imzaladı: XI Ordunun xüsusi şöbə rəisi Semyon Pankratov və böyük müstəntiq Qubin”.
Naxçıvan Mərkəzi Dövlət Arxivində saxlanan səksən iki nömrəli protokol da cəsur general haqqında ağ yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində Naxçıvan Komyaçeykasının iclasında hərbi komissar Starovun sədrliyi və Fyodorovun katibliyi ilə yeddi nəfər bolşevik müsavat generalı Həbib bəy Səlimovun fəaliyyəti barədə işə baxıblar. Lakin cəmi üç nəfər -”Troyka” dindirilmişdir.
Birinci şəxs Şahtaxtinski: “General Səlimov zəhmətkeş xalqın satqınıdır, səbatsızdır. O, Bakıdan İrana qaçdı və oradan Naxçıvana gəlib camaatı dilə tutdu ki, əhali razılıq versin, onun polku 600 əsgər 10 ədəd top və bir neçə pulemyotla Naxçıvana gəlsin. O, Sovet hökuməti əleyhinə təbliğat aparırdı. Lakin indiki hökumətə qarşı günahını boynuna almır. Alayın silahlarını İranda satıb mənimsəmişdir”.
İkinci şəxs Rüstəmov: “Mən Şahtaxtinskinin dediklərini təsdiq edirəm və əlavə olaraq bildirirəm ki, general Səlimov yerli əhalini başa salırdı ki, onun başçılığı ilə Naxçıvana yeni alay toplansın və bolşeviklər əleyhinə vuruşsunlar. O, həqiqətən Sovet hökuməti əleyhinə təbliğat aparırdı…”
Üçüncü şəxs Xəlil bəy: “Daşnaklar Şuşaya hücum edəndə (1920-ci il mart ayında – Ş.N.) Azərbaycan hökuməti korpus təşkil edib general Səlimovun başçılığı ilə cəbhəyə daşnaklarla vuruşmağa göndərdi. Lakin Səlimovun təcrübəsizliyi və korpusa başçılıq edə bilmədiyindən, xeyli yaralı və ölüm hadisələri olmuşdur.
Lakin mən işə qarışandan sonra döyüş müvəffəqiyyətlə başa çatdı və daşnak hücumu darmadağın edildi.
Bütün bunlardan sonra Azərbaycan hökuməti ona 242-ci polka və üçüncü kavpolka başçılıq etməyi tapşırdı. O vaxtkı qırmızılar Bakıya yaxınlaşırdı, mən ona təklif etdim ki, qırmızıları müdafiə etsin. O söz versə də, sözünü yerinə yetirmədi, satqınlıq elədi. Sovet hökuməti əleyhinə təbliğat aparmağa başladı”.
Yekunda: yoldaş Starov təklif etdi ki, general Həbib bəy Səlimovu həbs edib XI ordunun hərbi məhkəmə sovetinin sərəncamına göndərilsin.
Bütün bu yalançı ittihamlardan sonra bolşeviklər general Həbib bəy Səlimovu 1920-ci il dekabrın 30-da, saat 10.30 dəqiqədə güllələdilər. İstintaq işində Həbib bəyə yürüdülən ittihamlardan biri də onun əmlakının müsadirə olunmasıdır. Bəs nəyi vardı Həbib bəy Səlimovun? Sənədlərdə göstərilir ki, subaydır, 39 yaşı var. Qaradaşı ilə birgə yaşayır, iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi. Vəssalam.

GENERAL-LEYTENANT MƏMMƏD BƏY SULKEVİÇ
(1865-1920)

Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Xudahafiz!
General Məmməd bəy Sulkeviçin
son sözləri

Cümhuriyyət dövrünün iyirmi bir döyüş generalı sırasında oxucunu düşündürən və bir az təəccübləndirən soyada rast gəlmək olar: – General-leytenant Məmməd bəy Sulkeviç .
General Məmməd bəy Sulkeviç milliyətcə Litva tatarıdır. Atası Aleksandr Qusar alayında xidmət etmiş, podpolkovnik rütbəsinə qədər yüksəlmişdir.
Polşada yaşayan mühacir Arslan bəy yazır ki, general-leytenant Məmməd bəy Sulkeviç on səkkizinci ilin axırlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyində Baş Qərargahın rəisi olub. Lakin Azərbaycan Mərkəzi Dövlət Yeni Tarix Arxivində saxlanan hərbi sənədlər bu faktı inkar edir. Əvvəla, həmin tarixdə bizim ordunun Baş Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşıolmuşdur. İkincisi də, arxiv sənədlərindən aydın olur ki, Məmməd bəy Sulkeviç Azərbaycana on səkkizinci ilin dekabrında gəlib və 1919-cu ilin martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandiri olub, həmin tarixdə yüz qırx yeddi nömrəli əmrlə Baş Qərargah rəisi təyin olunub. Hərbi Nazir Səməd bəy Mehmandarovun və general Həbib bəy Səlimovun Gəncədə imzaladığı bu əmrdə deyilir ki, general-leytenant Məmməd bəy Sulkeviç martın 19-dan təyin olunduğu vəzifənin icrasına başlasın.
Arxivdə saxlanan daha bir sənədin Sulkeviçin bioqrafiyası üçün əhəmiyyətli olduğunu nəzərə alıb, oxuculara onu da təqdim etmək istərdim.
Hərbi Nazirliyin dəftərxanasına məxsus 15 oktyabr 1919-cu il tarixli sənəddə Sulkeviçdən tələb olunur ki, özünün dini mənşəyi və atası barədə məlumat versin. Və xahiş olunur ki, gerbli-möhür üçün dörd manat da pul ödəsin.
Məmməd bəy Sulkeviç isə qara tuşla yazdığı ərizəsində onlara belə cavab vermişdir: “Dinim müsəlman, adım Məmmədbəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm”.
General Məmməd bəy Sulkeviç 1865-ci il iyunun iyirmisində Vilen quberniyasmın Kemeyşi yaşayış məntəqəsində zadəgan ailəsində dünyaya gələndə atası onun adını Maçeybəy qoysa da sonralar Krımdakı fəaliyyətinə görə tatarlar ona hörmət əlaməti olaraq “Süleyman Paşa” adı vermişlər. Bizdə isə özü könüllü olaraq “Məmmədbəy” adını qəbul etmişdi.
Tatar parlamenti, tatar xalqı və mətbuatı general Süleyman paşa Sulkeviçi 1918-ci ildə dövlət başçısı vəzifəsində böyük ruh yüksəkliyi ilə qarşılamışdır.
Həmin ilin iyun ayında o, Krım hökumətində baş nazir, hərbi nazir və daxili işlər naziri vəzifələrini tutmuşdur. Tatar xalqının müstəqilliyinə sevinən ilk dəfə din və dil qardaşı Türkiyə olmuşdur:
“Krım hökumətinin Baş naziri general Süleyman bəy Sulkeviçə! Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə sizi təbrik edirəm. Sizə işinizdə uğurlar diləyir və yeni nailiyyətlər arzu edirəm. Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə sizə kömək etməyi özünə borc bilir. Osmanlı imperiyası da Sizə arxa olacaq və yardım göstərəcəkdir.
Hərbi Nazir, Ali Baş Komandan Ənvər Paşa”
“Tavriçeski qolos” qəzeti 1918-ci ilin iyun ayında “Müsəlman millətlərinin müdafiə cəmiyyəti” adlı xəbər-yazısında bildirirdi ki, general-leytenant Sulkeviçin fəal təşəbbüsü ilə Simferopol şəhərində “Rusiyada müsəlman millətlərinin müdafiə cəmiyyəti” yaradılmışdır. Bu günlərdə general Sulkeviç xüsusi məruzə ilə Odessadan keçib Buxarest şəhərinə müttəfiqlərlə görüşə getmişdir.
Krım tatarları arasında “Süleyman Paşa” adı böyük hörmət və ehtiramla çəkilirdi. Xalq Maçey bəy Sulkeviçi “Süleyman Paşa” adı ilə çağırırdı. Bu da səbəbsiz deyildi. Tatar xalqı arasında belə bir əfsanə yaşayır. Bu əfsanəyə görə rus imperiyasının Krımdakı hökmranlığı məhv olduqdan sonra şimaldan bir müsəlman oğlu peyda olacaq. Onların azadlıq hərəkatına başçılıq edəcək. Bu adamın adı da Süleyman Paşa olacaqdır. Xalqın inamınca, bu əfsanə 1918-ci ildə həqiqətə dönmüşdü. Ona görə də tatar xalqı Maçey bəy Sulkeviçi Süleyman Paşa timsalında qəbul etdi.
Arxiv sənədləri daha bir faktı da aşkarlayır. Orada göstərilir ki, general Sulkeviç Azərbaycana tək gəlməmişdir.
Kazım bəy Sulkeviç Müsavat hökumətinin Xarici İşlər Nazirliyində dəftərxana direktoru olmuşdur. Çox təəssüf ki, onların qardaş, yoxsa əmioğlu olduğunu müəyyənləşdirmək mümkün olmadı. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar səhvən general-leytenant Məmməd bəyi Kazım bəy Sulkeviç kimi də yazırlar.
General Sulkeviçin həyat yoldaşı Məryəm xanım isə məşhur milyonçu H.Z.Tağıyevin qız məktəbində müəllim işləmiş və Bakı Müsəlman qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvü olmuşdur. Digər bir ziyalı qadın – Leyla xanım Sulkeviç Azərbaycan Parlamentinin dəftərxana işləri idarəsində iş icraçısı vəzifəsində işləmişdir. İnqilabdan əvvəl dini müsəlman olan oğullara hərbi akademik təhsil almaq demək olar ki, nəsib olmamışdır. İndiyə qədərki tədqiqatımızda Məmməd bəy Sulkeviç imperiyanın Baş Qərargah Akademiyasında ali hərbi təhsil alan ilk dindaşımızdır.
Məşhur Polşa-Lvov tatar əsilzadələrindən olan Sulkeviç həyatını hərb sənətinə həsr etmişdir. O, Voronejdəki Mixaylovsk kadet korpusunu bitirdikdən sonra Peterburqa gedərək Mixaylovsk artilleriya məktəbinə daxil olmuşdur.
Məktəbi birinci dərəcə ilə bitirən Sulkeviç poruçik rütbəsində altıncı artilleriya briqadasına xidmətə göndərilir. 1883-cü il oktyabrın 3-də müvəffəqiyyətlə imtahan verib, Baş Qərargahın Nikolayev akademiyasına daxil olur. Hərbi-elmi sahədə qazandığı uğurlara görə Baş Qərargahın Nikolayev Akademiyası onu ştabs-kapitan rütbəsilə təltif edir. 1894-cü il, iyulun iyirmisində isə Sulkeviç kapitan rütbəsi alır.
Xidmət üçün 5084 saylı əmrlə Odessa Hərbi Dairəsindəki yeddinci ordu korpusunun qərargahına göndərilir.
1899-cu ildə Süleyman bəy Sulkeviç ilk mükafatını – “Müqəddəs Stanislav” ordenini alır. Həmin ilin dekabr ayında Sulkeviçə podpolkovnik rütbəsi verilir və Odessa Hərbi Dairə qərargahına baş yavər təyin olunur. 1903-cü il, oktyabrın üçündə növbəti təyinatla o, on beşinci piyada diviziyasına qərargah rəisi vəzifəsinə göndərilir. Həmin il dekabrın altısında ona növbədən kənar polkovnik rütbəsi verilir.
1904-1905-ci illərdə o, Rus-yapon müharibəsində əlahəzrət imperatorun tabeliyində olan səkkizinci ordu korpusunda şərəfli döyüş yolu keçmişdir.
Polkovnik Süleyman bəy Sulkeviç 1905-ci il fevralın altısından 25-dək məşhur Mukden döyüşlərinin iştirakçısı olmuşdur. 1905-ci ilin iyun ayında isə əlli yeddinci Modlin piyada polkunun komandanlığını qəbul etdi. Ümumiyyətlə, polkovnik Sulkeviç 1904-cü il noyabrın 8-dən 1906-cı ilin fevral ayınadək döyüşən ordu hissələrində xidmətdə olmuşdur.
Yaponiya ilə müharibədə Süleyman bəy Sulkeviç özünü ən yaxşı zabit döyüşçü kimi göstərmişdir. Rus-yapon müharibəsi illərində onun xidmətləri ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə), dördüncü dərəcəli “Müqəddəs Vladimir” (bant və qılıncla birgə) ordenləri ilə qiymətləndirilmişdir. 1906-cı il noyabrın 18-də Yaponlara qarşı inadlı döyüşlərdəki fəaliyyətlərinə görə üstü yazılı “İgidliyə görə” qızıl silahla təltif olunmuşdur.
1910-cu il iyunun 23-də Sulkeviç Baş Qərargah rəisi yanında tapşırıq üzrə qərargah zabiti təyin olunur. Həmin ilin payızında hərbi xidmətdəki əla fəaliyyətinə görə ona general-mayor rütbəsi verilir və İrkutsk qərargah hərbi dairəsi üzrə general-kvartirmeyster vəzifəsinə təyin olunur. Keçdiyi bu xidmət illərində Süleyman bəy Sulkeviç ikinci və üçüncü dərəcəli “Müqəddos Vladimir” kavaler ordenlərinə layiq görülüb. On səkkizinci ilin əvvəllərində imperiya ordusunda xidmətini bitirir.
İstedadlı sərkərdə kimi tanınan Məmməd bəy həm də hərb elminin tanınmış alimi idi. Odessa Hərbi Dairəsinin təşkilatçısı olan Sulkeviç bir müddət həmin dairə qoşunlarının qərargah rəisi olmuşdu. Məmməd bəy Sulkeviç özünün əmrlərindən, elmi əsərlərdən və məsləhətlərdən ibarət ikicildlik əsərlərini nəşr etmişdir. Rus tədqiqatçılarının yazdığına görə, onun hərbi tövsiyələrindən nəinki Rusiyada, hətta xarici ölkələrin ordularında da istifadə olunmuşdur.
General Məmməd bəy Sulkeviçi Rusiyada yaşayan müsəlmanların taleyi ciddi düşündürmüşdür. Dindaşlarının xristianlar arasında azad nəfəs almaması, sərbəst yaşamamaları onu qeyrətli vətəndaş kimi həmişə narahat etmişdir. O, 1902- ci ildə Polşa şərqşünası, Peterburq Universitetinin professoru Anton Muxlinskinin (1808-1877) “Litva tatarlarının mənşəyinin araşdırılması və vəziyyəti” kitabını Odessada öz xərcinə nəşr etmişdi.
1915-ci ildə nümunəvi döyüş xidmətlərinə və böyük ordu birləşməsinə qeyri-adi bacarıqla rəhbərlik etdiyinə görə general-mayor Süleyman bəy Sulkeviç birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə (qılıncla birgə) təltif olunur. Onu da xatırladaq ki, əlahəzrət imperator həmin ili cəbhələrdəki müvəffəqiyyətlərə və ordu birləşmələrinə bacarıqla komandanlıq etdiklərinə görə beş müsəlman generalını səxavətlə təltif etmişdi: Dördüncü Ordu Korpusunun komandanı tam artilleriya generalı, milliyətcə çeçen Eris xan Sultan Gəray Əliyevə (1855-1920) “Ağ qartal” ordeni, İkinci Qafqaz Ordu Korpusunun komandanı general-leytenant Səməd bəy Mehmandarova (1855-1931) birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni, Ali Baş Komandan yanında artilleriya üzrə tapşırıq generalı Əliağa Şıxlinskiyə (1865-1943) birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni və süvari korpusunun komandanı Hüseyn xan Naxçıvanskiyə (1863-1920) “Ağ qartal” ordeni verilmişdir.
1916-ci il aprelin 26-da otuz üçüncü piyada diviziyasının komandiri Məmməd bəy Sulkeviçə general-leytenant rütbəsi verilib. Buna qədər o, on birinci orduda yeddinci korpus qərargahının rəisi idi. Birinci Cahan müharibəsi başlananda onun qərargah mənzili Kazan şəhərində yerləşmişdir. O, “Əsgəri şura” tatar təşkilatının Mərkəzi Komitəsi ilə sıx əlaqə saxlayır və Rumıniya cəbhəsində müsəlmanlardan ibarət Birinci Əlahiddə korpusu təşkil edir. General Sulkeviçin üç müsəlman diviziyasının təşkili haqqında arayışı Ümumrusiya Müsəlman Şurasının “Xəbərlər”ində 1917-ci ildə xalqa çatdırılıb.
Müsəlman Hərbi Korpusu yaradan Məmməd bəyin ən böyük arzusu Kazana, ya da Krıma gedib dindaşlarının milli istək və arzularını həyata keçirmək idi. Nəhayət, 1918-ci ilin yazında”
“Əsgəri şura”nın əmrilə Sulkeviç öz korpusu ilə Krıma gəlir. Bu vaxt Krımda vəziyyət olduqca ağır idi. “Bolşeviklər vəhşicəsinə yerli əhalinin qanını tokürdülər” (General Anton Denikinin “Rus qiyamı haqqında oçerklər” kitabı).
Bu zaman ölkədəki anarxiyadan istifadə edən alman generalı Koşanın diviziyası da gəlib Krıma çıxmışdı. General Koşanın dəstələri Sulkeviçin Korpusunun yolunu kəsib onu tərkisilah edir.
Lakin almanlarla sülh danışıqlarından sonra onların köməyi və təklifi ilə Sulkeviç Krımın Baş Naziri təyin olunur.
General Sulkeviçin Krım dövrü özünün siyasi fəallığı ilə çox maraqlıdır.
Tatar əhalisinin mövqeyinin sabitləşməsində bir sıra tədbirləri həyata keçirmiş, Krım dövlətinə başçılıq etdiyini demək kifayətdir.
Sulkeviçin Beynəlxalq siyasətdə ən mühüm addımlarından biri Krım hökumətinin səfiri kimi tatarların “Millət” qəzetinin keçmiş baş redaktoru Həsən Səbri Ayvazovu (1878-1988) İstanbula Krım dövlətinin səfiri göndərməsi oldu. Bu da Türkiyədə böyük ruh yüksəkliyi ilə qarşılandı. Ona Avropa səfirləri arasında fəxri yer ayrıldı. Eyni zamanda Krım səfirinin İstanbulda olması Berlində bir qədər narahatçılıq yaratdı. General Sulkeviç hökuməti keçmiş Rusiya imperiyasının ərazisində yaranmış başqa müsəlman dövlətləri ilə də əlaqə yaratdı. Məhz bu məqsədlə də Azərbaycanın Bakıdakı hərbi nazirinin adına xoş məramlı məktub göndərilmişdi. General Səməd bəy Mehmandarovla onlar hələ Port-Artur döyüşlərində tanış olmuşdular.
General Məmməd bəy Sulkeviç hökuməti humanizm prinsiplərinə arxalandı, o özü isə həqiqi mənada demokrat siyasətçi idi. 1918-ci ilin sonlarında Krımın taleyində dəyişiklik oldu. Ağqvardiyaçı general Anton Denikinin könüllü ordusu Krımı zəbt etdi. General Sulkeviç hökuməti yıxıldı. Nə Vilhem hökuməti, nə də Türkiyə ona kömək edə bilmədi.
Çünki özlərində də vəziyyət ağır idi. 1918-ci il noyabrın 3-də alman generalı Koş məktubla Sulkeviçə bildirdi ki, bundan sonra ona kömək edə bilməyəcək. Ona görə də yarımadanın taleyi dəyişdi. Məmmədbəy Sulkeviç Könüllü Ordunun komandanı Anton Denikinin təzyiqi ilə Krımı tərk etməli olur.
Ağqvardiyaçı general Anton Denikin yazır ki, noyabrın dördündə Məmmədbəy Sulkeviç mənə – Yekaterinodara teleqram göndərdi ki, Almaniya qoşunları arasında sürətli dağılma gedir. Silahlı qüvvə olmadığına görə (almanlar Krımda silahlı qüvvələr yaradılmasını qəti surətdə qağan ediblər – Ş.N.) mübarizə üçün heç bir dayaq yoxdur. Yenidən partlayışlar və bolşeviklərin amansızlıqları təkrar oluna bilər. Vəziyyət müttəfiqlərin donanmasının və könüllülərin tezliklə köməyə gəlməsini aydın surətdə tələb edir.
Sol partiyaların mübarizəsi və güclü təbliğatına görə mənim kabinetim öz səlahiyyətlərindən əl çəkir, öz yerini kadetlərdən, sosialistlərdən və tatarlardan ibarət koalisiyalı nazirliyə verir…”
Bundan sonra general-leytenant Məmməd bəy Sulkeviç Azərbaycana gəlir.
Az müddətdə birinci süvari müsəlman diviziyasının komandiri və sonra Baş Qərargahın rəisi olur. Xüsusilə, 1919-cu ilin iyun ayının on altısında Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi ittifaqın bağlanmasında Sulkeviçin böyük köməyi olub. Bu təşəbbüsü o irəli sürmüşdü:
“Üç il müddətində imzalanmış hərbi müdafiə paktına görə Azərbaycanın və Gürcüstanın istiqlaliyyət və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilədə olan tərəflər bir-birinə yardım göstərməyə borclu idilər” (C.Həsənov “Ağ ləkə”lərin qara kölgəsi” kitabı, 1991, səh.85).
Hər iki tərəf üçün ciddi müdafiə xarakteri daşıyan, on maddəli müqaviləni Azərbaycan Respublikası tərəfindən Xarici İşlər naziri Məmmədyusif Cəfərov, Hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç, Gürcüstan Respublikası tərəfindən isə Xarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdılar.
1920-ci ilin mayında bolşeviklər general Məmməd bəy Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə salırlar. İyulun 15-də “Əksinqilabi fəaliyyətdə” ittiham olunduğuna görə güllələyirlər.
Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında iyirminci ildə güllələnən general Məmmədbəy Sulkeviçin adını yana-yana çəkir. Onun mərd, mübariz bir şəxsiyyət olduğunu iftixarla qeyd edir. O, xatirələrində yazır:
“Qardaşım, (əslində əmisi oğlu – Ş.N.) parlament üzvü Mehmed Əli bəyin hekayətini ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmed Əli bəy söyləyirdi: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin.
Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü.
Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik. General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: “Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Xudahafiz!”.
General-leytenant Məmməd bəy Sulkeviç, öz mərd davranışı ilə könüllü qəbul etdiyi Azərbaycan vətəndaşlığını və Litva tatarlarının şöhrətini şərəflə qorudu.
Əzablı bir ömür yolu keçərək əlli beş yaşında bolşevik-daşnak gülləsinin haqsız qurbanı olan general-leytenant Məmməd bəy Sulkeviçin nəinki Azərbaycanda, heç Rus imperiyası ərazisində belə sağ qalan kimsəsi yoxdur. Onun haqqında Müsavat dövrünün arxivində az da olsa məlumat qalıb. Şuşadan, Xankəndindən və Zəngəzur ekspedisiyasından vurduğu teleqramlar, Baş Qərargah rəisi kimi verdiyi əmr və sərəncamlar onun Azərbaycanı ürəkdən sevdiyinə əyani sübutdur. Rəyasət və stol sevməyən döyüş generalı Məmməd bəy Sulkeviç həmişə ön cəbhədə olmuş, əsgərləri döyüşə ruhlandırmışdır. Onun 1920-ci il yanvarın 28-də Şuşadan Hərbi nazir əvəzi general Əliağa Şıxlinskiyə vurduğu teleqramda oxuyuruq:
“Şəxsiyyətini yaxşı tanıdığım və birinci Zəngəzur ekspedisiyasında əla döyüşünün şahidi olduğum podpolkovnik Novruzovun Qarabağ dəstəsinin artilleriya rəisi təyin edilməsi üçün vəsadət edirəm.
Baş Qərargah rəisi general
Məmməd bəy Sulkeviç

***

General Əliağa Şıxlinskiyə
Bu gün yanvarın 27-də saat ikidə avtomobillə general Teymur bəy Novruzovla birlikdə Şuşaya getdik. Xankəndi qarnizonunun rəisini də ora çağırtdırmışam. Süvari diviziyasının qərargahı mənim tapşırığımla piyada qaydada Yevlaxdan Xankəndinə gedir.
Baş Qərargah rəisi general
Məmməd bəy Sulkeviç”

***

Şuşadan general Əliağa Şıxlinskiyə
28.01.1920-ci il.
Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq təcrübəsi çətin keçilə bilən dağ yerlərindən bu üsulun əlverişli olduğunu sübut etdi. Gürcü təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş kəndin üzərinə atan leytenant Makeyev də var idi. Bu təcrübədən elə o cür, tez, qəti nəticələr verə bilən Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saxlayıb, məsələni aydınlaşdırın, Zaxaryadze ilə gürcü dilində danışın. Bir aeroplan göndərmək olar, özü də təyyarəçisi Xan Əfşar ola bilər. Beləliklə, gürcü zabitlərinin bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz versdən uzaq olmayacaq. Aviasiya bazası Şuşada və ya Xankəndindədir. Cavabı mənə teleqrafla çatdırın. Yanvarın 29-da Xankəndində, yanvarın 30-da axşam Yevlaxda, yanvarın 31-də Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlağa vaqon göndərmək üçün komendata tapşırıq vermişəm.
Baş Qərargah rəisi general
Məmməd bəy Sulkeviç

İyirminci ilin iyulunda general Məmməd bəy Sulkeviçin son gününün şahidlərindən biri də Bakıda bolşeviklər tərəfindən həbs olunan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik departamenti ümumi şöbəsinin müdiri Meçislav Stanislavoviç Rudzinski olmuşdur:
– 1920-ci il aprelin iyirmi səkkizində Azərbaycanda bolşevik çevrilişi baş verdi. Mən Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə həbs edildim. Bir neçə gündən sonra bizi Bakı Fövqəladə Komitəsinə apardılar. Az sonra general Məmməd bəy Sulkeviç də buraya gətirildi. Onun əhval-ruhiyyəsi çox pis idi.
Fikirləşirdi ki, güllələyəcəklər. Özü haqqında veriləcək qərarı təkminlə gözləyirdi.
Onunla bir kamerada olduğumdan bütün günü dərdləşirdik. Birinci günü döşəmədə yatır və başımızın altına yastıq əvəzi qəzet qoyurduq. Sonra rəflər düzəldildi.
Çevrilişdən bir neçə həftə sonra sübh çağı çekistlər içəri girərək bir neçə nəfəri oyatdılar, onlara şeylərini yığmağı əmr etdilər. Çekistlər tələsdirir, haraya aparacaqlan barədə məhbuslara heç nə demirdilər. Mən general Məmməd bəy Sulkeviçin yaxınlığında yatmışdım. General bizlərdən bir neçə nəfərin əlini sıxmağa macal tapdı. Xudahafizləşərkən o, tam yəqinliklə bildirdi ki, güllələməyə aparırlar. Özümüzün sağ qalacağımıza heç bir ümidimiz olmasa da, ona təsəlli verirdik. Onu da qeyd etməliyəm ki, general özünü çox ləyaqətli və mərdanə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə “əksinqilabi fəaliyyətində” ittiham olunanların güllələnməsi haqqında məlumatı oxuduq. Bu siyahıda generalleytenant Məmmədbəy Sulkeviçin familiyası da vardı. O da mənə məlumdur ki, general Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O, Azərbaycan Demokratik Ordusunun generalı olduğuna görə sorğusuz-sualsız güllələndi.

SÜVARİ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİ
(1863-1919)

Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn Xan Naxçıvanski komandanlıq edirdi.
A.Soljenitsin, “14 avqust” romanından Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş “Niva” jurnalının yeddinci nömrəsində rast gəldim. Doqquz nəfər ali rütbəli hərbçinin təsvir olunduğu şəklin altında belə yazılıb: Qafqaz cəbhəsinin Georgi duması, Qafqaz ordusunun baş komandanı, canişin Əlahəzrət böyük knyaz Nikolay Nikolayeviç Romanov (1856-1929), korpus komandiri süvari generalı Kalitin, knyaz Qalitsin, general Xan Naxçıvanski, general Yanuşkeviç. Ayaq üstə duranlar: general Vatin, Çirkov, polkovnik-knyaz Nijeradze və polkovnik Naqorski. Onun Rus-yapon və Birinci Dünya müharibəsindəki fəaliyyətini müxtəlif arxiv sənədlərindən öyrəndim. General Hüseyn Xan Naxçıvanski 1863-cü il iyunun 28-də general Kəlbalı xanın ailəsində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı 1876-cı ildə Peterburqdakı Paj korpusu20 məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı ziyalı yaşayırdı. Onların da arasında xan nəslinin nümayəndələri çoxluq təşkil edirdi. İmperator II Aleksandrın şəxsi himayəsində olan korpus məktəbini Hüseyn Xan 1883-cü ildə əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda xidmət edən kornet Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi alır Hüseyn Xan Sankt-Peterburqda yerləşən birinci Qvardiya Süvari diviziyasının Leb-Qvardiya süvari alayında 1898-ci ilə qədər xidmət edir.
Bu müddətdə eskadron komandiri vəzifəsinə qədər yüksələn Hüseyn Xan Naxçıvanskinin rütbəsi də artıb rotmistr olur. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn Xan Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. Rus-yapon müharibəsi başlanana qədər o, İranın “Şire-Xorşid” ordeninin ikinci və dördüncü dərəcəsi ilə (bahalı almazla bəzədilmiş), zabitlərə məxsus “Rumın Ulduzu” ilə, Avstriyanın “Dəmir Xaç”, birinci, ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli “Müqəddəs Aleksandr”, birinci dərəcəli “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş xidmətlərinə görə” və üçüncü, dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunur.
Nizami orduda sərkərdəlik qabiliyyətinə görə Hüseyn Xan 1903-cü il aprelin 6-da polkovnik rütbəsi alır.
İnqilabdan əvvəlki qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn xan haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər istəməz belə qənaətə gəlirsən ki, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı zirvəni fəth etmişdisə, Hüseyn Xan Naxçıvanski də süvari birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı.
1904-cü ildə Rus-yapon müharibəsi başlananda Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi.
Polkovnik Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Landun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıxarmışlar. Həmin döyüşdə Kazak batareyasını yaponların mühasirəsinə düşmək təhlükəsindən xilas etdiyinə və Landun-Qou kəndini itkisiz aldığına görə polkovnik Hüseyn xan dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. Bu güclü döyüş səhnəsi məşhur rəssam Viktor Vikentiyeviç Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir.
Əsərdə alay döyüşçülərinin qızğın həmləsi və öndə at üstündə hücuma keçən polkovnik Hüseyn Xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.
Həmin əsər hazırda Moskvadakı Rusiya Dövlət Muzeyində saxlanılır.

***

Məşhur rus jurnalisti A.Kvitka Port-Arturda müharibə başlayanda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedəgedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908- ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik Hüseyn xan Naxçıvanski haqqında maraqlı səhifələr var:
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari-qvardiyaçı Xan Naxçıvanskinin ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında xidmət edən zabitlərdən təşkil olunmuşdu.
… Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı aypara nişanlı dalğalanan dəstə göründü.
Alay cərgələnmiş tağımlarla kalon boyu uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat 10-a yaxın Xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım”.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Xan Naxçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətimə daxil olanda səhər saat 11 olardı. Onlar mənimlə nahar etməyə qaldılar… Qafqazlıların əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur olmalarında…”
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-Kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər…”
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı apardığı döyüş məharətinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi”, “Müqəddəs Vladimir” (bantla birgə) üstü yazılı qızıl silahla və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.
1910-cu ildə nəşr olunmuş “Port-Artur döyüşlərinin salnaməsi”ndə araşdırmalar aparanda Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan alayının sıralarında şərəfli döyüş yolu keçən həmyerlilərimizin də fəaliyətinə rast gəldik.
Podyesaul (kazak qoşunlarında kapitan) şahzadə Feyzulla Mirzə Qacar 1905-ci il yanvarın 14-də Laizinqou uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq yaralanmışdır. Sonralar Birinci Dünya Müharibəsində iştirak edən polkovnik Feyzulla Mirzə Qacara 1917-ci il mayın 7-də general-mayor rütbəsi vermişdir. 1919-cu il yanvarın 9-da Hərb naziri Səməd bəy Mehmandarovun iyirmi saylı əmrilə o, Azərbaycan ordusunda süvari diviziyasının komandiri təyin olunur.
1920-ci ilin may ayında bolşeviklərlə döyüşdə qəhrəmanlıqla həlak olub. Şahzadə Feyzulla Mirzə Şəfi xan oğlu Qacar Nikolayev süvari məktəbini kornet rütbəsində
bitirmişdir.
Ştabs-kapitan Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov (1884-1952), xorunjuy (kazak rotasında ilk zabit rütbəsi) Əbdürrəhman Qurbanov və xorunjuy Cəmaləddin Musayev isə əla kəşfiyyatçı kimi “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsi ilə (qılıncla birgə) təltif olunmuşdur. Salnamədə sonuncu iki döyüşçünün foto-şəkili verilmiş və şəkilaltı yazıda Əbdürrəhman Qurbanovun yanvarın 14-də Laizinqou döyüşlərində həlak olması, Cəmaləddinin isə bu döyüşdə yaralanması qeyd olunmuşdur.
Port-Artur müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan yenə Sankt-Peterburqa çağırılır və əvvəlki Leyb-qvardiya süvari alayında xidmət edir.
1906-cı ilin əvvəllərində polkovnik Hüseyn xan Naxçıvanski Qafqaza göndərilir. Qısa müddətli məzuniyyətdə olur. O, Tiflisdə yerləşən rus ordusunun ən şöhrətli – 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. 1906-cı il fevralın 14-də alayı polkovnik Konstadiusdan təhvil alan Hüseyn xan nijeqorodluların qarşısında çıxış edərək demişdir:
“Mən Peterburqda Əlahəzrət İmperatora təqdim edilərkən dövlətimizin başçısı iltifat göstərərək alaya onun çar salamını yetirməyimi buyurdu. Monarxın bu iltifatını ləyaqətli siz nijeqorodlulara çatdırmaqla özümü xoşbəxt sayıram”.
17-ci Nijeqorod draqun alayı nəinki Qafqazda, bütün imperiyada özünün şərəfli döyüş ənənələri ilə məhşur idi. Alay istər sıra hazırlığı, istərsə də daxili intizam baxımından keçmişin qəhrəmanlıq ənənələrini uca tutmuşdur. Belə bir şanşöhrətli alaya şəxsən ölkənin başçısının Hüseyn Xanı təyin etməsi onun üzərinə boyük məsuliyyət qoyurdu. 1906-cı il martın 21-də Qafqaz süvari briqadasını təmsil edən nümayəndə heyəti imperatorun yeganə oğlu Alekseyin ad gününü təbrik etmək üçün Peterburqa yola düşdü. Ayın 26-da 17-ci Nijeqorod alayının ünvanına belə bir teleqram gəldi.
“Əziz nijeqorodlulara bunu bildirməklə özümü xoşbəxt sayıram ki, bu gün Əlahəzrət İmperator iltifat göstərərək vəliəhd Alekseyi bizim doğma alayın siyahısına daxil etdi”.
Nijeqorodluların sevincinin həddi yox idi. Çarın bu yeni iltifatı şərəfinə təntənəli dua mərasimi, parad və səmimi ailə ziyafəti keçirildi. Elə həmin vaxt belə bir fikir yarandı ki, vəliəhdə Nijeqorodsk alayının tam hərbi geyim forması təqdim edilsin. Bununla əlaqədar Hökmdar İmperatorun icazəsi ilə, alay komandiri polkovnik Hüseyn xan Naxçıvanski, podpolkovnik Qlonti, rotmistrlər Kobiyev və Kusov, alayın yavəri ştabs-rotmistr knyaz Trubetskoy və knyaz poruçik David Çavçavadzedən ibarət nümayəndə heyəti Peterburqa yola düşdü. Nümayəndə heyətinin şərəfinə qəbul 1906-cı il aprelin beşində Çarskoye Seloda keçirildi. O vaxt çar ailəsi burada istirahətdə idi. İmperatriça və övladları ilə birlikdə nümayəndə heyətinin görüşünə gəlmiş Hökmdarın əynində Nijeqorod alayının sürtuku vardı. O, Vəliəhdi qucağına götürmüşdü. Hökmdar nümayəndə heyətinə müraciətlə bir neçə iltifatlı söz deyəndən sonra alay komandiri Hüseyn xan Naxçıvanski miniatür Nijeqorod mundirini və şaşkanı şahzadəyə təqdim etdi.
Şahzadəyə təqdim edilən şaşka şəxsən Hüseyn xan Naxçıvanskiyə məxsus, qədim qəbzəli döyüş şaşkası idi. Onu qafqazlı ustalar milli naxışlarla bəzəmişdi. Parıltısı göz qamaşdıran bu qiymətli hədiyyəyə heyranlıqla baxan Hökmdar onu lütfən qəbul etdi. Nijeqorodlulara təşəkkürünü bildirib alay komandiri polkovnik Hüseyn xan Naxçıvanskiyə dedi: “Bu günkü gündən xatirə olaraq, mən Sizi fligeladyutant təyin edirəm”.
Sonra çar alay komandiri Hüseyn xan Naxçıvanskini qucaqlayıb öpdü.
İmperatriça da lütfkarlıq edib nümayəndələrin hər birinə çinidən düzəldilmiş qiymətli hədiyyələr verdi.
1906-cı ilin payızında fligel-adyutant Hüseyn xan Naxçıvanski Leybqvardiya süvari alayının komandiri təyin edildi. Ayrılıq günü o, alaydaşları qarşısında çıxış edərək dedi: “Əziz nijeqorodlular! Dərin kədər hissiylə sizdən ayrılıram. Sizə komandirlik etdiyim qısa müddətdə sizə ürəkdən bağlanmışam.
Şanlı və ləyaqətli Nijeqorodsk alayına komandirlik etmək şərəfinə layiq görüldüyüm üçün mən həmişə fəxr edəcəyəm. Əminəm ki, siz heç bir şəraitdə öz borcunuzu və nijeqorodluların andını unutmayacaqsınız! Əlvida, əziz alay yoldaşlarım! Allah amanında!

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ

1916-cı ilin noyabr ayında general-leytenant Hüseyn xan Naxçıvanskinin komandası altında olan bizim süvarilərimiz (Dikaya diviziya – Ş.N.) alman süvarilərini darmadağın etmişdilər.
General Əliağa Şıxlinskinin
“Xatirələrim” kitabından

Birinci Dünya müharibəsinə qədər imperatorun xüsusi qoşununda xidmət edən Hüseyn xan Naxçıvanskiyə 1907-ci il martın otuz birində, qırx dörd yaşında general-mayor rütbəsi verilmişdir.
Müasir rus tədqiqatçısı Fyodor Nesterov “İllərin əlaqəsi” (1984-cü il) tarixi publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Fyodor Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. Çar İkinci Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz həmişə sənə və rus imperiyasına sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi.
1917-ci il martın 3-də general-adyutant Hüseyn xan Naxçıvanski Ali Baş Komandan vəzifəsini müvəqqəti icra edən general Alekseyevə göndərdiyi teleqramda yazırdı:
“Bizə geniş miqyaslı hadisələr barədə məlumatlar çatıb. Sizdən xahiş edirəm, qvardiya kavaleriyasının Əlahəzrət imperatora olan sonsuz sədaqətini və öz sevimli monarxı uğrunda ölümə hazır olduqlarını çatdırasınız.
General-adyutant Xan Naxçıvanski”

Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O, bütün rütbə və təltiflərə məhz cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, nə buyruq, nə də məiyyət generalı deyildi. Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə tam ali general rütbəsinə çatmaq nə qədər böyük istedad və sərkərdəlik bacarığı tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı generalları ilə birgə işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, adına cəbhə olan A.Brusilov, Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun ordu heyətindəki, müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseyn xan Naxçıvanskinin birinci dünya müharibəsindəki xidmətlərini Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, professor, general-mayor Yevgeni Barsukovun yüksək qiymətləndirilməsindən F.Nesterovun xəbəri olmamış deyil. Müharibənin ilk iyirmi gününü təsvir edən general Yevgeni Barsukov, general Hüseyn xan Naxçıvanskinin müvəffəqiyyətli hücumu haqqında yazır: “Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu, on iki topu İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi ələ keçirmişdilər. İnster çayında, Meşken, Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu”.
Bu müharibədə general Naxçıvanskinin düşmənə vurduğu zərbələr çox müvəffəqiyyətli olmuşdu. O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Onda general-leytenant Hüseyn xan on minlik rus süvarilərinin ən yaxşı hissələrinə birinci, ikinci və üçüncü qvardiya süvari diviziyalarına komandanlıq edirdi. Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien döyüşlərini qələbə ilə başa çatdıran Naxçıvanski süvariləri, həm də birinci ordunun kəşfiyyat əməliyyatlarını aparmış və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya süvariləri Kraupişken şəhərinin ətrafında, səkkiz kilometr məsafədə özünə müdafiə mövqeyi tutmuş almanlarla döyüşə girdi. Bu həlledici döyüş idi. Almanlar bir addım belə geri çəkilmək istəmirdilər. Onlar ilk gündən hücumu şiddətləndirib İnster çayının sahillərini tutmağa can atırdılar. Düşmən Naxçıvanski süvarilərinin hücumuna tab gətirmədi. İlk dəfə qvardiya süvari alayının eskadronları almanların müdafiə xəttini yarıb, onların bir neçə topunu ələ keçirdi, çoxlu zabit və əsgər itgisi verən düşmən tələsik geri çəkildi.
Sentyabr ayında isə düşmən cəhd edirdi ki, iki rus korpusunu birləşdiyi yerdə yaxalasın və onlara qəfil zərbə endirsin. Bu hiylədən onlar böyük üstünlük qazana bilərdilər. Düşmənin bu cəhdlərini hiss edən general Hüseyn xan Naxçıvanski Qordauen-Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı. Almanlara birinci rus ordusu cəbhəsini yarmağa imkan vermədi.
Milliyyətcə fin olan marşal Karl Qustav Emil Mannerheym vaxtilə çar qoşunları sıralarında Port-Artur və Birinci Dünya Müharibəsində iştirak edib.
1918-ci ildə vətəni Finlandiyaya qayıdan Mannerheym səksən üç il ömür sürmüşdür. Qoca yaşlarında həcmi beş yüz səhifədən çox “Memuarlar” adlı kitab yazmışdır. Fin və rus dillərində nəşr olunan marşalın Birinci Dünya Müharibəsi dövrü xatirələrində eloğlumuz general Hüseyn xan Naxçıvanski hörmətlə yad edilir. Marşal yazır: “1915-ci il fevralın sonunda mənim alayım ordu korpusunun tərkibinə daxil edildi. İkinci kavaleriya korpusunun qərargahı Stanislav şəhərinin (indiki İvano-Frankovski) yaxınlığında yerləşmişdi. Mən hərbi vəziyyət haqqında yeni komandanım, əslən Qafqazdan olan general Xan Naxçıvanskidən məlumat aldım. İkinci kavaleriya korpusu Dnestrdə müdafiə xətti qurulana kimi Prut və Dnestr çayları arasındakı geniş məsafədə düşməni döyüşlə saxlamalı idi.
Korpusa on ikinci kavaleriya diviziyası və altı Əlahiddə Qafqaz alayı da daxil idi. Bu alaylardan üçü döyüşdə göstərdiyi şücaətə görə “Dikaya diviziya” adını almışdı. Alaylarda Qafqaz xalqlarının nümayəndələri çoxluq təşkil edirdi.
Könüllülərdən təşkil edilən bu hərbi hissələrdə müxtəlif yaşlı əsgərlər, hətta ata və oğul çiyin-çiyinə döyüşürdü. Zabitlərin bir hissəsi ruslardan, digəri isə Qafqaz müsəlmanlarından ibarət idi. Diviziyaya imperatorun qardaşı böyük knyaz Mixail Aleksandroviç komandanlıq edirdi.
General Xan Naxçıvanski on ikinci kavaleriya diviziyasının Qolitsiyanı necə tutmasını mənə başa saldı. Yaxşı hərbi birləşmədən imtina etsəm də, onun mənə tapşırdığı hərbi birləşmə əvvəlkindən heç də geri qalmırdı. Hərbi əməliyyatlara tam hazır idi. General Xan Naxçıvanski hərbi birləşməni yüksək qiymətləndirirdi”.
1999-cu ildə Moskvada nəşr olunmuş “Kavaleristlər 1900-1920-ci illərdə müasirlərinin xatirələrində” (üçüncü buraxılış) kitabında da igid generalımız Hüseyn xan Naxçıvanskinin Birinci Dünya müharibəsi illəri haqqında maraqlı epizodlar var. Ayrı-ayrı fəsillərdə eloğlumuzun şəxsiyyətinə, məharətlə apardığı döyüş qabiliyyətinə yüksək qiymət verilir. K.Adaridi soyadlı müəllif “Rus süvariləri müharibədən qabaq və müharibə vaxtı” fəslində yazır: “General Xan Naxçıvanski müharibədən qabaq ikinci süvari diviziyasının komandiri idi.
Müharibə başlananda o, böyük süvari birləşməsinin komandanı təyin olundu.
Xan orduda olduğu xidmət illərində Dağıstan süvari alayına komandirlik edərək rus-yapon müharibəsində şərəfli döyüş yolu keçmişdir. Onun ali hərbi təhsili olmasa da rəhbərliyin əmrlərini həmişə dəqiqliklə yerinə yetirən igid şəxsiyyət olmuşdur. Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin komandirlər öz hərbi hissələri üçün yaxşı döyüş şəraiti yaradırdılar. O da məlumdur ki, general Xan Naxçıvanski vaxtilə özünün komandanlıq etdiyi süvari hissələrinə daha çox qayğı göstərirdi. İkinci qvardiya Qafqaz süvari korpusundakı itkilər onu daha çox ağrıdırdı. Bu korpusun diviziyalarında döyüşən əsgər və zabitlər onun üçün çox doğma idi.
Ürəyi yumşaq olan general Xan Naxçıvanski bəzən məsuliyyətsiz adamların təsirinə də düşürdü. Onun tabeliyində olan ən yaxşı döyüşkən qvardiya alayları özlərinə xüsusi qayğı və münasibət tələb etdiklərindən general Xan Naxçıvanskiyə bu qvardiyalara komandanlıq etmək o qədər də asan deyildi”.
General Xan Naxçıvanski öz gücünün müqabilində şəxsi mənafe güdmədən belə süvari birləşmələrinə məharətlə komandanlıq edirdi. O, birinci ordunun süvari diviziyalarının rəisləri arasında ən nümunəvi şəxsiyyət və ən görkəmli generallardan biri idi.
Məşhur polyak generalı Anders Qərb cəbhəsində süvari korpusunun komandanı Hüseyn xan Naxçıvanskinin tabeliyində polyaklardan ibarət süvari diviziyasının komandiri idi.
Birinci dünya müharibəsi cəbhələrində göstərdiyi misilsiz qələbələrə və sərkərdəlik məharətinə görə Hüseyn xan Naxçıvanski 1916-cı il yanvarın 23-də tam süvari qoşun generalı rütbəsi aldı. “Kaspi” qəzeti 1916-cı il aprelin 29-da iftixarla yazırdı: “Qafqaz Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general-adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib. Süvari korpusunun komandanı “Müqəddəs Georgi” ordenli general Hüseyn xan həm də “Ağ qartal” ordeni ilə (qılıncla birgə) təltif olunub”.
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs Georgi” ordeninin iki dərəcəsi (3-cü və 4-cü) ilə təltif olunan görkəmli hərbi xadim Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini 1919-cu ildə Petroqradda bolşeviklər güllələdilər. Bəzi rus hərb tədqiqatçılarının fikrincə, Hüseyn Xan həyat yoldaşı tərəfdən çar ailəsinə yaxın qohum olduğuna görə həmin ilin yanvar ayında bolşevik “Qırmızı terror”çuları tərəfindən Petroqradda güllələnib.
1918-ci ilin sonunda Leninə sui-qəsdlə əlaqədar ölkədə qırmızı terror elan olundu. Bolşevik ÇEKA-sı keçmiş çar generallarını, zadəganları və sovetlərə rəğbəti olmayan ziyalılan sorğu-sualsız güllələyirdilər. Hüseyn xan Naxçıvanski də bu qarışıqlığın qurbanı oldu.
Generalın ailəsi haqqında əlimizdə az da olsa məlumat var.
Peterburq və Tiflis arxivlərində pərakəndə halda saxlanan sənədlərdən məlum olur ki, Hüseyn xan Naxçıvanskinin həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Taube (1864-1941) olmuşdur. Sofiya Nikolayevna çar III Aleksandrın həyat yoldaşı Mariya Romanovanın qohumu idi. 1866-cı ildə rus çarına ərə gedən Mariya Daniya kralının qızı olub. Hətta böyük knyaz Qavril Romanov “Mərmər sarayda…” xatirələr kitabının bir yerində yazır ki, 1918-ci ildə çar ailəsinin üzvü kimi bolşeviklər tərəfindən təqib olunanda arabir gəzintiyə çıxardıq. General-adyutant Xan Naxçıvanski də həmişə bizimlə birgə olardı.
Müharibə vaxtı mən onun komandan olduğu korpusda qulluq etmişdim.
General Hüseyn Xanın üç övladı vardı. Böyük oğlu Nikolay 1891-ci il yanvarın 25-də Peterburqda anadan olub. O da hərb sənətini seçmiş, vaxtilə atasının oxuduğu zadəgan balalarına məxsus Paj korpusunu bitirmişdir. Az müddət çar qvardiyasında xidmətdə olan Nikolay Naxçıvanski 1912-ci il fevralın 20-də vəfat etmişdir. Generalın 1889-cu il dekabrın 29-da anadan olan kiçik övladı Georgi Naxçıvanski də Peterburqda Paj korpusunu bitirib qvardiyada zabit kimi xidmət etmişdir. Atası Hüseyn Xan həlak olduqdan sonra xaricə mühacirətə getmiş, 1923-cü ilə qədər Parisdə yaşamış, sonralar Livana köçən Georgi orada da vəfat etmişdir.
1920-ci ildən sonra ömrünü Fransada mühacirətdə keçirən milyonçu Şəmsi Əsədullayevin nəvəsi görkəmli yazıçı Ümmülbanu 1991-ci ildə verdiyi müsahibələrinin birində general Hüseyn xan Naxçıvanskinin nəvələrini və qızı Tatyananı tanıdığını söyləmişdir. O demişdir ki, Mariya Naxçıvanskaya Livanda təhsil alıb. Hazırda Misirdə yaşayır. Generalın digər nəvəsi Corc Naxçıvanski Amerika Birləşmiş Ştatlarındadır. Hüseyn xanın yeganə qızı Tatyana isə 1972-ci ildə Parisdə rəhmətə getdi. O, 1894-cü ildə anadan olmuşdu. Tatyana 1917-ci ildə atası Hüseyn Xanın dostu, tam süvari generalının oğlu qvardiya ataman alayının zabiti Dmitri Martınova ərə getmişdir. İnqilabdan sonra onlar Parisdə mühacirətdə yaşayırdılar.
P.S. Bəzi müəlliflər yazırlar ki, general Hüseyn xan Naxçıvanski imperiya dağılandan sonra dönə-dönə vətəni Azərbaycana, Naxçıvana gəlmişdir. Hətta 1918-1920-ci illərdə, guya Azərbaycanda Milli ordu quruculuğunda da iştirak etmişdir. Lakin aparılan tədqiqatlar göstərir ki, general Hüseyn xan sonuncu dəfə Bakıda 1902-ci ildə olmuşdur.
O, Bakıdan keçib Avropaya gedən İran şahı Müzəffərəddin Qacarı (1853- 1907) bir qrup hərbçi ilə qarşılamışdır. Həmin heyətin şahla birgə çəkilmiş fotoşəkli də saxlanılıb. Generalın ikinci bir foto-şəkli də həmin vaxtda Bakıda çəkilib.
General portret foto-şəklinin sol küncündə öz dəsti-xətti ilə: “Doroqomu N.N.Baratovu na dobruyu pamyat” sözlərini yazıb. Foto şəklinin sağ küncündə isə oxuyuruq: “Xan Naxçıvanski, Baku, 1902 q.”
Həmin foto şəkilləri bu sətirlərin müəllifi 1999-cu ilin yazında Tiflis Mərkəzi Dövlət arxivindən tapıb gətirmişdir.
1918-1920-ci illərdə Azərbaycan Milli Ordusundakı iştirakına gəldikdə isə general Hüseyn xanın həmin vaxtlarda Bakıda olmasını yazanlar səhv edirlər. Ona görə ki, həmin illərdə milli orduda eyni ad-familyada xidmət edən polkovnik Hüseyn xan Naxçıvanski soyadlı ayrı bir şəxs olub. Onu 1930-cu il sentyabrın 29- da Naxçıvanda bolşeviklər güllələyiblər.
Yuxarıda qeyd etdiyimiz kimi tam süvari generalı Hüseyn xan Naxçıvanskini isə 1919-cu ilin yanvar ayında “Qırmızı terrorçu”lar Petroqradda güllələmişdilər.

UZUN ÖMRÜN SƏHİFƏLƏRİ

Məni çox kefsiz və bir az da könülsüz qarşıladı. Əvvəlcə başa düşə bilmədim, bu etinasızlıq mənim gəlişimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə, nəzakət xatirinə “keçin əyləşin” – dedi. Bu tənha yaşayan qocanın tərtəmiz geyimindən, ev şəraitindən hiss etmək olurdu ki, çox səliqəli adamdır.
Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki kitabı qatlayıb kənara qoydu. İri şkafın enli siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüş bağlamanı açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu.
İri ala gözlərini geniş açıb “budur – atam, – dedi, buyur, bax!” “Atam” – deyəndə səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi.
Udqunub üzünü yana döndərdi.
Mən şəkli alıb baxdım. Bu cavan, çox yaraşıqlı bir zabitin on doqquzuncu əsrin sonlarında çəkilmiş şəkli idi.
– Faris baba, – dedim, – bəs sənədləri? Təkcə bu şəkillə nə eləmək olar?
Mümkünsə, sənədləri də tapın, birgə baxaq, elə buradaca… Heç yerə aparmayacağam.
O, könülsüz geri döndü, ağır addımlarla yenidən şkafa yaxınlaşdı. Xeyli əlləşdi. Bayaq oxuduğu kitabı o küncdən bu küncə qoyur, dəftəri açıb baxır, arasından heç nə tapa bilməyib əsəbləşdi…
Səbrim tükənmişdi, onun əhvalı mənə də təsir etmişdi. Nəhayət, şkafın tək gözündən götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruşdu:
– Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri?
– Faris baba, atanız xalqımızın hərbi topoqrafiya tarixində yeganə general olub. İstəyirəm, qəzetdə, jurnalda onun barəsində bir yazı ilə çıxış edim, qoy bugünkü gənclik xalqımızın belə bir şöhrətli generalı olduğunu bilsin.
– Mənim atam çoxdan unudulub, – deyə incik halda əlini yellədi. Ani fasilədən sonra əlavə etdi: – Bəlkə, elə belə yaxşıdı. Müsavat generalı kimin nəyinə lazımdır?.. – İndi başa düşdüm ki, qoca məni nəyə görə könülsüz qarşıladı.
Bir vaxt özüm çox çalışdım ki, üzə çıxsın, generallar arasında onun da adı çəkilsin. O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruşub, gecəsi-gündüzü topoqrafiya çəkilişlərində keçib. Hələ 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edib. Belə bir ciddi işi vaxtından əvvəl yerinə yetirən atamın xidməti İran hökumətinin ən yüksək “Şire-Xorşid” ordeninə layiq görülüb.
O, Krımın, Dağıstanın və bütün Qafqazın topoqrafik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə ezam olunan atam Qars vilayətinin rus-türk sərhədlərində topoqrafiya işlərinə rəhbərlik edib. Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya və başqa şəhərlərinin də topoqrafik çəkilişinə atam rəhbərilik edib. Hər gələn bir sənədini, şəklini istədi, elə o gedən oldu. – Kövrək-kövrək, – mən də ki, belə, gördüyün kimi, qocaldım, əldən düşdüm. Sənəd, şəkil aparanların da ünvanını, telefonunu itirdim. O insafsızlar da nə atam haqqında yazdılar, nə də şəklini qaytardılar.
– Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də burada eləyəcəm…
– Yaxşı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm, atamın sorağını sənə kim verib? – zəndlə üzümə baxıb soruşdu.
– Bir marşalın “Mənim xatirələrim” adlı yeni kitabı çıxıb. Orda atanız, polkovnik İbrahim ağa Vəkilovun Sərdarabad, Baş Abaran əməliyyatındakı fəaliyyətindən geniş məlumat verir. Qərargah rəisi polkovnik İbrahim ağa Vəkilovun hərbi döyüşlərdə məharətini marşal bütün ordu heyətinə nümunə göstərir, – dedim.
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən qabaq əl uzadıb qovluğu özü açdı.
1978-ci ilin yazında Faris bəy İbrahim ağa oğlu Vəkilovla tanışlığım belə oldu. Həmin il atası haqqında “Azərbaycan” jurnalında çıxış etdikdən sonra yenidən onun görüşünə getdim.
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda yanaşı əyləşdik.
– Oxu, – dedi, – görüm nə yazmısan? Yarıya çatmamış sərlövhəsini bir də soruşdu.
– “Qəribə tale”, – dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində yaş damcılan görüb dayandım.
– Daha oxuma, özüm oxuyacam, – deyib buz kimi əlilə biləyimdən yapışdı, – atamı yad etdiyiniz üçün hamınıza minnətdaram… Yol boyu tənha qocanı düşünürdüm. “Mənim bu uzun ömrümün qarası ağından çox olub”. Bu sözlər onun dilindən elə belə çıxmamışdı. Sonralar onun həyat tarixçəsi ilə yaxından tanış olanda heyrətə gəldim ki, bütün bu əziyyətlərə necə dözüb? Qəribə burasıdır ki, həmişə başı qovğalarda olan, çox əziyyətlər çəkən bu insanın yaddaşı zərrəcə zifləməmişdi.
Faris bəy nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan uzaqda, əzab-əziyyətlə Sibir və Karaqanda sürgünündə keçirmişdi. Neçə inqilabın, neçə müharibənin sınaqlarından sayıq çıxmışdı. Çünki amalı düz, əqidəsi pak olmuşdu. Harda, hansı şəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın işığı yanmışdı. O çırağın da adı Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımışdı ki, qapısını elə bərk çırpmışdı ki, o, hələ də özünə gələ bilmirdi. Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitunun beşinci kurs tələbəsi Faris bəy Vəkilov Petroqradın Putilov zavodundakı top emalatxanasının müdafiəsinə səfərbər olunur. Gənc mühəndisin bu zavoddakı yaxşı fəaliyyəti onu pillə-pillə ucaldır.
1916-cı ildə yaxşı xasiyyətnamə ilə Petroqraddakı məşhur “Feniks” zavodunda baş mühəndis təyin olunur. Bir il sonra oktyabr tufanları zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandırır. Faris bəy Tiflisə – ailəsinin yanına qayıdır. O, bolşevik Əliheydər Qarayevlə birgə ictimayi-siyasi işlə məşğul olur.
Onlar Peterburqda fəaliyyət göstərən “Azərbaycan Həmyerliləri Cəmiyyəti”ndə tanış olmuşdular.
1918-1920-ci illərdə Faris bəy Azərbaycan Respublikasının Gürcüstan hökuməti yanında səlahiyyətli nümayəndəsi kimi mühüm vəzifədə çalışır.
Azərbaycanda aprel işğalından sonra təqib olunan ziyalılardan biri kimi Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavodunda Beş il Paris şəhərində işləyən Faris bəy Vəkilov mühacirətdə olan həmyerlimiz general-mayor Məmmədsadıq bəy Ağabəyzadə ilə görüşür, texniki biliyini artırır. Lakin Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir.
“Parisdə müvəqqəti qaldığıma əmin idim, tez-tez Azərbaycanda qalmış atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam yazırdı ki, məni Peterburqdan şəxsən tanıyan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əliheydər Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı dağılmış təsərrüfatların bərpa edilməsində iştirak edim. Mən bu təklifdən çox məmnun oldum.
Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı ilin fevral ayında öz həyat yoldaşım ilə birlikdə Bakıya qayıtdım.
Əliheydər Qarayev məni səmimi qarşıladı. Mənzil almağa kömək etdi və leytenant Şmidt adına zavoda işə göndərdi”.
…Axşam qonşusu mənə zəng eləyib dedi ki, Faris baba sabah sizi görmək istəyir. Mümkünsə ona baş çəkin.
İşdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta deyərdim, qohum kimi görüşdük.
– İndi mənim sənə işim düşüb, – dedi. – Xəbərin varmı, atamın dayısı oğlu İbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır.
Həmin günü mənə çoxlu şəkil, sənəd göstərdi. Səxavət əli açılan Faris babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası İbrahim ağa Vəkilov topoqrafiya çəkilişi zamanı təsvir olunub. Hər iki şəklin orjinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı.
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində yazdığı xatirələrini avtoqrafla mənə verdi.
– Oğul, – dedi, – mənim Ömrüm qurtarır, səninki isə başlayır, qoy bunlar səndə qalsın. Amma mən tənha qocaya tez-tez baş çək, sonə lazım olan çoxlu materiallar verərəm…

GENERAL-MAYOR İBRAHİM AĞA USUBOV
(1875-1920)

Qatar səhər saat doqquzda Gəncəyə çatdı. Bayraqlar, xalı-xalça… Hər yer camaatla dolu idi. Hərbiyyə naziri Səməd bəy Mehmandarov və müavini general Əliağa Şıxlinski, Gəncə qubernatorunun müavini Hüseyinqulu xan Xoyski və başqalarına “xoşgəldiniz” rəsmi əda edildi.
Rəsmi keçid başlandı. Rəsmi keçidi hərbi nazir müavini general Əliağa Şıxlinski və ərkani hərbi rəisi general Həbib bəy Səlimov idarə edirdilər. General İbrahim ağa Usubov komanda verirdi. O, gözəl at üstündə oturub əlində üryan qılınc nərəli bir səda ilə komanda verirdi.
1919-cu il martın 23-də
Novruz bayramı münasibəti ilə
keçirilən parad-nümayişdən

Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi İbrahim ağa Usubov oldu. General-mayor İbrahim ağa Usubov 1875-ci il martın altısında Qazax qəzasının Qıraq Salahlı kəndində dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası Musa ağa da rus ordusunun zabiti olub. XIX əsrin əvvəllərində azərbaycanlılardan təşkil olunmuş Müsəlman Süvari alayında Musa ağa və əmisi Süleyman ağa Usubovlar Qazax Süvari dəstəsində mərdliklə vuruşmuşlar. Sonralar Polşa müharibəsində və dağlılara qarşı döyüşlərdə nümunəvi xidmətinə görə Musa ağa Molla Yusif oğlu poruçik rütbəsinə qədər yüksəlib.
Musa ağa praporşik rütbəsini 1839-cu il iyulun 2-də alıb. 1845-ci il noyabrın 28-dən general-adyutant knyaz Vorontsovun komandan olduğu Əlahiddə Qafqaz korpusu yanında Müsəlman alayında rəis köməkçisi olmuşdur. Həmin ili dağlılara qarşı döyüşlərdə Darqo kəndi və Gerzel yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şücaətə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.
Musa ağaya 1848-ci il iyulun 9-da podporuçik, 1854-cü il dekabrın 4-də isə qüsursuz xidmətinə görə poruçik rütbəsi verilmişdir. 1891-ci il iyulun 22-də istefaya çıxan poruçik Musa ağa Usubova dövlət gümüş pulla ildə 97 manat 50 qəpik pensiya kəsmişdir. Həmin ili avqustun 1-də vəfat etdiyinə görə o, zabit heyəti siyahısından çıxarılmışdır.
Faris baba sənədlərindən birini açır, titrək barmağını üstündə gəzdirəgəzdirə:
– Fikir ver, əmim də Əliağa Şıxlinski və atam kimi Tiflisdəki kadet korpusunu bitirib, özü də əla qiymətlərlə, – deyir, – 1892-ci ildə İkinci Konstantinovsk hərbi məktəbini bitirir. Bir il sonra unter-zabit rütbəsi alır. 1902-ci ildə ştabs-kapitan rütbəsində əsrimizin əvvəllərində başlayan Rus-yapon müharibəsində iştirak edir. Port-Artur döyüşlərində mərdliklə vuruşan əmim “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsilə və “Müqəddəs Stanislav” ordenin üçüncü dərəcəsilə (qılınc və bantla birgə) təltif olunur. 1914-cü ilin payızından podpolkovnik rütbəsi alır. Həmyerliləri, artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşan podpolkovnik İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərmir.
Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur.
Müsahibimdən soruşdum:
– Generalın oğlu, qızı qalırmı?
– Bu saat hamısını deyəcəyəm, – Faris baba yenidən əl-ayağa düşür. Köhnə cib dəftərçələrindən birini götürüb, o birini qoyur,- İki adamla görüş, söhbət elə.
Əmim qızı Nigar xanım Usubova və generalın qardaşı qızı Gövhər xanım Usubova ilə.
EIə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində yaşayan Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı qadının da gözlərində, sifətində qəribə bir işıq yandı. Sonra o işıq qəfildən çəkildi
və yerində təəccüb qaldı:
“Nə əcəb? Haradan yada düşüb”. Gövhər ana əlini dizlərinə vurub yanayana dedi: – Fələyin gözü tökülsün, bircə əmin oğlu vardı, o da 1940-cı ildə qəflətən vəfat etdi. Yeganə kişi nişanəsi idi əmin ocağının. Atam İsmayılı zorla xatırlayıram, 1910-cu ildə vəfat etdikdən sonra əmim İbrahimin himayəsinə keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu.
1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinə qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Əmim bir il sonra Azərbaycan Demokratik Hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə olmağını deyə bilmərəm, amma evdə, ailədə əmim xoşxasiyyət, həssas qəlbli insan idi.
Təhsil və tərbiyə məsələsinə ciddi fikir verərdi. “Gövhər, deyərdi, – səni atanın arzusu ilə müəllimliyə qoymuşam. Sənin qarşında mədəni insan yetişdirmək kimi nəcib bir vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki, onunla həmişə iftixar edə biləsən”. Yadımdadı, general Əliağa Şıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq Port-Artur döyüşlərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söhbət açardılar.
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla, Əliheydər Qarayevlə, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
Bu müharibədə onun göstərdiyi şücaət haqqında “Kaspi” qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: “Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli “Müqəddəs Vladimir” (1916-cı ildə), ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli, kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır.
1914-cü il oktyabrın on dördündə Mizines kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub saxlamışdır”.
Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş və Peremişl qalasından düşməni vurub çıxartmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il aprelin 19-da “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdur.
1917-ci il iyulun birində 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi verilmişdir.
1918-ci ilin may ayında İbrahim ağa Usubovu milli Azərbaycan ordusunda işləmək üçün dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökumətinin Milli Ordusunun təşkilinə başladı. On səkkizinci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənelər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə hərbiyyə naziri yanında İbrahim ağa Usubovu tapşırıq generalı vəzifəsinə təyin etdi.
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi.
İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd Müsavat dövlətinin İtaliyadakı nümayəndəsinin Müsavat ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram bunu təsdiq edir.
2 dekabr 1919-cu il

Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil.
Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm.
General İbrahim ağa Usubov

– Əmim çox zarafatcıl idi, – deyən Gövhər xanım söhbətini davam etdirir. – Bir dəfə süfrə başında olan bir əhvalat yadıma düşdü. İbrahim əmim köksünü ötürüb:
– Of, – dedi, – balalarım, kaş hər şeydə: ağılda, kamalda, şöhrətdə özümə oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı.
Həyat yoldaşı Gövhər bibim tez üstünə düşdü:
– De görüm, o nədi elə?
Əmim bığaltı gülümsünüb:
– Boyumu deyirəm, – dedi, – bircə boy-buxundan kəm-kəsrim var.
Əmim orta boylu idi. Ona işarə vururdu. Əlağa Şıxlinski də buna zarafatla cavab verdi:
– Eybi yoxdu, – dedi, -İbrahim, qəm eləmə, o da igidə bir yaraşıqdır.
– Gövhər xanım, general əminizin son taleyi necə olub.
– İyirminci ilin aprelində XI ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, əmim və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz.
Onlar da dinib-danışmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv etmirəmsə, hətta, onlara əmək haqqı da təyin etmişdilər.
Əmimə vəsiqə də vermişdilər ki, o, diviziya komandiri kimi xidmət edir.
Yadımdadır, iyul ayının ilk günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı.
Əliağa əmim, İbrahim dayım da (general İbrahim ağa Vəkilov – Ş.N) bizə gəlmişdi.
Hamı kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülürdülər. O vaxt bütün hərbçilər indiki İstiqlal küçəsindəki beş nömrəli evdə yaşayırdılar. Gecə on ikiyə işləyəndə hər kəs öz evinə getdi. Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından tökülən qırmızı əsgərlər qaça-qaça bloklara doldular.
Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla əlindən yapışıb ağladım.
Əsgərlər ev əşyalarını siyahıya aldılar. Əmimin orden-medallarını və özünü də apardılar. O gecə azərbaycanlı generalları – Əliağa Şıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy Tlexası, Firidun bəy Vəzirovu, generalqubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlinskini, kapitan Bahadır bəy Vəkilovu, əmim İbrahim ağa Usubovu – hamısını yük maşınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Onları həbs etdirən İlya adlı hərbçi idi. O, yarı erməni, yarı yəhudi idi. Əmimi, on iki azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun on altısında gecə ilə Nargin adasına aparıb orada güllələyiblər. Çox get-gəldən sonra əmim arvadı Gövhər bibimə əl boyda kağız verdilər ki, onları səhvən güllələyiblər. Şura hökuməti ailənizdən üzr istəyir.
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar.
Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub çatıb və onlar xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də 1920-ci il avqustun 1-də Ə.Şıxlinskini və S.Mehmandarovu Moskvaya
göndərdi.
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də qızı – Azərbaycan Dövlət konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova… Mübarizələrdə keçən ömrün anları indi saralıbsoldurduğunu çox az şəkil və sənədlərlə yaşayır. General-mayor İbrahim ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır:
– Əliağa əmim deyirdi ki, atan İbrahimin hərbçi istedadı Birinci Dünya müharibəsi dövründə özünü parlaq şəkildə göstərdi. Döyüş zamanı çevikliyi, piyada qoşunlardan məharətlə istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı İbrahimi rus ordusunda mahir bir sərkərdə kimi tanıtdı. Əliağa əmim bir də danışırdı ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci Dünya müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi.
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da, bəzi əhvalatları yaxşı xatırlayıram. Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaşı sıravi əsgərlər də iştirak edirdi. Əsgərlərdən biri atam haqqında dedi: – baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim üçün doğma atadan da yaxındır.
Atam həqiqətən də əsgərlərlə zabit arasında sərt sədd çəkməyən adam idi.
Əsgərin bütün hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaşmazdı. Məhz bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər.
… Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan yazıçısının romanını oxuyur.
– Faris baba, – dedim, – indən belə dil öyrənmək gec deyilmi?
– Öyrənirəm ki, İbrahim əmim kimi dünənə, sabah deməyim.
– O, nə deməkdir?
– Bu saat danışacam, – deyib qoca iri gözlərilə gülümsündü.
– Xatirimdədir, 1914-cü ilin yazında atam məni də götürüb kəndimiz
Salahlıya gətirmişdi. Hələ müharibə başlamamışdı. Atam doğma kəndinə getməyi, qohumlara baş çəkməyi çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə bir neçə dəfə kəndə gedərdi. “Bu kənd – deyirdi, – oğul, harda olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, anadan süd əmdiyi yeri unuda bilmir. Buna haqqı da yoxdur”.
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib. Abdulla əmimlə onun görüşünə gedirlər. Abdulla əmim İbrahim əmimdən soruşur ki, nə vaxt gəlmisən?
İbrahim əmim cavab verir ki, “Sabah”.
Atam təəccüb edir ki, bu nə danışıqdır. Abdulla əmim işin nə yerdə olduğunu başa düşür. Gülə-gülə deyir:
– İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən.- Qoca əhvalatı danışıb kədərlə gülümsündü. – İbrahim əmim – dedi, – uzun müddət Rusiyada qulluq etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də tale ölkədən-ölkəyə, şəhərdən-şəhərə atıb. Fransız, ingilis və bir neçə dildə sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yadlarla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm.
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin, əhvalatların şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca ilə görüşüm onun həyatının son günlərinə təsadüf etdi. O, bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü.
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də qəhrəmanlıq tarixi var. İgid Cavanşirin, əyilməz Babəkin, köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun, Nəbinin, Qaçaq Kərəmin adı həm öz xalqımızın, həm də bütün bəşər tarixinin səhifələrində yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xalqının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərdliklə müdafiə ediblər.
Hər əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün şücaəti ilə gələcək nəslə örnək olub. Zaman keçib, illər ötsə də, onlar yenə unudulmur, tarixin əbədi yaddaşında, sənədlərdə həmişəyaşar qalırlar.
İnanırıq ki, hərbi qüdrət tariximizin səhifələrində general-mayor İbrahim ağa Usubov da beləcə yaşayacaqdır.

QACAR NƏSİLİNİN GENERAL OĞULLARI

Azərbaycanda elə məşhur nəsillər var ki, həkim, mühəndis və elm xadimləri yetişdirməklə yanaşı, onların hərbçi oğulları da olmuşdu. Hələ İmperiya və Cümhuriyyət dövründə Naxçıvan kəngərlilərindən beş, Bakıxanovlardan üç, Yadigarovlardan dörd, Cavanşirlərdən dörd, Talışxanovlardan beş, Şıxlinskilərdən iki, Novruzovlardan üç, Qacarlardan səkkiz nəfər general yetişmişdir.
Tarixi qaynaqlar imkan verir ki, bu gün Qacarlar haqqında iftixarla söhbət açaq. Digər Oğuz tayfaları kimi Yaxın və Orta Şərq tarixində Qacar oğullarının nümayəndələri mühüm rol oynamışlar. Onların gücü ilə Azərbaycan Səfəvi dövlətinin təməl daşı qoyulmuşdur. Qarabağ və Gəncə bəylərbəyliyini bu tayfanın sərkərdələri idarə etmişlər. Qacarlar nəslinin yeddi oğlu 1796-cı ildən ta 1925-ci ilədək İran şahı olmuşlar.
1804-cü ildən işğalçı Rus ordusuna qarşı illərlə qəhrəmanlıqla döyüşlər aparan İrəvan sərkərdəsi şahzadə Həsən xan, gəncəli Cavad xan Qacarlar nəslinin nümayəndəsidir.
Qacarlar nəsilinin nüfuzlu nümayəndəsi olan şahzadə Əbdülsəmid Bəhmən Mirzə Abbas Mirzə oğlu (1811-1884) tarixçi-alim kimi xalqımıza az da olsa tanıdılıb. O həm də çox sayda yaxşı oğul-qız atası olub. Şahzadə Bəhmən Mirzənin qanuni olaraq evləndiyi on altı arvaddan altımış üç övladı olub. Onların otuz biri oğlan, otuz ikisi qız idi. Şahzadə altımış üç övladının hamısına ali təhsil vermiş, xalqımız üçün yararlı şəxsiyyətlər böyütmüşdür.
Onun otuz bir oğlunun səkkiz nəfəri zər general paqonu daşımışdır: Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla Mirzə, Feyzulla Mirzə, Məhəmməd Mirzə, Mahmud Mirzə, Əbdülsəməd Mirzə və Şəfixan Mirzə Qacarlar.

GENERAL – ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR
(1853-1920)

Şahzadə Bəhmən Mirzənin otuz bir oğlunun on səkkizindən çoxu hərbi qulluqda olmuşdur. Bəs Sovet hakimiyyəti illərinə qədər sağ qalan bu oğlanların sonrakı taleyi necə olub?
Onların on beş nəfərinin Azərbaycan Demokratik Respublikasının ordusunda xidmət etməsi barədə arxiv sənədlərində məlumat var. 1918-ci ildə polkovnik Xosrov Mirzə Qacar Birinci Azərbaycan süvari alayının komandiri olmuşdur. Polkovnik Seyfulla Mirzə Qacar isə Baş Qərargahda intendant şöbəsinin rəisi idi. General Əmir Kazım Mirzə Qacarın hərbi nazir Səməd bəy Mehmandarovun adına yazdığı raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın 1-də vətənpərvər ruhda yazdığı raportda onun ömür yolunun indiyədək açılmayan səhifələri də var:
“Əlahəzrət yoldaş hərbi nazirə Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz əlahəzrətlərinə xahişimi çatdıra bilmədim. Bunun da səbəbi Hərb Nazirliyin Gəncəyə köçürülməsi oldu.
Sizinlə görüşə bilmədiyimə çox təəssüf etdim. Bakıya gəlib Sizi tapa bilmədim. Çünki Siz xidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz.
Oğlumun və qızının xəstəliyi haqqında evdən teleqram almışam. Tiflis şəhərinə qayıdıram. İcazənizlə Sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport da yazmışam.
Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kampaniyada iştirak etmişəm: 1877-78-ci illərdə rus-türk müharibəsində və rus-yapon müharibəsində Öz xahişimə cəbhəyə göndərilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində iştirak etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə layiq görülmüşəm.
Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm:
Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki kursu da birincilər sırasında, mükafatla.
Az müddət istefada olsam da hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi
qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm.
Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim xidmət dəftərçəmdə keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar.
Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir vermək məqsədilə bu həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olardı.
Xahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə general vəzifəsindən birini nəzarət generalı və ya məiyyət generalı və yaxud Sizin məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz.
Sizin mənim haqqımda xeyirxah qərarınızı gözləyən bəndəniz General-mayor şahzadə Əmir Kazim Mirzə Qacar”
Respublika Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, Gəncə üsyanında türk zabitləri və denikinçilər iştirak edirdilər. Üsyançıların artilleriya hissəsinə denikinçi polkovnik Nikolayev komandirlik edirdi. Üsyançıların başçılarından biri də keçmiş müsavat ordusunun zabiti Məhəmməd Mirzə Qacar idi.
Bundan sonra Qacarlar nəslinin faciəsi başlanmışdır. Şahzadə Bəhmən Mirzənin oğlu – general-mayor Əmir Kazım Mirzəni Gəncədə bolşevik çekistləri doğrayırlar. Nəvəsi, podpolkovnik Sədrəddin Mirzəni isə 1920-ci ilin iyununda 23 nəfər müsavat zabiti ilə birlikdə həbs edib Arxangelsk adasına sürgün edirlər.
General-mayor Əmənulla xan Mirzə İrana köçüb Tehranda yaşayır. Onların Tiflis
və Şuşadakı mülkləri müsadirə olunur.
Azərbaycan hərb tarixinə, maarif və mədəniyyətinə görkəmli simalar bəxş etmiş bu ziyalı nəslinin bir nümayəndəsi ilə görüşə bildim. Respublika MEA-nın müxbir üzvü Çingiz Qacarda babalarından qalma nadir əlyazmalar, qiymətli fotoşəkillər və müxtəlif yadigarlar saxlanılır. Onlardan biri general-mayor Əmir Kazım Mirzə Qacara məxsusdur. Əmir Kazım Mirzə 25 il orduda qüsursuz xidmət etdiyinə görə üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatla mükafatlandırılıb. Saatın üstündə “Əmir Kazım Mirzəyə əla xidmətinə görə” sözləri yazılıb. 44-cü Nijeqorod alayının marşını çalan saat indi də işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım Mirzəyə 1898-ci il dekabrın 16-da verilib.
General Əmir Kazım Mirzə 1853-cü ildə Şuşada anadan olub. İlk təhsilini Tiflis klassik gimnaziyasında alıb, 20 yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirib. 1871-ci ildə kornet-zabiti Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun 44-cü Nijeqorod alayına göndərilib. Qüsursuz xidmətinə görə o dəfələrlə imperiyanın yüksək orden və medalları ilə təltif olunub.
1877-78-ci illərdə rus-türk müharibəsində dördüncü dərəcəli “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə mükafatlandırılıb.
Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım Mirzə 1881-ci ildə imperator üçüncü Aleksandrın tacqoyma mərasimində iştirak edib. Süvari polkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadron komandiri təyin olunur.
Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli “Parlayan ulduz” ordeni ilə təltif edilib.
XIX əsrin yetmişinci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit Əmir Kazım Mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə), 1881-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, altı il sonra üçüncü və dördüncü dərəcəli “Müqəddəs Vladimir”, 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur “Şire-Xorşid” ordenləri ilə mükafatlandırılmışdır. Əmir Kazım Mirzə 1904-1905-ci illərdə Port-Artur döyüşlərində Amur-kazak süvari polkunun komandiri kimi vuruşmuşdur. Bu müharibədə ona döyüş şücaətlərinə görə polkovnik rütbəsi verilir, bir neçə orden, medalla və 1905-ci ildə üstü yazılı qızıl silahla təltif olunur.
1902-ci ilində diviziya komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rütbəsinə layiq görülmüşdür.
General şahzadə Əmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi yardım göstərmiş və kasıb balalarını öz xərcinə oxutdurmuşdur. General-mayor Əmir Kazım xan Qacar 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından iştirakı olmuşdur. 1911-ci ildə M.F.Axuundovun yüz illik yubileyi də general-mayor Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir.
1913-cü ildə “Molla Nəsrəddin” jurnalında Məmmədəli Əbdülmanafzadənin “Gimnazist” şeiri dərc olundu. Çar məmurları və qaragüruhçular jurnalı məhkəməyə verdilər. Məşhur ədəbiyyatşünas-alim Firudin bəy Köçərli, İranın Tiflisdəki vitse-konsulu Mirzə Məhəmmədxan və general Əmir Kazım Qacar müsəlman ədəbiyyatının bilicisi kimi məhkəmədə iştirak edib jurnalı müdafiə etdilər.
General Əmir Kazım Qacar 1918-ci il dekabrın 1-də Gəncə şəhər hərbi komendantı təyin olunur.
1920-ci ilin may-iyun aylarında daşnak-bolşevik ordusuna qarşı vuruşan general Əmir Kazım xan Qacar əsir düşür və Gəncə “ÇK”-sı Tuxareli tərəfindən qılıncla vəhşicəsinə öldürülür.

GENERAL-MAYOR FEYZULLA MİRZƏ QACAR
(1872-1920)

Ötüb keçən illəri yada salın, keçmiş nəsillərin fəalliyətini unutmayın. Nüfuzlu nəsillərin gördüyü işlər bu günkü gəncliyə örnək olmalıdır.
El hikməti

Feyzulla Mirzə Qacar 1872-ci ildə Şuşada general Şəfi xan Mirzənin ailəsində dünyaya gəlib, dörd general əminin – Rzaqulu Mirzənin, Əmir Kazım Mirzənin, Əmənulla xan Mirzənin, Məhəmməd Mirzənin ilk general rütbəsi alan ilk qardaş övladıdır. 1920-ci ilin may ayında bolşeviklərlə savaşda Gəncə üsyanında həlak olub. Şahzadə Feyzulla Mirzə Peterberqdakı Nikolayev süvari məktəbini kornet rütbəsində bitirib.
1904-1905-ci illərdə Port-Arturun müdafiəsində iştirak edib. Süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan alayında podyesaul (kazak qoşunlarında kapitan) rütbəsində döyüşən şahzadə Feyzulla Mirzə Qacar bir neçə uğurlu döyüşlərin iştirakçısı olub.
1905-ci il yanvarın 14-də o, Laizinqou kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq yaralanmışdır. Həmin ildə nəşr olunmuş “Niva” jurnalının 18-ci nömrəsində igid həmyerlimizin foto şəkli də verilmişdir.
1912-ci ildə 16-cı Tver-draqun alayında şahzadə-podpolkovnik Feyzulla Mirzə Qacar rotmistr rütbəsində xidmət edib. Birinci Dünya müharibəsində o, Çeçen süvari alayının komandiri kimi ön cəbhədə vuruşaraq ad-san qazanmışdır.
1916-cı il fevralın 26-da “Kaspi” qəzeti yazırdı: “Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Güclü tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brın kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli “Müqəddəs Vladimir” (qılıncla birgə) və ikinci dərəcəli “Müqəddəs Anna” (qıhnc və bantla birgə) ordenləri ilə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir”.
Məhz Birinci Dünya müharibəsi illərində göstərdiyi qeyri-adi igidliyə və komandirlik məharətinə görə şahzadə Feyzulla Mirzə Qacar 1917-ci il sentyabrın 30-da Qafqaz müsəlmanlarından təşkil olunmuş Birinci Qafqaz süvari diviziyasına komandir təyin olunur.
Həmin il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabiliyyətinə görə şahzadə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verilmişdir.
Yeri gəlmişkən, ilk dəfə şahzadə Feyzulla Mirzə Qacarın general-mayor olması faktına biz K.A.Zalesskinin 2003-cü ildə Moskvada nəşr olunmuş “Birinci Dünya müharibəsində kim-kim olmuşdur” hərbi ensiklopedik kitabında rast gəldik (səh. 876-da).
Rusiyadakı inqilabi çevrilişdən sonra vətənə qayıdan şahzadə general Feyzulla Mirzə Qacar Azərbaycan Milli Ordusunda xidmətini davam etdirmək istəyir. 1918-ci il dekabrın 23-də Gəncəyə gəlir və Baş Qərargah rəisinin adına belə bir raport yazır: “Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm.
General-mayor şahzadə, Feyzulla Mirzə Qacar,
Gəncə şəhəri”

1919-cu il yanvarın 9-da hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimovun 20 saylı əmrilə general-mayor Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.
1920-ci ilin aprelində bolşevik-daşnak qoşunları ölkəmizi istila etdilər. Bu təhqirə dözməyən Azərbaycan ordusunun mərd əsgər və zabitləri ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də istilaçılara tabe olmaq istəmədilər. Silahlanmış bütün Gəncə əhalisi üsyana qalxdı. Bir həftə davam edən ağır döyüşlərdə qacarlar nəslindən olan dörd generaldan üçü – Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə son nəfəslərinə qədər vuruşaraq vətən torpağı uğrunda şəhid oldular.
Belə bir fakt da var ki, Gəncə üsyanında süvari dəstəsi ilə mühasirəyə düşən general-mayor Feyzulla Mirzə Qacar həbs edilib, Bakıya gətirilir və “ÇK” onu müsavat siyasi xadimləri ilə birgə Nargin adasında güllələyir.

GENERAL-MAYOR MƏHƏMMƏD MİRZƏ QACAR
(1872-1920)

Şahzadə Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğlu. General Əmənulla xan Mirzənin (1862-1937) kiçik qardaşıdır. 1872-ci ildə Şuşada dünyaya gəlib. 1920-ci ilin mayında Gəncə üsyanında bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərdə həlak olub.
General-şahzadə Məhəmməd Mirzə Qacar həmişə ön cəbhədə olmuş erməni-daşnak qoşunlarına qarşı müvəffəqiyyətli əməliyyatlar aparmışdır. 1920-ci il yanvarın 24-də Qarabağda düşmən qüvvələrinin getdikcə artdığını hiss edən ayıq sərkərdə Məhəmməd Mirzə Qacar Baş qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviçə Xankəndindən belə bir teleqram vurub əlavə kömək istəmişdir:
“Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisinə dəymək olmaz, əks halda yerli ermənilər – Əsgəran və Şuşanı tuta bilərlər. Ermənilər haqqında qəti tədbir görmək lazımdır”.
1918-ci ildə Azərbaycan Milli Ordusunda Baş Artilleriya idarəsinin rəisi kimi fəaliyyətə başlayan polkovnik Məhəmməd Mirzə Qacara 1919-cu il iyulun 19-da əla xidmətlərinə görə 320 saylı əmrlə general-mayor rütbəsi verilmişdir.
Şahzadə general Məhəmməd Mirzə Qacar haqqında hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Həbib bəy Səlimovun həmin il noyabrın 30-da imzaladıqları 1 nömrəli əmr onun sərkərdəlik fəaliyyəti barədə nadir sənədlərdən biridir. Əmrdə deyilir:
“Hərb naziri köməkçisinin məlumatından aydın olur ki, general-mayor şahzadə Məhəmməd Mirzə Qacar 1-ci piyada diviziyasına müvəqqəti komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin isti sgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir. Buna görə də mən ona səmimi minnətdarlığımı bildirirəm”.
1910-cü ildən böyük knyaz, general-feldmarşal Mixail Nikolayeviç adına birinci Kuban kazak batareyasının komandiri podpolkovnik Məhəmməd Mirzə Qacar Birinci Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli “Müqəddəs Anna” ordenini (qılıncla birgə) və həmin ordenin dördüncü dərəcəsi ilə (“igidliyə görə” yazısı ilə) təltif olunmuşdur.
Birinci Dünya müharibəsi illərində də kazak süvari qoşunlarının sıralarında mərdliklə döyüşən Məhəmməd Mirzə Qacarın xidmətləri ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeninə (qılınc və bantla birgə) layiq görülmüşdür.
1920-ci ildə Gəncə üsyanı zamanı yerli hökumətin ümumi rəhbəri və təşkilatçısı seçilən general Məhəmməd Mirzə Qacar bolşeviklərlə döyüşlərdə həlak olmuşdur.

GENERAL – ŞAHZADƏ ƏMƏNULLA XAN QACAR
(1857-1937)

Qacarlar nəslinin daha bir general oğlu şahzadə Əmənulla xan Mirzə Qacar olmuşdur. O, qardaşı Əmir Kazım xandan dörd yaş kiçik idi. Təəssüf ki, onun haqqında əlimizdə olan faktlar o qədər də çox deyil. İnqilabdan əvvəl dərc olunmuş qəzetlər “Kafkaz”, “Kaspi”, “İrşad” Əmənulla xanın hərbi fəaliyyətindən qısa yazılar verib.
1857-ci il yanvarın 8-də Şuşada anadan olan şahzadə Əmənulla xan Qacar Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. 22 yaşında poruçik rütbəsi alan Əmənulla xan 1879-cu il iyulun 19-da xidmətə başlamış, doqquzuncu Kuban piyada kazak batalyonunda komandir olmuşdur. 1900-cü il mayın 6-da nizami kazak batalyonundakı nümunəvi xidmətinə görə Əmənulla xan Bəhmən Mirzə oğluna yesaul (kazak qoşunlarında mayor) rütbəsi verilmişdir.
Birinci Dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid süvari komandirin döyüş fəalliyəti üçüncü dərəcəli “Müqqədəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenlərinə layiq görülür.
1915-ci ildə üçüncü Kuban-kazak piyada diviziyonuna komandirlik edən Əmənulla xan Mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilir. Güclü döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla xan arxa cəbhəyə göndərilsə də, hərbi fəaliyyətini dayandırmır.
1916-ci ilin noyabrında yenidən cəbhəyə qayıdan polkovnik Əmənulla xan Qacar Marxonovka kəndi uğurunda döyüşlərdə komandanlıq etdiyi batalyonla möhkəm mövqe tutaraq, süngü döyüşü ilə düşmən səngərlərini zəbt edir və artilleriya atəşinin gücü ilə düşmənin çoxlu sayda əsgər və zabitini əsir götürür. Bu müvəffəqiyyətli döyüş əməliyyatına görə polkovnik Əmənulla xan Qacar 1916-cı il noyabrın beşində “Georgi silahı” ilə təltif olunur. Kuban-kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə şahzadə Əmənulla xan Qacar 1917-ci ildə general-mayor ali rütbəsi ilə təltif olunur.
Fevral burjua inqilabından sonra Qafqaza qayıdan Əmənulla xan bir müddət Tiflisdə və Şuşada yaşayır. 1918-ci ildə Milli Ordumuz yaradılanda Azərbaycan Respublikası hərbi nazirinin adına dekabrın birində belə bir raportla müraciət edir:
“Respublika ordusuna böyük xeyir gətirmək arzumu nəzərə alaraq məni müvafiq bir işlə təmin etməyinizi xahiş edirəm. Bununla yanaşı, Sizə məlum edirəm ki, mənim zabit kimi 35 illik fasiləsiz hərbi xidmətim və döyüş mövqelərində, bir də iştirakçısı olduğum rus-yapon və Birinci Dünya müharibələrində qazandığım döyüş təcrübəm var.
Azərbaycan Əlahiddə korpusunun siyahısında mənim təyin olunmam haqqında sənədlərim və şəxsi işim vardır. Xidmət kitabçam da adı çəkilən korpusun qərargahında saxlanılır.
Hörmətlə general-mayor, şahzadə Əmənulla xan Mirzə Qacar, Gəncə şəhəri”.
General Əmənulla xan Qacar Xankəndində yerləşən birinci süvari diviziyasının rəis müavini və qarnizon rəisi olmuşdur. 1920-ci il martın 21-də gecə qəfil basqın edən daşnaq ordusuna qarşı döyüşlərdə mərdliklə vuruşmuşdur. Aprel çevrilişində bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən hiss edən Əmənulla xan 1920-ci ildə İrana mühacirətə getmişdir. Tehranda yaşayan general-mayor Əmənulla xan Mirzə Qacar hərbi məktəbdə işləmiş, İran nizami ordusunun yaradılmasında yaxından iştirak etmişdir. İran Milli Məclisinin deputatı və İran-Sovet dostluğu cəmiyyətinin sədri seçilən general-mayor Əmənulla xan Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir.

GENERAL – ŞAHZADƏ RZAQULU MİRZƏ QACAR
(1837-1894)

O, məhşur tarixçi, şahzadə Bəhmən Mirzə Qacarın ikinci oğludur. 1837-ci ildə Cənubi Azərbaycanda anadan olan şahzadə Rzaqulu Mirzə atası ilə 1848-ci ildə Tiflisə gələrək zadəgan balalarına məxsus kadet korpusu məktəbində təhsil alıb.
Uzun müddət Qafqaz Əlahiddə ordusunda xidmət edən şahzadə Rzaqulu Mirzə Qacar Əlahəzrət imperatorun adını daşıyan Leyb-qvardiya xas alayında eskadron komandiri olub. O, 1860-cı il fevralın 4-də zabit-kornet rütbəsi alıb. 1862 və 1864-cü illərdə üsyan etmiş dağlılara qarşı hərbi yürüşlərdə iştirak edib.
1873-cü ildə xidmətdə fərqləndiyinə görə polkovnik rütbəsi alan şahzadə Rzaqulu Mirzə Qacar Türküstan hərbi dairəsinə ezam olunur. 1877-1878-ci illərdəRus – Türk müharibəsində briqadaya komandanlıq edən şahzadə Rzaqulu Mirzə Bəyazid qalası uğrunda döyüşlərdə iştirak edir. Müharibədən sonra Qafqaza qayıdan polkovnik Yelizavetpol və Zaqatala süvari alaylarının təşkili ilə məşğul olur.
Şahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general-mayor rütbəsi almışdır.
Şahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq, ədəbi yaradıcılıqla da məşğul olub. O, şərqşünas Adolf Berje, böyük dramaturq Mirzə Fətəli Axundov, dövlət müşaviri şərqşünas Aleksandr Şerbin, müsyö V.Qrimm, Mariya Pollan və başqa görkəmli şəxslərlə məktublaşaraq qohumu M.F.Axundovun əlifba və “Kəmalüddövlə məktubları”əsərinin çapına çalışmışdır (Şahzadə Rzaqulu Mirzənin kiçik qardaşı polkovnik Xanbaba xan (1849-1926) Mirzə Fətəli Axundovun qızı Seyrəbəyimlə ailə qurmuşdur. Vaxtsız vəfat edən Seyrəbəyimdən sonra Xanbaba xan onun kiçik bacısı Nisə xanımla evlənmişdir). Şair təbiətli şahzadə dərin məzmunlu məktublarını “Şahzadə Rzaqulu Mirzə İrəvani” təxəllüsü ilə imzalayıb.
Mülki müşavir A.Q.Şerbinin Mirzə Fətəli Axundova 14 may 1877-ci il tarixli məktubundan: “Bir az bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Şad oldum ki, şahzadə Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri (Çar ordusunda XVIII əsrdə təsis olunmuş polkovniklə general arasında yüksək hərbi rütbə idi) təyin olunub”.
Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz ordusuna göndərilməyim, yəqinki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmri ilə mən oraya təyin edilmişəm. Mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba xanın qayınatası, polkovnik Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm…”
Şahzadə Rzaqulu Mirzə Qacar imperiyanın yüksək ordenləri ilə təltif olunub. Onun xidmətləri “Brilyant qaşlı ordenə” (1861), “Müqəddəs Stanislav” ordeninin birinci, ikinci və üçüncü dərəcəsinə (qılınc və bantla birgə-1862, 1868, 1892-ci illərdə), “Müqəddəs Anna” ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə – 1865, 1877-ci illər), “Müqəddəs Vladimir” ordeninin üçüncü və dördüncü dərəcəsinə(1875 və 1888-ci illərdə) layiq görülüb.
General Rzaqulu Mirzə Qacar iki xarici ölkənin – 1873-cü ildə Prusiyanın “Tac ordeni” və 1891-ci ildə maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub.
Ömrünün son illərini Şuşada yaşayan general Rzaqulu Mirzə Qacar 1894-cü ildə, 57 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

GENERAL – ŞAHZADƏ HƏSƏN XAN QACAR
(?-1855)

Həsən xan, yaxud baş komandan Məhəmməd Həsən xan xalq arasında yüksək nüfuzuna görə Sarı Aslan xan Sərdar ləqəbi ilə məşhur olub. Məhəmməd xan Qacar İrəvaninin oğludur. İran ordusunda şərəflə xidmət edib igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdir. O, İranın məşhur sərdarlarındandır. Onu və qardaşını Sərdar Hüseynəli xan Qacar Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış mənhus sülh müqaviləsinin on ikinci maddəsinə əsasən Rus çarı birinci Nikolayın əmrilə onlar bütün əmlak və var-dövlətdən məhrum edildilər. Bu maddəyə əsasən İrəvanın sabiq sərdarı Hüseynəli xan, onun qardaşı Həsən xan və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, 40 ildən çox nizami orduda şərəflə xidmət edən general-mayor var-dövləti Rusiya imperiyasının ixtiyarına keçdi.
1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərquluxan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini İran ordusuna qatdı. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
1806-cı ildə ruslar İrəvana yenidən hücuma hazırlaşarkən Hüseynəli xan Qacar İrəvan sərdarı təyin olundu. Bu zaman – 1807-ci ildə Həsən xan qardaşının yerinə Fətəli şahın qullar ağasıbaşı (rəisi-qulaman) idi.
1808-ci ildə Ruslar İrəvan üzərinə yürüş etdilər. Həsən xan İranın digər sərkərdələri ilə birləşərək şəhəri qoruyurdu. Möhkəm vuruşma oldu; sentyabr və dekabr aylarında olan hərbi əməliyyatlarda feldmarşal İ.V.Qudoviçin qoşunları darmadağın edildi. Rusların on üç minlik qoşunu pərən-pərən düşdü. Həmin il noyabrın 17-də olan döyüşdə isə rus qoşunlarından 289 nəfər qılıncdın keçirildi, 574 nəfər ağır, 285 nəfər yüngül yaralandı. 7 nəfər yüksək rütbəli rus zabitindən biri öldürüldü, 4 nəfəri isə ağır yaralandı. Rus çarı bu rüsvayçı məğlubiyyətdən sonra feldmarşal İ.V.Qudoviçin hörmətsiz vəziyyətdə geri çağırıb istefaya göndərdi. İrəvan döyüşlərində heç bir müvəffəqiyyət əldə edə bilməyib rus qoşunu Gürcüstana qayıtdı.
1820-ci ildə Həsən xan İranda Çehriçini tutmaq istəyən Osmanlı hakimlərinə qarşı vuruşa getdi və osmanlıların bir neçə şəhərini tutdu, onlaraböyük təlafat verdi. Bir ildən sonra, 1821-ci ildə türklər alınmış şəhər və kəndləri geri qaytarmaq üçün yetmiş min ordu ilə İran sərhədinə yeridilər. Azərbaycan valisi şahzadə Abbas Mirzə Naibüssəltənə ordunu təşkil edib hücuma keçdi və bu döyüşdə İran ordusu qələbə qazandı. Sərdar Həsən xan Qacar İranın ən yaxşı sərkərdəsi kimi özünü göstərdi və Sarı Aslan xan ləqəbini aldı.
Sarı Aslan Türk kəlmələri olub, mənası şiri-zərd deməkdir. Bu mərd və vətənpərvər insan belə şərəfli ada layiq idi.
1825-ci ildə ruslar Balıqlı-Güney və İrəvan hüdudunda olan Göyçə dəryasının guya onların zəbt etdikləri yerlər olduğunu iddia edirdilər. Hər iki dövlət arasında bu məsələ müzakirə olundu və Sərdar Sarı Aslan xan Həsəni İrəvandan çağırdılar ki, həqiqəti aşkar etsin. O, bu danışıqlarda Rusiyanın iddiasına qarşı kəskin çıxış edib onların bəhanələrini rədd etdi. Lakin ruslar müzakirənin nəticələrini gözləmədilər, həmin yerlərə yiyələndilər. Həsən xan Rusiya-İran müharibəsində (1826-1828) o sərdarlardan idi ki, öz əsgəri vəzifəsinə əməl etdi, son saata qədər ruslarla vuruşdu və düşmənə təslim olmadı, amansız döyüşlər apardı. 1826-cı ilin yay hücum əməliyyatında general Həsən xan Qacar Pənbək və Şoragöl ərazisini tutdu, rus qoşunlarına hücum edib onları məğlubiyyətə uğratdı.
İyun ayında müharibə başlananda qoşun başçısı kimi əsgərlərin qarşısında qısa nitq söyləyən Sərdar Sarı Aslan xan Həsən and içmişdi ki, Qafqazda yaşayan din və dil qardaşlarını kafir ruslardan təmizləyəcəkdir. Onu Rusiyaya qarşı “Müqəddəs müharibə” adlandırmışdı.
1827-ci ildə Sarı Aslan xan Həsən Mustafa xan Şirvani və şəkili Hüseyn xanla birlikdə Tiflisin yaxınlığınadək rus qoşununu məhv etmək üçün hücuma keçdilər. Bu cəbhədə güclü müqavimətə rast gələrək ruslarla vuruşdular və ağır döyüşlərdən sonra geri çəkilməyə məcbur oldular. Rus qoşun başçılarından general Doyq 1827-ci ildə Rus-İran müharibəsində Sərdarabadı tutmaq üçün İrəvana hücum etdi və Həsən xanın güclü müqaviməti ilə rastlaşdı, çarəsiz qalıb İrəvanın otuz altı kilometrliyində olan Talinə qayıtdı. Bir az sonra ruslar Üçkilsədən Həsən xanın ordusuna hücum etdilər. Bu döyüşdə ruslar xeyli qırıldılar və əsir düşdülər.
Bu dəfə də Sərdar Həsən xanın qəhrəmanlığı və şücaəti onların öz məqsədlərinə çatmağa mane oldu. Onlar İrəvanın mühasirəsindən əl çəkib Naxçıvana getməyə məcbur oldular.
1828-ci ilin sentyabrında Naibüssəltənə Abbas Mirzə Həsən xanı İrəvana Sərdarabad qalasının mühafizəsi üçün göndərdi. General İ.V.Paskeviç onu mühasirəyə aldı və qala şərq tərəfdən süquta uğradı. Həsən xan düşmənə əsir olmamaq üçün qala divarlarından kənara çıxıb İrəvana hücum edib düşməni qovdu.
General İ.V.Paskeviç Sərdarabadı zəbt etdikdən sonra İrəvana tələsdi, on iki gün gecə-gündüz aramsız döyüşlərdən sonra İrəvanı tutdu. Yenilməz sərkərdə Sarı Aslan xan Həsən bu dəfə əsir düşdü. General İ.V.Paskeviç Qasım xanı, Fətəli xanı, Süvanqulu xanı, Sarı Aslan xanı, Mirzə Mahmud Maqsudlu Astarabadı və Həmzə xan Əzanini özü ilə Tiflisə gətirdi. Feldmarşal İ.V.Paskeviç onlarla əsir kimi yox, sərkərdələrə layiq hörmət və ehtiramla davrandı.l828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi bağlandı və onun on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarıldı. O cümlədən Sərdar Həsən Sarı Aslan xan azad edildi. Sərdar Həsən xan İrana gəlib daha mühüm işlərlə məşğul olmağa başladı.
1828-ci ildə Fətəli şah Qacar Sərdar Həsən xanı Xorasanda baş vermiş ixtişaşları yatırmaq üçün göndərdi. Əyalətdə ciddi nizam-intizam yaradan Sərdar Həsən xan 1830-cu ilədək orada hökuməti idarə etdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırdı. Yolda Həsən xan müqəddəs yerlər olan Ətbata (İraq) gedir. Bir müddət sonra o, Tehrana gəlir. Həsən xan 1848-ci ildən Yəzd, Girman və Belucistanda Sərdar-hakim olur.
Rusların qənimi, məşhur Azərbaycan sərkərdəsi Həsən xan Qacar 1855-ci ildə Girmanda ürək xəstəliyindən vəfat etmişdir. Müqəddəs Nəcəf şəhərində dəfn olunmuşdur.

GENERAL – ŞAHZADƏ KAMRAN MİRZƏ QACAR
(1855-1928)

Kamran Mirzə Naibüssəltənə Nəsrəddin şahm üçüncü oğludur. İranda bütün qoşunların rəisi və Hərbi nazir vəzifəsini icra etmişdir. O, eyni zamanda Tehran və İranın digər əyalətlərinin hakimi idi. Hərbi nazirlik 1880-ci ildən ta 1896-cı ilədək, yəni Nəsrəddin şahın qətlinədək (Nəsrəddin Şah Qacar (1831-1896) şahlığı dövründə İranı Rusiyanın və İngiltərənin yarımmüstəmləkəsinə çevirdiyinə görə terrorçu panislamist Mirzə Rza Kirmani tərəfindən 1896-cı ildə öldürülmüşdür. – Ş.N.) on altı il onun komandanlığı altında olmuşdur. 1880-cı ildə azərbaycanlı Mirzə Hüseyn xan Mürşirüddövlə Hərbi nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Kamran Mirzə onu əvəz etmişdir.
Kamran Mirzə 1855-ci ildə anadan olmuşdur. 1861-ci ildən, altı yaşından Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz Mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nəsrəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran Mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran Mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri-Kəbir ləqəbi də verildi. Bundan sonra Nəsrəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran, Qəzvin, Gilan, Mazandaran, Dəmavənd, Firuzguh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərçan, Nəhavənd, Astarabad, Şahrud, Bestam, Damcan, Simnan əyalətlərinin idarə olunmasını Kamran Mirzəyə tapşırmışdı. Kamran Mirzə tələbkar şəxs idi. Nəsrəddin şahın Müzəffərəddin, Zilli Sultan və Kamran Mirzə – bu üç oğlu üç ayrı-ayrı arvaddan olmuş, xasiyyətləri başqa-başqa idilər. Zilli Sultan zalım idi və Kamran Mirzə onu sevmirdi.
Məmmədhəsən xan Etimadüssəltənə öz “Xatirat”ında bu ədavət barədə yazmışdır.
1906-1911-ci illərdə Azərbaycanda və İranda Səttar xanın başçılığı ilə məşrutə inqilabı olanda Zilli Sultan Avropaya getmiş, əzazil və qan içən şəxs olduğuna görə yenidən İrana qayıtmaq istəyəndə üsyan edən xalq onu Rəşitdə saxlamışdır. Zilli Sultanı İrana buraxmayan xalq tələb etmişdir ki, əmlakı müsadirə olunsun.
1889-cu ildə Nəsrəddin şahın Avropaya üçüncü səfərindən sonra Kamran Mirzəyə sərhəng-sərtib-tümən (on min nəfərlik orduya) və Nəsrəddin şahın ölümünə qədər əmri noyani (100 min nəfər orduya komandan) təyin edilir. 1907-ci ildə Kamran Mirzənin hakim olduğu əyalətlər artıq rusların nəzarətində idi. Zilli Sultana məxsus olan əyalətlər isə İngilislərin nəzarətində idi.
Kamran Mirzə on ildən sonra, yenidən, yəni 1908-ci ildə hərbi nazir təyin olunmuş, bir aydan sonra, məşrutiyyət dövründə Məhəmmədəli şah kənarlaşdırıldıqda (1909-cu il) yenidən vəzifədən uzaqlaşdırılır.
Qardaşı nəvəsi Əhməd şahın dövründə (1916) Xorasana təyin olunmuş, cəmi bir il orada hakim olmuşdur. Tehrana qayıdıb ömrünün sonunadək istefada olmuş, 1928-ci ildə yetmiş beş yaşında vəfat etmiş və Şah Əbdülzimdə Nəsrəddin şahın məqbərəsində dəfn edilmişdir.

ŞAHZADƏ XOSROV MİRZƏ QACAR

Qriboyedovun Tehranda qurbani-cəhalət olması münasibətilə bərayi üzrxahi  eterburqa qədər getmiş şahzadə Xosrov Mirzədir ki, bu hərəkəti ilə Fətəli şahı ruslarla bir üçüncü hərb bəlasından xilas etmişdir.
Əlibəy Hüseynzadə, professor

Qacar sülaləsinin sərkərdələri” adlı yazımı yenicə bitirmişdim. Amma nədənsə, onu dərc etdirməyə tələsmirdim. Hər axşam işdən qayıdanda yazını yenidən vərəqləyir, elə-belə oxuyurdum. Daxili bir hiss mənə deyirdi ki, yazı bitməyib. Belə köklü-budaqlı nəslin hələ tədqiq olunmamış çox oğulları var.
Günlərin birində yolumu yenə Əlyazmalar İnstitutunun arxivindən saldım. Əslində, bu ümidsiz bir gəliş idi. Harada, nəyi axtarmaq haqqında xeyli düşünüb-daşındım.
Belə qərara gəldim ki, foto-arxivdən başlayım. Fotoşəkillərin mühafizə olunduğu kartotekaları bir gün ələk-vələk elədim. Lap sonuncuların arasında şahzadə Xosrov Mirzəyə məxsus fotoşəkil olduğu göstərildi. Şəkli sifariş verib evə qayıtdım.
Səhərisi onu sənətkar dostum Seyfəddindən aldım. Yaraşıqlı cavanın təsvir olunduğu şəklin altında fars və ingilis dilində yazı vardı: “Şahzadə Xosrov Mirzə Qacar”. Akvarellə çəkilmiş bu nadir şəkil çox yaxşı saxlanmışdı. Yaraşıqlı cavan gözəl geyimdə o qədər məharətlə təsvir olunmuşdu ki, adam baxdıqca baxırdı.
Uzun axtarışlardan sonra öyrənib bildim ki, akvarel-şəkli 1829-cu il avqustun 12-də məşhur rus rəssamı Pyotr Karatıgin Peterburqda çəkib. Şahzadə Xosrov Mirzə bunun üçün rəssama qızıl tütün qutusu bağışlayıb. Bu barədə rəssam İvan Kramskoyun məşhur messenat Pavel Tretyakova məktubunda məlumat var.
Vəliəhd Abbas Mirzənin yeddinci oğlu şahzadə Xosrov Mirzə Bəhmən Mirzənin böyük qardaşıdır.
Peterburqun kübar cəmiyyətinin zadəgan qadınları və qrafların xatirələrində qeyd edirlər ki, I Nikolay dövründə belə hörmətlə qarşılanan ikinci Şərq qonağı olmayıb. A.S.Puşkinin müasirləri, yaxın dostu qrafinya Anna Olenina 1829-cu ildə gündəliyində yazır: “Avqustun onunda şahzadə Abbas Mirzənin oğlu, İran şahzadəsi Xosrov Mirzə Peterburqa gəldi. Mən sarayda onun təntənəli qəbulunda oldum. Şahzadə çox cavan və hədsiz dərəcədə gözəl bir igid idi”.
On altı yaşlı şahzadənin gözəlliyinə valeh olan A.Olenina həmin il avqustun on yeddisində gündəliyində yazır ki, qraf Potoskinin sarayında şahzadənin şərəfinə böyük bal-ziyafət təşkil olundu. Mən qeyri-adi, rəngbərəng geyimimlə şahzadənin və onun heyətini valeh etmişdim…
Şərq kişilərinə məxsus hədsiz gözəlliyi olan şahzadə Xosrov Mirzə rus qrafinyasının varlığını ovlamışdır. Gündəlikdəki tərif dolu sətirləri oxuyanda istəristəməz A.S.Puşkinin anası Nadejda Osipovnanın 1834-cü ildə Abbasqulu ağa Bakıxanov haqqında yazdığı məktublar yada düşür. Bakıxanov da Peterburqun zadəgan cəmiyyətinin qraf və qrafinyalarını özünün yüksək savadı, gözəl davranışı, yaraşıqlı qaməti ilə heyran qoymuşdu.
Nadejda Osipovna Varşavada yaşayan qızı Olqaya yazırdı: “Abbasqulu ağa sənin məktubunu almağımızdan bir neçə saat sonra gəlib özünü bizə təqdim etdi; nə qədər gözəl adamdır, elə yaxşı müsahibdir ki… Onun davranış ədalarını çox sevirəm, ondan son dərəcə xoşum gəlir. Onu bizə göndərdiyin üçün sənə təşəkkür edirəm…
… Abbasqulu ağa bizdə nahar edir. O, elə mehriban, gülərüz və xeyirxah adamdır ki, sanki biz onunla köhnə dostlarıq.
…Abbasqulu ağa çox nəzakətlə bizimlə vidalaşdı. O, məni bir neçə dəfə qucaqladı… Mən onu səmimi qəlbdən sevirəm. O, həqiqətən, çox yaraşıqlı və, şübhəsiz, sənin bizə təsvir etdiyin kimidir. Mən onunla birlikdə olanda Özümü çox sərbəst hiss edirdim”.
Milliyyətcə azərbaycanlı olan İran şahzadəsi Xosrov Mirzə Qacar 1829-cu ildə Peterburqa nə üçün getmişdi?

VAXTSIZ GƏLƏN GECƏ QONAĞI

“Onun istedadı və təcrübəsi ilə tanış olduqdan sonra mən əmin oldum ki, Qriboyedov elə bir hərəkət etməz ki, hökumətlərimiz arasında yaradılmış xoş əlaqələrə xələl gətirə bilsin. Lakin məndə Qriboyedovu müşayiət edən adamlara qarşı bu inam yoxdur. Bu adamların dini və əhval-ruhiyyələrində düşmənçilik görürəm və bu məni çox qorxudur. Qriboyedovu başa salın ki, bu adamları tabeçiliyində möhkəm saxlasın. Qriboyedovun yəqin xatirində qalıb ki, mən bir neçə il bundan qabaq ondan xahiş etmişdim ki, Dadaş bəyi (Vasili Dadaşyan – Ş.N.) geri çağırsın. O, Təbrizdə camaatı çox incidir. Rüstəm bəy (Rüstəm Becanyan – Ş.N.) də çox əzazil adamdır. Mən çox qorxuram ki, bu və bunlar kimi başqa adamlar cənab Qriboyedovu acınacaqlı çəkişmələrə və çaxnaşmalara cəlb edərlər.
Şahzadə Abbas Mirzə”

Min səkkiz yüz iyirmi doqquzuncu il, yanvarın otuzunda gecə saat ikidə Tehrandakı rus səfarətxanasına bir kişi və iki çarşablı qadın gəlir. Bivaxt “qonaqlar”, “şəxsən vəziri-muxtara aid sözümüz var”, deyib durdular. Çarəsiz qalan baş mühafiz səfiri oyatdı. Gələnləri onun hüzuruna ötürüb, özü nigarançılıqla qapının ağzında dayandı.
Bikef vəziri-muxtar gələnin Xoca Yaqub Mirzə olduğunu görüncə daha da dilxor oldu.
– Aleksandr Sergeyeviç, mən sizə yenə pənah gətirdim. Əlac bircə sizə…
– Axı, mən sizə dünən dedim ki, bu barədə gündüz müraciət edin. Əlahəzrət imperatorun bu barədə – müqavilənaməyə əsasən bütün əsirlər üçün himayəçiliyi var. Siz isə…
– Cənab vəziri-muxtar, mənim sizin yanınıza gündüz, günorta çağı təşrif gətirməyim qətiyyən mümkün deyil. İcazənizlə, başıma gələn qəzavü-qədəri qısaca
da olsa izah edim.
Gələn kişi yalvara-yalvara bildirdi ki, mən irəvanlı Yakov Markaryanam. 1804-cü ilin iyun ayında general Sisianovun hərbi qüvvələri şahzadə Abbas Mirzə qoşunlarının hücumuna tab gətirmədi. Ona görə ki, irəvanlı Məmmədhəsən xan və naxçıvanlı Kəlbəli xan ona kömək etmədilər. Abbas Mirzənin qoşunları general Sisianovu sıxışdırıb Tiflisə tərəf qovanda erməni tacirləri də rus qoşunlarına və gürcü dəstələrinə qoşulub Tiflisə tərəf qaçırdılar. Mənim onda on səkkiz yaşım vardı. Üçkilsədə (Eçmiadzin) monastırda təhsil alırdım. Ermənilərin karvanı monastırın yanından keçəndə mən müəllimimdən gizlincə onlara qoşulub yola düşdüm. Yolda tacirlərdən biri məndən soruşdu ki, sən kimsən, hara gedirsən? Mən onu aldadıb dedim ki, bu yaxınlarda məşhur alim Serap Patkanyan Tiflisə gəlib, erməni uşaqlarına pulsuz dərs keçir, gedirəm, ondan dərs almağa. Onda erməni tacirinin məndən xoşu gəldi, özünün pendir-çörəyini belə mənimlə yarı böldü. İki gün yol getdik.
Babakər dağının yanına çatanda bərkdən fit səsləri eşitdik. Qəfildən hücum edən İran dəstəsinin sərbazları bizi əsir aldılar. Yaxınlıqdakı gürcü süvari dəstəsi xeyli vuruşub aradan çıxdı. İranlılar ermənilərin müqavimət göstərənlərini qırdılar, sağlarını isə əsir aldılar. Bizi qoyun kimi qabaqlarına qatıb Təbrizə kimi gətirdilər.
Məni və bir neçə ermənini axtaladılar. Zorla müsəlmanlığı qəbul elətdirib adımı da Mirzə Yaqub qoydular. Sonra xacə kimi Tehrana, Fətəli şaha peşkəş göndərdilər.
İki il mənə ərəb və fars dillərini öyrətdilər. Hərəm ağasının təlimi ilə bütün elmləri mənimsədim. Sonra mənə xacəbaşı titulu verdilər. Sarayda isə mənə güclü biliyə malik hesab müəllimi təyin edib mühasibat işini tam incəliyinə qədər öyrətdilər.
Şahın xüsusi sərəncamı ilə iki dəfə Şiraza və üç dəfə Xorasana, qubernatorun mühasibət işlərinə müfəttişliyə göndərdilər. Məni şahın xəzinədarı təyin etdilər.
Ordan İrəvana, ata-anama gizlincə pul-para da göndərə bildim. İyirmi beş ildir ki,
şaha xacəbaşı kimi qulluq edirəm, daha bəsdir. Bu sandıqçada gətirdiyim qızıllar,
40 min tümən, daş-qaş öz əməyimin bəhrəsidir. Təvəqqe edirəm, mənə kömək edin, doğmalarımın yanına qayıdım. Göydə Allahı, yerdə sizi deyib gəlmişəm.
– Bəs bu qadınlar kimdir? – deyə yuxudan kal oyanan xəstəhal səfir Qriboyedov soruşdu.
– Bunlar şahın kürəkəni Allahyar xanın hərəmxanasında əzab çəkən iki bədbəxt erməni qadınıdır. Onlar da mənə qoşulub sizə pənah gətiriblər. Kömək edin… – deyib ağlamsınan Yakov Markaryan ovcunun içilə gözlərini ovxaladı. Daşqaşla dolu sandıqçanı ayaqları arasında bərk-bərk sıxıb daha da büzüşdü, yazıq görkəm aldı.
Yarıyuxulu səfir isə Yakov Markaryanın gah yöndəmsiz uzun çənəsinə, gah da bulanıq göy gözlərinə baxırdı. Bilmirdi, nə cavab versin. Yakovun üz-gözündə xeyirxahlıqdan əsər-əlamət tapmayan səfir canının ağrısından gözlərini yumub fikrə getdi. Vaxtsız gələn “qonaq” isə hey yalvarırdı. Dözə bilməyən səfİr paltosuna bərk-bərk bürünüb qabağa əyildi:
-Axı sizin arzunuzu yerinə yetirməyə mənim səlahiyyətim çatmır, – dedi. – Bunun üçün iki dövlət arasında rəsmi danışıq olmalıdır, müəyyən razılıq alınmalıdır. Zənnimcə, siz nahaq belə hərəkət etmisiniz. – Xəta gətirəcək bu işi özündən rədd eləmək naminə onu inandırmağa çalışdı. – Yəqin, siz məndən yaxşı bilirsiniz ki, Şərq adəti üzrə şahın hərəmxanasında, sarayında on ildən çox xidmətdə olan bir şəxs onun ailə üzvü sayılır. Qulluq edən hər bir qadın onun kənizi, arvadı hesab olunur. Şərqlilərdə isə arvad kişinin namusu, qeyrətidir. Bunu siz məndən yaxşı bilməlisiniz. Əgər kişinin arvadı bəd əməllərə düşürsə, ordan qan qoxusu gələr…
– Aleksandr Sergeyeviç, bəs Türkmənçay müqaviləsi… Onun on üçüncü bəndi buna əsas vermirmi ki… Axı siz bu ölkədə Rusiyanın səlahiyyətli vəzirimuxtarısınız.
Siz həmişə biz yazıq ermənilərin pənahkarı olmusunuz. Səhv etmirəmsə, on üçüncü bəndi biz yazıq ermənilərin xatirinə məhz siz əlavə etmisiniz: “Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı azad edilməli və dörd ay ərzində qaytarılmalıdır”.
Yakov Markaryan on üçüncü bəndi sətirbəsətir əzbərdən dedi. Səfir duruxdu. Handan-hana:
– Sən, – dedi, – təkcə şah sarayının içalatından yox, iki dövlət arasındakı incə siyasətdən də xəbərdarsan. Bu barədə şaha müraciət etmisənmi?
– Yox, heç vaxt! – deyə Yakov cavab verdi.
– Siz ki, ona belə yaxınsınız, şah sizə bu boyda varidatını etibar edib, şübhəsiz ki, sözünüzü də yerə salmaz, arzunuza əməl edər. Axı, siz şahın xəzinədarısınız, brilliantlarının və qiymətli daş-qaşlarının baş mühafizəsisiniz.
– Aleksandr Sergeyeviç, bu qaranlıq müsəlman dünyasında üç bədbəxt xristianın yeganə pənahı sizsiniz. Bizi buradaca qanımıza qəltan edin, amma o vəhşi müsəlmanların yanına bir daha qaytarmayın. – Yakov səfiri yumşaltmaq üçün dedi:
– Sizin biz ermənilərə çox yaxşılıqlarınız olub. Mənə məlumdur ki, hələ 1825-ci ildə Tiflisdə Lazaryanla, katalikos Nerseslə birgə sərgərdan ermənilərin Azərbaycana, Qarabağa köçürülmək planını hazırlayıbsınız. Bu saat bizim saraya qayıtmağımız ölümə getmək kimidir…
– Yaxşı, gecə keçir, indi tapşıraram, sizə gecələmək üçün şərait yaradarlar.
Səhər isə özüm bu barədə Fətəli şahla danışaram, – deyib, səfir yataq otağına getdi.

***

Açılan səhər nə Qriboyedova, nə də üç erməni qaçqınına xeyir gətirmədi. Səfir nə qədər on üçüncü bəndə əsaslanıb sitatlar gətirdisə, Fətəli şahı yumşalda bilmədi.
Şah iki ayağını bir başmağa qoyub haqlı tələbini etdi:
– Milliyyətcə erməni olan Xacə Yaqub Mirzə xəzinəmdən varidatımın yarısını oğurlayıb aparıb, – dedi. Siz isə caniyə, oğruya sığınacaq vermisiniz. O qaytarılmalıdır və haqlı cəzasını almalıdır. Vəssalam! Cənab vəziri-muxtar, sabah dan ağarana qədər sizə və sizin yanınızda qeyri-qanuni sığınacaq tapmış üç qaçqına vaxt veririk, qayıtmasalar başqa tədbirə əl atmalı olacağıq. Xüsusilə, Allahyar xanın hərəmxanasından olan iki qadına verdiyiniz sığınacağa görə xalqın narazılığı son dərəcə gərginləşib.
Verdiyi vaxtı həyəcanla gözləyən Fətəli şah rus səfarətxanasından heç bir xəbər-ətər çıxmadığını görüb Tehranı təntənəsiz tərk etdi. O, şəhərin yaxınlığındakı gözəl ab-havası ilə məşhur olan Nəva qəsəbəsinə “istirahətə” getdi.
Hər şeyi sarayda böyük nüfuza malik olan kürəkəni, ruslara qatı nifrətilə ad-san qazanmış sədr-əzəm Allahyar xana tapşırdı. Allahyar xan Tehranın din xadimlərini qəzavata çağırdı. Məscidlərə, bazarlara və əhalinin yaşadığı gur yerlərə carçılar göndərdi. Atlı carçılar haray salıb elan elədilər ki, rus səfarətxanasında bir dəstə müsəlman qadını əsir alınıb gizlədilmişdir. Onları Rusiyaya aparıb zorla xristian dinini qəbul etdirəcəklər. Hətta rus xəfiyyəsinin fitvası ilə Xacə Yaqub Mirzə, Fətəli şahın xəzinəsindən 40 min dəyərində qızıl və daş-qaş da oğurlayıb aparıb.
Gavurlardan yanıqlı olan Tehranlılar rus səfarətxanasına tərəf axışmağa başladılar. Adamlar əllərinə keçən nə vardısa, özlərinə yaraq eləmişdilər: kimi tüfəng, kimi xəncər, kimi də daş və ağacla silahlanmışdı.
Seyidlər, üləmalar şəhər müctəhidi Hacı Mirzə Məsihin tapşırığı ilə Tehranın Cami məscidinə yığışdılar. Allahyar xanın əmri ilə bazar və dükanlar bağlanmışdı. Buraya ətraf kəndlərdən də gələnlər vardı. Getdikcə artan izdiham dəstə-dəstə səfarətxanaya tərəf axışırdı. Arasıkəsilməz “Allah! Allah!” səsləri şəhəri bürümüşdü. Onları süvari sərbaz dəstələri dayandıra bilmədi.
Sarayın baş eşikağası Manucar xan bacısı oğlu Solomon Melikovu bir dəstə şah süvarisi ilə izdihamı dağıtmağa göndərdi. O, bacısı oğluna tapşırmışdı ki, rus səfirliyindən Xacə Yakov Markaryanı nəyin bahasına olursa-olsun xilas edib gətirsin. Onda iğtişaş yatırılar və Qriboyedov xətadan xilas olar.
Lakin artıq gec idi. Kükrəyən izdiham erməni Solomon Melikovu tanıyan kimi ona hücum edib atdan saldılar.
Döyə-döyə sürüməyə başladılar. Aldığı ağır zərbələrdən Solomonun meyiti küçədə ayaqlar altında qaldı.
Camaat tələb edirdi ki, saraydan qaçan Yakov Markaryan onlara verilsin.
Hirslənən Qriboyedovun şəxsi nökəri Aleksandr Qribov onlara bəla gətirən Markaryanı itələyib bayıra atdı. İrəli çıxan iki-üç nəfər dərhal Markaryanı yaxaladılar. Onu səfirliyin həyətindəki ağacın altına aparıb asdılar. Bu səfirin də ürəyindən oldu. Dərindən nəfəs alıb:
– Hə, yəqin ki, indi çıxıb gedərlər – dedi.
Amma camaatın daha da hay-küy salıb qızışdığını görəndə bərk təlaşa düşdü. Onu titrətmə tutdu. Ötən həftə Fətəli şahın hüzurunda rus-İran müharibələrində əsir düşmüş erməni və rus təbəələrinin geri qaytarılmasından, öz imperiyasının əzəmətindən təkəbbürlə danışan səfir “vəhşi asiyalılar”ın fitvası ilə öləcəyini yəqin etdi. Bu dar macalda Türkmənçay müqaviləsi (10 fevral 1828-ci il) ərəfəsində Tehranda danışıqlar zamanı saray əyanlarının ona kin və ədavətlə baxdığını, şahın kürəkəni Allahyar xanın: “bu ipə-sapa yatmayan səfirə həddini bildirmək lazımdır” – sözlərini yadına saldı. Tehran məscidində Müctəhid Mirzə Məsihin onu lənətləməsini xatırlayanda canına qorxu düşdü. O, bir daha başa düşdü ki, dekabristlər üsyanındakı günahına görə çar onu Sibir sürgününə yox, cənuba vəzifəyə göndərmişdi. Özünün də hələ Peterburqda duyduğu kimi ölümünü İranda tapmalı idi. Hadisənin fəlakətlə nəticələnəcəyindən qorxuya düşən nökər Aleksandr qayğıkeşliklə:
– Aleksandr Sergeyeviç, – dedi, – qaragüruhçuların qarşısına çıxmaqdansa, erməni kilsəsinə çəkilib sığınmaq lazımdır. Gələnlərin əksəriyyəti din xadimləri və onların əsabələridir. Biz oraya sığınsaq yaxın düşməzlər, ona görə ki, kilsə gavur yuvasıdır, müsəlman adətincə murdardır.
İkincisi də, kilsənin toxunulmaz olduğunu bizdən də yaxşı bilirlər.
Qriboydov isə qəti etirazını bildirdi:
– Bu sığınacaq mənə ömürlük ləkə olar – dedi. – Cənablar mən böyük rus imperiyasının səlahiyyətli vəziri-muxtarıyam, mənə kilsədə gizlənmək ar olar. – Sonra da kinayə ilə: – kimə canı əzizdirsə, erməni kilsəsinə pənah apara bilər. Hər halda, gələnlərin bir başçısı var ki… Ona başa salarıq, o da kütləyə ərzi-halını bildirər, dedi.
Səfirin bu qısa, alovlu nitqindən sonra erməni kilsəsinə sığınmağa heç kəsin cəsarəti çatmadı.
Getdikcə artan uğultu artıq qonşu həyətlərdən eşidilirdi. Qızışmış kütlə “ya Əli, kömək ol!”, “Cihad”, “yahu, yahu, gavur itlərinə ölüm!” harayı ilə səfarətxana binasını daşa basırdılar. Hay-həşirlə həyətə soxulan xalq indi səfiri və Allahyar xanın hərəmxanasından qaçan qadınları tələb edirdi. Camaat bir az da irəli yeriyib əli silahlı kazaklarla üzbəüz durdular. Kazakların atəşindən bir neçə adamın meydi yerdə qaldı. Kütlə daha da qızışdı. Başı əmmaməli şeyxlər, mollalar irəli yeriyərək həyətə tüpürüb lənətlədilər. Bir səslə:
– Yahu, vurun bu gavurları! – deyib qışqırdılar. Kütlə kazakları tərki-silah edib ayaqladılar. Səfirliyin qapı-pəncərəsini sındırıb içəri doldular. Səfirliyin əlli üç nəfərini daş-qalaq edib öldürdülər. Yalnız birinci katib İvan Maltsev arxadan pəncərəni sındırıb qonşuluqda yaşayan azərbaycanlının ot tayasında gizlənə bildi.
İxtişaşçılardan isə 26 nəfər basa-basda və kazakların gülləsindən həlak oldu.
Üç gün sonra şahın əmrilə Qriboyedovun doğranmış, ayaqlar altında əzilmiş meyidini tapmaq çox çətin oldu. Onu yalnız sağ əlində çeçələ barmağının olmamasından tanıdılar. 1818-ci ildə dekabrist A.İ.Yakuboviç dueldə Qriboyedovun çeçələ barmağını güllə ilə vurub qopartmışdı.

SƏFİRİN ERMƏNİ HİMAYƏÇİLİYİ

Bu cəsarətli şahzadənin xeyirxah və mərd xasiyyəti vardır. Abbas Mirzənin nişan atmaqda, at çapmaqda tayı yoxdur. At qova-qova o, tüfəng, yaxud oxla ov vurur, hətta havadakı vəhşi quşları sayırdı. Doğrudan da, etiraf etmək lazımdır ki, iranlılar haqqında Kezenofonun dediyi xasiyyətlər hamısı bu igid şahzadə də toplanmışdır.
Jak Moris,
İngiltərənin Tehrandakı səfirinin müavini

Rus və İran tədqiqatçılarının yazdığına görə Fətəli şahın tədbiri tamamilə tərsinə alınmışdı. Onun da günahını Allahyar xanın ruslara nifrətində görürlər.
Səfarətxanaya basqını təşkil edən şah belə qərar veribmiş ki, camaat vəziri-muxtar Qriboyedova toxunmasın. Onlar ancaq Xacə Yaub Markaryanı, onun apardığı qızılları, ləl-cəvahiratı və iki erməni qadınını tələb edib geri alsınlar. Bundan sonra şah onları özü cəzalandıracaqdı. Şahın fikrincə, rus imperatoru I Nikolay isə Qriboyedovu bu səhv hərəkətinə görə geri çağırıb cəzalandırmalı idi.
Beləliklə, vəziyyət gözlənilməyən bir şəkil almışdı. “Yahu” – deyib hücum edən camaat səfirliyin əlli üç nəfər işçisini daş-qalaq edib öldürmüşdü. Yalnız üç nəfər salamat qalmışdı: Qriboyedovun birinci katibi İvan Maltsev, kuryerlər Arutyun Qazaratov və Ambarsum.
Yerli əhali ilə kobudcasına rəftar edən Qriboyedova xalq nifrət edirdi.
Bunun da əsas səbəbi Türkmənçay Müqaviləsinin müstəmləkəçi layihəsinin onun tərəfindən hazırlanması idi. Məhz onun səyi ilə Ərdəbilin Şeyx Səfiəddin məscidində saxlanılan nadir əlyazmaları Peterburqa daşınmışdı. Yerli əhalinin Qriboyedova ən kəskin nifrəti bir də ermənilərə göstərliyi himayədarlığa görə idi.
Onun canfəşanlığı ilə 50 minə yaxın erməni İranın Şimal-Qərb ərazisindən Azərbaycana köçürüldü. Qriboyedov isə 1828-ci ilin avqustunda gündəliyində iftixarla yazırdı: “bədbəxt həmvətənlərimin (ermənilərin – Ş.N.) yolunda başımı qoymağa hazıram”. Səfir Aleksandr Qriboyedovun İrandakı rəftarı barədə görkəmli İran tarixçisi Nasir Nəcimi “Abbas Mirzə” (yaxud “Qacar sülaləsinin qəhrəman vətənpərvər oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri”) kitabında faktiki sənədlər əsasında daha dəqiq məlumat verir. O yazır ki, Qriboyedov təkəbbürlü, özünü bəyənən adam olduğuna görə sarayda şahın yanına qəbul olunan zaman saray adət-ənənələrinə, saray qaydalarına riayət etməmiş, Rusiya kimi böyük bir dövlətin nümayəndələrinin şəninə uyğun olmayan kobud bir şəkildə şahla danışmışdır.
Fətəli şah Rusiya səfirinin rəftarına məhəl qoymadan, danışıq tonunu və əhval-ruhiyyəsini heç dəyişmədən Qriboyedovu axıra qədər dinləmişdir. Lakin rus səfiri öz kobud rəftarını dəyişməyib əhaliyə təzyiq etməyə başlamışdır. O, bir çox erməniləri Qafqaza köçürmək üçün hamıdan çox israr edirdi. Təsadüfən Rusiya səfiri erməniləri Zaqafqaziyaya köçürmək üçün fəaliyyət göstərdiyi zaman başqa bir hadisə də baş vermişdir. Bu isə əhalinin şübhələnməsinə və böyük acınacaqlı bir faciənin əmələ gəlməsinə səbəb olmuşdur.
Ona görə də İslam adət-ənənəsinə xor baxan Qriboyedovun və iki nəfərin meyitini Tehran camaatı küçələrdə üç gün sürüdü. Yalnız Fətəli şah “istirahətdən” qayıdıb gələndən sonra meyitləri erməni kilsəsinin həyətinə atdılar.
Fətəli şah İran dövlətini ağır vəziyyətə saldığını yaxşı dərk edirdi. Vəzirimuxtar Qriboyedovun ölümü ölkəni yenidən Rusiya ilə müharibə təhlükəsinə sala bilərdi. 1828-ci ilin mayında başlanan Rusiya-Türkiyə müharibəsi İranın beynəlxalq aləmdə mövqeyini onsuz da mürəkkəbləşdirmişdi. Bir tərəfdən də Türkiyə çalışırdı ki, İranı Rusiyaya qarşı müharibəyə cəlb etsin. Digər tərəfdən Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, İran verəcəyi müharibə xərcini – altı yüz min tümənlik təzminatı ödəməyi yubadırdı.
Şahın məsləhətə, məşvərətə çağırdığı saray əyanları yalnız bir qərara gəldilər: Qriboyedovun qan bahası üçün rus imperatoruna 190 karatlaq Kuhi-Nur almazını bəxşeyiş vermək və üzr istəmək.
Əslində, bu şah taxt-tacının ən nüfuzlu vəliəhdi şahzadə Abbas Mirzənin təklifi idi. Təkcə saray əyanları yox, şah özü belə bütün məsələlərdə onunla hesablaşırdı. Ata Fətəli şaha elə gəlirdi ki, oğul şahzadə Abbas Mirzə dərin ağlı, uzaqgörənliyi ilə verdiyi məsləhətlərdə heç vaxt səhv etmir. Ona görə də cəsur Nadir şah Əfşarın yadigarı olan “Şah Nizam” almazını rus imperatoruna hədiyyə göndərmək qərarına gəldilər. Dünyanın ən böyük və nadir incisi olan bu almaz 1591-ci ildə Hindistanda tapılmışdı. Almaz bir müddət Bürhan Nizam şah (Almaz ilk dəfə Nizam şaha məxsus olduğuna görə üzərinə bir rəqəmi həkk olunmuşdu.) sarayında saxlanılmış və 1595-ci ildə böyük Monqol şahlarının əlinə keçmişdir.
Nadir şah 1739-cu ildə Hindistanı işğal edəndə onu İrana gətirmişdi. Fətəli şah Qacar 1827-ci ildə öz adını bu qiymətli almaza həkk etdirmişdi.
Bu məsələnin bir tərəfi idi. Ortaya çıxan müşkül bir sual qalırdı ki, onun həlli daha çətin idi. Peterburqa “üzrxahlıq” üçün hədiyyəni kiminlə göndərməli?
Fətəli şah əvvəlcə Abbas Mirzəni məsləhət bildi. Lakin saray əyanlarının əksəriyyəti onun getməsinə razı olmadılar. Əsaslı dəlillər gətirib şahı bu fikirdən daşındırdılar. Əvvəla, ona görə ki, Qafqazda yaşayan ermənilər Abbas Mirzənin əlindən yanıqlı idilər. O, İrəvan yaxınlığında, Lori və Dilican nahiyyələrində yaşayan ermənilərə divan tutmuşdu. Onların dəstələrini darmadağın etmişdi.
İkincisi də, səfarətxanaya basqın zamanı öldürülmüş ştabs-kapitan Məlik Şahnazarovun qohumları Tiflisdə yaşayırdılar. Onlar terrorçuluqda ad çıxarmışdılar. Taxt-tacın varisi Abbas Mirzə kimi sərkərdəni itirmək İranı başsız qoymağa bərabər idi. İranın böyük siyasi xadimi, Abbas Mirzənin saray müəllimi Mirzə Əbdülqasım Fərahani-Qaimməqam iftixarla deyəndə ki, avropalılar Qacar vəliəhdi Abbas Mirzəni ləyaqətli, cəsarətli, vətənpərvər, zülmün düşməni olan pak ürəkli bir sərkərdə kimi tanıyırlar, onda atası Fətəli şahın fərəhi yerə-göyə sığışmırdı.
Yeri gəlmişkən, bir məsələni də burda demək vacibdir.
A.S.Qriboyedovun səfarətxanadakı fəaliyyəti dövründə ətrafına yığdığı işçilərin əksəriyyəti ermənilər olmuşdur. Çoxluq təşkil edən bu ermənilər müsəlman adı ilə işləyirdilər. Məsələn, Dadaş bəy əslində Vasili Dadaşyan, Mirzə Salman əslində Soqomon Melikyants, Mirzə Nəriman əslində Məlik Şahnazaryan, İbrahim bəy – əslində Ambarsum, Rüstəm bəy isə əslində Rostom Becanyan idi.
İshaq Sərkisovu, Xacatur Şahnazarovu, Abram Dadaşyanı, Şermazyanı, Arutyun Qazaratovu, Ambarsumu və başqalarını Qriboyedov yüksək, məsul vəzifələrə təyin etdirmişdi. Heç şübhəsiz ki, ermənilər müsəlman adı daşımaqla nə bizə, nə də farslara məhəbbət bəsləyirdilər. Onlar sadəcə olaraq, öz çirkin təxribatçılıq əməllərini müsəlman adı altında Təbrizdə və Tehranda daha asan həyata keçirirdilər. Cildə girmək, kərtənkələ kimi mühitə uyğun rəngə düşmək onlar üçün əlverişli idi.
Bir möcüzədən sağ qalan səfarətxananın birinci katibi İvan Sergeyeviç Maltsev (1807-1880) sonralar Rusiyaya qayıdanda hadisələrin yeganə şahidi kimi xatirələrini qələmə almışdı. O yazırdı ki, Məlik Şahnazaryan Mirzə Yaquba (Yakov Markaryan – Ş.N.) satılmışdı. Mirzə Yaqubdan bəzi ziynət şeyləri alan Şahnazaryan ona söz veribmiş ki, vəziri-muxtarın vasitəsilə sənin İrəvana qayıtmağına kömək edəcəm. Yanvarın otuzunda, gecə saat ikidə Mirzə Yaqubun səfarətxanaya gəlməsinə də Şahnazaryan kömək etmişdi. Üstəlik də on üçüncü maddəni xatırlamağı və hansı incə mətləblərə toxunmağı, necə yalvarmağı məhz o
başa salmışdı.
Qəribədir ki, rus tədqiqatçılarının bəziləri, dolayısı ilə olsa da, Qriboyedovun faciəli ölümündə ermənilərin günahkar olduğunu yazırlar. Xüsusilə Q.A. adlı müəllifin (indiyədək familiyası məlum deyil) bu hadisədən çox sonralar – 1901-ci ildə ermənicə “Mşak” qəzetində dərc etdirdiyi “Ambarsumun hekayəti” yazısı Qriboyedovun ünvanına böhtandan başqa bir şey deyildi. Ambarsum nəql edir ki, guya gecələr Qriboyedovun yanına həqiqətən çarşablı bir qadın gələrmiş.
O, səfirlə eyş-işrətdə olub gecə də qayıdarmış. Fətəli şaha çatdırırlar ki, rus səfiri müsəlman qadını ilə əxlaqsızlıq edir. Şah qəzəblənir və Qriboyedova bildirir ki, belə şeylər eləməsin, yoxsa müsəlman şəriətinin qanunu ilə din xadimləri onu daşqalaq edərlər. Ambarsum eyş-işrətə gələn həmin qadın gürcü idi, o, Tiflisə qayıtmaq üçün vəziri-muxtardan icazə almağa gəlirdi.
Ermənilərin günahını və çirkin əməllərini ört-basdır etmək üçün Ambarsum “gürcü qadını” məsələsini uydurmuşdu. Bütün rus tədqiqatçıları Ambarsumun “hekayətini” inkar edirlər və onun büsbütün uydurma olduğunu yazırlar. Vəzirimuxtar Aleksandr Qriboyedov isə ölümünü İranda tapacağını bu vəzifəyə təyin olunan gün hələ Peterburqda ikən hiss eləmişdi. O, bu vəzifədən yaxa qurtarmağa çalışırdısa da, mümkün olmurdu. “Çarın bütün iltifatlarından sonra təzə bir bəhanə ilə boyun qaçırmaq mənim tərəfimdən nankorluq olardı. Mənim rütbəmdə məni səlahiyyətli səfir təyin etməyin özünü də mən iltifat hesab etməliyəm. Lakin hiss edirəm ki, İrandan sağ qayıtmayacağam”.
Qriboyedovun məktub və yol qeydlərini oxuyanda məlum olur ki, ölümün qara fikirləri ondan əl çəkməmişdir. İranda müstəmləkəçilik siyasəti yeridən, Azərbaycan torpağını parçalayan səfir Qriboyedovun özü yaxşı dərk edirdi ki, az vaxtda siyasətin qurbanı olacaq. O, ikinci dəfə İrana qayıtmaqla özünü odun və təhlükənin içinə atırdı.
Aprelin iyirmi beşində – imperator fərman verən gün, axşam dostu Andrey Jandrın yanına gələn Qriboyedov söhbət zamanı demişdi: “Salamat qal, dostum Andrey. Mən İrana vəziri-muxtar təyin olunmuşam. Bu təyinata görə məni təbrik etməyə dəyməz. Baxarsan, bizim hamımızı orada doğrayacaqlar. Allahyar xan mənim şəxsi düşmənimdir. O, mənə Türkmənçay müqaviləsini bağışlamayacaq. Biz bir daha görüşməyəcəyik”.
Yolüstü Moskvada dayanan Qriboyedov dostu Stepan Beqiçevlə görüşüb. Beqiçev yazır ki, mənim yanımda olanda çox qaş-qabaqlı idi. – Niyə kefsizsən? – dedim. O isə mənim əlimdən tutub dərin bir kədərlə dedi: “Salamat qal, qardaşım Stepan, səninlə bir daha çətin görüşək… Görərsən, mən salamat yaxa qurtara bilməyəcəm, mənim başımın üstündə Küxelbeker mühitinin ağır dumanları gəzir…”
Hətta böyük şair Aleksandr Puşkinlə Qriboyedov arasında da belə xoşagəlməz bir söhbət olub: “Mən Qriboyedovla keçən il Peterburqda, İrana getməzdən qabaq görüşmüşdüm. O, mükəddər idi, ürəyinə nəsə dammışdı. Mən ona təsəlli vermək istədim, o, mənə dedi ki, siz hələ bu adamları (iranlıları – Ş.N.) tanımırsınız, görərsiniz, axın qanla qurtaracaq. Orda məni ölüm gözləyir. Hiss edirəm ki, bir daha Rusiyanı görməyəcəm. Əlbəttə hissiyyat Qriboyedovu aldatmadı”.
Ölümünü sövq-təbii duyan Qriboyedov Ksenofont Polevoyla söhbətində demişdir: “Yenidən İrana getmək məni həddindən artıq kədərləndirir. Mən oradakı köhnə tanışları, xüsusilə şahın kürəkəni, sədrəzəm Allahyar xanı görmək istəməzdim”.
Türkmənçay müqaviləsindən sonra Allahyar xanın ruslara, xüsusilə Qriboyedova ölçüyəgəlməz nifrəti vardı. O, İrana yola düşəndə Təbrizdəki Britaniya səfirliyinin katibi, kapitan Con Kempbellə də görüşmüşdü. Kempbel Qriboyedova çox dəqiq xəbərdarlıq edərək demişdi: “Özünüzü qoruyun, müsəlmanlar Türkmənçay müqaviləsinə görə sizi bağışlamayacaqlar”.
Qriboyedovun müasiri, məşhur şərqşünas Adolf Berje açıq-aydın yazır ki, vəziri-muxtar erməni Yakov Markaryanı və bəzi erməniləri himayəsi altına almaqla şahı və bütün saray əyanlarını öz əleyhinə qaldırdı. Özünün də faciəli ölümünə səbəbkar oldu.
Bu hadisədən sonra Qriboyedov faciəsindən onlarla elmi, publisistik və bədii əsərlər yazılıb. Birtərəfli yazılan bu əsərlərdə həmişə İranın saray əyanları, Azərbaycan əhalisi, xüsusilə, Qacar nəsli günahlandırılıb. Yüz iyirmi altı il keçəndən sonra Lyudmila Nazarova da “Qriboyedov” kitabında bu ənənəyə sadiq qalıb. O, şəxsiyyəti məlum olmayan knyaz Süleyman xan Melikovun şifahi söhbətinə əsaslanaraq yazır:
“…Rus səfirliyinin bütün heyətindən yalnız bir nəfər – birinci katib Maltsev sağ qalmışdı.
Qriboyedovun faciəli ölümünün səbəbləri haqqında məlumat, baş vermiş hadisələrdə Qriboyedovun özünü günahkar kimi qələmə verməyə çalışan Maltsevin yalan ifadələrinə əsasən hazırlanmışdı. Bu təkcə təhlükə anlarında səfiri
satqıncasına tərk etmiş səfirliyin birinci katibini deyil, həm də “xalqlararası münasibətlər tarixində tam siyasi və görünməmiş terror aktı”nın üstünü örtməyə çalışan fars kübarlarını qane edirdi. Hadisələrin əsl mənasını təhrif edən Maltsevin ifadələri əsasən çar hökuməti tərəfindən də qəbul edilmişdi. Türkiyə ilə gedən ağır müharibənin davam etdiyi bir vaxtda imperator I Nikolay İran ilə yeni müharibə başlamağa qorxdu, cəsarət etmədi”.
Sual olunur, Lyudmila Nazarova hansı mənbəyə əsaslanıb hadisənin şahidi olan Maltsevi yalançı və fərari adlandırırdı? Əlbəttə, səfirlikdə işləməyən öz dindaşı – milliyyətcə erməni olan S.Məlikova.
Erməni Ambarsun yazır ki, mən Qriboyedova dedim ki, peçin bacasına girib dama çıxsın. Səfir dama çıxıb yığışanlara güllə atdı. Bir neçəsini öldürüb yaraladı.
Mən isə qapıda durub vuruşdum. Başımdan zərbə alıb yıxıldım.
Maltsev isə Ambarsumun fikirlərini tamam inkar edib yazır: “Əslində Ambarsum səfirlikdə hansı vəzifəni daşıyırdı, bilən yox idi. Bu bivec adam hər yerə burnunu soxur, hər işə qarışırdı. İxtişaş yatandan sonra məlum oldu ki, erməni Ambarsum hadisə vaxtı meyidlərin arasına girib özünü ölülüyə qoyub. Sağ qalan Ambarsum dərhal Təbrizə gəlib özünə yalançı sənəd düzəldib, rus hökumətindən 120 Hollandiya çervonu həcmində pensiya alırdı”.
Qriboyedovun erməni tədqiqatçısı Boris Balayan isə “Şah” almazı üstündə qan monoqrafiyasında bu işlə əlaqədar qacarlar sülaləsini günahlandırır. Onun fikrincə, Qriboyedovu qacarlar sülaləsi ona görə qətlə yetirdilər ki, o, Şərqi Ermənistanı Rusiyaya birləşdirməyə çalışırdı.
Bu da “Böyük Ermənistan” yaratmaq iddiasının qara bir səhifəsi…

ŞAHZADƏNİN PETERBURQ SƏFƏRİ

Oğlu şahzadə Abbas Mirzəyə Tiflisdə ermənilərin sui-qəsd edəcəklərindən ehtiyatlanan Fətəli şah rus imperatoruna hədiyyəni aparmağı nəvəsi şahzadə Xosrov Mirzəyə tapşırdı. Kişilərə məxsus məftunedici gözəlliyə malik olan şahzadə Xosrov Mirzə vəliəhd Abbas Mirzənin kəniz arvadı Xırda xanımdan idi.
On altı yaşlı Xosrov Mirzəni şah qeyri-qanuni övlad hesab edirdi. Şahın fikrincə, Tehrandan Peterburqa kimi bu uzun məsafədə onun başına fəlakət gəlsə də, qacarlar nəsli heç nə itirməyəcəkdi. Ona görə ki, Xosrov Mirzənin qanında rəiyyət qatışığı vardı.
1829-cu il aprelin sonunda Tehrandan yola düşərkən şahzadə Xosrov Mirzənin yüz qırx nəfərlik heyəti mayın 15-də Tiflisə çatdı. Heyətin tərkibi sarayın say-seçmə adamlarından ibarət idi: Xosrov Mirzənin müəllimi şair Fazil xan Şeyda, tarixçi Mirzə Mustafa xan Əfşar, mülki müşavir, tərcüməçi Mirzə Məsud Əmire-Nizam, şahzadənin şəxsi müşayiətçisi Ehtəşəm, sarayda yüksək mənsəb sahibi olan Mirzə Məhəmmədtağı Fərahani, həkimbaşı, gizli fərraş, xəzinədar, aşbaz və süvarilərdən ibarət mühafizə dəstəsi Xosrov Mirzəni müşayiət edirdi.
Şahzadənin yol təəssüratını yazmaq katib Mustafa xan Əfşara tapşırılmışdı. Tərəqqipərvər ziyalı kimi tanınan Mustafa xanın sarayda xüsusi hörməti vardı. O, rus dilini səlis bilirdi, rus və Avropa mədəniyyətinin İranda yayılmasının güclü tərəfdarlarından idi. Tiflisdə dayanan nümayəndə heyəti şəhərin görkəmli yerlərini gəzdi, bir neçə müəssisədə oldu. Bu gəzintilərdə hər şeyə tərəqqipərvər və islahatçı gözü ilə baxan Mustafa xan Əfşar rəsmi qəbul və ziyarətlərdən çox maarif, mədəniyyət və iqtisadi yüksəlişlər barədə maraqlanırdı. O, “Səfərnameyi-Xosrov Mirzə” əsərində Tiflisin sənət məktəbində təhsil alan dindaşlarının balaları haqqında ürək ağrısı ilə yazır: “Burada – Tiflisdə uşaqlar pulsuz təhsil almaqdan əlavə pulsuz yeməklə, geyimlə, rahat mənzillə də təmindirlər. Dövlət bunları öz doğma balaları kimi bəslədir və oxudur. İnsan çətin inana bilir ki, bu şən və xoşbəxt uşaqlar Arazdan o tərəfdə yeməli bir şey tapmaq üçün səhərdən axşama qədər zibilliklərdə eşələnən, bazarlarda, məscidlərin qapısında əl açıb dilənən müsəlman balalarının qardaşlarıdır. Qızmar günəş, amansız şaxta altında sifətləri
kül rəngi almış bu ac və xəstə uşaqların məktəb, dərs və kitab yuxularına da girməz. Belə isə hansı iranlını inandırmaq olar ki, Tiflisdə müsəlman balalarına məxsus bu cür məktəb vardır?”
Şahzadə Tiflisdə görkəmli ziyalı Mirzə Sadıqla və Qarabağ xanının nəvəsi Əzət Bəyim xanımla görüşüb çox məmnun oldu.
Qafqazın baş komandanı canişin İ.F.Paskeviç (1782-1856) heyəti səkkiz gün Tiflisdə qonaq saxlandıqdan sonra mayın iyirmi üçündə təntənəli surətdə yola saldı. Şahzadə Xosrov Mirzə ona ərəb atı, arvadı Yelizaveta Alekseyevnaya (Qriboyedovun əmisi qızıdır – Ş.N.) iki bahalı şal, oğluna isə Sədi Şirazinin seçilmiş əsərlərini hədiyyə elədi.
Hərbi-Gürcüstan yolunda baş verə biləcək hər hansı bir hadisəni dəf etmək məqsədilə Paskeviç kazaklardan ibarət on iki nəfərlik dəstəni də Xosrov Mirzənin sərəncamına verdi. Kazak dəstəsinə komandir general-mayor P.Y.Rennekampfı təyin etdi. Daryal və Lars dərələrinin sərt keçidlərini adlayanda dağlıların hücumuna məruz qalan heyət bir neçə dəfə vuruşmalı oldu. Tarixçi Mirzə Mustafa xan Əfşar yazır ki, dağlıların ilk atəşi başlayan kimi şahzadə ekipajdan düşüb ata mindi, cəsur bir igid kimi döyüşməyə başladı. Çoxları, xüsusilə, kazaklar onun hünərlə vuruşduğuna heyran qaldılar.
Təkcə iran tarixçisi yox, Qriboyedovun həyatından “Vəziri-muxtarın ölümü” adlı tarixi roman yazan Yuri Tınyanov da şahzadəni ağıllı, igid bir şəxsiyyət kimi təsvir edir.
1829-cu ildə Ərzuruma səfərində böyük şair A.S.Puşkin də onunla görüşmüşdü.
“Paysanurda atları dəyişmək üçün durdum: burada mən İran şahzadəsini ötürən rus zabitinə rast gəldim… Ananurun yarım verstliyində, yolun döşündə Xosrov Mirzəyə rast gəldim: arabalar durmuşdu. O, öz kolyaskasından baxırdı və başı ilə mənə işarə etdi. Bizim görüşümüzdən bir neçə saat sonra dağlılar şahzadəyə hücum etmişdilər. Xosrov güllələrin vıyıltısını eşidib, öz kolyaskasından sıçramış, ata minib çapmışdı: onun yanında olan ruslar şahzadənin qoçaqlığına heyran qalmışdılar. İş burasındadır ki, kolyaskaya alışmamış gənc asiyalıya, kolyaska sığınacaqdan çox bir tələ kimi görünürdü” (A.S.Puşkin, əsərləri, IV c, səh. 429, Bakı, 1949-cu il).
Rus şairinin bu səfərdə daha bir eloğlumuzla gorüşü də çox maraqlıdır.
Şahın saray şairi Fazil xan Şeyda ilhamlı nəğməkar Puşkini özünün yüksək mədəniyyəti, ali davranışı ilə utandırmışdır Aleksandr Puşkinin “Ərzuruma səyahət” əsərində yazdığı bu parça tam aydınlığı ilə göstərir:
“İran şahzədəsini gözləyirdilər. Kazbekdən bir qədər məsafədə bir neçə kolyaska rast gəlib, dar yolu bağladı. Bu arabalar gəlib keçənə qədər qoruyucu dəstənin zabiti İran saray şairini ötürdüyünü bizə bildirdi və arzuma görə məni Fazil xana təqdim etdi. Mən tərcüməçi vasitəsilə dəbdəbəli Şərq salamıma başlamaq üzrəydim. Lakin Fazil xan mənim bu yersiz zəhmətimə abırlı bir adamın qayğıkeşliyi ilə sadəcə cavab verdiyi zaman, bu hal mənə ar gəldi!.. O, məni Peterburqda görəcəyinə ümid edir və təəssüflənirdi ki, bizim tanışlığımız uzun sürməyəcək. Mən utanaraq dəbdəbəli-gülünc ədanı tərk edərək adi Avropa cümlələrinə müraciət etməyə məcbur oldum. Bundan sonra adamların qoyun dərisindən papağına və xınalı dırnaqlarına baxaraq, haqlarında əvvəlcədən fikir söyləmərəm”.
1829-cu il mayın 24-də Kobi poçt stansiyasındakı xoş təəssüratdan Aleksandr Puşkin tanış olub sevdiyi Azərbaycan şairi Fazil xan Şeydaya elə oradaca üç bəndlik şeir yazmışdır.
Təəssüf ki, A.S.Puşkinin əsərlərində və şahzadə Xosrov Mirzə Qacar haqqında yazılan rus mənbələrində belə Azərbaycan şairi Fazil xan Şeyda “persidskiy poet” – yəni “fars saray şairi” kimi təqdim olunur. 1784-cü ildə Təbrizdə azərbaycanlı Məmmədhüseynin ailəsində dünyaya gələn Fazil xan Şərq elmlərinin dərin bilicisi idi. İranda şah rejiminə dözməyən şair 1844-cü ildə qaçıb Tiflisə gəlir, “Əli nəzəriyyəsi məktəbində” müəllim işləyir. O, M.F.Axundov, M.Ş.Vazeh, məşhur şərqşünas N.Xanıkovla yaradıcılıq əlaqələri saxlayır. Fazil xan Şeyda 1852-ci il martın 1-də Tiflisdə vəfat edir.
Pyatiqorsk şəhərində istirahət üçün bir neçə günlüyə dayanan şahzadə Xosrov Mirzə mineral bulaqların möcüzəsi ilə tanış olur. Onun gəlişi münasibətilə Maşuk dağının zirvəsində abidə ucaldılır. Şahzadənin təklifi ilə abidənin önündə dahi şair Sədi Şirazinin: “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad qoyub getmək daha vacibdir” – sözləri yazılır.
Pyatiqorskdan sonra Stavropol, Novoçerkassk, Voronej və Ryazan şəhərlərində şahzadəni daha böyük təntənə ilə qarşılayırlar. İmperator əmr veribmiş ki, qoy farslar görsünlər ki, ruslar incikliyi necə də tez unudurlar. Onlar qonşuya qarşı kin-küdurətli deyillər.
Novqorodda şahın xüsusi xidmətçisi onlara çatır və Fətəli şahın imperator I Nikolaya başıbağlı şəxsi məktubunu təqdim edir. Altı həftədən sonra Kolomna şəhərinə çatan heyəti imperatorun göndərdiyi Əlahiddə Süvari alayı və jandarm dəstəsi müşayiət edir. Serpuxov darvazasında, Tver bulvarında əsgəri hissələr fəxri qonağı musiqi sədaları altında və hərbi yaylım atəşi ilə qarşılayırlar. Təntənə qraf Razumovskinin malikanəsinə kimi davam edir. Şahzadənin düşərgəsi qrafın geniş və işıqlı salonları olur. Həmin günü Moskvanın adlı-sanlı ziyalıları, məşhur tacirlər, şəhərin general-qubernatoru knyaz Qolitsinin başçılığı ilə şahzadənin görüşünə gəlirlər. Qubernator qısa nitqlə “xoş gəldin” – deyib qiymətli hədiyyə təqdim edir. Qısa istirahətdən sonra şahzadə Qriboyedovun anası ilə görüşmək arzusunu bildirir. Mərhum səfirin anası Nastasya Feodorovnaya başsağlığı verən şahzadə onunla birlikdə oğlunun vaxtsız vəfatı üçün göz yaşı tökür. Şahzadə Xosrov Mirzənin mədəni davranışı, gözəlliyi, kövrəkliyi Moskvanın bütün zadəgan
ailələrini heyran qoyur. Şərq cəngavərinə qarşı qraf və qrafinyaların mənfi fikirləri alt-üst olur.
Bir neçə gün şəhərin tarixi yerləri ilə tanış olandan sonra şahzadə 1829-cu il avqustun dördündə Peterburqa çatır.

***

Aradan yüz altmış ildən çox keçsə də Gürcüstan Dövlət Arxivində və inqilabdan əvvəlki tarixi əsərlərdə Şahzadə Xosrov Mirzənin səfəri haqqında maraqlı sənədlər, məlumatlar qalır. Həmin səfərin iştirakçısı, tarixçi Mirzə Mustafa xan Əfşarın xatirələrində şahzadənin rus imperatoru I Nikolayla görüşü daha real verilmişdir. O yazır:
“Peterburqda bizim heyət Tavriçeski Sarayına düşmüşdü. İmperatorla rəsmi görüşə bir gün qalmış general-adyutant qraf Suxotelin şahzadənin qəbuluna gəldi.
Ondan xahiş elədi ki, imperatorla görüşü üçün çıxışın mətnini yazsın. Şahzadənin xüsusi müşəyiətçisi Ehtəşəm və mülki katib, tərcüməçi Mirzə Məsudla birgə çıxış hazırladılar və fransız dilinə tərcümə edib general Suxotelinə verdilər. General dedi ki, bu təntənəli çıxış ruslar qarşısında günahı olan İranın vəziyyətini xeyli yüngülləşdirər”.
Avqustun on ikisində general Suxotelin şahzadəni imperatorun adından salamladı və onu Qış Sarayına dəvət etdi. Təntənəli mərasimi nümayiş formasında olan süvari-qvardiya divizionu musiqi ilə açdı. Sonra saray əhlindən ibarət heyətlərin uzun cərgəsi tərpəndi. Onların ardınca çarın süvari dəstəsi ilə mühafizə
olunmuş Xosrov Mirzənin karetası gedirdi. Təntənəli gəzintini dəmir geyimli qvardiya süvari alayı müşayiət edirdi.
Şahzadənin keçdiyi küçələr şəhər əhli ilə dolu idi. Pəncərə və eyvanlar xalı və rəngli bayraqlarla bəzədilmişdi.
İmperator I Nikolay şahzadəni Georgi salonunda, taxt-tacının yanında ayaq üstə qarşıladı. Onun sağ və solunda ailəsi, yaxın qohumları, Xarici işlər naziri qraf Nesselrod, senatlar, Baş Qərargah rəisi, generallar və qvardiya zabitləri, dayanmışdı. Hərbi geyimdə olan I Nikolay yaxasına çox sevdiyi Andreyev ordenini taxmışdı.
Şahzadə Xosrov Mirzə yavaş-yavaş taxt-taca yaxınlaşdı. Bir neçə addımlıqda dayanıb Fətəli şahın imperatora göndərdiyi etimadnaməni sinəsi bərabəri qaldırdı. Hörmət və ehtiramla baş əyib fars dilində general Suxotelinlə (uzun müddət İranda hərbi xidmətdə olan Suxotelin farsca bilirdi – Ş.N.) birgə tərtib etdiyi üzrxahlıq nitqini oxudu:
“Qüdrətli imperator həzrətləri!
İranın sakitliyi naminə Siz böyük imperatorla mənim hökmdarım və babam İranın əzəmətli sahibi arasındakı müqəddəs birlik düşmənçilik ruhuna həmişə zidd olmuşdur. Bədbəxt hadisə bizim ailəni və onun bütün məiyyətlərini məyus etdi.
Qüdrətli İranın şahənşah hökuməti təxribat və çəkişmələr məqsədinə qulluq edən bir yığın ziyankarların son zamanlarda qüdrətli rus hökuməti ilə bərpa olunmuş dostluq və ittifaqını poza biləcəyi fikrindən qəzəblənmişdir.
Şahənşah mənə, öz nəvəsinə Sizin dövlətin paytaxtına tələsməyi tapşırmışdı. O inanır ki, mənim Sizə həqiqəti çatdıracaq sözlərim böyük imperator həzrətlərinin diqqətini cəlb edəcək, iki böyük və qüdrətli dövlətin dostluğunu əbədi edəcəkdir.
Rusiya və İran sarayını eyni dərəcədə təhqir etmiş hadisəni yaddaşımızdan əbədi silək”.
Şahzadə üzrxahlıq məktubuna Şeyx Sədidən bir bənd şeir də əlavə eləmişdi.
Xarici işlər naziri qraf Karl Nesselrod iki ölkə arasındakı səmimi dostluqdan danışdı. Vəziri-muxtar A.S.Qriboyedovun səhvlərini də etiraf etdi. Çıxışlardan sonra şahzadə Xosrov Mirzə ilə əl tutub görüşən imperator I Nikolay dedi: “Mən başıbəlalı Tehran hadisəsini əbədi olaraq yaddan çıxardıram “.
İmperator həm də elan etdi ki, dostluq naminə İranın verəcəyi müharibə borcunun doqquzuncu kururundan imtina edir və onuncu kururun ödəmə müddətini beş ilədək uzadır.
Bunula da Rusiya-İran arasında alovlanacaq müharibənin odu söndürüldü.
Sonra hər iki ölkənin şairlərinə söz verildi. Saray şairi qraf Dmitri Xvostov İran şahzadəsinə baş əyib onun şəninə yazdığı “Şərq hakiminin nəvəsinə” şeirini oxudu.
Fazil xan Şeyda isə “Şərq təxəyyülünün çiçəklərini Şimal qarına səpələdi” adlı rus dövlətini vəsf edən qəsidəsi ilə çıxış etdi.

***

“Sankt-Peterburq jurnalı” şahzadə Xosrov Mirzəni belə təsvir edirdi:
“Şahzadə orta boylu idi, qədd-qamətli, heyranedici gözləri və xoşagələn qeyri-adi təbəssümü vardı: özünü çox layəqətli aparırdı. Canlı danışığı, gözəl siması və nəzakətli rəftarı adamı heyran edirdi”.
– Oho şahzadə necə də qürurludur, daha doğrusu, özünü çox dartır, – deyə qraf Aleksey Çeçurin kinayə ilə deyindi.
– Əzizim, görünür, siz Şərq adamlarını yaxşı tanımırsınız. Axı, o, şahzadədir, sizə özündən müştəbeh kimi görünsə də, çox nəzakətli və ağıllı adamdır. Bir də ki, niyə təəccüb edirsiniz? Hazırda İranın sahibi qacarlardır. Bu dao nüfuzlu nəslin  oğludur. Zənnimcə, bizim heç bir qrafımız, knyazımız alicənablıqda onunla ayaqlaşa bilməz.
– Lütfən deyin, şahzadəyə olan belə ali hüsni-rəğbətiniz hardandır, xanım?
– Mənə onunla balda görüşmək, rəqs etmək nəsib oldu, qraf Polotskinin sarayında… Xüsusilə, onun alicənablığı, Şərq istiqanlılığı məni valeh etdi.
– Oho, xanım, Siz ona valeh olmusunuz. Daha doğrusu, şahzadəyə vurulmusunuz. Bu mənim yəqinimdir…
Qrafinya Olqa Lixeryeva zərif yelpiyini oynada-oynada, nazla:
– Düz tapmısınız, – dedi, – qraf, onu görəndən mənim yuxum ərşə çəkilib, ruhum göylərdə mələklərlə uçur. Yuxumda əsrarəngiz Şərq mənzərələri görürəm.
Görürəm ki, nağılabənzər dəbdəbəli saray, qullar, qaravaşlar, bir də onların hakimimütləqi şahzadə Xosrov Mirzə mənimdir. Ah, mənə əzab verən həsrət kaş
çin olaydı…
Kədərlə boynunu əyib bədbəxt adamlara məxsus yazıq bir görkəmə düşdü.
– Özünüzü üzməyin, xanım, bu baş tutan sevda deyil. Unutmayın ki, şahzadənin əlində, ayağında bizim sevimli şairimiz Aleksandr Sergeyeviç Qriboyedovun qanı var…
– Qraf, şahzadə ara vuran erməni deyil ki, əlini nahaq qana bulaya. Bütün saray əyanları, bütün Rusiya bilir ki, nahaq qanın baiskarı, daha doğrusu, Qriboyedovun faciəli ölümünün səbəbkarı şah sarayının xəzinədarı Yakov Markaryan və ştabs-kapitan Məlik Şahnazaryandır. Allah eşqinə, yalvarıram sizə, qraf, mənim yanımda şahzadə haqqında pis fikirlər söyləməyin. Özünüz şahidsiniz ki, əlahəzrət imperator onu necə lütfkarlıqla qəbul etdi. İranın bütün günahlarını ona bağışladı.
– Şahzadə isə əvəzində dünyanın ən qiymətli almazlarından Rusiyaya hədiyyə etdi.
– Siz muzey eksponatı olacaq soyuq almazı görürsünüz. Siz necə də daş qəlblisiniz, İlahi, amma şahzadənin gözəlliyini yox,- deyib qrafinya Olqa Lixarayeva sakit addımlarla müsahibindən uzaqlaşdı…
1829-cu il oktyabrın 18-nə kimi Peterburqda qonaq olan şahzadə Xosrov Mirzə Qacar bütün ali dairələrdə beləcə məhəbbətlə sevilirdi. Otuzuncu ilin əvvəllərində Tiflisə gələn şahzadə sağ-salamat Vətəni İrana qayıtdı.

İRANA QAYIDIŞ

İrana qayıdan şahzadə yolunu Qarabağdan saldı. Qafqaz canişininin əmri ilə Şəkinin, Şirvanın və Qarabağın adlı-sanlı bəyləri, ağaları onun pişvazına çıxmışdılar. O vaxt Tərtərdə yerləşən Azərbaycan alayının süvariləri Gəncə xanlığının sərhədinə qədər şahzadəni təntənə ilə yola saldılar.
Görkəmli maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır:
“Həsən bəyin əmisi Rəhim bəy başqa Şirvan əsilzadələri ilə birlikdə Peterburqdan qayıdan İran şahzadəsi Xosrov Mirzəni qarşılamağa göndərilmişdi.
Rəhim bəy bahalı atlas paltarlar və qiymətli daş-qaşla bəzənmiş cavan şahzadəyə baxaraq yanında duran adama demişdi: “Məndən olsa, bu şahzadənin əyninə gödək və rahat arxalıq geyindirərdim, onu yəhərlənməmiş atın belinə mindirib idarə edəcəyi ölkəni öyrənməyə göndərərdim. Bax, onda əsl padşah olardı…”
1830-cu il fevralın 15-də Tehrana qayıdan şahzadəni babası Fətəli şah səmimiyyətlə qəbul etdi. Xosrov Mirzə rus imperatoru I Nikolayın təşəkkür məktubunu şaha təqdim etdi. Məktubun məzmunu ilə tanış olan Fətəli şah dərhal əmr verdi ki, saray əyanları toplansın, əlahəzrət imperatorun məktubu hamı üçün
ucadan oxunsun. İmperator qısa məktubunda yazırdı:
“Mənə çox xoş oldu ki, Siz – əlahəzrət İran və Rusiya əlaqələrinin möhkəmlənməsi üçün məhz şahzadə Xosrov Mirzəni seçmisiniz. Rusiyada qısa müddətli qalmasına baxmayaraq, şahzadə tərifə layiq xasiyyətləri ilə yalnız mənim yox, ümumən onu tanıyanların hamısının məhəbbətini qazandı. Mən Sizi çox böyük ümidlər verən nəvənizə görə təbrik edirəm. O, burada özünü Sizin sevimli övladınız vəliəhd Abbas Mirzənin layiqli oğlu kimi göstərmişdir. Sonra Xosrov Mirzəni Sizin xüsusi diqqət və mərhəmətinizə tapşırmağı özümə borc bilirəm”.
Səfərini uğurla başa vuran, İranı Rusiya ilə üçüncü müharibədən xilas edən şahzadə Xosrov Mirzənin şan-şöhrəti nəinki sarayda, bütün İranda artdı. Şah baba ona rəiyyət qızının övladı kimi yox, indi əsl Qacar nəslinin layiqli oğlu kimi münasibət bəsləyirdi. Şahzadənin uğurları atası vəliəhd Abbas Mirzəni daha çox sevindirirdi.
Şahzadə Xosrov Mirzə 1875-ci il ramazan ayının 21-də Həmədanda altmış iki yaşında vəfat etdi. Onu hörmət və ehtiramla Kərbəlada dəfn etdilər. Şahzədə 1813-cü ildə anadan olmuşdu. Özündən sonra onun Məmmədəli Mirzə adlı oğlu və Şükriyyə Afaq adlı dünya gözəli kimi tanınan qızı qaldı.
Vəliəhd Abbas Mirzənin kəniz arvadı Xırda xanımdan olan şahzadə Xosrov Mirzə Qacar rus-İran əlaqələri tarixində həmişə məhəbbətlə xatırlanır və yenə də xatırlanacaqdır.
Qırx il sonra (1869-cu ildə) Ģahzadə ilə görüĢlərini qələmə alan rus qrafı A.D.Buludov yazırdı:
“Şahzadə Xosrov Mirzə doğrudan da gözəl bir gənc idi. Onun ağlı və xarici görünüĢü adamı heyran edirdi. O vaxtdan qırx il keçsə də Ģahzadənin qara nüfuzedici gözlərini mən indi də unuda bilmirəm”.
10 mart 1992-ci il

GENERAL ƏLİYAR BƏY MEHDİ OĞLU
HAŞIMBƏYOV
(1856-1920)

Qədim Dərbəndin əsil-nəcabətli Azərbaycan ailələri bir neçə şöhrətli generallar yetişdirmişdir. Zaqatala mahalında anadan olsa da general-leytenant Balakişibəy Ərəblinski ömrünün çox hissəsini Dərbənddə yaşamışdır.General Nemətulla bəy Heydərov, qardaşı kapitan Minətulla bəy Heydərov, şiə təriqətli istefada olan polkovnik Hacıbəy Sadıqov, hörmət və izzət sahibi Mirzə bəy Ağası bəy oğlu, hazırda qərbi Tabasaranın naibi Mirzə Mehdiqulu bəyin oğlu, Qarsda qoşun rəisinin müavini kapitan Əliyar bəy Haşımbəyov və başqa görkəmli hərbçi oğullar Dərbənddə dünyaya gəlmişlər.
Mirzə Həsən əfəndi Əlqədari
“Asari-Dağıstan” əsəri, 1891-ci il

Məşhur alim-şair Mirzə Həsən əfəndi Əlqədarinin (1835-1910) kitabından götürdüyümüz epiqrafda adı çəkilənlərin hamısı XIX əsrdə Dərbənddə doğulub boya-başa çatmış Azərbaycan oğullarıdır. General-leytenant Balakişi bəyƏrəblinski (1828-1902) əslən Zaqatalanın Tala kəndində dünyaya gəlib. 1898-ci ildə istefaya çıxdıqdan sonra Dərbəndə indiki Kommunarlar küçəsində mülk tikdirib ömrünün sonuna kimi orada yaşamış və Qırxlar qəbirstanlığında dəfn olunmuşdur. Dərbəndin on kilometrliyindəki “Ərəblinski stansiyası”nı da o saldırmışdır. Stansiya yaxınlığındakı eyni adlı qəsəbə də onun adınadır. Hazırda həmin qəsəbədə üç min beş yüzdən çox azərbaycanlı ailəsi yaşayır. O, məşhur xeyriyəçi-milyonçu H.Z.Tağıyevin qaynatası idi.
İkinci adı çəkilən general-mayor Nemətulla bəy Qasım bəy oğlu Heydərovdur (1827-1904). O da azərbaycanlıdır. Hazırda onun nəslinin davamçıları Bakıda və Dərbənddə yaşayır .
1891-ci ildə Mirzə Həsən əfəndi Əlqədari “Asari-Dağıstan” əsərini yazanda Əliyar bəy Haşımbəyov kapitan rütbəsində idi. Onun nəsil-nəcabəti Dərbənd yaxınlığındakı Kürə nahiyyəsindəndir. Ata-babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov (1806-1878) Kürə nahiyyəsinin hakimi olmuşdur.
Generalın ailəsi XIX əsrin əvvəllərində Bakıya köçmüş, 1856-cı il martın 8- də Əliyar bəy Haşımbəyov da Bakıda anadan olmuşdur. İlk təhsilini Ədadiyyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki piyadalar məktəbinə daxil olmuşdur.
Hərbi xidmətinin otuzuncu ilində – 1908-ci il dekabrın altısında generalmayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Ordudakı qüsursuz xidmətinə görə 1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli “Müqəddəs Anna”, 1895-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna” və 1904-cü ildə “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunmuşdur.
Polkovnik Əliyar bəy Haşımbəyov Birinci Dünya Müharibəsində üçüncü Qafqaz araba-karavan briqadasının komandiri olmuşdur. On yeddinci ildə istefaya çıxan general Əliyar bəy 1918-ci ildə Azərbaycan Milli Ordusunda könüllü xidmətə başlamışdır. Az müddət Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirinin müavini vəzifəsində işləyən general-mayor Əliyar bəy Haşımbəyov 1919- cu ildə Müdafiə Nazirliyində Hərbi İntendant idarəsinin rəisi, 1920-ci ilin əvvəllərində isə Zaqatala qəzasının general-qubernatoru vəzifəsində olmuşdur.
General-mayor Əliyar bəy Haşımbəyovu 1920-ci ilin iyun ayında bolşeviklər güllələmişlər.

GENERAL ƏBDÜLHƏMİD BƏY QAYTABAŞI
(1884-1920)

Tarix yoxdur. Tarixi yaradan şəxsiyyətin bioqrafiyası var.
Ralf Emerson
Amerikalı filosof-tarixçi

Doğrudan da, bir başa deyilmiş olsa da, bu sözlərdə böyük həqiqət var.
Hansı müharibənin və ya ölkənin tarixini şəxsiyyətin qəhrəmanlıq bioqrafiyası olmadan yazmaq mümkündür? Şübhəsiz ki, heç birinin. Ona görə də bir mənalı da olsa, tarixi yaradan şəxsiyyətlərdir desək, səhv etmərik. Çünki müharibələrin tarixi yazılanda mütləq ölkənin padşah və ya sərkərdəsinin də bioqrafiyasına müraciət olunur.
Son illərdə aparılan tədqiqatların sayəsində unudulub yaddan çıxmış xeyli sərkərdə adları xalqımıza qaytarılmışdır. Ötən XIX və XX əsrlərdə yaşamış generallarımızın əksəriyyətinin adı və fəaliyyəti bizə məlum deyildi. Sovetlər dövründə “Tamamilə məxfidir” qovluqlarında saxlanan general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı da unudulmuşlardandır.
Bolşeviklər təkcə Əbdülhəmid bəyi yox, iyirminci ildə müsavat generalı olduqlarına görə güllələdikləri Əmir Kazım Qacarın, Feyzulla Mirzə Qacarın, Məhəmməd Mirzə Qacarın, Məmməd bəy Sulkeviçin, İbrahim ağa Usubovun, Həbib bəy Səlimovun, Murad Gəray bəy Tlexasın, Davud bəy Yadigarovun, Əlyar bəy Haşımbəyovun, Firidun bəy Vəzirovun, İbrahim ağa Vəkilovun ömüryolunu xalqımızdan gizlədiblər.
Aparılan tədqiqatlardan məlum olur ki, yalnız 1920-ci ilin aprel çevrilişinə qədər İmperiya və Müsavat ordusunda altmış doqquz azərbaycanlı general olmuşdur. Dini müsəlman, milliyyəti azərbaycanlı olduğuna görə sovetlər dövründə onların haqqında danışmağa, yazmağa qadağa qoyulmuşdu.
Onların sırasında ən gənc general Əbdülhəmid bəy Qaytabaşı idi.
Türkiyənin İstanbul şəhərindən Tiflisə köçmüşdür. Alay başçısı olduğuna görə ona
Xaytabaşı titulu verilmişdir. Ruslar onun Xaytabaşı soyadını sənədlərində səhvən, təhriflə Qaytabaşı kimi yazmışlar. Sonralar rəsmiləşən bu nadir soyad 1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy güllənənə qədər işlənmişdir. Bir möcüzə ilə arxivdə qarşıma çıxan sənədlərə baxıram, az qala gözlərimə inana bilmirəm.
General-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı. Doğum təvəllüdü 10 iyul 1884-cü il.
Güllələnib: 1920-ci ilin iyun ayında cəmi-cümlətanı otuz altı yaşında…
1918-1920-ci illərdə Milli ordumuzun sıralarında şərəflə xidmət edən ən yaxşı generallardan biri idi Əbdülhəmid bəy.
Düzü, Adama nağıl kimi gəlir bu yaşda sərkərdə rütbəsi almaq. Görünür, o qarışıq illərdə azadlıq və istiqlaliyyət uğrunda çalışanları zaman özü yetişdirib və təltif edib. Onların cəngavərliyi anadan gəlmə qanuni bir hal olub. Dövr onları yetişdirəndə yaşa yox, başa və bacarığa qiymət verib.
Yunker Əbdülhəmid bəy Peterburq yaxınlığındakı Pavlovsk hərbi məktəbini bitirib. 1906-cı il fevralın 23-də on altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayıb.
Azərbaycan Mərkəzi Dövlət arxivində yunker Əbdülhəmid bəy Qaytabaşının həmin ildə bacısı, şahzadə Mələk xanım Qacara yazdığı məktublar, 97 saylı vəsiqə, dərslərə davamiyyəti haqqında qeydlər və konspektləri saxlanılır.
Qovluqda yunker Əbdülhəmid bəy Qaytabaşının 1905-ci il avqustun 22-də komandirinə yazdığı raport da qalıb.
“Bildirirəm ki, yay tətili zamanı Ryazan quberniyasına, orada yaşayan yeznəmgilə getmişdim. Mən orada olarkən Tiflisdən teleqram aldım. Teleqramda göstərilirdi ki, bacım ölüm yatağında olduğuna görə təcili Tiflisə getməliyəm.
Dərhal yola düşdüm və yeznəmdən xahiş etdim ki, bu barədə mənim rəislərimə xəbər versin. Mən Tiflisə gələndən cəmi bir gün yarım sonra bacım vəfat etdi. Mən onun yeganə qardaşı kimi, bacımın dəfni ilə bağlı qayğıları öz üzərimə götürdüm.
Bu müddətdə mən özüm də xəstələndim və dərhal mənim müalicə olunmağım barədə raportla komendant idarəsinə müraciət etdim. Xəstə halda iki gün orada qalandan sonra hələ tam sağalmamış olsam da, sürət qatarı ilə Tiflisdən yola düşdüm. Mən bu barədə komendant idarəsinə məlumat vermişdim. Hərbi məktəbə xəbər çatdırmaq məsələsinə gəldikdə isə, mənə dedilər ki, bu barədə narahat olmayım.
İkinci rotanın yunkeri Əbdülhəmid həy Qaytabaşı”
Çox da qalın olmayan qovluğu vərəqləyir, sənədlərlə tanış oluram. Hansı bir möcüzədənsə generalın atası Şərif bəyin də az saylı sənədləri burda var. 1835-ci il oktyabrın 26-da Tiflis quberniyasında anadan olmuş podpolkovnik Şərif bəy Abdulla bəy oğlu Qaytabaşının “Tam xidmət kitabçası” burdadır. 1890-cı il aprelin 19-da tərtib olunmuş sənəddə süvari qoşunlarında Şərq dillərinin tərcüməçisi, podpolkovnik Şərif bəyin şərəfli döyüş yolu, aldığı orden və medalların qeydiyyatı öz əksini tapıb.
Podpolkovnik Şərif bəy döyüş xidmətinə görə dördüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Anna”, ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav” kavaler ordenləri və bir neçə medallarla təltif olunub.
Sənəddə göstərilir ki, podpolkovnik Şərif bəy Qaytabaşı iki dəfə evlənib.
Həyat yodaşı vəfat etdiyinə görə ikinci nigahda o, Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağa oğlunun qızı Xədicə xanımla ailə qurub. İkinci nigahdan olan Əbdülhəmid ailənin yeddinci övladıdır.
Əbdülhəmid bəy Birinci Dünya müharibəsi illərində iki yüz beşinci Şamaxı piyada alayında ştabs-kapitan rütbəsində döyüşlərdə iştirak edib. 1916-ci il martın altısında dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni (qılınc və bantla birgə) ilə təltif olunub.
6 mart 1918-ci il, Tiflis şəhəri. Yenicə yaranan Müsəlman korpusunun komandanı, general-leytenant Əliağa Şıxlinskinin əmri:
“Polkovnik Əbdülhəmid bəy Qaytabaşı Müsəlman Korpusunun Qərargah rəisi təyin edilsin!”
Mart ayının 28-dək həmin vəzifədə çalışan Əbdülhəmid bəy 1918-ci il noyabrın 15-də Hərbiyyə naziri Səməd bəy Mehmandarovun iki nömrəli əmri ilə Hərbi nazirliyinin növbətçi generalı kimi məsul vəzifə daşımışdır.
1919-cu il iyunun 25-də isə Respublika Nazirlər Şurasının qərarı ilə Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı general-mayor rütbəsi ilə təltif olunmuşdur.
Səksən ildən çox bağlı qalan saralıb-solmuş sənədlərdən məlum olur ki, peşəkar hərbçi kimi Milli Ordu quruculuğunda Əbdülhəmid bəyin əvəzsiz xidmətləri olmuşdur. Şəxsi heyətin təşkili, Baş Qərargahda növbətçilik sistemi, yeni hərbi idarə və hərbi müəssisələrin yaradılması üçün var qüvvəsi ilə çalışmışdır.
General Əbdülhəmid bəy Qaytabaşı 1920-ci ilin mart ayında yazırdı:
“Cəmi bir il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü.
Öhdəmizə düşən bütün vəzifələri qərargahın digər üzvləri ilə birlikdə vicdanla, namusla və yorulmadan yerinə yetirdik”.
General-mayor Əbdülhəmid bəy Qaytabaşı 1920-ci il aprelin 30-da bolşevik ordusunda müvəqqəti Qərargah rəisi təyin edilib. Həmin ilin iyun ayında Gəncə üsyanına görə günahlandırılıb güllələnmişdir.
1999-cu il iyunun 26-da Bakıda yaşayan general Əbdülhəmid bəyin bacısı nəvəsi Validə xanım Ələşrəf qızı Zeynalova ilə görüşdüm. 1922-ci ildə anadan olan Validə xanımın generalın ailəsi haqqında az da olsa məlumatı vardı. Xeyirxah müsahibim XIX əsrin sonlarında çəkilmiş üç nadir foto-şəkli mənə bağışladı. Fotoşəkillərdə general Əbdülhəmid bəyin anası Xədicə xanım Mirzə Əliağa qızı, oğlu Əbdüllətif bəy və Əbdülhəmid bəy uşaq vaxtı təsvir olunub.

GENERAL FİRİDUN BƏY VƏZİROV
(1850-1925)

1985-ci ildə Tiflis arxivində general Firidun bəy Vəzirov haqqında saxlanan qısa məlumatlarla tanış oldum. Böyük bir sərkərdənin tərcümeyi-halını oxuculara belə natamam şəkildə çatdırmaq istəmirdim və inana da bilmirdim ki, indiyədək generalın bir doğması qalmamış ola. Bakıya qayıdanda tarix muzeyinə gedib onun əməkdaşlarından kömək istədim. Nərmin xanım Tahirzadə dedi ki, general Firidun bəyin qızı Nigar xanım Bakıda yaşayır.
Nigar xanım çox şeyləri xatırlaya bilmirdi. Yetmiş illik sərt rejimli vahimə onun yaddaşından çox əhvalatları silib aparmışdı. İllərin ağrı-acısı yaşı doxsanı keçmiş ananı yumağa döndərmişdi. Nəvəsi Erazm köməyinə çatdı. Babası Firidun bəyin və nənəsi Zeynəb Səlim qızı Vəzirovanın iki fotoşəklini tapıb mənə hədiyyə elədi.
– Erazm, – dedi, – arxiv sənədlərində nənən Zeynəbin adı Zinaida Səlimovna Kriçinskaya kimi yazılıb. Yəqin ki, bunun da bir səbəbi var?
– Əlbəttə, var. Nənəm milliyyətcə Litva tatarıdır. O, istefada olan polkovnik Səlim bəy Kriçinskinin qızıdır. Sizin arxivdə rast gəldiyiniz onun qız ad-familidir.
Babam yeddinci Belorus qusar alayında ştabs-rotmistr rütbəsində qulluq edəndə evləniblər. Evlənmə mərasimində babam onun ad-familini müsəlman ad-famili ilə rəsmiləşdirib. Nənəm də babamla birgə rus qoşunlarının tərkibində 1877-78-ci illərdə iştirak edib. Bunu o illərdən yadigar qalan iri ölçülü bir fotoşəkil də təsdiq edir. Babam Firidun bəy Vəzirov əla döyüş xidmətlərinə görə bu müharibədə kapitan rütbəsindən mayora qədər yüksəlmiş və alay komandiri vəzifəsinə təyin olunmuşdur.
Nəslən Tiflis zadəganlarından olan babam otuz səkkiz il imperiya ordusunda xidmət etdikdən sonra general-mayor rütbəsində istefaya çıxmışdır.
1906-cı ildən Tiflisdəki doğma ata-baba mülkündə yaşamış və azərbaycanlıların nəfinə təşkil olunmuş xeyriyyə cəmiyyətində ictimai fəaliyyətini davam etdirmişdir.
1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-mayor Firidun bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəldi. Məktub altmış doqquz yaşlı generalın əhvali-ruhiyyəsinə xoş təsir bağışladı. Məktubda deyilirdi:
“Çox hörmətli general Firidun bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız – Xalqımızın sərkərdə oğlu kimi, yəqin ki, bu şad xəbərə, Siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə olsa da, Baş Qərargah yaradılmasına nail olduq.
Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün Dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün Siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də xahiş
edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.
Hörmətlə: Baş Qərargahın
növbətçi generalı, polkovnik
Əbdülhəmid Bəy Qaytabaşı”

Bu səmimi məktubu alan general dərhal ailəsi ilə birgə Bakıya köçmüşdü. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firidun bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunmuşdur. Lakin 1920-ci ilin aprelində bolşevik-daşnak qoşunlarının gəlişi ilə digər milli generallarımız kimi Firidun bəyin də qismətinə acı bir ədalətsizlik qismət oldu. Həmin ili mayın 31-də Gəncə üsyanının iştirakçısı kimi komissar Çingiz İldırımın otuz altı saylı əmrilə vəzifədən azad edilib. Baş qərargahın sərəncamında saxlanılır.
Milli Təhlükəsizlik Nazirliyinin arxivində general Firidun bəyə məxsus iki min bir saylı şəxsi iş saxlanılır. Buradakı sənədlər 1921-ci il iyunun 2-də AzÇeKa tərəfindən həbs olunub istintaq aparılan generala məxsusdur. İstefada olan yetmiş bir yaşlı general Firidun bəy Vəzirov “İslam” partiyasının agenti kimi ittiham olunur. Ona Tiflisdəki dədə-baba malikanəsinə, çar və müsavat ordusundakı xidmətlərinə görə irad tutulur. Əslində isə bir il əvvəl olmuş Gəncə üsyanı ilə bağlı şübhəli şəxs kimi sorğu-suala tutulduğu aydın hiss olunur. İyunun on səkkizində generaldan rus dilində belə bir izahat alınıb:
“Müsavat vaxtı mən Bakı şəhər komendantı idim. Bu vaxta qədər Tiflisdə yaşayırdım. 1919-cu ildə müsavat hökumətinin dəvətilə Bakıya gəldim və Sovet hökuməti Azərbaycana gələnə qədər həmin vəzifədə işlədim. Nə müsavat vaxtı, nə də Sovet hökuməti gələndən sonra mən heç bir partiyanın üzvü olmamışam.
Nikolay ordusunda otuz səkkiz illik xidmətimdə süvari qoşunlarında qulluq etmişəm. Sovet hökumətinin Azrəbaycana gəlişindən sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlanılmışam. Beş-altı ay əvvəl isə yoldaş Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışmışam. Burada olanda xidməti işimlə əlaqədar üç qəzada ezamiyyətdə olmuşam: birinci dəfə Gəncədə, ikinci dəfə Zaqatalada və üçüncü dəfə isə Qazaxda.
Sual: – Gəncədə kimlərlə görüşdünüz və tanıdığımız müsavat liderləri ilə əlaqələriniz varmı?
Cavab: – Gəncədə mən keçmiş mülkədar Ağasıbəyovu, Qoşqarovu, Usubbəyovu, Seydəli Mir Kazımbəyovu tanıyırdım. Bunlardan başqa Gəncədə tanıdığım adam yoxdur. Xəlil Şakirov adlı şəxsi tanımıram və heç vaxt da onunla görüşməmişəm. Müsavat liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Nə qədər ki, Bakıda, Azərbaycanda olmuşam həmişə də hərbi xidmətimlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz “İttihad-islam” və “Turanın böyük İslamı” partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm.
Oxudum: general Firidun bəy Vəzirov

İmza atan general sonda öz dəsti-xəttilə belə bir cümlə də yazmışdır: özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm.
1921-ci il iyunun on doqquzunda Azərbaycan Respublikası Xalq Komissarları sovetinin sədri Nəriman Nərimanovun və katibinin imzası ilə Fövqəladə komissiyanın komendantının ünvanına min altı yüz iyirmi saylı order göndərilib. Orada oxuyuruq: “Sizə tapşırılır ki, bu orderi alan kimi vətəndaş Firidun bəy Vəzirovu (keçmiş generalı) həbsdən azad edəsiniz”.
Ancaq “sapı özümüzdən” olan baltalar yatmamışdılar. Onlar ideya qardaşı olan bolşevik-daşnak havadarlarının köməyi ilə özümüzün sağlam kökümüzü doğrayırdılar.
1925-ci ildə bolşevik orqanı olan “Qızıl əsgər” jurnalının dördüncü sayında Dağlı Əli Hüseyn adlı birisi “Müsavat zamanında necə işləyirdik?” sərlövhəli yazı ilə çıxış etdi. Cəmi üç səhifəlik yazısında o, 1919-1920-ci illərdə Xankəndində, Qusarda və Bakıda müsavat ordusunda bolşevik təbliğatı aparmasından, agent kimi ruslara quyruq bulayıb xəbər daşımasından fəxrlə yazır. Milli qeyrətli zabit və generallarımıza qara yaxan Dağlı Əli Hüseynin yazısının bir yerində oxuyuruq:
“Nəhayət, Rusiya ordusu Azərbaycan sərhədlərinə yaxınlaşır. Bakı proletariyası inqilab ruhu ilə qaynaşır və 29 aprel yetişir. Mən o zaman Bakı mövqe komandanlığında xidmət edirdim. Tağımımız qırmızı ordunu qarşılamaq üçün vağzala getmək istəyirdi. Hərəmiz döşümüzə bir parça qırmızı taxmışdıq. Bu zaman mövqe komandiri general Vəzirov Firidun bəy idarəyə girdi. Bu dəfə çavuş tərəfindən diqqət komandası verilmir. General məndən xəbər aldı:
– Əli Hüseyn, bu nə xəbərdir. Döşlərinizdə qırmızı nədir? Mən cavab verdim:
– Bu gündən etibarən sizlər yox, bizlər ordu təşkilində olacağıq. Bizlər mövqe komandiri vəzifəsini daşıyacağıq.
General Firidun bəy Vəzirov bu sözləri eşidib başını aşağı saldı və bayıra çıxdı”.
Namərd Dağlı Əli Hüseynin yazısından sonra general yenidən həbs edilir.
Bu dəfə onun imdadına çatan olmadı. 1925-ci il iyunun 30-da yetmiş beş yaşında onu güllələdilər. Nəriman Nərimanov kimi qeyrətli, milli təəssübkeşli oğlumuz həmin ili martın 19-da Moskvada vəfat etmişdi. Azərbaycanda Kirov, Mirzoyan, Sərkis Danilyan, Əliheydər Qarayev kimi pambıqla baş kəsənlər at oynadırdılar.

***

Yazımızın əvvəlində qeyd etmişdik ki, istər Tiflis arxivində, istərsə də generalın qızı mərhum Nigar xanımda atası haqqında çox qısa məlumatlar vardı. O vaxtdan aylar, illər keçirdi. Çoxsaylı ziyalı ailələrinin qocaman nümayəndələri ilə görüşəndə söhbət zamanı general Firidun bəy Vəzirov haqqında da soruşurdum. Nə arxiv sənədlərindən, nə də görüşdüyüm adamlardan general haqqında heç bir soraq ala bilmirdim.
Ötən ilin (2003-cü ildə) payızında hansı bir xeyirxahınsa Mərkəzi Dövlət Tarix muzeyinə general Firidun bəy Vəzirovun sənədlərini təqdim etdiyindən xəbər tutdum. Bu qiymətli sənədləri vərəqləyəndə istər-istəməz nə vaxtsa, kiminsə dediyi zərb-məsələ dönmüş sözlər ürəyimdən keçdi: “Əlyazmalar heç vaxt yanmır”. Bu doğrudan da belədir.
General-mayor Firidun bəy Cəlal bəy oğlu Vəzirovun “Hərbi xidmət kitabçası”ndan sətirlər:
1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət xanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır.
1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir.
Hərbi xidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır.
1877-ci ildə Tver-Draqun alayında xidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaxınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildonümü şərəfinə gümüş medalla mükafatlandırdılar. Müharibədən sonra xidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçdilər.
1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi xidmətdə olan Firidun bəy Vəzirov 1906- cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Həmin il ordudan tərxis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Mixaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz xidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli “Müqəddəs Anna”, 1893-cü il iyunun 15-də ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli “Knyaz Vladimir”, 1902-ci il avqustun 1-də ikinci dərəcəli “Müqəddəs Anna”, 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli “Knyaz Vladimir” ordenləri ilə təltif olunmuşdur.
General-mayor Firidun bəy Vəzirova məxsus sənədlər arasında birisi diqqətimizi xüsusilə çəkdi. Rus və ərəb əlifbasında yazılmış “Beşik mahnıları”. Məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuxa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi xidmətdə olmasına baxmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saxlaya bilib.

POLKOVNİK DANİYAL BƏY HƏLLƏCOV
(1876-1920)

İyirminci ildə şəhid olmuş bir milli ordu sərkərdəmizin sorağı ilə 1985-ci ilin noyabrında Tiflisə getdim. Sorağı mənə jurnalist dostum Seyfulla Cəfərli vermişdi. Polkovnik Daniyal bəy Abdulla bəy oğlu Həlləcovun qızı Leyla xanımı evdə tapa bilmədim. O, Kutaisiyə hüzr yerinə getmişdi. İrena adlı mehriban bir qadın məni çox səmimi qəbul etdi. Elə ki, polkovnikin adını çəkdim, bütün müsahiblərimdə olduğu kimi onu da bərk təəccüb hissi bürüdü. Mən onu çox yaxşı başa düşürdüm. Yarım əsrdən çox keçən bir müddətdə birdən-birə bolşeviklərə qarşı vuruşmuş sərkərdənin ömür yolu ilə maraqlanmaq, əlbəttə, hamını təəcübləndirə bilərdi. Özü də 1985-ci ildə, hər dəfə çar və müsavat generallarının uzaq, ya da yaxın qohumlarını axtarıb tapanda belə təəccübləri çox görmüşdüm.
İrena xanımı şübhələrdən qurtarmaq üçün “Seyfullanın dostuyam”, – dedim, – “Qohumunuzun Sizə salamı var, ünvanınızı da ondan almışam…” Onda İrena xanım sevincindən bilmədi, məni harda oturtsun.
Bayaqkı təəccübünə və şübhəsinə görə zadəgan xanımlarına məxsus incəliklə dönə-dönə üzrxahlıq etdi. Uzun illər keçməsinə baxmayaraq, danışığında, davranışında bəy və zadəgan nəslinə məxsus yaxşı nə varsa, bu səmimi xanım özündə saxlaya bilib. Belə saf keyfiyyətləri hələ də yaşadan ana və bacılarımızı görəndə, istər-istəməz adam hədsiz qürur hissi keçirir. Sevinirsən ki, bu saf bulağın gözü hələ tutulmayıb. Gələcək qızlarımıza onlar ülvi əxlaqı, gözəl və zərif
davranışı ilə hələ çox şey verə bilərlər.
Evdə polkovnikə məxsus nə qalmışdısa, İrena xanım səxavətlə mənə göstərdi. Üstəlik də eşidib-bildiklərini nəql etdi. Divardan asılan rəngli rəsm işinin də polkovnikə məxsus olduğunu fəxrlə bildirdi.
Daniyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olub. Ailəsində altı övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdi. İki oğlu Qaraəli bəy və Murtuzəli bəy Peterburq Universitetinin hüquq fakültəsini, Bəşir bəy isə həmin universitetin Şərq dilləri və hüquq fakültələrini bitirmişdir. Ən kiçik Məhəmməd bəy Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini qurtarmışdır (sonralar Sosialist Əməyi Qəhrəmanı olmuşdur). Ailənin yeganə qızı Məryəm isə Tiflisdəki Müqəddəs Nina Qızlar İnstitutunun məzunu idi.
Yalnız ailənin üçüncü oğlu özünün arzusu ilə hərb sənətini seçmişdi.
Daniyal bəy Stavropoldakı ədadiyə (realnı) məktəbini bitirdikdən sonra bu qərara gəlmişdi. Sonra Peterburqdakı üçillik Mixaylov topçuluq məktəbində oxumuşdu.
Artilleriya məktəbini əla bitirən podporuçik Daniyal bəy Qars viləyətinin Cəlaus şəhərciyində yerləşən otuz doqquzuncu artilleriya briqadasına xidmətə göndərildi.
Bu briqadada on ildən çox xidmət edən Daniyal bəy ştabs-kapitan rütbəsinə qədər yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk Qamboriyə köçürüldü. Cahan müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci
ildə uzunmüddətli müalicə məzuniyyətinə buraxılır. Dədə-baba vətəni Balakəndə yaşayır. Bununla da imperiya ordusunda xidmətini polkovnik rütbəsində başa vurur. 1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafiə Naziri general Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir müavini təyin olunur.
Axşam mehmanxanada İrena xanımdan aldığım qeydlərə bir daha göz gəzdirdim. Əlbəttə, onların azlığı məni məyus etdi. Nə vaxt qayıdacağı məlum olmayan Leyla xanımı gözləməyi qət etdim. Vaxt bolluğundan istifadə edib, Qori Seminariyasının arxivində araşdırmalar apardım. Həmsənət dostlarımla görüşüb Tiflisdə anadan olmuş general Firidun bəy Vəzirovun (1850-1925) heç olmasa bir qohumunu tapmaq, görüşmək istədim. General Vəzirov da 1919-20-ci illərdə milli ordumuzda xidmət edib. Hamı təəssüflə bildirdi ki, belə bir generalın adını ilk dəfə eşidir.
Ötən əsrin əvvəllərindən başlayaraq, bizim mütərəqqi fikirli ziyalılarımız Tiflisdə daha çox məskən salıblar. Ona görə də inqilaba qədərki ziyalılarımızın hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə bağlılığına rast gəlirsən. Təəssüf ki, belə görkəmli şəxsiyətlərimizin adları əbədiləşdirilmir. Olubqalan nişanələr isə bir yandan silinib itirilir.
General-topoqraf İbrahim ağa Vəkilovun ötən əsrin sonlarında tikdirdiyi şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl memarlıq abidəsi idi. İki göz istəyirdi, tamaşa eləsin. Bu evi mən 1983-cü ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem vasitəsilə axtarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ salamatdı, getdim, ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinin bir Allah, bir də mən şahidi oldum. Doxsan dörd yaşlı tənha qoca durub qara şkafın enli siyinnəsində saxladığı həmin evin fotoşəklini tapdı, dönə-dönə öpüb uşaq kimi kövrəldi.
İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. Soruşdum ki, bilirsiniz, bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar (Azərbaycan – Ş.N.) generalının.
Bu gəlişimdə də dözməyib evə yenə baş çəkmək istədim. Hansı gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bilirdim orada, o mülkdə, qarşısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun həsrətindədir. Üstəlik də Faris bəy danışmışdı ki, qapunızdakı ağacların hamısını atam Qarayazıdan, Salahlıdan gətirmişdi. Atam o ağaclarla həmişə həmsöhbət olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq şəhərlərə topoqrafiya çəkilişlərinə gedəndə onlara da salam yazardı. Anama, bizə dönə-dönə tapşırardı ki, ağaclar amanatdı, onlara vaxtında su verin, korluq çəkməyə qoymayın.
Veriyski körpüsünü keçib balaca dikdirə çıxanda gözlərimə inanmadım.
Generalın mülkü yox idi, yer üzündən silinmişdi, sanki burda heç belə şey olmayıbmış. Yalnız sahibsiz bağın ağacları qalmışdı. Məni qınamayın, mənə elə gəldi, o ağaclar yetim uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi gövdələrinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdığım mərhum Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” – pıçıldadım.
Başım üstündə göyə yüksələn ağacların yarpaqları xışıldadı. Küləkmi tərpətdi onları, yoxsa mənim gəlişimə sevinclə pıçıldaşırdılar? Deyə bilmərəm, bircə şeyi bilirəm ki, canıma od saldı o ağacların qürbətdə yetim qalmağı…
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə uçurublar? Cavab verdilər ki, guya yanından keçən yolu genişləndirmək istəyiblər, yol-zad da çəkməyiblər. Evi uçurduqlarına da peşman olublar…
Beləcə bizim tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinir. Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmir. O vaxt, 1983- cü ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə sahibinə dedim ki, Tiflisdə generalın evi qalır.
– Nə demək istəyirsən? – deyib boz-boz üzümə baxdı.
– Yaxşı olar, – dedim, Gürcüstan hökuməti ilə danışıb mülkə bir lövhə vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı İbrahim ağa Vəkilov yaşayıb. General İbrahim ağa Vəkilov tarixi şəxsiyyətdir…
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla:
– Fikirləşərik, – dedi, – indi vaxt yoxdur.
Təəssüf ki, bizim “ağıllı rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli vurub çayı keçdi”…
Həmin il Tiflisdə şahidi olduğum bir hadisəyə azərbaycanlı kimi hədsiz sevindim. İndi də unuda bilmirəm. Bir küçədən keçəndə kitab mağazası görüb içəri keçdim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Eşitmişdim ki, gürcülərin rusca danışan adamdan acığı gəlir. Mən də rusca soruşdum ki, sizdə tarixi mövzuda yaxşı kitab varmı? Saxlancın varsa, ver, neçəyə desən alaram. Oğlan üzümə baxıb, təmiz Azərbaycan dilində:
– Var, – dedi, – buyurun, alın, cavan yaşında Gəncədə vəfat etmiş şair Nikolaz Barataşvilinin həyatından sənədli povestdir. Alsanız, peşman olmazsınız.
Burda naxçıvanlı şairə Qönçəbəyim haqqında da maraqlı məlumat var.
– Azərbaycanlısanmı? – deyə sevinclə soruşdum.
– Yox, – dedi, – gürcüyəm, – fəxrlə – Meydanda yaşayıram. Bizim Meydanda yaşayan bütün millətlər Azərbaycan dilində mənim kimi təmiz danışırlar, hələ Sizin mahnıları da oxuya bilirəm, hər bazar günü saat ikidə “Muğamat saatı”nı səbirsizliklə gözləyirəm.
Dünən general İbrahim ağa Vəkilov mülkünün uçurulması qanımı qaraltmışdısa, bu gün dilimizə, musiqimizə olan hörmət məni göyün yeddinci qatına qaldırdı. Kitab mağazasından sinədolu sevinclə çıxdım.
Üç gün sonra Leyla xanım Daniyal bəy qızı Kutaisidən qayıtdı. Mən onun görüşünə getdim. Söhbət zamanı şahid oldum ki, İrena xanımdakı yüksək səviyyəli zadəgan zərifliyi ona xalası Leyladan keçmədir.
– Leyla xanım, – dedim, – Sizi, çoxusu, ona görə gözlədim ki, Azərbaycan Milli Ordusunun yaradılmasının şahidi olmusunuz. Buna yaşınız da imkan verir.
Üstəlik də hərbçi qızı olmağınız… O vaxt Sizin on beş yaşınız olub, demək, nəyisə xatırlaya bilərsiniz?
Hələlik sualımı bir yana qoyan müsahibimlə aramızda ərkyana belə bir söhbət oldu:
– Siz mənim yaşımı hardan bilirsiniz?
– Mənim dostum, Sizin qohumunuz Seyfulladan, – dedim.
– Kişinin qadının təvəllüdü ilə maraqlanmağı keçmişdə qəbahət sayılardı.
Mən də keçmişin adamıyam. Amma Sizə bağışlayıram. Ona görə ki, əvvəla, qonağımsınız, ikinci də, Siz cavansınız, mən isə qocayam – deyib ürək dolusu güldü. – Nə isə, keçək əsas mətləbə. Bakıda biz az yaşadıq. Tezliklə atamın xidmət yeri Gəncəyə dəyişdirildi. Atam Gəncədə iki dəfə işlədi: bir on səkkizdə, bir də iyirminci ildə.
On doqquzuncu ildə isə atamın Müdafiə naziri Mehmandarovla, müavinləri Əliağa Şıxlinski, general İbrahimağa Usubovla və şahzadə Əmir Kazım Mirzə Qacarla Azərbaycan ordusunun nümayişini qəbul etdikləri yadımdadır.
Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana, Türkiyəyə qaçırdı. Onda atam, xalalarım – Leyla, Tamara və mən Gəncədə yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi Balakəndə qoyub hara gedirəm. Getmədi. Atamın dayısı Livan Həlləcov Azərbaycan Xarici İşlər nazirinin müavini idi. O getdi İrana. İndiyə kimi də heç bir xəbər-ətər yoxdu.
Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm. Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tutdular.
Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin hərbi komendantı general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər.
Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və zabitləri buna razılıq vermirlər. Hamı bir səslə etirazını bildirir.
Oğul, Gəncə qırğınının ilkin səbəbi ermənilərin aravurması oldu. Daha çox onlar özlərini “qalib” kimi aparırdılar. Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan hissəsindən toplar və pulemyotlardan atəş başladı.
Yerli ermənilərin satqınlığı, xəyanəti tam üzə çıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi. Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli qatar stansiyanı ələ keçirtdi.
Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütün küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu. Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar.
Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm.
Belə vəhşiliyi ancaq sizin kommunistlər eləyə bilər, -deyib çox sərt sifətlə mənə baxdı.
– Mən kommunist deyiləm, Leyla xanım.
– Hə, nə yaxşı – deyib, təəccübləndi, – görürəm, bolşeviklərə qarşı vuruşan milli ordu sərkərdələri ilə də ona görə canfəşanlıqla material toplayırsan. Bu daha pis, səni elə kommunist olmadığına görə də dolaşdıra bilərlər.
– Leyla xanım, mənim yaşıdlarımın çoxusu ona görə kommunist olurlar ki, əllərinə vəzifə keçirsinlər. Mənim isə bu barədə iştaham koruşdur. Vəzifə sahibi olsaydım, üç gün Tbilisidə sizi gözləyə bilməzdim. Yoxsa, Bakıya qayıdan kimi məni vəzifədən qovardılar. Yaman sərtləşmişdik, az qala dalaşacaqdıq. Mənim kommunist olmamağım çulumu sudan çıxartdı, bizi barışdırdı.
1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı, – deyib köksünü ötürən Leyla xanım söhbətinə davam etdi. Atamdan isə heç bir xəbər yox idi.
Deyirdilər ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar, bolşeviklərə tabe olmaq istəmirlər. Bir azdan atamın həlak olması xəbərini eşitdik. Biz bir müddət zirzəmidə yaşadıq. Gəncədə vəziyyət çox pis idi. Əhalini milçək kimi qırırdılar: günahlını da, günahsızı da, həbsxanalar adamla dolu idi.
Yəqin, dostunuz Seyfulla Sizə demiş olar, atam həm də yaxşı rəssam olub. O dəhşətli ildə əsərləri it-bata düşdü. Bir neçəsini saxlaya bilmişəm: “Qars mənzərələri”, “Balakən dağları”… Qırx altı yaşında həlak olan polkovnik atamın bircə fotoşəkli qalıb, o da at üstündə Qars şəhərində çəkilib.
– Leyla xanım, o qarışıq vaxtda Balakənə necə gəlib çıxdınız?
– Çox çətinliklə, atamın bir dostu bizi xilas elədi. Anamın yanına Balakənə gəldik. Anamla atam 1904-cü ildə Qarsda evləniblər.
Anam briqada komandirinin qızı olub, milliyyətcə polyakdır. Felisin Stanislavovna Krinseviç-Qijdeu. Anam Varşavadakı məşhur zadəgan nəslindən idi.
Ailədə iki bacı idik; kiçik bacım Tamara uşaqkən vəfat edib.
– Yenə kinayəli zarafat edir – mənim isə üzüm bərkdi. Hələ də yaşayıram.
Bu il səksənin arxasını yerə vuracam.
Bütün bunları daxili təlatümlə, goz yaşlarını içində boğaraq damşan Leyla xanım söhbətimizin sonunda yenə zarafatından qalmadı.
– Özünü gözlə, oğul.
– Nədən, Leyla xanım? – dedim.
– DTK-dan, milisdən, adam güdənlərdən…
– Niyə ki, neyləmişəm?
– Sən heç nə eləməmisən, hələlik… Mənim isə ağzım qızışdı, çox şeyi danışdım. Dediyimin hamısını yazıb özünü xata-balaya salma.
– Çalışaram, Sizin istəyinizcə olsun, – deyib inamla söz verdim.
Leyla xanımla söhbətimiz 1985-ci il noyabrın 14-də olmuşdu. Bu tarixi mən cib  dəftərçəmdə də qeyd eləmişəm. Bu yazını isə 22 iyun 1992-ci ildə qələmə almışam. Leyla xanımın mənə tövsiyə elədiyi ehtiyata ehtiyac qalmadı.
iyun, 1992-ci il
Mərdəkan sanatoriyası

GENERAL-MAYOR ƏSƏDULLA XAN ƏBÜLFƏTHZADƏ
(? – 1918)

Naxçıvanın Şərurlu tayfasında Əbülfəth xanın ailəsində anandan olub.
İkinci Rusiya-İran müharibəsindən (1826-1828) və rüsvayçı Türkmənçay sülh müqaviləsindən (10 fevral 1828-ci il) sonra Rusiyanın zəbt etdiyi torpaqlarda vətən, torpaq təəssübü çəkən bir çox ziyalı tayfalar və ayrı-ayrı bəylər rus təbəəliyində yaşamağı özlərinə ar bilib İrana mühacirətə getdilər. Belə əsilzadə nəsillərdən biri də Əsədulla xan Əbülfəthzadənin ailəsi olmuşdur.
Əsədulla xan İrandakı Kazak diviziyasının əvvəllər sıravi əsgəri olmuş, uzun illər nümunəvi xidmətinə və dərin biliyinə görə general rütbəsi ilə təltif olunmuşdur.
Əsədulla xan Məşrutə inqilabının 1905-1911-ci illər ilk günlərində milyonlarla insanlara qoşulmuş Məmmədəli şahın əleyhinə çıxaraq Kazak diviziyasından istefaya çıxmışdır. 1908-ci il iyulun 24-də gecə məclis topa tutuldu.
Həmin gecə məşrutə inqilabının fəal müdafiəçilərindən biri kimi Əsədulla xan məclisi müdafiə etmişdir. Bundan sonra o, İranda milli azadlıq hərəkatının mücahidi kimi şöhrət qazandı.
O, 1909-cu ildə mücahidlərin Tehrana daxil olması üçün, azadxahların Tehran və Qəzvinə yürüşündə də fəal iştirak etmişdir. General Əsədulla xan Əbülfəthzadə Tehran fəth olunandan sonra idarə heyətinin təklifi ilə Şahzadə Məsud Mirzə Zilli Sultanla birgə Avropaya getmişdir.
İnqilab yatırıldıqdan sonra Əsədulla xan Əbülfəthzadə amerikalı Morqan Şosterin əvəzinə baş xəzinədar təyin olunur. Az müddət bu vəzifədə işlədikdən sonra, guya onun nəslinin və özünün Bəhayi təriqətinə mənsub olduğuna görə işdən azad edirlər. İran alimi Mehdi Bamdad yazır ki, Əsədulla xan Əbülfəthzadənin düşüncə və baxışları bu ehtimaldan çox-çox uzaqdır. Əsədulla xanın nəslinin Bəhailiklə heç bir əlaqəsi yoxdur. Çünki Bəhayi təriqətinin üzvləri heç vaxt siyasətlə məşğul olmamışlar. Əksinə, onlar bu işin tam əleyhinə olmuşlar.
Əsədulla xan isə kamilən siyasətlə məşğul olmuş, onun gördüyü işlər bəhayilər tərəfindən qadağan olunmuşdu. Əsədulla xanın fəaliyyəti bəhayilərin əqidəsinə tamamilə zidd idi.
1915-ci ildə ruslar Tehrana hücum edəndə Əsədulla xan Tehrandan Kirmanşaha mühacirətə getdi. 1916-cı ilin avqust ayında keçmiş Kazak diviziyasının polkovniki, yaxın dostu İbrahim xan Münşizadə (1878-1918) ilə birgə “Cəza komitəsi” yaratdı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Kərim Dəvatgər, dövlət buğda anbarının rəisi Mirzə İsmayıl xan Şirazi, Hüseyin Lələ, Ehsanulla xan, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat Hüseyin İmadulküttab və Hacı Zaman Kürdüstanı Bahadurüssəltənə də daxil oldular. Komitə üzvlərinin vasitəsi ilə əhalini soyub-talayan bir neçə nəfər öldürüldü. Bu vaxt Kərim Dəvatgər komitənin sirlərini açmaq fikrinə düşdü. Onu komitənin tapşırığı ilə yaxın dostu Rəşidüssultan öldürdü. Komitəyə təsadüfi, mənfəətgüdən və tamahkar adamlar da üzv oldular. Tezliklə Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı onun hiyləsilə komitə üzvləri Kürdüstanın Bani şəhərinə köçürüldülər. 1918-ci ildə onlar həbs edilib doqquz ay zindanda saxlanıldıqdan sonra azad edildilər. Həmin ili Həsən Vüsuqüdövlə baş nazir təyin olundu. Dərhal “Cəza komitəsi”nin bütün üzvləri həbs edildi. Hüseyin Lələni və Rəşidüssultanı dar ağacından asdılar. Komitənin başçısı Əsədulla xan Əbülfəthzadə və İbrahim Münşizadəni Gelata sürgün etdilər.
1918-ci ilin sentyabr ayında baş nazir Vüsuqudövlənin tapşırığı ilə Simnarla Damğan arasındakı yolda onları güllələdilər.
General Əsədulla xan Əbülfəthzadənin yaratdığı “Cəza komitəsi” cəmisi on ay fəaliyyət göstərdi.
Hər fərdin bioqrafiyası olduğu kimi, hər nəslin də özünə məxsus bioqrafiyası var. Bu bioqrafiyalar müxtəlif şəraitdən, müxtəlif tarixi dövrlərdən keçdiyi üçün müxtəlifdir. İnsanların taleyi olduğu kimi, nəsillərin də taleyi var.
Bu taleləri sonradan pisləmək, yaxud dəyişdirmək olmaz. Onların üstündən xətt də çəkmək olmaz. Onları necə varsa, eləcə də qəbul etmək lazımdır. Əgər sonradan gələnlər özlərindən əvvəlkiləri inkar etsələr, onu yoxa çıxartmağa çalışsalar, tarixin mərhələlərində bir boşluq əmələ gələr.
İsmayıl Şıxlı
Xalq yazıçısı

37-NİN GENERAL QURBANLARI

Yüksək sərkərdəlik qabiliyyətini Müsavat ordusunda qazanmış general Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, polkovnik Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Məmməd Veysov və başqaları otuzuncu illərdə hərbin çətin yollarında sürətlə irəliləyir, milli alay və diviziyalara komandirlik edirdilər.
Qeyri-adi bacarığa malik olan hərbçi oğullarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmməd bəy Sulkeviç, İbrahim ağa Vəkilov, Şahzadə Əmir Kazım xan Qacar, Həbib bəy Səlimov kimi qüdrətli generallarımızın şinelindən “çıxmışdılar”.
Azərbaycan sərkərdələrinin ildırım sürətli irəliləyişi Sovet imperiyasında yuxarı dairənin narahatlığına səbəb oldu. Onları məhv etmək üçün hərəsinə bir qara yaxdılar: pantürkçü, müsavat zabiti, trotski-zinovyevçi və daha nələr…
Sibir və Solevetski adalarına azərbaycanlı zabitlərin ucdantutma sürgünü başlandı. Yüksək rütbəlilər – generallarımız isə həbs edilib dar zindanlarda güllələndilər. Milli Azərbaycan diviziyaları isə ləğv edildi.
Böyük Vətən müharibəsi başlananda rus diviziyalarının tərkibində döyüşən azərbaycanlı əsgər və zabitlər addımbaşı diləgəlməz bir söyüşlə təhqir olunur, güllələnirdilər. Onda (1942-ci ildə) ömrünün son aylarını yaşayan məşhur generalımız Əliağa Şıxlinskinin təklifi ilə milli diviziyalar təşkil olundu.
Acınacaqlı haldır ki, “respublikanın sahibi” M.C.Bağırov məhz onda ayıldı ki, bu milli diviziyalara komandanlıq etmək üçün bir nəfər belə azərbaycanlı general qalmayıb, hamısı güllələnib…
Otuz yeddinci ildə günahsız həbs olunub güllələnən hərbi xadimlərimizin acı taleyi məni çoxdan düşündürürdü. O illərdə ən mahir sərkərdə oğullarımız vicdansızcasına məhv edilib, istintaq zamanı onları ağlasığmaz vəhşiliklə döyüb bir-birinin üzünə dirəndiriblər. Nə respublikada, nə də Azərbaycan diviziysında “əksinqilabi-təşkilat” olmaya-olmaya onlardan iftiraçı, yalan ifadələr alıblar.
Bunların hamısı zorla, qeyri-insani işgəncələrin və amansız cəzanın tətbiqi sayəsində əldə olunmuş.
Repressiyaya məruz qalmış belə hərbçilərin oğlu, qızı, həyat yoldaşı və yaxın-uzaq qohumları mənə onların çəkdiyi dəhşətli əzablardan danışanda istəristəməz Fyodor Dostoyevskinin “Heyvan heç vaxt insan qədər qəddar ola bilməz, insan qədər mahir və yaradıcı qəddarlıq edə bilməz”, -sözlərini xatırlayırdım.
Əziz oxucu, əgər vaxt tapıb bu yazıları oxuya bilsən hərbçi oğullarımızın dözülməz əzablarla məhv edildiyinin şahidi olacaqsan.

GENERAL-MAYOR QAMBAY VƏZİROV

Otuz yeddinci illərdə hərbçilərin tuthatutu başlananda ordu komandanı Oka Qorodovikov marşal Semyon Budyonnıya deyir:
– Semyon, hamını bir-bir aparırlar. Bunun axırı necə olacaq?
Budyonnı təmkinini pozmadan cavab verir:
– Hamını yox, yalnız ağıllıları aparırlar. Bu, nə sənə, nə də mənə aid deyil…
Bu epizodu oxuyanda istər-istəməz həmin illərin günahsız qurbanları olan hərbçi oğullarımızı xatırladım. Diviziya komandiri general-mayor Qambay Vəzirov, briqada komandiri Cəmşidxan Naxçıvanski, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Seyfulla Mehdiyev, Cəlil Əliyev, Murtuz Talıbzadə, komissar Şəmistan Əyyubov və onlarca başqalan belə ağıllı, bacarıqlı sərkərdələr idi… İyirmi-otuzuncu illərdə milli hərbi kadrların hazırlanmasında, Vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində bu sərkərdələrimizin danılmaz xidmətləri olub. Onların arasında Qambay Vəzirovun xüsusi yeri var. Bu igid komandir Azərbaycan hərb tarixinə beş cəsur general bəxş edən Naxçıvandakı nüfuzlu Kəngərli nəslindəndir.
Ömrünün otuz səkkizinci baharında həbs edilən Qambay Məmməd oğlu Vəzirov 1899-cu il avqustun 19-da Ermənistanın Gümrü (indiki Leninakan şəhəri) şəhərində anadan olmuşdur. İlk yeddi illik təhsilini İrəvan gimnaziyasında alan Qambay on səkkizinci ildə səfərbər olunaraq altı ay Türkiyədə işləmişdir.
1919-cu ildə Azərbaycan Demokratik Respublikası milli ordusunda xidmət edən və hərbiyyə məktəbini bitirən Qambay iyirminci ildən iyirmi ikinci ilə kimi Qazaxda, Cəbrayılda və Qarabağda bolşevizm əleyhinə mübarizə aparan daşnaklara qarşı döyüşlərdə vuruşmuşdur.
Bəs iyirminci ildə bolşevik ordusuna könüllü keçən, sonralar general-mayor ali rütbəsi verilən və diviziya komandiri kimi məsul vəzifə tapşırılan Qambay Vəzirovun otuz yeddinci ildə günahı nəydi? Arxiv sənədlərində göstərilir ki, guya o, terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olub. Təşkilatın əsas məqsədi silahlı
üsyan təşkil etməklə Bakı qamizonunun və 77-ci diviziyanın zabitlərini üsyana qaldırıb Azərbaycanı SSRİ-dən ayırmaq idi.
Bunların hamısının yalan və iftira olmasını gec də olsa tarix özü sübut elədi.
Ancaq diqqətlə təhlil edib, fikirləşəndə belə qənaətə gəlirsən ki, Qambay Vəzirov kimi istedadlı sərkərdənin “günahı” hərbi pillələri sürətlə keçməsində olmuşdur.
Hələ tör-töküntüsü qalan, özümüzdə mühüm vəzifələr tutan daxili düşmənlərimiz bundan qorxuya düşürdülər. Axı, Qambay həm də vaxtilə müsavat ordusunda sıravi əsgər kimi xidmət etmişdi. Bir də, həmin illərdə Qarabağda, Qazaxda daşnak ünsürlərinin məhv edilməsində yaxından iştirak etmişdi. İndi, 1937-ci ildə Azərbaycanda XDİK DTİ beşinci şöbəsinin rəisi Avanesyan ondan heyfini alırdı.
Qambay Vəzirovu həbs etdirən və yalançı ittihamnamələrlə güllələtdirən də daşnak Avanesyan olmuşdur. Akademik Ziya Bünyadovun otuz yeddinci ildə güllələnmiş kapitan Kəbi Saniyev haqqında “13896 nömrəli istintaq işi” adlı məqaləsindən bir epizodu oxuyanda adam istər-istəməz ürək ağrısı keçirir. 1955-ci il sentyabrın ikisində SSRİ Baş Prokurorluğunun prokuroru keçmiş canilərin birindən soruşmuşdur:
“SUAL: – Söyləyin görək, sizin Azərbaycan SSR XİDK-də işlədiyiniz dövrdə məhbuslara qarşı cəza tədbirləri tətbiq olunurdumu?
CAVAB: – Məhbuslara cəza tədbirləri (repressiya) mənim rəhbər olduğum şöbədə tətbiq olunurdu, amma konkret olaraq kimə, indi deməyə çətinlik çəkirəm.
Amma yadımdadır ki, Azərbaycan diviziyasının Siyasi şöbə rəisi Əliyev Cabiri döyürdülər. Başqa familiyalar yadımda deyil. Əliyevi ondan ötrü döyüb əzişdirirdilər ki, o, istintaqa lazım olan ifadələr versin, yəni Vəzirov, Axundov və başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr olsun.
SUAL: – Qambay Vəzirovu tanıyırsınızmı?
CAVAB: – Tanıyıram. O, Azərbaycan diviziyasının komandiri idi. O, bizim şöbə tərəfindən həbs edilmişdi. Onun işini şəxsən beşinci şöbənin keçmiş rəisi Avanesyan aparırdı. Qambay Vəzirovu dindirmələr zamanı bərk döyürdülər. Onu Avanesyan şəxsən mənim və şöbənin başqa əməkdaşlarının yanında döyürdü.
Avanesyan Qambayı şallaqla döyüb ondan tələb edirdi ki, o, özünün əksinqilabi millətçi mərkəzində iştirakı haqda ifadə versin. Qambay əvvəlcə özünü müqəssir bilmədi, bərk döyüləndən sonra isə hər şeyi boynuna alıb lazımi ifadələr verdi.
Mən Vəzirov Qambayı döyməmişəm, amma bir daha deyirəm ki, Avanesyanın onu döyməsinin şahidiyəm.
SUAL: – Vəzirov Qambayın həbs edilməsi və məhkum olunması əsaslı idimi?
CAVAB: – O zamankı, mən bildiyim işlərin arasında heç bir diqqətə layiq iş yox idi. O işlərin hamısı məhbuslara zorluğun, işgəncələrin tətbiq olunması ilə quraşdırılıb və o işlərin hamısı qeyri- obyektiv idi. O cümlədən Vəzirov Qambayın işi də ondan və başqa həbs edilmiş adamlardan zorla və işgəncələrlə alınmış yalan ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı məhbuslar dəfələrlə bu ifadələri rədd edirdilər, amma onların bu ifadələri işlərinə tikilmir, məhv olunurdu. İşlərə yalnız o ifadələr tikilirdi ki, onlar istintaq üçün faydalı idi. Həbs edilənlərin başqa ərizələri və rədd cavabları da heç vaxt işlərinə tikilmirdi”.
Qambay Vəzirov tək həbs olunmamışdı. Onunla birlikdə Azərbaycan diviziyasından qırx nəfər, Respublika Hərbi Komissarlığından iyirmi nəfər yüksək rütbəli azərbaycanlı zabit həbs olunub “əksinqilabi hərbi təşkilatın üzvləri” kimi günahsız olaraq güllələnmişlər.

***

1937-ci il oktyabrın on üçündə 77-ci Azərbaycan diviziyasının komandiri, general-mayor Qambay Vəzirovu güllələdilər. Bu güllə təkcə Qambaya yox, Azərbaycanın hərb tarixinə dəydi. Onun şəxsində biz Azərbaycanın ən yaxşı sərkərdələrindən birini itirdik. Deyirlər, məşhur generalımız Əliağa Şıxlinski onun güllələnmək xəbərini eşidəndə qırx gün yas saxlamış və niyə bikef olduğunu soruşanlara “oğlum Qambay güllələnib, belim qırılıb” – cavabını verirmiş.
General-mayor Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli- Vəzirova və yeganə övladı Yavuz da həbs edilib Qazaxıstana sürgün olunurlar.
Səkkiz illik Qazaxıstan sürgünündən xəstə qayıdan İzzət xanım 1976-cı ildə Bakıda vəfat edir.
1937-ci il oktyabrın 22-də İzzət xanım İsmayıl ağa qızı Vəzirova Bakıda ümumi həbsxanada saxlanılmışdır. Onu səkkizinci şöbənin baş müfəttişi, dövlət təhlükəsizlik leytenantı Moşeçkov dindirmişdir.
SUAL: -Nə zamandan siz Qambay Vəzirovla ailə qurmusunuz?
CAVAB: – 1920-ci ildən onunla ailə qurmuşam və onunla birlikdə o, həbs olunana, yəni 27 iyun 1937-ci ilə qədər yaşamışam.
SUAL: – Sizə əriniz Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə nə məlumdur?
CAVAB: – Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə mənə heç nə məlum deyil.
SUAL: – İş üzrə siz nə əlavə edə bilərsiniz?
CAVAB: – Heç nə əlavə edə bilmərəm. İfadələr mənim sözlərimlə yazılmışdır. Mən onun doğruluğunu öz imzamla təsdiq edirəm.
1937-ci il noyabrın ikisində vətən xaininin arvadı kimi İzzət xanım Vəzirovanın istintaq işi SSRİ XDİK-in xüsusi müşavirəsinə göndərildi. SSRİ XDİK-i yanında Xüsusi Müşavirənin 1937-ci il 9 dekabr protokolundan çıxarış.
EŞİDİLDİ: – 1903-cü il təvəllüdlü İzzət İsmayıl qızı müddəti 1937-ci il oktyabrın altısından hesablanılmaqla səkkiz il müddətinə İslah Əmək Düşərgəsinə göndərilsin. İş arxivə təhvil verilsin.
Xüsusi Müşavirənin bu qərarından sonra İzzət xanım Vəzirovanı Qazaxıstanın Akmolinsk şəhərinə 8 il müddətinə sürgün etdilər. Onlar 1920-ci ildə evlənmişdilər. On yeddi il sonra hər ikisinə əbədi ayrılıq qismət oldu. 1937-ci il oktyabırın 5-də İzzət xanımı həbs etdilər. Həmin ayın 13-də isə Qambayı əksinqlabi-millətçilik fəaliyyətinə görə vətən xaini adı ilə birinci kateqoriya ilə məhkum edib güllələdilər.
1944-cü ildə həbsxanadan buraxılan İzzət xanım Bakıya qayıtdı. Lakin ona burada yaşamağa icazə vermədilər, məcbur olub Şamaxıya getdi. Bir müddət burada yaşadı. Əllinci illərdə Bakıya qayıdan İzzət xanım əri Qambay Vəzirovun və özünün günahsız olduğu haqqında “yuxarılarla” mübarizə aparıb bəraət aldı.
İzzət xanım sürgündən göndərdiyi məktublarda oğlu ilə maraqlanır və Vətəni üçün darıxdığını bildirirdi. 1938-ci il aprelin on dördündə İ.V.Stalinə yazdığı məktubda yeganə övladının günahsız olaraq həbs olunmasından danışır və acizanə surətdə onun buraxılmasını xahiş edirdi.

***

Qambayın yeganə oğlu Yavuz Vəzirov sürgündə olanda Stalinə məktub yazır ki, atam “xalq düşməni” kimi güllələnib. Mən bir sovet gənci kimi atamın günahını yumağa hazıram. İcazə verin, Vətənimizin bu ağır günündə torpağımızın azadlığı uğrunda cəbhələrdə məndə vuruşum…
Cəza batalyonunda döyüşən Yavuz Vəzirov iyirmi iki yaşında, 1942-ci ildə Stalinqrad yaxınlığında qəhrəmanlıqla həlak olmuşdur.
1956-cı il iyulun iyirmi səkkizində SSRİ Ali Məhkəməsinin horbi Kollegiyasının qərarı ilə ölümündən sonra 77-ci Azərbaycan diviziyasının komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirova bəraət verilmişdir.
Bir müdrik Şərq məsəlində deyilir ki, uşaqlıqda eşidilən söz, oxunan elm daşa yazılmış yazı kimidir. İllərin tufanı, qasırğası belə onu poza bilmir. 37-nin qara tufanları başlayanda Fəxrəddin Vəzirovun 12 yaşı vardı. Əmiləri Qambay və Heydər Vəzirovun haqsızlığın qurbanı olmaları onun uşaq qəlbinə ağır zərbə vurdu. Yaddaşında uşaqlıq illərinin ağrılı-acılı xatirələri yaşayır:
– Qambay Vəzirov atamın əmisi oğlu idi. Böyük qardaşı Sədrəddin maliyyə işçisi idi. Elmi dərəcəsi də vardı. Kiçik qardaşı Hüseyn də hərbçi idi. Rütbəsi polkovnik olub. Sədrəddin əmimi də xalq düşməninin qardaşı kimi 37-də güllələdilər. Hüseyn əmim respublikadan qaçıb, deyilənə görə Gürcüstana gedib, Veziraşvili familiyası ilə yaşayıb. Bu günə kimi də ondan bir xəbər bilmirik…
Bütün bunlardan sonra bizim ailəni, nəsli yenə də təqib edirdilər. Dayım Həqqi və Kamal Kəngərlinskiləri, babamı sürgün etdilər. Qambay əmim tutulanda biz yaylaqda idik. Qayıdanda evimizi dağılıb, talan olmuş gördük. Nəyimiz vardı, çölə töküb, kitabları, əl-yazmaları, evdə qiymətli nə varsa, hamısını aparmışdılar.
Bizə olmazın əzab verdilər.
Bir hadisəni xatırlayanda indi də xəcalət çəkirəm. Altıncı sinifdə oxuyurdum. Səhər dərsə gələndə gördüm uşaqların hamısını məktəbin qabağına yığıblar. Direktor məni çağırıb dedi ki, gəl, sən çıxış et, de ki, əmilərim və dayılarım “xalq düşməni” olduqlarına görə biz onları istəmirik. Bütün ailəmiz adından bildirirəm ki, onlar “xalq düşməni” kimi haqlı olaraq güllələniblər. Yoxsa səni məktəbə buraxmayacağıq. Oxumaq üçün burnumun ucu göynəyirdi. Məcbur olub direktor deyənləri dedim…
Cəmisi on yeddi il ordu sıralarında xidmət edən Qambay Vəzirov sıravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlib. İnsafla demək lazımdır ki, bu da az-az hərbçiyə qismət olub. Xüsusilə milliyyətcə rus olmayan zabitin otuz üç yaşında diviziya komandiri və general-mayor rütbəsi alması Sovet hərb tarixində nadir hadisədir. Adətən başqa millətin oğluna Sovet Ordusunda ali general rütbəsini istefaya çıxanda, qocalıb əldən düşəndə verirdilər. O da nadir hallarda…
1932-ci ilin baharında SSRİ Xalq Müdafiə Komissarı K.Y.Voroşilovun şəxsi teleqramı ilə Moskvaya çağırılan Qambay Vəzirovun Belorusiyadakı hərbi fəaliyyəti yüksək qiymətləndirilir. O, Xalq Müdafiə Komissarının 886 nömrəli əmri ilə Azərbaycan dağ-atıcı diviziyasına komandir təyin olunur.
Qambay hərb sənətinin çətin yollarını çox böyük müvəffəqiyyətlə keçmişdir. Hələ 1922-ci ildə 23 yaşlı Qambay Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının əmri ilə əlaçı siyasi rəhbər kimi batareya komandiri, Frunze adına Hərbi Akademiyaya oxumağa göndərildi. Qambay Vəzirov hərbi akademiyada təhsil alan ilk azərbaycanlı idi. Üç illik hərbi təhsildən sonra o, 1925-ci ilin avqust ayından Birləşmiş Azərbaycan Hərbi-siyasi məktəbinin rəisi təyin olundu. Onun bir illik fəaliyyəti haqqında attestasiyasında Qırmızı Bayraqlı Qafqaz ordusu Ali Hərbi Təhsil Müəssisələrinin baş müfəttişi Artomonov yazırdı:
“Məktəb rəisi işlədiyi bir il ərzində yalnız müsbət keyfiyyətli işinin şahidi olduq. Böyük iradəyə, təşəbbüskarlığa malikdir. Özünə hörmət edən, qətiyyətli, işgüzar və yaxşı metodist-müəllimdir. Kursantların, müəllimlərin və komandir heyətinin hörmətini qazanıb. İctimai işlərdə, xüsusilə hərbi-elmi cəmiyyətdə fəal iştirak edir. Ali təhsili var. Böyük inzibati-təcrübi stajı olmasa da, öz qabiliyyəti və əməksevərliyi sayəsində məktəbin rəisi vəzifəsinin öhdəsindən tam gələ bilir (Sovet Ordusunun Mərkəzi Dövlət Arxivi, Q.M.Vəzirovun 157-871 nömrəli şəxsi işi. 1-ci vərəq).

***

Milli hərbi kadrların hazırlanması üçün gərgin fəaliyyət göstərən Qambay Vəzirov məktəbin ikinci buraxılışında “Yüz on yeddi” adlı məqaləsində iftixarla yazırdı ki, fəhlə-kəndli balalarından hazırlanan müdavimlərimiz ordunun ən yaxşı ənənələrini davam etdirəcəklər. Biz inanırıq ki, yüz on yeddi müdavimin şəxsində hərbi hissələrimiz hərtərəfli biliyə və komandirlik qabiliyyətinə malik vzvod komandirləri ilə təmin olunacaqlar.
Qambay Vəzirov daha sonra yazırdı: “Milli alayların döyüş bacarığını yüksəltmək qarşıda duran əsas vəzifədir. Sentyabrın 15-də Azərbaycan Birləşmiş Hərbi məktəbindən yüz on yeddi nəfərin buraxılması böyük əhəmiyyətə malik olmaqla yanaşı, fəhlə-kəndli cəmiyyətinin geniş kütlələrinin diqqətini özünə cəlb etməyə layiq faktdır. Yeni buraxılış milli alaylar üçün kadrlar hazırlanması və onların özəyinin möhkəmləndirilməsi işində tamamilə yeni addım olacaqdır”.
1927-ci ilin oktyabrında ölkədə hərbi islahatın həyata keçirilməsi ilə əlaqədar Zaqafqaziya milli hərbi ali təhsil məktəbləri birləşdirilib Tiflisə köçür.
Həmin il o, Leninakanda yerləşən üçüncü Qafqaz atıcı diviziyasında qərargah rəisi olur. İstedadlı komandir Qambay Vəzirovun rəhbərliyi ilə Azərbaycan atıcı diviziyası 1929-cu ilin avqust-sentyabr aylarında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində müvəffəqiyyətlə iştirak edir. Bu manevrdə göstərdiyi komandirlik məharətinə görə üstü yazılı silahla mükafatlandırılır.
1930-cu ilin noyabrında ən yaxşı döyüş komandiri olan Qambay Vəzirova Belorusiya hərbi dairəsindəki 111-ci atıcı alayının komandiri və həm də Jizdra şəhər qarnizonunun rəisi kimi məsul vəzifələr tapşırılır.
1925-ci ildən başlayaraq, ona verilən attestasiya arayışlarında Qambay Vəzirovun hərb sənətini yaxşı mənimsəyən, əla inzibatçı, təmiz və sayıq bir komandir olduğu göstərilir. Diviziya komandiri Cəmşid xan Naxçıvanskinin, diviziya hərbi komissarı Hüseyn Rəhmanovun, hərbi komissar Korobkovun təqdimatında onun diviziyaya, hətta korpusa belə komandirlik edə biləcək bacarığı olduğu iftixarla qeyd olunur.
Onu da xatırladaq ki, Qambay Vəzirovun istedadlı hərbi xadim kimi yetişməsində məşhur generallarımız Əliağa Şıxlinskinin və Səməd bəy Mehmandarovun xüsusi xidmətləri olmuşdur. Məhz onların müdrik məsləhət və köməklikləri ilə Azərbaycan milli diviziyasının atıcıları, topçu və süvariləri istər Hacıkənddə, Qarayazıda, istərsə də Şimali Qafqazda Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşlar.
“Xatirələrim”də 1924-cü ili yada salan Əliağa Şıxlinski yazır ki, Azərbaycan komanda heyəti məktəbi rəisinin xahişi ilə məni ona müavin təyin etdilər. O biri il – 1925-ci ildə məktəb kollektivi Surami şəhəri yanındakı düşərgəyə getdi. Bütün Zaqafqaziya hərbi məktəblərinin kollektivləri buraya yığılmışdı. Ötən il burada hərbi məktəblərin atəş yarışı olmuşdu. Azərbaycan məktəbi hazır olmadığından bu yarışlarda iştirak etməmişdi. Bu mənə çox toxundu. Silahı sevən gənclərimizin yarışa çıxa biləcək dərəcədə hazırlanmamaları mənə ağır gəldi.
Elmi komitənin ilk iclasında mən göstərdim ki, belə təlim vermək olmaz.
Hər kursanta atmağa bircə güllə verilməli və atdığı bu güllənin nəticələrini bildirərkən güllənin nə səbəbə boşa çıxdığını ona izah etməli, buraxdığı səhvi düzəltmək üçün ona ikinci dəfə güllə atdırılmalı və i.a. Məktəb rəisi əmr verdi ki, “müavinimin təklifi protokola qeyd edilsin və ona mütləq əməl olunsun”. Bu zamandan başlayaraq, biz atəş məşqində kursantlarımızı “işə çəkməyə” başladıq.
Düşərgə toplanışının axırında bizim vzvod yarış atəşinə çıxdı və birincilik qazandı.
Mənim azərbaycanlılıq izzəti-nəfsim təmin edilmiş oldu.
Diqqətli oxucu, yəqin, fikir verdi ki, xatirə müəllifi məktəb rəisi Qambay Vəzirovun bir dəfə də adını çəkmədi. Bunun da səbəbi var: Əliağa Şıxlinski xatirələrini 1942-ci ildə yazıb. Onda keçmiş məktəb rəisi Qambay Vəzirovun həbs olunmasından beş il ancaq keçirdi. Onun tərcümeyi-halında hələ də “xalq düşməni” damğası vardı.

***

1935-ci il dekabnn otuzunda Azərbaycan atıcı diviziyasının on beş illiyi qeyd olunurdu. Diviziya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qırmızı Bayraq ordeni ilə təltif olundu. 1936-cı il yanvarın 27-də isə bir qrup azərbaycanlı əsgər və zabitin xidməti Qırmızı Ulduz ordeninə layiq görüldü. Onların arasında diviziya komandiri Qambay Vəzirov, komissar Cabir Əliyev, alay komandiri Seyfulla Mehdiyev, kiçik komandir Rəhim Aslanov və İlyas Verdiyev də vardı. Bu təntənəyə görə Bakıda qarnizon hissələrinin nümayişi keçirildi.
– Çox sağ olun, yay təlimində göstərdiyiniz fəallığa görə xalq müdafiə komissarı, marşal Voroşilov sizi saatla mükafatlandırır.
Qambay Vəzirov bizi təbrik etdi. Təlimdə və siyasi hazırlıqda yeni müvəffəqiyyətlər arzulayıb saatı bizə təqdim etdi. Sevimli komandirimin hədiyyəsini bu gün də əziz yadigar kimi saxlayıram.
Bu yürüşdə Kazbek dağının zirvəsinə hamıdan qabaq mənim rotam qalxmışdı. Döyüşçüləri “hücuma” və “müdafiə döyüşlərinə” əla hazırladığıma görə, Qambay Vəzirov özü bu mükafatı mənə təqdim etmişdi. Qambay Vəzirovun xatirəsi mənim üçün son dərəcə əziz olaraq qalır. O vaxtlar onun adı hər bir azərbaycanlı döyüşçü üçün fədakarlıq, igidlik rəmzi idi. Siyasi məşğələlərdə, hərbi təlimlərdə onun hər bir sözünü belə diqqətlə dinləyirdik. O, alovlu natiq olmaqla bərabər, taktiki məşğələlərin də mahir bilicisi idi. Dövrünün texnikasını mükəmməl bilirdi.
1935-ci ilə qədər mənim kimi çox gənc bir azərbaycanlı zabitinin dördüncü Dağ-Atıcı alayının istehkamçılar rotasının komandiri vəzifəsinə qədər yüksəlməyində unudulmaz komandirim Qambay Vəzirovun böyük əməyi olmuşdur. Qambay orduda, milli birləşmələrdə azərbaycanlı komandirlərin artması uğrunda var qüvvəsi ilə çalışırdı.
“Hərbi bilik” jurnalının nəşri general Əliağa Şıxlinskinin adı ilə bağlıdır. Bu jurnal onun təşəbbüsü ilə yaranmışdı. “Qızıl əsgər” qəzeti isə komissar Cabir Əliyevin təşəbbüsü ilə nəşr olunurdu. Bakıda ilk ordu klubunun yaradılması isə Qambay Vəzirovun və Cabir Əliyevin adı ilə bağlıdır. Hər ikisi möhkəm dost idilər. Heyf ki, ikisi də otuz yeddidə günahsız güllələndi. Biz gənc zabitlər istər general Şıxlinskinin, istərsə də Qambay və Cabirin hərbi mövzuda yazılarını acgözlüklə mütaliə edərdik.
General Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, komissar Hüseyn Rəhmanov və Heydər Vəzirov hərb elmində həm də hərbi nəzəriyyəçi kimi yetişmişlər. Qambay rus dilinə olan hərbi ədəbiyyatları, nizamnamələri Azərbaycan dilində tərcümə etmişdi. Milli diviziya və birləşmələr haqqında həm publisistik, həm də elmi məqalələrlə “Qızıl əsgər”, “Hərbi bilik”, “Kommunist” və “Bakinski raboçi” kimi mətbuat orqanlarında müntəzəm olaraq çıxış etmişdir.
1920-ci ildən həyat və fəaliyyətini xalqının müdafiə qüdrətinin möhkəmlənməsinə həsr edən Qambay Vəzirov respublikanın ictimai-siyasi işində də fəal iştirak etmişdir. Dəfələrlə Respublika Mərkəzi Komitəsinin tərkibinə seçilən Qambay Vəzirov Zaqafqaziya MİK-in və SSRİ Mərkəzi İcraiyyə Komitəsinə də üzv seçilmişdir.

***

Təəssüf ki, belə şöhrətli sərkərdəmiz unudulmuş, yaddan çıxmışdır. Bir-iki dəfə anadan olma günü yetmişinci illərdə qəzetlərdə qeyd olunmuşdur. Acınacaqlı haldır ki, Qambay haqqında yazılan quru, ürəksiz və partiyalı olan bu məqalələrin müəllifi milliyyətcə erməni olmuşdur. Bu gün onun adı bircə ünvanda
əbədiləşmişdir: Naxçıvandakı 6 saylı orta məktəb Qambay Vəzirovun adını daşıyır.
1989-cu ilin fevralında igid komandir Qambay Vəzirov haqqında “Hünər” televiziya verilişinin səhifələrində söhbət açdıqdan sonra xeyli məktub aldıq. Hətta vaxtilə İzzət xanım Qiyasbəyli -Vəzirovanın qonşusu olmuş Zahidə Mustafayeva redaksiyamıza gəlib Vəzirovlar ailəsinin faciəsindən təsirli epizodlar danışdı.
Redaksiyamıza gələn çoxsaylı məktublardan biri daha təsirli olduğu üçün onun qısa məzmunu ilə oxucuları da tanış etmək istərdim. Məktubu vaxtilə igid sərkərdənin əsgəri olmuş, indi elimizdə, obamızda yaxşı tanınan ağsaqqal aşıq Barat Şirvanlı göndərib. O yazır: “Yanvarın on dördündə olan verilişinizə də baxdım (Tamaşaçıların xahişi ilə Q.Vəzirov haqqında üç veriliş verdik). Həm kədərləndim, həm də sevindim. Sevindim ona görə ki, mənim əziz komandirimi əlli ildən sonra da olsa efirdə görə bildim. Kədərləndim ona görə ki, o illəri xatırladım. Bu ahıl vaxtımda göz yaşlarımı saxlaya bilmədim. Verilişdən sonra bütün varlığım titrəyirdi. Sizə məktubu da əlim əsə-əsə yazıram…
1937-ci ildə Salyan kazarmasında hərbi xidmətdə idim. Əvvəlcə mən kapitan Şahtaxtinskinin yavəri oldum. Diviziya komandirimiz Qambay Vəzirov idi.
Vəzirovun Çovğun adlı bir atı vardı, ona da mən baxırdım. Bu yaraşıqlı at, sanki, dil bilirdi. Onu elə öyrətmişdim ki, hər səhər yəhərləyib-yüyənləyəndən sonra bircə dəfə yüngülvari təpinib deyərdim: get, komandiri gətir. Yüyəni yəhərə bənd olunmuş Çovğun at Salyan kazarmasından birbaşa Qambay Vəzirovun yaşadığı Nizami küçəsindəki mənzilinə gələrdi. Həyətdə iki-üç dəfə kişnəməyi ilə gəlişini sahibinə bildirərdi. Hər səhər əziz komandirimiz Qambay Vəzirovu Çovğun at beləcə işə gətirərdi. Bir dəfə də olsun Çovğun nə yolunu azdı, nə də yüyənini, yəhərini itirdi.
Bir gün siyasi məşğələ keçirdik. Xəbər gəldi ki, komandirimiz Qambay Vəzirovu həbs ediblər. Səhərisi Çovğunun yəhərlənmək vaxtı gələndə kişnərtisindən dayanmaq olmurdu, o dartınır, yerində oyur-oyur oynayırdı. Yerəgöyə sığışmayan Çovğunu göz yaşımla yəhərləyib, həmişəki kimi yüyənini yəhərinə bənd eləyib buraxdım. İzlədim ki, görüm hara gedəcək. Çovğun at yenə birbaşa Nizami küçəsinə, komandirimizin həyətinə getdi. Dalınca gəlib gördüm ki, başıaşağı sakitcə dayanan Çovğun at burnu uzunu göz yaşı tökür. Özümü saxlaya bilməyib mən də zülüm-zülüm ağladım. Zorla onu darta-darta kazarmaya gətirdim.
Heç kəsi minməyə yaxın qoymurdu. Kişnəyib şahə qalxan at Salyan kazarmasının həyətini başına götürmüşdü. Qərargah binasına yaxınlaşır, tükürpədici səslə bir-iki ağız kişnəyib, götürülürdü klub tərəfə, məşq meydanına, həyətdə fır-fır fırlanırdı.
Sanki dilə gəlib “hanı mənim komandirim?” – deyə nalə çəkirdi. Heç kəs Çovğun ata baxa bilmirdi. Hamı qulağını tutub içəriyə qaçırdı. Bir həftəyə yaxın heç nə yeməyib, nalə çəkən Çovğun çərləyib öldü.
Bax, bu hadisə oldu, məni sizin verilişdən sonra zülüm-zülüm ağladan…

KOMİSSAR HEYDƏR VƏZİROV

Zülmət gecələrin birində “Çornı voron” maşını komissar Heydər Sadıq oğlu Vəzirovun həyətində dayandı. Maşından düşən üç kölgənin biri çöldə – qapı ağzında dayanıb, ikisi sürətlə ikinci mərtəbəyə qalxdı. Evi ələk-vələk elədilər, qorxudan titrəşən körpələrə məhəl qoymadılar. Şəkilləri, əlyazma və sənədləri yığışdırıb kəndirlə bağladılar. Gicgahları yenicə ağarmış kişi meşin qovluğu açıb həbs orderini stolun üstünə qoydu, naqanın lüləsini onun son səhifəsinə dirəyib “burdan qol çək” – dedi. Komissar Heydər Vəzirov bir kəlmə danışmadan qol çəkdi. Bilirdi ki, danışmağın, müdafiə olunmağın xeyri yoxdur. “Əmioğlu Qambayı apardılar, ailəsini həbs etdilər. Naxçıvandakı uzaq-yaxın Kəngərli qohumları da apardılar… İndi də növbə mənimdir”. O, şinelini geyindi. Əvvəlcə dörd yaşlı qızı Elmiranı öpdü. Uşaq tir-tir titrəyirdi, boynuna sarılıb boğula-boğula ağladı. Onu zorla özündən qoparıb, anası Leylaya verdi. Öz adını qoyduğu böyük oğlu Heydərin alnından öpüb astadan “anandan, bacından muğayat ol. Yaxşı, ayıbdı, sən axı kişisən” – deyib, özü də doluxsundu.
Qambayın əmisi oğlu komissar Heydəri beləcə sorğusuz-sualsız apardılar.
Köpək leşə dadanan kimi onlar da harda xalqımızın yaxşı oğulları, adlı-sanlı nəsilləri vardısa, onlara hücuma keçib “təmizləmə” aparırdılar. Beləcə, 37-ci illərin ağır zərbəsi xalqımızın milli tarixinə, bütün sahələrdə – ədəbiyyat, incəsənət, kənd təsərrüfatı, sənaye və ən başlıcası hərb tariximizə çox dəhşətli zərbələr vurdu. Hər gecə bir komissar, hər gecə yüksək rütbəli zabit, hərbi komisar gedər-gəlməzə göndərilirdi. Əgər o illərin haqsız qırğınları olmasaydı, indi neçə-neçə general, admiral oğullarımızın şan-şöhrəti ilə fəxr edərdik. Stalin, Beriya və Bağırov vəhşiliklərinin ehtirasının qurbanı olan zabitlərimiz günahsız olaraq həbs edilib Sibirin, Qazaxıstanın həyat nişanəsi olmayan qarlı çöllərində, dar və havasız, bir nəfərlik kameralarda üstünə min cür yalan, şər atılmaqla məhkəməsiz və qanunsuz güllələndilər.
İyirminci illərdə respublikamızda ilk hərbi məktəblərin yaradıcılarından biri və Əliheydər Qarayevdən sonra ikinci respublika hərbi komissarı (1924-26-cı illərdə) olan Heydər Vəzirovu 1937-ci ildə Respublika Torpaq komissarı işləyəndə “pantürkist” adı ilə həbs etdilər.
Görkəmli şairimiz, mərhum Qasım Qasımzadənin yaddaşından:
– Onda mənim on üç-on dörd yaşım vardı. O ilin təlatümlü günlərini indiki kimi xatırlayıram. Kənddə çox nüfuzlu sayılan, sözükeçən şəxsiyyətlər bir-bir dənlənirdi. Bir hadisə gözümün qabağından getmir. Gərək ki, Azərbaycanda Sovet hakimiyyətinin ildönümü idi. Kənddə təntənəli yığıncaq keçirilirdi. Klub ağzına kimi dolmuşdu. Biz məktəblilər yerimizi yaşlılara verib ayaq üstə dayanmışdıq. O
zaman hər məruzədən, çıxışdan sonra yerdən rəhbərliyin, xalq komissarlarının şəninə “yaşasın”la başlayan şüar demək dəbdə idi. Məruzə qurtaran tək alqışlar başlandı. Bir nəfər kolxozçu – suçu Hüseyn ayağa qalxıb dedi: “Yaşasın Azərbaycanın Torpaq komissarı yoldaş Vəzirov!”. Onun alqışı təkəmseyrək çəpiklə qarşılandı. Sən demə, bir gün əvvəl Vəzirov “xalq düşməni” kimi “ifşa” edilibmiş. Bir-iki əl çalan da bundan xəbərsizmiş. Rəyasət heyəti bir-birinə dəydi.
Sədr ayağa qalxdı:
– Vətəndaş, səhvini geri götür!
Suçu Hüseyn çaşbaş qaldı:
– Vəzirov yoldaşa nə olub ki, səhvimi geri götürüm?
-Demək, bilmirsən nə olub?
-Bilmirəm…
-Başa salarlar bilərsən…
İclas yekunlaşdı. Dağılışdılar. Suçu Hüseyn də belini götürüb, pambıq
sulamağa getdi. Aradan iki saat keçməmiş klubun qarşısında iki maşın dayandı.
Taxta qoburlu, onatılan tapançalı zəhmli adamlar tökülüşdülər. Az sonra şalvarı
dizinəcən çirməkli, ayaqları palçıqlı suçu Hüseyni milisioner qabağına qatıb gətirdi. Əl-ayağını yudurtdular. Evindən ayaqqabısını və bir həftəlik azuqəsini götürtdürüb maşına mindirdilər. Kişi çaşıb qalmışdı. Elə hey soruşurdu:
-Axı yoldaş Vəzirova nə olub ki?!
-Gedərsən yanına, özündən soruşarsan ki, sənə nə olub?
Suçu Hüseyn o gedəndi ki, gedib, xəbərsiz-ətərsiz…

***

Otuz yeddinin acı burulğanlarında belə mürvətsiz, qansız hadisələr, həbslər çox olub. Çox ailələr başsız qalıb, evi talan olunub.
Axşam ailəsi ilə birgə şam eləyib yatan ata, səhər “xalq düşməni” çıxıb.
Sumbatovların, borşovların, markaryanların, qriqoryanların murdar əlləri suçu Hüseynlərin günahsız qanını axıdıb. Haqqında söhbət açdığımız nə Qambay, nə də Heydər Vəzirovların ailəsindən bir nəfər belə sağ qalmayıb. Sürgünlər, həbsxanalar onları sağalmaz xəstəliyə yoluxdurub vaxtsız məhv etdi.
1913-cü ildən başlayaraq ömrünün sonunadək xalqına sidq ürəklə xidmət edən Heydər Vəzirov bu günə qədər unudulmuş, yaddan çıxmışdır. Azərbaycan Sovet Ensiklopediyasında onun adı heç olmasa bir cümlə ilə də xatırlanmır, xidmətləri nədənsə danılır. Onun unudulmağının ilkin səbəblərindən birini biz rus dilli sənədlərdə görürük. Çox vaxt Qambay Vəzirovla onu qarışıq salırlar. Rus dilli sənədlərdə Heydər adı da “Q” hərfilə yazılır, Qambay da. Hər ikisi də hərbçi olub.
Ona görə də bir çox tədqiqatçılar Heydərin xidmətlərini bəzən Qambay Vəzirovun
adına yazıblar. Bu günə qədər komissar Heydər Vəzirovun nə anadan olmasının ildonümü qeyd olunub, nə də onun adı əbədiləşdirilib.
Heydər Sadıq oğlu Vəzirov 1893-cü ildə Naxçıvanın qədim Nehrəm kəndində ziyalı ailəsində anadan olub. İlk ibtidai təhsilini o vaxtın qabaqcıl maarif ocağı olan “Tərbiyə” adlı üsuli-cədid məktəbində alıb. Heydər Vəzirov həmin məktəbdə məşhur ədəbiyyatşünas Əziz Şəriflə, teatr xadimi Rza Təhmasiblə birgə oxuyub. Məktəbin hamisi məşhur maarif xadimi Məmməd Tağı Sidqi idi.
Naxçıvanda üsuli-cədid məktəbini bitirdikdən sonra atası Sadıq, Məmməd Tağı Sidqinin məsləhəti ilə balaca Heydəri İrəvan seminariyasına qoyur.
Seminariyanı müvəffəqiyyətlə bitirən Heydər 1913-cü ildə gimnaziyanın səkkizinci sinfinə imtahan verir. Birinci Dünya Müharibəsi başlandığına görə az müddət gimnaziyada oxuyan Heydər Vəzirov səfərbərliyə alınaraq qısa müddətli hərbi məktəbdə təhsil alır. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsi ilə Qalitsiya uğrunda döyüşlərdə əsir düşür.
Üç il alman əsirliyində qalan Heydər Vəzirov 1918-ci ildə Rusiya ilə Almaniya hərbi əsirləri dəyişəndə yaralılar sırasında Türkiyədən keçərək Qafqaza qayıdır.
1918-ci ilin noyabrından Azərbaycan Demokratik Respublikasının Milli Ordusunda kiçik komandirlər hazırlayan məktəbdə müəllim işləyir. 1920-ci ilin aprel çevrilişindən sonra Heydər Vəzirov və hərbi məktəbin kollektivi bolşeviklərin tərəfinə keçir. Həmin ilin iyun ayında o, partiya sıralarına qəbul edilir.
Komissar Heydər Vəzirov bundan sonrakı bütün şüurlu həyatını milli hərbi kadrların hazırlanmasına sərf edir. Onu “Hərbiyyə məktəbi”nin rəisi təyin edirlər.
Hələ iyirminci illərin sənədləri göstərir ki, komissar Heydər Vəzirov komandir şərəfini yüksək tutmuş və bu adı hörmətlə daşımışdır. Onun böyük bacarıqla rəhbərlik etdiyi Azərbaycan Birləşmiş Hərbi Məktəbinin müdavimləri Gürcüstanda menşeviklərə, Ermənistanda daşnaklara qarşı hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun, Xalq Hərbi və Dəniz komissarı Əliheydər Qarayevin verdiyi əmr və sənədlərdə bunu aydın görmək olur.
Əliheydər Qarayevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə göndərdiyi 29 iyun 1920-ci il tarixli raportda deyilir: “Mənim adımı daşıyan (həmin illərdə hərbi məktəb korpus komandiri Əliheydər Qarayevin adına idi – Ş.N.) hərbi məktəbin rəisi yoldaş Vəzirov Heydər Sadıq oğlu məktəbin təşkil olunmasından bu vaxtadək öz vəzifəsini müstəsna fədakarlıqla yerinə yetirir. İşinin öhdəsindən bacarıqla gələn bir komandir kimi Heydər Vəzirovun təltif olunmasını xahiş edirəm.
Vəzirov yoldaş başda olmaqla məktəb tam tərkibdə Quba, Gəncə və Qazax qəzalarında, habelə Qarabağda daşnaklara qarşı döyüşlərdə bir neçə kursantını və bir qırmızı komandirini itirib. Məktəbin sonuncu yürüşü Gürcüstana, Qızıl Ordunun Tiflisə irəliləyişi zamanı olmuşdur. Buna görə də hərbi məktəb “Qırmızı bayraq”la təltif olunmuşdur. Məktəbin komandiri Heydər Sadıq oğlu Vəzirovun “Qırmızı Bayraq” ordeni ilə təltif olunmasını layiq bilirəm”.
Heydər Vəzirov 1923-cü ildə Qırmızı Bayraq ordeni ilə və 6197 nömrəli Fəxri Fərmanla təltif olunmuşdur. Komissar Heydər Vəzirov hərbi sahədə göstərdiyi fəallığa və qəzalarda banditizmə qarşı mübarizəyə görə dəfələrlə qiymətli silahla mükafatlandırılmışdır. Respublikamız üçün ağır illər olanda Heydər Vəzirov mərd, mübariz dövlət xadimləri və məşhur generallarımız Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, mayor Hacı ağa İbrahimbəyli ilə birgə işləmişdir. İyirminci illərdə Azərbaycanda işləyən general-leytenant Aleksandr Todorski sonralar “Bakinski raboçi” qəzetində (22 fevral 1958-ci il) bir sıra görkəmli Azərbaycan oğullarının əvəzsiz xidmətini xatırlayaraq yazırdı: “İllər keçsə də, mən hərtərəfli hərbi biliyə malik olan, yaraşıqlı, vüqarlı Azərbaycanın o vaxtkı hərbi komissarı Heydər Vəzirovu yaxşı xatırlayıram. Qəlbən təmiz, xalqını ürəkdən sevən Heydər yorulmaq bilmədən çalışqan adam idi”.
İstedadlı sərkərdə, SSRİ Hərbi Təhsil Müəssisələri Baş İdarəsinin rəisi, komkor İ.E.Yakir 1925-ci ilin martında hərbi məktəblərin və Azərbaycan diviziyasının taktiki hazırlığını yoxlamağa gələndə hərbi milli kadrların hazırlığında Heydər Vəzirovun xidmətini xüsusilə qeyd etmişdir.
Xatırladaq ki, həmin illərdə Heydər Vəzirov bir neçə mühüm vəzifədə işləmişdir: Azərbaycan Sosialist Şura Cümhuriyyətinin Hərbi komissarı idi. O həm də mətbuatda hərbi mövzularda maraqlı yazılarla müntəzəm olaraq çıxış edirdi.
“Qızıl əsgər” qəzetində hərbi təlimin keçirilməsi, hərbi dərslərin keyfiyyəti, döyüş taktikası, hərbi nizamnamələrin hazırlanması və çapı barədə maraqlı yazıların müəllifı idi.
Cəmi 44 il ömür sürmüş komissar Heydər Vəzirovun bir hərbçi kimi xalqımız qarşısında əvəzsiz xidmətləri var. O, 1925-ci ildə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri, 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Şura Cümhuriyyəti Xalq Torpaq komissarı, 1933-cü ildə isə Azərbaycan SSR torpaq komissarı təyin edilir.
Otuzuncu illərdə ölkədə Stalinin cəza tədbirləri sənayeni, kənd təsərrüfatını, elm və maarifi güedən saldı. Sovet Ordusu da, Azərbaycan milli diviziyası da özünün ən yaxşı komandirlərini itirdi. Diviziya komandirləri Cəmşid Naxçıvanski, Qambay Vəzirov, komissar Şəmistan Əyyubov (Sarı Şəmistan – Ş.N), polkovnik Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Abdulla Məlikov kimi oğullar repressiyanın qurbanı oldular.
1937-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının ünvanına “Əksinqilabçı burjua, millətçi-üsyankar, terrorçu-ziyankar təşkilatın işi” adlı saxta bir ittiham yaradıldı. Bu azmış kimi, şəxsən komissar Heydər Vəzirovun işinə bir söz də əlavə elədilər:“Pantürkist”. DİN ayrı, NKVD işçiləri bu sözü ona görə əlavə elədilər ki, bu barədə komissarla “dopros” aparmağa əldə tutarlı “əsas” olsun. Axı, Vəzirov Birinci Dünya Müharibəsindən qayıdanda Türkiyədən keçib gəlmişdi. On səkkizinci ildə müsavatın hərbi məktəbində işləmişdi, üstəlik də onun müsavat ordusunda birgə işlədiyi zabitlərin çoxu Türkiyədə özlərinə sığınacaq tapmışdılar.
Bu saxta ittihamlarla komissarlığın bir neçə əməkdaşı və komissar Heydər Vəzirov ailəsi ilə birgə məhv edildi.
1937-ci iloktyabrın 13-dən 14-nə keçən gecə general Qambay Vəzirovla birgə 26 nəfər yüksək rütbəli azərbaycanlı hərbçi güllələndi.
1938-ci ildə Mircəfər Bağırovun Moskvaya göndərdiyi bir hesabatı oxuyanda adamın inanmağı gəlmir. Təəssüfki, bu faktdır və ən başlıcası sənəddir.
Ona inanmamağa haqqımız yoxdur. Orada yazılır ki, 32 rayon partiya komitəsinin katibi, 28 rayon icraiyyə komitəsinin sədri, 18 xalq komissarı və müavinləri, milli diviziyanın 88 komandiri və hərbi-siyasi işçilər həbs edilərək “xalq düşməni” kimi məhv edilmişlər.

SAHİBƏ XANIMLA SÖHBƏT

Bakı, Ələsgər Ələkbərov küçəsi, Dadaşovların mənzili. Bura komissar Soltanhəmid Paşayevin kürəkəni Xeyrullanın evidir. Eşidəndə ki, “37”nin haqsız qurbanı olan komissar Soltanhəmid Paşayevin həyat yoldaşı Sahibə ana qızı Rəfiqə xanımgildədir, nəvə-nəticələrini görməyə gəlib, fikirləşdim ki, həyat yoldaşının ömür yolunu ondan yaxşı bilən ikinci bir adam tapmaq hələlik qeyri-mümkündür.
Hələlik ona görə deyirik ki, bizim yazımızdan sonra, bəlkə, onunla birgə işləyən keçmiş hərbiçilərdən kimsə Soltanhəmidin fəaliyyətindən daha ətraflı məktub yazıb, məlumat verəcək.
Onu da xatırladım ki, Sahibə ana 1932-ci ildən partiyanın üzvü olub. Əri tutulandan iyirmi üç il sonra yenidən onu partiya sıralarına bərpa ediblər.
– Sahibə ana, həyat yoldaşınız Soltanhəmid günahsız olaraq həbs ediləndə uşaqların neçə yaşı vardı?
– Oğlum Rəfiqin 10 yaşı vardı. Onu çox tez itirdim, Rozanın 8, Elmiranın 5, Rəfiqənin isə cəmi 1 yaşı vardı. Bir sözlə bir oğul, üç qız anası idim. Soltanhəmid tutulandan sonra özümü itirmədim. Dəyanətimi saxladım. Onları min bir əziyyətlə də olsa böyütdüm. Oxutdum, ali təhsilli elədim. Təkcə ciyərparam Rəfiqi itirdim.
İndi yeddi nəvəm, dörd nəticəm var. Sağ olsunlar, ağıllı balalardı. Hamısı ali təhsil alıblar. Tahir ali təhsilli həkimdir, Gülnarə elmlər namizədidir.
– O vaxtın qara günlərindən yaddaşınızda ən çox hansı məqamlar qalıb?
– 1926-cı ildə Soltanhəmidlə ailə qurduq. Xoşbəxt də yaşayırdıq. O, komissarlıqda işləyirdi. El-obada yaxşı hörməti vardı. Çox keçmədi, onu Şamaxıya hərbi komissar təyin etdilər. Otuz yeddinci il gəlib çatdı, gündə bir xəbər çıxdı:
“Filankəsi apardılar, filankəs xalq düşməni çıxdı”. Bu filankəs deyilənlərin də hamısı hörmətli, partiyaya sadiq, xalqını sevən adamlar idi. Hamı qorxu içində, səksəkədə yaşayırdı. Axşam olub, qaranlıq düşəndə, bir şaqqıltı, bir səs eşidəndə deyirdilər ki, filankəsi aparmağa gəliblər. O “çornı voron” deyilən maşın nə qədər yaxşı oğulları aparıb məhv elədi. Eh, uzun dərddir, bala…. Nə qədər günahsız adamlarımız “xalq düşməni” ləkəsi ilə güllələndi.
– Soltanhəmid həbs edilən gün, il, yəqin ki, yadınızdadır. Bu müdhiş hadisə nə vaxt olub?
– 1937-ci ilin avqust ayı idi. Daha dəqiq, avqustun 17-si idi. Mən balalarımla Sulut kəndinə getmişdim. Soltanhəmid də axşama qayıtmalı idi.
Şamaxıda yığıncaqları vardı, ləngidi, gəlmədi. Səhərisi Rozanın ad günü idi.
Tezdən gəlməyə söz vermişdi. Kənddə, tanış müəllimgilə gedib patefonu istədim, şənlənməyə. Min cür bəhanə gətirib vermədi. Mənə çox müəmmalı, ikibaşlı cavab verdi. Kor-peşman geri qayıtdım. Yolda milis işçisi Ələşrəfə rast gəldim.
Şamaxıdan gəlirdi. Hal-əhval tutmaq istədim. Başını aşağı salıb xəcalətlə bircə bunları dedi: “Dadaşım Soltanhəmidi tutub apardılar”. Daha sonrası yadımda deyil…
Səhərisi yığışıb Şamaxıya qayıtdıq. Öyrəndim ki, onu yığıncaq vaxtı aparıblar. Onunla birgə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Xəlfə Hüseynovu, ikinci katibi Avalovu, torpaq şöbəsinin müdiri Yuxanovu, altı nömrəli şərabçılıq sovxozunun direktoru Əlisahib Məmmədovu, rayon prokuroru Əhməd Əmirovu, Padar Kənd Sovetinin sədri Babalı Bəkirovu da həbs etmişdilər.
Bir sözlə, Şamaxı ziyalılarına süpürgə çəkirdilər. Kimin evində ərəb əlifbası ilə kitab, əlyazması tapılırdısa, pantürkist, panislamist damğası ilə cəzalandırılıb həbs edilirdi.
NKVD-nin sədri Şabanbəyovdan evimizin açarını istədim. Qapımıza qıfıl vurmuşdular. Sumbatov-Topuridze də orada idi. Mənə tərs-tərs baxıb: “Deyəsən, öz ayağınla gəlmisən, rədd ol burdan, bu saat səni də həbs edərəm” deyib özündən çıxdı. O gündən həyatımın faciəsi başladı….
– Sahibə xanım, Soltanhəmidin “günahı” nə oldu?
– Sonralar öyrəndim ki, bir ambardan döyməklə Soltanhəmidin üzünə şahid ediblər. Guya o deyib ki, biz komissarın kabinetində, evində tez-tez yığıncaq keçirirdik. Komissar Paşayevin rəhbərliyi ilə silahlı üsyana hazırlaşırdıq. O, bizə güllə atmağı öyrədirdi. Komissar Paşayev məni əskərliyə ona görə göndərmədi ki, təşkilatın işində yaxından iştirak edirdim. Təşkilata silahı mən tapıb alırdım.
– Görüşməyə necə, icazə verirdilərmi?
– Yox. Ayda iki dəfə “yemək” götürürdülər. Yemək, ərzaq aparmaq qadağan idi. Ancaq dəyişmək üçün paltara icazə vardı. Bir dəfə bir nəfər nə yollasa ondan barmaq boyda kağız gətirdi. Yazmışdı ki, Sahibə, mən “xalq düşməni” deyiləm. Mənim vicdanım təmiz və ləkəsizdir. Bunları balalarımıza da başa sal ki, gözükölgəli böyüməsinlər. Üçüncü dəfə dalınca gedəndə dedilər ki, 20 il həbs cəzası kəsilib. Dalınca da əlavə elədilər ki, əriniz güllələnib, daha gəlməyə bilərsiniz….
“Güllələnmək” sözünü eşidəndə ağlım başımdan çıxdı. Handan-hana özümü ələ aldım. Düşmənlərin əhatəsində olduğumu xatırladım. Körpələrimi fikirləşdim.
Sağ olsun, yaxın-uzaq qohumlar, o çətin illərdə gizli də olsa “xalq düşməni”nin ailəsinə arxa oldular.
Soltanhəmid Paşayevin ömür yoldaşı Sahibə xanım o ağrılı-acılı illərə qeyrətlə, kişi dəyanəti ilə dözmüş, övladları Rozanı, Elmiranı, Rəfiqəni böyüdüb ərsəyə çatdırmış, komissar ərinin, nüfuzlu ziyalı nəslinin adına layiq vəfalı ömür yaşamışdır.
İllərin əzabından saçı qar kimi ağarmış nurani Sahibə ana ilə söhbət edəndə elimizin müdrik sənətkarı Abbasqulu ağa Bakıxanovun sözlərini xatırladım “Namuslu qadın kişi üçün elə bir sərvətdir ki, onun misli yoxdur”.
Onu da xatırladaq ki, Soltanhəmid Cəbrayıl oğlu Paşayev 1898-ci ildə Şamaxıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Şamaxıdakı realnı məktəbində alan Soltanhəmid sonralar Bakıdakı Azərbaycan hərbiyyə məktəbinibitirib. Zabit kimi ordu sıralarında sidq-ürəklə xidmət edən Soltanhəmid Baskal Qəsəbə İcraiyyə Komitəsinin sədri, Göyçay hərbi komissarlığında komissar köməkçisi (1925-30-cu illərdə) işləmişdir. Yaxşı hərbi fəaliyyətinə görə dəfələrlə mükafatlandırılan Soltanhəmid məşhur şairimiz Məhəmməd Hadinin doğmaca xalası oğludur.
Komissar Soltanhəmid Paşayev 1938-ci il yanvarın 3-dən 4-nə keçən gecə güllələnmişdir.
1991-ci il

GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ
(Sonuncu Kəngərli generalı)

Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o ilk növbədə öz milli ordusu, Milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm..
İyirmi beş il öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm.
Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq iyirmi beş il keçəndən sonra özüm də yüksək qiymətləndirirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
(1990-cı ildə verdiyi müsahibədən)

Hər şeyin ilki gözəl və yadda qalan olur. İlk müəllim, ilk general, ilk kosmonavt, ilk məhəbbət… Bunlar ilk övlad qədər şirin və əzizdir. Bu gün hərbi qüdrət tariximizin zabit heyətindən söz düşəndə istər-istəməz general Cəmşid xan Naxçıvanski adına hərbi litseyin məzunlarını yada salırıq.
Fəxr etməliyik ki, Cəmşid xanın “şinelindən çıxmış” bu zabitlər suveren Azərbaycan Milli Ordusunun sıralarında torpaqlarımızın qəsbkarlardan təmizlənməsi uğrunda şərəflə vuruşmuşlar.
1918-ci ilin iyun ayında məşhur sərkərdəmiz Əliağa Şıxlinski Gəncədə Milli yunkerlər məktəbinin banisi olmuşdur. Totalitar rejimin məngənəsində ikinci dəfə belə bir məktəbin 1971-ci ildə yaradılması Heydər Əliyevə qismət oldu.
Əlbəttə, o dövrün acı abı-havasını udanlar yaxşı bilirlər ki, həmin illərdə Milli zabit heyətinin yetişdirilməsi üçün nəinki məktəb açmaq, hətta bu barədə fikirləşmək belə böyük cəsarət və risk tələb edirdi. Bütün zamanlarda xalqını düşünən Heydər Əliyev haqlı olaraq millətimizin sonsuz məhəbbətinə layiq şəxsiyyətdir.
Cəmşid Naxçıvanski Kəngərli nəslindən olan axırıncı generaldır. Onun general babaları Ehsan xan, Kəlbalı xan, Hüseyn xan və İsmayıl xan qoca yaşlarında öz əcəlləri ilə vəfat ediblər. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi. Onun da 26 ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud xan və Kəlbalı xan İranda şah qvardiyasında xidmət edirdi. Guya Cəmşid xan da başçılıq etdiyi “casus təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə saxlayırdı. Azərbaycanda Şura hökuməti qurulanda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana getmişdilər. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə almışdılar. Lakin otuzuncu illərdə şahənşah onlara inamını itirdi. Səbəbi qardaşları Cəmşid xan Naxçıvanskinin Qızıl Orduda briqada komandiri olması idi. Vaxtilə onların ata-babaları rus qoşunlarının tərkibində İran ordusuna qarşı vuruşmuşdular.
Görünür, şahənşaha bu məlumatda da çatdırılıbmış… Ona görə də şah onları güllələtdirdi. Bu tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs edildi. Həmin ilin avqustun 26-da güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda qətlə yetirilmişdi. Onda C.Naxçıvanski Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın ümumi taktika kafedrasının rəisi kimi yüksək vəzifədə işləyirdi.
1938-ci il avqustun on ikisində “Sovet Hökumətinin qatı düşməni, müqəssir” Cəmşid xan Naxçıvanskiyə olunan ittihamnamədən:
Birinci: – Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet millətçi təşkilatın fəal iştirakçısıdır. O, təşkilata Qarayev tərəfindən cəlb olunmuşdur.
İkinci: – Azərbaycanda Sovet hökumətinin devrilməsi planının hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, Azərbaycanda hərbi üsyan planını şəxsən özü hazırlamışdır.
Üçüncü: – İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı xanla əlaqə saxlamışdır. Azərbaycanda üsyan başlarkən mühacirlərdən ibarət kömək məqsədilə qardaşına hərbi dəstələr göndərmək tapşırığını vermişdir.
Dördüncü: – 1931-ci ildə həbsdən azad oldunduqdan sonra Moskvaya gələrək Qarayevlə yenidən əlaqə yaratmışdır. Azərbaycan Milli Mərkəzində antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak etmişdir.
Beşinci: – Antisovet hərbi qəsdlə bilavasitə əlaqə saxlamış və onlara Azərbaycan Milli Mərkəzinə konkret kömək göstərəcəyi barədə razılıq vermişdir.
Altıncı: – 1921-ci ildən 1926-cı ilə kimi casusluqla məşğul olmuş, Az. Pambığının keçmiş sədri Məmməd Hacıyev vasitəsilə qardaşı Kəlbalı xana ordu barəsində (RKKA) tam məxfi məlumatlar vermişdir.
Bu ittihamnamələrdən on dörd gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası bağlı məhkəmə iclası keçirdi. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və 3 nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə iclası saat 1250-də general Cəmşid xan Naxçıvanskiyə ölüm hökmü oxudu. Hökm oxunandan sonra ona son sözünü deməyi təklif etdilər. Döyülüb ağır yaralar almış Cəmşid xan kəkələyəkəkələyə danışmağa utandı. Bir də ki, şər və iftira dolu ölüm hökmü kəsiləndən sonra vida sözünü deməyi xan kimi qüruruna sığışdırmadı. Həmin gecə onu Moskvada güllələdilər…

***

“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik etməkdən boyun qaçırdı: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə baxaram?” Həbs barədə orderlə qara “Emkada” gələnlərdən biri pillələri tələsik qalxdı. Qapını açan ev sahibəsinə hövlank dedi: “Qiymətli nəyiniz varsa, gizləyin”. Qızıl ordunun xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula, mala qətiyyən tamah salmayan, bir insan idi. Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam” dedi.
O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın” (Qreqori Akselrod, “Xan nəsilli briqada komandiri”, “Nedelya” qəzeti № 17, 1988-ci il).
Represiya illərində haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil Əliyev, Seyfulla Mehdiyev, Qalib bəy Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ qalan müasirlərdən generalmayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların ailə üzvlərinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə niyə min bir əziyyət çəkib? Stalinin əshabələri – Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı “təmizləmə” maşınında niyə məhv ediblər?
Suallar, suallar… Onlara cavab tapmaq çətindir.
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz.
Mülkləri uçurdular ki, ağalardan, xanlardan qalıb. Məscidləri bağlayıb Allahsızlar ittifaqı yaratdılar. Oğulları həbs edib öldürdülər ki, nəsli bəy olub, xan olub.
Müsavat hökumətinə qulluq edib.
Bu gün tarix bu səhvləri etiraf edərək otuz-qırxıncı illər dövründə və əllinci illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların şərəinə abidələr ucaldır, küçələrə, meydanlara adları verilir. Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının xatirəsi önündə mənəvi borcunu yerinə yetirir.
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da o vaxt çox adi bir hala çevrilən müdhiş cəzanın qurbanı oldu.

İĞTİŞAŞLI İLLƏRİN HƏYƏCANI

…Naxçıvanda mütərəqqi ziyalılar az deyildi. Kəngərli nəslindən olanları da mən ehtiramla yada salıram. Bu nəsildən bir sıra məşhur ziyalılar yetişmişdir.
Böyük xan, general İsmayıl xan, Hüseyn xan, Cəfərqulu xan, Məmmədqulu bəy, Məmməd ağa Şahtaxtinski, rəssam Bəhruz Kəngərli buna misal ola bilər.
Naxçıvanlılar bu adamlara inanır, onlara müşkül bir işdə müraciət etməkdən çəkinmirdilər. Onu da qeyd edim ki, məhşur general Cəmşid xan Naxçıvanski də bu nəslin layiqli nümayəndəsidir.
Əli Səbri (1892-1983)
naşir, tərcüməçi

Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə qızıl səhifələr yazmış Cəmşid xanı 1895-ci il avqustun 15-də dünyaya bəxş etdi. O, yeddi yaşına çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanova Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus ordusunun zabiti olan atası Cəfərqulu xan səkkiz yaşlı Cəmşidi Tiflisdəki yunkerlər məktəbinə qoydu, 1914-cü il noyabrın 8-də onu Qərbi Ukraynadakı Yelizavetqrad (indiki Kirovqrad – Ş.N.) qvardiya məktəbinə göndərdilər. 1914-cü ildə praporşik rütbəsi ilə həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda imperiyanın müsəlman əhalisindən təşkil olunmuş tatar süvari eskadronunun komandiri təyin olundu. Cəmşid xan Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya müharibəsində ad-san qazanmışdı.
“Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdur. Avstriya və Rumıniyanın cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari zabit kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində gümüş silahla təltif edilmiş və ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Anna”, ikinci, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə mükafatlandırılmışdır.
Cənub-qərb cəbhəsi dağıdıldı. Ştab-rotmistri Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı.
1918-ci il sentyabrın 15-də Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizlədi. Əlahiddə Korpusun sıralarında Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan da inamla vuruşurdu. Füsunkar Qarabağın Şuşa şəhərində yerləşən Cəmşid xan Naxçıvanskinin alayı 1920-ci ilin martında daşnak tör-töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə gün sonra Respublika Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. Milli Ordu hissələrinin təşkilinə başlansın. Cəmşid Naxçıvanskinin komandirlik etdiyi ikinci Qarabağ süvari polku könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən sonra birinci fəhlə-kəndli polku adı ilə XI Ordunun tərkibinə daxil edildi. Podpolkovnik Cəmşid xan Naxçıvanskinin özü isə ilk Azərbaycan Birləşmiş Komanda məktəbinin rəis müavini, az sonra isə rəisi təyin olundu. İgid komandir kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişə müsbət xasiyyətnamələr verilmişdir.
İstedadlı sərkərdənin xalqına, Vətəninə sədaqəti, yüksək hərbi biliyi XI Ordunun komandanı M.İ.Levandovski, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidze, Azərbaycan Hərbi Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdir.
1921-ci il martın 14-də ordu komandanı M.İ.Levandovskinin Cəmşid Naxçıvanskiyə verdiyi xasiyyətnamədə oxuyuruq:
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən komandanlıq etməyə tam layiqdir. Sakit, təmkinli, fəal və təşəbbüskardır. Azərbaycan MİK-in və Zaqafqaziya MİK-in tərkibinə seçilmişdir. Diviziya komandirliyi vəzifəsinə tam uyğundur”. İllər keçdi. Qızıl Ordunun məşhur komandirlərindən biri olmasına baxmayaraq, otuz yeddinci ilin qara tufanlarında M.İ.Levondovskiyə də inam, etibar azalıb yox dərəcəsinə endi. 1938-ci ilin martında onu da həbs etdilər. Martın  23-də çekistlər ondan zor gücünə Cəmşid xanın əleyhinə belə bir ifadə aldılar:
“Mənim Cəmşid xan Naxçıvanski ilə 1927-ci ildən yaxın dostluq əlaqəm vardır. Elə o zaman – 1927-ci ildə Naxçıvanski Azərbaycan MK-nın keçmiş katibi Qarayev (Əliheydər Qarayev – Ş.N.) tərəfindən burjua-millətçi əksinqilabi təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni zamanda o, mənə bildirmişdi ki, Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün onu Sov. İKP sıralarına keçirmək lazımdır.
Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən, Bakı şəhər partiya komitəsinin keçmiş katibi Levon Mirzonyan da ona imza atmışdı. Az. K/ B/ PMK-nın Naxçıvanskiyə həsr olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən “şəxsən” açıq şəkildə onunla söhbət aparmalıyam.
Mən Cəmşid Naxçıvanskini “Avropa” mehmanxanasına öz yanıma çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun qubernator işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim.
Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. Naxçıvanski razılıq verdi.
Mən ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində durmalıdır. Bundan sonra Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata Azərbaycan alayının keçmiş komandiri Veysov və digərləri də cəlb olunmuşlar.
Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə 1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi-Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni yaradılan Azərbaycan Dağ-Atıcı diviziyasına komandir təyin olundu.
1923-cü ildə Moskvadakı qısa müddətli Ali Hərbi Akademiya kursuna göndərilən Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı.
Azərbaycana qayıdandan sonra yenidən diviziya komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olmuşdur.
Mərhum general Akim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada xidmət edib. Onun dediklərindən:
– Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, səliqəylə yana ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın baxışları indi də gözümün önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus dəyanəti ilə müasirlərindən seçilirdi. Biz – Cəmşid xan Naxçıvanskinin divizyasında xidmət edənlər, bu istedadlı sərkərdədən hərbi peşənin sirlərini öyrənmiş komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu “Xan Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik.
Xanlar rayon ərazisindəki iki kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl əsgərlər, həmçinin yerli sakinlər komandirimizə ehtiram əlaməti olaraq “Xan Naxçıvanski dağı” adlandırırdıq.
Cəmşid xan komanda məntəqəsini bu dağda qurmuşdu. Buranın reylefi elədir ki, həmin dağdan ətrafda Azərbaycan diviziyasının təlim meydançaları aydın görünürdü.
Cəmşid Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi İnqilab Şurasının əmri ilə Cəmşid Qızıl Ordunun Ali Komanda Heyəti kursuna dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid Naxçıvanski Xalq Müdafiə Komissarının əmri ilə akademiyada müəllim saxlanıldı.
Həmin dövrdə C. Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın.
O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid xan Naxçıvanski hərbi təlimlərdə, operativ taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə kimi göstərmişdir.
C.Naxçıvanskidən korpus komandiri kimi də istifadə etmək olar. O, təmkinli, sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüsskardır, gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq qabiliyyəti vardır…”
Bu da Hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttiaqı marşalı Boris Şapoşnikovun həmin attestasiyasının təsdiqi barədə rəyi:
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının komandiri vəzifəsinə münasibdir”.
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid xan orduda bir qoşun növünə vətəndaş müharibəsinin təəssüratı ilə həddən artıq aludə olanlarla razılaşmır. Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə yaxa qurtarmağa çağırırdı. Sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi üstünlük təşkil edəcək: döyüş meydanlarında o kəs qalib goləcək ki, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətini təmin edə bilsin, döyüşün idarə olunmasına yaradıcı şəkildə yanaşmağı öyrənsin. Toxum münbit zəminə düşmüşdü. Lakin bu toxumun cücərməsi.
Bəli, nadanlar, şər və iftira düşgünləri bu toxumun cücərməsinə imkan verməlidilər. Onun tərbiyə edib yetirdiyi müdavimləri – S.Biryuzov, A.A.Qreçko, P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid Naxçıvanskinin “xalq düşməni” olmasına inanmaq çox çətindir. Bu ağa qara demək kimi bir şeydir. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar.
Lakin o, istintaqda heç bir iftiranı boynuna almayıb, özünün günahsız dostlarını satmayıb, xalqının, nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında ürək dolusu ilə danışan bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə məlumat vermək imkanı yarandı. İndi onun adına Bakıda Hərbi litsey var. Boyabaşa çatdığı Naxçıvanda isə ev muzeyi açılmışdır.
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmlər doktoru, professor Əyyub Əsgərov vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edib. O, istedadlı sərkərdə Cəmşid xan Naxçıvanskinin son günlərinin şahidi olub:
– 1937-ci ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən geri qayıdırdım. Moskvada hərbi kursda oxuyan yoldaşlarımla gorüşmək üçün Frunze adına Hərbi Akademiyaya getdim. Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev, Əhmədəli Əliyev, Bayram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada görüşdüm.
Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə toplaşmışdıq. Bu vaxt C.Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim edərək onu salamladıq. Görkəmli sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü.
Üz-gözündə xoş təbəssüm cilvələnirdi… O, 77-ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi biləndə məni söhbətə tutdu. Azərbaycan xalqının həyatı ilə yaxından maraqlanırdı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi uğurlar barədə məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksək bilikli kadrlar hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra: “Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır”,-dedi. Gedərkən hamıya müraciət etdi: “Bu Ali Hərbi məktəb- Akademiya əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çox azdır”. Üzünü mənə döndərdi: “Çalışın, qoçaq olun, mən elə sizi də burada görmək istərdim”.

DÖRD QARDAŞIN FACİƏSİ

Xan nəsilli generalın Naxçıvandakı ev muzeyində 1898-ci ildə çəkilmiş köhnə bir şəkli var. Tən ortada oturmuş ana – Fərəntac xanım körpə qızını bağrına basıb. Yanında şux qamətli üç oğlu – Ehsan xan, Kəlbalı xan və Cəmşid xan əyləşib. Çərkəzi geyimdə olan üç qardaşın duruşunda yaşlarına uyuşmayan ciddilik, mərdanəlik və vüqar oxunur. Həyatın hələ dinclik və rahatlıq dövrüdür.
Yastığın üstündə oturan iki yaşlı Cəmşid uşaqlara məxsus heyranlıqla obyektivə baxır. Dünyaya uşaq marağı ilə baxan, iki ildən sonra başlanacaq yeni əsrdə onu nələr gözlədiyindən hələ bixəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və müharibənin alovları balaca Cəmşidi on altı il sonra polad kimi bərkitdi… Hələ qarşıdakı həyat faciəsinə bir qərinədən çox qalırdı. Elə bir faciə ki, orada Cəmşid xan yox, onun qardaşları Ehsan xan, Kəlbalı xan və hansı təsadüfdənsə bu fotoşəkilə düşməyən Davud xan da məkr və böhtanın qurbanı olacaq.
1920-ci ilin iyununda Cəmşid xanın xidmət etdiyi ikinci Qarabağ süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik Naxçıvanski nizami hissə üzrə müavin idi. Bir gün gecədən xeyli keçmiş qaldığı evin qapısı döyüldü. Qardaşı Ehsan xan  onun qonağı idi. Ondan iki yaş boyük olan Ehsan xan da peşəkar hərbçi idi. O, Moskvada zadəgan balalarına məxsus kadet korpusu məktəbini bitirmişdi. Ehsan xanın da, çox saylı gənc Naxçıvanski zabitlərinin də tam süvari generalı Hüseyn xan Naxçıvanski kimi örnək əmiləri vardı. Hüseyn xanın şöhrəti bütün Rusiyaya yayılmışdı. Onlar belə igid əmiləri ilə fəxr edir, onun hərb sənətinin davamçısı kimi orduda şərəflə xidmət edirdilər.
Elə Əlahəzrət imperator adına şöhrətli on yeddinci Nijeqorodsk Draqun alayında ştabs-rotmistr Murad xan, qvardiya rotmistri Kəlbalı xan (nəvə), poruçik İsgəndər xan Naxçıvanskilər göstərdikləri şücaətlərə görə cəbhədə ad-san qazanmışdılar.
1914-cü ildə bölüyü ilə düşmən qüvvələrini pərən-pərən salan Murad xanın döyüş xidmətləri “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə, 1915-ci ildə “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) və 1916-cı ildə “Müqəddəs Anna” ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) layiq görülmüşdür.
Birinci Dünya müharibəsindən sonra Vətənə qayıdan rotmistr Murad xan Naxçıvanski Milli Ordunun üçüncü Şəki alayında birinci bölüyün komandiri oldu.
Döyüşlərdə igidliklə vuruşan poruçik İsgəndər xan Naxçıvanskinin xidmətləri isə “Müqəddəs Anna” ordenin üçüncü dorəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə (İgidliyə görə yazısı ilə) və “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə) layiq görülmüşdür.
1916-cı il aprelin 1-də “Kaspi” qəzeti yazırdı: “Ulan Leyb – qvardiya alayının rotmistri Kəlbalı xan Naxçıvanski 1914-cü il avqustun 15-də Sokokov kəndini düşməndən geri aldığına görə “Georgi silahı” ilə təltif olunmuşdur. Onun komandir olduğu vzvod heyəti alayın sol cinahında döyüşlər apararkən qəflətən avstraliyalıların bir eskadronunun basqısına məruz qalmışlar. Özünü itirməyən rotmistr Kəlbalı xan az saylı qüvvə ilə hücuma keçərək düşməni qaçmağa məcbur
etmiş, qaranlıq düşənə qədər onları təqib edərək döyüş ərazisindən çıxartmışlar.
Ötən döyüşlərdə də uğurlu qələbələr qazanan rotmistr Kəlbalı xanın xidmətləri üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) və ikinci dərəcəli “Müqəddəs Anna” ordenləri ilə (qılıncla birgə) qiymətləndirilmişdir”.
1918-1920-ci illərdə Azərbaycan Milli ordusunda xidmətini davam etdirən Kəlbalı xan Naxçıvanski və Kərim xan İrəvanski haqqında Respublika Nazirlər Soveti sədrinin adına 1919-cu ilin mart ayında yazılmış raport saxlanılır. Həmin sənədi Hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov imzalamışlar. Sənəddə oxuyuruq:
“Qvardiya ştab-rotmistrləri Kəlbalı xan Naxçıvanskinin və Kərim xan İrəvanskinin keçmiş Rusiya hərbi nizamnaməsinə görə rütbələri ştab-rotmistr idi. Bu günkü orduya dəyişdirildikdə isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və Naxçıvan qəzalarının erməni daşnaklarından azad olunmasında fərqləndiklərinə görə onlar polkovnik rütbəsi almağa tam mənada layiqdirlər”.
Naxçıvan və Şərur qəza qoşunlarının komandanı olan Kəlbalı xanın polkovnik rütbəsi alması barədə fakta təəssüf ki, sonrakı sənədlərdə rast gəlmədik. Dörd qardaşdan ikisi – Ehsan xanın və Cəmşid xanın doğma qardaşı Davud xan və Kəlbalı xan 1920-ci ildə bolşevik istilasından sonra İrana mühacirətə getməyə məcbur oldular.
Birinci Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan xan da leybqvaridya Varşava Ulan alayında şöhrətli döyüş yolu keçmişdir. 1914-1916-cı illərdə üstü “İgidliyə görə” yazılı dördüncü dərəcəli “Müqəddəs Anna”, yenə həmin ili üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), 1915-ci ildə “Müqəddos Anna” (qılınc və bantla birgə), 1916-cı ildə ikinci dərəcəli “Müqəddəs Anna” (qılınc birgə) ordenləri ilə təltif olunmuşdur.
Polkovnik Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan xana verdiyi xasiyyətnamədə yazırdı ki, alayın bütün yürüş və döyüşlərində, xüsusilə 1916-cı il aprelin 3-də apardığı kəşfiyyat işlərində bacarıqlı komandir kimi fərqlənmişdir.
İmperiya ordusu dağılandan sonra Vətənə qayıdan ştab-rotmistr Ehsan xan 1919-cu il mayın altısınadək dördüncü Borçalı süvari alayında bölük komandiri kimi Lori nahiyyəsində və Qarayazı ərazisində daşnak ermənilərə qarşı döyüşlər aparmışdır. Həmin ildən üçüncü süvari alayında, üçüncü bölüyün komandiri olan Ehsan xanın Qarabağda göstərdiyi qəhrəmanlığa görə rütbəsi də polkovnikə çatmışdı.
Cəmşid xan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliməsinə çox sevinirdi. Podpolkovnik Ehsan xan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci ilin aprelində Azərbaycana soxulan silahlı bolşeviklər hər şeyi tar-mar eləmişdi. Azərbaycan hökuməti buraxılmış, ordusu dağıldılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə qurtarmışdılar. Amma müsavat əsgər və zabitlərin sorğu-sualsız güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə Ehsan xan hamıdan tez ayıldı.
Qardaşı Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak əsgərlərinin tüfənglərindəki süngülər ay işığında parıldadı. Taxta qoburlu mauzeri olan daşnak zabiti soruşdu: “Cəmşid xan Naxçıvanski sizsiniz?” Ehsan xan dərhal məsələni anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə adlayıb qapını bağladı. “Bəli, Cəmşid xan mənəm” – dedi.
Onu şəhərin kənarına aparıb müsavat zabiti olduğuna görə sorğusuz sualsız güllələdilər…
1920-ci il iyunun 11-də isə Fövqəladi Komissiya 1108 saylı “Həbs sənədi” tərtib etdi.
Nəyə görə həbs olunub güllələnmişdir sualının qarşısında: on birinci orduda xidmət etmək istəmədiyinə görə müsavat zabiti kimi güllələnmişdir. – Cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə tamam olan Ehsan xan Naxçıvanskinin ömrünə
namərdlər nöqtə qoydular.
Otuzuncu illərin axırlarında isə İran ordusunda xidmət edib yüksək rütbələrə çatan Davud xanı və Kəlbalı xanı şah 1934-cü ildə qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını itirmişdi.
Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat çıxmadı…
İyul 1991-ci il

KOMİSSAR SARI ŞƏMİSTAN
(1895-1937)

“Komsomol poeması” ötən əsrin otuzuncu illərində yazılıb. 1970-ci ildə bu əsər əsasında “Yeddi oğul istərəm” bədii filmi çəkilib. Hər iki əsərdə eyniadlı qəhrəmanı – San Şəmistan obrazını çoxları şairin bədii təxəyyülündən yaranmış surət kimi qəbul edirdilər. Sarı Şəmistanın tarixi şəxsiyyət olmasını bilənlər indi də çox azdır.
El-obada Sarı Şəmistan adı ilə məşhur olumuş Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində anadan olub. Aprel inqilabından əvvəl Qazaxda ikiillik məktəbi bitirib.
1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı olub. Hələ 1918- ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub.
İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq qızıl ordu sıralarına qoşulub. O, Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib.
1918-ci il oktyarbın 25-də RK(b)P Daşkənd təşkilatına çağırılan Şəmistan Mahmud oğlu həmin gün bolşeviklər partiyasına qəbul edilib. Qəbul vaxtı o deyib:
“Mən bolşeviklər partiyasına qorxuya görə yox, namusa görə daxil oluram. Mən ideyama görə şüurlu surətdə bu partiyanın sıralarında canla-başla xidmət etməyə söz verirəm. Heç bir qüvvə məni fəhlə-kəndli bacı-qardaşımın seçdiyi bu sağlam yoldan döndərə bilməz”.
Komissar Şəmistan Əyyubov Daşkənddə baş verən (1919-cu il yanvar ayında) əksinqilabçı Osipov üsyanının yatırılmasında mərd komissar kimi əldə silah vuruşmuşdu.
Həmin ilin mart ayında mətin bolşevik kimi Buxara ərazisində əksinqilabçılara qarşı döyüşə göndərilib. O, burada Türküstan Bürosunun Poltorotski şəhər RK(b)P Müsəlman Komitəsinin və Zakaspi Müsəlman Bürosunun sədr müavini vəzifəsində çalışıb. 1920-ci ilin iyun ayında Şəmistan Əyyubov Azərbaycana qayıdıb. Qazax Qəza Partiya və İnqilab Komitələrinin sədri təyin edilib. Bir il yarım Qazaxdakı fəaliyyətindən sonra onu Şamaxı və Göyçay qəzasına məsul işə göndəriblər. O, bu qəzalarda neçə-neçə qaçaq-quldur yuvalarını dağıdıb.
Komissar Şəmistan Əyyubov 30-cu illərdə Qazax Rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb.
1937-ci ilin qara günləri kabus kimi ölkəmizə yeriyəndə təhlükə mərd komissar Şəmistan Əyyubovun da qapısını döyüb. Hələ 1935-ci ilin noyabr ayından bu faciə, hökumət adamlarının inamsızlığı qarabaqara onu izləməyə başlamışdı. Həmin il, həmin ayda onun üçün qondarma sənəd Mir Cəfər Bağırovun və Şahverdiyanın imzası ilə hazırlanmışdı: “Antipartiyaçı hərəkətlərinə, burjua ailə mühitində irticaçı ənənələrinin qalıqlarına rəğbət bəslədiyinə görə Şəmistan Əyyubov RİK-in sədri vəzifəsindən azad edilsin. Şəmistan Əyyubovu partiya məsuliyyətinə cəlb etmək üçün sənədlər Partiya Kollegiyasına göndərilsin”.
AK(b)P MK katibi M.C.Bağırov
AK(b)PMK və BK xüsusi
bölməsinin müdiri Şahverdiyan

Mərd komissar Şəmistan Mahmud oğlu Əyyubovu SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası əksinqilabçı-trotskçi və millətçilik fəaliyyətinə görə birinci kateqoriya ilə güllələnməyə məhkum etdi. Onu 1937-ci ildə yanvarın 5-dən 6-na keçən gecə güllələdilər.
Komissar Şəmistan Əyyubov güllələndikdən sonra Pəri xanım Abdulla qızı Vəlikova-Əyyubova “vətən xaini”nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-in 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edildi. Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olundu. Böyük oğlu on beş yaşlı Mahmud həbs olundu, Bayıl həbsxanasına salındı. On bir yaşlı İsmayıl, on dörd yaşlı Gülzar və on üç yaşlı Ədiləni isə Şüvəlandakı “bezprizorniklər” saxlanan kaloniyaya göndərdilər.
Sarı Şəmistanın kiçik qızı Ədilə xanım Əyyubova (05.10.1925 – 06.06.2006): – Koloniyadakı uşaqların hamısı cinayət üstündə tutulanlar idi.
Onlarla bizə heç bir fərq qoyulmurdu. Koloniyada hər gün bizi də cinayətkar uşaqlar kimi vəhşicəsinə döyürdülər.
Biz koloniyadakı bu ağır cəzalara, müsibətlərə dözməyərək Moskvaya, V.İ.Leninin arvadı N.Krupskayaya məktub yazdıq. Yazdıq ki, heç bir günahımız olmadan iki bacı, bir qardaşı cinayətkar uşaqlarla bir koloniyada saxlayır və bizə əzab verirlər. Xahiş edirik bizə kömək edəsiniz.
Aradan iki-üç həftə keçər-keçməz məni Rostova, o biri qardaş-bacımı isə Krasnodar vilayətindəki uşaq evinə göndərdilər. Böyük qardaşım Mahmudu on beş yaşı olduğuna görə həbs etmişdilər. Bunu eşidən anam türmədə aclıq elan etmişdi.
Yuxarılara yazıb bildirmişdi ki, əgər oğlumu buraxmasanız özümü öldürəcəm.
Ananın bu məktubundan sonra böyük qardaşım Mahmudu həbsxanadan birbaşa əsgərliyə göndərmişdilər.
Məni Rostovun Proletarskaya stansiyasındakı bir saylı uşaq evinə gətirdilər.
Uşaq evinin müdiri İrina Mizaylovna Tarasova məni çox istəyirdi. Bir azdan müharibə başlandı. 1942-ci ilin noyabr ayında faşistlər Rostovu işğal etdilər. Onda
bizi vaqonlara doldurub Almaniyaya apardılar.
Bizi Almaniyada Zigen şəhərindəki silah zavodunda işlədirdilər. Üç il həbs düşərgəsində qaldıq. 1945-ci ildə Sovet ordusu Almaniyaya hücum edəndə bizi mühafizə edən alman əsgər və zabitləri qaçıb dağıldılar. Əsirlərlə birgə hasarı söküb qaçdıq. İki gün, iki gecə yol gedəndən sonra gəlib sovet ordusuna çatdıq.
Bizi siyahıya aldılar. Kim haradan gəlibsə, oraya da göndərdilər. Mən yenidən Rostov uşaq evinə gəldim. Artıq on yeddi yaşım vardı. İki ildən sonra dayım oğlu Abdulla Vəkilovdan məktub aldım. Yazırdı ki, anan sürgündən qayıdıb, sən də qayıt gəl Bakıya.
Bakıya gəldim. Getməyə yerim olmadığına görə Mehdixan dayımgilə getdim. Dayım arvadı Ruqiyyə xanım məni tanımadı. Soruşdu ki sən kimin qızısan, sənə kim lazımdır? Cavab verdim ki, mən Sarı Şəmistanın və Pəri xanımın qızıyam. Rostov uşaq evindən qayıdıb gəlmişəm. Burada evimiz yoxdur, anamın da yerini bilmirəm. Bəs indi hara gedim?… Ruqiyyə xanım dərhal qaynı Səməd Vurğuna zəng edib əhvalatı danışdı. Səməd əmim Abdullanı tapıb tapşırdı ki, bunu Şəmkirə-anası Pəri xanımın yanına apar. O vaxt da anam “xalq düşməni” Sarı Şəmistanın arvadı olduğuna görə ona nə Bakıda, nə də Qazaxda yaşayıb-işləməyə icazə verməmişdilər. Ona görə də Şəmkirdə uzaq qohumlarımızdan birinin evində qalırdı.
Kiçik əmim Əyyub Krasnodara məktub yazıb uşaq evindən bacımla qardaşımı gətirmişdi. Onları Dağ Kəsəmənə aparıb özü saxlayırdı. Bacım Gülzar müəllimlik texnikumunu bitirmişdi. “Xalq düşməni”nin qızı olduğuna görə heç yerdə işə götürmürdülər.
Böyük qardaşım Mahmud müharibədən bir gözü şikəst qayıtdı. Mən Gəncə Tibb texnikumunu əla qiymətlərlə bitirib, imtahansız Tibb İnstitutuna qəbul olundum. Kiçik qardaşım İsmayıl Gəncə Kənd Təsərrüfatı İnsititutunu bitirib aqronom işlədi. Mən otuz iki yaşımda dayım oğlu Abdulla Paşa oğlu Vəkilovla ailə qurdum.
O vaxtlar Səməd dayım – Səməd Vurğun bizə tez-tez gələr, təsəlli verər, bizdən qayğısını əsirgəməzdi…
Pəri xanım Vəkilovanın 1954-cü ildə Gəncədən Səməd Vurğuna yazdığı bir məktubunu həyəcansız oxumaq mümkün deyil. Həmin məktub Əlyazmalar İnsititutunun elmi arxivində (Arx.46, Q-51(929); s.v.429) saxlanılır.
Bu təsirli məktubu oxuyanda əsilzadə nəslin qızının və igid komissar Sarı Şəmistanın həyat yoldaşının necə böyük bir ehtiyac içində yaşadığına görə keçmiş totalitar sovet rejminə insanın nifrəti qat-qat artır.
Pəri xanım Abdulla qızı Vəkilova (1898-1975) yazır: Əziz Səməd! Əvvəla, məndən və İsmayıldan böyük salamlar. Əzizim, mən xəstəyəm, göz xəstəsi olmaq çox pisdir. Bir gözüm tamam kor olub, heç bir müalicənin xeyri yoxdur. Neyləmək olar, görünür, qismətim belə imiş. Allah sənə can sağlığı versin, əgər sənin köməyin olmasaydı, çoxdan bu dünyadan getmişdim. Səməd, elə düşünmə ki, mən sənə müraciət edərkən mənəvi ağrı hiss etmirəm. Mən çox məğrur adamam, lakin qismətin acılığı məni sənə müraciət etməyə məcbur edir. Bunun müqabilində mən gecə-gündüz Allahdan sənə sağlamlıq diləyirəm. Eybi yoxdur, mənim iztirablarımın sona yetməsinə az qalıb. İsmayıl artıq Kənd Təsərrüfatı İnsititutunda təhsilini başa vurmaq üzrədir. Bəlkə, bir az onda vəziyyətimiz düzəldi. Sən elə bilmə ki, mənə sənə müraciət etmək asan gəlir. Gözümün yaşını saxlaya bilmirəm, lakin çıxılmaz vəziyyətdəyəm. İsmayıl cəmi 320 manat pul alır, iki nəfərik. O, indi işləyə bilmir, səhər saat doquzdan axşam saat beşə, bəzən yeddiyə kimi dərsdə olur. Ona görə də xahiş edirəm ki, söz verdiyin kimi bizə kömək edəsən. Qışdır, soyuqdur, aclıqdır, çox çətindir. Hələ bütün bunlardan əlavə İsmayılın geyimi yoxdur, təkcə bir köynəyin içində qalıb. Bu vəziyyətdə dərsə gedir, ətrafdakıların ona necə münasibət göstərdikləri, ona nə gözlə baxdıqlan sənə aydındır. Bir daha üzr istəyirəm, yoxluq məni səni narahat etməyə məcbur edir. Ümid edirəm ki, bu ağır vəziyyətimdə sən məni darda qoymayacaqsan. Nə qədər mümkün edərsənsə, artıq bir neçə gecədir ki, acıq.
Sənin bədbəxt Pərixanım bacın (Vəkilova)
Ünvanım: Gəncə şəhəri, ev 31
Eyyubov İsmayıl

İstəyirsən pulu Ədiləyə ver, Paşa qağamgildə qalır. O, mənə çatdırar, onun ünvanı: Bakı şəhəri, İkinci Parallel küçəsi, 65, Vəkilova Nigar.

POLKOVNİK QALİB BƏY VƏKİLOV
(1888-1937)

Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyimizlə o məhv olmayacaq.
– Qalibiyyət yolunda bizim qanımız hələ çox töküləcək, ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qalib gəlir. Biz ölməklə, al qanımıza boyanmış azadlıq və bərabərlik bayrağını, intiqam və qabiliyyət irsini gələcək nəsillərə qoyub gedirik.
Spartak

Topoqraf-general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə bağlı axtarışlar aparıb mətbuatda çıxış etdikdən sonra onun doxsan iki yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. Bir neçə dəfə görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolundan, general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə görüşəndə günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada on səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan yana-yana, bir-birindən dəhşətli əhvalatlar söyləyirdi.
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib bəy Vəkilovun 1918-ci ildə yaranan Milli Orduda böyük xidmətləri olub. Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaşı haqqında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu barədə danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək olan qocanın qəlbinə dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan saldım.
Bilirdim ki, Çingiz İldırımla Qalib bəy dost olublar. Qoca məcbur olub ötəri bir əhvalat danışdı. Mən əl çəkməyib, – Qalib bəy niyə tutulub? – deyə soruşanda qoca qəmli-qəmli üzümə baxıb xeyli dinmədi. Bu an divardakı saatın səsi bizi diksindirdi. Hər ikimiz dönüb ona baxdıq. Əqrəblər düz on birin üstündə dayanmışdı. Bu gün Faris baba ilə söhbətimiz həmişəkindən daha çox olmuşdu.
Həqiqətən onu bərk yormuşdum. Durub getmək istəyəndə qoca əlimdən yapışıb:
– Bərk yorulmuşam, – dedi. Qoy qardaşım Qalib haqqında söhbət qalsın, onun faciəsi çox uzundur. Bu illərlə ürəyimdə gəzdirdiyim yaralı bir söhbətdir.
Yazıq görkəm alan qoca üzrxahlıq elədi; – İncimə, gələn şənbə-bazar gözləyəcəyəm…
Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar gününə kimi yaşamadı…
Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla xanımla bir neçə dəfə görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla xanım Vəkilova M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda işləyirdi.
General Əliağa Şıxlinskinin onlarda saxlanan nadir şəkillərinin üzünü çıxartdıranda, general babası İbrahim ağa Vəkilov haqqında veriliş hazırlayanda arabir atası haqqında da soruşdum. O da əmisi kimi suallarıma çox qısa cavab verir və nədənsə bu mövzunun üstündən sükutla keçirdi.
“…Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya olunanların, hətta uşaqları da bəzən öz ata-analarının günahkar olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər. Bu nə ilə əlaqədar idi? Qorxaqlıqla, yoxsa öz şəxsi həyatını qorumaqla? Bu da vardı, amma əsas yalnız kor koranə, fanatik inam idi”.
Professor Nikolay Truşenkonun bu sətirlərini “Smena” jurnalında (1988,№ 9) oxuyanda dərhal Leyla xanımı xatırladım. Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası haqda danışmağa başladı, bir daha gördüm və hiss etdim ki, Leyla xanımdan qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat deyildi, doğma atadan danışmaq, yazmaq əlli ildən çox idi yasaq edilmişdi. O, heç vaxt “xalq düşməni” atasından üz döndərməmişdi. Nə kor-koranə, fanatikcəsinə “ellər atası Stalinə”, nə də cəllad M.C.Bağırova özünün pənahı kimi pərəstiş edə bilməmişdi. O illərdə incidilmiş əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən biri kimi dərdini ürəyində çəkmişdi və, bəlkə də, Leyla xanımın ağlına gəlməzdi ki, vaxt gələcək, aşkarlığın, demokratiyanın işığında hər şey açıq-aydın etiraf ediləcək.
Bütün gümanlar, şübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz yerini tapacaq.
– Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az görmüşəm, – Leyla xanım söhbətinə general babasından başlayır. – ilk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar çoxdur.
– Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun haqqında heç nə danışmayıb?
– Yox, babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş. Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin rifahı üçün çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi dəgözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə  qanadları qırılmış quş kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü.
1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə qız payı – Rəna xanımı bəxş etmişdi. Xoşbəxt ailənin bircə nigarançılığı vardır: ata müsəlman, ana isə xristian dininə mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? – sualı ailəni keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.
1888-ci ildə anadan olan Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflis kadet korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali Hərbi-Texniki İnstituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev Hərbi Məktəbində Təhsili davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin rədd olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coşmuşdu.
İmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan böyük oğlu Borisi, Moskvada yunker məktəbində oxuyan Qlebi də bir sual düşündürdü. Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər iki qardaş tez-tez ata-anaya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətindən: – Mənim on doqquz yaşım tamam oldu.
Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli Rus-yapon müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvaliruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu. Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideyinlərim, Peterburqa gəlişimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət etməli olub.
Lev Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və İbrahim ağa Paşa ağa oğlunun övladlarının üçü də müsəlman dinini qəbul edir. Zaqafqaziya müftüsü Mirzə Hüseyn əfəndi Qayıbzadə bu barədə onlara rəsmi sənəd verib oğlanlarının adlarını belə dəyişdirir – Baris, Faris, Qleb isə Qalib olur.
1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekseyev hərbitexniki məktəbini bitirib xidmətə başladı. Birinci Dünya müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis alayında döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov ikinci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olundu. Hərbi-texniki mütəxəssis kimi Qalib bəy Vəkilovun on başlıca vəzifəsi düşmənin qəfil hücum edəcəyi keçidlərin möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin dəqiq yerləşdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və foto-şəkillərin hamısı inqilabdan əvvələ məxsusdur. Onların arasında çox qalın olmayan bir kitab da var. Bu məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla Leyla xanımın general babasına hədiyyə verib. “Hörmətli İbrahim ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori şəhəri”.
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa Şıxlinskiyə məxsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə çəkilmiş şəkildə isə Əliağa Şıxlinski həyat yoldaşı Nigar xanımla birgə dayanıb.
– Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna Vəkilovadır.
Anam da atam Qaliblə birgə Birinci Dünya Müharibəsi illərində döyüşən orduda xidmət edib. Anamın rütbəsi leytenant olub. O da Nigar xanım kimi hərbi səhra qospitalında şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbaycan Milli Ordusunda hərbi-mühəndislər idarəsinin rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər işləyir. Sonra atam XI Ordunun Ənzəli şəhərindəki mühəndis qoşunları hissənin rəisi vəzifəsində qulluq edir. Anam da bu yürüşdə atamla birgə olub. Atam bu yürüşdə ağır xəstələnib. O, malta qızdırmasına tutulub. Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən Azərbaycan Baş Hərbi-Mühəndislər İdarəsinin rəisi vəzifəsində işə başlayıb. Sonra Zaqafqaziya Qızıl Ordu Hərbi İnqilab şurasının hərbi sənaye komitəsinin direktoru olub. Bu vəzifədə beş il işləyib.
– Leyla xanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci ildən əvvəl nə vaxt həbs olunmuşdu?
– Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis sifətilə Belomor-Baltik kanalının tikintisində dustaq kimi işləmişdi. 1933-cü ildə o, həbsxanadan gəldi. Qocalıb əldən düşmüş, xəstəhal atamın saçı tamam ağarmış və dinib-danışmaz olmuşdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında söhbət edəndə dedi: “Kim mənim haqqımda sənə nə deyir-desin, bilmirəm. Bircə onu yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarşısında, nə sənin, nə ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm”.
Belomor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda Məişət- Tikinti Trestində direktor müavini işlədi.
Yadımdadır, çox tez-tez xəstələnirdi. Semaşko adına xəstaxanada, dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstaxanada müalicə olunurdu. Onu operasiya elədilər. Anamla yanına çox çətinliklə gedib-gəlirdik. Bir xeyli sonra atamın səhhəti yaxşılaşdı. Ailəmizin güzaranı da pis deyildi. O, işini dəyişmişdi.
İndi Kür üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhşətli qara il yüzlərlə saf Azərbaycan ziyalısı ilə birlikdə atamı da uddu…
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə. Sonuncuda yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla mən isə otuz yeddinci ildən əlli altıya qədər onu həbsxanalarda axtarırdıq.
Leyla xanım Vəkilovanın stolunun üstündə daha bir tarixi şəkil var: süfrə arxasında altı nəfər əyləşib. Ovdan qayıdıb nahar edirlər. Məşhur sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində dərin düşüncələrə dalıb. Onun sağ yanında dayanmış Əliheydər Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya komandiri polkovnik Məmməd Veysov məşğuldur. O, əlindəki çəngəl-bıçaqla qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum deyil. Leyla xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında M.V.Frunze ikinci dəfə Azərbaycana gələndə Xaçmaz rayonun ərazisindəki keçmiş Neruçev (indiki 1 №-li sovxoz) malikanəsində çəkilib.
Altı ay keçməmiş bu sıradan biri – M. Frunze müəmmalı şəkildə qəflətən vəfat etdi. Əliheydər Qarayev, Qalib bəy Vəkilov otuz yeddinin qurbanı oldular. Polkovnik Məmməd Veysov isə doqquz illik həbs cəzası çəkib vətənə qayıtdı, 1957-ci ildə vəfat etdi.
– Leyla xanım, atanızın dostlarından kimləri xatırlayırsınız?
– Hələ uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əliağa Şıxlinski, Serqo Orconikidze və ən çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim üçün “Çi dayı” idi.
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. “Çi dayı” uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşardı.
Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımdadır. O nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da hoppanıb uçan təyyarənin üstünə qondum, bunları danışır, özü də mənimlə birgə gah təəccüblənər, gah da uğunub gedərdi.
O danışırdı ki, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. “Çi dayı” hər gəlişində mənə rəngli uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş qaban heykəli gətirdi. Pəncəsində anama avtoqraf yazdırmışdı.
Həmin heykəl – qaban budur. İndi də saxlayıram. Atamın yazı stolunun üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan sonra çəkilmiş foto-şəkli qoyulmuşdu. Onu Çingiz əmi avtoqrafla atama bağışlamışdı.
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi. Hər dəfə mən atamdan soruşanda ki, “Çi dayı” niyə bizə gəlmir, onlar susardılar. Mənim sualım cavabsız qalarda. Xeyli sonra mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun da yaxasından yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını qurtarmaq üçün əvvəl Maqnitoqorsk, 1934-də isə Kirovoy-Roqa gedir. Amma M.C.Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir. Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə: – “Çi dayı”nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində bizdə qalıb, – deyir. Atam həbs olunanda onun kitabları, bağışlanmış şəxsi silahı, sənədləri hamısı müsadirə olundu. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitabın arasından çıxdı. Atam Çingiz İldırımdan sonra həbs olunacağını gözləyirdi. O, hətta, “Çi dayı”nın həbs olunmasını eşidəndə anama deyib ki, indi növbə mənimdir.
Görünür, atam bilə-bilə “Çi dayı”nın şəklini lazımsız kitabın arasına qoyub ki, ələ düşməsin.
Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl insandan demək olar ki, yegənə yadigar idi. Bizim muzeylər bu şəklin surətini çıxartdılar.
Adını daşıyan Politexnik İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu.
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst qarşısında istəristəməz baş əyir, sanki canlı “Çi dayı”yla salamlaşıram.
1978-ci il sentyabr

POLKOVNİK AGAHI MƏHƏMMƏD
(1909. Təbriz, 1946. Miyana şəhəri)

Təbriz şəhərində orta təhsil almışdır. Ailəlikcə Tehrana köçmüş və burada Ali hərbi təyyarəçilik məktəbini bitirmişdir. Az bir vaxtda bacarıq və şücaəti ilə məharətli təyyarəçi kimi İran ordusunda ad-san qazanmışdır. 1936-cı ildən 1945-ci ilə qədər İran ordusunun hava qüvvələrində nümunəvi zabit kimi xidmət etmişdir.
O, faşizm və onun İrandakı tərəfdarlarını ifşa edən silsilə məqalələrlə kəskin çıxışlar etmişdir.
1945-ci ildə şah ordusu sıralarında xidmət edən azadgah zabitlərə qarşı təqiblərin artması ilə əlaqədar qoşunu tərk edib gizli fəaliyyətə keçmişdir. Qəddar şah rejiminə qarşı qəti mübarizə aparmaq üçün Təbrizə qayıdıb Azərbaycan Demokratik Firqəsinin sıralarına daxil olmuşdur.
O, Azərbaycanda, xüsusilə Sərab və Qaradağ mahallarında fədai dəstələrinin təşkil olunmasında, Sərab mahalının, Təbriz şəhərinin, xüsusilə, Qaradağ vilayətinin istilaçılardan təmizlənməsində yaxından iştirak etmiş və özünün hərbi bacarığını göstərmişdir.
1946-cı ildə Güney Azərbaycan ordusundakı xidmətini, hərbi bilik və bacarığını nəzərə alan Azərbaycan Milli Məclisi onu “21 Azər” medalı ilə təltif etmiş və polkovnik rütbəsi verilməsi haqqında fərman imzalamışdır.
1946-cı ilin sentyabr ayında Miyana cəbhəsində şah ordusuna qarşı vuruşarkən sayca və hərbi texnika cəhətdən üstün olan düşmən qüvvələri tərəfindən əsir alınmışdır. O, məkrli düşmənin şirnikdirici fitnəkar təkliflərini rədd etdiyinə görə edam olunmuşdur. Edam vaxtı gözlərinin bağlanmasına icazə verməyən mərd Azərbaycan oğlu son nəfəsində: “Yaşasın Azərbaycan xalqının azadlığı” deyərək ölümü şərəflə ləyaqətlə qarşılamışdır.

NURU PAŞANIN QAFQAZ YÜRÜŞÜ

– Nuru paşa ilə Əşrəf bəyin görüşlərindən hekayətlər.
– Nuru paşanın xilaskarlıq rolu.
– Nuru paşa 1920-ci ilin aprelində bolşevik ordusu Azərbaycanı işğal edəndə bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlmiş, Qarabağda bolşeviklərə qarşı döyüşlər aparmışdır.

ƏŞRƏF BƏYİN NURU PAŞA İLƏ GÖRÜŞÜ

Tanrımızdan başqa güvəndiyimiz xalqımıza Nuru paşanın açdığı hərbi məktəbin məzunları olan zabitlərimizə, Bakının azad olunmasında yanbayan vuruşub böyük qardaşlarından təcrübə almış gənc ordumuza güvənərək yaşamaqda idik.
Qədirbilən Azərbaycan xalqı yardımına gələn türk qardaşlarına, komandirlərinə, əsgərlərinə olan minnətdarlığını qəlbinin dərin guşəsində saxlamaqda və tarixə qeyd edib nəsildən-nəsilə yaşatmaqdadır.
Nağı bəy Şeyxzamanli,
Azərbaycan hökumətində
əks-kəşfiyyat idarəsinin rəisi

Yuxarı Qarxunun girəcəyində hündür bir yer var. Adına Domba yeri deyirlər. İyunun ilk günləri idi, Şirvanda istilər çəkilməmişdi. Atlı carçılar kəndbəkənd xəbər verirdilər ki, sabah hamı Qarxuna yığışsın, türk generalı Nuru paşa gəlir, camaatla söhbət edəcək.
Qəbələdən, Göyçaydan, Şəkidən, Zərdabdan və Aran Qarabağdan gələn ağalar, bəylər, süvari dəstələri ilə ayrıca dayanmışdılar. Bir az aralıda mehtərlər onların tərli atlarını gəzdirirdilər.
Günortaya azca qalmış Yevlax yolunda sonu görünməyən qoşun peyda oldu. Öndə gələn tunc rəngli süvarilər eyni rəngli yarımqol sətin köynəkdə idi: onların qıvraq bədənlərinə çalın-çarpaz pulemyot lentləri salınmışdı. Dalısınca nizamla hərəkət edən piyadaların süngüləri yerişin ahəngilə Günəş işığında gah parlayır, gah da yox olurdu. Qoşunun yerişindən, araba təkərlərindən boğucu toz dumanları qalxırdı. İkitəkərli arabalar güllə yeşikləri, tüfəng, pulemyot və ərzaqla yüklənmişdi. Rotalar arasında iki atın yorğun-yorğun çəkib apardığı arabalara toplar qoşulmuşdu. Dəmir körpüdən ta Qarxuna kimi, yolun o tay-bu tayında dayanan izdiham ordunu sevinclə qarşılayırdı.
Öndəki süvaridən beş-on addım qabaqda gedən dörd atlı şirin-şirin söhbət edirdi. Qafqaz İslam ordusunun komandam Fəriq Nuru paşa, Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Qarxunlu, ordunun hərbi müşaviri Ağaoğlu Əhməd bəy və Azərbaycan hökumətinin əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı.
Oynaq at üstündə qədd-qamətli Nuru paşa vüqarla oturmuşdu. O gah Nağı bəy Şeyxzamanlı ilə, gah da Əşrəf bəylə şirin-şirin söhbət edirdi. Hiss olunurdu ki, hər ikisilə çoxdan tanışdır. O:
– Nağı bəy, – dedi, – Qazaxdan başlayaraq hər yerdə səni soruşurdum. Elə hey gözüm səni axtarırdı. Ötən il İstanbulda Heydər paşa stansiyasında ayrıldığımızdır. Gəncədə mənə dedilər ki, Yevlağa gəlib Əşrəf bəyin yanında gözləyəcəksən. Nə yaxşı oldu ki, iki dostumu birgə görmək xoşbəxtliyi mənə qismət oldu. Allaha min şükür, Sizi sağ-salamat gördüm, demək səfərim də uğurlu keçəcək.
Əşrəf bəy:
– Paşam, – dedi, bizim torpağa xoş məramla qədəm qoyanı qurbanla, xoş üzlə qarşılayırıq. Pis niyyətlə gələni isə boz üzlü silahla… Bu bizim babalarımızdan qalma mirasdır. Onu demək artıqdır, biz din və dilbir qardaşıq. Bu ağır günümüzdə bizə hərbi köməklə təşrif gətirmisiniz. Fikir verin, bu yığışanların sevincinə, yayın cırhacırında heç bir silahın gücünə bu qədər əhalini buraya toplaya bilməzsən.
Sizin ordunun Qazağa çatmaq xəbərini eşidəndən xalq sevinc içindədir. Qəlbi kövrək hisslər içində çırpınan Nağı bəy Şeyxzamanlı köksünü ötürüb, atının üstündə bir az da dikəldi; sağa və sola boylanıb:
– İlahi, – dedi, – bu sevinci mənim məzlum xalqıma çox görmə. Ona bu işıqlı istiqlal yolunda xeyir-dua ver.
Yığışan camaatm sevinci yerə-göyə sığmırdı. Yol boyu boğazı qotazlı erkəklər qurban kəsilir, camaat çalıb-oynayırdı. İzdiham dəniz kimi dalğalanır, alqış səsindən qulaq tutulurdu. Ulu Şirvan düzü belə təntənə, təlatüm görməmişdi.
Gündə yanıb qaralmış tunc sifətli rəiyyət, kəndli ahəngdar səslə xilaskarı olacaq din qardaşlarını alqışlayırdı. Qarılar, qocalar sevincdən kövrəlib ağlayırdı.
Onlar açıq havada qurulmuş kürsünün yanına çatanda, hazır dayanmış cilovdarlar üzəngini tutdular. Enlikürək, tökmə bədənli Əşrəf bəy qabağa düşüb qonaqları xitabat kürsüsünə dəvət elədi. İzdihama baxanda özü də çaşıb qaldı. Gur və məğrur səslə:
– Camaat, – dedi, – çoxdan gözlədiyimiz qardaşlarımıza qovuşduq.
Hamı sakitləşib diqqət kəsildi. Bayaqkı qarma-qarışıq səslərdən əsər-əlamət qalmamışdı. Ani olaraq nəfəs dərən Əşrəf bəy bir az toxtadı. Gözlərini ümidlə onlara zilləyən adamlar sıx-sıx dayanmışdılar. Bu dərin sükutu bir az aralıda otlayan atların fınxırmaları, kəsik kişnərti pozurdu.
– Yüz ildən çox gavurlar bizim qanımızı sordular, var-dövlətimizin çox hissəsini əlimizdən aldılar. İndi din və dil qardaşlarımızla əl-ələ verib yaşayacağıq.
Xoş gəlib, gözümüz üstə yeri var türk ordusunun. Onun komandanı general Nuru paşanı alqışlayırıq.
Bir-birinə qarışan alqış səsləri Şirvanın sinəsini yarıb keçən ana Kürə qədər sakitləşmədən uğuldayırdı.
– Bu gün bizim bir xilas yolumuz var. Ancaq özümüz də cavanlarımızdan əsgər toplamalıyıq. Hər birimiz oğlumuzu əsgər verməsək, ordu yaratmasaq, türk qardaşlarımızla çiyin-çiyinə vuruşmasaq, gavur zəncirini yenidən boynumuza salmış oluruq. Bu saat, bu gün bizim ən böyük təhlükəmiz Bakıdan və Zəngəzurdan başlayaraq, rusla birləşib millətimizi qıra-qıra gələn erməni daşnaklarıdır. Onların qabağına çıxmaq üçün cavanlarımız silaha sarılmalıdırlar.
Əşrəf bəy çiyninə toxunan əldən geriyə döndü. Arxasında general Nuru paşa dayanmışdı.
Nuru Paşa izdihama göz gəzdirib bir anlıq sakitcə dayandı. Əlini məxmər kimi yumşaq Şirvan xalçasının üstündə gəzdirdi. İnsan axını həyəcanla onun dinməsini gözləyirdi. Hiss olunurdu ki, təntənəli qarşılama, alqışlar Nuru paşanı kövrəldib.
– Mənim qan qardaşlarım, – dedi, – şəfəqlərindən nur daman Azərbaycana gəldiyim üçün özümü xoşbəxt sanıram. Osmanlı torpağından tərpənən gündən dayanmadan, durmadan irəliləmişik. Biz yaxşı bilirik ki, sizin bizdən başqa ümidiniz yoxdur. Məstəvsiz erməni Azərbaycan xalqına qənim kəsilib. Biz sizə köməyə gəlmişik.
Bizə ən əvvəl sursat daşımağa at və araba ilə kömək edin, qalanı ilə işiniz olmasın. Əsgəri qüvvəmiz kifayət qədər var. Hələ üç ay bundan öncə mən Gəncəyə üç yüzə yaxın yaxşı təlim görmüş zabit heyəti göndərmişdim. Onlar dostum Əliağa Şıxlinskinin və polkovnik Süleyman bəy Əfəndiyevin rəhbərliyi ilə zabit məktəbi açmışlar. Bu günlərdə həmin məktəbin ilk buraxılışı olmalıdır. Bayaq dostum Əşrəf bəy qeyd elədi ki, sizdən də əsgər toplanmalıdır. Həqiqətən də, əsgəri olmayan xalq kimə və nəyə gərəkdir. Əlbəttə, bizim bir türk bölüyünün, heç olmasa, on-on beş qara papaq əsgəri sizdən olmalıdır. Çünki onlar öz torpağının hər dağına, cığır və yoluna bələddirlər.
Mənim din və dilbir qardaşlarım, imkanı olanlar əlindən nə gəlirsə, Allah tərəfindən verilən zəkat köməyini də əsirgəməsin. Çünki siz başqasına yox, sizi qoruyana kömək edirsiniz. Mən və mənim əsgərlərim bura düşmənlə döyüşməyə, gavurları silib bu torpaqdan atmağa gəldik. Biz dönməyə yox, ölməyə gəldik.
Sayca az olsa da, sizin Azərbaycan Əlahiddə Korpusunda döyüş havasına alışmış komandirləriniz var. Adını, şöhrətini hələ ötən il Qarsda ikən eşitdiyim general Əliağa Şıxlinski ilə, podpolkovnik Həbib bəy Səlimovla Gəncədə görüşümdən çox məmnun qaldım. Sizin sevincinizi mən yaxşı duyur və buna qəlbən sevinirəm.
“Bizim Türk ordusunu Qazaxda sizin azərilər tarixdə görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladı”.
Gəncədə, Qarabağda bu səmimiyyətin, sevincin təntənəsi daha çox idi.
Gəncə camaatı bir nəfər kimi Artilleriya meydanına – bizim görüşümüzə gəlmişdi.
Ötən müharibədə, bilirsiniz ki, ruslar Türkiyənin şərq vilayətlərini işğal etmişdi. O vaxt Gəncənin “Cəmiyyəti-Xeyriyyə”si qardaşlıq naminə o ərazidə sahibsiz qalan uşaqları yığıb gətiribmiş. Həmin uşaqlar da meydanda idilər. Onlar əsgərlərə yanaşır, əl-ayaqlarına sarılır və haralı olduqlarını soruşurdular. Birdən bərk qışqırıq və ağlaşma qopdu. Doqquz yaşında Sarıqamışlı bir oğlan bizim əsgərlərdən olan atasını tanımışdı. Ətrafdakılar dözə bilməyib sevinc yaşı axıdırdılar. Biz bu yaxşılığı heç vaxt unuda bilmərik.
Bu təsirli səhnə indi də gözümün önündən silinmir.
Yenə deyirəm, arxayın ola bilərsiniz, kifayət qədər hərbi gücümüz var.
Sizin qarşınızda and içib deyirəm ki, Bakını hücumla alacaq oranı rus-erməni və sentrokaspi qüvvələrindən təmizləyəcəyik.

NURU PAŞA HAQQINDA BİR NEÇƏ SÖZ

Azərbaycan xalqı, ziyalılar, xüsusilə bəy və ağalar Türkiyə ordusunu, onun komandanı general-leytenant Fəriq Nuru Paşanı Gəncə və Yevlaxda böyük sevinclə, mehmannəvazlıqla, duz-çörəklə qarşıladılar. Onun gəlişinə təntənəli nitqlər söylədilər. Məmməd Əmin Rəsulzadənin etirafına görə, müsavat əkskəşfiyyatı Nuru Paşanı “göydən enmiş xilaskar-mələk” kimi qarşıladı.
Süvari general Mustafa Nuru paşa 1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində anadan olub. Onun atası Əhməd paşa əslən Rumelidən idi. İlk hərbi təhsil almaq üçün Nuru paşa 1906-cı ilin noyabr ayında Quru qoşunları hərbi məktəbinə girib. 1909-cu il avqustun iyirmi altısında Quru qoşunları hərbi məktəbini leytenant rütbəsində bitirib və xidmət üçün üçüncü ordu komandanlığına göndərilib. 1910-cu il yanvarın doqquzunda padşaha məxsus piyada bölüyünə təyin edilib.
1912-ci il oktyabrın on doqquzunda Nuru paşa birinci korpusun altıncı alayının birinci taburunun üçüncü bölüyündə baş leytenant rütbəsində qulluq edib.
O, 1913-cü il noyabrın iyirmi altısında kapitan rütbəsinə yuksəlib. 1914-cü il iyulun on beşində Türkiyənin Vyana səfirliyinin Attaşeliyinə və həmin il avqustun
on beşində hərbi Attaşenin yavərliyinə təyin edilib.
Trablusqərbdə italyanlara qarşı aparılan müharibələrdə göstərdiyi qeyrətli çalışmalara görə padşahın əmrilə 1916-cı il sentyabrın iyirmi dördündə mayor rütbəsilə təltif olunub. Yenə də Trablusqərbdə italyanlara qarşı apardığı müharibələrdə göstərdiyi qeyrət-li çalışmalar və oradakı hərbi bölmələri məharətlə idarə etdiyinə görə, 1918-ci il martın üçündə padşahın əmrilə ona podpolkovnik rütbəsi verilib. Qərbi Afrika qrupları komandanlığının mərkəzi olan Mistratada xidmət edən podpolkovnik Nuru bəy Trablusqərbə göndərilmək üçün İstanbula gəlib.
Ənvər paşa Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah təşkil edəndə, Qafqaz İslam Ordusu Komandanlığına podpolkovnik Nuru bəyi dəvət elədi. Padşah, yavəri Nuru bəyə növbədənkənar general-mayor rütbəsi verdi.
Nuru Paşa 1918-ci il martın iyirmi beşində Mosula gəldi. Altıncı ordudan təşkil olunan zabitlərlə birlikdə 1918-ci il aprelin səkkizində Azərbaycana getmək üçün Mosuldan yola düşdülər. Həmin il mayın iyirmi beşində Qafqaz İslam Ordusunu yaratmağa başladı. 1918-ci il iyulun on yeddisindən sentyabrın on dördünədək bir sıra uğurlu döyüş əməliyyatı apararaq işğal altında olan Azərbaycan torpaqlarını azad etdi. Həmin il sentyabrın on beşində Nuru Paşanın qoşunları Bakını aldı.
1918-ci il oktyabrın otuzunda imzalanan Mondros banşığından sonra Osmanlı qüvvələri Azərbaycandan çıxarıldı.
Nuru paşa istiqlal savaşında Şərq cəbhəsindəki on beşinci nizami ordudan on ikinci diviziyanı yaratdı. İstiqlal savaşından sonra 1923-cü il oktyabrın dördündə Nuru paşa təqaüdə çıxdı. Savaşın sonunda İstanbulda yaşamış və cümhuriyyət dövründə sənaye sahəsində çalışmışdır. O, İstanbul yaxınlığında poladəritmə zavoduna rəhbərlik etmişdir.
İkinci Dünya müharibəsi illərində İstanbulda ordu üçün minaatan və əl qumbarası istehsalı ilə məşğul olmuşdur. Nuru paşa 1949-cu ildə zavodda baş verən partlayışdan həlak olmuşdr.
Xalqımızın xilaskarı Nuru paşa çətin və əzablı hərbçi ömrü yaşamışdır. İgid sərkərdə qeyri-adi bacarığına görə iyirmi doqquz yaşında general-leytenant kimi fəxri rütbəyə layiq görülüb. Bu yaşda, belə yüksək rütbə hərb aləmində nadir adamlara qismət olur. Döyüşən ordu general-leytenantı Nuru paşanın qəlbi həmişə Azərbaycanla döyünmüş, din və dilbir qardaşlarını bolşevik-daşnak istilasından xilas etmək üçün əzmlə çalışmışdır. Nuru paşa 1920-ci ilin aprelində bolşevik orduları Azərbaycanı işğal edəndə bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, Qarabağda bolşeviklərə qarşı döyüşlər aparıb. O, Tərtər, Ağdam, Bərdə və Zaqatalada əhalisini istilaçılara qarşı üsyana qaldırıb.
General Nuru paşanın Qafqaza qısa müddətli hərbi yürüşü onun ömründə yaxşılı-yamanlı izlər qoyub.
Azərbaycan Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir” qrifilə saxlanan bir sənəd var. Bu teleqram-sənəd 1919-cu ildə Yevlax Cəmiyyətinin üzvləri tərəfindən Azərbaycan Cümhuriyyətinin Parlamentinə vurulub.
Teleqramdan məlum olur ki, Azərbaycanı sidq ürəklə sevən, onun xilası və azadlığı uğrunda yorulmadan çalışan general Nuru paşa Mondros sülh bağlanışından sonra da Azərbaycanı tərk etməmişdir. Qafqazın ayrı-ayrı bölgələrində gizlin də olsa çalışmışdır. Teleqramda deyilir: “Keçən il anarxiya nəticəsində baş vermiş ağır günlərdə Nuru paşa Azərbaycanda peyda olmuşdur. O, özünün ədalətli və bacarıqlı hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir.
Yalnız onun bu ədaləti və bacarığı sayəsində millətlər arasındakı milli müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq.
Lakin bizə çatan kədərli məlumata görə scvgi və təşəkkürə layiq olan bizim xilaskarımız xəbis adamların yaydıqları iftiralar nəticəsində həbs olunmuşdur.
Vətənimizin sülh şəraitində yaşaması belə nadürüstləri qane etmir.
Biz Yevlax Cəmiyyətinin üzvləri, Parlamentdən xahiş edirikki, general Nuru paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da qəhrəmanımız Nuru paşanın qəlbi edilən qəsdlərdən xilas olsun.
Hörmətlə: Yevlax Cəmiyyətinin üzvləri: Molla Əli Musazadə, İsa bəy Qarabəyov, Əşrəf bəy Tağıyev-Qarxunlu, İsfəndiyar İsmayılov, Aslanov, Qamboy ağa Quliyev-Qaramanlı, cəmisi 27 imza”.
Tarixi sənədlərdən və Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin xatirələrindən məlum olur ki, general Nuru paşa Azərbaycan uğrunda həyatı bahasına mübarizə aparmışdır. 1918-20-ci illərdə Azərbaycan əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri”
kitabının səksən beşinci səhifəsində bu barədə geniş məlumat verir. O yazır:
“Günlərin bir günü Gəncədə idim. Eşitdim ki, ingilislər Nuru paşanı tutub Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına verəcəklər. Buna səbəb də, guya Bakının azad olunması vaxtı erməni qırğını törədilməsi idi. Tez Bakı ilə telefon danışığı apardım və xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb hürriyyət verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını, bu yaxşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru paşaya təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması üçün Gəncənin görkəmli ziyalıları ilə bərabər erməni milli təşkilatına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım, çünki həqiqət barədə arayış istəyirdim. Ancaq ermənilər xahişimizi rədd etdilər və dedilər: “Biz uşaq deyilik.
Çox yaxşı bilirik ki, əgər Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaxtı orada bir nəfər erməni belə qalmayacaq idi. O gözlədi ki, Bakını tutub oradakı qırğını bitirsin və ondan sonra bizi qırsın. Ancaq mütarikə (barışıq – Ş.N.)
oldu, Osmanlı ordusu qırğına vaxt tapa bilmədi”.
Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə (Usubbəyov – Ş.N.) görüşərək arayışı almadığımı və çox kədərli olduğumu söylədim. Nəsib bəy dedi: “Bəli, mən səni heç bu qədər kədərli görməmişdim”. Mən də dedim: “Nəsib bəy, ermənilər çox naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə vermədilər”. Nəsib bəy gülərək dedi: “Üzülmə, Nuru paşanın azad olunmasının daha asan yolu var. Batumdan xəbər aldım. Hopa bəyləri plan hazırlayıblar. Nuru paşanı basqın ilə qurtaracaqlar. Ancaq pula ehtiyacları var. Sən iki min manat pul götürüb Batuma get”. “Əmr et, pul versinlər, axşam yola düşüm”, – sevinərək dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor Mahmud bəylə görüşdüm. Məsələni ona anlatdım və soruşdum. Doktor dedi ki, imkan yoxdur.
Ancaq Mürsəl paşa ilə görüşə bilərsən. İngilis komandanlığında nəzarət altındadır.
Mən tez gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey etməyəcəklər.
Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu tapın”.
Mürsəl paşa gizli saxladığı bir kağızı mənə verdi. Aldım, oxudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi: “Bunu çoxaldıb İslam dünyasına dağıtmaq. İslam dünyasını böyük cihada çağırmaq. Qurtuluş bundadır, başqa çıxış yolu yoxdur”. Onu dinlədikdən sonra dedim: “Ay paşam, bu bir mərsiyədir. Çox təsirli yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir.
İslam dünyasında birlik yox, qüvvə yox və olmayacaq. Olsa da bir şey çıxmayacaq.
Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir türk kəndində olan qeyrət, iman, Vətənə, dinə bağlılıq müraciət etdiyimiz İslam dünyasında yoxdur. Bu boş işdir. Varlıq, qüvvə yalnız milli imandır”. Bəyannaməni kimə oxudumsa, hamısı mənimlə eyni fıkirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün sonra Nuru paşa ilə Bakıda görüşdük”.
Türkiyənin Quru qoşunlarının hərbi arxivindən aldığımız rəsmi sənəddə igid sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk dünyasında göstərdiyi xidmətlərinə görə təltif olunduğu orden və medallar da göstərilmişdir.
1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu tərəfindən “Dəmir Salib” medalı ilə;
2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli döyüşlərinə görə “Altın Ləyaqət” medalı ilə;
3.1917-ci il martın on ikisində padşahın qərarı ilə Trablusqərbdəki qeyrətli döyüşlərinə görə vaxtından əvvəl hərbi rütbə verilmişdir.
4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına komandanlıq etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən üçüncü dərəcəli fəxri əsgəri fərqlənmə nişanı verilmişdir.
5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş xidmətlərinə və hərbi birliklərə əla komandanlıq etdiyinə görə padşahın qərarı ilə “Altın-imtiyaz” medalı ilə mükafatlandırılmışdır.
6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə” ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya komandanlıq etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260 saylı “İstiqlal” medalı ilə təltif
olunmuşdur.

***

1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk buraxılış təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə birgə Qafqaz müsəlman ordusunun baş komandanı Nuru paşanın atası Hacı Əhməd paşa da iştirak etmişdir.
O vaxt həmin təntənədə çıxış edən Azərbaycan xalq təhsili naziri Nəsib bəy Usubbəyov Hacı Əhməd paşaya müraciət edərək demişdir:
– Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır. Belə qəhrəmanların atasının başını dik tutmağa və xoşbəxt olmağa haqqı var. Sizin kimi atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və Sizin illər boyu köməyiniz olsun.
Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin buraxılışı günündə on dördüncü Çanaqqala diviziyasının komandiri, polkovnik Nazim bəy də çıxış edib üç ay müddətində azərbaycanlı gənclərin qazandıqları müvəffəqiyyətə görə xalqımıza öz sevincini bildirmişdir:
– Cənablar, Azərbaycanın həyatında bu gün ən xoşbəxt gündür. Biz – sizin uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında baş əyirik və sizi bu günkü ana görə yox, ən çox əldə edilmiş parlaq gələcəyinizə görə təbrik edirik.
Mən şəxsən müharibə tərəfdan deyiləm, amma belə bir söz var: “Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və müharibəyə hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə bilməz.
Cənablar, mən çox şadam ki, siz hərbi işi öyrənmisiniz və əminəm ki, Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız, lazım gəldikdə öz ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız. Bunun üçün güclü ordu lazımdır və ümid edirəm ki, onun yaranmasında siz öz gücünüzü əsirgəməyəcəksiniz. Mən ölkəni ilk buraxılış münasibətilə təbrik bir də edirəm və inanıram ki, gələcəkdə siz Vətənin iftixarı olacaqsınız (hər iki çıxış “Azərbaycan” qəzetinin (rusca) 8 noyabr 1918-ci il tarixli sayından götürülüb).

***

Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıxlinski ilə Göyçaya getmişdi.
Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi. Onuncu Qafqaz alayının komandiri Osman bəydən həyəcanlı xəbər alınmışdı. İyunun on yeddisində Göyçayın qərbində vuruşan alay iki yüz nəfərdən çox itki vermişdi. Günah döyüşçülərdə deyildi. Şamaxı və Ağsudan enib gələn bolşeviklərin hərbi qüvvəsinin qəfil zərbəsinə məruz qalmışdılar. General Şıxlinskinin təklifilə dörd yüz nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman bəyə köməyə göndərildi. Nuru paşa gecədən xeyli keçmiş Yevlağa qayıtdı. Məqsədi sabah axşam üstü Gəncəyə getmək idi. Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarxundakı həyətinə çatdı. Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal yataqdan qalxdı, geyinib aşağı düşdü.
– Sabahın xeyir, Paşa. Cəbhədə vəziyyət necədir?
– Yaxşıdır, narahat olmağa dəyməz.
– Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.
Nuru paşa geriyə-Kürə tərəf boylandı. Baxışlarını bir xeyli oradan çəkmədi.
Əşrəf bəy də Kürə tərəf baxdı, amma ins-cins görmədi. Nuru paşa yorğun-yorğun:
– Bəy, – dedi, – yol boyu yaxşıca mürgüləmişəm. İki gündü Şirvanın tozutorpağı canıma hopub.
Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında dayanan oğlu Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:
– Biz gedək, paşam, – dedi, uşaq da dalımızca gəlib özünü bizə yetirər.
Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib qayıtdı.
Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da sola dönüb çay boyunca baxan Nuru paşa köksünü ötürdü.
– Nə qılınc çalmalı sudur.
– O nə deməkdir, paşam. Suya qəzəbin var?
– Yox, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var. Bu ağır nəhri gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam Əhməd bəy biz qardaşlara balaca olanda qılınc çalmağı suda öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya salıb, əlimizə də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl belində, at üstündə Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata bilməyəndə hirsimdən ağlayırdım, qardaşım məni bağrına basıb toxdadardı. İndi harda belə əzəmətli çay
görürəmsə, elə bilirəm onda qolumun gücü, qəlbimin məhəbbəti var.
Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baxıb gülümsündü:
– Böyük Füzuli, – dedi, – sağ olaydı, sizin bu qeyri-adi, qəribə məhəbbətinizi tarixə salardı.
– Bu dan üzünün saflığında nə yaxşı elədin aydan arı, sudan duru Füzuli babamızı xatırladın. Bəy, mənə elə gəlir, hər bir türk oğlu ilk məhəbbətilə yanaşı, qəlbində Füzuli babamızın da sevgisini yaşadır. – Nuru Paşa köksünü ötürüb dərindən nəfəs aldı. – Of dedi, bircə bu döyüşlər, savaşlar tezliklə bitəydi.
Oturaydım həyətimizdəki tut ağacının kölgəsində babam Füzulinin şərbət dadlı misralarını qəlbimin gözünə yedirəydim.
– Paşam, xəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa da, atası müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi məlumatlara görə, şairin oğlu Fəzli atasının ölümündən sonra bizim Ərəş mahalına qayıdıb, qohumlarının yanında yaşamışdır.
Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini təəccüblə açdı.
– Bu rəvayətdir, yoxsa özün elə indicə uydurdun. Sırağa gün məclisdə də gördüm, müğənniləriniz elə hey Füzulidən oxudu. Sən də babamız Füzulidən böyük şövqlə şeirlər deyirdin.
– Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara görə… Bizim Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir ki, Fəzli onların məhəlləsində yaşayıb. Bir də ki, paşam, narahat olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə sizindir, nə də bizim. O, bütün türk dünyasında şeir-sənət soltanıdır.
– Bax, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük türk dünyasının şeir-sənət soltanıdır.
Kefi durulan Paşa dostunun dirsəyinə toxundu. Aşağı – çaya düşmək işarəsi verdi. Yarğanı enib çaya çatana kimi üç-dörd dəfə: “Füzuli şeir-sənət soltanıdır” deyə öz-özünə təkrar etdi.
Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan Əşrəf bəy:
– Amma bir məsələ də var, – dedi. Bizdən bir az əvvəlki və bizim nəsil gün çıxandan gün batana kimi olan türk dünyasını qoruya bilmədik.
– Bunu nə mənada deyirsən, Əşrəf bəy?
– O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl sarı ruslar parçalayıb. Yarımız o tayda – İranda, İraqda daha nə bilim haralarda. Bu saat elə siz də bizim günümüzdəsiniz. Sultan Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir ölkəyə çevrilib. Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın dəmir yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar göz dikib. Bəs bizim taleyimiz necə olacaq? Əgər o boyda Türkiyənin taleyi belə acı olsa, parçalansa, görün biz Azəri türkləri nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız sizədir. Sizdə ki, bugündə…
– Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan. Onun ən böyük arzusu türkçülük, turançılıq uğrunda mübarizə aparmaqdır. İnşallah, vaxt gələr, səni onunla tanış edərəm. Siz qardaşımla eyni flkirdəsiniz, eyni zindana döyürsünüz.
– Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana çəkic vursun.
– Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan Vahidəddin belə düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı qatdı, çimməyi unutduq, – deyib Paşa suya atıldı… Beş-on dəfə qol atıb üzə-üzə geriyə döndü. – Çıxanda babamız Füzulidən sənə bir məktub oxuyacağam, – dedi. – Yadıma salarsan, Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, – deyə qışqırıb əl eləyirdi. Bu, Əşrəf bəyin kiçik oğlu Məhəmmədəli idi.
– Nə olub? – deyə ata aşağıdan yuxarı qışqırdı.
– Gəncədən qonağımız gəlib, sizi istəyirlər – dedi. Sudan çıxan Nuru paşa:
– Gedək, – dedi, – yarğanı çıxana kimi məktubu da sənə oxuyaram.
– Onda tələsmə, əl-ayağını qurula, məktubu da tap, oxuya-oxuya yarğanı çıxarıq.
Nuru paşa gülümsünüb:
– Məktub-zad axtarmıayacağam, o burdadır, – deyib əlilə başını göstərdi.
– Yaddaşındadır?
– Bəli, necə bəyəm, ola bilməz?
– Əhsən sənin yaddaşına, qardaş.
– Sən arada siyasi “dərddən” danışdın. Mənim isə hüsni-xəyalım hələ də babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin, Füzulinin Bəyazid Çələbiyə yazdığı məktubu xatırladım. Oğlu Fəzli Ərəşə qayıdıb, Çələbilər məhəlləsində yaşayıbsa, burda bir qanunauyğunluq var. Kim bilir, bəlkə də, Füzuli bu nəsillə qohum imiş. Allah onun torpağını pak, yerini behişt eləsin.
– Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin arvadı bu nəsildən imiş.
– Bəy, onda qulaq as, məktubu oxuyum. Füzuli Sultan Süleymanın oğlu şahzadə Bəyazid Çələbiyə yazır:
“Mənə bir məktub, bəlkə, çiçəkli bir bağça gəldi. Onun işıqları gözümün nurunu artırdı. O, ən lətif lövhələr üzərinə diqqətlə təsvir edilmiş gözəl bir şəklə bənzəyir. Onun sətirləri, işarələri ulduzlu səmaya oxşayır. Yazıları budaqlar, ibarələri çiçəklər kimidir. O, mərifət fənlərini əhatə edən bir səhifə, nemət budaqları yetişdirən bir bağçadır. Onun gəlişi göz bağçasını çiçəkləndirdi…”
Əşrəf bəylə Nuru paşa mülkə dönəndə, bir qədər sükut içərisində addımladılar. Buna sükut demək olmazdı. İçlərində lal bir haray vardı. Füzuli harayı idi bu: türk qardaşlarım, çiçəkli bağçamızın viranəliyə çevrilməsinə imkan verməyin!
Və onlar sanki bu harayın təsiri ilə addımlarını yeyinlətdilər…

***

Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir. General Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir gün sonra Qazağa və iyunun 9-da Gəncəyə çatmışdı. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz diviziyasından seçilmişdi. Gümrü və Qazax istiqamətində hərəkət edən birinci qrupa onuncu Qafqaz alayı, doqquzuncu və on üçüncü Qafqaz alayına mənsub iyirmi altıncı batalyon, topçu dağ batalyonu, istehkam bölüyü, rabitə vzvodu daxil idi. Bu qrupda yüz qırx zabit və iki min səkkiz yüz on iki əsgəri qüvvə vardı.
Lori nahiyəsi boyunca üzüaşağı gələn ikinci türk hərbi qüvvələrinin yolu Cəlaloğlu şəhərindən sonra Sadaxlı, Körpülü, Kəmərli və Aslanbəyli kəndlərindən keçərək Qazağa iyunun 12-də çatmışdır. On üçüncü Qafqaz alayından təşkil olunan bu qrupda güclü dağ topçu batalyonu, yüz on zabit və iki min yeddi yüz altmış üç əsgəri qüvvə daxil idi.
Türk qoşunlarının gəlişini Lenin və Stalinə bildirən daşnak Şaumyan həyəcanla Bakıdan yazırdı: “Türklər Qarakilsədən, Dilicandan keçib Ağstafaya çatıblar. Oradan da birbaşa Bakıya yeriyəcəklər. Bağlanan sülh müqaviləsinə əsasən türklər dəmir yolu ilə qoşunlarını Bakıya və Culfaya daşıyacaqlar. Xəbər verirəm: “Hücum başlanmışdır”.
Türklərin gəlişindən bərk qorxuya düşən ermənilər 1918-ci il iyunun 30-da azsaylı rus hərbi qüvvələrinə arxalanaraq qəfildən Göyçaya basqın etdilər. Həmin hadisəyə görə türklərə otuz səkkizinci alaydan ibarət yeni qüvvə göndərildi.
Alayda altmış beş zabit, iki min dörd yüz yetmiş beş əsgəri qüvvə, dörd güclü dağ topu və bir güclü dağ batareyası vardı.
İyulun doqquzunda ehtiyatda olan üçüncü türk ordusundan üçyüz əlli əsgəri qüvvə seçilib Bərgüşad və Göyçay uğrunda gedən döyüşlərə göndərildi. Bcşinci qrup isə polkovnik Nazim bəyin komandanlığı ilə birbaşa Bakı döyüşlərinə çatdırılmışdı. Azərbaycan Əlahiddə korpusu, yerli əhalidən təşkil olunmuş könüllü dəstələr də türk ordusu ilə çiyin-çiyinə vuruşurdu.
Cənub qrupuna azərbaycanlı polkovnik Həbib bəy Səlimov, Şimal qrupuna isə türk polkovniki Osman bəy komandanlıq edirdi.
“Azərbaycan-Türkiyə qüvvələrinin əks hücuma keçməsi bolşevikləri təşvişə saldı. Bakı Soveti iyulun 12-də hərbi səfərbərlik elan etməyə məcbur oldu. Lakin bu tədbir onları məğlubiyyətdən xilas edə bilmədi. Göyçay ətrafındakı şiddətli döyüşlərdə Azərbaycan-Türkiyə birgə qoşunları parlaq qələbə qazanmışdı.
Biçcraxovların, avetisovların Qırmızı Orduya köməyə gəlişi zəfər yürüşünün qarşısını ala bilmədi. Göyçaydan sonra Şamaxını yadellilərdən təmizləyən ordu sürətlə Bakıya yaxınlaşırdı” (A.Rüstəmli, “Azərbaycan ordusu” məqaləsi, “Həqiqət” qəzeti, 2 dekabr 1992-ci il).
Həmin döyüşlərin iştirakçısı, türk ordusunun podpolkovniki Rüştü bəy 1934-cü ildə İstanbulda nəşr etdirdiyi “Böyük hərbdə, Bakı yollarında beşinci Qafqasiya piyada firqəsi” adlı memuarında verdiyi məlumata görə, türk hərbi qüvvələrinin ümumi sayı on min nəfər olmuşdur. O yazır: “Şamaxının zəbtindən sonra Bakıya yaxınlaşan ordu avqustun 5-də Bakı şəhərinə yapdığı müvəffəqiyyətsiz bir hücum üzərinə on beşinci firqənin kamilən Azərbaycana göndərilməsi üçün müraciət edilmiş və ingilislərin Bakıya İran tərəfindən yardım göndərmələrini nəzərə alaraq Qarakilsədən Bakıya min iki yüz hərbçi, mövcud firqə qərargahı ilə əlli altı və yüz altıncı piyada alayları da gəlmişdi. Bundan başqa, cəbhədə min nəfərlik bir Azərbaycan qüvvəsi, iyirmi makinalı tüfəng, altı top və bir zirehli qatar hərb edirdi. Əlavə olaraq artan Türkiyə qüvvələrilə bərabər, Azərbaycan qüvvələri də artmış, Qazax, Gəncə, Şəki, Zaqatala, Cavanşir, Ağdaş, Ağdam, Quba, Səlyan, Göyçay və Bakı ətrafında süvari milis təşkilatı, silahlı könüllü qrupları vücuda gəlmişdi”. Bu dövrdə Azərbaycan türklərinin vəziyyəti çox ağır idi. İrəvanda, Zəngəzur və Göyçayda rus hərbi qüvvələrinə arxalanan daşnaklar xalqı qılıncdan keçirir, tonqalda yandırır, daşqalaq edirdi.
Yüzlərlə kəndi yerlə-yeksan etmişdilər. Bakıda bolşeviklərin və daşnakların fitvası ilə mart qırğını törədilmişdi. Bu qırğında on beş minə yaxın azərbaycanlı öldürülmüşdü. Ölkədə anarxiya, başıpozuqluluq hökm sürürdü.
Martın 20-də Zaqafqaziya seyminin iclasında çıxış edən müsavat lideri Aslan bəy Səfikürdski bütün qafqazlıları bolşeviklərə qarşı mübarizəyə səsləyirdi:
“Biz Zaqafqaziya hökumətindən xahiş edirik, bolşevizmi məhv etmək üçün özünümüdafiə şurası yaratsın. Biz müsəlman sosialist bloku adından xəbərdarlıq edirik ki, həmişə bolşevizmə qarşı mübarizə etmişik və bu gün də ona hazırıq.
Əgər bu barədə ölçü götürülməsə, biz özümüz bolşevizmi məhv edəcəyik… Bizim tarixdə çox qanlar axıdılıb. Tariximiz başdan-ayağa qanla yazılıb. Biz bolşevizmi əzməklə yenə də tariximizi qanlı hərflərlə yazacağıq”.
Müsavat hökumətinin nümayəndələri türklərin qardaş köməyinə arxalanmaqdan başqa yol görmədiklərini açıqdan-açığa bildirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Tiflisdəki “Oriant” mehmanxanasında Zaqafqaziya Seyminin üzvlərindən biri Fətəli xan Xoyskidən soruşmuşdu:
– Siz Bakıya döyüşə-döyüşə gedəcəksinizmi?
– Bəli, gedəcəyik.
– Siz döyüşlə Bakıya getsəniz, onda bu imperializm üzərinə ilk hücum olacaq. Amma siz o yürüşü təkbaşına edə bilməzsiniz. Siz Türkiyənin və türk qoşunlarının köməyi ilə Bakını düşmənlərdən azad edə bilərsiniz.
“1918-ci ilin iyun-iyul aylarında erməni hərbi hissələri iki istiqamətdə – Göyçay-Ərəş-Nuxa istiqamətində və Kürdəmir-Yevlax-Gəncə istiqamətlərində irəliləməyə başladılar. Lakin daşnak quldur dəstələrinin Yevlağı ələ keçirmək planları baş tutmadı. Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü dəstələrin güclü müqaviməti ilə üz-üzə gəldilər.
Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə Qarabağda ad çıxarmış M.Ə.Rəsulzadənin yaxın dostu və məsləkdaşı Qaramanlı Qamboy ağanın, Qarxunlu Əşrəf bəyin. Bərdəli Sarıtel Aslanın misilsiz xidmətləri və qəhrəmanlıqlan olmuşdur. Yaranmış real təhlükəni vaxtında dərk edən Qamboy ağa və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə minlərlə könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba və digər ən zəruri şeylərlə təmin edirlər. Az vaxtda Yevlax ərazisində xeyli könüllü və beş min nəfərdən çox süvari dəstə toplanır ki, bu da sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ilk süvari dəstələrinə çevrilmişdir” (V.İsayev, “Haradan gəlir bu köç” kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51).
Sonrakı tarixi hadisələr də göstərdi ki, Azərbaycan xalqının Türkiyə və türk ordusundan başqa ikinci bir arxası, xilaskarı olmamışdır. Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir şairə yaşayırdı Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə birgə qalib kimi Bakıya varid olan Azərbaycan əsgərlərini Ümmügülsüm “Ey türk oğlu” şeirilə alqışlamışdı.
Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə aparan on doqquz yaşlı Ümmügülsüm böyük öndərimiz Məmmədəmin Rəsulzadənin əmisi qızı idi. “Azərbaycan xalqının öz ruhundan doğan ümummilli bir hərəkat və hadisədən (M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi qırx beş illik ömrünün çoxusunu Vətəndən uzaqlarda, Mordoviyada sürgündə keçirmişdir. Bu nəcib və vəfadar şairə görkəmli yazıçımız, otuz yeddinci ilin günahsız qurbanlarından biri olan Seyid Hüseynin həyat yoldaşı idi.

Türkiyənin Hərbiyyə Naziri Ənvər Paşanın Bakının
Xilası Haqqında 1918-ci il sentyabrın 16-da Şərq
ordular qrupunun komandanı Xəlil Paşaya
Təbrik Teleqramı

Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik edirəm.
Bakının xilasından sonra Azərbaycanda hələlik bir diviziya saxlayaraq, qalan qoşunları doqquzuncu ordunun sərəncamına vermək istəyirəm. Nuru Paşaya Dərbənd, Petrovsk şəhərlərinin ələ keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki batareya və bir pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cənuba göndərilməsinə sərəncam verdim və Təbriz-Qəzvin istiqamətində irəliləyən qoşun dəstəsinin Kiçik xana yardım etməsini və bu məsələ ilə əlaqədar sizinlə görüşməsini tövsiyyə etdim. Tapşırıqların qısa bir vaxtda yerinə yetirilməsini rica edirəm.
Nuru Paşa öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin irəliləməsinin qarşısını almaqla kifayətlənməlidir.

KAPİTAN-ŞAİR MUSTAFA AĞA HƏSƏN AĞA OĞLU QİYASBƏYOV
(1824-1873)

Əlahiddə Qafqaz Qoşunlarının Müsəlman Süvari alayında xidmət edib.
1863-1864-cü illərdə Polşada baş vermiş “Yanvar üsyanı”nı yatırmaq üçün rus komandanlığının Qafqazdan aparılan bəylərə məxsus Müsəlman Süvari alayında Mustafa ağa Qiyasbəyov da olmuşdur. Üç il Varşavada hərbi xidmətdə olan Mustafa ağa fransız, polyak və rus dillərini mükəmməl öyrənmişdir. Üç ildən sonra Qafqaza qayıdan Mustafa ağa dağlılara qarşı döyüşlərdə hünərlə vuruşaraq kapitan rütbəsi alıb.
Məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərli onun haqqında yazır:
“Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrü-qiyamətsiz qalıb və hətta onun haqqında aşkarən ədalətsizlik vüqua gəlməyə görə, Mustafa ağa öz vətəninə (Qazax qəzasının Dağkəsəmən kəndinə – Ş.N.) müraciət edib və üzlətü (tənha yaşayan) fərağət guşəsini ixtiyar qılıb, vaxtlarını ibadətdə və təhsili-ülumi maarifdə keçiribdir”.
…1804-cü ildən 1917-ci ilə kimi imperiya ordusunda xidmətdə olan azərbaycanlı zabitlər, bu gün bəzilərinin dediyi kimi rus təbəəliyini “Ura” ilə qəbul etməyiblər. Onların arasında elə qeyrətli zabitlər olub ki, milli dilini, adətənənəsini, milli vüqarını saxlayaraq ata-babalarına sadiq qalıblar.
İşğalçı rus ordusunun sıralarında xidmətdə olarkən müsəlman əyalətlərində zor siyasəti aparıb silah işlədənlərə qarşı etiraz səslərini qalıblar. Rus ordusunun 1800-cü ildən sonra silah gücünə işğal etdiyi Axalski, Qars, Axal-Təkin, Dağıstan, Şimali Qafqaz və başqa ərazilərdə döyüşməkdən imtina edib ordudan təxris olunmağı tələb ediblər.
General-mayor Daniyal bəy İlisulu, şamaxılı podpolkovnik Omar bəy və Osman bəy Qasımxanov qardaşları, polkovnik Süleyman xan Şəkinski, şuşalı rotmistr Əbdürəhman bəy Vəzirov, praporşik Alxaz bəy İlisulu, praporşik Ağabəy Yadigarov, kapitan Mustafa ağa Qiyasbəyov rus istilasına qarşı çıxıblar. Öz torpağı uğrunda döyüşən din və dil qardaşlarına silah qaldırmayıblar.
Onların sırasında kapitan-şair Mustafa ağa Qiyasbəyovun fəaliyyəti və bilik dairəsi daha geniş olub.

***

…Alay komandiri, polkovnik Yuri Maxnatski:
– Kapitan Qiyasbəyov, nə üçün Türküstan Hərbi Dairəsinə xidmətə getməkdən imtina edirsiniz?
– Cənab polkovnik, mən hər şeyi raportumda göstərmişəm.
– Nə göstərmisən? Yazdığın raportu oxudum. Çox savadlı və səlis rus dilində yazsan da orada şovinist bir cümlə işlətmisən. Oxuyuram bir daha, özün də eşit: “Din və dil qardaşlarıma silah qaldırmağı nə Allahım, nə də Pcyğəmbərim Məhəmməd mənə bağışlamaz. Ona görə də ordudan tərxis olunmağımı Siz cənablardan təvəqqe edirəm”. Başa düşə bilmirəm, hansı axmaq iyirmi il sizi orduda xidmətdə saxlayıb. Üstəlik də kapitan rütbəsi veriblər.
– Cənab polkovnik, rütbəni heç bir orduda qəşəng qaşa-gözə görə vermirlər.
Mən Qafqazda, Varşavada üsyançılara qarşı xidməti borcumu nümunəvi zabit kimi yerinə yetirmişəm. Tərifəlayiq bütün xidmətlərim Sizin əlinizin altında olan hərbi xidmət kitabçamda göstərilib.
Bu dəfə səsinin sərt ahəngini dəyişən polkovnik:
– Bəs nə üçün istefaya getməyi arzuladınız?
– İstər Dağıstanda Saltı döyüşlərində, istərsə də Çərkəz kəndlərinin od vurulub yandırılmasından sonra yuxum ərşə çəkilmişdi. Yata bilmirdim. Axı onlar da mənim din bacı, qardaşlarımdır. Günahsız körpələri süngüyə taxmaq, isti ocağını dağıdıb viran qoymaq… Gecə-gündüz meşələri qırdırıb quldur axtarmaq, füsunkar Qafqaz təbiətini məhv etmək…
– Sən lap dekabristlər kimi danışırsan. Bu siyasi əhval-ruhiyyə hardandı səndə? Sənin fikrincə, biz ruslar daş qəlbliyik, insani hisslərdən uzağıq. Əksinə, biz əlahəzrət imperatorun əmri ilə dağlıları Şeyx Şamil və onun quldur dəstəsindən xilas edirik.
– Nə vaxtdan öz torpağının, yurd-yuvasının azadlığı uğrunda vuruşan igidlərə quldur ayaması verilib. Əgər elədirsə, monqollar Rusiyanı 300 il çalıbçapanda ona qarşı vuruşan rus xalqı onda kim idi?
– Kapitan Qiyasbəyov, sən gəl məni siyasi söhbətə cəlb etmə. Biz hər ikimiz hərbçiyik. Heç bir siyasi qurumun, siyasi söhbətin mövzusuna toxuna bilmərik.
Buna əlahəzrətin nizamnaməsi yol vermir. Bəs, Türküstan yürüşündən niyə imtina edirsən?
– Ona görə ki, ora türk torpağıdır. Orada da silah qaldırıb öldürəcəyim əhali milliyyətcə türkdür. Mən günahsız qan qardaşlarımı öldürməyi vicdanıma sığışdıra bilmərəm.
– Sən bilirsən ki, bunun üçün səni hərbi məhkəmə mühakimə etməlidir, cənab kapitan. Sən sıravi əsgər deyil, zabitsən, bir yaxşı düşün, gör, nə danışırsan.
Bu inadkarlığın sənə ağır otura bilər.
– Cənab polkovnik, mən gəncliyimdə orduya könüllü gəlməmişəm. Mənim ata-babalarım nəslən bəy olduğuna görə Sizin imperatora məni girov veriblər.
Əvvəllər bir müddət Üçüncü Müsəlman Süvari Alayında xidmətdə olmuşam. Siz bunu bilirsiniz. Görünür, o vaxtlar bu düşüncədə, bu ağılda olmamışam. Hərbi nizamnaməyə görə iyirmi ildən sonra könüllü surətdə ordudan tərxis oluna bilərəm.
Siz məni məhkəmə ilə qorxutmayın, orada da cavabım belə olacaq.
Polkovnik dodaqaltı donquldana-donquldana:
– Bəzi rus zabitləri doğru deyir ki, imperator aziat müsəlmanları orduya cəlb etməkdə özünə düşmən hazırlayır. İndi budur, ən yaxşı nümunə sənsən, cənab kapitan Qiyasbəyov, sən orduda bilik, bacarıq qazandın, gözün açılıb düşüncən dəyişdi, inkişaf edib oldun bizə düşmən.
– Düşmən niyə, mənim zənnimcə, hər kəs öz torpağında, öz evində yaşasa, daha yaxşıdır. “Parçala, hökm sür” siyasəti ilə silah gücünə sayca böyük olan xalq, kiçik və qürurlu xalqlara azadlıq verə bilməz. “Slovo” jurnalından keçmiş Qafqaz canişini general Aleksey Yermolovun 1819-cu ilin yayında dağlıların başına törətdiyi faciələri Sizinlə birgə oxuduq. Nə tez yadınızdan çıxdı. Yermolovun silah dostu general P.İ.Pestel xatirələrində yazır ki, ruslara itaət etmək istəməyən Akuşa, Başlı, Uplu-Ayya aullarında və bir çox başqa yerlərdə general Yermolov daşı daş üstə qoymamış, aulları yerlə-yeksan etmişdir.
General Yermolov Kubanın çərkəzlər yaşayan on yeddi böyük auluna və yüz doxsan xutoruna od vurub yandırmışdır. Özünün bəd əməllərindən ruhlanan Yermolov fəxrlə deyərdi ki, mən biz ruslara silah qaldıran canqutayların kəndlərini məhv etdim. Özləri ilə birlikdə evlərinə və var-yoxlarına da od vurub yandırdım.
Bu da əlahəzrət rus çarının “Qafqazda sülh yaradıcısı” deyə təriflədiyi general Yermolov. Cənab polkovnik, dağlı analar bu gün də nadinc uşaqları yatmayanda “Yermol gələr, səni aparar, yat mənim əziz balam” – deyə onun adı ilə qorxudurlar.
– Oxumusunuzmu şair Mixail Lermontovu?
– Bəli, amma çoxdan.
– Onda “İsmayıl bəy” poemasından kiçik bir parçanı yadınıza salım.
Polkovnik:
– Siz mənim miliyyətcə polyak oluduğumu bilirsinizmi?
– Bəli, bilirəm.
Belə çıxır ki, 1863-cü ildə Polşada üsyançılara silah qaldırmaqda mən də cinayətkaram. Öz millətimi, din qardaşımı qanına qəltan eləmişəm.
Kapitan Qiyasbəyov:
– Diqqətlə düşünəndə, hə .. elə də olur. Axı, bütün dünya bilir ki, sizin zəif və rus çarının məiyyəti olan Polşa kralına qarşı polyak xalqı Varşavada yerləşən istilaçı rus qoşunlarının çıxarılması uğrunda üsyana qalxmışdı. Qafqazdan və Rusiyadan Polşaya yeridilən güclü qoşun hesabına üsyan yatırıldı. Azadlıq deyib küçələrə çıxan polyak xalqının nahaq qanı axıdıldı.
– Yaxşı, cənab kapitan, səni istefaya buraxsaq, nəynən məşğul olacaqsan?
Ruslara qarşı təbliğat aparacaqsan? Yəqin, sən də İmam Şamil kimi dağlılan toplayıb mübarizəyə…
– Xeyr, mən elə fikrə düşməmişəm, heç istəmirəm də. Bizim Şərq müdrikləri deyir ki, dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm vardövlətdən də yaxşıdır, çünki dövləti sən saxlamalısan. O da sənə qismət ola, olmaya, Allah bilir. Elm isə səni saxlayır.
Mən doğma obama qayıdıb məktəb açacam. Balaların təlim-tərbiyəsi ilə məşğul olacam. Günahsız insanların qanını tökməkdənsə, hər hansı bir canlını, bir uşağı tərbiyə etmək daha savabdır.
Polkovnik:
– Sizin raporta qol çəkib icazə verirəm. Tərxis olunun. Amma sənədlərinizdə göstəriləcək ki, ciddi xəstəliyiniz olduğuna görə müalicəyə ehtiyacınız var. Razısınızmı?
– Əlbəttə razıyam.
– Bircə xahişim var. Alayda hamı bilməlidir ki, həqiqətən xəstəliyə görə istefaya gedirsiniz. Yoxsa, bayaq dediklərinizi eşitsələr, alaydakı qeyri-millətləri də ayıldarsınız.
Hərbi xidmətdə ədalətsizliyə, din ayrı seçkiliyə qarşı çıxan Mustafa ağa ordudan tərxis olunur. Bilik və bacarığını doğma kəndində həmyerlilərinin təlimtəhsilinə həsr edir. Lakin Mustafa ağanın ailə səadəti üzünə gülməmişdir. O, Zəyəmli Məhəmməd bəy Zülfüqarovun qızı Xeyransa xanımla evlənir. Heç altı ay tamam olmamış sevimli zövcəsi qəflətən vəfat edir. İlk sevgisini puç görən Mustafa ağa Nasir onun ölümünə təsirli bir mərsiyə yazmışdır.
Bir neçə il sonra Mustafa ağa Qıraq Kəsəmənli podpolkovnik Məhəmməd ağanın qızı Bədirnisa xanıma aşiq olmuş, atanın razılığı olsa da qızın anası Səltənət xanım bu ülvi izdivaca razılıq verməmişdir. Sevgi bəxtinin ömürlük əzabını çəkən kapitan-şair Mustafa ağa ailə xoşbəxtliyindən əl üzüb zahid kimi guşənişin, tərkidünya yaşamışdır. Ona görə də şeir və qəzəllərinin əksəriyyətində kapitan-şair Mustafa ağa Nasir özünün məhəbbət Kəbəsi Bədirnisanı əzabla, həsrətlə yad edir.
“Nasir” təxəllüsü kapitan-şair Mustafa ağa Qiyasbəyov öz dövrünün görkəmli şairi kimi məşhur olmuşdur. O, Hacı Mirhəmzə Əfəndi “Nigari”, Hacı Rəhim ağa “Vəhidi”, Mirzə Nəbi Əfəndi Qaibov, Mirzə Mehdi “Naci”, Mirzə Rəhim “Fəna”, İsgəndər ağa Qiyasbəyov, Şahnigar xanım Rəncur və başqa görkəmli şairlərlə şeirləşmişdir.
Kapitan-şair Mustafa ağa Nasirin qırx altı şeir və qəzəlini ilk dəfə Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qaibov (1830-1917) toplamışdır. XIX əsrin altmışıncı illərində “Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmüədir” dörd cildliyini tərtib edən Mirzə Hüseyn əfəndi maddi imkansızlıqdan məcmuəsini nəşr etdirə bilməmişdir. Yalnız 1989-cu ildə Mirzə Hüseyn əfəndi Qayıbovun dörd cildlinin ikinci cildində Nasir şeirlərinin bir qismi oxucu üzü gördü.
Mustafa ağa Nasiri Azərbaycan oxucusuna ilk dəfə təqdim edən isə Firidun bəy Köçərli olmuşdur.
Firidun bəy “Azərbaycan ədəbiyyatı” əsərinin ikinci cildində şair-kapitan Mustafa ağa Nasirə ayrıca bir fəsil həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.
Kapitan Mustafa ağa Nasir ilk dəfə dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin xeyli hissəsini Azərbaycan dilinə tərcümə etmişdir. Tənha yaşayan şair bir qış gecəsi mütaliə etdiyi vaxtda yorulub yuxuya getmiş, yanında yanan şamdan kitablarına od düşüb, özü də həlak olmuşdur.
Məhşur ədəbiyyatşünas-alim Firidun bəy Köçərli onu misli bərabəri az tapılan xoşxlüq, nazik təb və ali nəsəb bir şəxs kimi qiymətləndirir. Qırx doqquz yaşında həlak olan Mustafa ağa Nasirin Nizami Gəncəvidən etdiyi tərcümənin yarımçıq qalmasına isə təəssüflə yazır ki, pürqiymət zəhməti, heyf ki, yarımçıq qaldı. Ədəbiyyat və lisanımız “Xosrov və Şirin” kimi lətif və gözəl əsərin tərcüməsindən məhrum oldu.
Mustafa ağa Nasirin atası Həsən ağa da uzun illər nizami ordu sıralarında xidmət etmiş, podpolkovnik rütbəsində istefaya çıxmışdır.
M.V.Vidadinin oğul, M.P.Vaqifin qız nəvəsi şair Yəhya bəy Qazaği (? – 1841) podpolkovnik Həsən ağaya 1828-ci ildə “Cəlal olsun” adlı qəzəl yazmışdır.
1828-1829-cu illər Rus-Türk müharibəsində kapitan rütbəsində olan Həsən ağa Mustafa ağa oğlu üçüncü Qazax Süvari alayının komandiri Meşşeryakovun köməkçisi olmuşdur. 1829-cu il iyulun – 19-da Xart kəndi uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə Həsən ağa “Müqəddəs Georgi” xaç nişanının dördüncü dərəcəsilə təltif olunub.

KNYAZ-PODPOLKOVNİK
MEHDİQULU XAN USMİYEV
(1855-1900)

Böyüklük özünü rahat edib, baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir.
Mir Möhsün Nəvvab (1833-1918),
şair-alim

Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-da podpolkovnik rütbəsi alıb. O, məşhur şairə Xurşidbanu Natəvanın böyük oğludur.
1855-ci ildə Şuşada anadan olub. 1874-cü ildə Peterburqdakı zadəgan balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-türk müharibəsi (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının komandiri olmuşdur.
1999-cu ildə Gürcüstan Mərkəzi Dövlət Arxivindən əldə etdiyimiz bu yaraşıqlı zabitin foto-şəklinin altında da “1877-ci il, Dunay” yazılıb. İki il cəbhələrdə böyük igidlik və şücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə ordenlə təltif olunub. O, “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə (igidliyə görə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) və “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsinə layiq görülüb. Əlbəttə, qısa ömründə belə yüksək kavaler ordenləri ilə qeyri-adi igidlik göstərmiş zabitlər təltif olunurdu.
Şübhəsiz ki, knyaz Mehdiqulu xana bu igidlik irsən keçmədir. Axı, onun atası general-mayor Xasay xan Usmiyev (1808-1866) idi. Ötən əsrin məşhur tədqiqatçıları Firidun bəy Köçərli, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə və başqaları iftixarla yazırlar ki, cənab knyaz Mehdiqulu xan alicah knyaz Xasay xanın oğludur. O, əlahəzrət qüdrətli Çingiz xanın nəslindəndir.
Qafqaz Əlahiddə Ordusunun süvari qoşunlarında xidmət edən knyazpodpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə də təltif olunub. O, 1877-ci ildə “Müqəddəs Stanislav” ordeninin ikinci, 1891-ci ildə “Müqəddəs Anna” ordeninin ikinci dərəcəsini və 1881-ci ildə İranın “Şire- Xorşid” ordeninin üçüncü dərəcəsini ala bilib. 1894-1895-ci illərdə rotmistr Mehdiqulu xan Qafqaz Hərbi Dairəsində Qafqaz qoşunları komandanının yavəri vəzifəsində olub.
Klassik üslubda “Vəfa” təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazan knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 1897-ci il fevralın on yeddisində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açdırmışdır.
Hərbçi olmasına baxmayaraq, o anası Xurşid bəyimin rəhbərlik etdiyi “Məclisiüns” də yaxından iştirak edib. Knyaz-podpolkovnik Mehdiqulu xanın poeziyaya və füsunkar Şuşaya məhəbbətini əvəzsiz ədəbiyyatşünasımız Firidun bəy Köçərli 1903-cü ildə Tiflisdə rusca nəşr etdirdiyi “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabında yüksək sənət nümunəsi kimi qeyd edir: “İnsana məhəbbət, dostluq, mehribançılıq, mərhəmət, əfv və iztirab istedadlı Mehdiqulu xan Usmiyev poeziyasının canını təşkil edir”. Şair oxucusuna xitabən deyir: “Çəmənzarə yavaş gir ki, xırda böcəklər, yaşıl otlar, yeni gül şaxələri ayaqların altında qalıb əzilməsin”.
Mehdiqulu xan babası İbrahimxəlil xanın cah-cəlalının dağılmasını, rus hakimiyyətinə arxalanıb Qarabağı viran qoyan erməni generalı Mədətovun, Lazerevin və Karqanovun müsəlmən qəbirstanlıqlarını kotanın ağzına verib əkdirmələrini və xalqa olmazın zülmlərini kədərlə yad edir.
Mehdiqulu xan 1900-cu il sentyabrın 5-də Tiflisdə Mixaylovski küçəsindəki yüz qırx səkkiz saylı mülkündə vəfat etmişdir. Öz vəsiyyətinə görə Ağdamdakı İmarətdə ata-babalarının yanında dəfn olunub.
Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazır: “Mehdiqulu xanın nəşi Qarabağa gətirilərkən ətraf kəndlərdən gələn bütün insanlar yollara çıxaraq onu qarşılayırdı. Xan xüsusi bir ehtiramla Ağdamda ata-babalarına məxsus xanlıq imarətində dəfn olundu. Qarabağlılar bir neçə səbəbdən onu çox sevirdilər. Birinci, fövqəladə səxavətli idi. İkinci, çox alicənab və mərifətli adam idi. Üçüncü, çar hökumətinin əleyhinə və xalqın qeydinə qalan idi.
Mehdiqulu xanın Qafqaz sərdarının yanında xüsusi rütbəsi vardı. Nəsrəddin şah Tiflisə gələndə onun qarşılanmasını xüsusi hüsni-rəğbət bəslərdi. Onun at çapmaqda böyük məharəti vardı. Çoxlu cins at saxlardı. O cümlədən Gülgün, Şənhar, Göyərçin, Durna, Ceyran, Ağ cidalı onun sevimli atları idi. Gülgün cinsindən çox istədiyi bir atı vardı ki, çox zamanlar onu minərdi. Həmin at ilə Sərdarın sarayının salonuna çıxdığı məşhurdur”.
Haqqında nekroloq verən “Kaspi” qəzeti (1900-cu il, sentyabrın 8-də № 200) yazırdı: “Nadir şərq kitablarını yığmaq və oxumaq onun ən sevimli məşğuliyyəti olmuşdu. Bu kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir vəsait əsirgəməzdi. Onun şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı”.
Knyaz Mehdiqulu xanın müasiri, məşhur alim Mir Möhsün Nəvvab yazır ki, biçarə knyaz Mehdiqulu xan son illər Şuşaya tez-tez gələrdi.
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını qeyd edirlər. Lakin nə Tiflis, nə də Bakı arxivlərində Mehdiqulu xanın general olması haqqında sənədə biz rast gəlmədik. Bütün sənədlərdə onun son rütbəsi podpolkovnik göstərilir. Şübhəsiz ki, tədqiqatçılar onu general-mayor atası Xasay xan Usmiyevlə səhv salırlar. Bu səhvin yaranmasında ikinci bir səbəb də var:
Mehdiqulu xanın adı qoyulan ana babası Qarabağın sonuncu hakimi Mehdiqulu xan İbrahimxəlil xan oğluna (1763-1845) ruslar 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürəkçayda keçirilən sazişdə general-mayor rütbəsi vermişdilər. Bu barədə məşhur tarixçi Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində yazır:
“Həmin yığıncaqda İbrahim xana və Səlim xana (Şəkinin hakimi, İbrahim xanın ürəkəni – Ş.N) general-leytenantlıq, mərhum Məhəmməd Həsən ağaya və Mehdiqulu xana general-mayorluq, mərhum Xanlar ağaya isə polkovnik rütbələri verilməsi haqqında sərdar knyaz Sisianovun vasitəçiliyi ilə padişaha ərizə yazıldı.
Dörd aydan sonra bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı”.
Ona görə də 1920-ci ilə qədər olan ədəbiyyatlarda Knyaz podpolkovnik Mehdiqulu xanın adının yanında “Sani” yəni ikinci sözünü də yazırlar.

***

Əsilzadə nəslindən olan podpolkovnik Mehdiqulu xan sadə təbiəti, səxavəti və insanpərvərliyi ilə Qarabağ camaatının məhəbbətini qazanmışdı. Hələsağlığında şairə anası Xurşudbanu Natavan Ağdamdakı mülkləri və bir neçə kəndi onun ixtiyarına vermişdi. Mehdiqulu xan mülklərdən və torpaq sahələrindən gələn gəliri camaatın özünə paylayır, onlardan bəhrə almırdı. Bu alicənab şəxsiyyət haqqında onun müasiri Mirzə Xosrov Axundovun şahidi olduğu əhvalat nəsillərə nümunə olmağa layiqdir.
Mehdiqulu xan Vəfa çox vaxt Tiflisdə olardı. Müəyyən vaxtlarda Ağdama, yaxud Şuşaya gələrdi. Ağdamın Sancalı kəndində bir nəfər yoxsul qadın varmış.
Bu qadının yeganə oğlu xəstələnərək vəfat etmişdi. Oğlunun ölümündən sonra qadın həyatın ağırlığı içərisində boğulurdu.
Knyazın Ağdama gəlib mehmanxanada yerləşdiyini qadına xəbər verirlər.
Mehdiqulu xan öz səxavətilə şöhrət qazandığından qonşuları qadına məsləhət görürlər ki, knyazın yanına gedib öz halını ona bildirsin. Yoxsul qadın birdən-birə onun yanına getməyə cəsarət etmirdi. Qonşular ona belə məsləhət gördülər ki, bir sini “bedanə tut” yığıb onun üstünü qızılgüllərlə bəzəyib knyaza aparsın. Bu vasitə ilə knyazla görüşüb öz dərdini ona bildirsin.
Qadın bu məsləhətə əməl etməyi qərara aldı. Çadır hazırlayıb, tut çırpdırdı.
Bir sini tapıb “bedanə tut”dan seçib doldurdu və tutun üstünü qızılgül ilə bəzədi.
Tutu götürüb Mehdiqulu xanla görüşmək üçün mehmanxanaya getdi. Darğa  adını görüb dedi:
– Knyaz yatıbdır, onu narahat etmək olmaz. Qadın nə qədər yalvardısa, darğa “İndicə yatağa girib” – deyə, onu knyazın yanına buraxmadı. Doğrudan da, knyaz yenicə soyunub yatağa girmişdi. Onu hələ yuxu aparmamışdı Eyvanda olan danışığı eşidən knyaz zəngi vurub darğanı içəri çağırdı. Darğa otağa daxil oldu.
Mehdiqulu xan ondan çöldəki danışığın səbəbini soruşdu. Darğa yaşlı bir kəndli qadının onun yanına gələrək tut gətirməsini və knyaz ilə görüşmək istədiyini ona xəbər verdi. Knyaz darğaya dedi:
– Çölə çıx, qadını qoyma getsin. Mən libasımı geyinənə kimi qadını çöldə saxla, zəng çalan kimi içəri gəlsin.
Darğa çölə çıxıb getmək istəyən qadını qaytardı. Bir neçə dəqiqədən sonra zəngin vurulmasını eşidən qadın içəri buraxıldı.
Arvad içəri girən kimi knyaz irəli gəlib onun əlindən tutdu və ona xoş gəldin etdi. Qadın gətirdiyi töhfəni mizin üstünə qoyub dedi:
– Ağrın alım, knyaz, sənə bedanə tut gətirmişəm. Tutların hamısını da bircə-bircə öz əlimlə seçmişəm.
Knyaz gülərüzlə, çox mehribanhqla onu qarşılayıb dedi:
– Ana, çox zəhmət çəkibsən.
Qadın ona müraciət edərək dedi:
– Başına dönüm, knyaz, ye, gör nə gözəl tutdur.
Mehdiqulu xan qadının könlü sınmasın deyə tutdan bir qədər yedi və onun tutunu təriflədi. Sonra qadından əhval-püsan oldu. Qadın cavan oğlunun vəfat etməsi, özünün ağır və çətin həyat sürməsi haqqında knyaza danışdı.
Mehdiqulu xan onun halına acıyaraq qadına başsağlığı verib dildarlıq etdi.
Bundan sonra da hər çətinliyi olarsa hamısını düzəldəcəyini vəd etdi.
Darğanı çağırdı, bir siyahı verib bazara göndərdi. Darğa qayıdana kimi qadına nələr lazım oduğunu ondan soruşdu.
– Ana,- dedi, heç ürəyini sıxma, mənim həmişə nəzərim sənin üstündə olacaq. – Ağdam bazarında bir nəfəri ona tanıtdırıb dedi: – Mən burada olmayanda sən o adama müraciət eylə, çünki mən ona sən haqda lazım olanları tapşıracağam.
Sənə hər nə lazım olsa, o adam sözsüz düzəldəcək.
Darğa bazardan qayıdıb gəldi. Knyaz verdiyi siyahı üzrə qənd, çay, düyü, yağ və sairə ləvazimat alıb zənbilə yığmışdı. Alınan şeyləri zənbil ilə bərabər qadına verdikdən sonra tut gətirən qabı boş qaytarmasın deyə onun içinə on metr parça, bir ədəd yaylıq, bir ayaqqabı və əlli manat pul qoyub qadına verdi. Knyaz öz faytonunu qoşdurub qadını Sancalı kəndinə yola saldı.

***

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi fondunda podpolkovnik Mehdiqulu xan Usmiyevin 1877-ci ildə Dunay cəbhəsindən ailəsinə yazdığı məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim edirik.
BİRİNCİ MƏKTUB:
Bu gün ki, ibarət olsun aprelin 12-si padişah cəmi qoşunu bir yerə cəm edüb davanı elan etdi və bu gün axşamadək hər tərəfdən qoşun hərəkət edir. Amma biz, yəni Nikolay Nikolayeviçin hüzurunda olanlar hənuz padişah Peterburqa gedənədək Kişinyovda olarıq, ondan sonra biz həm hərəkət edürük. Amma hansı tərəfə hərəkət olmağın yazmağa məzun degiləm. İnşallah, mümkün olduqca hər məkandan təbl irsal olar. Xatircəm olun, mənim üçün çəndən düşvar əmir yoxdur.
Ağabikədən və Bilqeyisdən soruş ki, mənim şəklimi tanıyırlarmı!
Mehdiqulu xan
Kişinyov ş.
12 aprel 1877-ci il

İKİNCİ MƏKTUB:
Keçib Bulayeşt şəhərinə ki, Rumıniyanın şəhərlərindəndir varid olduq. Kim bilərdi ki, mənim bu səfərim bu növ bəndülhəd olar. Bu gün bir ildən beş gün izafədirki, Qələdən çıxıb müsafirət əzmin etmişəm. Bu əmr, o növ asan degilmiş ki, təsəvvür olurdu. Əlxüsüs davanın ittifaqı məni çox müqəyyəd etdi. Xülasə qeydi nəkarədəyəm ki, moyəssər şəvəd… Ağbikə və Bilqeyis mənim şəklimi görəndə, yəqin, bir şey zehinlərinə gəlmir. Çünki əslin bəndülhəd qeybəti surəti zəhindən zayıl edir. Əlhəmdülillah hər növ salamatlıq və asudə xatırlıq vüsuldur.
Nigaranlıq həmin sizlər tərəfindədir. Kağız yazmaqda kütahlıq olmasın, mənə gələn kağızları zakaznoy edin və əgər firəng dilini bilən olsa ünvanı fırəngcə yazdırın.
Mehdiqulu xan
12 may

ÜÇÜNCÜ MƏKTUB:
Bu haladək səndən kağız vüsul olmayıb, əgərçi til rəf,e nigaranlıq etdi.
Amma təfsilən bilmirəm ki, necəsən və uşaqlar necədirlər. Velikiy Knyaz Xaç suya düşən zamanda inşallah məni məzun edər və mən Qəl,əyə azim olaram. Hər vəqq və hər poçt ilə kağuz yazıb əhvalatdan müxəbbir et. Zəhranı və Ağabikəni, Rüstəm bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam.
Vəssalam.
Mehdiqulu xan

DÖRDÜNCÜ MƏKTUB:
Bu şəhrə varid ola…
Ona-bəna bunca gəlməyə ektifa edib əhval-pürsan pərişanlıq çəndan yoxdur. Bir müddət Odessada olarıq, sonra sərhədə əzm olar ondan sonra nə olar bilmirəm. Oraya kağız təxir ilə çatır. Ancaq səlamatlıq olsa kafidir.
Ağbikəni, Biqeysi, Əzizəni didə bus ol.
Bu kağıza cəvab göndər. Vəssalam. Əmanı xanın kağızı burada bənə vüsal oldu.
Mehdiqulu xan
17 fevral

Şahnəzərov oraya varid olub, sənə irsal olan şeyləri yetirməkdən xəbər yaz və Əkbərə corab anamın və bacımın xoşuna gəlsə yazın irsal olsun.
Mehdiqulu xan

BEŞİNCİ MƏKTUB:
Ruhum, bu gün sübh vaxtı Ağstafaya varid oldum. Yollar nəhayət xarabdırlar. Amma bir vəqiə ariz olmayıb hər cəhətdə salamatlıq hasildir.
Uşaqlardan çox nigaranəm. Bu səfər uşaqları, ələlxüsus Ağbikəni müfariqəti çox müəssirdir.
Xasayı, Ədil xanı, Əzizəni didə bus ol. Amma Ağbikənin sənə dəxli yoxdur.
Vəssalam.
Mehdiqulu xan
Qubernator ilə Ərzi rahda mülaqat oldu. Müşarəleyh Gəncəyə azimdir.
Mehdiqulu xan
Uzaq ellərdə müharibədə döyüşən oğlu Mehdiqulu xanın həsrəti ilə yanıbyaxılan zərif qəlbli şairə Natəvan təsəllini şeirlər yazmaqda tapırdı. Günümüzə qədər qorunub saxlanan şairənin şəxsi albomunda məşhur “Ölürəm” qəzəlində öz dəsti-xətti ilə yazdığı belə bir qeydi də qalıb: “Məriz olduğum halda Xanoqlanın (evdə, ailədə əzizlənən Mehdiqulu xanı belə çağırırdılar) xəyalilə inşa etdiyim qəzəl hala xitabdır nəqşdə olan quşa ki, yetirsin”.

GENERAL HEYBƏT HEYBƏTOV
(1898-1959)

Qanun güclüdür, lakin ehtiyac ondan da güclüdür.
İohan Volfanq Höte (1749-1832),
alman mütəfəkkiri

General Heybət Heybətovdan söz düşəndə çoxları etinasızlıq göstərirlər, xüsusilə, müharibə görməyən cavanlar. Səbəbi də budur ki, guya general doğma ad familini atıb, arvadının (Zuvanovanın) familini qəbul edib. Hətta dinini belə dəyişib.
Bəri başdan onu qeyd eləyim ki, generalın 1952-ci il dekabrın 17-də və ondan əvvəllərdə də tərtib olunmuş “Hərbi xidmət kitabça”ları bu gülünc faktları inkar edir. General Hebətovun həyat yoldaşının qız soyadı Kalakatovadır. Anna Feodorovna Kalakatova 1901-ci ildə Həştərxan şəhərində anadan olub. Milliyətcə tatardır. General öz əli ilə doldurduğu rəsmi anket və sənədlərdə milliyəti sözünün qarşısında: “Azərbaycanlı” yazmışdır. Hətta doğma ana diliniz hansıdır sualının qarşısında da general “Azərbaycan dili” yazmışdır. General Heybət Heybətova məxsus sənədlərin hamısı bu sətirlərin müəllifində saxlanılır.

***

Yalnız general-mayor Heybətovun döyüş dostları – polkovnik Baxış Mehdiyev, yazıçı-jurnalist İbrahim Novruzov, müharibə veteranı Əbdüləli Mürsəlov, Bəxtiyar Əfəndiyev və onu tanıyan başqa veteranlar dostlarından söz düşəndə fəxrlə danışardılar.
Qəribədir, əsl həqiqət qalıb kölgədə, amma mənasız bir fakt belə gözəl insanın, görkəmli sərkərdənin şəxsiyyətinə yersiz bir ağ ləkə salıb. General Heybətov bizim xalqın oğludur. Və mən bu unudulmuş, haqqında söz düşəndə bir çoxlarının ağız büzdüyü generalı bizə, özümüzə “qaytarmaq” üçün dəridənqabıqdan çıxmaq istəmirəm. Buna ehtiyac da yoxdur. Uzun axtarışdan sonra 1985- ci ildə general Heybətovun səksən altı yaşlı doğma bacısı Sara xanım Heybətovanı tapa bildim.
Əvvəla, onu deyim ki, indiyədək hansı qəzet və jurnalda, radio və televiziya verilişlərində generalın ad-familini çəkirlərsə, atasının adını səhvən Heybət yazırlar. Onun əsl ad-famili belədir: – Heybət Atamoğlan oğlu Heybətov. Bu barədə generalın bacısı Sara xanımın söhbəti oxucular üçün də maraqlı olar.
– Ailəmiz çox böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi, Cahangir, Nəcəf, Sara, Salman (Leninqrad müharibəsində həlak oldu), Rəhman. Atam maştağalı idi, anam Tutixanım Ağagül qızı Saray kəndindən. Atamı zorla, çox dumanlı şəkildə xatırlayıram. Onu 1918-ci ildə erməni-müsəlman davasında heç nədən daşnaklar güllə ilə vurub öldürdülər. Atamdan sonra ailəmizin dolanacağı çox çətin olduğundan anam böyük qardaşım Heybəti, Zuvanov familiyalı bir hərbiçinin yanında işə düzəltdirir. Qardaşımın işgüzarlığı, fərasəti, yaxşı hafizəsi Zuvanovun xoşuna gəlir və buna görə onu hərbi məktəbə qəbul etdirir. Zuvanov həm də sonsuz idi. Anamdan təvəqqi edir ki, Heybəti öz familinə keçirməyə, onu oğulluğa götürməyə icazə versin.
Anam bizi güc bəla ilə saxlayırdı. Ağır ehtiyac və generalın şirnikləndirici vədləri anamı məcbur edir ki, belə bir güzəştə getsin. Qardaşım Heybətin başqa familiyanı götürməyinin belə bir tarixçəsi olub.
Heybət kiçik yaşlarından fəhmli, fərasətli uşaq olub. Həyatın hər əzabəziyyətinə dözüb. Öz gücünə arxalanıb. Balaca Heybət 1912-ci ildə Rus- Azərbaycan məktəbini, 1916-ci ildə isə üçsinifli Alekseyev ali-ibtidai məktəbini bitirmişdir. İş tapa bilməyən Heybət Bolşaya Morskaya küçəsində (indiki Bülbül prospekti – Ş.N.) faytonçu yanında minik tutan günəmuzd (1917-ci ildə), 1918-ci ildə Rabinoviç zavodunda hörükçü, Budaqov küçəsində dəmirçi köməkçisi, 1918- ci ilin mayından 1920-ci ilin oktyabr ayınadək “Abneto” Əmircan-Biləcəri neft sənayesi birliyində çilingər kimi ağır işlərdə çalışmışdır.
1920-cı ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi məktəbinə təhsil almağa göndərilir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.
Atıcı diviziona vzvod komandiri təyin olunan gənc Heybət Heybətov üç il burada xidmət edir. 1923-cü ilin noyabr ayından birinci atıcı “Dəmir alayı”nda beş il xidmət edən Heybət hərbi biliyi və bacarığı sayəsində rota komandiri vəzifəsinə qədər yüksəlir. 1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya, Frunze Hərbi Akademiyasındakı “Komentern” adına “Vıstrel” atıcı-taktiki təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır. Birinci atıcı “Dəmir alayı”nda qərargah rəisi, alay hərbi məktəbinin rəisi, Dağ-atıcı diviziyasının rəisi kimi məsul vəzifələrdə çalışır. 1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. Böyük Vətən müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır. Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir müavini təyin olunur. 1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi Şurasının çağırışı ilə Azərbaycana qayıdır. İki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının komandiri olur.

***

General Heybətovun ailəsini axtardım. Dedilər ki, oğlu Boris Əhmədli qəsəbəsində yaşayır. Üzümə qapını orta yaşlı bir qadın açdı. Nadejda Yevgeniyevna təəssüflə bildirdi ki, Boris 1983-cü il-də vəfat edib. General qaynatasından isə evdə heç bir sənəd, foto-şəkil qalmayıb. Elə qapının ağzındaca hara, kimə müraciət etməyi “planlaşdırdıq”. Ondan generalın bacısı Sara xanımın ünvanını aldım. Bir də polkovnik Baxış Mehdiyevə müraciət etməyi məsləhət gördü. – Respublika Hərbi Komisarlığında şəxsi işi qalmalıdır,- dedi.
“Qalmalıdır, saxlanmalıdır”. Təəssüf ki, nə Nadejda Yevgenyevanın dediyi kimi oldu, nə də mənim düşündüyüm kimi, Respublika Hərbi Komissarlığında mayor Çebunin Nikolay Mixayloviç dörd günlük axtarışdan sonra bildirdi ki, general-mayor Heybət Heybətovun şəxsi işi 1971-ci ildə məhv edilib. Vaxtilə generalın yaşadığı ərazinin rayon hərbi komissarlığına müraciət edin, bəlkə, orda surəti saxlanılır, – dedi. Ordan da sevindirici cavab ala bilmədim: “Bizdə general Heybətovla bağlı heç bir sənəd, fotoşəkil saxlanılmır, vəssalam!” – cavabını alanda təəccübləndim. Axı bu adam general olub, adi, sıravi əsgər yox. Zənnimizcə, hər bir generalın həyat yolu onun mənsub olduğu xalqın tarixinin solmaz bir səhifəsidir.
Məni sevindirən təkcə mərhum polkovnik Baxış Mehdiyev oldu. Sən demə, polkovnikdə generalın zəngin “xəzinəsi” varmış. Heybətovun nadir fotoşəkillərinə (bu fotolar müharibə illərində səngərdə, döyüş dostları ilə, Krasnoarmeysk stansiyasında, 223-cü atıcı Azərbaycan diviziyasında əla döyüş xidmətlərinə görə ona Respublika Ali Sovetinin Keçici Qırmızı Bayrağı təqdim edilərkən və müharibədən sonra iş otağında çəkilib) baxdıqca ürəyimi fərəh hissi bürüyürdü.
Baxış Mehdiyevin qoruyub saxladığı sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun dördündə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü general-leytenant Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Dmitri Sızrovun general-mayor Heybət Heybətova verdikləri “Attestasiya” sənədidir. Bu qədər əziyyətdən sonra general haqqında belə qiymətli sənəd tapdığıma görə sevinirdim.
Alay komandiri Baxış Mehdiyev müharibənin ilk günündən sonuna kimi diviziya komandiri general Heybətovla çiyin-çiyinə vuruşub. Ona görə də generalın müharibə dövrünü yaxşı xatırlayır. 1983-cü ildə nəşr etdirdiyi “İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı Belqrad diviziyası” hərbi memuarında komandir dostundan iftixarla söhbət açır:
“… General Heybətov tibb məntəqəsinin rəisi Şükür Əhmədovun müşayiətilə yaralılara yaxınlaşdı. Yaralının üzünü görən kimi Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı döyüşçü Bəyqulov da gözlərini açıb Şükürü tanıdı, gülümsəməyə çalışdı. General Heybətov şinelin künçündən möhkəm yapışmış yaralının əlinə ehtiyatla toxundu:
– Möhkəm ol, oğul…
– Eybi yoxdu, yoldaş general, mən hələ… – Bəyqulov nəsə demək istədi.
Onu soyuq tər basdı, ağrıdan dişlərini möhkəm sıxdı.
General Heybətov yaralı əsgərin ipək kimi yumşaq saçlarını ata nəvazişi ilə sığalladı.
-Eybi yoxdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər. Tezliklə qayıdarsan, biz hələ səninlə yeni döyüşlərə gedəcəyik…”
Polkovnik Baxış Mehdiyevin general haqqında kitabında yazmadığı şəxsi xatirələri, söhbətləri çoxdur. Bacısı Sara xanımdan sonra Baxış ikinci adamdır ki, general Heybət Heybətovdan ürəklə, yana-yana danışırdı:
-1959-cu ilin oktyabr ayında Heybət Heybətov vəfat edəndə bir cümə axşamı arvadı Anna Fyodorovna çəkinə-çəkinə mənə yanaşdı. – Baxış, – dedi, – mənə yaxşı məlumdur ki, həyatda Heybətin sizdən yaxın ikinci bir dostu yox idi.
Mən çox istərdim ki, onun attestasiyası, sənədləri sizdə qalsın. Mən sizə daha çox etibar eləyirəm. Çünki bir dəfə Heybət xəstəykən sənədlərindən söhbət düşəndə arzu elədi ki, attestasiyası və sənədləri sizdə qalsın. Otuz doqquz il mənimlə bir yastığa baş qoysa da sizi daha etibarlı, daha sadiq dost kimi sevdiyinin şahidiyəm.
Mən Annanı da yaxşı tanıyırdım. Müharibənin ilk günündən sonunadək bizim diviziyada şəfqət bacısı işləmişdi. Diviziyamızda Heybətovlar ailəsindən üç nəfər vuruşurdu. General ata, zabit oğul Nikolay və hərbi şəfqət bacısı olan Anna.
Güclü döyüşlərin birində generalın oğlu düşmən gülləsindən həlak oldu. Anna oğul itkisindən bir müddət özünə gələ bilmədi. Əlbəttə, ata kimi general Heybətov da yanıb-yaxılırdı. Amma çalışırdı ki, döyüşçülər yanında ümidsizliyini, kədərini biruzə verməsin.
Bir dəfə kəşfiyyatdan “dil” gətirmişdik. Ondan lazım olan məlumatları alandan sonra qazmadan çölə çıxardıq. Anna əsir alman zabitini görən kimi qızmış şirə döndü, çumub mənim əlimdən naqanı bir göz qırpımında zorla aldı (Naqan əsir alman zabitinin idi).
– Onlar mənim oğlumu güllələyiblər, mən də bu frisi öz silahı ilə güllələyəcəyəm, – deyib alman zabitini güllədən keçirdi.
Generalın adına verilən “Attestasiya” sənədi onun 1943-cü il noyabrın 21- dən 1945-ci il iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə edir. Həmin dövrdə general Heybət Heybətov Qırmızı Bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasında komandir müavini olub. “Attestasiya” sənədi on üç bənddən ibarətdir. Onu olduğu kimi sizə təqdim edirəm:
1. Təvəllüdü: 10 sentyabr 1898-ci il
2. Milliyəti: Azərbaycanlı. Rus dilində yaxşı danışır. İngiliscə oxuyub yaza bilir. Sosil mənşəyi fəhlə sinfindəndir.
3. Partiyalılığı: 1931-ci ilin avqustundan Ümumittifaq Kommunist (b) Partiyasının üzvüdür. Məhkum olunmayıb.
4. Təhsili: a) orta; səkkizinci sinfi 1922-ci ildə bitirib, b) hərbi təhsili: 1922- ci ildə ikiillik Azərbaycan Hərbi Piyada məktəbini və 1929-cu ildə birillik süvari qoşunun nəzdindəki “Vıstrel” kursunu bitirib, v) siyasi təhsil almayıb.
5. Fəhlə-Kəndli Qızıl Ordu sıralarına nə vaxt qəbul olub? – 1920-ci ilin oktyabr ayında könüllü gəlib.
6. Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmə müddəti: – 1941-ci il, oktyabrın 13-dən. Həmin ilin noyabr ayında Rostov döyüşlərində yaralanıb, lakin döyüş mövqeyini tərk etməyib. İkinci dəfə 1944-cü ilin dekabr ayında Varşava ətrafı döyüşlərdə, üçüncü dəfə isə, həmin il Odessa uğrunda gedən vuruşmalarda yaralanıb. Qısa müddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb, döyüş əməliyyatlarında fəal iştirak edib. Cəmisi üç il yeddi ay və on yeddi gün iştirak edib.
7. Döyüşən ordu zabitidir, yoxsa ehtiyatdadır? – 1922-ci ildən döyüşən ordu zabitidir.
8. 1942-ci il noyabrın 10-da general-mayor rütbəsi ilə təltif olunub.
9. Səhhəti: Sağlamdır.
10. Müharibədən əvvəl xidmət etdiyi hissə və vəzifəsi: – Şimali Qafqaz
Hava Dairəsində 55-ci atıcı diviziyasının, 641-ci atıcı polkunun komandiri.
11. Təltifləri: – Lenin ordeni ilə (1945) İki Qırmızı Bayraq ordeni (1942 və 1945-ci illərdə), birinci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə (1944), ikinci dərəcəli Suvorov ordeni (1945), ikinci dərəcəli Kutuzov ordeni (1945), ikinci dərəcəli Boqdan Xmelnitski ordeni (1944), “Qafqazın müdafiəsinə görə”, “Varşavanın azad olması”, “Berlin və Almaniya üzərində qələbəyə” görə medalları ilə
12. Müharibə vaxtı yaralanıb, kontuziya olubmu? – Üç dəfə yaralanıb və üç dəfə yüngül kontuziya olub.
13. Nə vaxtdan diviziya komandirinin müavini olub? – 1943-cü il noyabrın iyirmi birindən.
Müharibədən sonra general Heybət Heybətov iki dəfə (1947-1951-ci illərdə) Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.
1941-ci ildə Vətən ağır günlər keçirəndə xalqımızın say-seçmə oğullarından milli diviziyalar təşkil olundu. Həmin il oktyabrın on səkkizində qırx altıncı ordunun yüz altmış səkkizinci ehtiyat alayı nəzdində 223-cü atıcı Azərbaycan diviziyasının təşkilinə başlandı. Əsasən azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi.
İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik Heybət Heybətov təyin olundu.
Baxış Mehdiyev: – 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəldi.
Elə sıraların qarşısında kinayə ilə Zuvanova – Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan millətinin nümayəndəsi olmalıdır. Familini
gərək dəyişəsən…
Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məxsus sərt sifəti dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər. Həmin günü Bağırov qonşu diviziyada bir neçə fərarilərin özlərinə qəbir qazdırıb güllələtmişdi. Ona görə də o, çox hirsliydi.
Polkovnikin heç kəsin gözləmədiyi cavabı Mircəfər Bağırovu sarsıtdı:
– Mən, – dedi, – Azərbaycan xalqının əsgəriyəm. Xalqıma sidq ürəklə xidmət edirəm, son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya məsələsinə, bu mənim şəxsi işimdir. Bunun mətləbə dəxli yoxdur. Zuvanov familyasını daşımaqla nə millətimdən, nə də vətənimdən üz döndərməmişəm. Bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi xidmətdə olmuşam, hər yerdə də iftixarla Azərbaycanlıyam demişəm. Ən başlıcası bütün varlığımla, ürəyimlə azərbaycanlıyam. Vaxtilə mənə ata əvəzi olmuş insana – Zuvanova nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni xoşbəxt edən adama sadiq qalmaq borcundur.
Ta Xarkova qədər general Heybətov bizim diviziyanın komandiri oldu.
1943-cü ilin iyun ayı idi. Dyaçkino stansiyası uğrunda vuruşurduq. Əmr gəldi ki, general-mayor Heybətov 416-cı diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Dmitri Sızranova müavin təyin etmişdilər.
Bağırov ondan heyfini belə çıxdı.
1943-cü ilin iyununda 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər.
General-mayor Heybətov – Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı-mayor Məmməd Aranlının “Cəbhə gündəliyi”ndən:
“9 mart 1944-cü il… Bizimkilər hücuma keçmişdilər. Çox qanlı vuruşmalar getdi. Nəhayət, faşistlər qaçmağa məcbur oldu. Bəxtiyar Əfəndiyevlə uzun-uzadı dərdləşdik. Diviziyanın tarixi haqqında düşünürdük.
General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında danışırdı.
Xüsusilə Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir. Yağ, ət yeməz…”
Döyüşçü-yazıçı Məmməd Aranlının gündəliyində adı çəkilən Bəxtiyar Əfəndiycvi axtardım. Öyrəndin ki, istefada olan kapitan 416-cı Taqanroq diviziyasının veteranı, hazırda Nərimanov rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin direktorudur. General Heybətovla qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi:
– Polkovnik Dmitri Sızranov general Heybətovun ona müavin göndərilməsini ədalətsizlik kimi qəbul edirdi. Ona görə də generala hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:
– Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini niyə aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm-çıxdıya salıblar. Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur.
Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə əsgərlərin, zabitlərin hörmət və məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı göstərirdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola, bəs ad-famili niyə başqadır? Mən də zarafata salıb deyərdim, tale belə gətirib, deyirlər, cavanlığında sevgi oduna yanıb.
Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan generalleytenant Fyodor Yefimoviç Bokovun xatirələrindən:
– 1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən dörd yüz on altıncı diviziya üçün unudulmaz gün idi. Dörd yüz on altıncı diviziya Berlinin xarici və daxili müdafiə xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi.
Diviziya komandirinin müavini, Azərbaycan xalqının mərd oğlu generalmayor Heybət Heybətovun rəhbərliyi altında min üç yüz yetmiş üçüncü polk hamıdan əvvəl şəhərə daxil oldu. General Heybətov diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi.
Min üç yüz yetmiş üçüncü alayın qarşısında Saraya, sonra isə Berlinin əsas küçəsi olan Unterden Linden ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı.
Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun döyüşçülərinə demək istəyirdim: “Siz xoşbəxt adamlarsınız! Sizə Almaniyanın ürəyi olan Berlinin özündə çox mühüm dövlət və hərbi obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur.
Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum general Hebətovla yüzlərlə hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki, Brandenburq darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından çıxmayıb.
Döyüşçü həmyerlilərinin misilsiz qələbəsinə sevinən general Heybətov deyirdi:
– Mən xoşbəxtəm ki, bu tarixi qələbə günündə Azərbaycanın mərd oğulları ilə çiyin-çiyinə vuruşaraq, oddan-alovdan keçib gəlmiş azərbaycanlı qızlarını da Berlin torpağında salamlayıram. Böyükxanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova, Tahirə Dadaşova ulu Azərbaycanımızın qarşısında müqəddəs borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi orden-medallı qızlar ulu nənələri Məhsətinin, Natəvanın, Həcər xanımın, Nigar xanım Şıxlinskayanın döyüş xidmətlərini qeyrətlə davam etdirdilər. Bu gün Berlin uğrunda tarixi vuruşmalar gedərkən son atəşi Brandenburq darvazası önündə məhz dörd yüz on altıncı Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə düçar etmək istəyən faşist Almaniyasının məğlub olmasında mərd Azərbaycan oğullarının da misilsiz döyüş xidmətləri olduğuna biz hədsiz dərəcədə sevinirik. Biz o tarixi hücumun iştirakçıları və müharibənin necə qurtarmasının şahidləyirik. Qafqazdan Berlinədək döyüş yollarından keçmiş igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
1985-ci ildə sazaqlı fevral ayının yarıdan çoxunu “Hünər” verilişinin çəkiliş qrupu Kuban torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz general Heybət Hcybətovun komandir olduğu iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi. Diviziyanın min otuz doqquzuncu atıcı alayının mərmi bölməsinin komandiri, istefada olan mayor Əbduləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıxmışdı. O vaxtdan qırx ildən çox keçsə də uğrunda vuruşduğu Ust-Labinskin, Nekrasovskayanın, Stebilyevskayanın, Krasnoarmeyskin, Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər cığır və yolunu yaxşı xatırlayırdı. Diviziya Kuban torpağı uğrunda döyüşərək bu yerləri düşməndən azad etmişdi.
Hara gedirdiksə igid oğullarımızın əsgəri rəşadətindən, döyüş məharətindən minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar hissi keçirirdik ki, qəhrəman həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib.
Əbduləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, generalmayor Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə;
– Sizə general dostum Heybətovun-Zuvanovun igidliklərindən danışa bilərəm, – dedi. General Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər.
… 1943-cü il martın doqquzunda general Heybət Heybətovun diviziyası partizan dəstəsi ilə birləşərək Krasnoarmeyski stanitsasını azad etdi. İlk dəfə diviziyanın min qırx birinci alayı bizim torpaqda, Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olundu. Bayrağı məşhur şair Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov ordenləri olan həmin bayraq indi Moskvada – Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır. Kuban torpağının iki guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər və zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişdik. Kuban torpağının azadlığı uğrunda canından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir.

***

… “Attestasiya” sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş və hərb yolunun güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçıjumalist onu mütləq diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə, yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif istədiyi kimi təsvirə yol verə bilər. Amma “Attestasiya” kimi rəsmi sənddə bu qeyri-mümkündür. Ona görə də general-mayor Heybət Heybotova verilən “Attestasiya”nın mətninin burada verməyə ehtiyac duyuruq.
“Yoldaş general-mayor Zuvanov-Heybətov 1943-cü ilin noyabrından (416- ci diviziyadakı xidməti nəzərdə tutulur, – Ş.N.) indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Kulstrin, Oder, Berlin ətrafında faşist işğalçıları ilə döyüşlərdə,
düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik işində fəal iştirak etmişdir. Taktiki şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək vərdişinə malikdir. Təlim şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilati vərdişlərə malikdir.
Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsələsini düzgün qiymətləndirir, idarə işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir. Yürüşlərdə dözümlüdür, ancaq son vaxtlar sağlamlığından tez-tez şikayət edir. Xaraktercə möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir. Mənəvi cəhətcə yenilməzdir, ünsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlərində sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəbhədə təmkinlidir.
Yaralı olsa da heç vaxt döyüşdən yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.
ÇIXARIŞ: – Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir.
Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İtifaqı
Qəhrəmanı, qvardiya general-leytenantı Jerebin.
Beşinci zərbə ordusunun komandanı, general-polkovnik Berzarin.
Hərbi Şuranın üzvü,
general-leytenant Bokov
12 iyun 1945-ci il

***

General Heybətov haqqında çox düşünmüşəm. Bəzən bu keşməkeşli həyat yolu keçmiş generalın taleyinə acımışam. Elə olub ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı stolumun üstündə qalıb. Bundan sonra nə yazım, oxucuya nə deyim? – sualı mənə əzab verib. Düşünmüşəm ki, yəqin ad-famili dəyişmək sonralar – ahıl yaşına çatanda generalın özünə də mənəvi əzab verib, el-oba arasında sıxıntı keçirib. Əgər elə olmasaydı, öz azərbaycanlıların arasında dostutanışı azlıq təşkil etməzdi. Belə anlara polkovnik Baxış Mehdiyevin danışdığı bir epizod mənim fıkirlərimi alt-üst edib, generalı Azərbaycan xalqına doğmalaşdırıb.
1944-cü ilin may ayında Dnestr çayı uğrunda döyüşlər gedirdi. Dörd yüz on altıncı diviziya da bizim iki yüz iyirmi üçüncü diviziya ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş fasiləsi idi. Xəbər gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə mühasirəyə düşüb, vəziyyəti çox ağırdır, bəlkə də, düşmən onları məhv edib.
Mən cəsur döyüşçülərdən götürüb köməyə getdim. Dörd saata qədər vuruşub onları mühasirədən azad etdik. General Heybətov yaralanmışdı. Özümü yetirib onu bərk-bərk qucaqladım. O, boynuma sarıldı. Kövrəldi: – yenə öz millətim köməyimə gəldi, yenə öz el oğlum məni ölümdən, dardan qurtardı…
Onda mənə kortikini bağışladı. Sonralar üstündə belə yazdırdı:
“İgid kəşfiyyatçı Baxış Mehdiyevə!
Düşmən arxasına keçərək, alman ober-leytenantını əlbəyaxa döyüşdə tərksilah
edərkən göstərdiyi igidliyə görə xüsusi silahla mükafatlandırılır.
General-mayor Heybətov. 5 iyul 1944-cü il”
… O kortiki mərhum polkovnik Baxış Mehdiyev əziz yadigar kimi saxlayırdı.
Görəsən, bu dar macalda onu ölümdən xilas edən eloğlusunu qucaqlayıb öpərək, – yenə öz millətim məni xilas elədi, – deyən general Heybət Heybətov həmin anlarda nə fikirləşirmiş?
Həmin ilin həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı gündəliyində yazmışdır:
“İyirmi bir may 1944-cü il. Bu gün axşam son dərəcə kədərləndirici bir xəbər eşitdim. Mayor Məmmədov xəbər gətirdi ki, general-mayor Heybət Heybətov 223-cü diviziyaya gedən günün səhərisi həlak olub. Bəzi xəbərlərə görə meyidi tapılmayıb”.
… Yazıçı İbrahim Novruzov isə generalın insani keyfiyyətləri və generalrəşadəti  haqqında qısa bir epizodun ən yaxşı müəllifidir desək, mübaliğə olmazdı.
“Mən general Heybət Heybətovu otuzuncu illərin ortalarından tanıyırdım.
Yanında əsgər olmuşdum. O vaxt mayor rütbəsində olan Heybətov yetmiş yeddinci diviziyanın qərargahının operativ şöbəsinin rəisi idi. Bir ilin içərisində o, əvvəlcə qərargah rəisi, sonra da diviziya komandiri oldu. O vaxtdan keçən müddət ərzində demək olar ki, zahirən onda heç bir dəyişiklik əmələ gəlməmişdi. Əvvəlki kimi o, yenə də qıvraq, geyimində səliqəli, yerişində cəld, baxışlarında iti idi. Danışığında da maştağalılara məxsus şivəni saxlamışdı…. Ruslar onu “Batya” çağırırdılar, azərbaycanlılar ona “ata” deyirdilər.
O, həqiqətən diviziyadakılara ata idi. Onlara yoldaş, silahdaş və sirdaş idi.
Onun müsahibələrinə axır öyüdü bu olurdu:
– Əsgər gərək rəşadət göstərə!
General Heybət Heybətov özü çox rəşid adam idi.
… Düşmən yuvası Berlinə də general Heybət Heybətov öz diviziyasının önündə girdi
Mizrab sarı simləri titrədəndə, generalın pərdə-pərdə muğamat dediyini eşidən əsgər dostları bu dəfə onun Almaniyanın paytaxtında, Unterden Linden ştrassedə, Brandenburq darvazası qarşısında çəpik çalıb “Qaytağı” oynadığını gördülər. Dördillik döyüşlərin hesabatını verən birləşmə komandiri Azərbaycan diviziyalarından danışanda general Heybət Atamoğlan oğlu Heybətovun adını birinci çəkdi, ona cəbhə komandanı marşal Georgi Jukovun təşəkkürünü yetirdi.
General bu tərifə, bu təşəkkürə layiq əsgər idi”. Bilmirəm, bütün bunlardan sonra general Heybotova – xalqına dönük çıxıb demək mümkündürmü?
Əlbəttə, yox. Mən inanmırdım və indi də inanmıram ki, hardasa ad-familini dəyişməklə, general Heybətov öz elinə, obasına, xalqına dönük çıxıb, ondan üz döndərib. Bu addımın səbəbkarı yalnız ehtiyac olub. Tanrı heç kəsin bəxtini, döndərib, xurcununu əyməsin. Əyəndə insan yerişini də itirir… müdrik Səməd Vurğun demişkən: ehtiyac qul eylər qəhrəmanı da. Əgər atası Atamoğlan kişi 1918-ci ildə heç nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı olmasaydı, oğlu Heybət bu səhv addımı atardımı? Ana Tutixanım Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yox!
İbrahim Novruzovun “Yaşıdlarım” kitabındakı balaca bir cpizodu oxuyanda qeyri-ixtiyari kövrəldim.
“Bir səhər qəzetlər general Heybətovun Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etdiyini xəbər verdilər.
Deyirlər ki, general Heybət Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır, “Ölməyə Vətən yaxşıdır” söyləyərək, cənazəsinin Odlar yurdunda dəfn olunmasını vəsiyyət etmişdi…”
Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə əməl etdi. 1959-cu il oktyabrın 7-də altmış bir yaşında vəfat edən general-mayor Heybət Atamoğlan oğlu Heybətov Fəxri xiyabanda dəfn olundu. Doğma kəndi Maştağada abad bir küçə onun adını daşıyır.
Dünyadan, hərb tariximizdən silinib getməkdə olan bir sərkərdə adı xalqımızın yaddaşında əbədi qalacaq. General 1922-ci ildə tatar qızı Anna Kalakatorva ilə evlənəndən sonra bu günə qədər min yalan, uydurmalar danışılıb və yazılıb. Rəsmi sənədlərin dili ilə bu yalanlara son qoyduq. Müdrik atalar gözəl deyib ki, min yalan bir doğruya dəyməz. Generalın ruhunun rahatlığı naminə bu araşdırmalardan sonra biz də rahat nəfəs aldıq. Allahtəala onun müqəddəs məzarına bol günəş işığı, ruhuna əbədi rahatlıq versin. Amin!
Əziz oxucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general Heybətov? Onunla fəxr eləmək olarmı? Bu suala özün cavab ver!
P.S. – Səksəninci illərdə bəzi ziyalılıar general Heybət Heybətov-Zuvanovu qəbul etmək istəmirdilər. Buna səbəb də onun daşıdığı rus familyası və danışılan mənasız bir əhvalat idi. Guya, gəncliyində o bir keşiş qızına vurulub, qızını vermək istəməyən keşiş gənc Heybətin qarşısında iki şərt qoyub: əvvəl soyadını dəyiş, sonra xristianlığı qəbul et. Bu ağ yalan saf bir insanın tərcümeyi halına ləkə salırdı.
Hətta Azərbaycan Sovet Ensiklopediyasının dördüncü cildində belə (səh. 348) general Zuvanov Vladimir Pavloçiv kimi təqdim olunur. Mötərizədə isə atasının adı səhvən Heybət yazılır. Bir xeyli axtarış aparıb onun çox saylı cəbhə dostları və bacısı Sara xanımla görüşdüm. Generalın “Zabitin xidmət kitabıçası”nı çətinliklə də olsa tapdım. Bu rəsmi sənədi oxuyanda gördüm ki, onun bioqrafiyası başdanbaşa təhrif olunur. 1990-cı ildə “Sovet kəndi” qəzetində, 1991-ci ildə “Azərbaycan generalları” kitabımda, general barədə çıxış edib, generala atılan iftiranı inkar etdim.
1993-cü il iyunun 8-də mərhum şair dostum Nazim Rizvan ünvanıma “Azərbaycan generalları” adlı on doqquz bəndlik şeir göndərdi. Şeir general Heybət Heybətova həsr olunub.

POLKOVNİK ƏBÜLFƏT AGA ŞAHTAXTİNSKİ
(1858-1913)

Adi adamlar diriykən ölü kimidirlər, elmlilər isə öldükdən sonra da yaşayırlar.
Məhəmməd Peyğəmbər (Ə.S.)

1896-cı il fevralın 26-da Yetmiş yeddinci Tengin süvari alayında xidmət edən Əbülfət ağa Nəcəf ağa oğlu Şahtaxtinski podpolkovnik rütbəsi alıb. Əbülfət ağa 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində zadəgan ailəsində anadan olmuşdur. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa, Behbud ağa, İsa Sultan ağa, Həmid ağa Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.
İlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa Şahtaxtinski 1877-ci ildə Peterburq Texnoleogiya Universitetinə daxil olub. Tələbə yoldaşı, ilk marksist Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında Univesitetdən xaric edilib. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin “İmdadiyə” adlı gizli dərnəyin üzvüdür. Bu dəmək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaranmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: “Mən “İmdadiyyə”nin nizamnaməsini aldım. Üzümüzə gələn yay “İmdadiyyə”nin əsas qanunlarının müzakirə etmək bizə zəruridir ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək…
Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları da dərindən təhlil etməliyik… Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazılamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir.
Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq.
Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüualarını öz tərəfimizə çevirməyə səy edirik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək, biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyyələndirib yetişdirməliyik… Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə dikməliyik.
Rus təbliğatçılarını xatırlayın! Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik. Siz tezliklə gedir və ictimai həyata atılırsınız. Biz – burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik”. Ələ keçən məktubdan sonra Əbülfət ağa Şaxtaxtinksinin üzərində gizli polis nəzarəti qoyulmuşdur. Ekstren yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət ağa oranı bitirdikdən sonra Rusiyada ona nə diplom, nə iş verilməmişdi. O, Almaniyaya getmiş, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə edərək bakalavr dərəcəsi almışdır.
Demokratik baxışlarına və monarxiyaya qarşı çıxışlarına görə Rusiyaya qayıdan Əbülfət ağa Şahtaxtinskini heç bir qulluğa götürməmişlər.
1883-ci ildə iyirmi iki yaşlı Əbülfət ağa Şahtaxtinski Peterburqdakı Yunkerlər məktəbinə daxil olub, qısa müddətdə oranı fərqlənmə diplomu ilə bitirib.
Bir il sonra, avqust ayının səkkizində zabit rütbəsində yetmiş yeddinci Tengin Süvari alayında xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunub.
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağının 1904-cü ilə məxsus “Şəxsi hərbi kitabça”sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsilə, 1900-cü ildə isə “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdur.
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dilini də mükəmməl bilirmiş. Ona görə də İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur.
Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilib.
Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif “qrafasında” aldığı xarici ölkə orden-medallarının da sayı göstərilir. O, İranın “Şire-Xorşid” ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli “Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli “Şire-Xorşid” ordenilə (1900-cu il) və “Fransa-Sudan xilasetmə cəmiyyəti”nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.
1904-1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Volfanq Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə edib.
Cəmi əlli beş il ömür sürən qeyrətli eloğlumuz vətəndən uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu dinini unutmamışdır. Bu görkəmli şəxsdən xalqımıza əvəzsiz bir hədiyyə də yadigar qalmışdır.
Azərbaycan Tarix muzeyində 1877-ci ildə fransız dilində nəşr olunmuş nadir nüsxəli Quran kitabı saxlanılır. Kitabın titul səhifəsinə “Əbülfət ağa Şahtaxtinski”nin şəxsi möhürü vurulmuşdur. Hətta Əbülfət ağanın öz dəsti-xətti ilə  yazdığı avtoqraf da oxunur. M.Kaşimirovskinin orjinaldan tərcümə etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət ağanın vaxtilə Tiblisdə yaşayan qızı Qönçə xanım qoruyub saxlamışdır.
Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şahtaxtinskinin komandir olduğu 202-ci Qori Süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin yayında vətəninə növbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri Qasımov “Mühitim…təhsil illərim” xatirə qeydlərində yazır:
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə – Zaqafqaziya Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə gələndə Xəlili və polkovnik Əbülfət ağanı orda gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı. Birlikdə Seminariya direktorunun yanına getdik.
Sabahı günü lövhədə – imtahan verəcək cavanların adları siyahısında öz adımı görüb sevindim.
İmtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci imtahandan sonra direktor polkovnik Əbülfət ağaya dedi:
– Etot polosatıy malçişka budet prinyat”…
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib. Doğma kəndi Şahtaxtıda dəfn edilib. O, XIX əsrin görkəmli jurnalisti İsa Sultan Şahtaxtinskinin (1851-1894) kiçik qardaşı idi.
14 oktyabr 2008-ci il

MÜƏLLİFDƏN

Valideynə yaxşılıq edib, onlara məhəbətlə baxan hər bir övlada Allah əvəzində qəbul olunmuş bir ziyarətin mükafatını əta edəcəkdir.
Məhəmməd Peyğəmbər (ə. s.)

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində ötən illərdə əzizlərim haqqında yazdığım “Krım dəftəri” tarixi oçerkimi həyəcanla yenidən oxudum. Otuz il əvvəl atamın qəbri ilə görüşdüyüm həsrət dolu hisslərim mənə istər-istəməz dahi Uilyam Şekspirin: “Öz kökünə xor baxan bir varlıq özözünü uçuruma atmış olur. Canlı gövdədən kəsilmiş budaqlar ancaq çırpı kimi
yandırılmağa layiqdir” kəlamını xatırlatdı.
Faşizm üzərində qələbənin qazanılmasında atam Əmiraslanın, əmilərim Şəmmətin, Kərimin, Mənsurun və dayım Əhmədin də payı olduğuna görə oçerkə əl gəzdirib çapa hazırladım. İstədim ki, cavankən od-alov içində cəbhədə həlak olan doğmalarımdan gələcək nəslimə yadigar qalsın. Elə düşünürəm ki, bu gün mənim onları xatırlamağımla oğul həsrətilə dünyasını dəyişən nənəm Səyalının, babam Qara Omarın ruhu qarşısında qismən də olsa öz borcumu yerinə yetirmiş oluram.
İnsan hafizəsi elədir ki, illər keçdikcə müəyyən hadisə və şəxsiyyətləri unuda bilir. Axı, heç kəs bu dünyaya əbədi yaşamaq üçün gəlməyib. “Bizdən sonra nə qalacaq” sualına əziz şairimiz Səməd Vurğun çox doğru olaraq: – Yalnız yaradılan və yazılan! – hökmünü vermişdir.
Müdrik peyğəmbərimiz Məhəmməd (ə. s.) buyurmuşdur ki, ataya itaət Allaha itaətdir.
Mən də əziz atam və əmilərim haqqında bu cüzi hörmət və ehtiramı övlad borcu kimi gələcək nəsillərə ərməğan edirəm.

KRIM DƏFTƏRİ

Hər barədə qəhrəman Sevastopol yaxşıdır. Dünyada o şəhərin tayı-bərabəri yoxdur. Oranın hər yeri bir yenilməz qaladır.
Xalq yazıçısı Əbülhəsənin
“Dostluq qalası” romanından

1976-cı il oktyabr ayında Simferepolda həmyerlilərimizin döyüş şücaətindən çəkəcəyimiz epizodlar haqqında Krım Vilayəti televiziya komitəsinin sədri Yakob Stepanoviç Şerbaçenko ilə müəyyən planlar tutduq. Şerbaçenko:
– Valeri Kotinev döyüş yerlərini yaxşı tanıyır, – dedi, – bizdə hərbi vətənpərvərlik tərbiyəsi redaksiyasının redaktorudur. Budur, özü də gəldi, tanış olun. Nə çətinliyiniz olsa…
– Yakob Stepanoviç, heç bir çətinliyi yoxdur – deyə gülərüzlü, sarışın oğlan məni döyüş yerləri ilə tanış etməyi məmuniyyətlə boynuna götürdü, azərbaycanlılar bizim torpağın hər qarışı uğrunda mərdliklə vuruşublar. Yaxşı olar ki, axtarışlarımıza qəhrəman Sevastopoldan başlayaq.
Müharibənin ilk aylarında şəhəri yanmdairə şəklində mühasirəyə alan faşistlər mərd sovet dənizçilərinin şücaətlərini gördükdə onları “dəniz pişiyi” adlandırmışlar. Qəhrəman şəhər iki yüz əlli gün özünü müdafiə edərək düşmənin 300 min əsgər və zabitini sıradan çıxartmışdır.
Sovet Ordusu qəhrəmanlıqla vuruşaraq Kerçə doğru irəliləyən 200 minlik 17-ci faşist ordusunu və rumın diviziyalarını geriyə qovdu. Faşistlər Krımı nəyin bahasına olursa-olsun ələ keçirmək istəyirdilər. Düşmənin Kerç boğazından keçməsi ölkənin cənubunu, doğma Qafqazı və yaxın Şərq ölkələrini təhlükə altında qoyurdu. Geriyə qovulan faşist ordusu Sevastopol rayonunda özünə möhkəm müdafiə mövqeyi yaratdı. Feldmarşal Fon Manşteyn Hitlerə göndərdiyi məlumatda yazırdı ki, biz Sevastopolun altı kilometrliyində Sapun dağı deyilən yerdə elə bir müdafiə mövqeyi yaratmışıq ki, Qızıl Ordu on il də hücum etsə, şəhəri bizdən ala bilməyəcək.
1944-cü il martın yeddisində 51-ci ordu və Əlahiddə Primorsk ordusu Balaklavadan Saxaraya Qolovka deyilən yerə qədər on beş kilometrlik cəbhə xətti boyunca hücuma keçdi. Sapun dağı və Bezımyannı təpəsi ətrafında gərgin döyüşlər oldu. Düşmən Sapun dağından bir addım belə geri çəkilmək istəmirdi. Sovet əsgərləri havadan, sudan və qurudan düşməni atəşə tutaraq əfsanəvi qəhrəmanlıq göstərirdilər. Azğın düşmənin murdar ayağını əsrarəngiz Krım torpağından kəsmək üçün döyüşçülərimiz qana-qan – deyə ölümlə əlbəyaxa olurdular.
Feldmarşal Fon Manşteynin bu “nikbin” gümanı iki gündə puça çıxdı.
1944-cü il mayın 9-da artıq Sevastopol üzərində Qırmızı bayraq dalğalandı.
Sevastopol və Sapun dağından qaçan faşist orduları yaxınlıqdakı Xersones burnunda özlərinə yeni müdafiə mövqeyi tuturdular. Sovet Ordusu burada da düşmən sədlərini dağıtdı. İki günə Xersones burnunda düşmənin iyirmi beş min əsgərini əsir alıb, çoxlu texnikasını ələ keçirdi. 1944-cü il mayın 12-də Qara dənizin əsas bazası olan Sevastopol şəhəri və limanı düşməndən tamamilə təmizləndi.
Məşhur Sapun dağı Simferepoldan Sevastopola gələn şose yolunun üstündədir. Dağ qəhrəman şəhəri qövs şəklində əhatə edir. Sapun türk sözüdür.
Sabun deməkdir. Sabun kimi sürüşkən olan bu dağa indi möhtəşəm bir abidə – “7 may 1944 -cü il Sapun dağına hücum” dioqramı ucaldılıb. Burada mərdliklə həlak olan qəhrəmanların adı mərmər sütunlara həkk olunub. Tən ortada əbədi məşəl yanır. İnsanın qəlbinə, ruhuna işləyən musiqi hər beş dəqiqədən bir səslənir. Bu musiqi parçası məşhur “Sevastopol qəhrəmanlarına” mahnısından götürülüb. Hər gün qəhrəmanlıq abidəsini ziyarətə gələn yüzlərlə adam bu musiqini dinləyir.
Böyük Vətən müharibəsində mərdliklə həlak olanların xatirəsini gül-çiçəklə yad edirlər.
Sapun dağının Şərq yamacındakı əzəmətli abidə Azərbaycan zəhmətkeşləri tərəfindən 77-ci atıcı diviziyası əsgər və zabitlərinin qəhrəmanlığı şərəfinə ucaldılıb. Serqo Orconikidzenin adını daşıyan 77-ci Qırmızı Bayraq və Suvorov ordenli Simferopol atıcı diviziyası 1920-ci ildə respublikamızda təşkil olunub.
1944-cü il aprelin 30-da Simferopolu azad etdiyi üçün diviziya “Simferopol diviziyası” fəxri adını alıb. Əlli birinci ordunun tərkibində Sapun dağının və Sevastopolun düşməndən təmizlənməsində göstərdiyi əsgəri şücaətinə görə ikinci dərəcəli Suvorov ordenilə təltif olunub. Bu diviziyanın döyüşçüsü, ilk dəfə Sapun dağına bayraq sancanlardan birini, həmyerlimiz göyçaylı Əbdüləziz Qurbanovu sevastopollular hörmətlə xatırlayırlar. Onun adı və soyadı Sapun dağında ucaldılmış əzəmətli xatirə abidəsində birinci yazılıb.
Füsunkar Krım torpağı uğrunda Böyük Vətən müharibəsi illərində vuruşmalarda igidlik və qəhrəmanlıq göstərən 350 əsgər və zabit Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldü. Onların arasında Azərbaycan xalqının əziz övladları – Şəmsulla Əliyev, Səməd Abdullayev, Əlif Piriyev, Mehdi Quliyev və Bəkir Mustafayev də var idi.
İndi Sevastopoldakı Qırmızı Bayraq ordenli Qara Dəniz Donanması muzeyində həmyerlilərimizin də şücaətini əks etdirən ayrıca stend var. Muzeyin altıncı salonunda Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədovun, Mixail Avramenkovun misilsiz şücaətindən bəhs olunur.
Burada ümumdünya şöhrəti qazanmış “1854-1856-cı illərdə Sevastopolun müdafiə panoramı”, Kornilov qalası, Şimal buxtasındakı 4-cü bastionda və əfsanəvi Malaxov təpəsindəki abidələr Sevastopolun uzaq və yaxın qəhrəmanlığından söz açır.
Əsrarəngiz Krımla günəşli respublikamızı bir-birinə yüzillik qırılmaz dostluq telləri bağlayır. Krımın müdafiəsi uğrunda vuruşan eloğullarımızın qəhrəmanlığı ötən əsrdə də silinməz iz qoymuşdur.
Məşhur şairimiz Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy 1854-1856-cı il Sevastopol vuruşmalarında qəhrəmanlıq göstərmişlər.
İskəndər bəy polkovnik rütbəsinə qədər yüksəlmişdir. Q.B.Zakir ilk dramaturqumuz M.F.Axundova yazdığı bir qoşmasında həmyerlilərinin mərdliyini fəxrlə ona bildirir.
Görkəmli tarixçi, “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” əsərinin müəllifi Əhməd bəy Cavanşir (1828-1903) isə həmin müharibədə Qusar polkunun tərkibində vuruşarkən göstərdiyi şücaət üçün “Müqəddəs Stanislav” ordenilə təltif olunub, ştabs-rotmistr rütbəsinə qədər yüksəlmişdir.
Qəhrəman Sevastopolda igidlərin xatirəsinə ucaldılan abidə çoxdur. Sapun dağında və müxtəlif kəndlərdə həlak olmuş yüzdən çox həmyerlilərimizin adfamiliyasını dəftərçəmə yazdım:
Nəzərov Teymur. Baş serjant. 319-cu qvardiya-dağ atıcı batalyonundan, 1944-cü il mayın 12-də altıncı təpə uğrunda döyüşlərdə həlak olub.
Ömərov Kərim Ömər oğlu. Baş serjant. 197-ci dağ atıcı batalyonundan. 1944-cü il mayın 5-də keçmiş Kiçik-Muskamya kəndində həlak olub.
Məsimov Balabəy Əzim oğlu. Sıravi. 1944-cü il mayın 7-də Bezımyanın təpəsi uğrunda vuruşmada həlak olub.
Musayev Məmməd Rəhim oğlu. 1944-cü il mayın 7-də həlak olub. Məzarı Kamarı kəndindədir.
Faşist ordusu qəhrəman şəhərin mədəni abidələrini – Frans Alekseyeviç Rubonun çox qiymətli sənət əsəri olan “Sevastopolun müdafiəsi” panoramını, iki min illik tarixi olan Xersones şəhərində qalan yeganə muzeyi, Vladimirsk tikililərini dağıtmışdılar. Şəhərin 64100 evindən yalnız yeddi yarıuçurulmuş bina qalıb.
Bu gün abad Sevastopolun məşhur Malaxov təpəsində abidəyə çevrilmiş bir badam ağacı var. Bu odlu döyüşlərdən şəhərdə salamat qalan yeganə ağacdır.
Qədim arxeoloji tarixə malik olan Xersones şəhərinin yerində isə faşist mərmisinin zərbəsindən yarıuçulmuş muzey binası və zəngli sütun ucalır. Bu faşist zərbəsi görmüş qədim şəhərin fəryad səsi, haray nidasıdır. Qəhrəman Sevastopolda saç-saqqalı ağarmış, sinəsini orden və medal bəzəyən veteranlar çoxdur. Onlar indi də həmyerlilərimizin mərdliyindən ağız dolusu söhbət açır, hörmət və ehtiramla danışırlar. Keçmiş dənizçi, starşina Lunin Mixail Akimoviçlə Sevastopol Veteranlar Komitəsində görüşdüm. O, mənim Bakıdan olduğumu biləndə sevinclə dedi:
– Bilirsinizmi, mənim gözəl bir dostum vardı. O, sizin yerliniz idi. 1942-ci ildə Poti şəhərində dayanmışdıq, hər gün sahilə gedəndə qarabuğdayı bir uşaqla qarşılaşırdıq. Bir gün onu dindirdik, məlum oldu ki, bakılıdır, ata-anadan yetimdir.
Ehtiyac üzündən gəlib buraya çıxmışdı. Onun familiyası Pənahov idi, on bir yaşı ancaq olardı, komandirimizin icazəsi ilə onu gəmiyə götürdük. Adı, ilahi, yadımdan necə oldu çıxdı – Mixail Akimoviç şəhadət barmağını xeyli gicgahında saxlayıb, nə qədər fikirləşdisə, Pənahovun adını tapa bilmədi.
Mixail Akimoviçlə veteranlar komitəsindən çıxıb sahilə gəldik. Qoca dənizçi nədən danışırdısa yenə sözü Pənahovun üstünə gətirir, balaca dostunun adını tapa bilmədiyindən qocalığını və özünü günahlandırırdı, hətta deyirdi ki, beşaltı il bundan qabaq sizin veteranlar komitəsinə müraciət etdim, heç bir xəbər çıxmadı. Bilirsiniz, Pənahov çox tərbiyəli, qoçaq və zirək uşaq idi. Bizimlə döyüşlərdə belə iştirak edərdi. Komandir o qədər xətrini çox istəyirdi ki, onun üçün hərbi forma tikdirmişdi. Pənahov bizə Lenin, Azərbaycan və Oktyabr haqqında şeir və mahnılar oxuyardı.
– Aha, yadıma gəldi. Ağaməmməd, Ağaməmməd Pənahov – deyə müsahibim səsini ucaltdı. Sevastopolu yenicə almışdıq. Bir gün gördüm ki, o məktub oxuyub ağlayır.
– Niyə ağlayırsan? – dedim, heç dənizçi-əsgər də ağlayar? O, titrək əlindəki məktubu mənə göstərib:
– Məktəbli dostum yazıb – dedi. Yazır ki, bacın tək qalıb səni gözləyir, yazır ki, artıq bizim kəndə bahar gəlib, həyətimizdəki şaftalı və alma ağacları çiçək açıb.
Məktəbi buraxıb hara getmisən, qayıt gəl…
Qəhrəman Sevastopol uğrunda rus, ukraynalı, belarus, azərbaycanlı, latış, qırğız və başqa millətlərin nümayəndələri çiyin-çiyinə vuruşublar. Şəhər Veteranlar Komitəsində və hərbi Komisarlıqda 1942-ci il iyulun 29-da Sovet məlumat bürosunun bir xəbər ilə tanış oldum:
“Sevastopolun mərd müdafiəçiləri alman-faşist işğalçılarına qarşı hücuma keçirlər. Rus Ryabov və Drozdov, ukraynalı Qorodnenkonu və Malışenkonu, azərbaycanlı Əliyevi, gürcü Zakaryadzeni bir amal, bir məqsəd birləşdirir. Bu müxtəlif millətlərin nümayəndələri indiyənədək üç yüz faşist əsgər və zabitini məhv ediblər”.
Buradakı Əliyev familiyasına rast gəldikdə otuz dörd il ürəyimdə bir arzu, bir nisgil kimi gəzdirdiyim atamı xatırladım. Mənim atamın, əmilərimin də familiyası Əliyev idi. “Atanı Krım uddu, oğul”, – qulağıma nənəm Səyalının səsi gəldi. Başqa heç bir sözün, heç bir səsin bu qədər zəhmlə, dəyanətlə, qəzəblə deyildiyini eşitməmişəm. Yaddaşıma bu səs ömürlük həkk olunub. Güclü qasırğada, qızıl dilli od-alov içində də olsam bu səsi tanıyar, oduna yanaram.
Valeri Kotinev sənəd üzərində düşüncələrə daldığımı görüb, mənə yaxınlaşdı, əlini çiynimə qoyub soruşdu:
– Yenə igid həmyerlilərin haqqında, deyəsən, maraqlı bir şey tapmısan?
Mən nəfəsim qarala-qarala:
– Valeri, dostum, – dedim, qəhər məni boğdu, özümü güclə ələ aldım:
– Mənim atam da Krımda vuruşub, indiyədək ondan bir xəbər bilmirəm.
Burada Əliyev familiyasına rast gəldim…
Valeri bizimlə üzbəüz əyləşən ağsaçlı qadına – Sevastopol Veteranlar Komitəsinin sədri Antonina Alekseyevna Sarinaya yaxınlaşıb Sevastopol uğrunda həlak olanların siyahısını istədi. Kitabı birgə alıb vərəqlədik. Onun hər bir vərəqi açıldıqca ürəyim şiddətlə döyünür, bədənim əsirdi. Qəribədir, mənə elə gəlirdi ki, atamın ad-familiyasına yox, özünə rast gələcəyəm, şəxsən özünə! Kitabın iyirmi dördüncü səhifəsi açılır. Valerinin barmağı adlar üzərindən sürətlə keçir. 366-cı adfamiliyanı göstərib, heyrətlə qışqırır:
– Budur, Əliyev Əmiraslan Ömər oğlu. 1905-ci il oktyabrın 3-də anadan olub. 1944-cü il aprelin 28-də həlak olub. Qəbri Kiçik Muskamya kəndindədir.
Üç yüz otuz doqquzuncu atıcı diviziyasının 1133-cü atıcı alayında xidmət edib. Bu kənd yaxındadır – deyə Valeri yarısevinc, yarıkədərlə bildirdi. Gəl, elə indi birlikdə gedək.
– Yox, dostum – dedim – atamın görüşünə tək getmək istəyirəm…

ATAMLA “GÖRÜŞ”

Atam nə öldürmək, nə də vaxtsız həlak olmaq üçün doğulmamışdır.
Maşın qalın meşə yolundan ayrılıb bir döngədə dayandı. Bələdçi mənə əlilə
işarə elədi ki, düşməlisiniz.
Tək-tənha qaldım. Bir sürətlə uzaqlaşan avtobusa, bir də ətrafıma baxdım.
Kimsəsiz çöllük məni kədərli qoynuna aldı. Bir müddət haraya, hansı səmtə gedəcəyimi müəyyənləşdirə bilmədim. Meşədən əsən sərin payız küləyi məni üşütdü, paltomun yaxalığını qaldırıb ətrafda görünən Baydarı dərəsinin dağlarına həsrətlə baxdım. Meşə xışıldadı, sarı kəhraba rəngli yarpaqlar həzin-həzin torpağa qondu. Scvastopolda Aleksandra Sarinanın bloknotuma cızdığı “Sxemə” baxıb, o tayda, meşənin ətəyində ağaran kəndə tərəf irəlilədim.
Qəribə idi. Təxminən üç kilometrlik yolda bir nəfərə belə rast gəlmədim ki, nə üçün, hara getdiyimi bildirim. Bu böyük dərənin sükutunu meşə ətəyində traktorun, bir də mənim ayaq səsim pozurdu.
…Bu da köhnə Kiçik Muskamya kəndi..Müharibədən sonra bura Rezervnı adlanır. Dəfələrlə yuxuma girən atamın məktublarında ara-sıra adı çəkilən, dağ döşünə sığınmış balaca bir kənd. Atamın həlak olduğu, əbədiyyətə qovuşduğu kənd.
Kəndə girdim, yenə heç kəs gözə dəymirdi. Əlaczıs qalıb kəndin girəcəyindəki ikinci evin darvazasını döydüm:
– Kovo, kovo xotite? – deyə bir ukraynalı qadın darvazaya yaxınlaşdı.
– Mənim atam … – dedim, boğazım qurudu, yaş gözümün dərinliklərini yandırdı – atam bu kənddə həlak olub, məzarının yerini öyrənmək istəyirəm.
– Qadın kəndin içərilərini göstərdi:
– Oraya gedin, oradan soruşun, mən heç nə bilmirəm – dedi. Kəndin mərkəzində söhbət edən üç-dörd nəfər mənə dedi ki, bu tərəflər uğrunda döyüşlərdə həlak olanların qəbirlərini qələbəninin iyirmi beş illiyində qonşu Qoncarnoye kəndinə köçürüb, qardaşlıq qəbri düzəldiblər. Sonra biri kəndin sağındakı meşə yolunu göstərib:
– Bu yolla gcdəcəksiniz – dedi, – uzaq deyil, beş kilometr ancaq olar.
Qalın meşə yolu. Tez-tez ətrafıma boylanır, dayanıb nəyisə dinləyir, daşa, ağaca diqqətlə baxıb bir iz, bir ad, bir nişanə axtarıram. Mənə elə gəlir ki, atam məni çağırır,atam indicə hərbi geyimdə qarşıma çıxacaq. Mən heç bir qəbir-zad axtarmayacağam. Biz birgə, deyə-gülə kəndimizə qayıdacağıq. Bir boy-buxunda, bir-birinə oxşar iki nəfər – atamla mən kənddə tək yaşayan anamın yanına qayıdacağıq. Təsəvvürümə gətirə bilmirəm, görəsən, dünyada bundan da böyük səadət olardımı!
Yamyaşıl məxmər otlu bir talaya çatdım. Elə bildim, zülmət gecədən sonra nurlu bir səhər açıldı. Ara-sıra qan rəngli güllər gördüm, əyilib bir neçəsini qopardım. Bu yaz gülləri, görəsən, niyə son payıza qalıb?! Yoxsa, atam təzədənmi qaytarıb bu yazı, baharı mənə? Yolun qırağındakı bir daşa söykənib, atamın vuruşduğu, can verdiyi bu yerlərə baxıram. Daşı sığallayır, ağlayıram. Bəlkə, atam bu daşın üstündə oturub, tüfənginə söykənib, yorğunluğunu alıb… Bəlkə, elə bu əsrarəngiz təpələrə, meşələrə baxıb, bir el bayatısı oxuyub – bütün yorğunluğunu canından çıxarmaq üçün.
Niyə lalsan, daş, niyə lalsınız, ulu dağlar, niyə atamdan mənə bir xəbər vermirsiniz?
Bu meşə, bu əyri-üyrü dərələr, təpələr kəndimizin ətrafındakı yerlərə necə də oxşayır.
Qonçarnoye kəndi. Birbaşa kəndin mərkəzinə getdim.Klubun qabağındakı daş bulaqdan su içib, əl-üzümü yudum. Adamlara yaxınlaşıb salam verdikdən sonra:
– Müharibə illərində həlak olan əsgərlər harada dəfn olunub, – deyə soruşuram.
Yaşlı bir kişi əlini kəndin üst tərəfinə uzatdı:
– Odur, meşənin ətəyində, bir az bəri durun, bax, abidə görünür. Kimin var orada, oğul?
– Atam!
Hər ikimiz xeyli susduq.
– Mən gedim atama baş çəkim.
Kişi qolumdan tutub:
– Yox, oğul, tək yox, birgə gedək, bu qoca babanın ayağı ağır olsa da, gərək dözəsən, – deyir.
Yevgeni İvanoviç Zoboyko ilə birgə üzüyuxarı – qardaşlıq qəbristanına gedirik. Yolboyu o, mənə müharibənin bu kəndə törətdiyi dəhşətlərdən, müharibədə oğlanlarını itirdiyindən, cahan müharibəsi və inqilab illərində göstərdiyi şücaətlərdən söhbət açır.
Balaca bir arxı keçib, yoxuşu çıxırıq. Nəfəsim təngiyir, ürəyim şiddətlə döyünür. ilk dəfə ən əziz adamın məzarını görəcəyəm. Hava dumanlı və soyuq olsa da, məni tor basıb, paltomun və pencəyimin yaxasını açmışam. Elə bilirəm, kürəyimdə ağır, lap ağır bir dağ var.
Budur, mənim bütün dünyam, otuz dörd il həsrətimdə olduğum, yolunu gözlədiyim bir adamla görüşüm. Amansız müharibə məni bircə dəfə də olsun atamla görüşməyə qoymadı. Atam cəbhəyə yola düşəndən iki ay sonra anadan olmuşam. İndi mavi rəngli darvazanı açıb, onun məzarını qucaqlayıram. Tək onun yox, Vətən uğrunda, Sapun dağında şəhid olmuş 507 cəsur bayraqdarın məzarını.
Dəhşətə bax, cəmi beş kvadratmetrlik bir sahə 507 nəfərin əbədiyyət və xatirə məskəni olub. Üzümü soyuq qranit abidədən ayıra bilmirəm.
– Özünü ələ al, oğul, neyləmək olar, dünyanın işi belədir, -Yevgeni İvanoviç mənə təsəlli verir. Yəqin ki, indi özün ata olmusan.
Qoca dodaqaltı deyinə-deyinə naxışlı müştüyünü çıxarır. Əlləri sə-əsə səliqəylə bükdüyü papirosu müştüyə taxır, bir neçə qullab vurur.
– Sahilsiz dəniz yoxdur, – deyir, – gərək atasız da uşaq olmasın. Bu dağı görürsənmi? – Əlini qarşıdakı uca dağa uzadır. – Balaklava dağıdır, bundan bir az o yanda məşhur Sapun dağıdır, eşitməmiş olmazsan. Bax orda, bu gözlərimlə görmüşəm, qan su yerinə axdı. Ordan atamı salamat çıxardı? Mənim Kostyam da orda həlak oldu, burdan-bura hələ də məzarını tapa bilmirəm. Saşamı isə Kursk döyüşləri uddu. İndi qarımla çətir dam altında qalmışıq. Bu gördüyün kəndlər düşməndən azad olunandan sonra qospitala döndü. Sapun dağında yaralananlar buraya daşınır, müalicə olunurdu. Bizim kəndin məktəbi, idarəsi, klubu, hətta bəzi evlər belə lazaretə donmüşdü. Şəfqət bacıları çatışmırdı, kəndin əhalisi onların yarasını sarıyır, yemək daşıyırdı. Kim bilir, bəlkə, atana bu əllərimlə yemək vermişəm, yarasını sarımışam. Onların arasında sizin həmyerliləriniz çox idi.
Yadımdadır, əksəriyyətinin də familiyası Məmmədovdu, Əliyevdi.
– Bu yenə də nənəm Səyalinin səsi idi. El yaylağa köçəndə, yaylaqdan qayıdanda nənəm oğullu günlərini xatırlayar, yanıb-yaxılar, gözündən bir damcı yaş çıxarmadan bayatını oxuyardı. “Bu bulaq üstə pendir-çörək yedik… Burda arabanın boyunduruğu sındı, atan düzəltdi… Burda kəhərimizi oğurladılar, atan tapdı…” Bu yerləri gördükcə nənəm xatırlar, hey xatırlardı… Əllinci illərə kimi bu oğul xatirəli yerlər yaşatdı nənəmi…

ATAMLA “SÖHBƏT”

Ata, vaxtilə sənin həmkəndlilərinlə birgə qurub-yaratmağa başladığın Yuxarı Körpülü kəndi indi bilirsənmi necə abad və yaraşıqlı olub?
Müharibədən lap azca sonra kəndimizə işıq gəldi, nur seli axdı. Vaxtilə sənin gördüyün o quraq güneylər, quzeylər əkilib-biçilir. Debet çayından kəndimizə su kəməri çəkilib.
Kəndimiz tamamilə tanınmaz olub. Hər tərəfi alma, şaftalı, üzüm bağıdır.
Geniş və laləli çöllərimizdə müharibədə səninlə çiyin-çiyinə vuruşan Əsəd Abdullayev, Əhməd Rəhimov, Bayram Orucov çalışırlar. Siz bu işıqlı günlər uğrunda vuruşdunuz, lakin bu günləri görmək sizə nəsib olmadı.
Müharibənin ilk günü səninlə birgə silaha sarılan eloğullarının çoxusu geri dönmədi. Onların yetmişdən çoxunun taleyi, sənin bəxtin kimi oldu. Neçə ana “Oğul,oğul” – deyə dünyadan köçdü. O vaxtın gəlinlərinin qara, qıvrım birçəkləri indi dümağdır. Onlar indi də gözlərini cəbhəyə yola düşdüyünüz Dərə bağı yolundan çəkmirlər. İstərdim, sən məni öpəydin, oxşayaydın, atıb-tutaydın, saçımı sığallayıb, boynumu qucaqlayaydın, can balam deyəydin.
İstərdim ki, işdən yorğun-arğın qayıdanda qaça-qaça qabağına gəlim, boynuna sarmaşım, sənin qırxılmamış tüklü üzünü balaca əllərimlə özümə tərəf çəkib doyunca, həsrətlə öpüm.
Bir gün nənəm Səyalının boxçasından hərbi komissarlığın bir parça kağızı çıxdı. Oxudum. Amma necə oxudum, Allah bilir.
“Oğlunuz qızıl əsgər Əliyev Əmiraslan Ömər oğlu Sosialist Vətənimiz uğrunda döyüşlərdə əsgəri anda sadiq qalaraq, qəhrəmanlıq və mərdlik göstərmişdir. O, 1944-cü il aprelin 28-də qəhrəmanlıqla həlak olmuşdur. Qəbri Krım MSSR Balaklava rayonunun Kiçik-Muskamya kəndindədir”.
İndi siz dörd qardaşdan biz üç qardaş qalmışıq. Adil, Nadir və mən. Kərim əmim Krasnodar vilayətinin Krasnoarmeysk stanitsiyası uğrunda, Şəmmət əmim Kursk döyüşlərində həlak olub. Mansur əmimin taleyindən də heç bir xəbər yoxdur.
Bunların hamısını mən nənəmin boxçasından çıxan əl boyda kağızdan öyrənib bildim. Nə vaxt, kimə yazdırıb, nə vaxt cavab alıb, nənəm, hələ də bilən yoxdur. Nənəmiz nəvələrini kədərləndirməmək, nisgilli qoymamaq üçünmü gizli saxlayıb bu kağızı? Yəqin ki, evimizdə indi buna qara kağız deyirlər.
Heç bilirsənmi sənin yeganə əksini müharibədən çox-çox sonra bizə kim verib? Veteran həmkəndlimiz Əmin Hacıəsgər oğlu Məmmədov. Bilmirəm, ona necə təşəkkür edim. Minnətdaram Əmin dayıya, yoxsa mən ömrüm boyu üzünə həsrət qalardım.
Gözün aydın olsun, doqquz nəvən var. Mənim balaca atam – oğlum Əmiraslan bağçaya gedir. Bəzən məndən soruşur. Hamının babası var, bəs mənim babam hanı?
Ata, inan, bu mənim üçün ağır, ən dəhşətli bir sualdır. Lakin təsəlli də var:
Krım torpağında bir Əmiraslan uyuyur, Azərbaycanda isə biri yaşayır, böyüyür.
Müharibənin acığına tək mən yox, atası od-alov burulğanından qayıtmayan Möhbəddin, Psiri, İsgəndər, Tariyel və başqaları – hamımız böyüdük, oxuduq, eveşik sahibi olduq. Analarımız bizi min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdı. Bir birçəyi ağ, biri qara anam Güll bizi atalılardan pis böyütmədi.

PARTİZAN CIĞIRLARI İLƏ

Yaltanı haqlı olaraq “Krım gözəli” adlandırırlar. Qara dənizin sahildə quşqonmaz dağlara sığınmış bu şəhər, doğrudan da, əsrarəngiz gözəlliyə malikdir.
Bir el əfsanəsində deyilir ki, Yunan dənizçiləri yeni torpaq məqsədilə uzun müddət dənizlərdə üzmüşlər. Zəifləmiş və taqətdən düşmüş halda onlar yeni torpaq tapmağa ümidini itirmiş, ruhdan düşmüşlər. Birdən dor ağacında gözətçi “Yalos!
Sahil!” deyə qışqırır. Nalşəkilli dağın ətəyində körfəz və arzu olunan torpaq görünür. Dənizçilər quruya çıxıb bu yeri “sahil” mənasında Yalta adlandırırlar.
Hələ antik dövrdə çəkilən bu ad orta əsrlərdə Calita və Yalita kimi təhriflərə də uğramışdı.
Məhşur Nikitin bağı, “Uçan su” şəlaləsi, Voronsov sarayı, Qurzuf yaylası günəşli, sevimli Yaltanın şöhrət tacıdır. Bir-birindən gözəl, mənzərəli yerlərini saymaqla, müqayisə etməklə qurtaran deyildir. Bu guşələrin hərəsinin öz hüsnü, öz gözəlliyi var.
Dünya ədəbiyyatında, musiqisində öz dəst-xətləri olan füsunkar sənətlərilə insanları heyran edən A.Puşkin, M.Qorki, F.Şalyapin, L.Tolstoy, A.Çexov, M.Tven, K.Stanislavski və başqaları zaman-zaman Yaltada olmuş, bu ecazkar yerləri tərənnüm etmişlər.
Krımın uzaq və yaxın kəndlərini, şəhərlərini gəzdikcə çiyin-çiyinə vuruşan mərd partizanlarımız haqqında çoxlu maraqlı əhvalatlar eşidirdim.
Həmyerlilərimizdən Məmməd Əliyev və Mahmud Nəzirovdan o yerlərdə az qala dastan danışırlar.
Jurnalist dostum Valeri Kotinev partizanlar haqqında material toplamaq üçün ancaq Yaltaya getməyi məsləhət gördü. Yalta və onun meşələri Böyük Vətən müharibəsi illərində əsl partizan məskəni olub.
Yalta ölkəşünaslıq muzeyinin “Döyüş şöhrəti” salonunda partizan həmyerlilərimiz haqqında çoxlu sənədə rast gəldim. Muzeyin elmi işçisi Demyanenko Marqarita Nikolayevna dedi ki, müharibə illərində Krımda 30 partizan dəstəsində on bir min xalq qisasçısı cəmləşmişdi. 1941-ci ilin noyabrından 1944-cü il aprelin 16-na kimi Krım partizanlarının 252 hücum əməliyyatı olub. Bu hücumlar zamanı onlar düşmənin otuz min əsgər və zabitini öldürmüş, dörd minini əsir almış, yetmiş doqquz hərbi eşelonunu, iki zirehli qatarını, üç dəmir yolu stansiyasını və külli miqdarda hərbi texnikasını məhv etmişlər.
Muzeydə bir sənəd var. Onu Krım partizanlarının şücaətini öz gözü ilə görən, Krımın faşist işğalçılarından azad olunmasında yaxından iştirak edən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Aleksandr Mixayloviç Vasilyevski yazmışdı:
“Krım partizanları bütün döyüşlərdə Sovet ordusuna fədakarlıq və fəallıqla kömək göstərmişlər. 1944-cü ildə Krım əməliyyatı zamanı Sovet partizanlarının bu böyük fəaliyyətini nəzərə alaraq mayın 3-də Krım Vilayəti Partiya Komitəsininin razılığı ilə biz mükafata təqdim olunmaq üçün partizan hərəkatının iştirakçılarından altı nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsini, on dörd nəfərinin Lenin ordeni, bir qrup əsgər və zabitinə isə Qırmızı Bayraq Ordeni, Birinci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmasını layiq gördük və bu barədə Dövlət Müdafiə Komitəsinə təqdimat verdik”.
Krımın və xüsusilə Yaltanın azğın düşməndən təmizlənməsində partizan həmyerlilərimiz də şücaətlə vuruşaraq, mühüm əməliyyatlarda yaxından iştirak ediblər. İndi yerli əhali partizan həmyerlilərimizin qəhrəmanlığından həvəslə söhbət açır, onları hörmət və ehtiramla xatırlayır.
Məmməd Kərim oğlu Əliyevi hər yerdə “Mişa” təxəllüsü ilə tanıyırlar.
Şimali Qafqaz cəbhəsində 43-cü atıcı briqadasında top batareyasının komandiri olmuş Məmməd Əliyev ağır yaralı ikən əsir alınır. Səhhəti bir qədər yaxşılaşdıqdan sonra Məmməd meşələrə qaçaraq Krımın Göygöz kəndinə gəlib çıxır. Kəndin sakini, Əbdülkərim adlı Krım tatarı onu bir müddət evində saxlayıb müalicə edir. Xeyirxah ev yiyəsi Məmmədi Göygöz kəndindəki gizli partizan dəstəsinin üzvü Fatma Səlimova və Gülsüm Əbilova ilə tanış edir. Məmməd az vaxtda təşkilatın ən fəal üzvlərindən biri olub, həmyerliləri Sahib Hacıyevi, Mahmud Nəzirovu, Əsgərəli Əliyevi, Hüseyn Rzayevi, Naib Nəbiyevi, Məmməd Sultanovu və Yunis Məmmədovu təşkilata cəlb edir.
Məmməd Əliyevin təşkilatçısı və komandiri olduğu dəstə “Səkkizinci Azərbaycan partizan dəstəsi” 1943-cü ilin sentyabrında Fatma Səlimovanın köməyi ilə Mustafa Səlimovun kommisar olduğu Cənubi Krım partizan birləşməsinin Yeddinci briqadasına daxil olur.
Dörd qrupdan ibarət olan bu dəstədə yüz yetmiş iki nəfər fəaliyyət göstərmişdir. Əksəriyyəti azərbaycanlılardan ibarət olan bu dəstəyə rus, ukraynalı, gürcü, tatar, çex, slovak, ləzgi və başqa qardaş millətlərin nümayəndələri faşistlərə qarşı mərdliklə vuruşaraq otuz iki əməliyyatda düşmənin mindən çox əsgər və zabitini öldürmüş, çoxlu pulemyotunu, topunu, tüfəngini ələ keçirmişdir.
Sənəddə göstərilir ki, Yalta uğrunda gedən döyüşlərdə öz vəzifəsini namusla yerinə yetirən Məmməd Əliyevin dəstəsi tez-tez düşmən qarnizonuna hücum edərək, onları güclü tələfata uğratmışdır.
1944-cü il aprelin 14-də “Səkkizinci Azərbaycan partizan dəstəsi” Yaltanın beş kilometrliyindəki Nikitinin kəndi uğrunda gedən döyüşdə düşmənin dörd yüz əsgər və zabitini əsir almış, iki yüzdən çoxunu məhv etmişdir.
Yalta ölkəşünaslıq muzeyində Məmməd Əliyevin şəkli və adına verilən müxtəlif sənədlər saxlanılır. Hərbi xasiyyətnamədə göstərilir ki, o 1912-ci ildə Gəncədə anadan olub. 1939-cu ildən partiyanın üzvüdür. Orta təhsili var.
Marqarita Nikolayevna daha bir qovluq açdı. Həmin qovluqda Krım uğrunda hitlerçilərə qarşı partizan döyüşlərində xüsusilə fərqlənənlərdən biri, qrup komandiri Mahmud Mahmud oğlu Nəzirov haqqında sənədlərə rast gəldim.
Mahmud Nəzirov İ916-cı ildə Ermənistanın Yuxarı Körpülü kəndində anadan olub.
1938-ci ildən partiyanın üzvüdür. Sənədlərdə göstərilir ki, müharibədən əvvəl müəllim işləyən Mahmud Nəzirov igid partizan Məmməd Əliyevin ən yaxın silahdaşı olub. Onlar 1943-cü ildə Yaltadan Balakvaya gedən üç faşist gəmisini batırmış, Böyük Ozendaş kəndində yerləşən düşmən qarnizonunu məhv etmişlər.
Bu döyüşdə Mahmud Nəzirov qəhrəmanlıqla vuruşaraq təkbaşına on səkkiz nəfər faşisti məhv etdiyi üçün komandanlığın təşəkkürünü almışdır.
Qovluqlardan birindən gözəl hüsnü-xətlə yazılmış “Krım xatirələrim” adlı çox da böyük olmayan yazıya rast gəldim. Onu Gəncədən 1974-cü ildə keçmiş partizan Mahmud Nəzirov göndərib. O yazır: “Müharibə başlananda sərhəd şəhəri Peremışldə hərbi xidmətdə idim. Baş leytenant rütbəsində pulemyot rotasının komandiri vəzifəsində döyüşürdüm.
İlk dəfə düşmən qarşısına çıxan rotamız güclü döyüşlər apardı. Elə olurdu ki, bir gündə dörd-beş dəfə faşistləri San çayının o biri sahilinə kimi qovurduq. İlk sınaq döyüşlərimiz çox uğurlu olurdu. Bizdə hələ o vaxtlardan möhkəm əminlik vardı ki, düşmənə mütləq qalib gələcəyik…
Krım uğrunda gedən döyüşləri daha yaxşı xatırlayıram. Vətənin ağır günləri idi. Faşistlər güclü qüvvə ilə hücuma keçmişdi. Bir dəfə diviziya komandiri məni yanına çağırdı. – Nəzirov, – dedi, biz belə qərara gəlmişik ki, sizin rotanı məsuliyyətli tapşırığa göndərək. Rotanız düşmən arxasına keçib Krım meşələrində fəaliyyət göstərən “Səkkizinci partizan dəstəsi” ilə birləşməlidir. Faşistlərə arxadan zərbə vurmaq lazımdır. Peşakar zabit olduğunuza görə bu işdə sizin kifayət qədər təcrübəniz və cəsarətiniz olduğuna əminəm.
Səhərisi gecə qaranlığında bizim dəstə cəbhə xəttini düşmənin ağlına gəlməyən sıldırım bir qayalıqdan keçdi. Gecə-gündüz faşistlərə zərbə endirib dinclik vermədik. Bir-birinin dalınca körpüləri, maşınları partlatdıq,  Silah anbarlarını yandırıb kül etdik.
Kerç, Zuyev və Yalta meşələrində iki ildən çox döyüşlər apardıq.
Dəstəmizdə Krım tatarları ilə yanaşı bizim azərbaycanlıların da sayı çox olduğuna görə onu “Səkkizinci Azərbaycan partizan dəstəsi adlandırdıq”.
Yaltada Marqarita Nikolayevanın mənə fəxrlə göstərdiyi təltifat vərəqində həmyerlimiz haqqında yazılıb:
“Baş leytenant Mahmud Nəzirovun partizan dəstəsi Göygöz kəndi ətrafında güclü döyüşlər aparmışdır. Çoxlu sayda faşist əsgər və zabitini məhv edən dəstə düşmənin xeyli texnikasını da ələ keçirə bilmişdir. Hərbi sursatla dolu avtomobil, barj tipli bir gəmi ələ keçirmiş, qırx iki nəfər əsgər və zabit əsir alınmışdır.”
Krım döyüşlərində üç dəfə yaralanan baş leytenant Mahmud Nəzirov “Qırmızı Bayraq” və birinci dərəcəli “Böyük Vətən Müharibəsi” ordenləri ilə təltif olunmuşdur.
Hazırda doxsan bir yaşlı veteran Mahmud Nəzirov Gəncədə Xanlar küçəsində yaşayır.
1944-cü ildə Mahmud Nəzirovun bölməsi Göygöz kəndi ətrafında faşistlərlə döyüşdə heç bir itki vermədən düşmənin qırx iki əsgər və zabitini məhv etmişdir.
Yalta ölkəşünaslıq muzeyindəki sənədləri araşdırarkən partizan həmyerlilərimiz Sərvər Əlişanov, İsmayıl İsgəndərov, Balakərim Məmmədov, Qırmızı Bayraq və Suvorov ordenli 382-ci Feodosiya-Brandenburq diviziyası qəzetinin redaktoru İsmayıl Davıdov və başqaları haqqında maraqlı sənədlərə rast gəldim.
Əgər siz Yalta ölkəşünaslıq muzeyinə getsəniz, “Odlu illər” salonunda polk komandiri Cəlil Bəbir oğlu Nəcəfovun adını fəxrlə oxuyub, yaraşıqlı zabit geyimli həmyerlimizlə qarşılaşacaqsınız. Həmyerlimiz podpolkovnik Cəlil Nəcəfov uğrunda mərdliklə vuruşduğu gözəl Yalta şəhərinin fəxri vətəndaşıdır. Yüz iyirmi səkkizinci Qırmızı Bayraq ordenli Türküstan diviziyasında onun komandir olduğu 323-cü qvardiya atıcı polku 1944-cü ilin aprelində mərdliklə vuruşub. Cəlil Nəcəfovun polku Akmonay bərzəxində düşmənin müdafiə xəttini yarıb dörd min əsgər və zabitini əsir almış və çoxlu hərbi sursat ələ keçirmişdir.
Hazırda igid komandirin ailəsi Bakıda yaşayır.

DOST XATİRƏSİ
(Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev haqqında)

Krıma təyyarə ilə yol Simferepolda tamamlanır, ordan da başlayır. Şəhərdən vilayətin hər yerinə yollar şaxələnir. Qara dənizin suları ilə dövrələnmiş sahil boyu şəhər və kəndləri gəzdikdən sonra Yaltadan Simferopola qayıdıb təyyarəyə bilet aldım. Sağollaşmaq üçün dostum Valeri Kotinevə zəng vurdum.
– İnanmıram, bu gün yola düşə biləsən, – deyə həyəcanla bildirdi. – Çünki qəhrəman həmyerlinlə çiyin-çiyinə vuruşan veteranlardan biri xahiş edib ki, onu səninlə tanış edim. Vaxtı itirmədən Veteranlar Komitəsinə gəl, mən də oraya gedirəm.
… Axtardığımız adamı Veteranlar Komitəsində tapmadıq. Birbaşa onun evinə yollandıq. Mərkəzi meydandan keçib Leonov küçəsindəki otuz üç nömrəli evin darvazasını döydük. Taxda darvaza alçaq idi. Həyətdə ucaboylu bir kişi göründü. Bizi görən kimi qapını daha geniş açdı. Valerini qabağa buraxıb diqqətlə mənə baxdı:
– Salam, oğul, – deyib məni qucaqladı. On günlük səfərimdə ilk dəfə qocanın dilindən doğma sözləri eşidəndə özümü saxlaya bilmədim, mən də onu qucaqladım. O, ana dilimizdə bu iki kəlməni çox şirin və aydın dedi. Elə güman etdim ki, bu adam həmyerlimizdir, müharibədən sonra burada məskən salıb. Qoca bir daha diqqətlə mənə baxıb:
– Cavan oğlan, – dedi. – Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevi tanıyırdınızmı?
– Şəxsən tanımırdım, – dedim. – Amma bir qəhrəman kimi haqqında çox eşitmişəm.Övladlarını – Abdullanı və Şamili tanıyıram.
– Bax, belə bir qəhrəmanı nəinki şəxsən tanımaq, hətta onunla çiyin-çiyinə vuruşmaq mənə qismət olub, – deyə veteran fəxrlə bildirdi.
Bizi evə dəvət elədi. Pəncərəsi günçıxana baxan otaq geniş və işıqlı idi.
Ötən illərin xatirələri yavaş-yavaş vərəqləndi.
İstefada olan polkovnik Orlov Yakob Matveyeviç Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Müseyib Allahverdiyevlə Volqa sahillərindən Berlinə qədər dördüncü qvardiya ordusunun yüz on doqquzuncu qvardiya atıcı polkunda şərəfli döyüş yolu keçib.
– Müseyib mənim polkumda ikinci batalyonun komandiri idi, – deyə Yakob Matveyeviç igid həmyerlimizlə döyüş dostluğundan söhbət açdı. – Onunla hələ Moskva yaxınlığında gedən ölüm-dirim vuruşmalarında dostlaşmışdıq.
Polkumuzda yeganə komandir idi ki, o müharibədən əvvəl süvari dəstəsində xidmət etmişdi. Ən qızğın döyüşlərdə belə onun səsini eşidərdim. Nə döyüşdən qabaq, nə də döyüş ərəfəsində onu qanıqara görməzdik. Bu nikbin komandirdən döyüş zamanı öz dilində alovlu sözlər eşidərdim. Bir dəfə istirahət vaxtı soruşdum:
– Allahverdiyev, döyüş vaxtı sənin dilindən başa düşmədiyim sözlər eşidirəm. Onları bizə də başa sal görək, nə deyirsən?
Dostumun qarabuğdayı sifətinə xoş bir təbəssüm qondu, gülüm-sündü:
– Hə, – dedi, – mən bəzən qızışanda ana dilimdə “Haydı əsgərlərim, yeriyin düşmən üstünə!” – deməkdən özümü saxlaya bilmirəm. Bu sözlər mənim deyil, vaxtilə Azərbaycanı istilaçılardan qorumuş milli qəhrəmanımız Koroğlunundur.
O gün Müseyib mənə Azəbaycan dilində iki söz öyrətdi: “Salam” və “oğul” sözlərini. O gündən sonra komandir dostumu “oğul” deyə çağırmağa başladım.
Görüşümüz zamanı bu sözləri eşidəndə təəccübləndiyinizi hiss etdim. Amma üstünü vurmadım. Bax, o vaxtdan, o tufanlı illərdən bu iki kəlməni hafizəmdə xatirə kimi saxlayıram, oğul, – deyib müsahibim gülümsünür. Sonra ayağa durub kitab rəfindən sarı cildli “Volqa çöllərindən Avstriya dağlarına qədər” adlı kitabı gətirdi. Vərəqləyib 126-cı səhifəni tapdı. Orada 119-cu polkun döyüş yolundan bəhs olunurdu.
… Dunayın ucsuz-bucaqsız sahillərinə qardan ağ yorğan sərilmişdi. Dan yeri ağardıqca, səmadakı qatı duman qərbə doğru çəkilir, çöllər yavaş-yavaş işıqlanırdı.
Batalyonun əsgərləri döyüşə hazır dunnuşdular. Kapitan Allahverdiyev balaca bir dikdirdə uzanıb qarla örtülü çöllərə baxıb, doğma Qarayazını. Kür qırağını xatırlayırdı. Ceyrançöl düzünü də qar beləcə örtəndə yataqlara gediş-gəliş azalır, yollar, cığırlar itirdi. Yalnız xırda təpələrdə ac canavarlar və azğın küləklər ulaşırdı. İndi Dunayın o tayında soyuqdan ulaşan frislər kimi… Onun qəlbi müqəddəs Vətənimizə soxulmaq istəyən düşmənə qarşı acı bir kinlə dolmuşdu…
Kapitana çayın o tayında düşmənin güclü bir qüvvəsi olduğunu bildirmişdilər. Kəşfiyyat dəstəsinin gətirdiyi məlumata görə düşmən Dunayın sahillərini yeni tipli tanklarla müdafiə edirdi.
Alınan tapşırıq çox ciddi və məsuliyyətli idi: necə olursa-olsun çayı o taya keçib qoşunlarımıza yol açmalı.
Cəsur kapitan vzvod və ratoları yoxlayıb əsgərlərin döyüşə hazır olduqlarına tam əmin olduqdan sonra hücum əmri verdi. Sol sahildən köməyə gələn Aleksandr Kuznetsovun topçuları düşmənə şiddətli atəş açdılar.
Qəfil hücumdan özlərini itirən hitlerçilər yeddi kilometr geriyə qovuldular.
Bu vuruşmada Kapitan Allahverdiyevin batalyonu beş yüzə qədər faşist əsgər və zabitini məhv edib, iki yüz iyirmi nəfərini əsir aldı. İyirmi dörd top, otuz altı pulemyot, üç avtomaşın, on araba, səkkiz minaatan, iki hərbi sursat və bir ərzaq anbarı qənimət olaraq ələ keçirildi.
– Dağlar qartalı üç ay sonra Budapeşt yaxınlığında daha cəsarətlə vuruşaraq düşmənin 700 əsgər və zabitini əsir aldı. – Yakob Orlov həyəcanla və fəxrlə ağır gün dostunun qəhrəmanlığından danışır – Budapeştdə bizim üçün, şəxsən mənimüçün böyük bayram idi. Burada qollarımı geniş açıb “oğlumu” doğma balam kimi sinəmə sıxdım. Müseyib Abdullayev SSRİ Ali Soveti Rəyasət heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhramanı kimi şərəfli ada layiq
görülmüşdü.
İstefada olan polkovnik Yakob Orlov da şərəfli döyüş yolu keçib. O, iki dəfə “Qırmızı ulduz”, iki dəfə Suvorov və başqa ordenlər, çoxlu medallarla təltif edilib. Veteran Moldaviyanın Çadurluq və Yenakiyev rayonlarının fəxri vətəndaşıdır.
– Bu yaxınlarda məni Xmelnitsk şəhərinə əsgərlərlə görüşə dəvət etmişdilər.
Vaxtilə Müseyiblə bu şəhər uğrunda çiyin-çiyinə vuruşmuşduq. Şəhərin “Döyüş şöhrəti” muzeyində “oğlum” haqqında ayrıca guşə var. Xmelnitskindən on beş nömrəli orta məktəbin pioner dəstələrindən biri Müseyib Allahverdiyevin adını daşıyır.
Krım veteranı “Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev” adına dəstənin pionerlərilə birgə çəkdirdiyi şəkilləri bir-bir mənə göstərir.
– Yakob Matveyeviç, “oğlunuzun” ailəsilə necə, görüşürsünüzmü?
– Biz Müseyiblə çox gec əlaqə saxlaya bildik. 1967-ci ildə qəfildən ondan bir məktub aldım. O, neçə illərdi ki, məni axtardığını yazırdı. Bir xeyli məktublaşdıq. Həmişə də bu yaxınlarda görüşmək üçün vədələşirdik, amma imkan olmurdu. Qəfildən ölüm onun başının üstünü aldı. Düzü, qəhrəman dostumun ölümünü eşidəndə böyük Marksın müdrik kəlamlarım xatırladım: “Qəhrəmanların ölümü günəşin batmasına bənzəyir”. Bir müddət mənə elə gəldi ki, doğrudan da, bu füsunkar Krımda günəş doğmur. Sonralar oğlu, general-mayor Abdulla Allahverdiyevlə görüşüm mənə ən yaxşı təsəlli oldu. Ata oğula necə də oxşayarmış. Qəribə də olsa, mən indi Abdullanı da “oğlum” deyə çağırıram. Sağ olsun, o hər il mənim görüşümə gəlir. Havalar xoş olan kimi Abdullanın dəvətilə Qazağa gedib, “böyük oğlumun” məzarın ziyarət edəcəyəm.

***

Bakıya qayıdanda Krım veteranı Yakob Matveyeviçdən qəhrəmanın oğlu general Abdulla Allahverdiyevə onun salamını çatdırdım. İgid atanın general oğlu Abdulla atalı günlərə qayıdıb dedi:
– Atam Dağkəsəməndə kəndli ailəsində anadan olub. Otuz birinci ildə könüllülər dəstəsində ordu sıralarında xidmətə gedib. Bir müddət Bakıdakı mili Azərbaycan diviziyasında xidmət edib.
Özü danışırdı ki, o vaxt general Əliağa Şıxlinski tez-tez bizim diviziyaya gəlib artilleriyadan, süvari qoşun növündən, hərbi döyüş taktikasından mühazirələr oxuyar və təlim məşqlərinə nəzarət edərdi. Bir dəfə dörd nəfər əsgəri müşahidə məntəqəsinə çağırdılar. Onların arasında mən də vardım. General bizim hər birimizlə ayrılıqda söhbət elədi, sonra isə bizə: balalarım, – dedi, sizi Tbilisidəki üçillik Zaqafqaziya Hərbi-Siyasi məktəbinə oxumağa göndərməyi qərara almışıq.
Bacarıqlı və cəsur olun, bizə, xalqımıza milli hərbi mütəxəssislər çox lazımdır.
Unutmayın, bir millətin ki, silah tutan oğlu, milli ordusu yoxdur, onun torpağına da təcavüz edərlər, ana və bacısının namusuna da toxunarlar.
Atam general Əliağa Şıxlinskinin xeyir-duası ilə min doqquz yüz otuz altıncı ildə hərbi məktəbi baş leytenant rütbəsində bitirir. Bundan sonra bütün şüurlu həyatını hərbi işə həsr edir.
Qazax şəhərinin mərkəzində bir küçə var: – General Əliağa Şıxlinski küçəsi… Bu küçənin lap başlanğıcında isə Sovet İttifaqı Qəhrəmanı, qvardiya mayoru Müseyib Allahverdiyevin tunc büstü qoyulub. Bilmək olmur, bu kimin səhvidir. Bəlkə də, küçəyə ad verənin, ya da büstü məhz burada qoyanın vaxtilə Şıxlinskinin iyirmi bir yaşlı Müseyib Allahverdiyevə verdiyi xeyir-duadan, ata qayğısından xəbəri varmış. Ata Əliağa Şıxlinski oğul Müseyibə qonaq gəlib. Hər halda yanlış da bir naxışdır.
Üzü Göyəzənə, Avey dağlarına baxan tunc heykəlin gözlərində döyüşdən qalib qayıtmış əsgər məğrurluğu, oğul vüqarı var…
Krım-Bakı, oktyabr 1976-cı il

QORXU

Hamı kimi mənə də uşağlığımda, gəncliyimdə keçirdiyim hisslər, yaşadığım illər çox əzizdir. Nəyi unutsam da, anam Güllü Osman qızının, nənəm Səyalı Alı qızının mənə elədikləri əvəzsiz qayğılarını unuda bilmərəm. Unuda bilmərəm o günü ki, üstü naxışlı çanta tikib məktəbə anam məni özü apardı. İki, ya da üç dərs keçəndən sonra müəllim bizə evə getməyə icazə verdi. Hamımız haray-həşirləbayıra atıldıq. Məktəb qapısının ağzında dayanıb, məni gözləyən nənəmi görəndə təəccüb etdim. “Gözümün nuru, nə uzun çəkdi sənin oxumağın” deyib səhər anamın gətirdiyi çantanı əlimdən aldı.
Böyük Vətən Müharibəsinin od-alovunda dörd oğlunu-atam Əmiraslanı, əmim Mənsuru, Şəmməti və Kərimi itirən nənəmdə kişi vüqarı, qadın isməti vardı.
Bu hekayəni son nəfəsində də “Oğul” deyib dünyasını dəyişən nənəmin əziz xatirəsinə ərməğan edirəm.
Az getdi, üz getdi, dərə-təpə düz getdi…
Daha nənəmin səsi gəlmədi. Mən ehmalca dönüb ona baxdım. Nənəm yatmışdı. Onun arıq, ətsiz sinəsi enib qalxırdı. Pəncərədən düşən ay işığında evimizin içində nə vardısa, hamısı aydın görünürdü: odu sönmüş qara sobanın silueti, babamın öz əli ilə düzəltdiyi mənim ağac beşiyim, şkafımız, stol və stullar…
Yorğanımın üstündə qıvrılıb yatan qara pişiyimizin xorultusundan başqa evdə heç bir səs yox idi. Həmişə anamla yatdığım köhnə taxta çarpayı boş qalmışdı. Hər dəfə ona baxanda ürəyim ana həsrəti ilə qovrulurdu. O, miskin bir görkəmdə gecənin həzin, hüznlü sükutunu dinləyirdi. Otaq elə işıqlı idi ki, atamın, babamın və əmilərimin divardan asılmış şəkilləri aydınca görünürdü.
Nənəm sağ qolunu başmın altında qoyub şirin yuxuya getmişdi. Evimizin dirəyi nənəm. Gündüzləri bizə bir parça çörək qazanmaq üçün dəridən-qabıqdan çıxardı.
Atam müharibəyə gedəndən bir il sonra anamın ölümü nənəmin yükünü daha da artırdı. İki bacım, birdə mən ev işlərində ona nə qədər kömək etsək də, bu çörək qazanmaq deyildi. Çörək qazanmaq üçün gərək bel, yaba, dəryaz götürüb işləyəydin. Bizim əlimizdən ancaq sünbül və pencər yığmaq gəlirdi. O vaxtın sünbülü yerə düşmürdü, pencəri də tez dərilirdi. Çünki bizim kimi o qədər aclar, atasızlar vardı ki…
Bir aydan çox idi ki, müharibənin qurtarması xəbəri kəndimizə yayılmışdı.
Bu xəbər evlərə, insanlara nə qədər şadlıq, sevinc gətirmişdi. Nənəm hər gün bizi aldadırdı ki, atanız sabah gələcək. Nənəmin sabahları qurtarmaq bilmirdi.
O, son vaxtlar lap əsəbi olmuşdu. Atamdan söz salanda bəzən eşitməməzliyə vurur, cavab da qaytarmırdı. Yadımdadır, bir dəfə mən atamın nə vaxt gələcəyini soruşdum. Nənəm titrək əlini irəli uzadıb, “Qaçaq vurulan təpə”nin yamacından enən ağ yolu göstərib dedi:
– Nənən sənə qurban, bax o yolu gözlə, atan ordan gələcək. Mən qonşulardan yığıb otardığım quzuları hər gün o təpəyə aparırdım. Təpədə oturub qollarımla dizlərimi qucaqlardım. Tikanlıqlar arasında gah görünən, gah da itibbatan bu sonu görünməz yolda əsgər atamı həsrətlə gözlərdim. Bəzən boylanıb evimizə tərəf də baxardım. Qapımızda əsgər paltarlı adam görməyəndə ata həsrəti balaca ürəyimi əriməz buza döndərərdi.
Nənəm axşamlar daha çox əsəbi olurdu. Gün batıb qaş qaralanda o, özözünə kimisə danlayır, söyür, dcyinə-deyinə gəzinirdi. Axşamlar təknədən bir neçə çörək götürüb, dəstərxana büküb, pəncərə ağzına qoyurdu. Qalanını gizlədirdi.
… Gecənin ağır sükutunu qıran ayaq səsləri eşidilirdi. Gələn adam darvazaya yaxınlaşdı. Sonra qapını iki dəfə bərkdən taqqıldatdı. Qorxudan başımı yorğanın altına çəkdim. Bir az beləcə nəfəs almadan yorğanın altında gizləndim.
Qapı yenə iki dəfə bərkdən vurulanda:
– Nənə, ay nənə, – dedim.
– Can nənə, yat, qalanını səhər danışaram…
– Nənə, qapımızı döyürlər.
– Nə? Qapı?
Nənəm yuxulu gözlərini bir neçə dəfə qırpıb qapıya baxa-baxa dinmədi.
Yad adam qapını üçüncü dəfə vuranda, nənəm durub qalın şalını başına saldı.
Axşamdan dəstərxana büküb pəncərə ağzına qoyduğu çörəyi kiməsə verdi. Sonra deyinə-deyinə qayıdıb yerinə girdi. Ayaq səsləri qapıdan uzaqlaşdı. Bir qədərdən sonra at ayağının tappıltıları və kəsik-kəsik kişnərti səsi eşidildi.
Mən nənəmi bərk-bərk qucaqlayıb, gözümü qapıya zilləmişdim. Nənəm saçlarıma əl gəzdirib, alnımdan öpdü. Sakit, zorla eşidiləcək səslə:
– Yat, mənim balam, qorxma, rədd olub getdilər – deyə şikayətləndi. – Bunlar hamısı bir qaşıq qanından qorxan tülkülərdir. Gündüzlər meşədə gizlənib, gecələr çörək dilənirlər.
Nənəm ani olaraq dayanıb, kədərlə köks ötürdü. Yarıqaranlıq otağımıza düşən ay işığında onun nurani sifəti mənə daş kimi göründü.
– Kişisiz ev belədi. Əgər evdə başıpapaqlı olsaydı, onlar cürət edib bizə çörəyə gələ bilərdimi? Eh, bircə atan gəlib çıxsaydı. Sizi sağ-salamat ona tapşırıb, sonra rahatca ölərdim.
– Nənə, onlar kimdi ki?
O duruxdu. Heç nə dinib-danışmadı. Küsmüş kimi, üzünü yenə pəncərəyə tərəf döndərib, sualıma cavab vermədi. Bilmirəm, onlar kim idi, nəçi idi, hər axşam güc bəla ilə qazandığımız çörəyə ortaq çıxırlar.
Bir dəfə nənəm onlara çörək vermək istəmədi. Həmin adamlardan biri pəncərəni zərblə vurub, şüşəsini sındırdı. Tüfəngin lüləsini yarıya kimi içəriyə salıb, vəhşi bir səslə:
-Qarı, deyəsən əcəl səni hərləyir – dedi, – barı, yetimlərinə yazığın gəlsin.
Tez ol, çörək ver, yoxsa…
Nənəm əsə-əsə yerindən durdu…
Səhər bacılarım məktəbə, mən də quzu otarmağa ac getdik. Çöldə nə qədər yemlik, quzuqulağı yedimsə də çörək yadımdan çıxmırdı. Onun üçün burnumun ucu göynəyirdi. Toran qovuşanda evə gəldim. Acından ürəyim sıyrılırdı. Özümü təknənin üstünə saldım, bircə çörək vardı. Baxa-baxa qaldım. Bircə tikə kəsib yeməyə ürəyim gəlmədi. Çörəyə baxdıqca, nənəmin qayğılı çöhrəsi, bacılarımın arıq, çuxura düşmüş gözləri şirin iştahama acı zəhər qatdı. Kim bilir, nənəm bu çörəyi necə tapmışdı…
Axşam nənəm bircə qarğıdalı çörəyini dörd yerə böldü. O gecə yataqda nənəm o üz, bu üzə çevrilirdi. Gah da arxası üstə uzanıb bir müddət hərəkətsiz qalırdı. Mən başa düşürdüm ki, nənəm hirsindən yata bilmir. Gecənin lal sükutu ağır bir qurğuşun olub, bizim evə çökmüşdü. Başımda o qədər suallar dolaşırdı ki, nağıl istəyirdim, qorxumdan dinə bilmirdim. Nənəm lap bərk narahat idi. Mən bilirdim ki, indicə çörək üçün gələcəklər. O, naməlum adamlara verəcəyi cavab haqqında fikirləşirdi. Yenə lüləsi qaralan tüfəng boz üzünü göstərəcək.
Ağır addımlarla evimizə yaxınlaşan adam qapımızı iki dəfə taqqıldatdı, nənəm diskindi, mən daha da bərk-bərk nənəmə qısılıb, sakit səslə dedim:
– Nənə, bunların öz evləri yoxdur?
– Var, niyə yoxdu, evə gəlsələr, hökumət onları tutub aparar.
Nənəm də qorxudan pıçıltı ilə danışırdı.
– Niyə, ay nənə?
– Ona görə ki, onlar qaçaqdı, Vətən… Qapı yenə döyüldü.
– Ay bala, vallah, billah, bu axşam bircə tikədə çörəyimiz yoxdu. Sonra – ev tikən, evin yıxılsın – deyib, oğlunun qarasınca deyindi. – Hələ dedim ki, bu küməni köhnə dam yerində tikdir. Gətirib çıxartdı kəndin lap qırağına ki, yox, ay ana, bura yaxşıdı, meşəyə yaxındı, havası təmiz olar. Eh, anan ölsün, görən hardasan?..
Qapı bu dəfə vurulanda nənəm hirslə yorğanı üstündən atıb, yaşına yaraşmayan hərəkətlə qapıya doğru cumdu. Sərt hərəkətlə qara, uzun cəftəni qaldırdı. Qapını taybatay açıb qışqırdı:
– Gəlin, nə varsa aparın, od vurun, bu yetimlərin küməsini yandırın. Bir parça çörəyini boğazından kəsin. Yoxdu çörək. Yox, bir tikə də yoxdu. – Nənəm səsi gəldikcə bağırdı: – Alın, bu da çörək təknəsi, bax…
Nənəm birdən-birə qapı ağzında quruyub qaldı. Zəiflədi, süstləşdi. Taxta təknə əlindən düşüb iki yerə bölündü. Taqətsiz halda ay işığında əsən qollarını zorla irəli uzadaraq, “Oğul!” deyib atamın boynuna sarıldı.

ANAM MƏNİM

Ən gözəl ana o anadır ki, uşaqları atasız qalanda da, onlara atalarını əvəz edə bilsin.
Volfanq Höte

… Anam, zəhmətkeş anam. Gözümü açandan onun əllərini qabarlı, başına örtdüyü şalı qara görmüşəm. Əgər bacarsaydım, gəncliyimi ona bağışlar, qara saçlarımı onun ağ birçəklərinə dəyişərdim. Anam nədənsə həmişə qara geyinərdi.
Mənə elə gəlir ki, heç vaxt onun rəngbərəng paltarı, başında ağ yaylığı olmayıb.
Qonşumuz Gülşən xala ipək məxmərdən tikilmiş qəşəng, naxışlı paltarlar geyərdi. Onu görəndə kədərdən, qəzəbdən əhvalım tamam pozulardı. Gülşən xalaya acığım tutardı. Fikirləşərdim. Düşünərdim ki, anam niyə belə qəşəng paltarlar geyinmir. Axı mənim anam ondan yaşca cavan idi.
… Müharibə qurtardı. Anam kimi qara geyinən qonşularımız Əsmər xala da, Səyalı bibi də al-yaşıl geyindi. İndi kəndimizdə qadınların çoxusu qara paltarını cürbəcür rəngli paltarlarla əvəz etmişdilər. Həmişə idarənin yanındakı uca dirəkdən asılmış çantaya oxşar qabdan “müharibə”, “qoşunlarımız”, “cəbhə”, “hissələrimiz” sözləri əvəzinə indi şən, oynaq musiqi sədaları yayıhrdı.
… Bir dəfə, hələ müharibədən qabaq atamın aldığı qırmızı sandıqda anamın qat kəsmiş güllü paltannı gördüm. Öz-özümə dedim, yəqin, anamın yadından çıxıb, sevincək yerimdən durmaq istəyəndə başımın üstündə anamı gördüm. Tez-tələsik soruşdum:
– Ana, bu güllü paltarları qonşularımız kimi sən niyə geyinmirsən? Axı, müharibə qurtarıb.
O tutuldu. Yanaqları titrədi. Qaşları sərt bir ifadə ilə yuxarı dartıldı. Sanki indicə leysan yağış tökəcək qara bulud kimi doluxsundu. Heç nə dinib-danışmadı.
Kədərli gözləri qəmli-qəmli məchul bir nöqtəyə dikildi. Qabarlı, titrək əlləri ilə başımı sığallamağa başladı. Yaşarmış gözləri kədərlə, təşvişlə mənə baxdı. Sonra asta, ağır addımlarla evimizin baş tərəfində divardan asılmış atamın, əmilərimin, dayımın şəkilləri önündə gəlib dayandı. Vücudu titrədi, mənə elə gəldi ki, bütün kainat da onunla bərabər titrədi. Onun qara paltarı şəkillərin üzünə qara bir pərdə
kimi çəkilmişdi.
1970-ci il avqust

TARİXİN AĞ SƏHİFƏLƏRİ

azerbaycan-tarixi-1

1845-ci il sentyabrın 4-də istilaçı rus qoşunlarına qarşı general
Daniyal bəy Sultan İlisununun (1800-1870) döyüşçüləri mərdliklə
vuruşurdu. Rəssam N.Karatkinin “İlisu döyüşləri” əsəri

azerbaycan-tarixi-2

İlk hərbiyyə naziri, Tam artilleriya generalı Səməd bəy
Sadıq bəy oğlu Mehmandarov
(1855-1931)

azerbaycan-tarixi-3

Hərbiyyə nazirinin müavini,Tam artilleriya generalı
Əliağa Hacı İsmayıl oğlu
Şıxlinski (1865-1943)

azerbaycan-tarixi-4

Polkovnik Bəhram bəy Həbibbəyov (1884-1930)

azerbaycan-tarixi-5

General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920)

azerbaycan-tarixi-6

1919-1920-ci illərdə Qarabağın generalqubernatoru
Xosrov bəy Paşa bəy Sultanov (1879-1941)

azerbaycan-tarixi-7

1919-cu il aprelin 5-də Azərbaycan Milli Ordusunun Gəncədən Bakıya
girdiyi gün. İstiqlal küçəsi

azerbaycan-tarixi-8

Портрет Ген-м Исрафил бека Иедигарова. Место
сьемки Тифлис Фотограф (З.Вестли)

azerbaycan-tarixi-9

General Mirkazım xan Talışxanov, xanımım Məsumə xanım Yadigarova, oğlu Mirəli xan, qızı Sara bəyim və Züleyxa xanım. 1916-cı il.

azerbaycan-tarixi-10

Polkovnik Vəli bəy Yadigarov (1898-1973)
1921-1945-ci illərə Polşa ordusunda xidmətdə olarkən.

azerbaycan-tarixi-11

Sadıq bəy Yadigarov və xanımı
Olqa Russiya-Korçibaşeva 1912-ci il, Tiflis.

azerbaycan-tarixi-12

Abbasqulu bəy Yadigarov

azerbaycan-tarixi-13

Polkovnik İsrafilağa Məmməd ağa oğlu Yadigarov (1888-1944)

azerbaycan-tarixi-14

Cengiz Alkazak Hv. Ulş. Kd. Alb. 1938-1992

azerbaycan-tarixi-15

Süvari Korneti Osman ağa Şıxlinski (1841-1908)

azerbaycan-tarixi-16

Qiyas bəy Cahandar ağa oğlu Şıxlinski
(1895-1970) 27 avqust 1925-ci il, Dilican yaylağında

azerbaycan-tarixi-17

İkinci sırada soldan birinci Qiyas bəy və sağdan ikinci Alay bəy
Şıxlinski, 1927-ci il.

azerbaycan-tarixi-18

Xalq yazıçısı İsmayıl Şıxlı general Əliağa
Şıxlinskinin xatirə günündə çıxış edərkən.

azerbaycan-tarixi-19

Milli ordu generalı Cavad bəy Məmməd ağa oğlu Şıxlinski (1874-1959)

azerbaycan-tarixi-20

Sağdan 3-cü general-mayor Süleyman bəy Əfəndiyev
(05.10.1864-21.02.1919) Gəncə ziyalıları arasında

azerbaycan-tarixi-21

Polkovnik Rüstəm bəy Məmməd ağa oğlu Şıxlinski (1877-1920)

azerbaycan-tarixi-22

Ştabs-kapitan Qiyas bəy Şıxlinski

azerbaycan-tarixi-23

Vitse-admiral İbrahim bəy Allahveerdi bəy oğlu Aslanbəyov (1822-07.02.1901)

azerbaycan-tarixi-24

Poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov (1874-1915)

azerbaycan-tarixi-25

Защитники Портъ-Артура— изъ бригады генераль-Maiopa Ирмана. Группа офицеровъ- артилеристовъ во главъ со своимъ командиромъ Али-Ara Шахлинскимъ: Шишкинъ, Михайловъ, Карамышевъ, Гюнтертъ, Шулейкинъ. бухало. По фот. авт. “Нивы”.

azerbaycan-tarixi-26

Tаm artilleriya generalı Səmədbəy Mehmandarov 1916-cı il Birinci Dünya Müharibəsində.

azerbaycan-tarixi-27

Sadıq bəy Yadigarov

azerbaycan-tarixi-28

Qafqaz Canişinliyində saray müşaviri Ağabəy Yadigarov (1823-1892)

azerbaycan-tarixi-29

Sağdan 6-cı General Əsədulla bəy Yadigarov (1844-1903), 7-ci general Firidun bəy Vəzirov (1850-1925) qarşısında, ağ paltarda həyat yoldaşı Zeynəb xanım Cəlil qızı. 1879-cu il.

azerbaycan-tarixi-30

azerbaycan-tarixi-31

azerbaycan-tarixi-32

azerbaycan-tarixi-33

Şahzadə Bəhmən Mirzə Qacar (1811-1884)

azerbaycan-tarixi-34

Vəli bəy Sadıq bəy oğlu Yadigarov Birinci Dünya Müharibəsi

azerbaycan-tarixi-35

General Əmir Kazım xan Qacar (1853-1920)

azerbaycan-tarixi-36

Polkovnik Vəlibəy Yadigarov 1930-cu ildə Polşa ordusunda verilmiş şəxsi vəsiqə.

azerbaycan-tarixi-37

General-mayor Feyzulla Şəfi xan oğlu Qacar (1872-1920)

azerbaycan-tarixi-38

General Rzaqulu Mirzə Qacar

azerbaycan-tarixi-39

Ərçilbəy Sadıq bəy oğlu Yadigarov 1916-cı il, Qərb cəhhəsində.

azerbaycan-tarixi-40

General Əmənulla xan Qacar (1857-1937)

azerbaycan-tarixi-41

Хосров-Мирза персидский принцъ р. 1813-1875.

azerbaycan-tarixi-42

Rotmistr Əbdülhəmid bəy Qaytabaşı 1906-cı il, Peterburq

azerbaycan-tarixi-43

General Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10.06.1884-1920)

azerbaycan-tarixi-44

General-leytenant Məmməd bəy Sulkeviç (1863-1920).

azerbaycan-tarixi-45

Süvari generalı İbrahim ağa Musa ağa oğlu Usubov (1875-1920).

azerbaycan-tarixi-46

Firidun bəy Vəzirov və həyat yoldaşı Zeynəb Səlim qızı.

azerbaycan-tarixi-47

Polkovnik Daniyal bəy Abdulla bəy oğlu Həlləcov (1876-1920). Şəkil 1908-ci ildə Qars şəhərində çəkilib

azerbaycan-tarixi-48

Sağdan 3-cü general Həbib bəy Hacı Yusifoğlu Səlimov (1881-1920) general-qubernator Cavad bəy Məlikyeqanov və.b. Lənkəran ziyalıları. 10 avqust 1919-cu il.

azerbaycan-tarixi-49

General-mayor Firidun bəy Vəzirov (1850-1925)

azerbaycan-tarixi-50

General Əsədullah xan Əbülfəthzadə (?-1918)

azerbaycan-tarixi-51

Şahzadə Xosrov Mirzə Qacar

azerbaycan-tarixi-52

Port-Artur, 1905-ci il yanvarın 14-də polkovnik Hüseyn xan Naxçıvanskinin alayı Landunqoy kəndini azad edərkən. Rəssam V.V.Mazurovskinin əsəri.

azerbaycan-tarixi-53

Müsavat ordusunun zabitləri: ön cərgədə soldan proporşik K.İsmayılov, kapitan Bahadır bəy Vəkilov, M.Sadıqov, podpolkovnik Cəmşidxan Naxçıvanski, 2-ci cərgədə sağdan 3-cü general Murad Garay bəy Tlexas, kapitan Meydayev, 4-cü polkovnik Şirin bəy Kəsəmənli, 3-cü kapitan Heydər Vəzirov və.b. 1919-cu il.

azerbaycan-tarixi-54

Şahzadə -general Kamran Mirzə Qacar (1855- 1928)

azerbaycan-tarixi-55

Şahzadə-general Həsən xan Qacar (?-1855)

azerbaycan-tarixi-56

Port-Artur qəhrəmanı poruçik Ağababa Hacıbaba oğlu (1875- 1905)

azerbaycan-tarixi-57

Fətəli xan Qacar (1766-1834)

azerbaycan-tarixi-58

Şahzadə Abbas Mirzə Qacar (28.08.1789-25.10.1833)

azerbaycan-tarixi-59

Fətəli xan Şeyda (1784-1851)

azerbaycan-tarixi-60

Şahzadə Xosrov Mirzə Abbas Mirzə oğlu Qacar (1813-1875)

azerbaycan-tarixi-61

Podpolkovnik- şahzadə Əliqulu Bəhmən Mirzə oğlu Qacar (1854-1908)

azerbaycan-tarixi-62

Mayor İbrahim ağa Usubov (1875-1920)

azerbaycan-tarixi-63

Qambay Məmməd oğlu Vəzirov (1899-1937) – 77-ci Azərbaycan diviziyasının коmandiri. 1937-ci il oktyabrın 13-dən 14-nə keçən gecə güllələnmişdir.
Naxçıvan

azerbaycan-tarixi-64

Cəmşidxan Cəfərqulu xan oğlu Naxçıvanski (1895-1938) – komdiv. 1938-ci il avqustun 26-da “Troyka”nın şahidliyi ilə Moskvada güllələnmişdir.
Naxçıvan

azerbaycan-tarixi-65

Şəmistan Mahmud oğlu Əyyubov (1896-1937) – diviziy komissarı. 1937-ci il yanvarın 5-dən 6-na keçən gecə güllələnmişdir. S.Vurğunun “Komsomol poeması”nın qəhrəmanı.
Qazax

azerbaycan-tarixi-66

Cəlil Məşədipaşa oğlu Əliyev (1905-1938)- qərargah rəisi. 1938-ci il yanvarın 3-dən 4-nə keçən gecə güllələnmişdir. Mayor.
Şəmkir

azerbaycan-tarixi-67

Məmməd Kərim oğlu Veysov (1900-1972) – polkovnik. 37-ci ildə həbs olunmuş, 9 il Sibir sürgünü çəkmişdir.
Şamaxı

azerbaycan-tarixi-68

Qalib bəy İbrahimağa oğlu Vəkilov (1888-1937) – polkovnik. 1937-ci noyabrın 15-dən 16-na keçən gecə güllələnmişdir.
Qazax, Tbilisi

azerbaycan-tarixi-69

Seyfulla Hacı Rüstəm oğlu Mehdiyev (1902-1937) – polkovnik. 1937-ci il oktyabrın 13-də güllələnmişdir.
İsmayıllı, Lahıc kəndi

azerbaycan-tarixi-70

Heydər Sadıqoğlu Vəzirov (l893-1937) – komissar. 1937- ci il oktyabrın 13-dən 14-nə keçən gecə güllələnmişdir.
Naxçıvan

azerbaycan-tarixi-71

Soltanhəmid Cəbrayıl oğlu Paşayev (1898-1938) – hərbi komissar. 1938-ci il yanvarın 3-dən 4- nə keçən gecə güllələnmişdir.
Şamaxı

azerbaycan-tarixi-72

Murtuz Heydər oğlu Talıbzadə (1902-1938) – polkovnik. 1938-ci il yanvarın 8-dən 9-na keçən gecə güllələnmişdir.
Bakı

azerbaycan-tarixi-73

Cabir Əmrulla oğlu Əliyev (1902- 1937) – 77-ci Azərbaycan atıcı diviziyasında briqada komissarı. 1930-cu ildə Leninqradda N.T.Tolmaçov adına Hərbi-Siyasi Akademiyanı bitirmişdir. 1937-ci il oktyabrın 13-də güllələnmişdir.
Bakı

azerbaycan-tarixi-74

Mehdibəy Eynalı oğlu Sultanov (1880-1937) – polkovnik. 1918-ci ildə Bayılda yerləşən Göyçay piyada alayının komandiri. 1920-ci ildə isə Azərbaycan diviziyasında 3-cü alayın komandiri. 1937-ci il iyulun 26-dan 27-nə keçən gecə güllələnmişdir.
Gəncə

azerbaycan-tarixi-75

Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-1938). Hərbi yazıçı, Azərbaycan Dağ-atıcı dviziyasının коmissarı. 1938-ci il yanvarın 8- dən 9-na keçən gecə gülələnmişdir. “Laçın”, “Cəsusun yardımçısı”, “Yüz iyirmidən ikisi” və b. əsərlərin müəllifidir. “Qızıl əsgər” qəzetində və “Azərbaycan Hərbi nəşriyyat”ında şöbə rəisi olub.
Şamaxı

azerbaycan-tarixi-76

Həsən Paşa oğlu Rəhmanov (1902- 1938) – komissar. 1922-ci ildən “Savadlı Qırmızı Əsgər” və “Hərbi bilik” jurnallarının məsul redaktoru olmuşdur. 1930-cu ildə “Azərbaycan Dağ-Nişançı diviziyasının on illiyi” kitabçasını nəşr etdirmişdir. 1938-ci ildə həbs edilib güllələnmişdir.
Bakı