Kəlbəcər rayonu: Əsirlikdə olan tarixi Azərbaycan abidələri

Kəlbəcər rayonu: Əsirlikdə olan tarixi Azərbaycan abidələri

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir.
Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir.
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir.
Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.

Gəncəsər monastır kompleksi

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı Qafqaz Albaniyası katolikoslarının iqamətgahı olmaqla yanaşı Alban knyazları Cəlalilərin və katolikosların türbəsi də olub.
Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.
Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların bir sıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216—1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur.
Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur.
Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.
Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian memarlığının şah əsəridir. 1511-ci ildən Gəncəsər monastırı Alban katolikoslarının iqamətgahı olub. 1836-cı ildə ermənilər Rusiya imperatorunun fərmanı ilə Alban katolikosluğunun ləğv edilməsinə və alban kilsələrinin Eçmiədzin katolikosluğuna tabe etdirilməsinə nail oldular. Sonra isə tarixi saxtalaşdıraraq alban dini abidələrini erməni dini abidələri kimi dünyaya təqdim etməyə başladılar.
Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Gəncəsər monastırını ermənilər “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edirlər.

Xudavəng monastır kompleksi

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.
Əfsanəyə görə Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.
Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları vardır. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirmişdir. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər.
Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir.
Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.
Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar.

İstisu

Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur.
Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılıb. Kurort tikililəri isə 1920-ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir.
Sanatoriya 1993-cü il aprel ayına – Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərmişdir.

Kəlbəcər tarix diyarşünaslıq muzeyi

Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan zəngin bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdii. Mütəxəssislər Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparmışdılar.
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, həmin vaxt Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır.

Lev qalası

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır.
Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır — Qaravul dağı. Qaravul dağından isə başqa bir qala- Comərd qalası görünür. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir.
Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.