Sputnik-ə FM-də yer verilməsi suallar doğurub

Azərbaycanda Moskvada mərkəzlənən "Rossiya segodnya” beynəlxalq informasiya agentliyinin layihəsi olan Sputnik Azərbaycanın radio kimi xəbər yayımına başlaması suallar doğurub.

Maydan bəri informasiya portalı kimi fəaliyyət göstərən Sputnik Azərbaycan iyulun 3-də bəyan edib ki, Araz radiostansiyası dalğasında (103.3 FM) həftədə 5 dəfə azərbaycanca xəbər yayımına başlayacaq.

2009-cu ildən bəri Azərbaycanda xarici media qurumlarının, o cümlədən BBC Azərbaycancanın radio yayımı qanunvericilikdə edilmiş dəyişiklərə əsasən dayandırılıb və hökumət, milli tezliklərdə yalnız yerli radioların fəaliyyət göstərə biləcəyini deyib.

Hərçənd ki, indi "Kremlyönlü KİV-in yayımına razılıq" verilib, yerli media təhlilçiləri yazıb.

Ad və sayt dizaynı ilə beynəlxalq Sputniklə oxşar olan Sputnik Azərbaycan nümayəndələri deyir ki, bu qurum yerli hüquqi qeydiyyatı olan Novosti Azərbaycan MMC-ə aiddir.

"Sputnik Beynəlxalq İnformasiya Agentliyi Rossiya Seqodnyanın tərkibində layihədir, Rossiya Seqodnya tender keçirib və mən 4 namizəd göndərmişəm Moskvaya, onlar arasında Novosti Azərbaycan tenderi uddu, çünki qiyməti azaltmışdı", Sputnikin Azərbaycandakı rəhbəri Əziz Əliyev BBC Azərbaycancaya bildirib.

Cənab Əliyevin sözlərinə görə, Novosti Azərbaycan Rossiya Seqodnya ilə müqavilə ilə işlədiyindən Sputnik də o müqaviləyə əsasən informasiya təminatı göstərir.

2006-cı ildən Novosti Azərbaycan İnformasiya Agentliyi Rusiyanın RİA-Novosti agentliyi ilə "sıx əməkdaşlıq etmək məqsədilə" yaradılıb.

Radio yayıma gəldikdə isə, cənab Əliyev qeyd edir ki, bu, Araz radiosu ilə Sputnik Azərbaycanın birgə layihəsidir və azərbaycanca yayımlanır.

Veriliş bu sözlərlə başlayır: "Araz və Sputnik Azərbaycan xəbərləri təqdim edir. Sputnik - başqalarının demədiyini biz deyirik".

Araz FM-ın adını çəkməyən nümayəndəsi BBC Azərbaycancaya deyib ki, radio ilə Sputnik arasında müqavilə bağlanıb.

"Xəbər buraxılışlarını birgə layihə olaraq onlara vermişik, yalnız Sputnik adı olaraq xəbərləri çatdıra bilirik".

Bu baxımdan, Mili Tele-Radio Şurasının sözçüsü Toğrul Məmmədov BBC Azərbaycancaya bildirib ki, Sputnik Azərbaycan layihəsinin Araz FM-lə birgə layihəsi qanunvericiliyə uyğun yerinə yetirilir.

"Layihənin adı ona görə belə qoyulub ki, xəbər buraxılışları Rusiyada yaşayan azərbaycanlılar üçündür, Sputnik Azərbaycanın Sputnik İnternationalla əlaqəsi yoxdur", cənab Məmmədov əlavə edib.

Ancaq sputnik.az saytında Sputnik International və onun Türkiyə, Almaniya və Qırğızıstan saytlarına da keçid var və dizayn baxımından bu saytlar eynidir.

Sputnik İnternational-ın saytında 25 mayda verilən məlumatda yazılır ki, Sputnik multimedia xəbər agentliyi Azərbaycanda xəbər portalını açır, rusca və azərbaycanca fəaliyyətə başlayan portal Sputnikin digər dillərdə olan informasiya resurslarına informasiya təminatı verəcək.

Sputnik layihəsi isə qlobal media məkanında fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb və təxminən 30 dildə yayımlanır.