ELM VƏ TƏHSİL


Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin doğum günüdür

Bakı, 8 fevral, AZƏRTAC 

Mexanika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Yusif Əmənzadə 1914-cü il fevralın 8-də Bakıda anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində Y.Əmənzadə elmlər namizədi və elmlər doktoru dərəcələrini alıb.

1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışan Y.Əmənzadə 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1972-ci ildə SSRİ-nin mexanika üzrə Milli Komitəsinin üzvü olub.

Qeyd edək ki, Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Y.Əmənzadə qoyub. Bircins elastik mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri sahəsində alim tərəfindən əsaslı nəticələr alınıb, yeni həll üsulları tapılıb və bu məsələlərin ədədi həlli verilib.

Y.Əmənzadə xarici alimlərlə birlikdə məsələlərin həlli prosesində xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk azərbaycanlı alim olub. Boşluğa malik yarımmüstəviyə ştampın təsiri məsələsi Y.Əmənzadə tərəfindən qoyulub və həll edilib. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsulunu verib və laylı müxtəlif cinsli elastiki cisimlər üçün analitik həll üsulunu inkişaf etdirib. Onun axırıncı tədqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilib.

Y.Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklik nəzəriyyəsinin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi, həmçinin “SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələlərinin həlli” monoqrafiyasının həmmüəllifi olub. Alim 150-dan çox elmi məqalə dərc etdirib, 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirib.

Y.Əmənzadə 1982-ci ildə Bakı şəhərində vəfat edib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi mexanika sahəsində tanınmış alim Y.Əmənzadənin xatirəsini daim dərin hörmətlə anır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.