Ankara hücumu qırıq xəttləri ortaya çıxardı

İbrahim Kalın, “Daily Sabah", 20.02.2016

436314
Ankara hücumu qırıq xəttləri ortaya çıxardı

Beynəlxalq cəmiyyətin son 4 il ərzində Suriya xalqını qorumaqla bağlı böyük uğursuzluğu 21-ci əsrin ən qanlı müharibəsinə və ən faciəli insan böhranına gətirib-çıxarıb. Artıq DEAŞ-a (İŞİD-ə) qarşı mübarizə adı altında terrorçu qrupları dəstəkləyənlər getdikcə pisləşməkdə olan vəziyyətə yardım edirlər.

Ankarada 17 fevralda törədilən terror hücumu 28 nəfərin həyatını alıb və 60-dan çox insanın yaralanmasına səbəb olub. Türkiyə 80-ci illərdən bəri PKK və buna bənzər terror təşkilatlarıyla döyüşdüyü üçün bu cür terror hərəkətləri ona yad deyil. Ancaq 17 fevral hücumu bir çox baxımdan birinci belə hadisə idi. PKK, onun Suriya qolu PYD (Demokratik Birlik Partiyası) və silahlı qolu YPG-yə (Xalq Müdafiə Birlikləri) qarşı döyüşdə Türkiyənin bu hücuma cavabı olacaq. Bu həm də Ankaranın Suriya müharibəsinə dair mövqeyinə də təsir edəcək.

Hal-hazırki məlumata görə, hücum YPG tərəfindən törədilib. İntihar bombaçısı Saleh Nəcər (Najar) Türkiyəyə 2014-cü ildə PYD idarəsindəki Haseki-Kamışlı bölgəsindən girib. Həm də bu hücum PKK-nın da daxil olduğu çətir təşkilat olan Kürdüstan Topluluklar Birliyi (KCK) rəhbərləri ilə Türkiyə şəhərləri Cizre, Silopi, Sur və Nusaybində intihar hücumlarını PKK-nın edib-etməməsi barədə həftələrdir davam edən müzakirələrdən sonra baş verib.

PKK son iki ayda təxminən 1000 üzvünü itirib, bunların bir hissəsi intihar hücumları nəticəsində ölüb. Təşkilat içində başqa bir qrup isə intihar hücumu fikri ilə PKK-nı DEAŞ-a bənzətməyi PKK üçün pis reklam hesab edir.

Bundan başqa, Ankara intihar bombaçısının məmləkəti olan Suriyanın Amude şəhərində PYD və YPG terrorçuları bir neçə mətbuat orqanı vasitəsilə Türkiyəyə qarşı müharibə elan edib. Hücumdan bir həftə əvvəl - 10 fevralda yayımlanan bir videoda (http://www.dailysabah.com/war-on-terror/2016/02/18/footage-shows-pydypg-declaring-war-on-turkey-in-syrias-amude-hometown-of-ankara-bomber) təşkilatın üzvləri deyir: "Biz Amude camaatı olaraq bundan sonra var olan hər cür vasitəsilə xalqımızın hüquqlarını qoruyacağıq. “The Asayish", YPG (Xalq Müdafiə Birlikləri), YPJ (Qadınları Qoruma Birliyi) və HPJ (Qadınları Müdafiə Qüvvəsi). Onlar Türkiyədə fəaliyyət göstərən PKK-nı da nəzərdə tutaraq bunu söyləyirlər: "Qərbi və Şimali Kürdüstanda yaşayan xalqlarımızla birlikdə Ərdoğanı öz qanında boğacağıq".

KCK Baş rəisi Murat Karayılan isə deyib: “Ankaradakı bombalı hücum Türkiyədəki PKK və Suriyadakı Azez yaxınlığındakı YPG mövqelərinə edilən təhlükəsizlik əməliyyatlarına qarşı bir intiqam hesab edilə bilər".

Suriya Demokratik Qüvvəsinin ana xətti YPG-li döyüşçülərdən ibarətdir. Hücumun məsuliyyətini açıq-aşkar boyunlarına almasalar da, dəlillər göstərir ki, hücumun arxasında YPG var. Hal-hazırki böyük ehtimalla bu hücumun özlərinə qazandırdığı pis reklamdan indi də özlərini qorumağa çalışırlar.

Bu hücum Türkiyənin həm Türkiyədə, həm də Suriyada terrora qarşı apardığı mübarizədə istiqamətini dəyişməyə, yəni böyük dəyişikliklərə yol açacaq. Dövlətin aparıcı məmurları “Türkiyə mütləq cavab verəcək: istər Türkiyə, istər Suriya, istərsə də Şimali İraqdakı Qəndil dağında olsun, sona qədər gedəcək", deyir.

Bu əsnada YPG Suriyadakı döyüşü öz xeyrinə dəyişməyə davam edir. DEAŞ-a qarşı müharibə adı altında həm ABŞ, həm Rusiya, həm də Suriya lideri Bəşər Əsəd rejiminə qarşı hərəkət edir. Rusiyanın hava və ABŞ-ın Levazım dəstəyi ilə YPG müxalifət qruplar tərəfindən nəzarət edilən bölgələrə doğru irəliləyir. Əsəd rejimi indi bunu açıq bildirir: “Hakimiyyət Suriyanın şimalındakı YPG-ni silah və sursatla təmin edir ki, Hələbin şimalına rejimin xeyrinə nəzarət edə bilsin". (http://aa.com.tr/en/politics/ Syria-government-declares-support-for-PYD / 522426.)

Bu məlumatların işığında Türkiyə çox haqlı olaraq YPG-yə güc verən ABŞ dəstəyinə qarşı reaksiya göstərib.

24 noyabr 2015-ci ildə Rusiya döyüş təyyarəsinin salınmasından sonra Türkiyəyə qarşı hər şeyi və hər kəsi istifadə etmək istəyən rusların YPG-ni dəstəkləməsi səbəbsiz deyil. Ancaq bəziləri bu siyasətin cavabını Türkiyə içində axtarır.

Bütün bu sadalananları müqayisə edərkən görürük ki, DEAŞ-a qarşı həyata keçirilən strategiya müəmma dolu və tapmaca kimidir: YPG DEAŞ-a qarşı döyüşən müxalifətə hücum edir, DEAŞ gücünü və əməliyyat vəziyyətini qoruyur, Əsəd rejimi isə günü gündən güclənir.

Rusiya özünü diplomatiya yürüdən kimi göstərsə də, hərbi qırıcı təyyarələri Suriya qəsəbə və şəhərlərini bombalayır. Keçən ilin dekabrından bu yana hər atəşkəs razılaşmasını pozub, hava hücumlarını Münhen Bəyannaməsindən sonra belə davam etdirir. Bu günə qədər 2 mindən çox Suriya vətəndaşı Rusiya hava hücumlarında həyatını itirib.

Bu vəziyyət göstərir ki, DEAŞ məğlubiyyətə uğradılsa belə Suriya müharibəsinin tezliklə sona çatacağına ümid vermir. Rusiya və İranın dəstəyini alan Əsəd rejimi Suriya xalqına qarşı döyüşür. Və bu da daha çox qan tökülməsi, daha çox müharibə cinayətləri və daha çox qaçqın deməkdir.



Әlaqәli Xәbәrlәr