MƏDƏNİYYƏT


“Mayak” və “Ağ qan” qısametrajlı filmlərinə baxış keçirilmişdir

Bakı, 8 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də “Nizami” Kino Mərkəzində “Mayak” və “Ağ qan” qısametrajlı filmlərinə baxış keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, filmlərin nümayişindən əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirmişdir ki, ittifaqın idarə heyətində gənclərlə iş komissiyasının yaradılması barədə qərar qəbul olunmuşdur. Sentyabrın 1-də keçirilmiş “dəyirmi masa”ya gənclər də dəvət edilmiş və kinematoqrafa gələn gənclərin işlərinin tamaşaçılara təqdim edilməsi istiqamətində mütəmadi olaraq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün təqdim olunan filmlər həmin tədbirlər çərçivəsindədir.

Vurğulanmışdır ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ittifaqın gənc rejissorlarının əsərləri beynəlxalq film festivallarına da göndəriləcəkdir.

Sonra C.Quliyev “Mayak” və “Ağ qan” qısametrajlı filmlərin yaradıcı heyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, “Mayak” filminin rejissoru indiyədək filmləri bir çox beynəlxalq festivallarda uğurla nümayiş olunan Fariz Əhmədovdur. Filmin ssenari müəllifi Esmira Əyyub, quruluşçu rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Məmməd Səfa, Ər Toğrul, Gülzar Qurbanova, Elşən Rüstəmov və başqaları çəkilmişlər.

“Ağ qan” filminin quruluşçu rejissor və ssenari müəllifləri Xəyyam Abdullayev və Elməddin Alıyev, rəssamı İbrahim Kərimov, bəstəkarı Xəyal Məmmədovdur. Rollarda Svetlana Hakimova, Vaqif Kərimov çəkilmişlər. Film müxtəlif beynəlxalq festivallara dəvət almışdır.

Tanınmış yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərlə bağlı işinin onların yaradıcılığına geniş imkanlar açacağını bildirmiş, təşkilatın yeni yaradılmasına baxmayaraq artıq bir çox mühüm tədbirlər keçirildiyini diqqətə çatdırmışdır.

“Mayak” filmində 3 yaşından sonra atasını görməyən Akifin qəflətən həyatına daxil olan atalığı Ənsarini qəbul etmədiyi və onlar arasında yaranan münasibətlərdən bəhs olunur. Atalıq narkoman oğlunu sağaltmaq məqsədi ilə onu məcburən Mayakın yerləşdiyi adaya aparır. Oğlan isə hər yolla onun yanından baş götürüb qaçmaq, öz istəyinə uyğun yaşamaq istəyir. Get-gedə oğlunda özünü tanıyan Ənsarinin içində atalıq hissləri oyanır. Amma artıq gecdir. İndi bu hisslər Akif üçün heç bir əhəmiyyət daşımır və nəticədə Ənsarinin ona təklif etdiyi “Mayak” həmişəlik sönür.

“Ağ qan” filmində isə ölüm yatağında olan qocanın son istəyinin qarısı tərəfindən müdrikliklə həyata keçirilməsindən bəhs olunur. Film çıxış yolu olmayan heç bir çətin vəziyyətin olmadığı ideyasına xidmət edir.

Filmlər böyük maraqla izlənilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.