MƏDƏNİYYƏT


Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi “Baharın səsi” adlı konsert proqramını təqdim edib

Bakı, 26 mart, AZƏRTAC

Novruz bayramı ərəfəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi “Baharın səsi” adlı ikihissəli konsert proqramını təqdim edib.

AZƏRTAC xəbər verir ki, konserti Xalq Artisti Fidan Hacıyeva dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə açdı.

“Ave Maria”, “Yesterday”, “Şən Azərbaycan”, “Santa Lucia” və digər əsərlər fidan balaların və gənc istedadların ifasında

Fidan Hacıyevanın çıxışından ruhlanan Vokal Musiqi Məktəbinin tələbələri bir-birinin ardınca səhnədə öz məharətlərini göstərdilər. Beləliklə, beynəlxalq müsabiqələr laureatı Sevil Əsədullayeva “Ave Maria” (“Pərvərdigara”, Fərhad Bədəlbəyli), Hüseyn Əliyev “Yesterday” (Pol Makkartni), Rəna Cəfərzadə “Şən Azərbaycan” (Polad Bülbüloğlu), Orxan Şərifov “Santa Lucia” (Neapolitan xalq mahnısı), Aylin Qasımova, Selcan İsazadə, Məryəm Səfərova, Leyli İbrahimova “Qızların mahnısı” (Tofiq Quliyev), Leyla Qürbətova “Kansonetta”, beynəlxalq müsabiqələr laureatı Əli Abdullayev “Despasito”, Leyli İbrahimova “Gözəlim, yar gözəlim” (“Arşın mal alan” operettasından), Xədicə Əhmədova “Ana” (Sevil Əliyeva) və digər əsərləri səsləndirdilər.

Qeyd edək ki, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələri arasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının “World Harmony” adlı I Beynəlxalq Müsabiqəsinin laureatları da var. Belə ki, onlar kiçik yaşlı məktəblilər kateqoriyasında birinci, böyüklər arasında ikinci yerə layiq görülüblər. Həmin müsabiqənin münsiflər heyətində Tbilisi Dövlət Konservatoriyasının vokal müəllimi, professor Tamar Sarvazaşvili də olub.

“Baharın səsi” adlı konsertdə, Vokal Musiqi Məktəbinin digər tələbələrindən, həmçinin Adnan Əsgərzadə, Melisa Ağacanova, Selcan İsazadə, Məryəm Səfərova, Zöhrə Dəmirbağ, Tamerlan Ağayev, Orxan Şərifov, Ariz Əliyev, Cavidan Ağayev və başqaları Avropa klassik musiqisini, Türkiyə, Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Müslüm Maqomayev və başqalarının əsərlərini ifa ediblər.

Azərbaycanda ilk özəl musiqi məktəbi

Vokal Musiqi Məktəbini Xalq Artisti Fidan Hacıyeva bir il yarım öncə yaradıb. Burada 6 yaşından başlayaraq uşaqlar, yeniyetmələr, gənclər, böyüklər sənətin sirlərini öyrənirlər. “Həmişə arzu etmişəm ki, davamçılarımız olsun, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini həm ölkəmizdə, həm də xaricdə tanıtsınlar”, - söyləyir Fidan Hacıyeva.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində professor Hüseyn Əliyevin sinfində təhsil almış, İtaliyada Bruno Balioninin yanında üç il ustad dərsi keçmiş Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin yaradılmasında onu dəstəkləyən Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edir. Bu, Azərbaycanda ilk özəl musiqi məktəbidir.

Biz bir ailəyik

Xalq Artisti Fidan Hacıyevanın tələbələri ilə duetləri “Baharın səsi” konsert proqramının ən yaddaqalan məqamlarından olub.

Vokal Musiqi Məktəbinin 60 yaşlı şotlandiyalı tələbəsi Bob Petrinin çıxışı tamaşaçılara sevgi dolu anlar yaşadıb. Türkiyədən Emre Yücelen və Serdar Şengülün ifasında Çanaqqala qələbəsi ilə bağlı mahnı xüsusi alqışlarla qarşılanıb.

Qeyd edək ki, məktəbin tələbələri sırasında musiqi təhsili olanlarla yanaşı, ayrı-ayrı sahələrdə çalışan, lakin vokal ifanı sevən, bu sənəti gələcəkdə davam etdirmək istəyənlər də var. “Biz bir ailəyik”, - deyən pedaqoq Arzu Qurbanova Vokal Musiqi Məktəbində sənətin sirlərini tələbələrlə bölüşür. Qeyd edək ki, onun özü də ilk dəfə səhnəyə Fidan Hacıyevanın dəstəyi ilə çıxıb. Arzu Qurbanovanın konsertdə tələbəsi Tural Tağıyevlə oxuduğu “Yaşın nə fərqi var” dueti də maraqla dinlənilib.

Beləliklə, konsert proqramı həm iştirakçıların çıxışları, həm də səhnə dekorasiyası ilə salona əsl bahar ətri, təravəti gətirib.

Sonda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi kollektivinin birgə ifa etdiyi “Azərbaycan” mahnısını tamaşaçılar ayaq üstə alqışlara qarşıladılar.

“Baharın səsi” adlı proqramın konsertmeysteri Şahin Yəhyazadə və Leyla Əliyeva olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.