1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon xəttinin çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru Pozenə müraciət etmişdir və fevralın 18-də icazə almışdır. Həmin ilin 6 dekabrında Azərbaycanda uzunluğu 6 km olan, Nobellərin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilmişdir. Rəsmi olaraq bu, Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin tarixə təsadüf edir.

Lakin bəzi mənbələrə görə, Azərbaycanda ilk telefon xətti 1880-ci ildə “Qafqaz və Merkuri” paroxod cəmiyyəti tərəfindən inşa edilmişdir. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontorla Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirmişdir. [https://mincom.gov.az/az/view/pages/3/]

26 may 1886-cı ildə Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın taciri Qustav List arasında müqavilə bağlanmışdır. İlk telefon qovşağı indiki Y.Məmmədəliyev küçəsində (indiki Molokan bağının yaxınlığında) yerləşirdi. Həmin illərdə telefon şəbəkəsinin 40 istifadəçisi olmuşdur. Artıq 1896-cı ildə abunəçilərin sayı 530-a, 1900-cü ildə isə 1100-ə çatmışdır. [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]

Telefon xətlərinin əvvəlcə binaların damları və divarları boyunca çəkilməsi planlaşdırılırdı. Lakin List ev sahiblərinin razılığını almadan telefon dirəklərini quraşdırmağa başladı. İşıq dirəkləri ona mane olurdusa, onları çıxarıb yerinə telefon dirəklərini quraşdırırdı. Buna görə şəhərin bəzi küçələri işıqsız qalmışdı.

Telefon rabitəsi “Ericsson” firmasının kommutatorlarından istifadə etməklə həyata keçirilirdi. Kommutatorlar telefonçu qadınlar tərəfindən idarə olunurdu. O zaman bu peşə nüfuzlu hesab edilirdi. Buraya ən azı 165 sm boyu olan subay xanımlar işə qəbul olunurdu. Namizədlər əla yaddaşa malik olmalı (rəqəmləri, abunəçilərin adlarını, vəzifələrini və titullarını yadda saxlamaq üçün) və xarici dilləri bilməli idilər. Bu, 1932-ci ildə Bakıda avtomatik telefon stansiyaları (ATS) işə salınana qədər davam edirdi. [https://azerhistory.com/?p=10081]