Modern.az

"Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO

Ölkə

5 Yanvar 2024, 15:55

Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Fevralın 7-də keçirəcək seçkilərlə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək. Bülletenlərdə namizədlərin soyadı, adı və atasının adı əlifba sırası ilə göstəriləcək.

 

Qeyd edək ki, Azərbaycanda keçirilən seçkilərdə hər seçici bir bülletendən istifadə edir. Ancaq 1995-ci ildə keçirilən seçkilərdə hər seçiciyə 3 bülleten təqdim edilmişdi.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq 1995-ci illə bağlı maraqlı məqamları təqdim edir.

 

1995-ci ilin noyabr ayında eyni gündə Azərbaycanda parlament seçkiləri və referendum keçirilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanan konstitusiya layihəsi səsverməyə çıxarılmışdı. Parlament seçkiləri isə qarışıq üsulla keçirilirdi. Yəni, Milli Məclisin 125 üzvündən 25-i proporsional qaydada, qalanı majoritar sistemlə seçilirdi.

 

Vahid çoxmandatlı seçki dairələri üzrə parlamentə keçid baryeri 8 faiz nəzərdə tutulmuşdu. Müxalifət partiyaları və bir sıra beynəlxalq ekspertlər bu həddi yüksək hesab edirdilər və baryeri 5 faizə endirməyi təklif edirdilər. Ancaq təkliflər qəbul edilmədi. Bu məsələ 2000-ci il seçkilərində də gündəmə gəldi və nəticədə keçid baryeri 6 faizə endirildi. Partiya və bloklar proporsional seçkilərdə iştirak etmək üçün 50 min seçici imzası toplamalı və həmin imzalar respublika üzrə seçki dairələrinin ən azı yarısını əhatə etməli idi. Majoritar sistem üzrə seçkilərdə iştirak etmək istəyənlər isə müvafiq seçki dairəsi üzrə 2 min imza toplamalı idi.

 

Fotoda: Proporsional seçkilərdə partiyaların təqdim etdiyi namizəd siyahıları

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, həmin vaxtda qeydiyyatda olan 18 partiyadan yalnız 8-i seçkilərə buraxılıb, qalanlar isə seçici imzalarının saxta olması səbəbilə bu hüquqdan məhrum edilib. Seçkiyə buraxılmayanlar arasında Müsavat da var idi. Partiya MSK-nın qərarını məhkəməyə daşısa da, nəticə əldə edə bilmədi.

 

Proporsional sistem üzrə seçkiyə bu partiyalar buraxılmışdı: YAP, AXCP, AMİP, Ana Vətən (Fəzail Ağamalı), Azərbaycan Naminə Alyans (Abutalıb Səmədov), Demokratik İstiqlal (Vaqif Kərimov), Demokratik Sahibkarlar (Mahmud Məmmədov) və Milli Dövlətçilik (Nemət Pənahlı) partiyaları.

 

Hakim partiyanın proporsional siyahısına akademik Ziya Bünyadov rəhbərlik edirdi. Siyahıda Murtuz Ələsgərov, Əli Nağıyev, Fuad Quliyev, Eldar İbrahimov, Əli İnsanov kimi şəxslər də var idi. İlham Əliyevin namizədliyi isə təkmandatlı  14 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüşdü.

 

Əbülfəz Elçibəy seçkilərdə iştirak etmədiyi üçün AXCP-nin siyahısına Əli Kərimli başçılıq edirdi. Partiyanın siyahısında Mirhahmud Fəttayev, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Arif Paşayev, Fərəc Quliyev və sair şəxslərin adları yer almışdı.

 

Etibar Məmmədovun rəhbərlik etdiyi AMİP-in siyahısında Nazim İmanov, Şadman Hüseynov, Vaqif Hüseynov kimi siyasətçilər var idi.

 

Fotoda: Seçicilərə təqdim edilən seçki bülletenləri

 

Beləlikə, seçicilərə səsvermə zamanı 3 bülleten təqdim edilmişdi. Vətəndaşlar bülletenlərin biri ilə yeni konstitusiyaya hə və ya yox deyirdi. Bülletendə vətəndaşlardan sadəcə bir sual soruşulurdu: "Siz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Komissiyanın hazırladığı və təqdim etdiyi ilk milli konstitusiya layihəsinin Azərbaycan Respublikasının Konstitusiyası olaraq qəbul edilməsinə razısınız mı?"

 

Seçicilərə təqdim edilən digər iki bülletendən biri partiyalara, digərləri isə ayrı-ayrı namizədlərə səs vermək üçün istifadə olunurdu.

 

MSK-nın elan etdiyi rəsmi nəticələrə görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 milyon nəfər) iştirak etmişdi. Əhalinin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi.

 

Proporsional sistem üzrə yerlərin əksəriyyətini YAP əldə etdi - 62,7 faiz səs və 19 deputat yeri. AXCP (9,7 faiz) və AMİP (9,3 faiz) hərəyə 3 mandat qazandılar. Majoritar sistem üzrə isə 99 dairədən (42 saylı Xankəndi dairəsi üzrə seçki keçirilmirdi) 71-də qaliblər birinci turda məlum oldu. 20 dairədə ikinci tur (noyabrın 26-da), 8 dairədə isə yeni seçkilər (1996-cı il fevralın 6-da) keçirilməli idi.

 

Noyabrın 26-da 20 seçki dairəsində ikinci tur səsverməsi (daha 8 dairədə seçkilərin nəticəsi ləğv olunmuş və yeni seçkilər təyin edilmişdi) keçirildi və 13 dairə üzrə deputatlar bəlli oldu. 7 dairədə isə seçkilər baş tutmamış sayıldı. 1996-cı il fevralın 4-də ümumilikdə 15 dairədə yeni seçkilər keçirildi və 124 nəfərlik parlament (42-ci Xankəndi dairəsi istisna olmaqla) tam tərkibdə formalaşdı. 

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Laçında faciə: Hərbçilərimiz həlak oldu