İmişlidə “Xalq sözü” qəzetinin 80 illik yubileyi qeyd olunmuşdur

 

 

İmişlidə “Bölgə həyatı və yerli media” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Heydər Əliyev Mərkəzində reallaşdırılan tədbir rayonda nəşr edilən “Xalq sözü” qəzetinin 80 illik yubileyinə həsr olunmuşdur.

Azərbaycan Mətbuat Şurasından (MŞ) AzərTAc-a bildirmişlər ki, mövzu ətrafında müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri, MŞ-nin, Milli Televiziya və Radio Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirləri iştirak etmişlər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüşlər.

Qonaqlara İmişlidə gedən quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Onlar şəkər zavoduna və digər sənaye müəssisələrinə baxmış, abadlıq işləri ilə tanış olmuşlar. 

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bölgə həyatının işıqlandırılmasında yerli KİV-lərin müsbət rolundan danışmışdır. O, İmişli ilə yanaşı, daha 20 bölgədə, qonşu Türkiyə və İranda oxucuları olan qəzetin tirajının artırılmasının, iqtisadi durumunun yaxşılaşdırılmasının vacibliyini vurğulamışdır.

“Xalq sözü” qəzetinin baş redaktoru Səməd İsmayılov ilk nömrəsi 1932-ci ildə “Qaraqoyunlu kolxozu” kimi işıq üzü görən qəzetin 80 ildə keçdiyi yolun mənzərəsini konkret faktlarla  canlandırmışdır. Mətbu nəşrin sonralar “İmişli kolxozçusu”, “Yüksəliş”, “Qızıl ulduz”, Azərbaycanın müstəqilliyinin bərpa olunduğu dövrdən isə “Xalq sözü” kimi 6.900 dəfə oxucuları ilə görüşə gəldiyini bildirən baş redaktor yerli həyatın yüksək peşəkarlıqla qələmə alınmasının, rayonun salnaməsinin yaradılmasının jurnalist kollektivinin daim başlıca qayğısı olduğunu nəzərə çarpdırmışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, hər bir xalqın taleyində onun mediası mühüm rol oynayır. Vaxtı ilə çar Rusiyasında yaşayan 30 milyonluq müsəlmanın içərisində ilk mətbu orqanı yaratmaq ideyasını məhz azsaylı Azərbaycan xalqının nümayəndəsi gerçəkləşdirmişdir. Bu, görkəmli mütəfəkkir Həsən bəy Zərdabiyə nəsib olmuşdur.

Mətbuat tarixindən faktları diqqətə çatdıran MŞ-nin sədri bu gün medianın dördüncü hakimiyyət olaraq ölkədə gedən proseslərə təkan verdiyini, bölgə KİV-lərinin bu sırada yer aldığını vurğulamışdır. O, “Xalq sözü”nün ötən müddətdə qarşıya qoyulan missiyanın etibarlı daşıyıcılarından olduğunu söyləmiş, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən yolda qəzet kollektivinə yeni-yeni uğurlar arzulamışdır.

Sonra MŞ-nin sədri qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, redaksiya kollektivinə və sabiq əməkdaşların bir qrupuna isə Azərbaycan Mətbuat Şurasının diplomlarını təqdim etmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdir ki, bu gün şəhər və kənd anlayışları yavaş-yavaş aradan qalxmaqdadır. Medianın da burada xüsusi rolu vardır. Təbliğat birtərəfli olmamalıdır. Media, o cümlədən yerli qəzetlər də olanları işıqlandırmalıdır. N.Məhərrəmli, həmçinin İmişlidə Aran bölgəsi üzrə telekanalın açılması niyyətinin tezliklə gerçəkləşdirilə biləcəyini vurğulamışdır.

İmişlidə jurnalist-ictimaiyyət əlaqələri sahəsindəki vəziyyəti müsbət dəyərləndirən Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bölgə həyatında kifayət qədər yeniliklərin olduğunu və ölkə ictimaiyyətində maraq doğura biləcək mövzuların çoxluğunu vurğulayaraq yerli jurnalistlərə mövcud istiqamətdə fəallığı artırmağı tövsiyə etmişdir.

“Dəyirmi masa”nın digər iştirakçıları çıxışlarında bir sıra təkliflər səsləndirmişlər.

Sonda qəzetin əməkdaşlarına İmişli Rayon İcra Hakimiyyətinin diplom və mükafatları təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında