"Qızıl əsgər" qəzetindən "Azərbaycan Ordusu"na doğru

2020/07/1-1595420505.jpg
Oxunub: 2592     16:29     22 İyul 2020    
Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzeti 22 iyul 1875-ci ildə nəşr olunmağa başlayıb. Bununla da milli mətbuatımızın bünövrəsi qoyulub. Ölkəmizdə "Əkinçi" qəzetinin nəşr olunduğu gün Milli Mətbuat Günü kimi qeyd edilir.

İlk milli mətbuatımızın işıq üzü görməsindən nə az, nə çox 145 il keçir.

Bununla əlaqədar olaraq dövlət başçısı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda milli mətbuatımızın keçdiyi yola nəzər salınaraq bildirilir: "145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycan ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir."

İlk milli dövrü mətbu orqanını yaratmaq XIX əsrin ikinci yarısında maarifçilik bayrağını yüksəklərə qaldıran, bütün maneələrə sinə gərən mübariz jurnalist-publisist Həsən bəy Zərdabiyə nəsib oldu. Azərbaycan xalqının başına gələn bir çox bəlaların səbəblərini maarifin, elmin yoxluğunda, təhsilin məhdudluğunda görən böyük maarifçi ziyalının 1875-ci ildə "su altına qoyduğu daş" artıq əriməyə başladı, beyinlərə təsir etdi, çarizmin müstəmləkə siyasətindən əziyyət çəkən Azərbaycan xalqının hüquq və azadlıqları uğrunda mübarizəyə qalxdı. H.Zərdabi bütün yaradıcılıq əzmini, jurnalist mətanətini "Əkinçi"nin işıq üzü görməsinə səfərbər etdi. Həyat yoldaşı Hənifə xanım xatirələrində yazırdı: "Əkinçi"nin birinci nömrəsi çapdan çıxanda Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu onun həyatının ən xoşbəxt bir günü idi".

Ana dilində ilk milli qəzetin nəşri H.Zərdabinin həmfikirlərini, ziyalıları fərəhləndirdi. Qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi. "Əkinçi" maarifçi, demokratik ideyalar haqqında söhbət açdığı üçün tez bir zamanda hər tərəfə səs saldı. Qafqazın müxtəlif guşələrindən, Omskdan, Orenburqdan, Ufadan, Volqa boyundan, Krımdan və Dağıstandan təbriklər, məqalələr, abunələr gəlməyə başladı.

Şərqin böyük mütəfəkkiri Mirzə Fətəli Axundovun "Əkinçi"yə qayğısı xüsusilə qeyd olunmalıdır. Zərdabinin Rusiyada təhsil alan tələbələri Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları qəzetin nəşrini böyük sevinc və məhəbbətlə qarşıladılar. N.Vəzirov müəlliminə yazırdı: "Qəzetin ilk iki nömrəsini aldım. Mənə qəzetin proqramını göndərin. Hərçənd çətin olsa da, burada abunəçilər taparam.”

Nəşrinin ikinci ilində qəzetin oxucu kütləsi daha da artır, müxbirlərinin sayı çoxalır. M.F.Axundov, Seyid Əzim Şirvani, N.Vəzirov, Ə.Gorani, Heydəri, Məmnun Əlqədari və Məhbus Dərbəndinin şeir, məqalə və xalqı maariflənməyə, cəhalət yuxusundan ayılmağa çağırış edən məktubları qəzeti daha da oxunaqlı edir.

H.Zərdabi maarifçi-demokratik ideyaların carçısı və tribunası olan "Əkinçi"ni kəsərli ideya silahına çevirməyi bacarmışdı. Qırılmaz tellərlə mütərəqqi ideya mənbələrinə bağlanan "Əkinçi" bir tərəfdən Azərbaycanda maarifçi-demokratik ruhlu elm, ədəbiyyat nümayəndələrinin, digər tərəfdən inqilabçı demokratların, Avropa mütəfəkkirlərinin ədəbi-elmi və publisist irsindən, habelə şərq müdrikliyindən bəhrələnirdi.

"Əkinçi" geriliyə, cəhalətə, xürafata qarşı kəskin mübarizə aparırdı. Qəzet elmin, maarif və mədəniyyətin təbliği, mövhumat və cəhalətin tənqidi ilə kifayətlənməyib, feodal istismarına qarşı etiraz edir, xalqın malını-mülkünü mənimsəyən, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mövcud üsul-idarəyə etirazını bildirirdi.

Ana dilinin saflığı və milli publisistikanın formalaşmasında "Əkinçi"nin tarixi xidmətləri danılmazdır. N.Vəzirov Zərdabiyə yazırdı ki, "Əkinçi" mənim ana dili müəllimimdir. Bu sözlərdə böyük bir həqiqətin ifadə olunduğunu görürük. Qəzetin 1875-1877-ci illər ərzində 56 sayı çapdan çıxır.

"Əkinçi"nin bir qərinə əvvəl yandırdığı maarifçilik məşəli 1905-ci il inqilabının təsiri ilə doğulmuş mütərəqqi mətbuat orqanlarında yenidən parladı. Bu ideyaları təzə əsrin ibtidasında davam və inkişaf etdirən demokratik mətbuat nümunələrindən biri də ətrafına xalqımızın görkəmli şair və yazıçılarını, mütərəqqi ruhlu insanları Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdülrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Ömər Faiq Nemanzadə kimi məşhur ziyalıları toplamış "Molla Nəsrəddin" məcmuəsi idi.

"Əkinçi" və "Molla Nəsrəddin" öz dövrünün parlaq salnaməsidir. Bu mətbu orqanları fikrən, ideyaca çox yaxın olub. Mətbuat tariximizin səhifələrini vərəqləyərkən hər zaman səslənən bir fikri xatırlatmaq yerinə düşər: "Əkinçi"nin dövrün qulağına pıçıldadıqlarını "Molla Nəsrəddin" zamanın üzünə ucadan söyləmişdi".

"Əkinçi", sözün həqiqi mənasında, "Molla Nəsrəddin"in sələfidir. Mübaliğəsiz demək olar ki, "Əkinçi"dən "Molla Nəsrəddin"ə gedən yol zəngin mətbuat tariximizdə böyük bir mərhələnin başlanğıcı idi.

Qeyd edək ki, mətbuat tariximizdə hərb, müharibə mövzusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan mətbu orqanlarında "Azərbaycan", "İstiqlal", "Açıq söz" qəzetlərinin səhifələrində daha geniş yer alıb.

Aprel işğalından sonra 1920-ci ildə Azərbaycan diviziyasının orqanı olan "Qızıl əsgər" qəzeti fəaliyyətə başlayır. Azərbaycan hərbi mətbuatının inkişafında xüsusi yeri olan bu qəzet 10 ildən çox nəşr edilir. Hərbi mətbuat nümunələrimizdən biri olan "Savadlı Qırmızı Əsgər" adlı ilk jurnal 1922-ci ildə Bakıda nəşr olunur. Ayda bir dəfə dərc olunan, hərbi qulluqçular üçün nəzərdə tutulan ictimai-siyasi, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan diviziyasının orqanı kimi fəaliyyət göstərir. Jurnalın nəşr olunmasında əsas məqsəd əsgərlərin maariflənməsi, onların döyüş hazırlığı, silaha qulluq qaydaları haqqında və ədəbi-bədii mövzuda yazılar dərc etmək idi.

"Qızıl əsgər" adı ilə nəşrini davam etdirən bu mətbu orqanı sonralar general Əlağa Şıxlinskinin təklifiylə "Hərbi Bilik" adlanır. Jurnal hərbi elmi əsaslara və nəzəriyyəyə söykənərək məzmununda və tərtibatında yeniliklər edir.

Ötən əsrin 30-cu illərinin əvvəllərində bütün milli diviziyalar, bölmələr sovet ordusunun tərkibinə keçdiyindən hərbi mətbuat öz fəaliyyətini dayandırdı. Sovet ordusunun hərbi dairələrinin qəzetləri nəşrə başladı.

Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Ordusunun formalaşdığı ilk gündən Qarabağ müharibəsinin ağır döyüşlərini və əməliyyatlarını öz səhifələrində işıqlandıran milli hərbi mətbuatımız yarandı.

1992-ci ilin fevralından nəşrə başlayan "Azərbaycan Ordusu" (əvvəlcə "Xalq Ordusu" adlanırdı) qəzeti, "Hərbi Bilik" jurnalı bu gün ordumuzun ən dəyərli müharibə, hərbi mətbuat salnaməsini yazan mətbu orqanlarıdır. Beləcə Azərbaycan kütləvi informasiya vasitələrində mühüm yer alan hərbi mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçərək Qarabağ müharibəsinin döyüş salnaməsini səhifələrində qorudu və bu gün Azərbaycan Ordusunun aynası adını şərəflə daşıyaraq fəaliyyətini davam etdirir.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi   Mətbuat  


Bizi "telegram"da izləyin