İQTİSADİYYAT


Bakı-Sumqayıt marşrutu ilə işləyən sürət qatarı əhalinin rahat gediş-gəlişinə xidmət edəcək VİDEO

Bakı, 12 sentyabr, Ramiz Quliyev, Elvin Camalov, AZƏRTAC 

Sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sərnişin qatarında jurnalistlər üçün press-tur təşkil edilib.

Bu marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları yerləşir ki, onların da ümumi uzunluğu 84 kilometrdir. Dörd vaqondan və 919 sərnişin yerindən ibarət qatar həm görkəminə, həm də rahatlığına görə seçilir, burada VIP salonlar da mövcuddur. Hər vaqonda sərnişinlər üçün lazımi şərait yaradılıb. Geniş və rahat oturacaqlar, sərnişinlərə çay və sərinləşdirici içkilər təklif edən bələdçilərin xoş və gülərüz siması, yolboyu yüksək xidmət 40 dəqiqəlik yolu vaxt hiss etmədən başa vuracağımıza bizdə əminlik yaratmışdı.

Vaqonlarda ilk gözə dəyən təhlükəsizliklə bağlı tədbirlərin görülməsi idi. Nəzarət kameralarının quraşdırıldığı vaqonlarda yanğından mühafizə sistemi, kondensioner, həmçinin insanların hər hansı hadisə baş verdiyi təqdirdə təxliyə edilməsi üçün bütün imkanlar yaradılıb. Vaqonların hər iki tərəfində quraşdırılan monitorlar bizim diqqətimizi daha çox cəlb etdi. Həmin monitorlarda bu günün tarixi, Bakı və Sumqayıt marşrutu üzrə stansiyaların adları, havanın temperaturu, həmçinin qatarın sürəti göstərilir. Qatarlarda sanitar qovşaqları, sərnişinlərin kiçik həcmli baqajları üçün xüsusi yerlər də mövcuddur.

Qatar səssiz hərəkət etdiyindən və oturacaqlar çox rahat olduğundan özümüzü qatarda deyil, sanki təyyarədəki kimi hiss edirdik.

Qatar yerindən tərpənərək, sürətini artırdıqca vətəndaşlar üçün yaradılmış yüksək komfortu hiss etməmək, onu qiymətləndirməmək mümkün deyil.

... Sürət qatarı Bakı sərnişin stansiyasından Keşlə stansiyasına demək olar ki, bir göz qırpımında – təqribən 5-7 dəqiqəyə çatdı. Hər dəfə qatarın sürəti artdıqca, monitorda bu qeyd olunurdu. Heç 10 dəqiqə keçmədi ki, qatar Biləcəri stansiyasına daxil oldu. Elan edildi ki, burada dayanacağın müddəti 2 dəqiqədir. Sonra yenə də yolumuza davam etdik.

Sumqayıta gedən sərnişinlər də bizim kimi ilk dəfə olaraq belə bir qatardan istifadə etdiklərindən çox razılıq edir, bu barədə ağız dolusu danışırdılar. Onlardan birinin təəssüratlarını öyrənmək istədim. Bakı sakini Asim Abbasov bildirdi ki, uzun müddətdir hər gün Bakıdan Sumqayıta gedib gəlir. Yeni qatarların ilk istifadəçisi olduğu üçün çox xoşbəxtdir. O, sərnişin qatarının çox rahat, bələdçilərinin isə çox mehriban olduğunu xüsusilə vurğuladı. Bildirdi ki, sürətinə və rahatçılığına görə həmişə Sumqayıta gedərkən bu qatarlardan istifadə edəcək və insanlar üçün belə gözəl şərait yaradıldığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Vaqon bələdçiləri olan qızlardan xüsusi danışmaq olar. Hamısı səliqəli və gülərüzlülüyü ilə seçilir. Onlar da belə bir müasir qatarda ilk dəfədir ki işləyirlər. Turanə Bayramovanın söhbətindən məlum oldu ki, artıq 10 aydır dəmir yolunda bələdçi kimi çalışır. Karyerasında belə gözəl qatarda işləmək fürsəti qazandığına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi. O, həmçinin bildirib ki, yeni qatarların gəlməsi ilə bağlı bələdçilərə xüsusi təlimlər keçirilib. Təlimlərdə qatarın təmizliyi, sərnişin təhlükəsizliyi, sərnişinlərlə davranış qaydaları haqqında məlumat verilib. Qatarda çalışan bələdçilərin hamısı bu təlimlərdən keçib.

Yolboyu jurnalistlər və sərnişinlər arasında xoş əhval–ruhiyyə mövcud idi. Kimsə deyib-gülür, kimsə də pəncərədən açılan mənzərələrə tamaşa edirdi.

Jurnalistlərə məlumat verildi ki, ölkəmizə gətirilmiş “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarı Belarusun Minsk şəhərində istehsal olunub. Sərnişinləri rahat, sürətli və təhlükəsiz daşıyan qatarda texnoloji yeniliklər üstünlük təşkil edir. Odur ki, sözügedən yeniliklərlə bağlı bəzi məlumatları əldə etmək üçün maşinist kabinəsinə yollandıq.

Qeyd edək ki, qatar yalnız bir maşinistlə idarə olunur. Kabinədə müasir cihazlar, o cümlədən kompyuter quraşdırılıb. Bizə böyük həvəslə müsahibə verən Zakir İbrahimov bildirdi ki, yeni qatarların istifadəyə verilməsi “Azərbaycan Dəmir Yollarının” böyük nailiyyətlərindən biridir. “Qatarı idarə edərək həqiqətən də son dərəcə müasir və dünya standartlarına cavab verən bir qatar olduğunu hiss etdim. Mən bununla fəxr edirəm və dəmiryolçulara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə böyük minnətdarlığımı bildirirəm”, - deyə maşinist Z.İbrahimov söylədi.

Sürət qatarı son dayanacağa - Sumqayıt sərnişin stansiyasına yaxınlaşırdı. Maraqlıdır ki, perronda qatarın pişvazına çıxanlar arasında nəinki uşaqlar və gənclər, hətta ətrafda yaşayan xeyli yaşlı insanlar da var idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.