Mədəniyyət və incəsənət

Ədəbiyyat

Gürcü əlifbası – müasir dünyada mövcud olan on dörd əlifbadan biridir. Gürcü dilindəki qədim manuskriptlər müasir gürcülərə bu gün də tərcüməsiz aydındır. Gürcü əlifbası 33 hərfdən (5 sait və 28 samit) ibarətdir. Hərflərin yazılışı və forması unikaldır və dünyanın heç bir məlum əlifbası ilə müqayisə edilə bilməz.

Gürcüstan ədəbi abidələrinin ən ilkin nümunələri eramızın V əsrinə aiddir. Gürcüstanın ədəbi irsinə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” (XII əsr) epik poeması, Sulax-Saba Orbelianinin gürcü dilinin izahlı lüğəti (1716-cı il), İlya Çavçavadzenin, Aleksandr Kazbeqinin, Akaki Tseretelinin, Qalaktion Tabidzenin, Konstantin Qamsaxurdianın, Niko Lordkipanidzenin, Mixail Cavaxişvilinin və Anna Kalandadzenin (XX əsr) əsərləri daxildir. Parlaq nəsr və nəzm əsərləri -  Nikoloza Barataşvilinin “Merani” poeması,  Vaja Pşavelanın 40 epik əsəri (“Qonaq və ev sahibi”, “Modabazın toyu” və s.), Orbelianinin “Müdriklik və yalan kitabı”, Tabidzenin “Mtatsmindanın ayı” və “Külək əsir” poemaları, eləcə də Nodar Dumbadzenin romanları hər kəsə tanış olan şedevrlərdir və dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Təsviri sənət

Gürcüstan  Gelat monastırında, Atensk Siona kilsəsində, Betaniya, Kintsvisi və s. məbədlərdə qorunub saxlanmış VII-XIII əsrlərin divar təsvirləri ilə məşhurdur. Niko Pirosmanişvili (Pirosmani), Giqo Qabaşvili, David Kakabadze, Lado Qudiaşvili, Korneli Sanadze, Yelena Axvlediani, Sergey Kobuladze, Simon Virsaladze və Yekaterina Baqdavadze kimi rəssamlar məşhurdurlar. Yerli üslubu və Avropa üslubunu özündə birləşdirən gürcü incəsənəti zərifliyi ilə fərqlənir.  Lado Qudiaşvili, David Kakabadze və Yelena Axvlediani kimi rəssamlar 1920-ci illərdə Parisdə fəaliyyət göstərmişlər. Gürcü heykəltəraşları Elquca Amaşukeli, İrakli Oçiauri və Zurab Tsereteli dünya şöhrəti qazanmışlar.

Musiqi

Musiqi alətlərinin müşayiəti olmadan oxunan çoxsəsli (polifonik) gürcü ifa tərzinin təxminən 3000 yaşı vardır. Demək olar ki, bütün gürcü nəğmələrinin ifası üç hissəyə bölünür: yüksək, orta və alçaq. Orta hissəyə melodiya daxildir, alçaq ifa basdır ki, harmoniyanı melodiyadakı kiçik dəyişikliklərlə qoruyub saxlayır, yüksək ifa isə müxtəlif modulyasiyalarla və melodik variasiyalarla dolu ən gözəl ifadır. Kişilər və qadınlar ənənəvi olaraq bir-birindən ayrı oxuyurlar və onların xüsusi repertuarları olur. Kişilərin repertuarı daha təntənəlidir, qadın nəğmələri arasında  isə çoxsaylı laylalar və hətta şəfaverici mahnılar da vardır. Bu yaxınlarda YUNESKO gürcü polifoniyasının dünyanın qeyri-maddi irsi elan olunması barədə təklif vermişdir.

Tbilisi konservatoriyası gözəl klassik musiqi ifaçıları hazırlayan tədris müəssisəsi kimi şöhrət qazanmışdır. Həmin ifaçılar arasında pianoçular Aleksandr Toradze və Eliso Virsaladze, skripkaçı Leana İsakadzeni, bas Paata Burçuladze, müğənni Nani Breqvadze, pianoçu və musiqi müəllimi Manana Doycaşvili daha çox seçilir. Bundan başqa, Gürcüstanda milli simfonik orkestr fəaliyyət göstərir.

Gürcü bəstəkarı Zaxari Paliaşvili (1871-1933)  gürcü xalq mahnılarından ibarət nadir kolleksiya toplamış, gürcü folkloru əsasında “Abesalom və Eteri” və “Daisi” operalarına musiqi bəstələmişdir. Meliton Balançivadze (1862-1973) ilk gürcü romanslarının və “Köntöy Tamara” adlı ilk gürcü operasının müəllifidir. Bəstəkar, musiqişünas və etnoqraf Dmitri Arakişvili (1873-1953) 1919-cu ildə Tbilisi opera teatrında səhnəyə qoyulmuş “Şota Rustaveli haqqında rəvayət” lirik operası ilə şöhrət qazanmışdır. Müasir bəstəkarlardan “Yaşasın musiqi” operasının, bir sıra simfoniyaların və konsertlərin, eləcə də çoxsaylı kinofilmlərə və tamaşalara yazılmış (B.Brextin “Qafqaz tabaşir dairəsi”, V.Şekspirin “Riçard III”) musiqi əsərlərinin müəllifi Giya Kançeli məşhurdur.