Home Haqqımızda

Haqqımızda

Ağcabədi Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu və 1932-ci ildən nəşr olunan çap mediası orqanı “Aran” qəzeti 1932-1962-ci illərdə “Ağcabədi pambıqçısı”, 1962-1966-cı illərdə “Lenin yolu”, 1966-1990-cı illərdə “Sürət” adı ilə nəşr edilmiş, 1990-cı ildən etibarən isə “Aran” adı ilə çap olunur.

Rayonun yerli mətbuat orqanı ictimai-siyasi qəzet olan “Aran” qəzeti hazırda həftədə 2 dəfə olmaqla 4 səhifədən ibarət 3000 tirajla nəşr olunur. Qəzet rayonun ictimai-siyasi həyatını səhifələrində işıqlandırır.

2020-ci ilin sentyabr ayından qəzetə yeni redaktor təyin edilmiş, işçilərinin sayı hazırda 13 nəfərə çatdırılmış, maddi texniki bazasının gücləndirilməsi üçün işlər görülmüşdür.

2021-ci ilin əvvəlindən qəzetin gündəlik fəaliyyət göstərən “aranqazeti.az” adlı internet saytı yaradılmışdır. Saytda nəinki Ağcabədi rayonunun, həmçinin, ölkə və regional xəbərləri, müxtəlif başlıqlı rubrikalar, müxtəlif sahələri əhatə edən yazılar dərc olunur.

1 noyabr 2021-ci il tarixdən isə “YouTube” platformasında “Aran Ağcabədi TV” adlı internet televiziyası fəaliyyətə başlamış, bu günədək abunəçilərinin sayı 4500-ü keçmişdir. İnternet televiziyasında rayonda və regionda baş verən mühüm hadisələrlə yanaşı, müxtəlif mövzulu proqramlar hazırlanır və izləyicilər tərəfindən rəğbətlə qarşılanır.

2022-ci ildə 90 yaşı tamam olan “Aran” qəzetinin rayonun, eləcə də Qarabağ bölgəsinin ictimai-siyasi həyatındakı mühüm rolunu nəzərə alaraq 90 illik yubileyinin geniş qeyd olunması üçün Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 20 may 2022-ci il tarixli 131 nömrəli sərəncamı ilə “Tədbirlər Planı” təsdiq olunmuş, bir sıra silsilə tədbirlər keçirilmişdir. Həmçinin, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrində region qəzetinin 90 illik yubileyi ilə bağlı reportajlar yer almış, tanınmış şəxslər qəzetə təbriklər ünvanlamışdır.

22 İyul – Milli Mətbuat Günü ərəfəsində, yəni, 2022-ci ilin iyulun 21-də Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində “Aran” qəzetinin 90 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmiş, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Millət vəkili Tahir Rzayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, “Aran” qəzetinin kollektivi, regionda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin veteranları, qazilər, mədəniyyət və təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Eyni zamanda, qəzetin 90 illik yubileyi ilə bağlı 500 nüsxə tirajla “Aran-90” adlı xatirə kitabı və qəzetin xüsusi buraxılışı da çap olunmuşdur.

Qəzetin redaktoru Məhsəti Ağayevadır (Məhsəti Musa).